
Bu gün Şəhid polkovnik – leytenant Rəşad Xanlar oğlu Sadıqovun anım günüdür
Rəşad Sadıqov 1978-ci il oktyabr 11-də Laçın rayonunda anadan olub.1984-1992-ci illərdə Laçın şəhərində 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 1992-ci ilin may ayında Laçın şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu üçün Sadıqovlar ailəsi Şəmkir şəhərində yaşamağa başlayırlar. 1992-1995-ci illərdə həmin şəhərdə Ə. Cavad adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995-1999-cu illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb.
Rəşad Sadıqov 1999-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Şahbuz rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edib. 2004-cü ildə Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Liseydə çalışıb. Daha sonra isə Naxçıvan şəhərində Hərbi Komissarlığda və Hərbi Hospitalda xidmət edib.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Rəşad Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşad Sadıqov oktyabrın 30 da Laçın döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Sadıqov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Sadıqov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Sadıqov ölümündən sonra “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Sadıqov ölümündən sonra “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Məlumatı hazıladı: Ramil Cəbrayıl