Təzə uşaq kitabının çıxması dünyaya təzə uşaq gəlməsi kimi fərəhli hadisədir. Ayaq açanda ilk yerişi ilə doğmaları sevindirən, qəribə hərəkətləri ilə yadda qalan uşağın özü kimi uşaqlar üçün yazılmış kitabın da maraqlı, təzə səhifələri yadda qalmalıdır. Mən Rafiq Yusifoğlunun uşaqlar üçün yazdığı “Ətirli düymələr” kitabını belə bir maraqla oxudum. Kitabda toplanan şeirlərin əsas qisminin mövzusu uşaqları müşahidədən, onların aləminə yaxınlıqdan alınmışdır. Səmimi ifadəsi ilə seçilən şeirlər təzə qol-budaq atan ağacın yaşıl yarpaqları arasından görünən çiçəklər kimi kitabın müxtəlif səhifələrinə səpələnmişdir. Şeirlər kitabda dörd bölmədə – “Çəmən çiçəyi ilə, insan əməyi ilə”, “Ukraynada keçən günlər”, “Ağacın kökü torpaqda, insanın kökü eldədi”, “Hamısı göyçək balalar, kəlməsi çiçək balalar” başlıqları altında toplanmışdır. Başlıqlar özü müəllifin məqsədini, uşaqlara hansı mətləblərdən söz açacağını bildirir. Torpağa məhəbbət, uşaqlara qayğı, dostluq, balacaların hazırcavablığı, əyləncəli şən dünyası Rafiqin şeirlərinin qayəsidir. O öz fikirlərini əsasən uşaqların dilindən verməyə çalışmış, onların maraqlı müşahidələrini şeirlərinin obyektinə çevirmişdir. Biz uşaqların özünü də bu şeirlərdə görürük. Həmin uşaqlar bəzən çox fərəsətli və bacarıqlı, bəzən də sadəlövh görünürlər. “Araba”, “Antena”, “Sevincimdən uçuram” şeirlərindəki uşaqlar həm müşahidələrini söyləyirlər. Həm də diribaş uşaqlardır. “Araba” şeirini misal gətirirəm: Qızınırıq qışda biz Ağacların oduna. Ay araba, araba, Get meşəyə oduna!
Tez elə, uşaqların Yerə salma sözünü. Əgər əliboş dönsən, Yandırarıq özünü…
“Qəfəsdə tək qalan bülbül” şeirində də uşaq fərasətlidir. Tayı ölüb qəfəsdə tək qalan bülbül darıxmasın deyə uşaq qəfəsə güzgü qoyub. Bülbül qəfəsdəki güzgüdə öz əksini görüb, elə bilir taylıdır. Mahnı oxuyur. Uşaq da öz əməlinə sevinir. Çünki qoçaqdır, ağıllıdır. Rafiq Yusifoğlunun “Usta külək”, “Buldozer”, “Balığın pulu” şeirlərindəki müşahidələr də maraqlıdır. Rafiq Yusifoğlunun “Ətirli düymələr” kitabı əsasən həssas müşahidələrin məhsuludur. “Bizim dağlar”, “Yaşıl körpü”, “Şirin yağış”, “Pənsərədən baxan güllər”, “Saat”, “Dəniz neftçiləri”, “Araz üstündə körpü”, “İşığın yolu”, “Güllər sakitlik sevir” şeirləri idraki əhəmiyyətli, sadə və aydın şeirlərdir. Dil və ifadə, sözləri mənalandırmaq cəhətdən “Saat”, “Sokirnoda səhər”, “Küknar meşəsində yağış”, “Mavi küçə”, “Su”, “Alaq və balaq” kitabdakı uğurlu şeirlərdəndir. “Alaq və balaq” həm də şən şeirdir, oxuyana təbəssüm bəxş edir:
Bostanın ortasına Buraxmışam balağı, Mənə kömək eləsin, Gedib yesin alağı.
Babam deyir: – Ay dəsəl, Korlamısan aləmi. Alaq qalıb kənarda, Balaq yeyib kələmi…
Rafiq Yusifoğlunun “Saat” şeiri də uğurludur. Yığcam, mənalı, axıcıdır. Uşaq şeirindən də tələb olunan birinci bu xüsusiyyətdir.
Gecə-gündüz işləyir, Bu nə yaxşı saatdı. Əqrəblərin hərəsi Elə bil köhlən atdı.
Irəliyə can atır, Gedir səs sala-sala. Minib əqrəb atlara Zaman çapır dördnala…
Bu kitab göstərir ki, Rafiqin “Ətirli düymələr”i təravətlidir, ətirlidir. Uşaq aləminə səmimiyyətlə yanaşan, ona mülayim və xeyirxah bələdçi olan gənc qələm dostuma arzum budur ki, gələcək uşaq kitablarında açılmayan düymələr qalmasın, hamısı xoş ətri ilə bizi və balasa oxucuları sevindirsin.
İlyas Tapdıq, “Ədəbiyyat və incəsənət” qəzeti, 15 avqust 1986-cı il.
Rusiyanın ucqar yerlərindəki qəsəbələrdən birində şaxtalı aprel gecəsi davam edirdi.
Adətən sərxoşların yığışdığı kiçik bir yerdə 4 nəfər gənc qızğın müzakirələrə qapılmışdı.
Gənclərin yaşı 18-24 arası olardı.Vadim “dəstənin rəhbəri” idi,digərləri adətən onunla hesablaşırdı.Aleksey isə Vadimin ən yaxın dostu idi.(Dost sözünün nə anlama gəlməsinin dərinliklərinə varmırıq).Dörd nəfərdən biri də Dmitri idi.
Adətən o,müxtəlif kitablardan nələrsə oxuyub bu cür içki məclislərində müzakirə üçün ortaya atardı.
Sonuncu gənc isə Fyodor idi.Utancaq və ya sadəcə çox danışmayan bu gənc,bəlkə də,sadəcə hansısa bir qrupda olmaq xatirinə bu gənclərlə birlikdə olurdu.Onların olduğu yer az işıqlı,alçaq tavanlı bir yer idi. Siqaret dumanının da hər yeri bürüməsi dərdlərini unutmaq üçün bura gələnlərə və ya sadəcə içib,boş-boş danışmaq istəyənlərə əlverişli şərait yaradırdı.
Bizim gənclər də yaxşıca içmişdilər,səsləri hər kəsin səsini üstələsə də,onlara fikir verən yox idi.
Aralarında ən çox qızışanı isə Vadim idi:
-Qadına azadlıq vermək,başa oyun açmaqdır,dostlar! Bu məxluq yaradılışı etibarilə axmaqdır! Düz demirəmmi, Alyoşa?
-Düzdü,dəyərsiz məxluqdu,ancaq doğub-törəmək və ev işlərini görmək üçün yaranıb!
-Yox, Vadim.Heç inanmıram ki,qadınsız bir dünya arzulayaydın,-Dmitri Vadim və Alekseyə nəzərən sakit idi.
-Həm də axı bizim analarımız da qadındır.Belə danışmaq yaramaz,Vadim.Qadınlar olmasa,bizlər də olmazdıq,-Fyodor sanki ürkəkliklə əlavə etdi.
-Heç kim məndən soruşmamışdı ki,olmaq istəyirəm ya yox! Boş-boş danışma,Fyodor…
-Həm də tanrı kişini və qadını eyni mərtəbədə yaradıb,bu barədə söz demək bizə düşməz.
-Eh Fyodor,nə tanrıbazlıqdı? Hələ heç kəs elmi olaraq sübut etməyib ki,o var. Heç mən özüm də onu görməmişəm,ona görə onun adından yazılanlar mənim heç vecimə də deyil!
-Elədir ki,var.Özünü göstərsin,biz də inanaq!-Aleksey sanki Vadimin dediklərinin icmalını verirdi.
Bunu eşidən Dmitri oxuduğu kitabdan söhbət salmaq üçün imkanın olduğunu düşünüb,dedi:
-Tanrı demişkən,yeni bir filosofla tanış olmuşam.
-O kimdir,elə?
-Fridrix Nitşe.O tanrının öldüyünü bildirir!
-O necə olur?-Aleksey axmaq bir təəccüblə soruşdu.
-Heç baş açmadım.
-Onda belə çıxır ki,tanrı əvvəlcə var imiş?-Fyodor maraqlandı.
-Əşi,mən nə bilim.Onu bilirəm ki,bir az qəribə filosofdur.Deyir ki,mərhəmətli olmaq günahdır! Amma bizə öyrədirlər ki,mərhəmətli olmaq lazımdır.
-Bax burda Nitşe yanılır.İnsan gərək mərhəmətli olsun!-orijinal bir fikir söyləmiş insan ədası ilə Aleksey “Nitşenin səhvini düzəltdi”.
-Əşi dayan bir görək!Bizə çox şey öyrədirlər,-Vadim Alekseyə çımxırdı,-de görüm,sənin bu Nitşen niyə deyir ki,mərhəmətli olmaq lazım deyil?
-O deyir ki,insan güclü olmalıdı.Mərhəmətli olanda isə sənin gücün azalır.(Düzünə qalsa,Dmitri Nitşenin heç bir əsərini oxumamışdı.O sadəcə hansısa fəlsəfəyə dair bir kitabda Nitşeyə aid səhifədəki cümlələrdən ikisini mənimsəyə bilmişdi.)
-Bax ha…Heç də pis fikir deyil.Sağ ol,Nitşe.Əşi hər nəysə…Gəlin bu gecə maraqlı nəsə edək!-Vadim bir qədər həyəcanlandı.
-Nə fikrin var,de görək.
-Gəlin Annanın evinə gedək!Hə,əla fikirdi.Gedək Annanın evinə!
-Orda nə işimiz var?
-Bilmirəm.Əylənməyə bir şey taparıq!
Anna qəsəbənin kənarında tək-tənha yaşayan,təxminən 25-30 yaşlarında bir qadın idi. Qəsəbənin sakinləriylə sıx əlaqədə olmaz,öz evinə çəkilər və deyilənə görə günün əksər hissəsini ibadətdə keçirərdi. Övladı olmasa da,deyilənə görə hamiləydi və bu yaxınlarda da övladı olacaqdı. Əri təxminən 6 ay əvvəl hansısa bir dəstəyə qoşulub macəra axtarışına getmiş, Annanın hamilə olması belə onu fikrindən döndərməmişdi. Onun haqda qəsəbədə çox dedi-qodular gəzirdi, öz ruhunu şeytana tapşırdığını,hətta onun insan deyil,cin olduğunu söyləyənlər belə var idi.
Gənclər yola düşdükdən bir az sonra Fyodor:
-Yox,mən getmirəm,-dedi.
-Niyə,ay qorxaq?Yoxsa sən də onun cin olmasına inanırsan?-Vadim bir qədər əsəbiliklə soruşdu.
-Yox,cin olmadığını bilirəm.Hətta onunla söhbət də etmişəm.O əsl tanrı adamıdır,Vadim,mən belə insanı incidə bilmərəm.Tanrı qəzəblənə bilər.
-Qorxaq! Sənin kimisi heç bizə lazım da deyil,-deyib Vadim Fyodoru itələdi. Beləliklə Fyodor ümumi dəstədən ayrılıb,evlərinə yola düşdü. Qalan üç nəfərdən Vadim və Aleksey nə etdiklərindən əmin bir halda yola davam edirdilər. Vadimdəki özünü mühüm hiss etmə və pafos simasından aşkar görünürdü.Aleksey sakit idi,düzü onun heç nə vecinə deyildi,əsas məsələ o idi ki,etməyə nəsə olsun və o darıxmasın.Dmitri isə daxilində narahatlıq hiss etsə də,özünə sığışdırmadığına görə bunu açıq dilə gətirməyə və ya dəstədən ayrılmağa çəkinirdi:
-Vadim,gəl onu incitməyək.Axı onun bizə nə pisliyi dəyib?
-Onsuz da,incitmək fikrim yoxdur.Bir az lağa qoyub,əylənərik,vəssalam. Özü də axmağın biri axmaq,bayaq Nitşedən,mərhəmətdən danışan sən deyildin?İndi birdən-birə mərhəmətlimi oldun?!
Sanki birdən-birə özündə “Nitşeyə sadiqlik məsuliyyəti” hiss edən Dmitri cəsarətləndi: -Hə,doğru deyirsən!Gəl bu gecəni maraqlı edək!Mən səninlə razı!
Hava şaxtalı olsa da,üçlük üşümürdü.Həm içkinin təsiri,həm də geyindikləri qalın paltarlar bunu təmin edirdi.Bir azdan getmək istədikləri ev də görünməyə başladı.Annanın yaşadığı yer güclü bir külək zamanı dağıla biləcək daxmadan və kiçik həyətyanı sahədən ibarət idi.
Onlar evə çatdıqda hava tamamilə qaralmışdı.Vadim irəli çıxaraq qapını döydü.Anna qapını açıb bir qədər narahat şəkildə onlara baxdı.Bu gözəlliyi hələ də tam itməmiş,qara paltarlı,sadəcə siması və əlləri görünən bir qadın idi.
-Buyurun.
-Salam! Siz yəqin ki,Annasız.Bu gecə könlümüzdən sizi ziyarət etmək keçib.Yəqin ki,qonağı qapıdan qaytarmazsız,-Vadim Annanın cavabını gözləmədən,qapını aralayıb,içəri keçdi.Ev,həqiqətən də,kiçik idi. Sadəcə bir otaqdan ibarət,gecələr şam və ya əl lampasıyla işıqlanan olan bu evdə kiminsə bütün zamanını keçirdiyini düşünmək bir çoxlarında ürək sıxıntısı əmələ gətirə bilərdi. Otağın bir küncündə bir stol,stolun üstündə isə şüşəsini his bürümüş lampa,vərəqlərindən çox oxunduğu görünən Biblya və yemək yeyilmiş bir boşqab var idi. Digər tərəfdə səliqə ilə yığılmış yataq,yeganə pəncərədə isə iki dibçək göründü.Qarşı divarda İsa Məsihin tablosu asılmışdı və bu möhtəşəm tablo əzəmətinə görə içərisində olduğu bu daxma ilə çox güclü ziddiyət əmələ gətirirdi.Evin digər küncündə isə bələyin içərisində bir çağa mürgüləyirdi.
-Anna,həyatınız necə keçir?-Aleksey soruşdu.Dmitri isə susqunluqla olanları izləyirdi.O hansı bir vəziyyətin içində olacağını bilmədiyi üçün qorxu qarışıq narahatlıq keçirsə də,bu naməlumluq ona daxili bir həzz də verirdi.Hətta düşünmək olardı ki,o bu narahatlığı keçirmək üçün xüsusi olaraq səy göstərir.
-Çox sağ olun,həyatım normaldır,-Anna hələ də təşviş içində idi.
-Biz sizinlə İsa peyğəmbər və tanrı haqda danışmağa gəlmişik,-İçəri girəndə “əylənmək üçün” heç bir ideyası olmayan Vadim yeni bir ideya tapmışcasına,hətta bir qədər sevinclə dilləndi.
-Niyə mənimlə danışmağa gəlmisiz?Özü də gecənin bu vaxtı?-səsindəki ürkəklik hələ də qalsa da,sanki İsanın adının çəkilməsindən cəsarətlənən Anna soruşdu.
-Məgər İsadan danışmaq üçün hansısa vaxtmı lazımdır?Biz danışmağa,müzakirə etməyə və öyrənməyə gəlmişik!-Vadim,yəqin ki,özünü natiq kimi hiss edirdi.
-Yaxşı,öyrənmək istədiyiniz nədir?-Anna yavaş-yavaş qətilik qazanırdı,lakin təlaş onu tərk etməmişdi.
-Əvvəlcə deyin görək bu həyatın mənası nədir?-sanki Vadim bu sualı önəmli bir sual yox “hansısa söhbət başlanğıcı hesab edirdi.
-Tanrını dərk etmək,İsanı xilaskar kimi qəbul edib,cənnətə layiq olmaq-Anna,bəlkə də,cavabına ən çox əmin olduğu suala cavab verdi.
-Hə,belə de,-yeganə danışan Vadim idi,- bəs bunları etməsəm,necə olacaq?
-Tanrı sizi cəhənnəmlə cəzalandıracaq.
-Tanrı cəhənnəmi niyə yaradıb bəs?
-Günahkarları cəzalandırmaq üçün.
-Bəs günah?Onu niyə ixtira edib?
-Günahı tanrı yox,insan ixtira edib.Adəm tanrının əmrindən çıxmaqla ilk günahı işlətdi və insan paklığını itirdi.
-Yaxşı bəs Adəmdən bizə nə?
-İlk insanın günahı işlətməsi digər insanları da doğuşdan günahkar edir.
-Necə?Bu ki axmaqlıqdır!Mənə nə var,Adəm nə edib!Tanrının başı işləmir nədir?
-Anlamadan,mühakimə etməyə çalışmayın.
-Mən anlamıram?Mən…anlamıram?Sənin kimi bütün günü İsaya yalvarmaq deyil anlamaq! Sənin Biblyandan yaxşı kitablar da var! Məsələn,sən heç Nitşeni tanıyırsan?Amma mən tanıyıram! İsanın isə üzünə tüpürmək lazımdır!
-Tanrı səni sevir,onun sənə olan sevgisini anlasan,bütün bunları da anlayacaqsan.
Vadim özündən çıxmışdı.Vadimin gəliş məqsədinin “gecəni daha maraqlı etmək” olduğunu yada salsaq,ona bu anda özündən çıxmaq üçün adi bir səbəb də kifayət edəcəkdi.Əgər səbəb olmasaydı belə,Vadim bu səbəbi yaradacaqdı.Anna isə Vadimin bu qızışmasını təəccüblə qarşılamışdı. Gözləri azca bərəlmiş halda Vadimə baxırdı.Diqqətlə baxdıqda isə bərəlmiş gözlərin arxasında az miqdarda qəzəbin olduğunu da görmək olardı.Lakin Vadim bu anda belə şeylərə fikir verəcək vəziyyətdə deyildi,o daha da qızışırdı.Divardan asılmış tablonu göstərib,soruşdu: -De görüm,bu nə tablodur?Cavab ver,axmaq qarı!
-İsa Məsihin tablosudur.
-O sənin nəyinə lazımdır?
-Mən hər gün onun qarşısında diz çöküb,öz xilasım üçün yalvarıram.
-Xilas! Əgər xilas olsaydın,bu sökük daxmada yaşamazdın!.Özü də görürəm yeni uşağın olub.Hə,bax budur sənin yeganə işin:həmin uşağı doğurmaq və böyütmək! Qadın başqa nəyə yarayır ki!
Təəccüblənmiş Anna buna cavab vermədi.O bütün bunların nə ilə nəticələnəcəyini gözləyirdi.
-Hə,qarı,bax indi mən sənin bu müqəddəs tablona tüpürəcəyəm! Görək İsa heç olmasa öz tablosunu xilas edə biləcəkmi?!
Vadim tabloya yaxınlaşdıqda Anna yerindən dik atılıb,onun qarşısını kəsdi.Lakin bu hərəkət Vadimi daha da cuşa gətirdi.Artıq onun özünü idarə edə bilmədiyi aydın görünürdü.Dmitri olanları sadəcə izləyirdi,Aleksey isə rahat şəkildə hərdən gəzişir,hərdənsə heç nə etmədən olanlara laqeydliklə tamaşa edirdi.
-Hə,belə görünür ki,İsa səni yox,sən İsanı xilas etmək fikrindəsən!Haha,necə də gülməlidir!Lakin qarı,nə İsa,nə də sən bu gün xilaskar ola bilməyəcəksiz!
-Tabloya əl vurma!-Anna Vadimin qollarından tutdu.Onun mimikası və baxışlarında yalvarış və hücum instinktləri qarışmışdı.Vadim bir anlıq ona baxdı və bir neçə saniyə heç nə etmədən dayandı.Simasından nəsə düşündüyü yoxsa sadəcə Annanın müqavimətinə qəzəbləndiyini anlamaq çətin idi.Dmitri və Aleksey də gözlərini Vadimə zillədilər.Keçən bu bir neçə saniyədən sonra Vadimin siması parıldadı.Dodağında qorxulu bir təbəssüm göründü.
-Yaxşı,olsun qarı! Mən bu tabloya əl vurmayacam. Mən ona tüpürməyi düşünürdüm.Lakin fikrimi dəyişdim. Ona mən yox,sən tüpürəcəksən!
Bu sözlərdən sonra Annanın simasını soyuqluq bürüdü.Sanki o artıq rahatlaşmışdı və əmin idi ki,təhlükə sovuşmuşdur,çünki heç bir qüvvə ona bunu məcbur edə bilməzdi. Annanın dinmədiyini görən Vadim qışqırdı:
-Sənə deyirəm! Əmr edirəm sənə! Bu tabloya tüpürəcəksən!
Anna hələ də susmuşdu.Qaşları çatılmış halda Vadimi izləyirdi.Annanın heç cür reaksiya göstərmədiyini görən Vadim Alekseyə dedi:
-Aleksey,uşağı bura gətir!
Annanın bütün bədənindən gizilti keçdi.Gözləri qaraldı və qorxuyla Alekseyə baxdı.Aleksey isə heç bir qərarsızlıq göstərmədən küncə doğru getdi və əlində uşaqla geri qayıdıb,onu Vadimə təhvil verdi.
-Hə qarı,uşaq mənim əlimdədir.Ya sən bu tabloya tüpürəcəksən,ya da mən bu uşağı elə burdaca boğub öldürəcəyəm!
-Vadim,artıq lazım deyil,bəlkə?-nəhayət ki Dmitri xeyli təlaşlanmış şəkildə dilləndi.Vadim isə Dmitrini sanki eşitmirmiş kimi,fikir vermədi.
Anna irəli gəlib,uşağı Vadimin əlindən almaq istəsə də,Aleksey onu itələdi və o yerə yıxıldı.Vadim isə qəzəbli şəkildə qadına baxırdı.O öz təntənəsini-qadının tabloya tüpürməsini böyük səbirsizliklə gözləyirdi.Bura gələrkən sadəcə əyləncə axtaran Vadim indi sadəcə öz üstünlüyünün təmin olunmasına vəhşicə susamış birisi idi.Annanın uğursuz müqavimət cəhdləri bu ehtirası daha da artırmışdı və Vadim indi qadının tabloya tüpürməsi üçün hər şeyi edə biləcək vəziyyətdə idi.Artıq Anna da bunu duymuşdu və bayaqdan bəri ilk dəfə tabloya tüpürmək ideyası görüntü şəklində onun beynindən gəlib-keçdi.Anna dəhşətlə bu fikri özündən uzaqlaşdırdı və oğlu yenidən əsas narahatlıq mənbəyinə çevrildi.
-Son dəfə deyirəm,tüpür tabloya,uşaq əlimdədir! And olsun ki,onu boğacağam!
Anna növbəti dəfə Vadimin üzərinə cumdu,lakin Vadim onu əliylə saxladı.Alekseysə onun qollarından tutub tabloya tərəf gətirdi.Vadim tərləmiş və qızarmışdı.O növbəti dəfə var gücüylə qışqırdı:
-Tüpür,ifritə qarı,tüpür!
Və Vadim heç nədən narahat olmadan uşağın boğazına yapışdı,onu sıxmağa başladı və düz Annanın simasına baxaraq vəhşi bir səslə bağırdı:
-Tüpür!!!
Elə bu anda uşağın qorxunc ağlama səsi başladı.Boğuq səslə ağlayan,daha doğrusu heç ağlaya bilməyən uşağın dəhşətli səsi Annanın bütün beyninə yayıldı…və o bu səsi eşidən kimi qeyri-iradi olaraq,heç özü də bilmədən tabloya tüpürdü…
Artıq ağzı köpüklənmiş Vadim uşağı ehtiyatsızca yerə qoyaraq qalibin qəzəbli baxışları ilə Annaya baxdı və pıçıldıyla:
-Bu da sənin İsan,-dedi,-Vəssalam,getdik.
Aleksey heç nə olmamış kimi sakit simasını qoruyaraq,onun arxasınca getdi,Dmitri isə son dəfə təşvişlə qadına baxdı və onların arxasınca evdən çıxdı.
Hələ də nə olduğunu anlamayan Anna onlar evdən çıxdıqdan sonra bir dəqiqə müddətində yerində donub qaldı.O əvvəlcə tablonu unudaraq,uşağını xilas etdiyinə görə sevinsə də,sonradan tabloya tüpürməsi ildırım tək beyninə yayıldı və o başını qaldırıb tabloya baxdı.Tabloya baxdıqda ilk gördüyü şey İsanın yerə zillənmiş təəssüflü baxışları( bu anda ona belə göründü) oldu.Anna qeyri-insani bir çığırtıyla tablonun qabağına atıldı.O sanki nə etdiyini indi anlamışdı və artıq İsanın simasında xilaskar yox,sevgisini aradan götürmüş dəhşətli bir mühəkkim görürdü.O dəli tək,dəhşətli qışqırtısı ilə bütün bu ideyanı öz beynindən silib atmağa çalışırdı.Lakin bu mümkün deyildi,İsanın baxışları onun bütün beynini dəlib keçir,ona bütün ömrünün ən böyük dəhşətini yaşadırdı. O diz çökmüş,başını isə dizlərinin arasına salaraq sanki qışqırmaqdan yorulmuş kimi yüksək səslə ağlamağa başladı.Və yenidən gözünü qaldırıb sanki əfv edilmək ümidilə növbəti dəfə tabloya baxdı.Lakin İsanın baxışları dəyişməmişdi.
-Bağışla,tanrım! Əfv et,məni!Əfv et!Əfv et!Bağışla…-onun səsini indi eşidən birisi onun insan yox,cin olması ideyasına asanlıqla inana bilərdi.Bütünlüklə insaniliyini tərk etmiş Anna tablonun dəhşətinə qapılsa da,öz xilasını da məhz bu tabloda axtarırdı.
Hər bir cümləsindən,sözündən sonra tabloda ümid axtaran Anna hər dəfə daha da böyük dəhşətə qapılırdı.İsa onu əfv etmirdi.O,İsanın ona verdiyi uşağa görə İsadan üz çevirmişdi.O bütün kainatın ən dəyərli varlığına olan sevgini adi bir analıq instinktinə qurban vermişdi.Artıq İsaya olan sevgi sanki kəskin mühakimələr irəli sürərək onun bütün beynini doldurur,vəziyyəti Anna üçün daha da dözülməz səviyyəyə çatdırırdı. Elə bu anda gözləri öz uşağına sataşdı.Sifəti dondu,göz yaşlarını və qışqırığını saxladı.Gözlərinin bərəltisi qorxunc səviyyəyə çatdı…O anlamışdı ki,İsanın onu əfv etməsi üçün yalnız bir yol qalır.Elə bu anda uşağını əlinə götürərək,yenidən tablonun qarşısına özünü tulladı.
-Tanrım,hər şeyim sənindir! Bağışla məni,bağışla!-yenidən dəhşətli qışqırıq bütün evi və gecəni bürüdü.O uşağını boğmağa başlamışdı və bunu hiss etməmək üçün sadəcə tabloya baxır və qışqırırdı,-Əfv et,sənin verdiyin uşağı sənə geri qaytarıram! Əfv et,tanrım! Əfv et.
Uşaq isə bayaqkından da dəhşətli bir səslə qışqırırdı.Bu tükürpədici səs istənilən insanda dəhşət və qorxu yarada bilərdi.Lakin Anna həmin anda sadəcə İsanı görür və sadəcə öz əfv diləməsini eşidirdi.
Bir az keçdikdən sonra uşaq boğulmuşdu, Anna uşaqdan diksinərək geri çəkilmiş,bir müddət sürətlə nəfəs almış və sonra sanki zamanın başlanğıcından susurmuş kimi yerindəcə quruyub qalmışdı.Hətta gözlərində belə kiçik hərəkətə rast gəlmək mümkün deyildi.Hər şey bitmişdi…bu dəfə İsanın simasında mühəkkim yox,övladının yanlış hərəkətindən qəlbi üzülmüş,lakin onu əfv edəcək bir valideyn görünürdü. Gecə ərzində Anna olduğu vəziyyətdə qalmışdı.Həmin an onun beynindən keçənlərə qətiyyən düşüncə adını vermək olmazdı.Sadəcə fraqmentlər,epizodlar və qırıq-qırıq hissələr,bir-birilərindən əlaqəsiz şəkildə onun təsəvvüründə uçuşurdu.Bütün bunları Anna qətiyyən anlamırdı,heç anlaya biləcəyi onun ağlına belə gəlmirdi…əgər ağlı yerində idisə.Sanki onun beynindən sürətlə gəlib-keçənlər Annanın tanımadığı hansısa yeni və əcaib bir əlifbada yazılmış sözlərdən ibarət idi.Sanki Anna özünün qiymət verə biləcək tərəfini,şüurunu tamamilə itirmişdi.Anna bu anda öz səhifələrində nələrin yazıldığı barədə zərrə qədər də təsəvvürü olmayan şüursuz kitab vərəqlərini xatırladırdı.
Bir neçə saat keçmişdi.Yer bütün bu olanlara baxmadan növbəti dövrəsini tamamlamamış və səhər açılmışdı.Anna hələ də tərpənmirdi.Sanki tabloya tüpürməklə bir yarısını,uşağı boğmaqla digər yarısını məhv etmiş,elə ordaca heykələ çevrilmişdi.
Səhər qapı açıldı,Dmitri və Vadim içəri daxil oldular.Annanın gözləri nəhayət ki tərpəndi, və onları gördü.Lakin onların siması belə Anna üçün heç nə ifadə etmədi.Vadim Annanın hərəkətsiz olmasından heç nə anlamasa da,ona yaxınlaşıb sözə başladı:
-Dünən etdiklərimizə görə…bağışlayın.Biz bir az içkili…
Vadim əvvəlcə heç nə anlamasa da,uşağa yaxınlaşıb,dünən gecə nəyin baş verməsini təxminən də olsa başa düşmüşdü.Çağa İsanın tablosunun önündə bir qurbantək hərəkətsiz halda dayanmışdı. Bu mənzərədən dəhşətə gələn,pafoslu danışmağı bacarsalar da,ruhları ciddi heç nəyə hazır olmayan bu iki gənc yerlərində donub qalmışdılar. Vadim heç nə demədən sakitcə evdən çıxmış,böyük həvəslə Nitşedən sitatlar gətirən Dmitri isə birdən-birə özünü Annanın ayağı altına atıb hönkür-hönkür ağlamağa başlamışdı:
Yox!Anna sən bağışla bizi,Anna biz səhv etmişik.İstəyirsən,elə bu an məni də öldür!Anna!
Lakin Annadan Dmitriyə reaksiya gözləmək sadəlöhvlük olardı.Dmitri bu anda bütün hislərini tərk etmiş bir ilahəyə ürəkdən ibadət edən bir günahkara bənzəyirdi. Bəs görəsən,Anna bundan sonra necə yaşayacaqdı?Yenidən bütün qəlbiylə ibadət edə biləcəkdimi?Görəsən Anna,həqiqətən də,xilas ola biləcəkdimi?
Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir.[7] O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qurumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır.[8],[9]
↑““Dağlar” işıq üzü gördü”. anl.az (az.). Həftə içi.- 2019.- 27-28 avqust.- S.4. 27–28 avqust 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
Bizim Salyan rayonun son dövrlərdə yetişdirdiyi ən istedadlı qələm adamı olan Həsən Kür dünən vəfat etdi.
Həsən öz istəyi ilə 44 günlük Vətən Müharibəsində kişi kimi vuruşmuşdu.
Allah tərəfi onun qəhrəmanlığına dövlət də biganə qalmamışdı. Dövlət onu medallarla təltif etmişdi, televiziyalara dəvət olunmuş, tədbirlərdə başda oturtmuşdular.
Həsəni mən 3-4 il idi tanıyırdım. Həddən artıq mərd, el-obasına bağlı gənc idi. Rayonda da özünə böyük hörmət qazanmışdı.
Onun ölümü hamını üzüb! Ən ağrılısı odur ki, üzünü görməyəcəyi övladı olacaq… Bəlkə yeri deyil, ancaq deməliyəm. İndiki valideynlər mənim tay-tuşlarımdır. Ona görə buna haqqım çatır. Övladlarınızı qoruyun! Hər addımına göz qoyun, bizim gənclik dövrümüz deyil. Belə faciələr hər an ola bilər. Artıq kapitalizm dişini qıcayıb, gəncləri bədbəxt edir. Mərdi namərd edir. Gənclərin də öz valideynlərinə yazığı gəlsin! Çətin dövrlərdi, dişlərini sıxıb yaşasınlar! Nəfs ən böyük düşmənimizdi!
Bu ağır gündə Allahdan Həsənin anasına səbr niyaz edirəm!
Qarabağın işğaldan azad olmuş şəhərlərində, kəndlərində quruculuq, abadlıq və təmir işləri get-gedə artmaqdadı. Yaşayış binaları ilə bərabər, inzibati binalar da yenidən qurulur və təmir olunur. Yararsız binalar sökülərək daha abad, müasir tipli yaraşıqlı binalar inşa edilir. Xankəndi şəhərindəki bu quruculuq, təmir işləri ilə bir çox tikinti idarələri, o cümlədən podratçı təşkilatlar fəaliyyət göstərirlər. Onlardan biri də Çərkəz Yasinin podratçı təşkilatıdı. Bu təmir işləri ilə məşğul olan təşkilatln 25-dən artıq üzvü var. Hər birisi öz sənətinin ustası olan sənətkardılar. Onlar 4 aydı Xankəndi şəhərində inzibati binaların çardaqlarını, fasadlarını və daxili otaqlarını təmir edirlər. Bu yaxınlarda Zəngilan rayonunda bir məktəb binasını və Naftalan şəhərində bir sanatoriyanın da təmirinə başlayıblar. Xankəndi şəhərindəki inzibati binanın təmir işlərində çalışan dülgərlərdən-Zahir Əsədov, Etiram Dadaşov, suvaqçı və bənnalardan- Nadir Kərimov, İslam Qasımov, Rövşən Aslanov, İlqar Ağayev öz keyfiyyətli işləri ilə seçilirlər. İş icraçısı Çingiz Əliyev onları vaxtlı-vaxtında tikinti materialları ilə təmin edir. Çərkəz Yasin təşkilatın rəhbəri kimi işçilərin yatacaq yeri ilə təmin olunmalarını, əmək haqlarının vaxtında verilməsinə çalışır. Hörmətli prezidentimiz İlham Əliyevin daim nəzarəti altında işğaldan azad olmuş şəhərlərin, kəndlərin quruculuq, təmir, abadlıq işləri davam edir. Xankəndində yeni yollar salınır, binalar tikilir, küçələr abadlaşır.
“Aktyorluğu öyrən” layihəsində diplom tamaşaları təqdim olunub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Azərbaycan İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Aktyorluğu öyrən” layihəsi çərçivəsində iki qrup üzrə diplom tamaşalarının nümayişi həyata keçirilib. Layihə çərçivəsində 2025-ci il iyunun 29-da azyaşlı, yeniyetmə və gənclərin iştirakı ilə Pərvin Nurəliyevanın “Cırtdanino” və Aleksandr Volkovun “Zümrüd şəhərinin sehrbazı” adlı tamaşalar izləyicilərə təqdim olunub. Nümayişin açılışında Mərkəzin direktoru vəzifəsini icra edən Vüqar Hümbətov və teatrşünas Dağlar Yusif layihənin əsas məqsədinin azyaşlı, yeniyetmə və gənclərdə teatr və kino sənətinə marağın artırılması, bədii zövq və istedadın formalaşdırılması, eyni zamanda aktyorluq ixtisasının ilkin biliklərinin tədrisi olduğunu bildiriblər. Azərbaycan İncəsənət Məktəbinin direktoru Tural Əliyev və quruluşçu rejissorlar, qrup rəhbərləri Qasım Nağı və Əməkdar artist Qurban Məsimov doqquz ay davam edən proqram çərçivəsində həftədə iki dəfə, hər biri iki akademik saat olmaqla peşəkar pedaqoqlar tərəfindən keçirilən dərslərin, uşaqların sənətə sevgisi, asudə vaxtın səmərəli təşkili, özünüifadə, səhnə plastikası baxımından önəmini vurğulayıblar. Tədris prosesi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin hazırladığı xüsusi proqram əsasında təşkil olunub. Proqrama tələbələrin peşəkar teatr və kino mühitində təcrübə qazanması, eləcə də tanınmış sənətçilərin iştirakı ilə keçirilən ustad dərsləri daxil edilib. Hər iki tamaşa izləyicilərə xoş təəssüratlar bağışlamış, tədris proqramını uğurla tamamlayan iştirakçılar sertifikat və diplomlarla təltif olunublar. Digər qruplar üçün 7 iyul tarixində diplom tamaşasının nümayişi nəzərdə tutulub. Layihə çərçivəsində daha bir qrupun tədris prosesi uğurla davam edir.
Teatr…Bu sözü eşidəndə ilk ağlınıza nə gəlir? Gözünüzün önündə nə canlanır? Qulağınıza hansısa bir söz, səs, musiqi, replika gəlirmi? Bu suallara veriləcək bir cavabınız varsa, nə xoş sizə. Çünki hazırda teatrın nə olduğunu bilməyən bir gənclik yetişir. Bir teatr sevən və xalqın maariflənməsinə gedən yolun məhz bu məkandan keçdiyini bilən biri olaraq bu məni narahat edir. Rusların bir fikri var “teatr asılqandan başlayır”. Teatr binasından içəri girib asılqana üst geyimini verib, zalda yerini tapmaq, səssizcə tamaşanı izləmək, özündə müəyyən fikirlər formalaşdırmaq, nəticə çıxarmaq, bütün bunlarda sənə yardım edən insanları – rejissor və aktyorları,həmçinin onların timsalında səs, işıq, geyim, dekorda, ümumi işin ərsəyə gəlməsində əməyi keçən hər kəsi ayaq üstə alqışlamaq – fərqli bir proses deyilmi? Həqiqi dünyadan ayrılırsan, amma həqiqi dünya haqqında öyrənirsən. Teatrda hər tamaşa bir dəfə yaşanır, bir dəfə hiss olunur və bir ömür yadda qalır. Hər ay təkrarlanan tamaşalar ad olaraq təkrarlanır. Amma aktyorlar demək olar ki, hər dəfə öz energetikalarının tələbi ilə fərqli oyun göstərirlər. Tamaşa başlamamış pərdə arxasında baş verən proseslər var, hansı ki, bu, ortaya qoyulacaq işin mükəmməl olması, aktyorların rahat oyun sərgiləməsi, tamaşaçıların bütün fikrinin tamaşada olması üçün edilən ritualı xatırladır. Hər bir tamaşanın özü üçün hazırlanmış xüsusi rekvizitlər, tikilmiş geyimlər, işıq, musiqi və aktyor oyunu birləşərək bir harmoniya yaradır. Peşəkar aktyorun səhnədə atdığı bir baxış belə min sözü əvəz edir. Yüngül pauza bəzən bir monoloqdan daha təsirli olur. Tamaşanın gedişində artıq sevdiyin və nifrət etdiyin obrazları müəyyənləşdirirsən. Hətta bəzən elə olur ki, aktyor öz rolunu o qədər məharətlə ifa edir ki, necə deyərlər, gözündə pis insana çevrilir. Bu isə o deməkdir ki, istedadlı aktyor və rejissorlarımız çoxdur. Onda maraqlıdır, bəs niyə “teatrda tamaşaçı əlindən tərpənmək olmurdu” ifadəsini hələ də işlədə bilmirik?! Məni maraqlandıran növbəti sual isə aktyorlarımızın bu barədə nə düşünməsidir? Bunun üçün üz tutduq Gənc Tamaşaçılar teatrının aktyoru, Bakı Dövlət Universitetinin çox sayda tamaşa və tədbirlərinin quruluşunu vermiş və hazırda da oranın rejissoru olan Vahid Orucoğluna. Sizə müsahibəmizi təqdim edirik. + “Vahid bəy, gənclərin teatra olan soyuq münasibətini hər kəs kimi siz də müşahidə etmisiniz, düşünürəm. Bir aktyorun baxış bucağından baxsaq, bunu aradan götürmək üçün nələr edilməlidir?” - “Düşünürəm ki, biz bunu cəmiyyət olaraq araşdırmalıyıq ki, gənclər nə istəyir, teatrda nə görmək istəyirlər? Biz də repertuarı ona uyğun seçməliyik. Mən şəxsən özüm də Bakı Dövlət Universitetində bununla bağlı bir sorğu keçirdim və təəccübləndim ki, Azərbaycan gəncliyi teatrımızın səhnəsində tarixi əsərlər görmək istəyir. Fikirləşirdim ki, hər hansısa bir komediya yaxud da 44 günlük müharibə mövzusunda zəfərlə bağlı bir tamaşa istəyə bilərlər. Amma nədənsə tarixi əsər istəyənlər çox idilər. Biz də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrı olaraq sezon finalına yaxın “Şah Abbas Namə” tamaşasının premyerasını etdik. İnşallah, gələn sezonda yenidən oynayacayıq. Tarixi tamaşa deyiriksə, o da repertuarımızda var. Fürsətdən istifadə edərək hər kəsi tamaşamızı izləməyə dəvət edirəm.” Teatrların daha çox tanınması, tamaşaçıları bura cəlb etmək üçün isə aktyorumuz reklam sisteminə keçilməsinin daha yaxşı olacağını vurğulayaraq dedi: “İstərdim ki, bütün teatrlar prodüser teatrı sisteminə keçsin. Çünki nə qədər çox piar, reklam olsa, istəyir televiziya, istəyir radio, qəzetdə teatrlar daha çox tanınar. İndi sosial şəbəkələr dövrüdür, məsələn elə olur ki, İnstagram üzərindən reklam sayəsində adam bir günün içində tanınmış olur. Buna görə də çalışaq ki, teatrları bu sistemə keçirək. Bizim Gənc Tamaşaçılar teatrının həm gənc, həm uşaq, həm də digər yaş kateqoriyalarından tamaşaçıları var. Lakin reklam olsa, bu tələbat düşünürəm ki, daha da artar.” Həmçinin tanınmış aktyorumuz qeyd edir ki, tamaşaçıların hər birinin maraq dairəsinə uyğun tamaşalar repertuarda mövcuddur. Təki gənclərin həvəsi olsun və gəlib baxmaq istəsinlər. Vahid Orucoğlunun gənclərə məsləhəti də var. - “Bizim millət haqqında teatral millət deyilik, deyirlər. Mən çox istəyərdim ki, biz teatral millətə çevrilək. Çünki teatr özü bir məktəbdir, mədəniyyət ocağıdır. Bəlkə də, kənardan elə görünür ki, tamaşadı oynanıldı, tamaşaçı da gəlib baxıb çıxıb getdi. Əslində burda absurd hadisələr baş vermir. Daha dərin düşünsək və fikir versək görərik ki, teatra gedən uşaqla, teatra getməyən uşağın istər mədəniyyət, istər tərbiyəsi arasındakı fərq kəskin görünür. Tövsiyə edirəm ki, 3-5 yaşından etibarən ilk olaraq Kukla teatrı olmaqla valideynlər uşaqları teatra aparsınlar. Müəllimlər də bu mövzuda həvəsli olsunlar. Uşaqları teatra gətirsinlər ki, gələcəkdə onların öz seçimləri olsun ki, Gənc Tamaşaçılar teatrınamı gedəcəklər, Akademik Milli Dram teatrınamı, Akademik Musiqili Dram yoxsa Rus Dram teatrınamı. O ruhda böyümüş uşaqlar artıq teatrı tanıyır, onu sevir, aktyorlara qarşı münasibəti, hörməti daha fərqli olur. Çox arzulayıram ki, bizdə elə bir cəmiyyət formalaşsın. “ Qeyd edim ki, Vahid Orucoğlu Bakı Dövlət Universitetində bir çox tamaşanın quruluşçu rejissoru olub. Bu tamaşalara “Qarabağ Azərbaycandır!”,”Arzu & Murad”, “Ana”, “Yarımçıq qalmış”, “Ölülər”, “Müsyö Jordan və Dərviş Məstəli şah”, “Ezop”, “Müalicə” kimi tamaşalar aiddir. Bunu da vurğulayım ki, bu tamaşalardan “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası professional səhnədə- Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrında oynanılmışdı. Növbəti tamaşa olan “Ezop” isə Azərbaycan Dövlət Akademik Milli Dram teatrının səhnəsində oynanılmış və ali təhsil müəssisələri arasında keçirilmiş müsabiqədə respublikanın ən yaxşı tamaşası seçilmişdir. Bu haqqda danışan müsahibimiz gənclərin səhnədə istəklərini mütləq nəzərə aldığını və tamaşaları da bu istəklərə uyğun qurduğunu deyir. - “Bir var tamaşaçı gənc, bir də var qeyri-peşəkar olsa da, səhnədə oynayan gənc. Onların nə düşündüyü, nə istədiyi mənim üçün önəmlidir. Ona görə də qurduğum tamaşalar istər tamaşada oynayan gənclər, istərsə də, izləməyə gələn gənclər tərəfindən bəyənilib və həmişə gurultulu alqışlarla qarşılanıb. Hətta quruluşumda olan tamaşalardan eləsi olub ki, bir dəfə səhnəyə qoyulandan sonra sevildiyi və tələbat olduğu üçün yenidən oynanılıb. Yəni, gənclər nə istəyibsə, mən etmişəm. Lakin bu ancaq mənim çalışmağımla düzəlməyəcək. Bu mövzu ictimailəşdirməli və gəncləri teatra cəlb etmək üçün mühüm addımlar atılmalıdır.” Son olaraq bunu da deyim ki, ən böyük xəyalım, “Bu gün şəhərdə sıxlığın səbəbi axşam tamaşanın olmasıdır. Camaat ora gedir.“ sözlərinin canlı şahidi olmaqdır.
Xalq şairi Bəxtiyar Vahabzadənin 100 iliyi münasibətilə “Ana Dili” qiraət müsabiqəsi keçiriləcək Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan İncəsənət Məktəbinin birgə təşkilatçılığı, Obraz Coffee houseun dəstəyi ilə, xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə “Ana Dili” adlı qiraət müsabiqəsi keçiriləcəkdir. “Ana Dili” adlı bu layihənin əsas məqsədi Azərbaycan dilinin gözəlliyini və zənginliyini gənc nəslə daha dərindən tanıtmaq, onları ədəbi irsimiz və poeziyamızla yaxından tanış etməkdir. Bundan əlavə, uşaq, yeniyetmə və gənclərin bədii qiraət, səhnə mədəniyyəti və yaradıcı ifadə bacarıqlarının inkişaf etdirilməsi, gənc nəslin ədəbi düşüncə tərzi və estetik zövqünün formalaşdırılması, eləcə də milli dəyərlərə bağlı, yaradıcı və düşünən gəncliyin yetişdirilməsi məqsədilə bu kimi layihənin təşkilinə xüsusi önəm verilir. Layihənin sonunda çıxış edənlər arasında ən yaxşı bədii qiraət nümayiş etdirən I, II və III yerin qalibləri kubok, diplom və xüsusi hədiyyələrlə təltif olunacaqlar. Digər bütün iştirakçılara isə iştirakçı sertifikatı təqdim ediləcək. Qeydiyyat linki: https://forms.gle/y8e3yirtxuB5Sphg7 Son qeydiyyat tarixi: 1 sentyabr 2025-ci il
Bəzən həyatın sərt səhnələrində, titullar və vəzifələr içində saxta təbəssümlərlə gəzip-dolaşarkən, ən sadə bir həqiqəti unuduruq: biz hamımız sadəcə və sadəcə aciz insanlarıq, Allahın günahkar bəndələriyik… Bəli, elədir! Sadəcə insanıq. Vəzifəmiz olmasa da – insanıq. Titulumuz olmasa da – insanıq. Qəlbində nur, sözündə səmimiyyət, ürəyində mərhəmət və həqiqət olan sadə bir insan… Bu dünyada “yerin ən alçaq zirvələrində” gəzənlər arasında qəlbi bələdçi ulduz kimi parlayan insanlar var. Onlar heç vaxt minbərdən danışmaz, amma sözləri ürəkləri titrədir. Onlar nə məmurdur, nə də böyük bir vəzifə sahibidir. Amma onlar kamil insan, həqiqi insan – Həzrəti İnsandırlar. Çünki onlar insanlıq adlanan ən ali məqamın sahibidirlər. Amma həyatda bir bəla var. Əsrlərdir kök atmış, saf qəlblərin münasibətlərini çürütməyə başlayan bir bəla: insanı vəzifəsinə görə dəyərləndirmək. İnsan dəyərini pula, var-dövlətə, vəzifəyə və tituluna görə ölçmək… Kimsə bir qapıdan içəri girsə, baş əyərək təzim edirik, saxta və təmtəraqlı gülümsəmələrlə qarşılayırıq. Sadə bir insan içəri girsə – bəzən adi bir salamı da çox görürük… Sanki ona insanlıq şərəfini vermək üçün diplomu, kürsüsü, rəsmi statusu olmalıdır. Sanki insanlıq bizə ancaq vəzifə ilə birlikdə verilərmiş kimi. Xeyr. Bu – yanlışdır. Bu – zülmdür. İnsanın dəyəri qəlbindəki nurda, yaxşılığa meylində, başqalarının dərdini hiss etməsində ölçülür. Təsəvvüfün böyük alimləri belə deyirdi: “Əgər qəlbində insanlara hörmət yoxdursa, sənin elm və əməl, məqam və titulun torpaqdan da dəyərsizdir.” Elədir. Qəlbində hörmət olmayan insan – vəzifələrin içində dolaşıb, əslində sonsuz bir quyunun içində özünü itirmiş birisidir. Çünki vəzifə gedər, titul bitər – amma insanlıq – cənnətə aparan sonuncu pillə olaraq qalır.
Unutmayaq: İnsanlara halına görə deyil, varlığına görə münasibət göstərmək gərəkdir. Onların dəyərini tutduğu vəzifəyə görə deyil, insan kimi varlığına görə qiymətləndirməliyik. Təvazökarlıq, səmimiyyət, mərhəmət, sədaqət, halallıq – bu fəzilətlər bəzən heç bir kürsüsü olmayan sadə insanlarda daha çox olur. Əlləri zəhmətdən çatlamış bir kəndli, ürəyi mərhəmət və səmimiyyət dolu bir müəllimə, təmiz qəlbli bir süpürgəçi – bəlkə də zamanımızın ən böyük qəlbli insanlarıdır. Gəlin, insanları tutduğu vəzifəyə, tituluna, geyiminə və arxasındakı “güc”ə görə yox, qəlbinin səsinə görə dinləyək. Gəlin, insanı insan kimi sevməyi öyrənək. Çünki Allah qatında ən əziz insan – ən təqvalı, ən pak, ən mərhəmətli və ədalətli insandır. Orada kürsü yoxdur, titul yoxdur, diplom yoxdur. Orada yalnız qəlb var! Yalnız niyyət var! Yalnız insanlıq var! Böyük məqam, yüksək istedad, ali qabiliyyət – bunlar Allahdan verilən imtiyazlar, imtahan vasitələridir. Amma ən ali məqam – insanlıqdır! Ona görə də… Gəlin, vəzifə ilə deyil, mərhəmət ilə ucalaq. Gəlin, təkəbbürlə deyil, təvazö ilə dəyərlənək. Gəlin, üzümüzdəki maska ilə deyil, qəlbimizdəki həqiqət ilə yaşayaq. Gəlin, insanlara ürək gözü ilə baxaq. Qəlbin səsini dinləyək. Mərhəmət, səmimiyyət və yaxşılığı baş meyar edək. Çünki bu dünyada ən böyük məqam – qəlbin paklığı və insanlıqdır. Və bunu da unutmayaq: İnsan kimi gəldik – insan kimi yaşayaq!
Müəllif: Cahangir NAMAZOV, “Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi. Azerbaycan Jurnalistlar birliyinin üzvü.