Dünya Bir tərəfi od -alov, bir tərəfi yağış, qar, Bir tərəfi meşəlik, bir tərəfi səhralar, Bir yanda çövlan edir coşub – daşan dalğalar, Küləkli, çovğunludur başı bəlalı dünya, Zəlzələdən, vulkandan köksü yaralı dünya.
Üzərində ədalət, üzərində müsibət, Üzərində var – dövlət, üzərində səfalət, Üzərində məhəbbət, üzərində xəyanət, Bu yolla hara gedir ağlı- qaralı dünya, Sevinclə, qəmlə dolu qəlbi paralı dünya.
Əskik deyil verimi, əskik deyil alımı, Əskik deyil ölümü, əskik deyil olumu, Əskik deyil həlimi, əskik deyil zalımı, Əqidəsi, məsləki sirli – sehirli dünya, Gəlimli – gedimlidi qorxunc, zəhimli dünya.
Ana həsrəti Ömrümü calayıb sənin ömrünə, Yaşada bilmədim ay Ana, Səni. Anamı itirdim amansız ölüm, Analı dünyamdan ayırdı məni.
Anam dünyasını dəyişən gündən, “Ay oğul”, “can bala” kəlmələrini, Anam dünyasını dəyişən gündən, Bir an unutmuram, laylalarını.
Mənim korpəliyım, mənim gəncliyim, Analı günlərin yaddaşındadı. Anamın ətirli, isti çörəyi, Pendiri, qaymağı damağımdadı.
Sənsiz qəribsəyib ata evimiz, Ay Ana, qalmayıb bizlərdə dözum. Deyirəm, İlahi gücüm olaydı, Səni yaşadaydım, öləydim özüm.
Neyləyək, bu dünya fani dünyadı, Yaranan hər ömür bir vaxt sönərmiş. Ömürlər vəfasız günlər vəfasız, Bizim də qapını əcəl döyərmiş…
Gözlərim axtarır evi, həyəti, Hər yerdə izini görürəm sənin. İsti nəfəsinə, qayğılarına, Ana tamarzıyam, sənsən məlhəmim.
Durmuşam qəbrinin önündə Ana, Artıq qara saçım ağa bürünüb. Varlığım, tökülən ğöz yaşım- Ana, “Gələcəm yanına darıxma”- deyir.
YAQUB SƏMƏDLİ Səmədov Yaqub Abbasqulu oğlu (Yaqub Səmədli) 1963-cü ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. Hal-hazırda ADPU-nun Ağcabədi filyalında tarix fənni üzrə müəllim işləyir. Tarix üzrə fəlsəfə doktorudu. Ədəbiyyatı, şeir yazmağı sevir. Müntəzəm olaraq şeirləri mətbuat orqanlarında çap olur. 2024-cü ildə KİV tərəfindən “Zəfər” medalı ilə təltif edilib. İki kitab müəllifidir. Bir neçə fəxri fərmanla təltif olunub.
Səmədov Yaqub Abbasqulu oğlu (Yaqub Səmədli) 1963-cü ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. Hal-hazırda ADPU-nun Ağcabədi filyalında tarix fənni üzrə müəllim işləyir. Tarix üzrə fəlsəfə doktorudu. Ədəbiyyatı, şeir yazmağı sevir. Müntəzəm olaraq şeirləri mətbuat orqanlarında çap olur. 2024-cü ildə KİV tərəfindən “Zəfər” medalı ilə təltif edilib. İki kitab müəllifidir. Bir neçə fəxri fərmanla təltif olunub.
SARI GƏLİN
Çox ağırdır daşın sənin “Sarı gəlin”, Haralara gedib çıxmır, Yaşın sənin, “Sarı gəlin”. Zaman – zaman çalışdılar, əlləşdilər, Hər tərəfə baş vurdular, Nadanların, bədxahların. Qəlbi incə, qəlbi zərif, qəlbi kövrək, Eşqi billur, könlü sınıq, Pak, müqəddəs bir varlığı, Bir gəlini, bir ananı, Ayırsınlar kökümüzdən, Əslimizdən, nəslimizdən. Bu təhqirə ölməz ruhun necə dözdü, nə düşündü? Allah bilir için-için nələr çəkdin, “Sarı gəlin”… Çək – çevirdə saflığını, mənliyini İtirmədin, Sarı gəlin!
Qürurundu, ismətindi nəğməndəki, “Saçın ucun hörməzlər”in, Sarı gəlin. “Gülü sulu dərməzlər”in, Sarı gəlin. Hərdən elə anlar oldu, az da olsa, “Saçlarının ucları”nı hördürdülər, Sarı gəlin. Naxələflər səni bizə tərs gördülər, Sarı gəlin.
Dilimizdən qaynaqlanan kəlməndəki, “Gəlin”, “çoban” sözlərini utanmadan, çəkinmədən, Çəhd etdilər mənasını dəyişməyə, alınmadı… Mahnımızın hər sözünün mənasının qarşısında, Qarşımızda nadürüstlər sıxıldılar, əyildilər, Əzildilər, diz çökdülər, alçaldılar, Puç oldular, əhdlərinə çatmadılar, Sarı gəlin!!!
Xalqımıza məxsus olan bu möhtəşəm sərvətdəki, Hünərə bax, hikmətə bax, Bu misilsiz zinnətə bax, Sarı gəlin!.. Mahnımızda coşub-daşan möhnətə bax, Riqqətə bax Sarı gəlin.
Elin gücü, sözün gücü, Səsin gücü, sehrin gücü, Qüdrətinə, ovsununa mat qaldılar, Paxıllıqdan eşildilər, çatladılar, Sarı gəlin!!!
Kəlməndəki “Dərə”, “Quzu” inanc yerim, Sarı gəlin!!! Araxçının, kəlağayın, arxalığın, milli geyim, Sarı gəlin!!! Səsindəki zənginliklər xalq dilindən qaynaqlanıb, Əsrarəngiz gözəlliyin bir dünyadır, Mən nə deyim, Sarı gəlin.
Nakam sevgin, dərdli qəlbin bayatımla pərvazlanıb!… “Şur” muğamı üstə nalən dörd tərəfdə anlaqlanıb,… O illərdən nələr ötüb, nə baş verib naməlumdu, Xalq qızını unutmayıb, əziz tutub, xatirəsin daim anıb.
Yüzə qədər, bəlkə də çox sənə mahnı qoşulubdu, Mahnıların Türk elində neçə qəlbi ovudubdu, Vətənimin hər daşında, torpağında qalıb izin, Xalqımızın həsrətisən, niskilisən, Sarı gəlin.
Nə qədər ki, xain qonşu millətimə kəc baxırsa, Tariximə, soykökümə, mənliyimə şər atırsa, Dilimizi, şeirimizi, mahnımızı, irsimizi, oğurlayıb, Neçə zəngin xəzinəmi qamarlayıb, mənimsəyib, Bizə meydan oxuyursa, Vətənimə, sərvətimə göz dikibsə, Xəyanətin, pis adətin, bəd niyyətin, Sərhədi yox, sonu yoxsa, Bu həyatda ağ yalanlar ayaq tutub yeriyirsə, Şaxələnib yayılırsa, Millətimin ünvanına saxta, rəzil, Yerə-göyə sığışmayan ittihamlar söylənirsə, yazılırsa, Gəlinimiz, inamımız, əqidəmiz Sarı gəlin.
Vacib idi bu məqamda, belə anda, Olmuşları, keçmişləri, həqiqəti, Xalqımızın qızımıza bəxş etdiyi gözəlliyi, ləyaqəti, məhəbbəti, Sevən qəlbin vüsalında iztirabı, sədaqəti, mətanəti, Təkrar çözüm, təkrar yazım, Sarı gəlin. Sarı gəlin.