Səni sevmək Brayl əlifbasını öyrənmək kimidir…

BRAYL ƏLİFBASI
Səni sevmək
Brayl əlifbasını öyrənmək kimidir…
Napoleonun əsgərləritək
qaranlığın səssizliyində
pıçıltısız oxumaqdır səni sevmək.
Sadəcə nöqtələrə toxunaraq
xəritələri zehnimə köçürməkdi
Səni sevmək…
Əllərim gözlərini əzbərləyib,
əlifbamın sual işarəsidir gözlərin.
Ovuclarımın içi
yanaqlarını qucaqlamağı sevir,
dodaqlarım burnuna toxunanda
əlifbamın nöqtəsini oxuyuram.
Kəpənək çiçəyə toxunduğu tək
nəfəsini qoxulayıram.
Zərif qulaqlarını oxşayanda
vergülü duyuram.
Əlifbamın məchul X hərfi
dodaqlarında gizlənib.
Səni A-dan Z-yə sətir-sətir,
misra-misra təkrarlayıram.
Səni sevmək Brayl əlifbasını
öyrənmək kimidir…
Gecənin bir aləmi əlimdə vərəq
Yorğun əsgər kimi yuxulayıram.

SƏN KİMSƏN?
Sən kimsən?
Bəlkə günəşin qürub çağı
küləyin qucağında
yatmağa hazırlaşan
dənizin özüsən
təlatümlü, köpüklü dalğalarınla…
Mənsə qollarının arasında
ayağı yerdən üzülmüş
naşı üzgüçü…
köksünə sığınıb
sənə qərq olanda
bir anlıq nəfəsim dayanır
güclü bir dalğanın
sahilə çırpılıb
sonra yenidən
dənizə qayıtması kimi…
Sən kimsən?
Bəlkə qayıqdakı balıqçı…
Yox, səndə balıqçı ürəyi yoxdu axı
toruna düşən balıqları
kövrəlib dənizə qaytararsan
bilirəm…
qıymazsan çarəsiz balıqlara
Sən kimsən?
Bu qədər mərhəmətli,
bu qədər həlim
Sən kimsən?
Nəfəsi eşq qoxuyan
ruhu sevgi toxuyan
baxışları
körpə təbəssümü kimi
sevimli və məsum
Sən kimsən?
Züleyxanın köləsi Yuzarsif
yoxsa Erosun kölgəsi?

ZÜLMKAR
Ağla gələn
başa gələr deyirlər
Ağlıma sən gəlirsən…
Dərdlə dərman
qoşa imiş deyirlər
Zərdə qoşa gəlirsən…
Gündüzlər xəyalıma
gecələr yuxuma gəlirsən
Gözüm tora dirənir,
başucumda bir hörümcək
yol qurur…
Axşamın sərin mehində
boynuma nəfəsin dəyir
Bir də görürsən ki,
durduğum yerdə
qulağıma səsin gəlir
Qatar-qatar xatirələr
yoluma çıxır
Bir də görürsən ki,
yağışın hər damlası
arı kimi sancmağa
üstümə gəlir
Həsrətin qor yükü
bağrımı dəlir…
Bir də görürsən ki,
bir sincabın gözündən
baxışların boylanır
Sənə doğru getdiyim yollar
Cırtdanın nağılındakı kimi
haçalanır, qollanır…
Səni necə sevdiyimi
bilirsən
Belə olmaz, zülmkar,
Özün nə vaxt
gəlirsən?

ƏZİZİM
Deyirsən ki, yatammıram gecələr,
bilirəm ki
sıxır səni nə edimlər, necələr
Həyatdı bu
zaman keçər,
sevinc qəmə güc gələr,
yorğun ruhun
bircə şirin yuxu ilə dincələr
Eh… bu dünya
belə gəlib beləcə də gedəcək,
yaşa ömrü əvvəl- axır bitəcək.
Hər açılan günəş üzlü sabahın
haqqını ver gözlərinə gülümsə,
gecələri qəti qara basmasın,
yat yuxunu doyunca
keşik çəksin mələklər…
Ölüm səni qorxutmasın gecələr,
gec ya da tez əcəl ömrə tən gələr
Bir də gördün kəfən cismə gen gələr
Həyatdı bu
zaman keçər, görərsən ki,
sevinc qəmə güc gələr,
yorğun könlün
bircə şirin yuxu ilə dincələr…

ŞƏKİLLİ KİTAB
Şəkilli kitab kimisən
Oxumaq olmur
Tikanlı gül kimisən
Qoxulamaq olmur
Bürkülü yay kimisən
Yuxulamaq olmur
Nədi bu əlimdən
Çəkdiyim zülüm
Alovum sönübdü
Sovrulur külüm…

ƏRİKLİ
Uzaqlardan
çox uzaqlardan
dumanlı, yuxulu
tarix boylanır…
Azğın düşmən hiylə ilə
talan etmiş
obasını, elini.
Alov tutmuş dağlarında
durnaların telini.
Bulandırmış Əriklinin çayını,
duymamışlar harayını, hayını.
Zəngəzurdan köç eyləmiş Laçına
Əriklinin ərənləri, ərləri
məskən salmış, oba qurmuş
zəhmət ilə ömür sürmüş
atı, öküzü arıq, itləri yallı
ruhu gözəl adamlar…
Çox görmüşlər bu hüzuru yağılar…
yenə də hücum etmiş
Can Laçına rus köpəyi dığalar
yenə viran qalmış eli, obası
Bakıya pənah gətirmişlər ərənlər
zəhmətkeş arıların gözü tox olar
amma bal arısının yuvasına
baldan ötrü çomaq salan çox olar
Və beləcə yara olmuş yar Laçın
Bax, beləcə yetim qalmış Ərikli…
İllər keçmiş zaman yetmiş
qisasını yaman almış ərənlər
əhsən demiş igidlərə görənlər
Yenə qartal qanad çalır havada,
yenə bülbül cəh cəh vurur yuvada
Uzaqlardan çox uzaqlardan
Ərik çiçəklərinin zərif qoxusu gəlir
qələbədən xumarlanan könlümün
xəyallarda dumanlanan beynimin
Ərikli, çiçəkli yaylaq eşqilə
həzin yuxusu gəlir…

QIZIM
Qoxusu ətir
nəfəsi meh
göz yaşları şeh qızım
Qolları çərpələng
kiprikləri çətir qızım
Apar məni uşaqlığıma
bir az gizlənqaç
bir az bənövşə-bənövşə,
bir qucaq gülüş
gətir qızım…
Saçları kömür
gözləri ömür qızım
Bugünüm, sabahım
sevgim, sınağım…
körpə sonam,
son nəfəsimdə anam qızım…

Müəllif: TURAN NOVRUZLU

MÜŞFİQ ŞÜKÜRLÜNÜN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

>>>> MÜTLƏQ OXU !!!

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir