Akif Əli – “Salam, cənab Baş nazir…”

“Salam, cənab Baş nazir…” Artur Rasi-zadə. Portret cizgiləri
(kitabdan fraqmentlər)

Mən bu kitabı 2019-da Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsindən könüllü şəkildə ərizə yazaraq ayrıldıqdan sonra yazmışam. NK-da birgə işlədiyimiz illər ərzində Artur Rasi-zadəyə dəfələrlə haqqında yazmaq təklif olunsa da, son dərəcə təvazökar təbiətli bu alicənab insan özü barəsində nəinki kitabın, hətta kiçik bir məqalənin belə yazılıb dərc olunmasına razılıq verməyib.
Yalnız o, vəzifədən getdikdən və bir müddət sonra mən də öz istəyimlə dövlət qulluğundan ayrılıb yenidən yaradıcılıq sahəsinə qayıtdıqdan sonra, belə bir məsuliyyəti öz üzərimə götürdüm. Çünki milli dövlətçilik tariximizin mühüm səhifəsinə çevrilmiş sabiq Baş nazirin fəaliyyətindən yazmaq üçün daha izn almaq lazım deyildi. O artıq tarixi şəxsiyyət olaraq xalqa məxsusdur

Kitabda Azərbaycan Respublikasının sabiq Baş naziri A.Rasi-zadənin həyat və fəaliyyətinə dair bir sıra ilginc məqamlar, xarakterinin özəllikləri, çoxşaxəli fəaliyyətindəki müəyyən epizodlar, həmçinin NK Aparatının fəaliyyəti barədə maraqlı faktlar, sənədlər, şəxsi müşahidə və mülahizələr yer alıb.
Onu deyim ki, kitab 2020-ci ildə A.Rasi-zadənin 85 illik yubileyinə hədiyyə kimi yazılsa da, dünyanı bürüyən koronavirus pandemiyası dövründə tətbiq olunan qlobal karantin rejimi səbəbindən çapı ləngidi və yalnız ötən il, – 2025-ci ilin yayında çapı mümkün oldu.

Bu gün Artur müəllimin doğum günüdür. Kənd təsərrüfatı mütəxəssisi, pedaqoq və şair Tahir Rasizadənin oğlu Artur Rasi-zadə 1935-ci il fevralın 26-da Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı qədim Gəncədə anadan olub.
Ancaq Xocalı faciəsindən sonra o heç vaxt özünə ad günü keçirməyib.
Mən “Salam, cənab Baş nazir…” kitabından bu günlə səsləşən kiçik bir fraqmenti yada salmaqla, həm də hörmətli Artur müəllimi təbrik etmək, ona ən xoş arzularımı bildirmək istərdim.
***
“YADDAN ÇIXMAZ QARABAĞ”
…Hər bir namuslu Azərbaycan vətəndaşı üçün şərəf göstəricisi olan Qarabağ probleminin həllində Vətənin, Dövlətin və Xalqın mövqeyi təbii ki, Baş nazir Artur Rasi-zadə üçün prioritet məsələ idi. Apardığı bütün rəsmi danışıqların mərkəzində bu məsələ dayanırdı. NK-da işlədiyi bütün müddət ərzində iqtisadi-sosial sahələrlə yanaşı, ən çox diqqət ayırdığı qondarma “Dağlıq Qarabağ münaqişəsinin” həlli istiqamətində idi.

…Baş nazirin kabinetindəki kitab rəfində bir dəstə A-4 formatında kiçik ölçülü Azərbaycan xəritəsi və Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən rəngli foto-bukletlər yığılmışdı. Onun tapşırığı ilə köməkçinin əvvəlcədən danışıqlar masasına gətirdiyi həmin kiçik xəritə və buklet əsasında Baş nazir “Dağlıq Qarabağ” probleminin mahiyyətini detallarınadək gələnlərə izah edir, sanki bu məsələ ilə bağlı onlardakı “savadsızlığın ləğvi” ilə məşğul olurdu. Pedaqoq səbri ilə Azərbaycanın geopolitik mövqeyinin özəlliklərini başa salır, əraziləri işğal etmiş Ermənistanın Qarabağın nə dağı, nə də aranı ilə heç bir əlaqəsi olmadığını xəritədə göstərirdi. Həmçinin qaçqın və məcburi köçkünlərin məskunlaşdığı çoxsaylı çadır şəhərciklərinin səpələndiyi bölgələri göstərib konfliktin miqyasını anladırdı.
Müzakirələrin sonunda həmin materialların bir nüsxəsini qonaqlara hədiyyə verirdi.

Yüksək səviyyəli belə danışıqlar adətən çox gərgin keçirdi. İri dövlətlərin pərdə arxasından ermənilərə dəstək verdiklərini, öz mənafeləri naminə təcavüzkar forpostdan maşa kimi istifadə etdiklərini yaxşı bilən A.Rasi-zadənin əsəbləri gərilir, hirslənir, ən kəskin ifadələrlə işğalçılıq siyasətini pisləyir, təcavüzkarın cəzasız qalmayacağını əminliklə bəyan edirdi.
Dünyadakı mövcud ikili standartlardan daim acı təəssüflə söz açan Baş nazir, bu münaqişənin yaranma səbəbləri və onun uzanmasında maraqlı olan tərəflərin kimliyi, məqsədi, məramı, ikibaşlı oyun niyyətləri barədə həqiqətləri son dərəcə kəskin, bəzən tam çılpaqlığı ilə üzlərinə deyirdi. Aparılan bu qaydasız siyasi oyunların müasir dünyada bəyan edilən sivil münasibətlərə, beynəlxalq hüquqa zidd olduğunu vurğulayırdı.
Qlobal “oyunlar və oyunçular” barədə Azərbaycan rəhbərliyində müfəssəl məlumatın olduğunu göstərən sənəd-sübutlar əsasında düşmənin məkrli planlarını ifşa edən A.Rasi-zadə erməni torpaqlarımızdan çıxmayana qədər “Sülh sazişi” adı altında heç bir sənədə heç vaxt qol çəkilməyəcəyini və xalqın mənafeyini ifadə edən bu mövqeyin gələcəkdə də dəyişməyəcəyini birmənalı şəkildə bildirirdi.

…O hər dəfə düşmənə könüllü elçilik edənləri başa salmağa çalışırdı ki, özlərini nahaq yormasınlar. “Azərbaycanda heç kim heç vaxt “Dağlıq Qarabağ Respublikası” adlı qondarma qurumun müstəqilliyinə razı olmayacaq. Eləcə də bir qarış torpağı da Ermənistana verməyəcək. Heç kim və heç vaxt!” Və əlavə edirdi: “Bir halda ki məsələ dinc yolla həllini tapmır, vaxt gələr biz özümüz güc toplayıb savaşla torpaqlarımızı azad edərik. Sağlıq olsun!”
Təbii ki, Qarabağ məsələsinə dair Hökumətdən davamlı olaraq sərgilənən belə kəskin və prinsipial mövqe beynəlxalq müstəvidə təsirsiz ötüşmürdü.

Qarabağ danışıqlarında “qədim, mədəni xalqın” qocalara, qadınlara, uşaqlara etdiyi əzazillik, işgəncə, törətdikləri vəhşiliklər barədə Baş nazirin məlumatlarını eşidən, foto-sənədlərə baxan elə ölkələrin nümayəndələri də vardı ki, bu dəhşətli faktlardan xəbərsiz olduqlarını, ermənilərin belə qeyri-insani, vandal əməllərini ilk dəfədir eşidib gördüklərini deyirdilər (bu hal ölkəmizi xaricdə təmsil edən rahat səfirliklərimiz üçün də ciddi qınaq idi). Onlar erməni millətçilərinin günahsız insanlara qarşı törətdiyi vəhşi əməlləri əks etdirən fotoşəkillərə çox baxa bilmir, dərhal səhifəni çevirirdilər.

Xocalı soyqırımına dair hazırlatdığı bukleti səhifə-səhifə açıb ordakı tükürpədici fotoları israrla qonaqlara göstərən A.Rasi-zadə isə soyuqqanlı şəkildə ifşaedici çıxışını davam etdirirdi: “Baxın, baxın, dünyadan gizlədilən həqiqət bundan ibarətdir! Ermənilər bütün dünyaya yayırlar ki, guya keçən əsrdə türklər onlara qarşı nəsə törədib. Əllərində isə heç bir konkret sübut yoxdur. Yüz il bundan qabaq nələr olub, necə olub – heç kim bilmir. Ancaq bu şəkillərdə gördüyünüz Xocalı soyqırımı lap bu yaxınlarda, dünyanın gözü qarşısında baş verib. Onu törədənlər isə indiki Ermənistanın rəhbərləridir… Baxın və bilin ki, həqiqət budur!”

Bir dəfə xanım qonaqlardan biri Xocalı bukletini vərəqlədikdən sonra halı pisləşdi, həyəcanla kitabçanı örtdü: “Yox, yox,- dedi. – Bu şəkillərə baxmaq mümkün deyil… Dəhşətdir! Onları gördükdən sonra, adamın boğazından yemək keçməz…”

Danışıqlar masası arxasında Azərbaycanın Baş naziri yüksək ziyalı mədəniyyəti ilə, centlmensayağı etiket normaları daxilində Qarabağın “qara baxtına” dair həqiqətlərin mahiyyətini əcnəbi nümayəndələrin nəzərinə təfərrüatı ilə çatdırdıqca, xaricilər susub diqqətlə və gizlin bir maraqla altdan-altdan ona baxırdılar. Azərbaycanın qətiyyətli Hökumət başçısını yerli, regional və beynəlxalq problemlər okeanında ən uzaq sahillərə qədər “intellekt sınağına” çəksələr də, bütün müstəvilərdə qarşılarında yüksək səviyyəli, təcrübəli, prinsipial dövlət xadimini, geniş erudisiyaya malik vətənpərvər rəhbər işçini və çox mədəni, savadlı, nəzakətli, kübar bir şəxsiyyəti, təvazökar ziyalını görüb az qala təəccüb edirdilər.
Aramsız olaraq Nazirlər Kabinetinin qədim binasındakı 5-ci mərtəbədə yerləşən bu geniş kabinetdən axın-axın gəlib-keçən beynəlxalq güc təmsilçilərinin “bədən dilinə” əsasən hiss edilirdi ki, onlar ənənəvi “qonaqpərvər günəşli Azərbaycanda” həqiqəti bu qədər çılpaqlığı ilə eşidəcəklərini təsəvvürlərinə belə gətirmirlərmiş.

Çünki xalqdan ayrı düşən çeşidli iqtidarların fərasətsizliyi üzündən bir-bir pozisiyaların əldən verildiyi ilk müstəqillik dövrlərindən fərqli olaraq, indi necə deyərlər, daş qayaya rast gəlmişdi…

Yeni iqtidara nə qədər təzyiq etsələr də, hətta ölkəmizin aqibəti üçün “qorxulu nağıllar” danışsalar da, onu təmtəraqlı “Öz müqəddəratını təyinetmə” tələsinə salıb “Dağlıq Qarabağ”ın müstəqilliyinə, torpaqlarımızda ikinci erməni dövləti yaratmaq istəklərinə nail ola bilmirdilər. Odur ki, üzbə-üz əyləşdikləri Baş nazirin timsalında yeni Azərbaycan hakimiyyətinə üstün gəlməyin mümkün olmadığını gördükdə, özləri çıxılmaza düşərək, növbəti həmləyə qədər yığışdanıb gedirdilər.

Münaqişənin həlli yenə uzanırdı…

(Bax: Akif ƏLİ. “Salam, cənab Baş nazir…” Artur Rasi-zadə. Portret cizgiləri – Bakı, CBS , 2020, 124 səh.)

Mənbə: Akif Ali

Müəllif: Akif ƏLİ

AKİF ƏLİNİN YAZILARI

Digər: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir