USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
YADDAŞA QAYIDIŞ Bu günlər Rusiyanın Azərbaycana qarşı çirkinlik və hiyləgərliklə müşayiət olunan siyasi gedişlərinə sadəcə seyrçi kimi baxmaq olmur. Bu dövlətin təməli xəyanətlə, yalanla qurulub. Onların lüğətində dost sözü əslində fitnəkar mənasını ifadə edir. Bu dövlətin neçə sifəti varmış! Saxtakar, həyasız, iddialı bir millətçi olduqları halda adlarını bizə qoyanlara bir bax!
Yekaterinburqda baş verən faciəli hadisələr, Səfərov qardaşlarının amansızcasına öldürülməsi, ümumən 50-yə yaxın azərbaycanlının həbsi və bu ətrafda törədilən digər hadisələr, millətimizə qarşı edilən haqsızlıqlar, qəddarlıqlar dünənin, bu günün hadisəsi deyil. Bütün bunlar insanlıqdan, humanizmdən kənar olan azğın, həyasız, simasız rus dövlətinin müsəlman ümmətinə qarşı yüzillər boyunca apardığı “parçala, hökm sür!” siyasətinin tərkib hissəsidir…
Bu şovinist millət ulu babaları Pyotrun vəsiyyətinə həmişə əməl edib. İndiyədək hakimiyyət başına hansı rusun (alkaşın!) gəlməsindən asılı olmayaraq, Azərbaycana, xalqımıza qarşı apardıqları bədnam siyasət dəyişmir ki, dəyişmir. 300 il davam edən Romonovlar sülaləsinin, ardınca Sovetlər hakimiyyətinin xalqımızın başına gətirdiyi faciələri heç vəchlə unutmamalıyıq…
Pyotr Alekseyeviç Romanov övladlarına nələri vəsiyyət etmişdir? Düşünürəm, bu günlər, dünyanın çarı olmaq iddiası ilə rüsvayçı bir həyat yaşayan Pyotrun vəsiyyətnaməsi ilə yenidən tanış olmaqla yaddaşımızı oyatmalıyıq ki, başı müsibətlər çəkmiş babalarımızın ruhu dara çəkməsin bizi, övladlar alnımıza unutqan damğasını vurmasınlar…
Bu dəli Petronun iştahına baxın ki, vəsiyyətnaməsində Osmanlı ilə Avropa dövlətlərinin təmas qurmasına imkan verilməməsini diqqətə çatdırır. Deyir: “Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya və Avropa xəzinələrinin açarı olan İstanbul olsun. Tez və vaxtında çalışıb, İstanbula sahib olan şah, dünyada ilahi şah olacaq… ” Lənət olsun sənə və sənin övladlarına!..
I Pyotrun vəsiyyətnaməsi
Rus dövləti həmişə müharibə müvazinəti hazırlamalı və çalışmalıdır ki, hazırlıq Rusiyanın tərəqqisinə səbəb olsun.
Mümkün qədər Avropa dövlətlərindən müharibə vaxtında hərbi sərkərdələri, sülh zamanı isə elm adamlarını Rusiyaya cəlb etməli.
Avropa ölkələri arasında fitnə-fəsad törətmək, ziddiyyət salmaq və bu işdə onların biri ilə əlbir olmaq lazımdır. Xüsusilə alman xalqı arasındakı iğtişaşlarda fəal mövqe tutmağa çalışmalı, çünki onlar bizimlə həmsərhəd və bitişikdir.
Polşada iğtişaş və qarışıqlıq salmalı, onların əyanlarına xəsislik etmədən rüşvət verib, dəyanətini pozmalı, dövlət işinə zərbə vurmalı, Moskvadan əsgər gətirib orada yerləşdirməli, əgər başqa dövlətlər bizim bu tədbirimizə etiraz edərlərsə, Polşadan bir parça kəsib onlara sükut payı verməli; iş tamam olandan sonra isə o parçanı geri almalı, rus səltənətini möhkəmləndirməli.
Mümkün qədər İsveç, Norveç ölkələrində bir istinad məntəqəsi əldə etməli. Onların valisi əlimizdə olarsa, çalışın ki, İsveç, Norveç, Danimarkaya düşmənçilik toxumu səpsin.
Rusiya şahzadələri həmişə Almaniya əsilzadələrindən, nüfuzlu adamlardan, valilərdən, rütbə sahiblərindən qız almağı unutmamalıdır. Belə qohumluq bizə həmişə fayda verər.
İngilis hökuməti ilə ittifaqda olub, əlaqəni möhkəmləndirin. Çünki bu ticarət işində və dövlətin idarə edilməsində fayda verər. Gəmi qayırmağa gərək olan bütün ləvazimat onlardan alınacaqdır. Bu əlaqə həm silah, həm də gəmiçilik üçün faydalıdır.
Rusiya dövlətinin hüdudu Avropadan şimala – Baltik dənizinə, cənubdan isə Qara dənizə qədər olmalıdır. Bunu mühafizə etmək və rus sərhəddini genişləndirmək övladlarımın vəzifəsidir.
Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya və Avropa xəzinələrinin açarı olan İstanbul olsun. Tez və vaxtında çalışıb, İstanbula sahib olan şah, dünyada ilahi şah olacaq. Bu məqsədi həyata keçirmək üçün həmişə Osmanlı ilə İran arasında fitnə-fəsad törətmək, dava-dalaş yaratmaq lazımdır. Bu işdə sünni və şiə məzhəbləri arasındakı ixtilaflar böyük, kəskin silah və qarşısıalınmaz ordudur. Rusiyanın nüfuzunu Asiyada qaldırmaq üçün sünni-şiə ixtilafları yaxşı bir vasitədir. Osmanlı ilə İran dövlətləri arasındakı müvazinəti fitnə-fəsadla elə pozmaq lazımdır ki, onlar bir-biri ilə dil tapa bilməsinlər. Həm İran, həm də Osmanlıya Avropa xalqları ilə təmas tapmağa imkan verməmək lazımdır. Əgər bu ölkələrin müsəlmanları göz açıb hüquqlarını başa düşsələr, o bizə böyük zərbə olar. Həm Osmanlı, həm də İranın din xadimlərini ələ almaq və onların vasitəsilə sünni-şiə ixtilaflarını qızışdırmaq lazımdır. Osmanlını Avropadan ayırmaq lazımdır.
Yunanlarla sülh və dostluqla rəftar etməli. Müharibə zamanı onlar sizə imdad edərlər (çünki yunanalar türkiyədən həmişə zərər görmüşlər).
İsveç, Norveç, Osmanlı və İranı, Polşanı istila etdikdən sonra, İtaliya və Fransa ilə müttəfiq olub əlaqəyə girin. Əgər onlardan hər hansı birisi dostluğunuzu qəbul etməsə, onda bir vasitə ilə o yeri və əyalətləri məhv ediniz. Bu yerləri ələ keçirdikdən sonra dünya hökmranı olarsınınz.
Əgər yuxarıda qeyd olunan ölkələrdən biri müharibəni qəbul etməzsə, elə bir tədbir görmək ki, bu iki hökumətin (İtaliya və Fransa) arasında fitnə-fəsad vaqe olsun. Bu vəchlə get-gedə onlardan biri aradan götürülüb bərbad olar. Qalmış hökumətləri tərac edib, zəhmət çəkmədən bütün Avropa üzərində hökmranlıq edərsiniz. İşin axırında sair ölkələrin hamısını öz məmləkətinizə ilhaq edib dünyaya sahib olarsınız…
P.S Pyotrun vəsiyyətnaməsi ilk dəfə “Dirilik” jurnalında (1916) çap olunmuşdur. Bu elə bir zamandı ki, çar məmurları xalqımızın başına olmazın müsibətlərini gətirirdilər…
Elə bir dövrə gəlib çatmışıq, maddi-mənəvi yükümüz o qədər artıb, başımız gündəlik qayğılarımıza elə qarışıb ki, azacıq asudə vaxt tapanda gözümüz bir gülərüz sima, qulağımız bir xoş söz axtarır. Yaxşı ki, ətrafımızda belələri az da olsa var.
“Söz” jurnalının baş redaktoru Sevda Əlibəyli deyəndə ki, Yaqut Bahadurqızının yubileyinə jurnal hazırlamalıyıq, çox sevindim.
Yaqut xanımın adı gələndə ixtiyarsız üzüm gülür, xəyalımda xoş xatirələr canlanır…
İlk dəfə “Elm və həyat” jurnalında işləyəndə tanış olmuşuq. Bir neçə kitabının dizayn-tərtibat işini görmüşəm. Çox səmimi, mehriban, gülərüz, qayğıkeş, istiqanlı, bir az da saflığından irəli gələn, ona xüsusilə yaraşan şıltaq bir xanımdı. İlk görüşdəncə elə tez qaynayıb-qarışırsan, bütün problemlərini unudursan. Ayrılanda da uzun zaman o görüşün təsiri altında olursan… Başqa bir aləmdi Yaqut xanım…
İllərdir ki, görüşmürük. Son görüşümüz isə sanki dünən olub…
2016-cı il may ayının 9-u…
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri Universiteti bitirməklərinin 30 illiyini qeyd edirdilər. Zakirə xanım, Sevda xanım, Yaqut xanım, Rəhilə xanım, İradə xanım, Bibixanım, Təranə xanım, Zəminə xanım, Nargilə xanım, Ofelya xanım, Fərman Nəbiyev və yoldaşı Yeganə xanım, Mədəd Əyyuboğlu… Hər biri ayrılıqda bir “universitet”di artıq. İctimai xadimdirlər, ailə başçısıdırlar, nənədirlər, babadırlar…
Məclisdə çox gözəl ab-hava vardı. Müasir gəncliyə örnək olacaq bir yoldaşlıq, dostluq mühiti… 30 ildən sonra insan kimisə arzulayırsa, dostluq telləri qırılmayıbsa, deməli, yaşamağa dəyər! Deməli, bütün dəyərləri itirməmişik, çox şükür ki…
Bu təşkilatçılıq yükünün Yaqut xanımın çiynində olmasını sezmək çox da çətin deyildi. Hamıya eyni dərəcədə diqqət, qayğı göstərməsi, zarafatları, baməzə söhbətləri ilə məclisdə şuxluq, şən əhval yaratması da öz yerində…
Zakirə xanımla, Sevda xanımla, Yaqut xanımla yaradıcılıqla bağlı əlaqələrim əvvəldən vardı…
O biri yoldaşlarla da ilk görüşdəncə səmimi münasibət yarandı.
O zaman Facebook səhifəmdə təəssüratlarımı yazıb şəkillərlə paylaşmışdım. Yaqut xanım rəy də bildirmişdi.
İllər sonra Yaqut xanımın yubileyinə hazırlıq işlərinə qatılmaq mənə çox xoş oldu.
Yaqut xanımın özünəməxsus dünyasında yenə də üzümüz güldü, könlümüz açıldı… Yubiley yaşına jurnal həsr etməyimiz təbii ki, onu sevindirdi. Sevda xanımla evində olduq, yedirib-içirib deyə-deyə, gülə-gülə küçəyədək yola saldı. İnsana nə lazımdır? Xoş söz, gülər üz… Çətin deyil vallah. Yaqut xanımdan bunu öyrənməyə dəyər…
Mən Yaqut xanımın insani keyfiyyətlərindən yazdım.
O həm də gözəl alimdir, ictimai xadimdir, sədaqətli ömür-gün yoldaşıdır, qayğıkeş anadır, nənədir.
İctimai-siyasi fəaliyyətinə nəzər salıram. Bu qədər xidmətləri müqabilində Yaqut xanım hələ də layiqincə qiymətləndirilməyib.
Düzdür, dövlətçilik sahəsindəki fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub. Lakin yaradıcılıq sahəsindəki əməyi nədənsə diqqətdən kənarda qalıb. Ümid edirəm ki, yubiley ilində aidiyyatı təşkilatlar Yaqut xanımın ədəbi və elmi fəaliyyətini də yüksək qiymətləndirəcək, dövlət mükafatı ilə təltif edəcəklər.
İyulun 1-də Azərbaycan Mətbuat Şurasında Yaqut xanımın 65 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə və jurnalımızın ona həsr olunan sayında söylənilənlərdən də aydın görünür ki, o, ölkəmizdə, xüsusilə, Şirvan zonasında böyük nüfuz sahibi, Şəhid analarının sevimlisi, əzizidir. Elə ən böyük qazancı da el-oba sevgisidir.
Yaqut xanıma uzun, sağlam ömür, yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.