
Ofeliya Salmanova: “Polad Həşimovun şəhid olduğu posta bir ildən sonra getdik. Qohumlarımız məni qoymurdular ki, ora təhlükəlidir. Həm də vəziyyətimin daha da pisləşəcəyini düşünürdülər. Özüm də fikirləşirdim, getsəm, dayana bilmərəm. Qızım atasının yoxluğunu qəbul etmək istəmirdi. O getmədi. Oğlanlarım getdilər… Elə bilirdim ürəyim tab gətirməz. Amma getdim, tamam başqa insan oldum. Əlbəttə, çox ağırdır. Baxırsınız, orda bir nöqtə var, Polad Həşimovun qanı tökülüb. Ancaq vətən sevgisi necə bir duyğu imiş, bunu orada daha yaxşı anladım. On yeddi il tanıdığım Polad, əslində, o zirvədəki Polad imiş. Çox qəribədir… Poladı gördüm o zirvədə. Varlığını hiss etdim, onunla görüşdüm. Şəhid həyat yoldaşları bu hissləri yaşayıblar. Danışırlar ki, elə bir məqam olur, şəhidinlə görüşürsən, ürəyin rahatlıq tapır. Mən də hiss etdim ki, Polad həmin an ordadır. Qəlbimə çökmüş bir illik ağrı, acı yox oldu. Uşaqlar da özlərini itirmədilər. Ancaq bilirəm, onların da qəlbində tufan qopdu”.
Tovuz döyüşlərindən 5 il ötür.