
TUNCAY ŞƏHRİLİ – SEVGİ ÇƏLƏNGİ (14.02.2026) – PDF: 14.02.26.pdf
TUNCAY ŞƏHRİLİ – SEVGİ ÇƏLƏNGİ (14.02.2026) – PDF
Məlumatı hazırladı: Günnur Ağayeva
I>>>> Rənglərin Şahzadəsi
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

TUNCAY ŞƏHRİLİ – SEVGİ ÇƏLƏNGİ (14.02.2026) – PDF: 14.02.26.pdf
TUNCAY ŞƏHRİLİ – SEVGİ ÇƏLƏNGİ (14.02.2026) – PDF
Məlumatı hazırladı: Günnur Ağayeva
I>>>> Rənglərin Şahzadəsi
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

BACI
(Bacım Pakizər xanımın əziz xatirəsinə ithaf edirəm)
Geri qayıdaydı – dönəydi zaman,
Kaş görəydim səni bircə an, bacı.
Qız-gəlinə toy paltarı biçəydin,
Açılaydı nur üzünə dan, bacı…
Vəsfini söyləsəm, heç gəlməz saya…
Pak idin, halaldan tutardın maya.
Bütün el ağlayır, deyir: – dünyaya
Gəlməz, Pakizərtək bir insan, bacı.
Xatırladım fələyin kəc oynunu:
Təkbaşına təkan verib çiynini;
Faciədən xilas etdin qaynını…
Sayıldın mahalda qəhrəman, bacı.
Bir yetimə yazılmışdı qismətin;
Qoşalaşıb, çəkərdin hər zəhmətin.
Yerindəydi abır-həya, ismətin,
Həlim xasiyyətli, mehriban bacı.
Yanar idin kimsəsizlər oduna;
Fərq qoymazdın qohumuna, yadına.
Pay tutardın uşaq, böyük adına;
Getdi bir də gəlməz o dövran, bacı…
Hatəm süfrəliydin, əlisəxalı,
İlqarına düzgün, əhdə vəfalı.
Bəyzadə geyimli, atlas yaxalı,
Min bir rəng çalardı zər-xaran, bacı…
Ata-ana bəxşişiydi bu cüt zər;
Pəhləvan Ələsgər, xanım Pakizər.
Sizsiz keçməz idi heç bir xeyir-şər;
Türfə tutuldunuz hər zaman, bacı.
Gəncliyindən qazanmışdın hörməti,
Bir kimsədən götürməzdin minnəti.
Sirr saxlayar, ünə salmaz zilləti;
Görünməzdin halı pərişan, bacı.
Səhər alaqaranlıqdan durardın,
İşlərini səhmanlayıb, qurardın.
Ev-eşiyə bəzək-düzək vurardın,
Adlanardın “Alıcı tərlan”, bacı.
Bircə çeşid yayınmazdı gözündən;
Yenisini kəşf edərdin özündən.
Ürək qırmaz, heç çıxmazdın sözündən,
Üz döndərib qohum, nə yaddan, bacı.
Nə çətin iş olsa, sinə gərərdin;
Yolçuluqda yoldaşını yorardın.
Dəstgah açıb, açıq süfrə sərərdin;
Usanmazdın belə bir addan, bacı.
Yarına həm yoldaş, həm qardaşıydın,
Mərəkələr, məclislərin başıydın.
Bahalıydın, üzüyünün qaşıydın,
Səni gəzdirərdi bir sultan, bacı…
Yuva qurmuşdunuz dişlə-dırnaqla;
Fərhad biləklərlə, külüng barmaqla.
Ruziniz qaynardı çeşmə-irmaqla;
Mayan yoğrulmuşdu halaldan, bacı.
Ac yola salmazdın heç bir qonağı,
Üzünə çıxmışdı qəlbinin ağı…
Aran-Turan gəzən səsi-sorağı
Yayılmış, dillərdə bir dastan bacı.
Örnəkdi, yuduğun paltarın ağı;
Nizamla yığdığın tütün yarpağı…
Müqəddəs yurdumuz Göyçə torpağı,
Cəm olmuşdu səndə hər nişan, bacı.
On iki övladın altıdan biri,
Cənnəti-əlada tutarsan yeri.
Sən tək yaranmışdın, mələk, ya pəri,
Gəl, salma özündən bizi gen, bacı.
Elə bilirdim ki, arxamda dağdın,
Sənə söykənirdim, neçə ki, sağdın,
Nə tələm-tələsik köçünü yığdın..,
Niyə etibarsız çıxdın sən, bacı?!
Ürəkli böyütdün balalarını,
Tutdun xoş diləkli arzularını…
Aslan nəvən düşkün etdi yarını,
Bulmadı dərdinə bir dərman, bacı…
Könlündən keçirmiş, gələsən bizə,
Bəlkə qışdan ötüb, çıxasan yaza.
Yar ola bilmədim sən əlacsıza,
Bağışla, etmədim heç mehman, bacı.
Bilmirdinmi, mənim günüm necədi?!
Gecəm zülmət, gündüzüm də gecədi.
Arzum çoxdu, istədiyim bircədi;
Çəkiləydi başım üstdən çən, bacı.
Türfə nəvən qırmasaydı dizini,
Hərlənərdin, girələrdin özünü…
Xoş yaşardın qalan ömrün azını;
Gündə keçirməsən həyacan, bacı.
…Təzə görən elə bildi beləydin:
Köçü gedən, yurdu ağlar Lələydin.
Ta demirlər, sərraf gözdə giləydin,
Əzəlin olmuşdu bir meydan, bacı.
Ayrılığın bizə çətindən-çətin,
Söylənir hər yerdə xətir-hörmətin.
Vardı boynumuzda haqqın, zəhmətin,
Əziz tutulacaq xatirən bacı…
Cənnət məkanlı ol, üzün ağ olsun!
Oğlun, qızın, əzizlərin sağ olsun!
Rəhmət diləsinlər, gözəl çağ olsun,
Özün köçdün, yurdun olsun şen, bacı!
Astan dözmür, deyir: – mən də köçəydim;
Ölüm şərbətini birgə içəydim;
Öz əlimlə kəfənimi biçəydim…
Hey ağlayır, belə keçir gün, bacı…
Kim istərdi, bu dünyadan doyasan…
Yalvarıram, istəyimi duyasan,
Firuzəni bircə dəfə öyəsən,
Can deyəndə, bir deyəsən: – can, bacı!
04.02.2026
Müəllif: Firuzə Bisavad İslamqızı Ələsgərli
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

SEVİNCLİ OLDUĞU QƏDƏR DƏ KƏDƏRLİ
Bu yaxınlarda – yanvar ayında sevincli, sevincli olduğu qədər də kədərli bir xəbər aldıq. Nəslimizin ağsaqqalı, atamla əmizadə olan, Azərbaycan Texniki Universitetinin dosenti Savalan müəllim qohumlara belə bir xəbər çatdırdı: “Atam Xanlar Rəsul oğlu Almaniyanın Aşağı Saksoniya bölgəsində alman əsirliyində (əsir nömrəsi: 51569) torf istehsalı və bataqlıqların qurudulması işlərində məcburi əməyə cəlb edilmiş, aclıqdan, ürəktutmadan 1943-cü il fevral ayının 27-də günorta saat 14:30-da vəfat etmiş, toplu qəbiristanlıqda 235 saylı məzarda dəfn olunmuşdur. Qardaşım Qiyasın nəvəsi Kərimli Anar Vüqar oğlu 18 yanvar 2026-cı il tarixdə atamın qəbrini ziyarət etmişdir”.
Təxminən 2005-ci ildən apardığım tədqiqatlar zamanı müəyyən etdim ki, Göyçə mahalının Daşkənd kəndindən İkinci Dünya müharibəsinə təxminən 250 nəfər səfərbər olunmuş və bu çağırışçılardan təxminən yarısı, yəni, 126 nəfəri itkin düşmüş, həlak olmuşdur. Qalanlardan 122 nəfər müharibə veteranı kimi doğma kəndlərinə qayıtmış, biri ABŞ-də (Məhərrəm Musayev), biri isə Türkiyədə (Niftalı Xəlilov) qalıb yaşamışdır. Aparılan tədqiqatın nəticəsi tərəfimizdən “Respublika Xatirə Kitabı Redaksiyası”na təqdim olunmuş və “Azərbaycan Respublikası Xatirə Kitabı” adlı ensiklopediyada çap olunmuşdur. Bu qanlı müharibə bizim Rəsullular nəslindən də yan keçməmiş, bir çoxları bu müharibəyə könüllü olaraq getmişdir. Altı nəfər müharibədə itkin düşüb, həlak olmuş, doqquz nəfər isə müharibə veteranı kimi doğulduqları Daşkənd kəndinə qayıtmışlar.
Müharibədə həlak olub geri qayıtmayan altı nəfərdən biri də Nəsib babamla babaları qardaş olan Xanlar Rəsul oğlu Kərimov idi. Nəsib babamla Xanlar babanın müharibədən öncəki illərə aid qoşa çəkdirdikləri şəkilləri də bu gün bizlər üçün çox dəyərli bir yadigardı. Xanlar Kərimov 1903-cü ildə Novo-Bəyazid qəzasının Daşkənd kəndində doğulmuşdu. Geniş dünyagörüşü, dərin biliyi olan Xanlar Kərimov mühasib kimi əvvəlcə Basarkeçərin bir çox kolxozlarında, sonralar isə ümumilikdə Basarkeçər rayonunun baş mühasibi işləmişdir. O, bacısı Şəkərin oğlu Niftalı Xəlilova da mühasiblik peşəsini öyrətmiş, özü ilə bərabər o da mühasib işləmişdir. Xanlar Kərimovun öz dəsti-xətti ilə yazdığı, İmam Əlinin şücaətlərindən bəhs edən “Xəvər-zəmin” kitabı son illərə qədər qalırdı.
Xanlar Kərimov təxminən 1930-cu illərin əvvəllərində Hacı Məhəmmədlilər nəslindən Alı kişinin qızı Gülgəz xanım ilə ailə həyatı qurub. Onların Tehran, Sabir, Xalid, Qiyas və Savalan adlı dörd oğlu, bir qızı dünyaya gəlib.
1941-ci ilin sentyabr ayında Xanlar Kərimovu vəzifəsinə görə müharibəyə səfərbər etməsələr də, o Basarkeçər Rayon Hərbi Komissarlığına müraciət etmiş, könüllü olaraq döyüşlərə qatılmağını istəmiş, müharibəyə göndərilmişdir. Qardaşı Hüseynin oğlu rəhmətlik Vərqa müəllimlə söhbətlərimiz zamanı əmisini xatırlayır və belə deyirdi:
“Xanlar əmim müharibədən qabaq iki il həqiqi hərbi xidmətdə olmuşdu. 1941-ci il idi, biz uşaqlar otaqda oynayırdıq. Tanrıverdi müəllim gəldi və Xanlar əmimə dediki hökumət səni işinə görə bron edib, müharibəyə aparmır. Nə vaxt çağırarlar onda da gedərsən. Sən niyə axı özün gedirsən? Xanlar əmim də dedi ki, Tanrıverdi, faşistlər torpaqları ala-ala gəlib Qafqaza çatıb. Kənddə bığıburma cavan qalmayıb, camaat nə bilir bron nədi, sonra deyərlər bu müharibəyə getmir, kişi deyil. Mən qala bilmərəm, gedəcəm!”
SSRİ Müdafiə Nazirliyinin arxiv sənədlərində yazılır: “Kərimov Xanlar Rəsul oğlu sıravi əsgər kimi Primorsk ordusu 775-ci atıcı alayın 9-cu rotasının atıcısı olmuşdur. 5 mart 1942-ci ildə onun xidmət etdiyi rotanı bütünlüklə alman faşistləri Sevastopolda əsir götürmüşdür”. Digər bir sənəddə isə “1942-ci ilin may ayında itkin düşmüşdür” deyə qeyd vardır.
Bundan sonra Xanlar Kərimov haqqında həqiqətə uyğun olmayan fikirlər söylənilmiş, guya özünün könüllü əsir düşdüyü, hətta müharibədən sonra Almaniyada və ya Türkiyədə qalıb yaşadığını da danışırdılar. Bunlar hamısı dəqiq olmayan, reallığa söykənməyən rəvayətlərdən, ziddiyyətli fikirlərdən ibarət imiş. Əsl həqiqət isə onun nəvə-nəticələrinin 83 il sonra əldə etdikləri məlumat oldu. Sevə-sevə vətəndaşı olduğumuz Sovet hökuməti isə insanlara əzab-əziyyət vermiş, dəqiq olmayan məlumatlar əsasında bu ailəni daim təzyiq altında saxlamışlar. Hətta Savalan müəllim söyləyir ki, Sovet hökuməti 1942–1946-cı illərdə üç dəfə əmlaklarını müsadirə etmiş, onlara olmazın əzabını vermişlər.
Xanlar Kərimovun övladları ali təhsilli olub rəhbər işlərdə çalışsalar da, guya atalarının öz istəyi ilə əsir düşməsi səbəbindən hər zaman qorxu içərisində yaşamış, layiq olduqları daha yüksək vəzifələri tuta bilməmişlər. Oğlu Qiyas Kərimov Bakı Ali Partiya Məktəbini qırmızı diplomla bitirməsinə, Kəlbəcər rayon Komsomol Komitəsinin katibi işləməsinə baxmayaraq haqqı olan hər hansı rayonun birinci və ya ikinci katibi vəzifəsinə irəli çəkilməmiş, çox geridə qalmış Bərdə rayonunun Telman kolxozuna sədr göndərilmişdir. Onun peşəkarlığı sayəsində həmin kolxoz bir neçə ilə rayonun ən qabaqcıl təsərrüfatlarından biri olmuşdur. Eləcə də, Xanlar Kərimovun digər oğlu Xalid Rəsulov da haqsızlığın qurbanı olmuşdur. Belə ki, Xalid Rəsulov nəinki Azərbaycanın hətta, Özbəkistanın pambıq qəhrəmanları ilə aralarında gedən yarışda qalib olmasına baxmayaraq onun haqqı olan Sosialist Əməyi Qəhrəmanı adı ona verilməmişdir. Qeyd edim ki, hər iki qardaş dəfələrlə “SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisi”nin Qızıl medalına, “Sosializm yarışının qalibi” və başqa onlarla orden, medal və mükafatlara layiq görülmüşlər.
Mövzu ilə qismən bağlı olduğundan burada Aşıq Hacı Bayramovun 1991-ci ildə Almaniyaya qastrol səfərə gedəndə konsertdən sonra bir nəfərlə olan görüşünü xatırlatmaq istərdim: “Bir nəfər Aşıq Hacıdan haralı olduğunu soruşur. O da Göyçə mahalının Daşkənd kəndindən olduğunu deyir. O adam aşıqdan Daşkənddə yaşayan Kərbəlayı Əmrahı, İsmayıl kişini, Xanları və o cümlədən Rəsullulardan bir neçə adamı soruşur. Aşıq Hacı ondan soruşur ki, bəs siz kimlərdənsiniz, bu adamları niyə soruşursuz? Deyir, elə belə maraqlanıram. Adam onu da əlavə edir ki, indi tələsirəm, sabah gəlib səni qonaq aparacam. Amma o adam səhəri gün gəlmir və növbəti görüş baş tutmur. Aşıq Hacı güman edərək belə deyərdi: O, adam Rəsullulardan ya Məhəmməd idi, ya da Xanlar, bəlkə də Müzəffər idi. Amma o adam daha çox Kərbəlayı Əmrahla maraqlanırdı”.
Müharibədən sonra Türkiyədə qalıb yaşayan, Xanlar Kərimovun bacısı Şəkərin oğlu Niftalı Xəlilov 18 iyul 1959-cu ildə qardaşı Əli Xəlilova yazdığı məktubdan bir hissəni olduğu kimi burada təqdim etməyi də vacib hesab edirəm:
“Ali, yavrum, Koçernin eşi Selmi Elbeyinin küçük kızı deyilmi? Setter kimin kızını aldı, resmini neden göndermedi, yoksa darğınmısınız? Sakının, onu hoş dutun emim yadigarıdı onu sizlerden ayırmam. Letive kimle evlendi, Medoş emimin Haceri kimle evlendi? Hannar daymın, Hüseyin daymın, bizim Karaşın, Balış emimin cocukları kimle evlendi ve kendileri nasıllar, Hannarın ailesi Gülgez ne oldu, Hacının oğlu Süleymen eve geldimi? Mahı neden öldü, derdi neydi, etraflı yaz. Kurban emim dururmu, çocukları nasıllar?”
Daşkənddən müharibəyə gedib-qayıtmayanlardan söz düşəndə Vərqa Kərimov deyərdi ki, Dədəm kəndin başından başlayar bir-bir müharibədən qayıtmayanları sayar, təsbehin daşını çevirərdi. 101 təsbeh bitərdi amma ölənlər bitməzdi. Vərqa müəllimin atası, Xanlar Kərimovun isə qardaşı Hüseyn kişinin məzar daşına 1965-ci ildə yazılan şeir də çox ağrılı, kədərlidir:
Əvvəl gündən oldum mən də bəxtiyar,
Deyirdim, yanımda beş qardaşım var.
Getdi o qardaşlar, hanı o Xanlar?
Ona qismət oldu o qürbət diyar.
Ey fələk, ey həyat, yollarına bax,
Yaranmış nə bilir nələr olacaq.
Ey daş, nişana ver gözdə Vətəni,
Bəlkə qardaş gəlib oxuya səni.
Müharibə Rəsulluların ziyalılarını, görən gözünü, duyan qəlbini yox etdi, desək yanılmarıq. Nəslin azman şairi Həsən Xəyallı əmisioğlanları Hüseyn Kərimova və Xasay Hacıyevə yana-yana ürək ağrısı ilə yazırdı:
…Həsən Xəyallıyam, qopur fəryadım,
Düşəndə yadıma tərlan Sayadım!
Xanlarla qırıldı qolum-qanadım
Qeyri kimsələrdən uzaq kimiyəm.
…Getdi Zülfiqarım, getdi Nəsibim,
Xoş ləhcə Xanlarım, o Məhəmmədim.
Öldü tərlan Sayad, qırıldı belim,
Qəmlər qucağında bir qalan mənəm.
Son olaraq bir maraqlı faktı da oxucuların nəzərinə çatdırmaq istərdim. Vərqa müəllim deyərdi ki, Xanlar əmim doğulan il babam Rəsul vəfat edib. Bu yaxınlarda apardığım tədqiqatların nəticəsi olaraq çap etdirdiyim “Soyumuz, kökümüz, özümüz” adlı kitabda kameral siyahılara, eləcə də Vərqa müəllimin dediyinə əsaslanaraq müəyyən etmişdim ki, Rəsul Hacı Kərim oğlu 40 yaşında vaxtsız vəfat edib. Maraqlıdır ki, 1903-cü ildə doğulan onun oğlu Xanlar Kərimov da 1943-cü ildə 40 yaşında haqqın dərgahına qovuşub.
Ruhun şad, məkanın cənnət olsun, Xanlar baba.
tədqiqatçı-jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

Müntəzir (Ortiqcan Cabbarova)
Müntəzir (Ortiqcan Cabbarova) 1952-ci ildə Namangan vilayətinin Pop rayonunun Uyğur kəndində anadan olmuşdur. 1975-ci ildə Kokand Dövlət Pedaqoji İnstitutunun özbək dili və ədəbiyyatı fakültəsini bitirmişdir. Uzun illər rayon məktəblərində şagirdlərə ana dili və ədəbiyyat fənlərini tədris etmişdir.
Bununla yanaşı, rayon qəzeti olan “Pop Tonqi” qəzetinin redaksiyasında bir neçə il jurnalist vəzifəsində çalışmışdır.
Şairənin şeirləri rayon, vilayət və respublika qəzet və jurnallarında, həmçinin “Pop Ahəngləri”, “Şükrona”, “Gülşən diyar təranəsi”, “Qırğız–Özbək antologiyası” kitablarında dərc edilmişdir.
Onun “Marjonun üzülməsin” adlı kitabı 2016-cı ildə “Mühərrir” nəşriyyatında, “Gözəl bayatlar” adlı şeirlər toplusu 2024-cü ildə, “İlahi çeşmə” adlı şeirlər və esselər toplusu isə 2025-ci ildə “İstedad Ziya Press” nəşriyyatı tərəfindən nəşr olunmuşdur.
İstedadlı yaradıcılıq nümunələri “XXI əsr Namangan ədəbi bostanı” antologiyasına daxil edilmişdir.
ÜRƏKLƏRDƏ TURAN NƏFƏSI
Esse
– I –
Bu ilin sevimli aprel ayının son günlərində Qazaxıstanın Almatı şəhərində keçirilən Dünya türk xalqlarının X poeziya və musiqi festivalı mənim iştirak etdiyim ən gözəl toplantılardan biri oldu. Ora getmək üçün Daşkənd–Almatı qatarına mindik. Vaqonun qapısı önündə dayanan nəzarətçi gənclərdən biri yerlərimizi göstərərkən soruşdu:
— Qazaxca danışım, yoxsa rusca?
— Qazaxca danışa bilərsiniz, biz başa düşürük, — dedik.
Bu səmimi münasibətdən bir-birimizə qəlbən yaxınlığımız, qohumluğumuz açıq-aydın hiss olunurdu.
Ertəsi gün festivalın açılış mərasimi oldu. Bu tədbirdə iştirak edən özbək, qazax, qırğız, azərbaycanlı və digər türk xalqlarının nümayəndələri — şairlər, yazıçılar, jurnalistlər milli geyimlərdə gəlmişdilər. Festivalı qazax aşığı Erjan Alaşqan ağa açdı.
O, əsrlər boyu kökləri eyni qaynağa bağlı olan türk xalqları haqqında elə bir coşqu ilə danışdı ki, həyəcanla çalınan alqışların sədası bütün zalı titrətdi.
— Biz türklərik! — dedi o. — Kimimiz Balkan türkü, kimimiz Qafqaz türkü, kimimiz Daşkəndin, Xivənin türkü, kimimiz Altayın türkü!
Biz bir elik, bir millətik, qanımız birdir, canımız birdir. Zamanlar keçsin, dövrlər dəyişsin — biz dəyişə bilmərik.
Bizim üçün özbək, qazax, qırğız deyə ayrı-ayrı millətlər yoxdur, bir türk ulusu vardır. Başımız bir olsa, birliyimiz güclü olsa, bizə qalib gələcək düşmən yoxdur!
Festival iştirakçılarının həyəcanlı simalarında, sevgi dolu baxışlarında bir-birinə olan hörmət və qardaşlıq nuru parlayırdı.
Doğrudan da, Yer üzünün böyük bir hissəsində yaşamış türk xalqları müxtəlif tarixi səbəblərdən parçalanmış olsa da, qardaşlıq və birgəlik duyğularını qoruyub saxlayan varislərik. Mən tarixçi deyiləm. Lakin bəzi mənbələrə əsaslanaraq ulu yurdumuz haqqında qısaca danışmağı yerində sayıram.
Nitqimizdə tez-tez “Türk”, “Turan”, “Türküstan” anlayışlarını işlədirik. Mənbələrə görə “Türk” adı Nuh peyğəmbərin oğlu Yafəsin oğlu Türk adı ilə bağlıdır. Nuh peyğəmbərin Ham, Sam və Yafəs adlı üç oğlu olmuş, tufandan sonra Yer üzünü bu üç oğul arasında bölmüşdür. Yafəsin böyük oğlunun adı Türk idi. Yafəs vəfat etdikdən sonra onun yerinə ilk oğlu Türk hökmdar olur. Rəvayətlərə görə, Türk ədalətli və mərhəmətli hökümdar idi. Deməli, Türk Turan ölkəsinin ilk xaqanı olmuşdur.
Turan torpağı isə “Şərqdə Sakit okeandan Qərbdə Balkanlara qədər, Cənubda Himalay dağları, Tibet və Şimali Hindistandan Şimal qütbünə qədər uzanan sonsuz bir ərazini” əhatə edirdi.
“Turan” anlayışını işlətdikdə, ulu babalarımızın minillər öncə yaşadığı geniş bir coğrafiyanı nəzərdə tuturuq. Türküstan isə Turanın mərkəzi hissəsidir…
II
Festival günlərində hər gün müxtəlif mövzularda tədbirlər keçirilirdi.
Qazaxıstan Milli Kitabxanasında böyük sərkərdə Muğalı Bahadır Künqovar oğlunun anadan olmasının 855 illiyinə həsr olunmuş elmi-praktik konfrans da olduqca təsirli keçdi.
Yaradıcı qrupumuzun bir hissəsi “Edelveys” yaradıcılıq evində, biz isə Əl-Fərabi adına mehmanxanada yerləşdik. Bizə Türkiyədən gələn yaradıcılar da qoşulmuşdu.
Hər axşam onlarla bir araya gələr, səmimi məclislər qurardıq, qızğın poeziya gecələri keçirərdik. Hər birimiz öz dilimizdə şeirlər oxuyar, mahnılar oxuyardıq. Bu görüşlərdəki duyğular, ilhamlar və nəğmələr sanki ürəklərimiz arasında körpüyə çevrilirdi.
Məni xüsusilə Beynəlxalq Türk Dilli Xalqlar Poeziya və Musiqi Festivalının təşkilatçısı, Türk Dünyası Beynəlxalq Çukurova Ədəbiyyat Dərnəyinin rəhbəri Halise Tekbaş xanım heyran edirdi. Qaraçadan gəlmiş, orta boylu, qapqara gözləri işıldayan bu fədakar qadının qəlbində və sözlərində türk xalqlarının birliyi çağırışı vardı.
Biz yaradıcılar harada və nə zaman görüşsək, dərhal bir-birimizlə tanış olur, ünvanlarımızı bölüşürdük. Mən azərbaycanlı şairə Bənövşə Daşdili ilə yaxın dost oldum. O mənə “Sən yanımda olmayanda”, “İlk sevgimiz nağıl idi, əzizim” adlı kitablarını hədiyyə etdi.
Bir həftəlik görüş biz yaradıcılar üçün az gəldi. Vaxtı qısqanırdıq. Görüşən kimi şeir, ədəbiyyat haqqında söhbət edirdik, xatirə şəkilləri çəkdirirdik. Hamımız türk xalqlarının layiqli varisləri olduğumuzla qürur duyurduq.
Essemin sonunda türk xalqları haqqında böyük şəxsiyyətlərdən birinin fikrini qəlbinizdəki sakit, amma oyaq duyğuların ixtiyarına buraxmaq istəyirəm:
“Türklər hansı işi görsələr, mütləq uğur qazanırlar. Basra ədəbiyyatı, Yunan fəlsəfəsi, Çin sənəti türklərə əvvəldən məlum idi. Türklər çevik, canlı, fəal və zəkalıdırlar. Onlarda mənəvi dəyərlər maddi dəyərlərdən üstündür. Müharibədə məsuliyyət baxımından onlar yer üzündə lənətlənməmiş yeganə millətdir. Türklərdə vətənpərvərlik hissi çox güclüdür. Onlar yaltaqlıqdan, ikiüzlülükdən, yalandan, böhtandan, hiylədən uzaqdırlar. Türklərin qəlbi safdır. Onların dili bədəni və səsi kimi gözəldir.”
Türk xalqları, onların qəhrəmanlıqla dolu keçmişi, ədəbiyyatı və sənəti haqqında deyilmiş saysız-hesabsız dəyərli fikirlər var. Ulu əcdadlarımız və Turan yurdumuz haqqında yazmaq üçün minlərlə səhifə gərəkdir.
Bu gözəl festival təəssüratlarını yekunlaşdırarkən vurğulamaq istəyirəm ki, bizim yaradıcı qəlblərimizi coşduran duyğu — xalqımıza, əcdadlarımızın ruhuna, dünya xalqları arasında böyük mövqeyə malik Ulu Turana olan sonsuz məhəbbət idi.
Bizim səylərimiz və çağırışlarımız Turan torpağının varisləri olan türk xalqlarının birliyinə, türk xalqları ədəbiyyat və sənətinin daha da inkişafına atılmış bir addım idi. Bu addımlar bütün türk xalqları və yaradıcılar üçün mübarək və uğurlu olsun!
Tərcümə: Cahangir NAMAZOV
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında