Atif İslamzadənin “Folklor mətnlərinin və yazılı ədəbi nümunələrin funksional semantikası” adlı monoqrafiyası nəşr olunub

Atif İslamzadənin “Folklor mətnlərinin və yazılı ədəbi nümunələrin funksional semantikası” adlı monoqrafiyası nəşr olunub

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə İnstitutun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadənin “Folklor mətnlərinin və yazılı ədəbi nümunələrin funksional semantikası” adlı monoqrafiyası nəşr olunub.

Monoqrafiyada folklor və yazılı ədəbiyyat nümunələri struktur-semiotik və funksional-semantik yanaşma əsasında təhlil edilərək mətnlərin dərin məna qatları üzə çıxarılıb. Ənənəvi izahlardan fərqli olaraq, müəllif mətn vahidlərini statik deyil, situativ kontekstlər daxilində araşdırmış, eyni söz və cümlə qəliblərinin müxtəlif situasiyalarda yeni semantik funksiyalar qazanmasını elmi əsaslarla göstərib. Bu yanaşma mətnin çoxqatlı strukturunu aşkarlamaq baxımından geniş metodoloji imkanlar açır.

Atif İslamzadəMərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
Ön söz, giriş, altı fəsil, ədəbiyyat siyahısı, türk, ingilis və rus dillərində xülasələrdən ibarət olan monoqrafiyanın strukturu özünəməxsus şəkildə qurulub, hər bir fəsil ayrıca “kitab” prinsipi əsasında təqdim edilib. Belə ki, I kitabda “Göyçə dastanları və aşıq rəvayətləri” toplusundan “Ağ Aşıq və Süsənbər” dastanı, II və III kitablarda “Azərbaycan nağılları”ndan “Nar qızı” və “Məlik Məhəmməd” nağılları, IV kitabda O. Fikrətoğlunun “Vaxt” kitabından “Papaq Yusif” film ssenarisi, V kitabda K. İmranoğlunun “Dağlı məhəlləsi” kitabından “Riyaziyyat müəllimi” hekayəsi, VI kitabda isə F. Sadığın “İşlə-ev arasında” kitabından “Saxlama” gəraylısı struktur-semiotik metod əsasında təhlilə cəlb edilib.
Monoqrafiyanın əsas elmi yeniliklərindən biri folklor və yazılı ədəbiyyat nümunələrinin vahid mədəni sistemin komponentləri kimi təqdim edilməsidir. Müəllif göstərir ki, ədəbi tənqid yalnız yazılı ədəbiyyat çərçivəsində deyil, ümummədəniyyət kontekstində genişləndirilməli, folklor və yazılı ədəbiyyat qarşılıqlı əlaqədə öyrənilməlidir. Bu baxımdan tədqiqat folklorşünaslıq və ədəbiyyatşünaslıq arasında metodoloji inteqrasiyanı gücləndirən araşdırma kimi diqqəti cəlb edir.
Tədqiqatın diqqətçəkən metodoloji cəhətlərindən biri O.Fikrətoğlunun “Papaq Yusif” film ssenarisinin yalnız mətnin daxili strukturu əsasında, əlavə elmi qaynaqlara müraciət edilmədən təhlil edilməsidir. Bu yanaşma mətnin özünün analitik imkanlarını üzə çıxarmaq baxımından əhəmiyyətli metodoloji təcrübə kimi təqdim olunur.
Kitabda mətn təhlillərində situasiyaların semantik rolu xüsusi olaraq nəzərə alınmış, assosiativ əlaqələr, semantik layların qarşılıqlı münasibətləri və informasiyanın müxtəlif yaruslarda cəmlənməsi sistemli şəkildə araşdırılıb. Bu yanaşma nəticəsində mətnin daxili mexanizmlərini açıqlayan qiymətli nəticələr əldə olunub.
Monoqrafiya folklor və yazılı ədəbi nümunələrin vahid metod əsasında tədqiqinə geniş imkanlar açır. Əsər ali məktəblərin filologiya fakültələrində, folklor, ədəbiyyatşünaslıq və mifologiya ixtisasları üzrə magistratura və doktorantura səviyyəsində xüsusi kurslar üçün praktiki elmi vəsait kimi istifadə oluna bilər.
Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Sərxan Xavəri, elmi rəyçiləri filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy və filologiya elmləri doktoru, professor Vaqif Sultanlıdır. Ön sözün müəllifi professor Seyfəddin Rzasoydur.

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

HAQQIN YOLLARINDA İZİ VAR, İZİ

HAQQIN YOLLARINDA İZİ VAR, İZİ

Vətəni düşünür, milləti anır,
El üçün çalışır, el üçün yanır.
Haqqa arxalanır, haqqa inanır,
Haqqın yollarında izi var, izi.

Dərin hörmət və ehtirama layiq olan, el-obanın işıqlı ziyalısı, sevimli müəllimi kimi tanınan və sevilən Maarif Mirzəyev ilə haqlı olaraq fəxr edib qürur duyurlar. Onun ədalətli və qayğıkeş olması, elmə, təhsilə böyük önəm verməsi o böyük insanı elin gözündə daha da ucaldıb.
Cəmiyyət üçün sağlam düşüncəli, elmli, bilikli gənclərin yetişdirilməsində, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında, Vətənə, torpağa, yurd yerinə məhəbbət aşılanmasında Maarif müəllimin də üzərinə böyük məsuliyyət düşüb və o, bu məsuliyyətə şərəflə, ləyaqətlə yerinə yetirib və yetirməkdədir.
Bəli, o gözəl müəllimdir. Deyirlər ki,əsl müəllimlər qızıldan qiymətli bərəkətli torpağa bənzəyir. Torpaq öz nemətini, sərvətini insanlara səxavətlə bəxş etdiyi kimi, Maarif müəllim də biliyini, bacarığını millətin balarından əsirgəmir, ömrünü şagirdlərin işıqlı gələcəyi üçün şam kimi gilə-gilə əridir.
El üçün çalışan, el üçün yanan, haqqın yollarında izi olan Maarif müəllim bir ziyalı olaraq qaranlığa işıq saçmaqdan qürur duyur, fəxr eləyir. Fəxr eləyir ki, taleyinə müəllim olmaq yazılıb və o, bu “yazıdan” çox məmnundur.
Ömür yarpaqlarından: Maarif Mirzəyev 1961- ci ildə Lerik rayonunun Conu kəndində anadan olub. 1968- ci ildə Coni kənd məktəbinin birinci sinfinə daxil olub. 1978- ci ildə Lənkəran rayonunun Liman şəhərində yerləşən 1 saylı məktəbdə təhsilini başa vurub, sənədlərini V.İ. Lenin adına APİ – nin filologiya fakültəsinə versə də müsabiqədən keçə bilməyib.
1979-1981- ci illərdə Sovet Ordusu sıralarında xidmət eləyib. Ordu sıralarından təxris olunandan sonra yenə sənədlərini toplayıb APİ – nin filologiya fakültəsinə versə də. Yenə də müsabiqədən keçə bilməyib.
1982- ci ildə APİ – min filologiya fakültəsinin hazırlıq şöbəsinə qəbul olunub
1983- cü ildə imtahanları müvəffəqiyyətlə verib institutun tələbə adına layiq görülüb.
1988- ci ildə institutu bitirib,Lerik rayonunun Vəliz kənd ümumi orta məktəbində pedaqoji fəaliyyətə başlayıb. Daha sonraConi kənd orta məktəbində müəllimlik fəaliyyətini davam etdirib və və hal-hazırda da müəllim kimi işini davam etdirir.
Dörd övlad atası olan Maarif müəllim bildirir ki, dünyada gözəl, nəcib peşələr çoxdur, ancaq müəllim peşəsi bütün peşələrin fövqündə dayanır. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənir. Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir ziyalıdır. Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmir, öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhfələr verirlər. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur. Əgər bu gün biz bəşəriyyətin çatdığı yüksək inkişaf səviyyəsi, elmi-texniki nailiyyətlər barədə məmnunluqla söhbət açırıqsa, buna görə ilk növbədə müəllimlərə minnətdar olmalıyıq.
Maarif müəllim həm də deyir ki,əlimizdən tutub əlifbanın ilk hərfini, “ana” kəlməsini yazmağı, saymağı öyrədən ilk müəllimini kim xatırlamır? Məktəb partası arxasında keçən illər ərzində müəllimlər bizə Vətənə, torpağa sevgi hissi aşılayırlar…
Dünyada xoşbəxt o insandır ki, onun üzünə müəllimlərin haqq qapısı açıq olur. Bu mənada Maarif müəllim xoşbəxt adamdır. Onun haqq qapısı hamının üzünə açıqdır.
Bəli, Maarif Mirzəyev müəllim peşəsini şərəflə yerinə yetirir, eyni zamanda şərəfli bir ömür yaşayır. Yaşadığı ömrə imza atan, ömür səhifələrinə gözəl əməllərdən savayı eç nə yazmayan, yaxşı işləri, xeyirxah əməlləri ilə sevilən o işıqlı Adam eldə -obada böyük hörmət qazanan müəllimlərdəndir.


Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB – nin və AJB – nin üzvü.

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şahnaz Səxavətqızı – Qadın olmaq

Zaur Ustac – “Həyatın ilk nəfəsi”

Şahnaz Səxavətqızı qadına yazmağı təklif edir. Yazmaq burada yalnız qələm və kağız mənasında deyil; öz həyatını yazmaq, taleyinə sahib çıxmaq, seçim etmək, susmamaq, varlığını qəbul etdirmək mənasındadır. O, inanır ki, qadının hekayəsi onun öz səsidir və bu səs boğulmamalıdır.
Müəllifin sözləri ilə desək:
“Arxanızda heç kim olmasa belə, içinizdəki gücə inanın və bu həyatda əsla məğlub olmayın.”
Bu cümlə kitabın ideya qayəsini ümumiləşdirən əsas tezisdir. Burada qadına verilən mesaj aydındır: güc kənarda deyil, daxildədir.

Yazarlar.az olaraq, biz də öz növbəmizdə Şahnaz Səxavətqızı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Tofiq Qəbulun yeni kitabı işıq üzü görüb

Tofiq Qəbulun yeni kitabı işıq üzü görüb

Naxçıvada yaşayıb, yaradan tanınmış pedaqoq, şair Tofiq Qəbulun “Bütöv Yurdun duası gərək” adlı şeir kitabı (Naxçıvan şəhəri.”Əcəmi”dövlət nəşriyyatı) işıq üzü görüb. Kitaba ön sözü AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair Elxan Yurdoğlu yazıb. Önsöz “Tofiq Qəbulun Bütöv Yurd duasını dinləyərkən” adlanır. Kitab aşağıdakı bölmələrdən ibarətdir:

1.Zaman haqq işini gördü axır ki.
2.Poema: “Ağcabədi şəhərinin ilk şəhidi”.
3.Sevgi duyğuları.
4.Təkbəndlər.
5.Düşüncələrim.
Kitab 7,5 çap vərəqi həcmindədir.

Xatırladaq ki, bu şeir kitabı 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair Tofiq Qəbulun 9-cu kitabıdır.

Yazarlar.az olaraq, biz də öz növbəmizdə Tofiq Qəbulu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

HƏR ÖMÜR BİR NƏĞMƏDİR

HƏR ÖMÜR BİR NƏĞMƏDİR

Ürək sındırmayıb hələ dünyada,
İnanın yol verir ona dünya da.
Bacı tək yanaşır yaxına, yada
Müəllim tək hər yana nur ələyir, nur.

…İctimai həyatın aparıcı qüvvəsi insandır. O insan ki, bir- birindən müəyyən mənada tale müxtəlifliyi ilə fərqlənir. Dəyərli insan, mehriban və qayğıkeş bir ana olan Kəmalə Qasımova da zəkasını zamana uyğun əks etdirməyə müvəffəq olub. Və əlbəttə ki, onun ömür, həyat yolu, seçdiyi müəllim peşəsi indiki gənclərimiz üçün bir örnəkdir.
Kəmalə xanım sağlam düşüncə və pak əməllə Azərbaycanın milli dövlətçilik işinə və quruculuğa ləyaqətlə xidmət edir, çalışdığı illərdə və bu gün də cəmiyyətin inkişaf üçün bacarığını əsirgəmir.
O, əməksevərdir, ona göstərilmiş etimadı əminliklə doğruldur, üzərinə düşən işin məsuliyyətini dərindən dərk edir.
Ömür yarpaqlarından: Kəmalə Qasımova 1962- ci ildə Ağdam rayonunun Pirzadadlı kəndində anadan olub. Orta təhsilini doğulub boya-başa çatdığı Pirzadadlı kənd orta məktəbində alandan sonra 1983- cü ildə sənədlərini V.İ.Lenin adına APİ – nin filologiya fakültəsinin qiyabi şöbəsinə vermiş və tələbə adına layiq görülmüşdür.
O,1985- ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. 1988- ci ildə APİ-ni bitirdikdən sonra ailə həyatı qurub. Ailə həyatı qurandan sonar? ailə vəziyyətilə əlaqədar Beyləqan rayonuna köçmüş və pedaqoji fəaliyyəti orada davam etdirmişdir.,
Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərən, Kəmalə xanım bacarıqlı, çalışqan ictimaiyyətçi kimi Beyləqan rayon Təhsil şöbəsinə metodist vəzifəsinə irəli çəkilmişdir.
Kəmalə müəllimənin ömür gündəliyindən də bəllidir ki, o, gənc yaşlarından təmənnasız insan olub, qayğıkeşliyi ilə diqqət çəkib. Bacarıqlı ictimaiyyətçidir, etdiyi yaxşılıqlar bu gün də onun vətəndaş sevgisi ilə xarakterizə edilir. Alicənab, təvazökar, sədaqətli və etibarlı insandır. Çox xoş haldır ki, onun ictimaiyyət və dövlət quruculuğu işindəki əməksevərliyinin aydın və dəqiq sərhədləri var. Ən əsası, o, ünvanına daha neçə-neçə layiq söz deyə biləcəyimiz bir vətəndaş, gördüyü işlərdən zövq alan misilsiz bir insandır.
Əlbəttə, uzun illər bir sahədə əsl fədakarlıq göstərən insanlar o sahənin mütəxəssisinə çevrilirlər. Bu mənada, peşə sahibinin ömrü işıq saçır, əməli işi bəhrə verir.
Kəmalə müəllimə xatirələrlə dolu bir ömürə bənzəyən tələbəlik illərinin açısı da, ağrısı da, xoş günləri də heç zaman unudulmur.
Bir neçə il əvvəl tələbə yoldaşımız Hüseyn müəllim bizi bir yerə topladı. O gənc müəllimlərin hər biri artıq baba, nənə idilər. Daha doğrusu, müdrikləşmiş, ahıllaşmış baba, nənələr… Bir az sevinc, bir az təəssüf hissi ilə baxışlarımız qarşılaşdı. Amma əvvəlki səmimiyyət, əvvəlki mehribançılıq nəyinki azalmamışdı, əksinə daha da çoxalmışdı.. Şirin, kövrək xatirələr dilə gəldi. Sevincdən doğan göz yaşlarını saxlamaq mümkün deyildi. Bu gün məni ən çox kövrəldən Yeganə Mirzəyevanın təsirli çıxışı oldu. Sanki o, sonuncu görüşü olacağını bilirmiş kimi yanıqlı – yanıqlı danışdı.
O, bu təsirli çıxışından çıxışından iki il sonra haqq dünyasına qovuşdu.
İradə xanımın qarşıma çıxan müəllim haqqında yazdığı şerindən bir parçanı oxucularla bölüşmək istəyirəm:.

Müəllim ömürdür şam kimi yanan,
Gecələr yuxusuz, həm oyaq qalan.
Şagirdin uğurunu özünkü sanan,
Dahilərin müəllimidir müəllim.

Addımı harda var, mən baş qoyaram,
Ağarmış saçların güllə boyaram.
Dünyaya car çəkib elə yayaram,
Dahilərin müəllimidir müəllim.

Şəninə deyilən ən gözəl sözlər,
Sevincin, parlasın onurlu gözəl.
Adları dillərdə, qəlblərdə gəzən,
Dahilərin müəllimidir müəllim.


Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB – nin və AJB – nin üzvü.

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

«SÖZLƏRINIZDƏ TƏKCƏ ŞAIR NƏFƏSI YOX, HƏM DƏ DƏNIZLƏRIN DƏRINLIYI VARDI»

«SÖZLƏRINIZDƏ TƏKCƏ ŞAIR NƏFƏSI YOX, HƏM DƏ DƏNIZLƏRIN DƏRINLIYI VARDI»

Əziz və dəyərli şair, publisist və dəniz qəlbli kapitan
Faiq Balabəyli!
Bu gün Sizin doğum gününüzdür – sözün dalğalarla qucaqlaşdığı, misraların üfüqlərə açıldığı mübarək bir gün…
Sizi ilk dəfə görməmişdən əvvəl, onlayn söhbətlərimizdə qəlbinizin səmimiyyətini, təvazökarlığınızı, o saf və uşaq təbiətli nurunuzu hiss etmişdim. Sözlərinizdə təkcə şair nəfəsi yox, həm də dənizlərin dərinliyi vardı. Elə bil hər cümləniz bir gəmi idi – oxucunu uzaq limanlara aparan…
Türkiyədə keçirilən Türk Dünyası yazıçı və şairlərinin Talas festivalında üz-üzə görüşümüz isə bu duyğularımı daha da möhkəmləndirdi. Sizinlə söhbət etmək, eyni ədəbi mühitin havasını udmaq, sözün sehrini birlikdə yaşamaq mənim üçün unudulmaz bir xatirəyə çevrildi. O gün bir daha anladım ki, həqiqi böyüklük sadəlikdə gizlidir.
Siz həm qələm adamısınız, həm də sözün kapitanı. Dənizlərdə gəmi idarə etdiyiniz kimi, ədəbiyyat aləmində də duyğuların istiqamətini müəyyən edirsiniz. Ürəyiniz dəniz kimi geniş, düşüncəniz üfüq kimi açıq, qəlbiniz isə dalğalar kimi daim hərəkətdədir.
Doğum gününüz münasibətilə Sizə uzun və bərəkətli ömür, möhkəm can sağlığı, ailə səadəti, dənizlər qədər coşqun sevinc və yeni-yeni yaradıcılıq zirvələri arzulayıram. Qoy misralarınız həmişə küləklə dost olsun, ilhamınız heç vaxt sahilə yan almasın, söz gəminiz daim uğurlu səfərlərə çıxsın!


Sizə olan dərin hörmət və səmimi sevgilə;

Cahangir NAMAZOV

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

BU GÜN ŞAİR FAİQ BALABƏYLİNİN DOĞUM GÜNÜDÜR – TƏBRİK

DOXSAN BEŞİNCİ YAZI
FAİQİN “ŞUŞA”SI
(Faiq Balabəylinin “Şuşa” şeiri haqqında)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu tanınmış ŞAİR Faiq Balabəylinin “Şuşa” şeiri olacaq. Mətləbə keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, bu mənim Faiq Balabəyli haqqında yazdığım ikinci yazıdır. Faiq Balabəyli mənim üçün şəxsiyyət olaraq müasir Azərbaycan ədəbiyyatının əsl şair həyatı yaşayan çox azsaylı nümayəndələrindən biridir. Yaradıcılığı isə ümumilikdə təbii, kövrək, səmimi notlar üzərinə köhnəlmiş həzin musiqi kimidir. Ney səsidir. Qanun melodiyaları, ud naləsidr. Onun haqqında oxuduğum ən dəyərli yazılardan biri bu gün də öz qüvvəsini itirməmiş filologiya elmləri doktoru, professor, tanınmış şair, bütün ruhu və canı ilə söz adamı Mahirə Nagıqızının qələmindən çıxıb. Mahirə xanım Faiq Balabəyli yaradıcılığına həsr etdiyi “Dəniz adamı” məqaləsində yazır: “Bütöv Azərbaycan uğrunda mübarizədə yorulmadan çalışan öz mənalı, məntiqli şeirləri, publisist yazıları ilə Faiq Balabəyli bir ordunun görəcəyi işi öz çiyinlərində şərəflə daşıyır, yorulmadan daşıyır.” Bəli həqiqətən bu belədir.
Azərbaycan ədəbiyyatında vətən mövzusu həmişə aparıcı xətt olub. Lakin elə məqamlar var ki, vətən artıq coğrafi anlayış olmaqdan çıxır, yaddaşa, yaraya, həsrətə və qürura çevrilir. Məsələn müqəddəs ocaq olan Şuşamız. Şuşa haqqında çox şeirlər yazılıb və yazılacaq. Mənim ən çox bəyəndiyim Rəşad Məcidin Şuşaya həsr etdiyi şeirlərdir. Onun təkcə “Dilimin şəhdidir, dadıdı Şuşa.” misrası özü bir aləmdir. Ancaq Şuşa haqqında yazılmış və hələ yazılacaq şeirlər içərisində elə nümunələr var ki, onlar təkcə könülləri oxşamır, eyni zamanda tarixi yaşadır.
ŞAİR  Faiq Balabəylinin “Şuşa” şeiri məhz belə bir ruhun bədii-ideoloji cəhətdən poetik ifadəsidir. Bu şeir yalnız bir şəhərə ünvanlanmış poetik müraciət deyil, həm də illərlə ürəklərdə daşınan nisgilin, Vətən həsrətinin və nəhayət, qayıdış sevincinin bədii salnaməsidir.
    Şairin müraciəti sadə, lakin son dərəcə təsirlidir:
“Mənim qoca şəhərim, mənim uca şəhərim,
neçə ilin həsrətini çəkən, yorğun Şəhərim!”

Bu misralarda həm sevgi, həm ağrı, həm də məsuliyyət var. Şuşa burada sadəcə şəhər deyil, yaşlı, yorğun, lakin əyilməyən bir varlıq kimi təqdim olunur. “Qoca” sözü zamanın ağırlığını, “uca” isə mənəvi yüksəlişi ifadə edir. Şair şəhəri həm fiziki, həm də mənəvi baxımdan ucaldır.
     Tarixi və mədəniyyət beşiyi olan Şuşa Azərbaycan xalqının milli kimliyinin ayrılmaz hissəsidir. Bu şəhər həm muğamın, həm poeziyanın, həm də qəhrəmanlıq salnaməsinin məkanıdır. Şairin“özümüzdən çox uzaq, könlümüzə çox yaxın” ifadəsi məhz bu mənəvi bağlılığın poetik təzahürüdür.
   Şeirin əsas emosional yükü“Axır ki, qayıtdıq, gözlərin aydın!” misrasında cəmlənir. Bu nida təkrarlandıqca şeir boyu bir ümid, bir zəfər notu güclənir. Həsrət yerini qürura verir.
Şair Şuşanı qadın obrazında təqdim edir:
“Qırmızı koftalı, yaşıl tumanlı, …
abırlı, həyalı, nurlu, imanlı…”

Bu təsvirlər milli koloritlə zəngindir. Şuşa burada ismətli, namuslu gəlin kimi təqdim olunur. Bu bənzətmə şəhərin paklığını, toxunulmazlığını və müqəddəsliyini vurğulayır. “Yaşıl meşələrdən qurşaq bağlayan, dumanı başına çalmatək çəkən” obrazı isə həm təbiətin gözəlliyini, həm də şəhərin əzəmətini canlandırır.
     Şeirin ən təsirli hissələrindən biri dostu Xaqan haqqında yazılan bölümdür. Şair fərdi ağrını ümummilli ağrı ilə birləşdirir:
“Döyüşə-döyüşə tapdı şəhadət,
ruhu səndə qaldı…”

Burada şəhid obrazı təkcə bir insanın taleyi deyil, bütöv bir xalqın qurbanlıq tarixidir. “Gəmiyə çevrildi, üzdü” metaforası isə ruhun əbədiliyini, şəhidliyin ölməzliyini simvolizə edir. Şəhidin ruhunun quşa dönüb şəhərin başı üzərində dolaşması poetik baxımdan həm romantik, həm də mistik çalar daşıyır.
   Şairin Şuşaya qayıdışı təkcə fiziki dönüş deyil, həm də mənəvi arınmadır:
“Doyunca əyilib içdim suyundan…”
Su burada həyatın, təmizliyin, yenilənmənin rəmzidir. Qaratikanların, böyürtkənlərin əlini dalaması isə ağrının belə doğma və şirin olduğunu göstərir. Bu, vətən torpağının hər daşının, hər tikanının belə əziz olması ideyasını ifadə edir.
   “İsmətli, namuslu gəlin Şəhərim!” misrası ilə şair bir daha Şuşanı qadın obrazında ucaldır. Bu, şəhərin həm zərifliyini, həm də ləyaqətini ön plana çəkir.
     “Şuşa” şeiri yalnız lirik nümunə deyil, həm də güclü publisistik çalara malikdir. Burada konkret tarix, konkret ağrı və konkret qayıdış var. Şeir oxucunu passiv müşahidəçi kimi saxlamır; onu emosional olaraq prosesə cəlb edir.
    Faiq Balabəyli bu əsərlə göstərir ki, Şuşa təkcə coğrafi məkan deyil – o, milli yaddaşdır, mənəvi dirənişdir, zəfər rəmzidir. Şairin təkrar etdiyi “Axır ki, qayıtdıq!” nidası bir fərdin deyil, bütöv bir xalqın səsidir.
    Faiq Balabəylinin “Şuşa” şeiri Azərbaycan poeziyasında qayıdış motivinin ən təsirli ifadələrindən biri kimi dəyərləndirilə bilər. Burada həsrət, sevinc, şəhidlik, təbiət gözəlliyi və milli qürur bir araya gəlir. Şuşa həm yaralı, həm məğrur, həm də əbədi yaşayan bir obraz kimi təqdim olunur.
    Bu şeir oxucuya bir həqiqəti xatırladır: Vətən itirilə bilər, lakin unudula bilməz. Və bir gün mütləq qayıdış baş verir.
   Axır ki, qayıtdıq… Gözlərin aydın, Şuşa!
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm, çox dəyərli oxucum! Bu gün bu gözəl insanın – tanınmış ŞAİR Faiq Balabəylinin doğum günüdür. Təbrik edirəm, Qardaş! Gün o gün olsun ki, belə şeirləridən Təbriz üçün, Dərbənd üçün, … və neçə-neçə bax bu yazımı, elə bu dildəcə oxuyub anlayan şəhərlərimiz üçün yazasan İnşəAllah!
23.02.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

FAİQ BALABƏYLİNİN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I