YAQUB SƏMƏDLİ

YAQUB SƏMƏDLİ

Səmədov Yaqub Abbasqulu oğlu (Yaqub Səmədli) 1963-cü ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. Hal-hazırda ADPU-nun Ağcabədi filyalında tarix fənni üzrə müəllim işləyir. Tarix üzrə fəlsəfə doktorudu. Ədəbiyyatı, şeir yazmağı sevir. Müntəzəm olaraq şeirləri mətbuat orqanlarında çap olur. 2024-cü ildə KİV tərəfindən “Zəfər” medalı ilə təltif edilib. İki kitab müəllifidir. Bir neçə fəxri fərmanla təltif olunub.

SARI GƏLİN

Çox ağırdır daşın sənin “Sarı gəlin”,
Haralara gedib çıxmır,
Yaşın sənin, “Sarı gəlin”.
Zaman – zaman çalışdılar, əlləşdilər,
Hər tərəfə baş vurdular,
Nadanların, bədxahların.
Qəlbi incə, qəlbi zərif, qəlbi kövrək,
Eşqi billur, könlü sınıq,
Pak, müqəddəs bir varlığı,
Bir gəlini, bir ananı,
Ayırsınlar kökümüzdən,
Əslimizdən, nəslimizdən.
Bu təhqirə ölməz ruhun necə dözdü,
nə düşündü?
Allah bilir için-için nələr çəkdin,
“Sarı gəlin”…
Çək – çevirdə saflığını, mənliyini
İtirmədin, Sarı gəlin!

Qürurundu, ismətindi nəğməndəki,
“Saçın ucun hörməzlər”in, Sarı gəlin.
“Gülü sulu dərməzlər”in, Sarı gəlin.
Hərdən elə anlar oldu, az da olsa,
“Saçlarının ucları”nı hördürdülər,
Sarı gəlin.
Naxələflər səni bizə tərs gördülər,
Sarı gəlin.

Dilimizdən qaynaqlanan kəlməndəki,
“Gəlin”, “çoban” sözlərini utanmadan,
çəkinmədən,
Çəhd etdilər mənasını dəyişməyə,
alınmadı…
Mahnımızın hər sözünün mənasının
qarşısında,
Qarşımızda nadürüstlər sıxıldılar,
əyildilər,
Əzildilər, diz çökdülər, alçaldılar,
Puç oldular, əhdlərinə çatmadılar,
Sarı gəlin!!!

Xalqımıza məxsus olan bu möhtəşəm
sərvətdəki,
Hünərə bax, hikmətə bax,
Bu misilsiz zinnətə bax,
Sarı gəlin!..
Mahnımızda coşub-daşan möhnətə bax,
Riqqətə bax Sarı gəlin.

Elin gücü, sözün gücü,
Səsin gücü, sehrin gücü,
Qüdrətinə, ovsununa mat qaldılar,
Paxıllıqdan eşildilər, çatladılar,
Sarı gəlin!!!

Kəlməndəki “Dərə”, “Quzu” inanc yerim,
Sarı gəlin!!!
Araxçının, kəlağayın, arxalığın,
milli geyim, Sarı gəlin!!!
Səsindəki zənginliklər xalq dilindən
qaynaqlanıb,
Əsrarəngiz gözəlliyin bir dünyadır,
Mən nə deyim, Sarı gəlin.

Nakam sevgin, dərdli qəlbin bayatımla
pərvazlanıb!…
“Şur” muğamı üstə nalən dörd tərəfdə
anlaqlanıb,…
O illərdən nələr ötüb, nə baş verib
naməlumdu,
Xalq qızını unutmayıb, əziz tutub,
xatirəsin daim anıb.

Yüzə qədər, bəlkə də çox sənə mahnı
qoşulubdu,
Mahnıların Türk elində neçə qəlbi
ovudubdu,
Vətənimin hər daşında, torpağında
qalıb izin,
Xalqımızın həsrətisən, niskilisən, Sarı gəlin.

Nə qədər ki, xain qonşu millətimə kəc baxırsa,
Tariximə, soykökümə, mənliyimə şər atırsa,
Dilimizi, şeirimizi, mahnımızı, irsimizi,
oğurlayıb,
Neçə zəngin xəzinəmi qamarlayıb,
mənimsəyib,
Bizə meydan oxuyursa,
Vətənimə, sərvətimə göz dikibsə,
Xəyanətin, pis adətin, bəd niyyətin,
Sərhədi yox, sonu yoxsa,
Bu həyatda ağ yalanlar ayaq tutub
yeriyirsə,
Şaxələnib yayılırsa,
Millətimin ünvanına saxta, rəzil,
Yerə-göyə sığışmayan ittihamlar söylənirsə,
yazılırsa,
Gəlinimiz, inamımız, əqidəmiz
Sarı gəlin.

Vacib idi bu məqamda, belə anda,
Olmuşları, keçmişləri, həqiqəti,
Xalqımızın qızımıza bəxş etdiyi gözəlliyi,
ləyaqəti, məhəbbəti,
Sevən qəlbin vüsalında iztirabı, sədaqəti,
mətanəti,
Təkrar çözüm, təkrar yazım, Sarı gəlin.
Sarı gəlin.

Müəllif: YAQUB SƏMƏDLİ

YAQUB SƏMƏDLİNİN DİGƏR YAZILARI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir