2018-ci ildə ilk dəfə olaraq tam formalı penis və xaya transplantasiyası həyata keçirilmişdir

2018-ci ildə ilk dəfə olaraq tam formalı penis və xaya transplantasiyası həyata keçirilmişdir

Əfqanıstanda xidmət edən ABŞ əsgərlərindən biri əldəqayırma minaya düşərək ayaqlarından və qarnının aşağı nahiyyəsindən ciddi xəsarət almışdır.

Xəstə bir neçə il sonra əməliyyat üçün Johns Hopkins xəstəxanasına aparılmış və orada ilk dəfə olaraq 14 saat ərzində 11 cərrahın iştirakı ilə tam sistemli penis transplantasiyası həyata keçirilmişdir. Qarının aşağı hissəsinə qarın dərisi, penis və xaya tam olaraq ölmüş donordan alınaraq xəstəyə köçürülmüşdür.

Əməliyyatdan bir neçə gün sonra sidik ifrazat sistemi tam işlək halına qayıtmışdır. Bu onsuz da gözlənilən idi. Əsas diqqətlər cinsiyyət funksiyasının bərpası üzərinə idi və təxminlər 6-8 ay sonrasına hesablanmışdır.
Gözlənilən kimi də oldu. 6 aydan sonra xəstənin yeni cinsiyyət orqanı ereksiya funksiyasını bərpa etməyə başlamışdır.
Həkimlər əməliyyatın nəticələrini şərh edərkən xəstənin penisinin normala yaxın formada ereksiya olduğunu, bütün sinirlərin işlədiyini, toxunma hissinin normal olduğunu bildirmişdir.

Ancaq bir əmması var idi. Etik səbəblərə görə ölmüş donorun funksional xayalarını xəstəyə köçürməmişdilər. Yəni, xəstənin bütün cinsiyyət funksiyaları bərpa olunsa da, bir növ qısırlaşdırılmışdır.

Qeyri-etik hesab edilməsinin səbəbi xayaların ölmüş donorun genetik materiallarını daşıması və yaranacaq spermanın xəstəyə yox donora aid olmasıdır. Yəni xəstə heç vaxt bioloji övlada sahib ola bilməyəcək.

İlkin mənbə: SCİENCEalert. JOHNS HOPKİNS medicina.

Məlumatı hazıladı:  Aynura Allahverdiyeva

AMEA Dilçilik İnstitutunda professor Mahirə Hüseynovanın 65 illik yubileyi qeyd olunub

AMEA Dilçilik İnstitutunda professor Mahirə Hüseynovanın 65 illik yubileyi qeyd olunub

Oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Prezident təqaüdçüsü, əməkdar müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynovanın 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Mahirə Hüseynovanın elmi-pedaqoji fəaliyyətindən, Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə verdiyi əvəzsiz töhfələrdən bəhs edib. Mahirə Hüseynovaya elmi və pedaqoji fəaliyyətində qazandığı yüksək nailiyyətlərə, Azərbaycan dilçiliyinin inkişafında misilsiz xidmətlərinə, həmçinin səmərəli ictimai və elmi fəaliyyətinə görə AMEA-nın Rəyasət Heyətinin Fəxri fərmanı və Nəsimi adına Dilçilik İnstitutunun Fəxri professoru diplomu akademik İsa Həbibbəyli tərəfindən təqdim edilib. Diplomların təqdimatı yubliyarın elmi fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi kimi dəyərləndirilib.

Tədbirdə çıxış edən AMEA Nəsimi adına Dilçilik institutunun direktoru, professor Nadir Məmmədli professor Mahirə Hüseynovanın elmi-bədii yaradıcılığından və onun şeirlərində əks olunan dərin həyat fəlsəfəsindən danışıb.
Sonra professor Sayalı Sadıqova “Azərbaycan filologiyasında Mahirə Hüseynovanın yaradıcılığı”, professor Məsud Mahmudov “Azərbaycan bədii-elmi düşüncəsinin fenomeni”, filologiya elmləri doktoru Gülbəniz Babayeva “Mahirə Nağıqızının poetik dünyası”, filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyeva “Mahirə Hüseynovanın yaradıcılığında dialektoloji istiqamət” adlı məruzələrlə çıxış ediblər.


Sonda professor Mahirə Hüseynova göstərilən diqqət və qayğıya görə AMEA-nın prezidenti İsa Həbibbəyli başda olmaqla Dilçilik İnstitutunun rəhbərliyinə və kollektivinə dərin minnətdarlığını bildirib.

ADPU-nin Filologiya Fakültəsi

Üsküpdə türk epik irsinə yeni elmi yanaşma: Türk və Balkan dastanlarının semiotik–sinergetik təhlili

Üsküpdə türk epik irsinə yeni elmi yanaşma: Türk və Balkan dastanlarının semiotik–sinergetik təhlili

Üsküp, Quzey Makedoniya — 30 oktyabr – 1 noyabr 2025

Uluslararası Balkan Üniversitesi (IBU) və Balkanlarda Türk Dili ve Edebiyatı Araştırmaları (BALTED) tərəfindən Üsküpdə təşkil olunan II. Uluslararası Balkanlarda Türk Dili ve Edebiyatı Araştırmaları Sempozyumu (BALTES 2025) çərçivəsində azərbaycanlı alim, AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı “TÜRK DASTANLARININ SEMİOTİK ARXETİPLƏRİ VƏ SİNERGETİK İNKİŞAF DİNAMİKASI: BALKAN DASTANLARI İLƏ MÜQAYİSƏLİ TƏHLİL” mövzusunda məruzə ilə çıxış edib. Təqdimat türk epik sisteminin dərin struktur kodlarını, arxaik yaddaş qatlarını, kollektiv şüur modelini və sinergetik inkişaf mexanizmini araşdıraraq bu modeli Balkan epik ənənəsi ilə müqayisəli müstəvidə təqdim edir.
Mövzunun əhəmiyyəti ondan ibarətdir ki, qloballaşma dövründə mədəni kimlik, tarixi yaddaş və milli-mənəvi özünüdərk məsələləri mərkəzi elmi mövzulardan biridir. Türk dünyasının epik irsi yalnız folklor nümunəsi kimi deyil, həm də tarixi yaddaş sistemi, özünütəşkil modeli və mənəvi təhlükəsizlik mexanizmi kimi dəyərləndirilir. Məruzə bu kontekstdə türk dastanlarının mədəni kod sistemini açır və onların Balkan epik irsi ilə qarşılıqlı əlaqələrini yeni nəzəri prizma ilə təqdim edir.
Elmi yanaşmaya görə, tədqiqat semiotika, sinergetika, arxetip nəzəriyyəsi, komparativ folklor və diskurs analizi daxil olmaqla müasir multidissiplinar metodologiyaya əsaslanır. Məruzədə Y.Lotman, K. Yung, Mirça Eliade, H.Haken kimi nəzəri müəlliflərin yanaşmaları türk və Balkan dastanlarının semantik və struktur təhlili ilə birləşdirilib. Bu yanaşma epik mətni yalnız ədəbi fakt kimi deyil, həm də kollektiv idrak forması, kosmoqonik model, sosial psixoloji bərpa mexanizmi, mədəni enerji sistemi kimi izah edir.
Məruzədən çıxan əsas elmi nəticələr: Türk epik sistemi xaosdan kosmosa keçid modelinə əsaslanır və “yenidən dirilmə” ideyasını daşıyır. “Dədə Qorqud”, “Koroğlu” və digər dastanlar kollektiv kimliyin dinamik yaddaş kodunu formalaşdırır. Balkan epik ənənəsində qəhrəman obrazı daha çox mənəvi müqavimət və sublimasiya funksiyası daşıyır. Türk epikasında qəhrəman sosial nizamı bərpa edən, xalqı birləşdirən qüvvə kimi çıxış edir; Balkan epikasında isə tarixi travma fonunda mənəvi qalibiyyət arxetipi önə çıxır.
Sempozyumun elmi əhəmiyyəti ondan ibarətdir ki, BALTES 2025 türkoloji araşdırmaların regional və beynəlxalq miqyasda dərinləşdirilməsi, Balkan–Türk mədəni əlaqələrinin tarixi və aktual müstəvidə qiymətləndirilməsi üçün mühüm platforma kimi çıxış edir. Prof. Ramazan Qafarlının məruzəsi türk epik irsinin yeni elmi konseptual çərçivədə təqdiminə töhfə verib. Simpozium materiallarının tam mətnlərinin elmi ictimaiyyətə təqdim olunması gözlənilir.

Mənbə: Ramazan QAFARLI

Filologiya üzrə elmlər doktoru, professor

AMEA-nın Folklor İnstitutunun

“Dədə  Qorqud”  Şöbəsinin müdiri,

”Dədə Qorqud” jurnalının

Baş redaktoru

Mərkəzi Elmi Kitabxanadan “Yaşıl dünya naminə həmrəylik ili”nə növbəti töhfə

Mərkəzi Elmi Kitabxanadan “Yaşıl dünya naminə həmrəylik ili”nə növbəti töhfə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən hazırlanan “İlham Əliyev və Yaşıl Dünya Naminə Azərbaycan” (çap və elektron sənəd-informasiya resursları) adlı biblioqrafik göstərici işıq üzü görüb.

“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı və AMEA Rəyasət Heyətinin qərarına əsasən hazırlanan biblioqrafik nəşrdə Prezident İlham Əliyevin ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi dövlət siyasəti, bu istiqamətdə qəbul edilmiş normativ-hüquqi sənədlər, eləcə də qlobal iqlim dəyişmələri ilə bağlı çıxış və təşəbbüsləri sistemləşdirilmiş şəkildə təqdim edilir.

Biblioqrafik göstəricinin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Nəşrin tərtibçisi Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova, redaktoru isə şöbənin əməkdaşı Şövkət Əliyevadır.

Göstərici, ekoloji siyasət, yaşıl inkişaf, qlobal ekoloji təşəbbüslərdə Azərbaycanın mövqeyi və liderliyini öyrənmək istəyən tədqiqatçılar, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş mühüm elmi-informasiya mənbəyidir.