Vətən mənim torpağıma qarışan, Şəhidimin alnqanıyla yarandı. Müstəqillik bayrağının al rəngi Şəhidlərin qanlarıyla boyandı.
Qazilərin yarasından düşən qan Azadlığa can qataraq verdi can. Qarşısında başın əydi asiman, Dağ-dərələr çiçək açdı, oyandı. Vətən sözü şəhidlərin al qanıyla yarandı.
Qardaş dərdi bacılara dağ oldu, Anaların qara saçı ağ oldu. İgid oğul dərə oldu, dağ oldu, Düşmənlərə çəpər oldu, dayandı. Vətən sözü şəhidlərin al qanıyla yarandı.
ƏSGƏR YOLU
Gecə keçib, külək əsir,
Pıçıldayır ağacların yarpaqları.
Bir ana da həzin-həzin layla çalıb,
Yatızdırır evdə körpə uşaqları.
Uşaqlar da yatmır nəsə,
Gənc anaya sual verir,
Söyləyirlər: “ana, evə
əsgər atam nə vaxt gəlir?”
Qızı deyir anasına:
“Kaş ki atam ola burda,
İndi soyuq külək əsir,
Üşüyürmü atam, orda?”
Ana deyir: “nazlı qızım,
Sevgimizə sevgi qatan
Sənin sevgin atanladı,
Üşüyərmi sənin atan?”
Oğul baxır anasına,
Deyir: “ana, bu nə səsdi?”
Ana deyir: “qorxma, oğul,
Şimşək çaxdı, külək əsdi”.
Ana susur, deyə bilmir
müharibə gedir indi.
O gələn də top səsiydi,
Şimşək kimi səsi gəldi.
Bu an elə gənc ananın
gözlərindən yaşlar axır,
Ona həyat yoldaşının
Divardakı şəkli “baxır”.
Ana silir göz yaşını,
Allahına açır əlin.
Deyir: “Tanrı hifz eləsin,
Sağ-salamat geri gəlin”.
Pürrəngi qəm dəmləyəsən
Oturub bir küncdə xəyala dalıb, Gedəsən geriyə, heç gəlməyəsən. Bir tutam götürüb quru eşqindən, Otaqda pürrəngi qəm dəmləyəsən.
Yandırıb xəyalın, çəkib sinənə, Dərdini tökəsən masanın üstə. Dəmlənən qəmindən bir finacan alıb, İçəsən hamısın sən bir nəfəsdə.
İçdiyin qəm, kədər səni acdıra, Sən özün-özünə: “Acdım”, — deyəsən. Ömrünün içinə qüssədən qoyub, Beləcə ömürdən bir gün yeyəsən.
Qoyaraq qəlbini başının altda, Uzanıb divanda, hərdən güləsən. Fikirdən ayılıb dönüb baxanda, Qəlbini əzilmiş halda görəsən. Bax elə o anda ölə biləsən.
BIR “HƏ” DENƏN, OL, ANAMIN GƏLINI
Qış ömrümə yaz ətirli gülümsən,
Günəşim sən, Ayım sənsən, suyum sən.
Gəl, başımı dizin üstə qoyum, sən
oxşa mənim saçlarımın telini.
Nə vaxt ki, mən görürəm ki, gülürsən,
Gözlərimdə dünya dərdin silirsən.
Sənsizlikdən boğuluram, bilirsən,
Uzat mənə, sevgi dolu əlini.
Gəl, dəyişib gərdişimi, çevir sən,
Xoşbəxtliyin çərxini kaş, çevirsən,
Bilirəm ki, sən də məni sevirsən,
Bir “hə” denən, ol, anamın gəlini.
Keçsə də otuz il, mənim olarsan
Sənsizlik bağlayıb yara bağrımda, Gəl yenə saçını dara bağrımda. Qarabağ olmusan qara bağrımda, Keçsə də otuz il, mənim olarsan.
Həsrəti özümə qoşub gələrəm, Sulara qovuşub, daşıb gələrəm. Dağları birbəbir aşıb gələrəm, Bir gecə sən qəfil mənim olarsan.
Etmərəm əhdinə nəzir-niyazi, Eşqimdən xəbərdar, Allah da razı. Ya şəhid olaram, ya da ki qazi, Səndə bir qərənfil, mənim olarsan.
BAĞIŞLA
Çox dəyişib mənim daha düşüncəm,
Mən həmənki mən deyiləm, bağışla.
Gah görünüb, gah yox ola bilmərəm,
Dağ üstündə çən deyiləm, bağışla.
Nəyim vardı, çox bilərək azaldıb,
Dərdlə məni qəm taxtına ucaldıb,
Qoca dünya daxilimi qocaldıb,
Amma saçı dən deyiləm, bağışla.
Bu dünyanı bir başqa cür bilərdim,
Hesablardım, dərdin, qəmin bölərdim.
Mən əvvəllər qəh-qəhəylə gülərdim,
İndi üzü şən deyiləm, bağışla.
Tikanlıqda qızıl güllər əkmişəm,
Sən verdiyin təsəllini görmüşəm.
Gəl, söyləmə, nələr-nələr çəkmişəm,
Mən ki mənəm, sən deyiləm, bağışla.
MƏN BU ÖMRÜ ELƏ BELƏ YAŞADIM
Azərbaycan Respublikasının xalq artisti Gülyanaq Məmmədovanın ifasından təsirlənərək qələmə alınmışdır.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Doğum yeri: Azərbaycan Respublikası, Cəlilabad rayonu, Ağusəm kəndi
Milliyyəti: Azərbaycanlı
Yaşayış yeri: Bakı şəhəri, Azərbaycan
Qısa profil
Ziyalı və tarixi köklərə malik ailədə dünyaya gəlmiş, turizm sahəsində idarəçilik fəaliyyəti göstərən, eyni zamanda ədəbi yaradıcılıqla məşğul olan, ictimai və pedaqoji fəaliyyətə töhfə verən peşəkar.
Təhsil
Atatürk Universiteti
Sosiologiya ixtisası – Ali təhsil
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
Concierge ixtisası
AHA və British Council tərəfindən birgə hazırlanmış beynəlxalq sertifikat layihəsinin ilk məzunlarından biri olmuş, nəzəri biliklərini təcrübə dövründə uğurla tamamlamışdır.
Cəlilabad rayon Akademik Zərifə Əliyeva adına 7 saylı tam orta məktəb
Tam orta təhsil (2001–2012)
⸻
Hərbi xidmət
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi – Daxili Qoşunlar
Həqiqi hərbi xidmət keçmişdir.
Xüsusi təyinatlı bölmələrdə fəaliyyət göstərmək üçün sənədlər təqdim etmiş, lakin hərbi xidmət dövründə qazanılmış sağlamlıq problemi səbəbilə qəbul edilməmişdir.
⸻
Peşəkar fəaliyyət
Otelçilik və Turizm sahəsi
Əmək fəaliyyətinə Bakı şəhərində fəaliyyət göstərən otellərdən birində bellboy vəzifəsində başlamışdır.
4 il ərzində müxtəlif otellərdə fərqli vəzifələrdə çalışaraq zəngin idarəçilik və əməliyyat təcrübəsi qazanmışdır.
Hazırda Otel Müdiri vəzifəsində fəaliyyət göstərir.
Fəaliyyəti dövründə:
• COP-29 kimi beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi prosesində iştirak etmişdir
• Formula 1 tədbirləri zamanı ölkəni layiqincə təmsil etmişdir
• Turizm ixtisası üzrə təhsil alan tələbələrin təlim-təcrübə mentoru kimi fəaliyyət göstərir
• Turizm ixtisası üzrə buraxılış imtahanlarında komitə sədri kimi iştirak edir
⸻
Ədəbi və yaradıcılıq fəaliyyəti
• 9 yaşında atasının şeir yazdığını öyrənməsi onda ədəbiyyata maraq oyatmışdır
• 13 yaşından etibarən şeir yazmağa başlamışdır
• Uzun müddət ədəbi fəaliyyətini gizli saxlamışdır
• ADMİU-nun Kino və Televiziya sənədləri kafedrasının dosenti Yusif müəllim Quliyevdən rejissorluq və aktyor ifaçılığı üzrə 6 ay özəl dərs almışdır
• 2024-cü ildən etibarən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fazilə xanım Abbaslının rəhbərliyi ilə ədəbi fəaliyyətini aktivləşdirmişdir
• Azərbaycan ədəbi məclisinin nümayəndələrinin dəvəti ilə müxtəlif tədbirlərdə iştirak etmişdir
• “Özümdən Küsmüşəm” adlı kitabın müəllifidir.
⸻
Ailə və nəsil tarixi
Ziyalı və vətənpərvər ailə ənənəsinə malikdir.
Ulu babası – Miralı xan
Çar Rusiyası dövründə Cənubi Azərbaycandan olan Qacarlar mənsubu Nəcəfqulu xanın Şimal Azərbaycanın cənub istiqamətində həyata keçirdiyi talançı yürüşünün qarşısını almış, yağmalanmış kəndlərin mal-qarasını talançılardan alaraq sahiblərinə geri qaytarmışdır. Bu şücaətinə görə II Nikolay tərəfindən xüsusi şücaət medalı və gizir rütbəsi ilə təltif olunmuşdur.
Böyük babası – Böyükağa Əzizov
1941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmişdir. Mozdok və Taqanroq müdafiəsində fərqlənmiş, döyüşdə ağır yaralanaraq bədənində çoxsaylı qəlpə ilə ordu sıralarından qazi kimi Vətənə dönmüşdür.
Ərəb, latın və kiril əlifbalarında sərbəst yazıb-oxumağı bacarmış savadlı şəxs olmuşdur.
Cəlilabad rayon Ağusəm kəndində Engels kolxozunda anbardar, Xənəgah kəndində ser post müdiri vəzifələrində uzun müddət fəaliyyət göstərmişdir.
Babası – Əzizov Zöhrab Böyükağa oğlu
Bakı şəhərində mexaniki təhsil müəssisələrindən birində təhsil almışdır.
Göyçay Kənd Təsərrüfatı Texnikumunu bitirmişdir.
Cəlilabad rayon MTS-də mühəndis kimi fəaliyyət göstərmiş, xüsusi tapşırıqla Bəxtiyar adına sovxoza mühəndis kimi göndərilmişdir.
Savxozda:
• Kommunist Partiyasının Cəngan sovetliyinin ərazisi üzrə partiya komitəsinin katibi
• Həmkarlar ittifaqının sədri
• Kənd Sovetinin sədri
• Bəxtiyar Sovxozunun direktor müavini
vəzifələrində uzun müddət fəaliyyət göstərmişdir.
Atası – Əzizov Hikmət Zöhrab oğlu
Bakı Dövlət Universitetinin Tarix fakültəsini yüksək nəticələrlə bitirmişdir.
Himayəsində olan bacı-qardaşlarına və övladlarına yaxın olaraq yaşamlarına dəstək olmaq üçün şəxsi karyera imkanlarından məcburi olaraq imtina edərək Cəlilabad rayon Ağusəm kəndində Ümumdünya və Azərbaycan tarixi müəllimi kimi fəaliyyət göstərmişdir.
Hazırda Cəlilabad rayon Eldəniz Yusubov adına 1 nömrəli tam orta məktəbdə Ümumdünya və Azərbaycan tarixi müəllimi kimi fəaliyyətini davam etdirir.
Uşaqlıq illərindən Xəzər bəyə vətənə və millətə bağlılıq hissini aşılamışdır.
Su çərşənbəsi — Novruz bayramının ilk çərşənbəsidir. Bu çərşənbəni Yalançı çərşənbə, “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar.
İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Su həyat mənbəyi, aydınlıq rəmzi sayılır.
Bu çərşənbədə su üstündə müxtəlif mərasimlər keçirilir. Su çərşənbəsi ərəfəsində, adətən, hər kəs öz ev-eşiyini sahmana salır, divarlar rənglənir, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir, qurumuş və artıq zoğlar kəsilir.
Su çərşənbəsi də suya tapınma ilə başlayır. Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və başqa ayinlər həmin gün icra olunur.
Qədim Türk mifologiyasında Suyun özünəməxsus obrazı var. Bu obraz Suyun yenilikçi, təmizləyici missiyası ilə bağlıdır. Belə ki, torpağın oyanması üçün su lazımdır. Su cadar-cadar olmuş və yatmış torpağı oyadır, cana gətirir. Su çərşənbəsi təbiəti oyanışa çağıran ilk çərşənbə hesab edilir.
Suyun yalnız xoş, təmiz, saf, gözəl və aydın günlər gətirməsi diləyilə… Su çərşənbəniz mübarək!
Humay Tibb Universitetini bitirdikdən sonra başqa yerdə iş axtarmadı. İllərdir ki, kollektivi ilə doğmalaşdığı hospitalda qalıb işləməyə qərar verdi. Amma daha tibb bacısı kimi çalışdığı travmatologiyada deyil, neyrocərrahiyyə şöbəsində çalışacaqdı. Bu şöbə əsas korpusla üzbəüz binada, ikinci mərtəbədə yerləşir, onkologiya ilə birlikdə binanın sağ qanadını bölüşürdü.
Humay Səidə ilə uzun fasilədən sonra, Tibb Universitetindən məzun olanda görüşmüşdü. Səidə onun diplom alma mərasimində iştirak edərək sevincinə şərik olmuşdu. Bağrına basıb doyunca öpmüş, uzun illərdən sonra, nəhayət, bu günə şahid olduğu üçün ürəyində Allaha xeyli şükür etmişdi.. Son görüşləri isə milli-azadlıq hərəkatından tanıdıqları, rus imperiyasına qarşı çiyin-çiyinə mübarizə apardıqları Qorxmazın toyunda olmuşdu. Kimlər yox idi ki, orada… Şeirlərinin vurğunu olduqları Məmməd Araz, Qənimət, Qulamhüseyn, Söhrab, Bahəddin…. Toya dəvət olunan qonaqların çıxışlarıyla meydan hərəkatına qayıtmış, şəhidlərimizi anmışdılar. Toy başlananda ilk söz Yaqub Zurufçuya verilmişdi. Hər kəs ayağa qalxmış, “Ayrılıq” mahnısını onunla birlikdə xorla oxumuşdu. Sonra Əlisəfa anıldı. Sırayla söz alan natiqlər sanki onun özü də məclisdə, iştirakçıların arasındaymış kimi danışır, təməlini qoyduğu “Yurd”un Azərbaycan ictimai-siyasi həyatındakı rolundan bəhs edirdilər. Ağakərimin oxuduğu muğamlarla milli duyğuları qabarır, Flora Kərimovanın “Şuşam mənim” mahnısı ilə gözlərindən həsrət yaşları ələnirdi… Və o axşam “Lalə” şadlıq evindəki məclis bir cütlüyün toyu deyildi, daha çox ömrünü, həyatını milli-azadlıq mücadiləsinə həsr etmiş qəhrəmanların nostalgiya gecəsi idi…
Humay yeni evlənənlərə xoşbəxtlik diləmək, xoş arzularını söyləmək üçün dəvət olunanda musiqiçilərə yaxınlaşıb mikrofonu tamadadan aldı:
– Bizim əzizimiz, özü də adı kimi Qorxmaz, mübariz olan Qorxmaz bəy!
Humayın gözlərinə baxan Qorxmaz orada meydan hərəkatını, coşub-dalğalanan insan dənizini gördü. Qara saçlı dalğaların arasından ağ köpük kimi görünən yumruqlar gah yoxa çıxır, gah şahə qalxıb havada yellənirdi. Yüzlərcə “Azadlıq”, “İstefa” və başqa tələblər yazılmış gəmilər dalğaların arasında batıb-çıxır, fırtınadan suyun üstündə çör-çöp kimi oynayırdı. İllərdir ki, mübarizə yoldaşlarının dilindən düşməyən “Mən Qorxmazam” replikasını xatırladı, dodağı qaçdı. Humayın gözlərindəki dəniz kükrəyir, səsgücləndiricilərdən incə, məlahətli səsi gəlirdi:
– Bu gün taleyinizi birləşdirdiyiniz dəyərli xanımınızla birlikdə xoşbəxt olmağınızı diləyirəm. Biz dostlarınızın sizin gözəl ailə başçısı, fədakar həyat yoldaşı olacağınızdan şübhəsi yoxdur. Sizə özünüz kimi mərd, igid, vətənə, millətə xeyirli övladlar arzulayıram. Bir daha təbriklər, Qorxmaz bəy. Xoşbəxt olun!
Humay təbrikini bitirib yerinə gedərkən kükrəyən dənizi də gözlərində apardı…
– Bu gün çox gözəl gündü, Səidə. Həm dostlarımızdan daha biri evlənib ailə sahibi oldu, həm də Qorxmazın sayəsində köhnə dostlarla bir yerə toplaşıb keçmiş günləri yad etdik.
Səidə gülümsünərək onun sözlərini təsdiq etdi:
– Haqlısan, Humu. Bu gün mən də hər kəs kimi dejavu yaşadım. Yaqub Zurufçunun “Ayrılıq”ıyla meydan hərəkatına qayıtdım, Flora xanım “Şuşam mənim”i oxuyanda həsrətdən ürəyimin başı göynədi, gözlərim yaşardı…
Sonra yenə araya aylar, illər girdi. Səidə vəzifədə yüksəlmiş, Ali Məhkəməyə təyinat almışdı. Humay bunları salam göndərib-salam aldıqları ortaq dostlarından eşidir, Səidənin yerinə fərəhlənib köksü qabarırdı. Elə onun özünün də işləri az deyildi. Kəndlərinə son dəfə məzun olanda getmişdi. Keçən müddətdə artıq Tibb Universitetinin internaturasında təhsil almış, bir tərəfdən də xəstələrinin qayğısına qalmağa çalışmışdı. O, müxtəlif səbəblərdən hospitala müalicəyə gələn əsgərlərlərlə, sadəcə olaraq, həkim kimi rəftar etmirdi. Həm də onların anası, bacısı, sirdaşı olmağa çalışır, dərdləri ilə dərdlənib, sevincləri ilə şadlanırdı. Hələ də Lətifəgilin həyətindəki kiçik birotaqlı mənzildə kirayənişin yaşayırdı. Artıq Lətifənin nəvələri də böyümüş, nazlı-qəmzəli qızlar olmuşdular…
Və ömürdən-gündən keçən günlər bəndini yıxmış sel kimi axıb gedirdi.
II
Həkim təyin olunduqdan sonra ilk xəstəsi Cəlilabaddan olan Elnur adında əsgər idi…
Elnur cəbhənin Ağdam istiqamətində, ön xətdə xidmət edirdi. Digər əsgərlər kimi, o da növbədə olmadığı vaxtlarda fürsət tapdıqca komandirlərinin gözündən yayınıb yaxınlıqdakı üzümlüyə gedər, tənəklərin arasında uzanıb xəyallar qurardı. Bura müharibədə dəfələrlə əldən-ələ keçdiyindən hər tərəfində partlamamış sursat, ya da minalar ola bilərdi. Buna görə əsgərlərə üzümlüyə giriş qadağan olunmuşdu…
Gecə növbədə idi. Səhər saat altı radələrində döyüş postundan gəlib silahını təhvil verdi. Yemək yedi. Blindaja gedib yatmaq əvəzinə, gözdən yayınıb üzümlüyə yollandı. Tənəklərin arasındakı otluqda uzandı. Əli ilə otların arasından qalxıb üstünə hücum edən ağcaqanadları qovdu. “Andıra qalmışlar da elə bil məni gözləyirlər”, – deyə astadan donquldandı. Cibindən çıxardığı filtrsiz “Batra” siqaretini barmaqlarının arasında ovuşdurub yumşaltdı. Damağına qoyub yandırdı. Tüstüsünü ciyərlərinə çəkdi. Bir neçə saniyə tutub burnundan buraxdı. Üz-gözünü bürüyən tüstü pərdə kimi ağcaqanadlarla arasına girib onları uzaqlaşdırdı. Dikəlib çəkmələrini soyundu, baş-ayaq qoyub başının altına yerləşdirdi. Siqareti də bitdiyindən közün istisi dodaqlarını yandırırdı. Kötüyü yerə tüpürüb arxası üstə uzandı. Sakitlik idi. Ətrafında cəh-cəh vuran quşların səsindən, ağcaqanadların vızıltısından başqa səs eşidilmirdi. Xumarlanır, yatmaq istəyirdi. Papağını soyunub üzünə qoyarkən son dəfə göyə, başının üstündən uçub getməkdə olan quşlara baxdı, dərindən bir ah çəkib dodaqlarını büzdü. O an nəyə heyfisləndiyini heç özü də bilmirdi. Oxuya bilməməsinəmi, aylardır evlərindən-eşiklərindən xəbər ala bilməməsinəmi, ya dostları üçün darıxdığınamı? Bəlkə, o an nəyə darıxdığını, ürəyinin niyə sıxıldığını heç özü də bilmirdi…
Alma ağacının altında qolunu qatlayıb başının altına qoyaraq uzanmışdı. Göyün ən yuxarısından baxan günəşin şüaları yarpaqların, yetişib-sulanmış qırmızıyanaq meyvələrin arasından süzülüb üstünə düşür, sir-sifətində oynayırdı. Almalar şişib-böyüməyə başlamışdı. Yekəldikcə ağırlaşıb asıldığı budaqları da özləri ilə bərabər aşağı çəkirdilər. Elnur gözlərini şişib az qala qarpız boyda olan almalardan çəkə bilmirdi. Rəngi getdikcə qızaran almalar meyvədən çox kristallaşmış qan kürəsinə bənzəyirdilər. Həyəcanla nə olacağını gözləyirdi. Qorxu içində gözlərini yumdu. Bir saniyə sonra eşitdiyi çatırtıya yenidən açdı. Budaq çatlamışdı, almalardan biri yerindən qopub üstünə düşəcəkdi. Durub qaçmaq istədi, bacarmadı. Sanki iflic olmuşdu. Sinəsinin üstünə çökmüş ağırlıq nəfəsini kəsir, yerə sıxıb hərəkət etməsinə, qalxıb təhlükədən qaçmasına mane olurdu. Budaq çatırdadığı yerdən qırıldı. Alma sürətlə onun üstünə düşərkən bütün gücünü toplayıb var gücü ilə bağırdı, uzandığı yerdə çevrilərək qaçmaq istədi. Üzüaşağı düşərkən alnı zərblə yerə toxundu. Eşitdiyi gurultudan qulaqları sağır oldu. Alnının toxunduğu yerdən qalxan alov topası ətrafı qarsaladı. Aldığı güclü təkan onu bir neçə metr kənara atdı.
Nə baş verdiyini anlamırdı. Dizlərinin üstündə çöküb qalmışdı. Alın sümüyü sınıb arxaya yatmış, dərisi yanıb qarsalanmış, qaşları, saçları ütülmüşdü. Gözləri yuvalarından çıxıb yanaqlarından süzülmüş, qulaqları, burnu parçalanmışdı…. Və o, kimisə tutub saxlamaq istəyirmişcəsinə qollarını dirsəklərindən büküb irəli uzatmış, avazı çıxdıqca bağırırdı. Şokda olduğundan heç nə hiss etmirdi. Bütün duyğu orqanlarından məhrum olmuşdu.
Yoldaşları partlayışın səsini eşitdiklərində öncə blindajdan çıxıb səngərə qaçışdılar. Cəbhə xəttində sakitlik olduğunu görüb Elnurun bağırtısı gələn tərəfə boylandılar. Lakin sıx tənəklərin arasından nəsə görmək mümkün deyildi. Bu vaxt post komandirinin komandası eşidildi:
– Cəld olun, səs gələn tərəfə gedin, görün nə baş verir? Üzümlüyə doğru qaçışan əsgərlərin ardınca, – ehtiyatlı olun, minaya düşərsiniz! – deyə bağırdı.
Komandir artıq nə baş verdiyini anlamışdı. Əsəbdən, həyəcandan əlləri əsir, yanağı, dodaqları səyriyirdi. Yaxınlıqdakı torpaq qalağının üstünə çökdü. Yandırdığı siqaretini dodaqlarından ayırmadan acgözlüklə sümürür, Elnurdan gələcək xəbəri gözləyirdi.
Əsgər yoldaşları yetişib onu çiyinlərindən tutub uzatmaq istədilər. O, var gücü ilə müqavimət göstərir, avazı gəldikcə bağırırdı.
Əsgərlərdən biri blindaja tərəf dönərək:
– Sanitar, sanitar gəlsin, – deyə bağırdı.
Sanitar yanlarında idi, lakin tibb ləvazimatları olan çantasını gətirməmişdi. Tələsik qaçaraq blindajdan çantasını götürdü. Geri dönərkən hələ də torpaq qalağının üstündə oturub siqareti siqaretin közünə yandıran komandirə:
– Komandir, təcili yardım çağırın, – deyə xəbərdarlıq etdi.
– Elnura nə olub?
– Bilmirəm, komandir, ancaq sifəti yerində yoxdur, – deyib hadisə yerinə tələsdi.
Komandir:
– Əclaf köpəyoğlu, özünü də yandırdın, məni də, – deyə qıcadığı dişlərinin arasından tüpürdü. Əlləri ilə dizlərinə dəstək verib ayağa qalxdı. Səndələyə-səndələyə blindaja gəlib qapının yanındakı “TA-57” markalı səhra telefonunun dəstəyini qaldırdı. Aparatın böyründəki qolu bir neçə dəfə çevirib səbrsizliklə gözləməyə başladı. Bölüyün dayaq məntəqəsindəki əsgər dəstəyi qaldıranda onun özünü təqdim etməsinə imkan vermədən məruzə etdi:
– Üçüncü post ərazisindəki üzümlükdə bilinməyən sursat səbəbindən partlayış baş vermişdir. Əsgər Nağıyev ağır yaralanmışdır. Müvafiq tədbir görməyinizi və postun ərazisinə təxliyə üçün maşın göndərməyinizi xahiş edirəm. Məruzə etdi post böyüyü gizir Abdulov.
Posta göndərilən “UAZ” maşını Elnuru komanda-müşahidə məntəqəsinə gətirmişdi. Buradan təxliyə olunduğu Sarıcalı hospitalındakı həkim briqadası yaralının klinik vəziyyətini dəyərləndirərək yerli şəraitdə onu əməliyyat etmənin ağır nəticələri ola biləcəyi qərarına gəldi. İlkin tibbi yardım göstərərək Bakıya məlumat verib təxliyə helikopteri istədilər… Elə həmin günün axşamı Mərkəzi Hərbi Klinik Hospitala çatdırılan Elnur səkkiz saatlıq ağır əməliyyatdan sonra reanimasiyaya köçürülmüşdü…
Və indi neyrocərrahiyyə şöbəsində, ağır xəstələr üçün ayrılmış intensiv terapiya palatasında müalicə alırdı.
Humay Elnurun hospitala gətirildiyi gecə növbədə olduğundan şöbə müdiri Çingiz həkimlə birlikdə əməliyyata qatılmışdı. Neyrocərrah, oftalmoloq, lor və travmatoloqlardan ibarət həkim briqadasının birlikdə keçirdiyi uzun çəkən ağır əməliyyatdan sonra xəstə narkozdan ayıldılaraq güclü iynələrlə yatırılmış, həkimlər isə istirahətə yollanmışdılar.
Səhərə yaxın evə gələn Humayın yorğunluqdan, yuxusuzluqdan ayaq üstə dayanmağa taqəti yox idi. Əynini dəyişib duş aldı, bir stəkan çay içib yatağına uzandı.
“İlahi, bu uşaq hansı şəraitdə yaralanıb belə?” – deyə fikrindən keçirir, sualına cavab tapa bilmirdi, – axı alın sümüyü insan bədənindəki ən möhkəm sümüklərdən biridir, min beş yüz kiloqrama qədər zərbəyə tab gətirir. Bu uşağın alın sümüyü qırılıb, qırıqların çölə tərəfki iti ucları yanıb, beyni də ki, o vəziyyətdə… Dünya qədər gematoma çıxardıq… Görəsən, yaşayacaqmı? Yaşasa belə, heç olmasa yaddaşı silinməyəcək, qulaqları eşidəcəkmi?” Dərindən bir ah çəkib böyrü üstə döndü. Ona elə gəlirdi ki, ürəyi qabırğalarının altında şar kimi şişib köksünə sığmırdı. Boğulacağını düşündü. Qalxıb yatağında oturdu: “Bəs bu uşağın valideynləri? Hökumət onlara nə cavab verəcək? Döyüş yox, bir şey yox, sənin balanı harada bu günə qoyduq deyəcəklər? Yenə güllə yarası olsaydı, dərd yarı, amma bu, tamam başqa şeydir…” Üzüaşağı çevrilib yastığını qucaqladı. Gözlərində gilələnən yaşlar kirpiklərindən süzülüb yastığa damcılayırdı…
Uşaqların səs-küyünə ayıldı. Lətifənin nəvələri həyətdə qaçdı-tutdu oynayırdılar. Cingiltili bağırtıları, şən qəhqəhələri hər iki tərəfdə sıralanmış evlərin divarlarında əks-səda verib dağılır, darvazadan aşıb küçəyə yayılırdı.
Yatağından qalxıb yerində doğruldu. keyiyən qollarını hərəkət etdirdi. Başını sağa-sola çevirib boynunu şaqqıldatdı. Saatına baxıb qaşlarını çatdı. On ikiyə qalırdı. Mətbəxə gedib dəmlədiyi çaydan bir stəkan içdi. İstirahət günü olsa da, Elnuru xatırlayıb işə yollandı. Gənc bir əsgərimiz ağır vəziyyətdəykən vicdanı ona istirahət etməyə imkan vermirdi. “Yəqin, indi valideynləri də gələr, ən azından təsəlli verərəm”, – deyib qalxdı, hospitalın yolunu tutdu. Doğrudan da, Elnurun valideynləri gəlmişdilər. Atası qəbul şöbəsinin önündə dayanıb oğlunun vəziyyəti haqqında məlumat almağa çalışır, anası ilə başqa bir qadın az aralıda dayanıb kirimişcə ağlayırdılar. Humay onları görəndə təsəlli verməyin o qədər də asan olmayacağını anladı. Üzərinə götürməyə hazırlaşdığı vəzifənin ağırlığından boynu bükülüb gözləri yerə dikildi. Çiyinləri sallandı, elə bil qolları da uzanıb dizlərinə çatırdı. Addımları yavaşıdı. ayaqlarını sürüməyə başladı, yaxınlaşıb salam verdikdə növbətçi tibb bacısı Humaya:
– Həkim, Elnurun valideynləridir, xəstə ilə görüşmək istəyirlər, – deyərək, sanki onun gəlişi ilə yaxasını qurtardığına sevinib başını aşağı saldı, işi ilə məşğul olmağa başladı.
– Qızım, boyuna qurban, uşağın vəziyyəti necədir? – deyə soruşan ananın göz bulaqlarından sakitcə axan sular sellərə döndü, ağzından, burnundan da axmağa başladı. Humay çıxılmaz vəziyyətdə qalmışdı. Nə cavab verəydi? Gerçəkləri söyləyib onların ürəyinimi qıraydı, qorxudaydımı? Ətrafa boylanıb ümidsizcə kömək axtardı, kimsənin olmadığını görüb köks ötürdü, gözlərini dəsmalla ağzını tutaraq sakitcə hıçqıran qadının çiyninin üstündən ağaclara zilləyib:
– Yaşayacaq, ana, ürəyinizi sıxmayın, həyati təhlükəsi yoxdur, – deyə bildi. Ancaq səsindəki inamsızlıq o qədər açıq-aydın sezilirdi ki, özü öz səsinə səksəndi. “Görəsən, əsgər, həqiqətən, yaşayacaqmı?” – deyə düşünüb gözlərini yerə dikdi. Çıxıb getməyə tələsdi. Ancaq ata ona mane oldu, önünə keçib:
– Həkim, mən uşağın atasıyam, hər şey yaxşıdırsa, onda niyə buraxmırlar, gedək uşağımızı görək? – deyə intizarla soruşdu.
– Dayı, xəstə reanimasiyadadır. Reanimasiya otağına da tibbi heyətdən başqa şəxslərin girişi qadağandır.
– Biz elə qapıdan baxıb qayıdacağıq, – deyə ana dilləndi.
– Anacan, ən ağır xəstələrimiz reanimasiyada yatır. Onların immunitetləri zəif olduğundan əlavə infeksiyalara, viruslara yoluxmaması üçün müalicələri təcrid olunmuş şəraitdə aparılır. Hətta reanimasiyanın tibb heyəti xaricində, qalan həkimlərin də ora girişi qadağandır.
– Qızım, sən reanimasiyadamı çalışırsan? Heç olmasa, sən girib uşağı görər, gəldiyimizi xəbər verərdin.
– Xeyr, ana, mən başqa şöbədə çalışıram. Amma yuxarı qalxıb reanimatoloqdan xahiş edərəm ki, övladınıza gəldiyinizi xəbər versin.
Ana ilə gəlmiş qadın:
– Mən də bibisiyəm, məndən də salam de, bunları da zəhmət olmasa, Elnura çatdırın, – deyib əlindəki un kisəsindən tikilmiş çantanı Humaya uzatdı, – tələsik evdən çıxdıq, elə bir toyuq qızardıb gətirmişik. Verin yesin.
Acı bir təbəssüm Humayın dodaqlarında dolanıb yuxarı qalxdı, yanaqlarında səyridi:
– Hələ ona yemək vermək olmaz, qoyun qalsın, sonra verərsiniz. İndi sistem altındadır, – deyib nəmlənən gözlərini gizlətmək üçün iti addımlarla uzaqlaşdı.
On gün sonra Elnur neyrocərrahiyyə şöbəsinə köçürüldü. Valideynləri də çıxıb getməmişdilər. Bakıda nə üz tutacaq qohumları, nə də ev tutacaq imkanları olmadığından hospitalın həyətindəki çardaqda yaşamışdılar. Ata səhər tezdən üçüncü mikrorayon bazarına gedib yarım kilo şor alır, Mamaşanın hospitalın yeməkxanasından gətirdiyi çörəyə yavanlıq edirdilər.
Mamaşa hələ də hospitalda yaşayırdı… Elə bil qadın heç qocalmamışdı. Ənlik-kirşan görməyən yanaqları tərtəmiz, əlləri gənc qız əliymiş kimi qırışsız, yupyumşaq idi. Hər zaman geyindiyi qara donu əynində, ağ kəlağayısı başında olardı. Bir xəstənin valideynlərinə analıq etdiyi ilk dəfə deyildi… Hərdən ata onun gətirdiyi çörəyi, ya da bir boşqab yeməyi yeməyə çəkinir: “Əsgərlərin payından gətirirsən, ay bacı, bizə görə üzünə söz gələr”, – deyirdi. Bunu eşidəndə Mamaşa bir anlıq daş kəsilib qalır, gözlərini valideynin gözlərinə elə zilləyirdi ki, elə bil baxışlarındakı burğacla onun beynini dəlib keçmək istəyir. Bir-birinə kip sıxdığı dodaqlarının arasından:
– Mən balalarımın payını heç kimə yedirtmərəm! Ac olmurlar, lap acından ölsünlər! Balalarım yeyib doyduqdan sonra mətbəxə girirəm, orada qalan yeməyi gətirib narahat, nigaran gözləyən valideynlərə verirəm.
Bu qadının kim olduğunu nəinki hospitalda müalicə alan əsgərlər, onların valideynləri, heç həkimlər də bilmirdilər. Özü hər kəsə Lənkəran xanının nəvəsi olduğunu söyləyirdi. Buna inananlar da vardı, inanmayanlar da… Bəziləri ondan şübhələnirdi. Düşmənə işləyən casus olduğunu iddia edənlər də vardı, ağır yaralılarımızın vəziyyəti haqqında məlumat göndərən agent olduğunu iddia edənlər də, Azərbaycan qadınının fədakarlığının, qayğıkeşliyinin rəmzi, yaşayan ana heykəli olduğunu söyləyənlər də… Hər halda üçüncülər digərlərindən qat-qat çox idilər. Və o adını bilmədikləri qadın hər kəsin anası, hər kəsin Mamaşası olaraq qalırdı. Hospitalın alaqapısından içəri girən hər kəsin qayğıya ehtiyacı vardı. Hər kəsin Mamaşası da vardı…
Bu on gündə Elnurun valideynləri talvarın altında yaşamaqdan yorulmuş, təngə gəlmişdilər. Bəzən palatalarda boş çarpayı olanda Mamaşa qadınları aparıb orada yatırdırdı. Onlar hərəsi bir çarpayıda yatsalar da, ikisi bir çarpayıda baş-ayaq yatsalar da, fikirləri Elnurun yanında qaldığından gözləri yumulur, beyinləri yatmırdı. Ata da onlar çəkdiklərini çəkirdi. Bütün günü düşüncələr içində, bütün günü bilinməzliyin ağırlığı altında siqareti siqaretə calayırdı. Yatmaq üçün yer olanda belə palataya getmir, elə çardağın altındakı taxta oturacaqlarda uzanıb gözünün acısını alırdı. Allahdan yay idi, havalar isti keçdiyindən üşümürdülər. Nəhayət, on günün tamamında Elnur reanimasiyadan çıxdı. Humay onu şöbəyə qəbul edib müayinə etdi. “Xəstəlik tarixçəsi” açaraq diaqnoz və müalicə təyinatını yazdı. Baş tibb bacısına lazımi göstərişlər verdikdən sonra valideynlərinə xəbər verilməsini tapşırdı. Ailəsi palataya, oğulları ilə görüşməyə gəldiyində həkim otağına gedib əyləşdi. Bir yerdə qərar tuta bilmirdi. Gah əlindəki qələmi oynadır, gah önündəki kağızları vərəqləyib oxuyurdu. Otağın önündən keçən addım səslərini dinşəyib: “Gəldilər”, – deyə səksəkə ilə ürəyindən keçirdi. Ayağa qalxıb pəncərənin önünə getdi. Elnurun yatdığı palatadan gələn ağlaşmalar, qarğımalar, Tanrıya üsyanlar bir-birini əvəz edirdi.
Hələ tibb bacısı işlədiyi dövrdən valideynlərin ağılarına, nalələrinə, ağlaşmalarına çox şahid olmuşdu. O vaxtlardan yaddaşında silinməz iz qoymuş bir hadisəni xatırladı.
…Cəbhə bölgəsindən bir yaralı gətirmişdilər. Heç müharibədə də beləsini görməmiş, eşitməmişdi. Yevlaxdan olan əsgərimiz hansısa səbəbdən bitərəf bölgəyə keçmiş, orada da minaya düşmüşdü. Zərbə dalğasının onu götürüb atdığı yerdə daha bir minaya toxunmuşdu. Əsgərin hər iki qollarını dirsəkdən, ayaqlarını dizlərindən amputasiya etmişdilər. Gözləri tökülmüş, qulaqları, burnu parçalanmış, dodaqları yanıb ərimişdi. Çox dəhşətli, ağır vəziyyətdə idi. Həkimlərimiz əllərindən gələni əsirgəməmiş, hər kəsin ümidini üzdüyü yaralını həyata qaytarmışdılar. Amma bədbəxtlikdən yaralı əsgərin qohum-əqrəbadan ağır vərəm xəstəsi olan anasından başqa kimsəsi yox idi… Və anası bir gün Humayı palataya çağırdı. O, palataya gələndə əsgər kəsilmiş ayağını döşəməyə sürtməyə çalışaraq inildəyirdi. Humay yaxınlaşıb yaralı əsgərin ütülmüş saçlarını oxşadı:
– Nə olub, qaqaş, haran ağrıyır? – deyə soruşdu.
– Dabanım elə qaşınır ki, ürəyim keçələşir, qaşıyın da dabanımı.
Humay tutuldu. Bir yaralının anasına, bir özünə baxır, deməyə söz tapa bilmirdi. Axı olmayan dabanı necə qaşıyaydı? Göz bulaqlarında tumurcuqlanan yaşları geri udub:
– Qaqaş, qaşınan dabanın deyil ki, sinirlərdir, – deyib dayandı, “sənin ayaqların amputasiya olunub, ancaq sinir yaddaşı hələ oyaqdır”, – deyə bilmədi. Baş tibb bacısının onu çağırmasını fürsət bilib getmək istəyəndə yaralının anası qolundan tutub palatanın küncünə çəkdi:
– Qızım, mən ağır vərəməm, bu gün-sabahlıq ömrüm qalıb. Bu yazığı aparıb necə baxacam? Deyək ki, ölənə qədər baxdım, bəs sonra? Bir qohumumuz-qardaşımız da yoxdur ki, ona qahmar çıxa. Evdə tək qalıb acından, susuzluqdan öləcək. Dünən rəisinizdi də o hündürboy kişi? – deyib Humayın üzünə baxdı, sualının təsdiq edilməsini gözlədiyindən dayandı.
– Vitali həkimi deyirsiz? Bəli, şöbə müdiridir.
– Hə, qızım, bax, ona da dedim, az qaldı ki, məni öldürsün. Bir də sən danış, qoy bir iynə vursunlar, elə uşaq burada ölsün, öz əlimlə, öz gözümlə aparım, balamı basdırım, – deyib hıçqırdı.
Humay aldığı təklifin dəhşətindən yerindəcə dondu. Gözləri bərəlib hədəqəsindən çıxdı. Danışmağa cəhd etdi. Bir neçə dəfə ağzı açılıb-qapansa da, deməyə söz tapmadığından, ya da demək istədiyi sözləri elə qırtlağındaca geri qaytarıb udduğundan səsi çıxmadı. Bir ana, bir qadın bu təklifi necə edə bilərdi? Humay heç cür anlamır, anlamaq istəmirdi. Handan-hana özünə gəlib bir addım geri çəkildi. Sanki nəfəsini üzündə hiss etdiyi bu qadından iyrənir, vəbalıymış kimi qorxub qaçmaq istəyirdi. Lakin qadın onu buraxmaq niyyətində deyildi. Əllərini uzadıb onun sustalmış qollarından tutdu, razılıq almadan buraxmayacağını bildirmək istəyirmişcəsinə özünə tərəf çəkib:
– Ayağının altında ölüm, ay bala, məgər mən dağ kimi övladımdan bezmişəmmi? – deyib əlini qoynuna salaraq bir şəkil çıxarıb Humaya göstərdi, – bax, qızım, yaxşı bax, gör heç orada yatan oğlana bənzəyirmi?
Humay fotoşəkilə baxdı. Əsgər paltarındakı qarayanız, boylu-buxunlu bir oğlan ona baxıb gülümsəyirdi.
– Bir də indiki halına bax. Güdül eliyib uzadıblar ora, – deyərək çarpayıda yatan oğlana dönüb baxdı, burnunu çəkərək davam etdi, – gəl mənim də dərmanlarıma bax, vacib olanları gətirib yığmışam siyirmənin gözünə, – deyib israrla onu çarpayının baş tərəfindəki dolaba tərəf çəkdi. – Sən də tibb bacısısan, elə həkim qədər bilirsən. O dərmanlara bax gör, bu ayın sonunu görə biləcəyəmmi?
Öskürək qadını boğduğundan daha danışa bilmədi. Öncə ikiqat oldu, sonra isə çarpayının üstünə yıxıldı. Hər dəfə öskürdükcə elə bil qadının ciyərləri sökülüb yerindən çıxacaqdı.
Humay qadının təklifindən o qədər iyrənmişdi ki, o, öskürəyin təsirindən nəfəssiz qalıb çarpayının üstünə yıxılanda yardım etməyi deyil, qaçmağı düşündü. Arxasına dönüb iti addımlarla palatadan çıxdı.
Daha sonra o qadınla üz-üzə gəlməmək üçün həmin palataya getmir, oradakı xəstələrinə iynə vurmaq, ya da sistem qoşmaq lazım olanda iynə otağına çağırtdırırdı. Sağ-salamat təxliyə olunduğunu bildiyi xəstənin sonrakı taleyindən xəbərsiz idi. Heç maraqlanmamış, başına nə gəldiyini öyrənmək istəməmişdi də. İndi pəncərənin önündə dayanıb palatadan gələn ağlaşmaları, ah-vayları dinlədikdə təsadüfmüydü, ya nə idi, o əsgərlə anasını xatırlamışdı.
Çöldə günəş var idi, amma yağış da yağırdı. Pəncərədən süzülüb tökülən su ətrafı görməsinə mane olurdu. Qoynunda çarpazladığı qollarını açdı. Xalatının cibindən yaylığını götürüb şüşəni sildi. Nə qədər silirdisə-silsin, şüşə qurulanmır, əksinə, daha da islanırdı. Təəccüblə dəsmalı pəncərədən ayırıb baxdı. Bu dəfə də suyun dəsmalın üstü ilə axdığını gördü. “Bu nədi, nə baş verir?” – deyə heyrətlə öz-özündən soruşdu. Dizləri qatlandı, arxası üstə döşəməyə yıxıldı.
Həkim otağının qapısının ağzından keçən tibb bacılarından biri içəridən gələn tappıltıya səksənib dayandı, qapını açaraq içəri boylandı.
… Özünə gəldikdə, onu qaldırıb stulda oturtmuşdular. Kimsə burnuna söykədiyi kəskin iyli dəsmalı geri çəkib:
– Həkim, özünə gəlir, – dedi.
“Bayaq dəsmalın üstündən sellər axırdı, indi də suyu çəkilib, amma iyi lap adamı boğur, bu nə işdi belə, düşmüşəm?” –deyə öz-özünə mızıldanırdı. Nə dediyi anlaşılmadığından ətrafındakılar: “Bəlkə, təkrar deyər” ümidi ilə gözlərini üzünə zillədilər. Fənər kimi işıldayan gözlərdən qorxub vahimələndi. Oturduğu yerdəcə büzüşüb yumağa döndü. Heç nə görməmək üçün gözlərini yumub başını aşağı saldı. Şöbə rəisinin məzəmmət dolu səsini eşitdi:
– On gündür ki, fasiləsiz işləyirsən. Salırsan cavanlığına, söz də eşitmirsən. Elə indi çıx get evinə. İki-üç gün istirahət elə. Mən çağırtdırmamış da işə gəlmə!
Dillənmək, etiraz etmək istədi, lakin şöbə müdirinin qətiyyəti qarşısında cəsarət edə bilməyib susdu. Qoluna girdilər. Ayağa qalxdı. Stulun ayaqlarının sürüşdüyünü hiss edəndə gözlərini açdı. Şöbə rəisi həkim otağından çıxıb getməkdə idi. Arxasınca səslənmək, yorğun olmadığını demək istədi. Danışmağa heyi olmadığından susub dayandı. Qoluna girmiş tibb bacısı onu çəkişdirirdi:
– Gəlin, doktor, gəlin sizi ötürüm evinizə.
– Yox, istəmirəm, özüm gedəcəm.
– Halınız yaxşı deyil, doktor, həm də baş həkim tapşırdı, evinizə ötürməsəm, məni danlayacaq, özünüz xasiyyətinə bələdsiniz.
Humay iş yoldaşlarından hansınınsa onunla gəlməsini istəmirdi…
Hospitalda işlədiyi bu neçə ildə heç özünü düşünməmişdi. İllərdir ki, hər ay məvacibini üç yerə bölürdü. Bir qismini kəndə, ailəsinə göndərir, digər qismini hospitalda müalicə olunan xəstələrin ehtiyaclarına xərcləyir, üçüncü hissəsini isə özünə ayırırdı. Və əmək haqqının üçdə biri ona ancaq Lətifə xanımın doqquz kvadrat metrlik ümumi mətbəx və hamamı olan kiçik otağında kirayənişin yaşayıb qıt-qənaət keçinməyə çatırdı.
İndi tibb bacısı onu evlərinə ötürmək istədiyini deyəndə mebel adına bir yemək stolu, iki stul, bir paltar dolabı, bir asılqanı olan, kitablarını belə stolun üstünə, pəncərəyə yığıb, qalanlarını da küncdə qalaqladığı, tutacağından divara asdığı radiodan xəbərlərə qulaq asdığı otağına aparmağa utanmışdı. Hospitalın darvazasında onu müşayiət edən tibb bacısını geri qaytarıb tək-tənha evə yollanarkən: “Neçə ildir, heç özümü düşünməmişəm. Ölüyə də dirilik lazımdır, diriyə də. Gərək bundan sonra özümə də binagüzarlıq eləyəm”, – deyə düşünürdü. Otağına gəlib qapını açdı. İçəri keçdi. Addım atmağa taqəti qalmamışdı. Əli açıldı, çantanın qulpu barmaqlarından sürüşüb yerə düşdü. Ayaqlarını sürüyərək iki addım atıb çarpayıya yıxıldı. Üzüqoylu düşüb qalmışdı. Gözlərini yumdu. Heç nə düşünmək istəmir, israrla beynindəki keçmiş xatirələri, bu gün Elnurun palatasından bir-birinə qarışaraq dəhşətli uğultuya dönüb onun qulaqlarınadək gələn ağıları uzaqlaşdırmaq istəyir, bacarmırdı. Elnurun əməliyyat masasındakı halı gəldi gözlərinin önünə. Arxası üstə uzadılmış, çənəsindən aşağısı ağ örtüyün, yuxarısı al qanın içində olan baş fiquru… Öncə Sarıcalıda qoyulmuş və yanmış dəriyə, dağılmış göz almasına, toz-torpağa, tər qarışmış qan bulaşdığından qandan çox, mazuta oxşayan mayeyə bulaşmış sarğı bezi… Əsl dəhşət sarğı açıldıqca üzə çıxır, əməliyyat rəhbəri yaralının vəziyyətinə baxıb “bu, çətin sağalar”, – anlamında başını yelləyirdi. Sarğı açılıb yaralı nahiyələr laxtalanmış qandan təmizləndikdən sonra əməliyyat rəhbəri əllərini açıb: “Özün kömək ol, ya Rəbbim, əziyyətimizi əlimizə vermə”, – deyib cərrah bıçağını götürdü, sınıb-parçalanmış ucları beyinin alın payına daxil olmuş sümükləri ehtiyatla çıxardı. O qədər diqqətlə, o qədər ehtiyatla işləyirdi ki, kənardan baxan zaman lentin yavaşıdılmış axarına baxdığını zənn edərdi. Hər bir kapilyar damarı, hər bir sinir qaytanını, hər bir hüceyrəni, neyronu sağ gözünə taxdığı iri qalın böyüdücünün altından görməyə, heç birinə ziyan vermədən əməliyyatı başa çatdırmağa çalışırdı. Sümük parçaları təmizlənib üzdəki qəlpələr çıxarıldı. Hələ işin yarısına belə gəlməmişdilər, partlamış beyindaxili damarları tikmək, parçalanmış sinirləri bərpa etmək lazım idi. Həkim bu işləri görərkən yanında dayanmış tibb bacısı işarə ilə göstərilən alətləri verir, digəri onun alnından, gicgahlarından puçur-puçur süzülən tərini qurulayır, qana bulanmış maskasını, önlüyünü dəyişdirirdi. Beyin cərrahı xəstənin baş tərəfində dayanıb onun beynini əməliyyat edərkən sağda dayanan oftalmoloq göz yuvasında qalmış göz almasının artıqlarını təmizləyir, dəlik-deşik olmuş göz qapaqlarını tikib-bərpa etməyə çalışırdı. Sol tərəfdəki lor həkimi isə öz yardımçıları ilə bərabər parçalanmış burnun içinə dolmuş qəlpə, sümük qırıntıları, ət parçaları və qan laxtasını çıxararaq onu bərpa etməyə çalışırdılar.
Saatlardır ki, Humay neyrocərrahın yanında dayanıb ona yardım edir, göstərişlərini yerinə yetirməyə çalışırdı. Artıq oftalmoloq da, lor da öz vəzifələrini yerinə yetirib köməkçiləri ilə birlikdə getmişdilər. Neyrocərrah qrupu isə yorulmadan, dayanmadan çalışırdı. Çünki xəstənin sağalmasının da, sağaldıqdan sonra həyatına normal şəkildə davam etməsinin də onların əməliyyatının uğurlu keçməsindən asılı olduğunu yaxşı bilirdilər. Əməliyyat rəhbəri əməliyyatın əsas hissəsini bitirib belini dikəltdi. Saatlardır xəstənin üstünə əyilib işlədiyindən beli tutulmuşdu. Əlini belinə qoyub üz-gözünü turşutdu. Humay onun üzünə baxdıqda böyüdücünün örtmədiyi tək gözündə uğurla qarışmış yorğunluğun sevinc dolu işartısını gördü. Həkim bir addım geri çəkilərək önlüyünü soyundurması üçün tibb bacısına dönərkən Humaya:
Humay da öncə bir neçə dəfə neyrocərrahiyyə əməliyyatında iştirak etsə də, bu onun tibbi karyerasında təkbaşına həyata keçirəcəyi ilk kranioplastika əməliyyatı idi. Xəstənin vəziyyətini nəzərdən keçirdi. Nəfəs ala bilməsi üçün qırtlağından açılan yarığa süni nəfəs aparatı qoşulmuşdu. Bütün sifəti, gözləri sarğı altında idi. Bir tək qaşlarından yuxarısı sarılmamışdı. Beyni açıqda idi və üstünün örtülməsi üçün onu gözləyirdi. Anestezioloqla göz-gözə gəldilər. Onun da üz-gözündən yorğunluq yağırdı.
Gematomanı səliqə ilə təmizlədi. İmplantı tibb bacısından alıb alın sümüyünün yerinə yerləşdirdi.
Əməliyyatı bitirdikdən sonra sarğı qoyulması üçün kənara çəkildi. Maskasını və önlüyünü soyunub tibb bacısına:
– Gözləyin, xəstə narkozdan ayılsın, aparıb reanimasiyaya yerləşdirərsiniz, – deyə təlimat verib əməliyyat otağından çıxdı.
… İndi Elnurun palataya köçürülməsini xatırladı. Üst dodağından yuxarısı sarğı altında idi. Burnunun uc qismi, qulaqları amputasiya olunduğundan sarğı altındakı şey insan başından çox ağ bezlə sarınmış silindirə oxşayırdı. Görəsən, valideynləri nə reaksiya verəcək, övladlarının bu halı ilə barışa biləcəkdilərmi? Bayaq palatadan gələn uğultunu xatırladı…. Nəsə pis şeylər olacağını hiss edirdi.
III
Dağın zirvəsinə yaxın bir yerdə, sıx kolların arasında gizlənmişdi. Yarpaqların arasından ətrafında qarışqa kimi qaynayan düşmən əsgərlərini izləyir, heç bir hərəkətlərini gözdən qoymamağa çalışırdı. Komandirləri arabir boğuq səslə: “Onu diri tutun! – deyə bağırır, söyüşlər yağdırırdı. Başını qaldırıb pərlərin havanı yararkən çıxardıqları səsə baxdı. İki helikopter yuxarıda dövrə vurur, başlarını pəncərədən çıxaran əsgərlər gözlərinə söykədikləri binokllarla onu axtarırdılar. Tez sürünüb az aralıdakı itburnu kolunun altına girdi. Ayaqlarını çəkib qarnına yığdı. Kolun yarpaqlarının altında büzüşüb yumağa dönmüşdü. Yaxınlıqda hürən itlərin qorxusundan nəfəs ala bilmirdi. Avtomatlardan, pulemyotlardan yaylım atəşi açıldı. Güllələrin havanı yararaq çıxardıqları səslərə qulaq kəsilib: “Yox, bunlar hədəfə atmırlar, xəbərləşirlər”, – deyə düşündü. Yaxınlıqda kol-kosu tapdalayıb əzərək hərəkət edən düşmənlərin ayaq səslərini eşidirdi. İtlərdən biri əsgərlərin yanından aralanaraq ov tapmış tazı kimi sevinclə hürə-hürə onun altında gizləndiyi itburnu koluna tərəf cumdu. “Mənimki bura qədərmiş…”, – deyə düşünüb özünü öldürmək istədi. Amma üstündə nə gülləsi vardı, nə də bıçağı. “Bəlkə, arxadan güllələyərlər, əsir düşmərəm”,– düşüncəsi ilə gizləndiyi yerdən çıxıb qaçmaq istədi. Nə qədər elədisə, ayağa qalxa bilmirdi. Sanki iflic olmuşdu. İt üzərinə atlayanda var səsi ilə bağırıb kömək istədi…
Öz səsinə yuxudan ayıldı. Qan-tərin içində boğulur, ürəyi çəkic kimi qabırğalarını döyəcləyirdi. Gözlərini açıb otağa baxdı. Hər şeyi hallusinasiyaya dönüb gözləri önündə asılı qalan yuxunun arxasından görürdü. Ayın pəncərədən süzülən solğun işığından öncə harada olduğunu müəyyənləşdirə bilmədi.
Təhlükəsizlikdə olduğunu yəqin etdikdən sonra qalxıb yerinin içində oturdu. Gərginlikdən keyimiş sir-sifətini, zoqquldayan gicgahlarını, qurumuş boynunu ovuşdurdu. Bir neçə dəqiqə keçdi. Əllərini dizlərinə dəstək verərək qalxdı. Ləpələrin üstündə yırğalanan taxta parçası kimi səndələyir, ayaq üstə durmaqda çətinlik çəkirdi. Divardan tuta-tuta elektrik açarının tapıb işığı yandırdı. Masanın üstündəki qrafindən bir stəkan su süzüb içdi. Stula çöküb masaya dirsəkləndi, başını əllərinin arasına aldı. “İlahi, bu nə yuxuydu belə? – deyə öz-özündən soruşdu,- deyəsən, Çingiz doktor haqlıdır. Son vaxtlar heç özümü düşünmürəm. Varsa da iş, yoxsa da iş… Bir neçə gün adam kimi dincəlməliyəm”. Dikəlib stulun arxalığına söykəndi, saatına baxdı. On ikiyə işləmişdi. Saatı dodaqlarına yaxınlaşdırıb öpdü, ah çəkib:
– Ah, Elçin, Elçin! Biz niyə belə olduq? – deyə soruşdu. – Sənsizlik çox çətindi. Özümü ovutmaq üçün bütün günümü xəstələrlə keçirməyə, onların dərdləri, qayğıları ilə maraqlanmağa çalışıram. O günü Ruxa deyir ki, Humay xanım, belə getsə, əsgərlər sizin də adınızı “ikinci mamaşa” qoyacaqlar.
– Ruxa kimdir?
– Rüxsarə də, sənə danışmışdım axı, bizim yeni baş tibb bacımız.
Elçin bir an susub Humayın gözlərinə baxaraq davam etdi:
– Əsgərlərimizin qayğısına qalmağın məni sevindirir. Amma unutma ki, sən, sadəcə, onların gündəlik qayğıları ilə maraqlanmalı deyilsən. Sənin həm əsgərlərimizə, həm də vətənimizə verə biləcəyin ən böyük fayda öz savadınla, öz dərin elmin, əngin biliyinlə onların səhhətlərinin keşiyində təmənnasız dayanmaqdır.
Humay dodaqlarını büzərək:
– Elçin, xəstələrimin gündəlik qayğıları ilə maraqlanıram deyəndə onların şəxsi ehtiyaclarını nəzərdə tutmuram ki… Bunun üçün başqaları, işi məhz bu olan sanitarlarımız və digər şəxslər var. Mən yaralı, ya da xəstələnmiş əsgərlərimizi psixoloji cəhətdən yeni həyatlarına hazırlamağa çalışıram. Onların valideynləri, yaxınları ilə profilaktik söhbətlər aparıram ki, bir də psixoloji travma almasınlar. Bax iki ay öncə Vüsal adında xəstəmiz vardı. Hospitala kəskin baş ağrıları ilə Haramı düzündən gətirmişdilər. Əsgərin sol gözü şişib qızarmışdı. Sağ gözü də davamlı sulanırdı. Hərbi hissənin tibb məntəqəsindən verilən diaqnoz kağızına kəskin günvurma yazılmışdı. Ancaq biz müayinə etdikdən sonra baxdıq ki, beyninin alın payında bədxassəli şiş var. Göndərdik, Əhmədlidə neyrocərrahiyyə xəstəxanasında əməliyyat olunub gəldi.
– Siz niyə əməliyyat etmədiniz?
– Neyrocərrahiyə xəstəxanası məhz bu yöndə ixtisaslaşdığından imkanları bizimkindən daha genişdir…
– Hə, bildim….
– Axı bilirsən də, mirət xərçəngin müalicəsində əhvali-ruhiyyəni yaxşı saxlamağın, az qala, dərman müalicəsi qədər faydası olur. Nə isə, Vüsal Əhmədlidən gəldi, Çingiz doktordan xahiş edib onun müalicəsini öz üstümə götürdüm. Burada qaldığı müddətdə hər həftə sonu onu götürdüm, şəhərə çıxdıq. Qız qalasına, bulvara, muzeylərə apardım. Onunçün əlimdən gələni etdim, Elçin. Amma təəssüf ki, faydası olmadı. İki həftə öncə iynə vurub göndərdik ki, evlərinə çatsın. Nə isə, Vüsalın valideynlərini çağırıb söhbət etdim. Xahiş etdim ki, uşağın özünün xəstəliyindən xəbəri olmasın.
Humay göz bulaqlarında tumurcuqlanıb şişən büllur dənəciklərini gizlətmək üçün udqunub burnunu çəkdi.
– Sənin xeyirxahlığına, incə qəlbinə vurğunam, Humu. Hər zaman belə ol.
– Savaşın yarımçıq qalması faydamızamı oldu, zərərimizəmi?… Bunu bilmirəm, Elçin, düzü, heç bu işlərlə beynimi yormaq da istəmirəm. Bizim dövrümüzün gəncliyinin tək idealı, həyatının tək qayəsi vardı – istiqlaliyyətimizə qovuşmaq. Şükür, artıq müstəqil dövlətik. Amma təəssüf ki, azadlığımıza qovuşarkən itkilər də verdik. 20 Yanvar, Qarabağ şəhidlərimiz kimi. Bir də o boyda Qarabağımızı girov verdik. Hələ ki dünya gücləri ATƏT-lə, Minsk qrupu ilə başımızı aldadır, gələcəkdə nə olacaq, kimsə bilmir.
– Nə var, nə ola, ay Humu? Sən heç eşitmisən ki, kimsə işğal etdiyi torpaqdan öz xoşuna çıxsın? Ermənilər də çıxmayacaq. Gec-tez müharibə olacaq.
– Hə, Elçin, mən də elə düşünürəm. Allah-Allah deməklə donuz darıdan çıxmaz. Biz də torpağımızdan keçmərik. Ona görə də nə vaxtsa müharibə olacaq.
– İndi dövlətimizin ən başlıca vəzifəsi nizami ordu quruculuğunda əlindən gələni etmək, əsgərlərimizi ən müasir silah-sursatla təmin etməkdir. Amma bunlardan daha vacibi orduda rüşvətxorluğun, korrupsiyanın kökünü kəsməkdir… Doğrudur, bunların heç birinə bir həkim olaraq sənin müdaxilə imkanın yoxdur. Sən ancaq bir həkim olaraq xəstə əsgərlərimizi tam və təmənnasız müalicə edə bilərsən. Bir də rastlaşdığın, tanıdığın hər əsgərimizin anası, hər zabitimizin bacısı olaraq onlara psixoloji dəstək verə, döyüş ruhlarının ən yüksək səviyyədə qalmasına yardım edə bilərsən.
– Elə mənim həyat qayəm, yaşama səbəbim də budur, Elçin. İnşallah, İkinci Qarabağ savaşı başlayanadək əsgərlərimizin həkim-mamaşaları olmağa davam edəcəm. Savaş başladıqda isə yenidən snayper tüfəngimi götürüb ordu sıralarına qatılacağam.
– Məncə, sən savaş başlayanda həkim olaraq cəbhəyanı hospitallardan birinə gedib yaralılarımızı həyata qaytarmağa çalışsan, daha yaxşıdır.
– Yox, Elçin, mənim verilmiş sözüm, alınacaq qisasım var. İnan mənə, hər gecə yatmadan savaşın bir an öncə başlaması üçün dua edirəm.
– O savaş bir gün mütləq başlayacaq və biz torpaqlarımızı azad edəcəyik. Ancaq indi sən bunları düşünmə. Hadisələri qabaqlamağa çalışmadan layiqli vətəndaş və yaxşı həkim olmaq üçün bütün gücünlə, biliyinlə mübarizə apar.
Elçinin ayın gümüşü işığında saatın siferblatında görünən üzü getdikcə solğunlaşıb yoxa çıxdı.
Humay:
– Elçin, Elçin, getmə, bir az daha qal, – deyə saatına baxır, Elçinin xəyalına yalvarırdı.
Amma o, həmişə olduğu kimi, xəbərsiz gəlib, sağollaşmadan da çıxıb getmişdi. Humay saatın əqrəblərinə baxdı. İkiyə işləmişdi. Qollarını dizlərinin arasında sıxıb başını aşağı saldı:
– Ah, bircə müharibə başlayaydı, – deyə qəlbindən keçirdi. Qalxıb mətbəxə getdi. Qaz plitəsinin üstündə, xəfif alovun kənarında dızıldayan çaydanı götürüb bir stəkan çay süzdü. Elə oradaca əyləşib çayını içdi. Otağına dönərək çarpayısında uzanıb yatdı.
İki gün işə getmədi, üçüncü gün erkəndən yuxudan qalxdı. Yeməyini yeyib əynini dəyişdi, saçlarını darayarkən güzgüdə özünə baxdı. Rəngi açılmış, özünə gəlmişdi. Həkim xalatını dolabdan götürərək çantasına qoyub evdən çıxdı.
Məhəlləyə çıxıb hospitalın hasarının yanındakı yolla irəliləyərkən ətrafına baxıb axşam öz-özünə verdiyi qərarı təkrar edirdi. “Bu gün işdən gəlim, gedib yaxınlıqdakı binalardan birində evə baxacam. Burada tələbə vaxtı yaşayırdım. Anam, rəfiqələrim də qonaq gələndə sıxılmırdım. Hamısı tələbə olduğumu bilirdilər. Ancaq indi elə deyil axı. Həkim adamam, beyin cərrahıyam. Amma öz həyatım yox səviyyəsindədir. Bir rəfiqəmi, bir iş yoldaşımı evə dəvət edə bilmirəm. Yazıq anam keçən dəfə gələndə o ki var danladı ki, evə pul göndərməyim, gedim özümə əməlli ev tutum. Yox, belə olmaz, bu gün mütləq axtaracam”. Qəzet köşkünün önündən keçirdi, ayaq saxladı. Dönüb köşkün pəncərəsindən içəri boylandı. Satıcıya salam verib:
– Dayı, sizdə “Birja” varmı? – deyə soruşdu.
– Bəli, qızım, buyurun, – deyən satıcı qəzet dəstlərinin içindən birini seçib götürərək ona uzatdı.
Humay qəzeti alıb çantasına qoydu. “İşdə boş vaxtım olanda baxaram”, – deyə fikrindən keçirib hospitala yollandı. İşə gələndə çantasını postdakı masanın üstünə qoyub Elnurun yatdığı palataya yollandı. Onun tək olduğunu görüb təəccübləndi. Yaxınlaşıb saçlarını oxşadı:
– Sabahın xeyir, qaqaş.
Elnurun dodaqları aralandı, fısıldadı, sonra əlini hulqumunda açılmış yarığın üstünə qoydu, güclə eşidiləcək səslə:
– Sabahınız xeyir, – deyə cavab verdi.
– Özünü necə hiss edirsən? Ağrın-acın yoxdu ki?
– Pisəm, həkim, ölmək istəyirəm.
Humay əlini onun saçlarından çəkib çiyninə qoydu:
– Sən güclü oğlansan, Elnur, bu cür travmadan sağ-salamat çıxmısan. Sənin kimi igid oğlana şikayət etmək, zarımaq yaraşmaz.
– Belə sağ çıxmaqdansa, ölmək yaxşıdı, – deyib əlini hulqumundakı yarıqdan çəkdi.
Humay onun daha artıq danışmaq istəmədiyini anladı:
– Yaxşı, qaqaşım, sən istirahət et, mən də gedim, sənin müalicənlə maraqlanım.
Elnur heç nə demədi, başını yana çevirdi. Humay onun göz yuvalarında yığılan suyun üzünü sarıyan binti islatdığını gördü, amma daha artıq danışıb ürəyini sıxmaq istəmədiyindən susub palatadan çıxdı. Dəhlizdə növbətçi tibb bacısını görüb yanına çağırdı:
Humay sanki dəqiqləşdirmək istəyirmişcəsinə dönüb palataya tərəf boylandı:
– Hə də, cəlilabadlı əsgər, minaya düşən.
Tibb bacısı üz-gözünü turşutdu:
– Üç gün öncə çıxıb getdilər.
– Hara?
– Bilmirəm, yəqin ki, evlərinə.
Humay ya anlamır, ya da anlamaq istəmirdi:
– Nə evi, evə getmək vaxtıdı? Uşaqlarını burada ağır vəziyyətdə qoyub hara getdilər? Nə vacib işləri varıydı ki, elə?
– Mən haradan bilim, ay həkim. Həmən gün axşam mən növbəni yenicə təhvil almışdım. Palataları gəzir, xəstələrin iynələrini vururdum. Onların palatasına gələndə gördüm ki, şeylərini yığıb harasa getməyə hazırlaşırlar. Elnurun iynəsini vurub çıxarkən onlar da mənimlə çıxdılar. Soruşdum ki, bəs hara gedirsiniz? Dedilər, rayona. Dedim, bəs uşağın yanında kim qalacaq? Bibisidi-nədi, o kök arvad, – Humaydan cavab gözləmədən davam etdi, – hə, bax o şişko dedi ki, biz bunu əsgərə bu kökdə göndərməmişdik ki? Dövlət necə bu kökə salıb, elə də baxar.
Humayın dəhşətdən ağzı açıla qalmışdı:
– Bəs anası, bəs atası? Onlar nə dedilər?
– Heç nə, mal kimi başlarını aşağı salıb şişkonun dalınca düşüb getdilər.
Humay yerindəcə quruyub qalmışdı. Nə deyəcəyini, nə edəcəyini bilmirdi. Handan-hana yanından keçib getmək istəyən tibb bacısının qolundan tutub:
– Elnur bilir?
Tibb bacısı qaşlarını çatıb:
– Nəyi? – deyə sözü uzadaraq ondan soruşdu. Humay sanki tibb bacısının nəyi deyə soruşarkən həm də ona: “Sizdə də çatmır e, həkim” demək istədiyini düşündü. Pərt olduğundan qızarıb-bozardı. Çantasını götürüb həkim otağına getdi. Az sonra iş vaxtı başlanmışdı. Humay şöbə müdiri ilə palataları gəzib xəstələri ziyarət edirdi. 10 nömrəli palatanın qabağına çatdıqda, Çingiz həkim ayaq saxladı. Dönüb Humayın üzünə baxdı. Göz-gözə gəldilər. İkisi də palataya girməyə tərəddüd edirdilər. Humay bir addım geri çəkildi. Çingiz həkim qapını itələyib açaraq iri addımlarla Elnurun çarpayısının yanına gəldi. O sanki üzünə qədər çəkdiyi yorğanın altına girib gizlənmişdi. Çingiz həkim yorğanın baş tərəfindən tutub qaldırdı, həmişəki kimi gur səsi ilə:
– Elnur, bu gün necəsən? – deyə soruşdu.
Yorğan köhnə məzarın yaprıxmış torpağı kimi altındakı bədəni örtüb gizlətmişdi. Nə sarğılar içindəki baş, nə də bədən tərpənmədi. Quruyub qabıq qoymuş dodaqlar tərpənsə də, səs çıxmadı. Köhnə, yamaqlı körükdən yayılan fısıltı otağa yayıldı.
– Oğlum, əlini boğazındakı deşiyə qoy, yoxsa danışa bilməzsən.
Humay Elnurun sarğı altındakı üz-gözünü laqeydliklə turşutduğunu gördü, ya da düşündü. O əslində heç nə etməmişdi, elə bayaqkı kimi sakit dayanmaqda idi. Çingiz həkim çarpayının baş tərəfindəki kətili altına çəkib oturdu, əlini salıb Elnurun əlini yorğanın altından tapıb çıxardı. Ovcunda tutaraq:
– Oğlum, sən başına gələnlər üçün heç kimdən küsmə, nə də kimisə qınama. Həyatdır, hər kəsin bir qisməti var. Həyatda heç kim, heç nə öz başına deyil. Bunu heç vaxt unutma, oğlum. Sənin başına bu iş gəlməliymiş ki, gəldi. İndi əsgərlikdəydin, mina partlayış travması aldın. Mülki həyatda olsaydın da, yenə başına oxşar bir hadisə gələcəkdi. Çünki sənin alnına o gün başından travma almaq yazılıbmış. Sənə olmuş bir hadisə danışacam. Mənim bir dostum var. Oğlu tibb institutunda oxuyurdu. Bu ilin fevralında anası tezdən yuxudan qaldırıb ki, bala, dur get dərsinə. Uşaq gedib əl-üzünü yuyub, gəlib şifonerin qabağında uzanıb. Anası çağırıb ki, bala, gəl çörəyini ye, gecikərsən. Uşaq inad edib, deyib ana, bu gecə yuxumu qatmışam, heç yerə getməyəcəm. Həmin vaxtı şifonerin üstünə çıxan pişik şnuru ilə oynadığı ütünü aşırıb salıb uşağın başına. Uşağı xəstəxanaya çatdıra bilməyiblər, yolda keçinib. Deməyim odur ki, sən yatdığın yerdə başına iş gəlməyib. Başqasının çəpərindən aşanda zədə almamısan. Heç kimin namusuna toxunmamısan. Əksinə, ananı, bacını, millətin namusunun qarovulunu çəkəndə, vətən yolunda sağlamlığını itirmisən. Sən əsl qəhrəmansan. Qəhrəmanlara həyatdan küsmək, taleyindən incimək yaraşmaz. Sən bu boyda travmadan sağ-salamat qurtarmısan, nəfəs alırsan, yaşayırsan. Əlin-ayağın yerindədir. İndi sənə yaraşan odur ki, müalicəni başa vurub həyata, mübarizəyə davam edəsən. Əzmkarlığınla hər kəsə örnək olasan. İndiyədək Azərbaycan əsgəriydin, bundan sonra Azərbaycan qazisisən. Aydındırmı sənə?
Ağ sarğıların altındakı baş təsdiq mənasında xəfifcə hərəkət etdi. Dodaqlar bir dəfə açılıb bağlandı. Amma nə səs gəldi, nə də fısıltı.
Çingiz doktorsa davam edirdi:
– Sənə dediklərimi sırğa elə, as qulağından. Burada hər kəs, həkimlər də, tibb bacıları da sənin ən yaxın adamlarındır. Vəziyyətin bir az yaxşılaşsın, səni təkrar əməliyyat üçün xaricə göndərəcəyik. Heç nədən narahat olma, dövlətimiz arxandadır, – deyib ayağa qalxdı. Humaya sarı dönüb Elnurun müalicəsinin gedişi barədə məlumat aldı. Birlikdə palatadan çıxdılar.
Günlər bir-birini sürətlə əvəz edir, ard-arda düzülüb həftələri, həftələr birləşib ayları yaradırdı. Artıq Humay Lətifəgilin həyətlərində illərdir kirayə yaşadığı otaqdan ayrılmış, hospitalla üzbəüz doqquzmərtəbəli panel binada tutduğu birotaqlı, təmirli və əşyalı mənzilə köçmüşdü. Digər xəstələr kimi Elnurun da səhhəti sürətlə yaxşılaşmaqda idi. Çingiz doktor söz verdiyi kimi, onun təkrar kranioplastika əməliyyatından ötrü xaricə göndərilməsi üçün sənədlərini hazırlamışdı. Orada Elnurun sadəcə alın sümüyü implantını dəyişməyəcək, həm də kosmetik əməliyyatla qulaqlarını, burnunu da bərpa edəcəkdilər. Elnurun valideynlərinə onunla bir nəfərin müşayiətçi qismində xaricdəki xəstəxanaya getməsi üçün xəbər verilsə də, onlardan heç bir cavab alınmamışdı. Yola salınacağı gün Çingiz həkim Humayı yanına çağırdı. Elnurun tibb sənədləri olan qovluğu və təyyarə biletini verərək:
– Götür uşağı, bir taksiynən apar aeroportdan yola sal. Orada hava limanında həkim briqadası qarşılayacaq, – dedi.
Humay qaşlarını çatdı:
– Doktor, valideynlərindən bir xəbər çıxmadımı?
Çingiz həkim qaşqabağını tökdü:
– Yox, çıxmadı. Özləri bilər, gəlmirlər, gəlməsinlər. Sən apar, hava limanının əməkdaşlarına təhvil ver, tapşır ki, təyyarəyə mindirsinlər. Qayıt gəl.
Humay:
– Oldu, həkim, – deyərək masanın üstündəki qovluğu və Elnurun sənədləri ilə biletini götürüb otaqdan çıxdı. Palataya gələrkən uçuş saatına baxıb hazırlaşmaqda olan Elnurdan:
– Hazırsanmı, qaqaş? – deyə soruşdu.
Onun yerinə əşyalarını yığan tibb bacısı cavab verdi:
– Bəli, həkim, hazırdır.
– Yaxşı, mən hospitalın önünə çıxıram, taksi danışam. Şeylərini də götürüb gəlin, – deyərək dönüb palatadan çıxdı.
Onlar aeroporta çatanda Elnurun uçacağı reysə minik başlanmışdı. Oğlanın çantasını baqaja verib biletini qeydiyyatdan keçirdi. Gömrük yoxlamasına qədər gətirib sənədlərini aeroportun əməkdaşına verərək, onu təyyarəyədək müşayiət etməsini xahiş etdi. Ayrılarkən Elnuru qucaqlayıb:
– Sağ get, salamat gəl, qaqaşım. Görəcəksən, hər şey yaxşı olacaq.
– İnşallah, həkim. Sizin yaxşılığınızı unutmayacağam.
– Bakıya qayıdanda xəbər verərsən, özüm səni qarşılamağa gələcəm.
Elnurun bu neçə ayda ilk dəfə dodaqları qaçdı. Humay onun sarğının altında üzünün gərildiyini, qaşlarının çatıldığını hiss etdi. Göz yuvalarından daşıb sarğını isladan yaşlar burnunun kənarlarında nəmli iz yaratdı. Humay gözlərinin dolduğunu gizlətmək üçün Elnurun əlini sıxıb:
– Di gecikmə, təyyarə uçar, başıma qalarsan, – deyə ərklə zarafat etdi. Aeroportun bayaqdan yanlarında dayanmış əməkdaşına:
– Zəhmət olmasa, kömək edin, – deyərək Elnuru işarə etdi.
Şəhərə gəlib çatdığında qaranlıq çoxdan düşmüşdü. O isə taksiyə minəndən ələnən göz yaşlarına hakim ola bilmirdi. Sürücüyə ağladığını hiss etdirmək istəmədiyindən yolboyu pəncərədən çölə baxır, avtomobilin qaranlıq salonunda yaylığı ilə gah gözlərini, gah burnunu qurulayırdı. Yadına orta məktəbdə oxuduğu vaxtlar düşdü. Ağ rəngdə keçiləri vardı. Yenicə doğmuşdu. O qədər zəif idi ki, anası bir müddət keçini çölə buraxmadı, evdə saxladı. Hər gün tezdən gətirib ayağından həyətdəki ağaclardan birinə hörükləyər, günortalar yanına vedrədə su qoyardılar ki, içsin. Keçi bir az özünə gəlib babatlaşdıqdan sonra yenidən sürüyə ötürdülər. Hər gün sürü çöldən gələn vaxtı qapılarının ağzına çıxan Humay ağ keçilərinin sürünün lap önündə gəldiyini görüb təəccüblənərdi. Bir gün keçiləri xəstələndi. Artıq nə çölə gedəcək, nə də hörükdə otlayacaq halı olmadığından elə tövlədəcə yatıb qalmışdı. Gülsarə keçinin başının üstündə dayanıb öz-özünə vaysınır: “Allah, bəs mən necə edim? Bunun balası hələ körpədir. Süddən kəsilən vaxtı deyil. Ölsə, balası necə olacaq?” – deyə dərdlənirdi. Günorta quzuları otarmağa aparan çoban hava isti olduğu üçün onları qaytarıb kəndə gətirmişdi. Gülsarəgilin çəpişləri də gəlib tövlələrinə girdilər. Humay yaxşı xatırlayırdı. Çəpişlərinin hamısının gəlib-gəlmədiyinə baxmaq üçün tövləyə gəldi. Ağ keçi yatdığı yerdəcə mələyirdi. Balası yanına gələndə ayağını qaldırmağa çalışdı. Elə anası kimi ağappaq olan çəpiş anasına yaxınlaşıb döşünü əmməyə başladı. Az sonra keçi ölmüşdü, amma balası hələ də onun döşündən süd əmməyə davam edirdi.
Dəsmalla göz yaşlarını silib:
– İlahi, bu həyatda bir keçi qədər də ana ola bilməyən qadınlar varmış, – deyə dodaqaltı deyinməyə başladı. – Ana olmaq, sadəcə, uşağı doqquz ay qarnında daşımaqla, ya da onu əmizdirməklə olmur. Ana olmaq bəzən qayğıkeş, bəzən fədakar, bəzən cəfakeş, bəzənsə hər üçü ola bilməkdir. Əsl ana o kəsdir ki, öz ömrünü, həyatını, hər şeyini övladına həsr etsin, onun yolunda bütün çətinliklərə sinə gərsin. Övladının bir an belə olsa xoşbəxt yaşaması üçün lazım gəlsə, canını verməkdən çəkinməsin. Yoxsa nə var elə bioloji ana olmağa? Hər kəs ehtirasının əsiri olub uşaq dünyaya gətirə bilər, hətta onu bəsləyib böyüdə də bilər. Amma bu o demək deyil ki, onlar da anadırlar. Yox, onlar ana deyillər, əksinə, ana adının ucalığına, müqəddəsliyinə ləkədirlər.
Taksi binanın qarşısında dayandı. Maşından düşüb sürücünün pulunu verdi. Artıq ağlamırdı. İti addımlarla yaşadığı blokun girişinə yönəldi.
Elnuru yola salıb qayıtdığı gecə gözünə yuxu getmədi. Elnurun valideynlərinin oğlanlarına olan münasibətlərini sorğulayır, “Ana necə olmalıdır?” sualına təkrar-təkrar cavab axtarırdı. Onun valideynləri ilə hospitalın qəbul şöbəsinin qarşısındakı ilk qarşılaşmalarından palatada ağlayıb hay-küy salmalarına qədər keçən on günü və bu müddətdə baş verən hər şeyi gözlərinin önündə canlandırmağa çalışırdı. Günahkar kim idi? Elnurmu, anasımı, oğlundan imtina edib qadınına uşağın dalınca gəlməyi qadağan edən atasımı? Bəlkə, heç birində günah yox idi. Günahkar elə tale, ya da insanları bu qədər rəhmsiz, bu qədər qəddar yaradan Tanrı idi? Hər dəfə qadın təəssübkeşliyi ilə ananı günahsız göstərmək üçün bütün suçu atasına atmağa çalışır: “Yazıq qadın neyləsin, yəqin, əri imtina edib, ona da oğlunun dalınca gəlməyi qadağan edib”, – deyə düşünməyə çalışırdı. Lakin tezcə də özü ilə razılaşmırdı: “Heç elə də şey olar? Mənim oğlum yaralı yatacaq, ərimin sözü ilə onu atıb dalınca getməyəcəm. Pulum olmasa, yük maşınları ilə gələrəm, piyada gələrəm, amma yenə də gəlib oğlumun yanında olaram. Bəlkə, burada nə yeyib, nə içər, harada qalar qorxusu qarşısını alıb?” – sualı ağzından çıxmamış elə özü də cavabladı:
– Məgər Mamaşanı görmədilərmi? O, illərdir burada nə yeyib-içirsə, o da ondan yeyib-içərdi. Mamaşa gecələri harada yatırsa, o da orada yatardı. Yox, bacı, sən o qadını təmizə çıxarmağa çalışma. Hətta atası nə qədər pis olsa da, günahkar olsa da, sinəsində qəlb daşıyan bir ananı heç vaxt, heç kim balasından üz döndərməyə məcbur edə bilməz. Həm niyə bütün suçu atanın boynuna yıxırsan? On gün gözümüzün qabağında idi. Yazıq fağır, dilsiz-ağızsız adama oxşayırdı.
– Onu fağır ilan vursun elə. Eşitməmisənmi, suyun lal axanı, adamın yerə baxanı?
– İndi sən qadın həmrəyliyi etməkdən yana, kişinin günahını alma. Əsl elə onun anası ifritəyə oxşayırdı. Eşitmədinmi, palatada necə özünü artistliyə qoyubmuş? Əlini atıb üz-gözünü cırıb, saçını yolub töküb yerə. Elə ağlayırmış, elə bil oğlu ölüb, yasıdır. Həkimlər sakitləşdirə bilmirmişlər.
– Hə, bacı, əslinə baxanda elə oldu da. Oğullarının yasında doyunca ağlayıb getdilər evlərinə…
– Nə isə yatmaq lazımdır, erkəndən durub gedəcəm işə.
Gecənin sakitliyində Papanin tərəfdəki həyət evlərindən gələn xoruz banı açıq pəncərələrdən keçib otağa doldu. Yatağında çevrilib çölə tərəf boylandı. Dan yeri sökülməkdə idi… Bayaqdan qır tiyanını andıran üfüq xətti artıq gümüşüyə çalırdı…
Bədii redaktor: Filologiya üzrə fəlsəfə doktoru, dos. Əminə İbrahimli
İxtisas redaktoru: Azərbaycan Silahlı Qüvvələrinin əməkdaşı, “Vətən uğrunda” medallı baş gizir Elbrus Nəsibov
Texniki redaktor: Rəşid Kərimov
AYB-nin üzvü, Prezident təqaüdçüsü, qazi-yazar Zaur Bayramoğlunun “Snayper” romanı oxucuların rəğbətlə qarşıladığı “Yalquzaq” romanının qəhrəmanı Humayın Birinci Qarabağ müharibəsində ağır yaralandıqdan sonrakı taleyindən bəhs edir. Uzunmüddətli müalicələrdən sonra Humay Azərbaycan Tibb Universitetində yarımçıq qoyduğu təhsilini davam etdirir, hərbi qospitalda əvvəl tibb bacısı, təhsilini tamamladıqdan sonra isə neyrocərrah kimi fəaliyyət göstərir. Lakin o, qeyrətli bir vətən qızı kimi itirilmiş vətən torpaqlarının, qisasını almağa and içdiyi, ermənilərin qan uddurduğu soydaşlarına, Elçininə verdiyi sözü tuta bilməməyin ağrısı ilə yaşayır. Bir gün başlanacağına ümid etdiyi ədalətli savaşa hazır olmaq üçün poliqonlarda, idman salonlarında usanmadan məşqlər edir. Və illər sonra Azərbaycanın Vətən müharibəsi başlayır. Humay necə, həyatının yeganə mənasına çevirdiyi bu müqəddəs arzusuna çatacaqmı?
“Vətən uğrunda” medalı ilə təltif olunmuş Xüsusi təyinatlı snayper Hüseynov Cavid Hümbət oğlunun əziz xatirəsinə ithaf edirəm.
Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün…
Hüseyn Nihal Atsız
Taksafon
I
Humay yatağında üzüquylu çevrilib yastığını sinəsinin altına çəkdi.
– Niyə yatmırsan, Humu?
– Nə bilim, ay Səidə, düşünürəm, – deyə pıçıldadı.
Səidə çarpayısında ona tərəf döndü:
– Dedim axı sənə, bundan sonra heç nə düşünmə. Mülki həyata, işinə-gücünə alışmağa çalış.
Humay çənəsi ovuclarının arasındaca uzanıb gözlərini yummuşdu. Sanki onu dinləmirdi, öz dünyasında idi. Dodaqları tərpəndi:
– Elçin gözlərimin önündən getmir…
Səidə bir anlıq susub dayandı, sonra yatağında üzüaşağı çevrildi:
– Humu, səni anlayıram, bax mənimki də şəhid oldu. Amma neyləmək olar, ölənlə ölünmür. Elçin yaraşıqlı oğlanıydı, ağıllıydı, savadlıydı, amma artıq aramızda deyil. Vətən yolunda, bizim üçün canını fəda etdi. İndi də layiq olduğu yerdə, cənnətdədir. Biz gərək həyatımızı onlara layiq, onların istəyəcəyi kimi yaşayaq. Elçin həyatda olsa, sənin həyatına necə davam etməyini istərdisə, gərək elə də davam edəsən. Bax buna deyərəm əsil sevgi, əsil sayğı!
–Mən bu iki ildə elə şeylər gördüm ki…
Səidə onun savaşı xatırlamasını istəmirdi.
– Gəlsənə sabah tələbə dostlarımızı yığım bir yerə. Görüşüb söhbət edər, dərdləşərik. İçlərində müdafiə edənlər var, dövlət qulluqçuları var, evlənib uşaq sahibi olanlar var. Hərə bir iş-güc sahibi olub… Hə, Humu, nə deyirsən? Tezdən yazım hamısına, işdən çıxanda görüşüb söhbət edər, hal-əhval tutarıq, – deyib gözucu dolabın üstündəki peycerinə baxdı.
Humay yatağında çevrildi. Bu dəfə gözlərini açmış, gecə işığının alatoranında ağappaq tavanı görməyə çalışırdı. Çilçırağın sönük ulduzlar kimi işıldayan büllur yarpaqlarını, onların kölgəsində gizlənmiş uzunsov lampalarını saydı. Yorğanını üstündə rahladı, handan-hana:
– Yox, Səidə, sabah bilet alıb getmək istəyirəm, – deyə dalğın-dalğın cavab verdi.
– Uşaqlar da səninçün darıxıblar. Sabah qal. Biri gün yola salaram, gedərsən.
Humayın dodaqlarında istehzalı bir təbəssüm dolaşdı. Qaşqabağını töküb:
–Siz görüşün. Bu gün-sabah evdən çıxalı üç il olacaq. Anamgilçün lap burnumun ucu göynəyir. Həm bir müddətlik Bakıdan uzaqlaşmaq istəyirəm, – dedi.
İkisi də susdu. Səidə yastığını başının altında çəkişdirib düzəldərək:
– Di gecən xeyrə qalsın, sabah danışarıq, – deyib yorğanı ilə çiynini örtdü, gözlərini yumdu.
Erkəndən qalxıb aviakassaya getdilər. Növbəyə durub axşam reysi üçün bilet aldıqdan sonra Mərkəzi Poçta yollandılar. Humay danışıq kabinəsinə gedib taksofonun dəstəyini qaldırdı, divardakı siyahıdan Naxçıvan poçtunun nömrəsini tapıb yığdı. ATS-dəki qıza evlərinin telefon nömrəsini dedi, xətti qoşmasını xahiş edib gözləməyə başladı. Naxçıvan poçtundakı qız Əbrəqunus, digəri Qazançı poçtunu birləşdirdi. Nəhayət, evlərindəki telefon zəng çaldı. Hər çağırış səsi ilə ürəyinin həmahəng döyüntüsünü hiss edir, həyəcanından yerində dura bilmirdi. Taksofonun iri qara dəstəyini gah bir, gah da digər qulağına söykəyir, anasının səsini həsrətlə gözləyirdi. “Bunun dəstəyi da əcəb ağırdır, lap qolum yoruldu”, – deyə fikrindən keçirib əlini dəyişərkən qulaqlıqdakı xışıltının içindən:
– Alo, ay bala, kimsən? Danış da, – deyən nənəsinin səsini eşitdi.
Görünür, o, bayaqdan dəstəyi qaldırmış, hətta bir neçə dəfə “alo” demişdi də. Xəstəxanadan çıxdıqdan sonra evə zəng vurmadığı üçün özünü qınadı, həyəcanla:
– Alo, nənə, mənəm, Humay. Necəsən? Anam necədi? – deyə birnəfəsə soruşub ikinci jetonu taksofonun baş tərəfindəki yarığa qoydu, dərhal da üçüncü jetonu barmaqlarının arasında hazır saxladı.
Xışıltının içindən gələn səs sevincək:
– Bıy, sənə nənən qurban, ay bala. Necəsən, hardan zəng vurursan? Neçə aydı səndən nigaran qalmışıq. Ağlamaqdan yazıq anan da bihal olub. – deyə birnəfəsə soruşdu.
– Bakıdayam, ay nənə, poçtdan zəng vururam. Yaxında gələcəyəm.
– İnşallah, bala, inşallah. Bilet almısanmı? Pulun-zadın varmı? Yoxdusa, göndərək.
– Var, ay nənə, narahat olmayın.
Dəstəyin o biri tərəfindən gələn hıçqırıqları eşitdi. Nənəsi dəstəyi anasına versə də, çəkilib getməmişdi. Gah savaşa bais olub qurulu düzənlərini pozanlara qarğıyır, gah nəvəsinin səsini eşidib tezliklə gələcəyinə görə sevinir, Tanrıya əl açıb şükür edir, “Sarı daş”a nəzir deyirdi.
Gülsarə qayınanasından dəstəyi alarkən bir müddət danışa bilmədi. Qəhərin yandırıb-yaxdığı qırtlağında səs telləri tərpənmirdi, sanki iflic olmuşdu. Gözlərini hər yumub-açdıqca bəndini yıxan dupduru sellər yanaqlarında iz qoyaraq axır, üz-gözünü isladırdı…
Ana ilə bala bir-birindən yüzlərcə kilometr aralıda olsalar da, bir-birilərini yan-yanaymışlar kimi anlayır, qəlblərindən keçənləri hiss edirdilər.
Gülsarə aylar boyu Humayın taleyindən xəbər tuta bilməyəndə artıq onun başına nəsə bir iş gəldiyini sövq-təbii hiss edirdi. Qonum-qonşudakı qadınların xəlvəti pıçıldaşmalarına səbəb olan şayiələr də ona qədər gəlib çatırdı. Artıq bir aydan artıq idi ki, yeganə övladının itkin düşməsi barədə xəbərlər yayılmışdı. Arabir rayon hərbi komissarlığına gedərək şayiələrin dəqiq olub-olmadığını öyrənmək istəyirdi. Ancaq içindən bir səs ona icazə vermirdi. Bəlkə də, alacağı qara xəbərə hazır olmadığından rayon mərkəzinə getməyə qorxurdu. Getdikcə öləziyən bir ümidlə qulağı səsdə, gözü yolda gözləyirdi. Eynən illər öncə Gilənin Ələsgərin yolunu gözlədiyi kimi… Gün ağarandan qaranlıq düşənə kimi ən azı on dəfə evlərinin böyründəki təpəyə qalxır, əlini gözlərinə sipər edərək yollara baxırdı. Ələsgəri bir gün gözləmişdilər, amma indi Humayı aylardır ki, gözləyirdilər. Gilə ayrı, Gülsarə ayrı gözləyirdi. “Nəs danışmağın düşər-düşməzi olar”, – deyə ikisi də qorxularını, həyəcanlarını bir-birindən gizlədirdilər. Üzlərinə-gözlərinə zorla verdikləri təbəssümlə bir-birilərini aldadıb, şayiələrdən bixəbər olduqlarını göstərməyə çalışırdılar…
İndi budur, Humay özü zəng eləmişdi. Sürətlə axıb gedən zamanı tutub saxlamaq istəyir, hər ana neçə kəlmə sığışdırmaq istəyirmişcəsinə tez-tez danışırdılar:
– Bala, bə neçə vaxtdı niyə bir zəng eləmirdin, heç olmasa, məktubdan-zaddan yazıb bizə bir xəbər vermirdin? Bilirsən ki, tək təknənin tək əppəyisən. Dalınca iki cüt gözü yaşlı qoyub getmisən. Heç olmasa, arada bir xəbər eləyərdin ki, ürəyimiz toxtaq olsun.
Humay anasının giley-güzarına haqq verib susur, çənəsi arabir açılıb-bağlansa da, ağzından tək kəlmə çıxmırdı. Sonuncu jetonu taksofona atanda burnunu çəkdi, əlinin arxası ilə gözlərini silib:
– Bıy, ay bala, çox şükür, səni şad xəbər olasan, – deyə sevincini gizlətmədi. – Bəs nə vaxt gəlirsən?
Humayın əli qeyri-ixtiyari çantasına getdi, üstünə toxunub biletinin yerində olub-olmadığını yoxladı. Əli ilə ehmalca oxşadığı çantasına göz atıb bir istədi ki, uçuş saatını desin, tezcə də fikrini dəyişib:
– Darıxma, anacan, ən qısa müddətdə gələrəm, – dedi.
Sağollaşıb dəstəyi asdıqdan sonra çantasından kənarları haşiyəli yaylığını çıxarıb gözlərini sildi. Danışıq kabinəsindən çıxıb Səidəni görmək üçün ətrafına boylandı. Addım səsləri eşidib arxaya dönəndə göz-gözə gəldilər. Səidə gülümsünərək: “Sən danışana qədər dedim qaçım, xalama bir-iki hədiyyə alım”, – deyib əlindəki paketləri göstərdi.
– Hədiyyəyə nə ehtiyac varıydı, bəsdi də bu qədər xəcalət verdin.
– Sən xalamla mənim arama girmə, oldumu? Bakıya qayıdanda o da mənimçün nə qoysa, gətirərsən.
– Xeyir ola, poçtalyonam sizinçün? – Humay zarafatla deyib Səidəyə sarıldı. – Sənin kimi rəfiqə hər şəhərdə bir adamın payına düşər, Bakıda da mənim payıma düşüb.
– Yaxşı, yaxşı, tələs, gecikərik.
Birlikdə poçtdan çıxıb Səidənin avtomobilinə əyləşdilər. Evə gedib Humayın əşyalarını götürərək aeroporta yollandılar. Suraxanı dairəsini keçdikdən sonra Humay qəmgin gözlərlə günəşin altında qara ayna kimi parıldayan mazut gölməçələrini süzdü. Ətrafa yayılan boğucu iyin qarşısını almaq üçün şüşəni qaldırdı.
Səidə şəhərin girişində yolboyu uzanıb gedən gölməçələrə işarə edib:
– Üzünü turşutma, ay Humu, bunlar neft və milyonlar səltənətinin vizit kartıdır, – dedi.
II
Humay “AN-25” yük təyyarəsinin pəncərəsinin kənarındakı narıncı oturacaqda əyləşərək çiyninin üstündən boylanıb aşağı baxır, Batabatdan başlayaraq ta aeroportun üstünədək bir-birini əvəz edən boz dağları, yamyaşıl kəndləri, təpələrin arası ilə burula-burula gedən asfalt və torpaq yolları seyr edirdi. Təyyarə şəhərin üstünə çataraq şaqqıltı ilə təkərlərini açdı. Dönmək üçün sol qanadının üstünə əyiləndə Humay aşağını yaxşı görə bilmək üçün başını pəncərənin şüşəsinə yaxınlaşdırdı. O, gözlərini qırpmadan şəhərin çoxmərtəbəli evlərini, dümdüz küçələrdə şütüyən avtomobilləri, parklarda, bağçalarda gəzən adamları seyr edirdi.
Ürəyi atlandı. “Şükür qovuşdurana, artıq evimdə, doğma Naxçıvanımdayam”, – deyə fikirləşib alnını pəncərədən çəkdi. Ortalığa yığılmış yüklərin arasından çantasını tapıb götürdü, dizlərinin üstünə qoyaraq enəcəyi anı gözləməyə başladı. Budur, artıq təyyarə də yerə enmiş, meydanda fırlanaraq nəzərdə tutulmuş dayanacağa yan almağa çalışırdı.
Humay mühərriklərin gurultusundan və aşağı təzyiqdən batan qulaqlarını açmaq üçün bir neçə dəfə udqundu. Keyiyən çənəsini açıb-bağlayaraq barmaqları ilə ovuşdurdu. Təyyarədən enib hava limanının çıxışına gəldi. Taksilərdən birinə yaxınlaşıb sürücüdən onu Milax kəndinə aparmasını xahiş etdi. Qiymətdə razılaşıb yola düşdülər. Ərəzin yoxuşunu qalxarkən batmaqda olan günəşin şüaları arxadan avtomobilin salonuna dolur, Humayın boynunu, çiyinlərini isidib ilıq su kimi bədəninə yayılırdı…
Kəndlərinə gəlib çatanda qaranlıq yenicə düşsə də, hələ əl-ayaq çəkilməmişdi. Sürücüyə yolu göstərib maşını qapılarına sürdürdü. Mənzil başına çatdıqda taksini əylədib pulunu verərək endi. Yük yerindən çantasını götürüb həyət qapısını açdı.
Gülsarə tövlədəki beş-altı keçidən sağdığı südü götürərək evə getmək istəyrdi ki, darvazanın yanında dayanan avtomobilin səsinə ürəyi atlandı. Tez əlindəki süd dolu vedrəni dirəkdən asıb qapıya yönəldi. Qəlbində bütün hisslər bir-birinə qarışmışdı: sevinc, nigarançılıq, qürur və həsrət. Görəsən, gələn kim idi? Gözünün ağı-qarası, tək balası Humay idimi? Yoxsa qonşuları Xeybər kişinin tez-tez gəlib-gedən qonaqlarından biri idimi? Humay sürücüyə təşəkkür edəndə səsini eşidib tanıdı. Beş-altı metrlik yolu bircə anda quş kimi şığıyıb keçərək əlini darvazanın toxmağına atdı. Humay çöldən qapını çəkdiyi üçün əli boşa gedən Gülsarə bir anda onunla qarşı-qarşıya qaldı; İlahi, bu ucaboylu, incə, zərif qız, bu dünyalar gözəli onun qızı, Humayı idimi? Ah, görməyəndən bəri nə qədər də böyüyüb, necə də dəyişilib, gözəlləşmişdi… Bircə addım önə atıb qızını, doğma balasını qucaqlayıb bağrına basmaq, doya-doya öpüb qoxulamaq istəyirdi. Amma sanki illər öncə evin kandarında Ələsgərlə qarşılaşanda olduğu kimi, gözəgörünməz bir qüvvə onu yerə mıxlamışdı, tərpənməyə qoymurdu. Bu Humay da necə insafsızmış. “Heç olmasa, o, yaxın gəlib sarılaydı”, – deyə ürəyindən keçirdi. Ana ilə bala hərəsi açıq darvazanın bir tərəfində dayanıb bir-birilərinə baxır, gözlərindən daşan sellər yanaqlarından süzülüb axırdı. İkisinin də ürəyi sona yetən həsrətin sevincindən döş qəfəsində dura bilmir, qabırğalarını çəkic kimi döyəcləyir, sındırıb çıxmağa yer axtarırdı. Gülsarənin öncə sevdiyinin, sonra balasını itirməyin həsrətindən yanıb-qovrulmuş, zəif düşmüş qəlbi dözə bilmədi. O özündən gedib balasının qollarına yıxılarkən güclə adını çağıra bildi:
– Humu…
Humayın illərdir həsrət qaldığı bu tək kəlmə, adının atası tərəfindən edilmiş qısaltması qulaqlarında səslənəndə özünə gəldi. Ani həmlə ilə çantasını kənara atıb həyat lentinin yavaşladılmış axarında qolları boşalan, dizləri qatlanan anasını qucaqlayıb tutdu. Üzündən-gözündən öpərək:
Gilə səs-küyə aynabəndin qapısından çıxdı. Humayı görəndə: – Allah, sənə çox şükür, Allah, sənə çox şükür, nəzir-niyazım qəbul oldu, nəvəm gəldi, Allah, sənə çox şükür! – deyərək nəvəsinə yetişmək, öpüb-qoxulamaq üçün tələsdi. Sevincindən əli-ayağı bir-birinə dolaşdığından on-on beş metrlik yol bitib-tükənmirdi. Gəlib yanlarına çata bilmirdi ki, bilmirdi. Humay nənəsinə səslənib:
– Nənə, su gətir, anamın ürəyi getdi, – deyə kömək istədi.
Gilə yolüstü qarşısına çıxan dolçanı içində su varmı, yoxmu, baxmadan götürüb onlara tərəf gəldi. Lakin o, yanlarına çatmadan Gülsarə ayılıb özünə gəlmişdi. Ayaq üstə dayanmağa taqəti olmadığından Humaya:
– Bala, qoy bir hovur oturum, – deyib yaxınlıqdakı kötüyün üstündə əyləşdi.
Nənəsi ilə qucaqlaşıb-öpüşən Humay anasının qolundan tutub:
– Gəl, anacan, gəl gedək evimizə. Sizdən yana elə darıxmışam ki, lap burnumun ucu göynəyir, – deyərək açıq qalmış darvazanı çəkib örtdü.
Gilə:
– Bala, şükür ki, sağ-salamat gəldin. Aylardır burada sənsiz nə gün çıxır, nə ay batır. Qaranlıqda tək qalmış uşaq kimi nəfəs almaqdan qorxa-qorxa yolunu gözləmişik. Son beş-altı aydır nə bir xəbər almışıq, nə bir kağız. Adamın ağlına hər cür şey gəlirdi. Genə şükür, sağ-salamat gəldin, – deyə üzünü ağacların üstündən boylanıb ətrafı gümüşü işığa qərq edən dolunaya tərəf çevirdi. Salavat gətirib nəvəsinin çantasından tutdu, – gəlin, gəlin gedək evə.
Aynabəndə çatanda Gülsarə qapını açıb Humaya:
– Keç, qızım, keç, – deyib onu irəli ötürdü. Stolun üstündə yanan lampanın işığında saata baxıb, – indi harda olsa, işıqları yandıracaqlar, – dedi.
Nənə ilə nəvə keçib masanın ətrafında əyləşərkən Gülsarə pilətənin üstündə qaynayan çaydanı götürüb çay dəmlədi. Sevindiyindən nə edəcəyini bilmir, əli ayağına dolaşırdı. Humay onun qolundan tutub yaxına çəkdi, əlindən, saçlarından öpüb:
– Hələ gəl otur, danışaq, dərdləşək. Bir azdan özüm durub çay da dəmləyəcəm, yemək də hazırlayacam. Gəl otur, – deyib stula tərəf çəkdi.
– Ay bala, belə olmaz axı. Yoldan gəlmisən, acsan, susuzsan.
– Heç nə lazım deyil, bayaq Səidə ilə aeroportda restoranda əyləşib yemək də yemişik, çay da içmişik, – deyə stuldan qalxıb pəncərəyə tərəf gedən nənəsinə səsləndi: – Ay nənə, hara belə?
Gilə pəncərədən götürdüyü meyvə tabağını gətirib masanın üstünə qoyaraq:
– Hamısı öz həyətimizdəndir. Bu gün səninlə danışandan sonra anan yığıb gətirib ki, nə vaxt gəlsən, yeyəsən, – dedi.
– Kənddə nə var, nə yox, ay ana, salamatlıqdırmı? Qohum-əqrəbadan ölüb-itən yoxdur ki? Evlənən, ali məktəbə girən? – deyə soruşub sual dolu gözlərini anasına dikdi. Kənddən uzaq qaldığı illər ərzində baş verən hər şeyi bir anda bilib-öyrənmək istəyirdi.
– Qohum-əqrəbada şükür, salamatlıqdır. Cavanlardan evlənənlər var. Ölüm-itim də deyəndə ki, ay bala, ölüm yaşlılar üçündü, Allah cavanlara dəyməsin, – deyib boynunu bükdü, gözlərini endirdi.
– Cavanlara nə olub ki?
– Nə bilim, ay bala, sən özün də odun-alovun içindəydin, qara xəbəri yazmağa adamın əli gəlmir.
Humay qaşlarını çatıb anasına baxdı, narahatlıqla yerində qurcuxdu. Gülsarə tərəddüdlə də olsa. sözünə davam etdi:
– Keçən il Cəmaləddin şəhid oldu, bu ilsə Nəcməddin.
Ondan iki-üç yaş balaca olan bu oğlanların məktəbli vaxtları Humayın gözlərinin önünə gəldi. İkisi də ağıllı, mehriban uşaqlar idilər. Astaca: “Heyif onlardan, məkanları cənnət olsun”, – dedi. Göz bulaqlarında tumurcuqlanan yaşlar şişib-böyüdü, yanaqlarından enişə yuvarlandı.
Gilə köks ötürərək ona təsəlli verməyə çalışdı:
– Ağlama, ay bala, ta neyləyək, müharibə harada say-seçmə oğullar varsa, hamısını seçib apardı…
III
Humay ertəsi gün erkəndən qalxıb ailəsi ilə birlikdə yaxınlıqdakı məzarlığa yollandı. Atasının, bacısının və babasının yan-yana düzülmüş məzarlarını ziyarət edib dua oxudular. Bir-birilərinə sarılıb ağladılar. Onlar sadəcə Salahı, Ələsgəri, Dürdanəni ağlamırdılar. Həm də öz talelərinə, yarımçıq qalmış sevgilərinə, iki yaşlı qadının ikinəfərlik həyatının məhrumiyyətlərinə təkbaşına sinə gərmələrinin çətinliklərinə ağlayırdılar. İnsan həyatının müxtəlif dönəmlərini təmsil edən bu üç qoca, orta yaşlı və gənc qadın eyni anda qarışıq emosiyaların harmoniyasını yaşayırdılar. Gilə atasına, nakam köçən oğluna və həyatının baharında ayaz vurmuş çiçək kimi solub-gedən nəvəsinin dərdinə, həm də bir ocağın tək çırağı olan Humayın odun-alovun içindən sağ-salamat gəlməsinin sevincinə ağlayırdı. Gülsarə bir dekabr günü çovğunun həyatından alıb apardığı sevgisinə, həyat yoldaşına və onun yadigarına, Dürdanəsinə muğayat ola bilməməyinin peşmanlığı ilə özünü paralayır, həm də göz yaşları ilə iki ildir ki, müharibə adlı cəhənnəmdən sağ-salamat dönən Humayının gəlişini məzar daşlarına müjdələyirdi. Dodaqlarından ard-arda: “Ələsgər, rahat yat, Humumuz sağ-salamat evinə döndü”, – kəlmələri süzüldü. Humay babasının, atasının və bacısının yoxluğuna nə qədər üzülüb ağlayırdısa, ən azı o qədər də uzaqlardakı məzarlarda, bəziləri isə vətən torpağında məzarsız yatan Elçinə və neçə-neçə qəhrəman döyüşçülərimizə, hər biri qala burcu kimi pəhləvan oğullarımıza, erməni barbarları tərəfindən vəhşicə qətl edilən analarımıza, bacılarımıza, körpələrimizə ağlayırdı. Elə burada – atasının, babasının və bacısının məzarı üstündə düşmən arxasındaykən gördüyü dəhşətlər gözlərinin önündə canlanır, üzünün dərisi soyulmuş, gözləri oyulmuş körpələrə verdiyi sözləri xatırlayır, gözlərindən sular-sellər boşalırdı. Gilə və Gülsarə onun hönkürə-hönkürə ağlamasından, sel kimi axan göz yaşlarından, rənginin getdikcə sozalmasından qorxub:
– Ay qız, daha bəsdir ağladın, qalx gedək evimizə. Nə edə bilərik, atanın, bacının taleləri də belə, alın yazıları bu qədər imiş, qalx, qalx gedək evimizə, – deyir, onu səhərin alaqaranlığında məzarlığa gətirmələrinin verdiyi peşmanlıqla yanıb-yaxılırdılar. Amma nə anası, nə də nənəsi Humayın gözlərindən axan yaşların adi göz yaşları olmadığını bilmirdilər. Humay iki il boyunca döyüş yoldaşlarından fərqlənməmək, hətta yeri gələndə onlara nümunə ola bilmək üçün hisslərini, duyğularını basdırmış, göz yaşlarını içinə axıtmışdı. İndi burada, atasının məzarı üstündə daha öz mərdliyi, mətanəti ilə kiməsə nümunə olmasına gərək yoxdu. Kimsə ona baxıb qorxmayacaq, kimsə ondan örnək alıb cəsarətlənməyəcək, kimsə onun varlığı ilə ağrılara-acılara sinə gərməyəcəkdi. Artıq iki ildir, özünü saldığı qəlibdən, qorxmazlıq, cəsarət simvolu olma rolundan sıyrılıb özünə, qadınlığına, zərifliyinə dönmüşdü. İndi göz yaşlarının önündə qurduğu sədd yıxılmış, duyğularının önündəki bənd dağılmışdı.
Ürəkləri boşalıb gözlərinin yaşı quruduqdan sonra evə döndülər. Yolda Gilə onlardan ayrılaraq:
– “Sarı daş”a gedirəm, piltə yandıracam, – deyib getdi.
Humayla Gülsarə evə döndülər. Qızın gəlişindən xəbər tutan qonşular bir-birilərinə xəbər verir, ikibir-üçbir Gilənin evinin yolunu tuturdular. Günortaya yaxın evdə iynə atsan, yerə düşməzdi. Humayın gəlişindən xəbər tutan kənd Giləgilə axışırdı. Qonaqlar evə sığmadığından qadınlar ikigözlü möhrə evdə, ya da evin önündəki aynabənddə, kişilərsə həyətdə, yaxınlıqdakı məktəbdən gətirilən stullarda əyləşib söhbətləşir, cavanların süzüb önlərinə qoyduqları çaylarını içirdilər. Aralarında ailəyə yaxın olanlar Humayın müharibədəki qəhrəmanlıqları haqqında eşitdikləri hadisələrdən danışır, ətrafdakı uşaqlarsa eşitdikləri söhbətlərin birinin üstünə beşini qoyub şişirdərək bir-birilərinə anladırdılar.
– Humay erməninin generalını vurduqdan sonra mühafizəçilərini də öldürüb, generalın da başını kəsib gətirib atıb komandirinin ayaqlarının altına.
Digər bir uşaqsa:
– Müharibənin dayandığı gün Tərtər tərəfdə döyüşdəymişlər. Tank əleyhinə idarə olunan raketin heyəti gənc əsgərlərdən olduğuna görə əməlli ata bilmirmişlər. Humay nişançını kənara çəkib özü üç düşmən tankını vurub. İndi ona görə məzuniyyətə buraxıblar, – deyə sirli bir qürurla yorulmadan anladırdı.
Bir başqası isə Humayın Ömər aşırımında donmaqdan xilas etdiyi əsgərlərimizdən, onun “Loğman ana” adlandırıldığından danışır, hamısı ürəkdən qürurlanırdılar.
Günorta avtobusu ilə ətraf kəndlərin sakinləri də Humayın ziyarətinə gəlməyə başladılar. Qonşuluqdakı yeddi para kəndin camaatı bir-biri ilə qaynayıb-qarışdığından xeyirdə-şərdə mütləq iştirak edir, bir-birilərinin sevincləri ilə şadlanıb, dərdləri ilə üzülürdülər. İndi də o ətraf kəndlərin sakinləri Giləyə, Gülsarəyə gözaydınlığı vermək, Humayı cəbhədəki xidmətlərindən ötrü təbrik etmək üçün axın-axın gəlirdilər. İlk iki gündən sonra gələnlərin sayı azalmağa başladı. Üç-dörd gün sonra qohum-əqrəba xaric, gəlib-gedənlərin ayaqları kəsildi. Hər kəs ən azı bir dəfə ziyarət etmiş, ürəyində nə qədər xoş söz, xoş dilək vardısa, deyib getmişdi…
Ailəsi ilə baş-başa qaldıqdan sonra Humay öncə kəndlərindəki Şəhidlər xiyabanını, sonra da şəhidlərin ailələrini ziyarət etdi. Evlərinə gələndə anasından cəbhəyə getmədən Səidənin vasitəsilə göndərdiyi kitabları gətirməsini xahiş etdi.
– Humu, anan qurban, hələ bir-iki gün dincəl, bir az özünə gəl, sonra istədiyin qədər oxuyarsan.
– Yox, ana, iki ildir ki, universitetdən ayrıyam, gərək keçdiyimiz mövzulardan bacardıqca təkrar edim ki, növbəti kursda çətinlik çəkməyim.
Anası üzdə etiraz etsə də, qəlbində Humayın oxumaq, öyrənmək eşqinin sönmədiyinə sevinirdi. Qızını qucaqlayıb bağrına basdı, yanaqlarından öpüb: “Həkim balam”, – deyə pıçıldadı, azca geri çəkildi. Onu diqqətlə süzməyə başladı. Eynən körpəliyində, Gilə ona atası evinə dönməsini təklif edəndə olduğu kimi, Humay onun sinəsinə düşmüş hörüyü ilə oynayır, o isə qızının üzündə Ələsgərini axtarırdı. “İlahi, kirpikləri, gözləri, ağzı, burnu, dodaqları eynən Ələsgərdi, – deyə ürəyindən keçirdi, – elə ağlı, zehni, oxumaq, öyrənmək həvəsi də eynən atasıdır”.
Humay anasının sevgiylə parlayan gözlərinə, təbəssüm dolu dodaqlarına, məsum duruşuna baxıb:
– Nə olub, anacan, niyə elə baxırsan? – deyə soruşdu.
– Heç, quzum, səni verənə, sağ-salamat bizə qovuşdurana şükür! – deyə gülümsəyərək cavab verdi.
Günortadan sonra Humay kitablarının içindən bir neçəsini seçib götürdü, dəftər-qələmini də yanına alıb kəndin kənarındakı bağlarına yollandı…
Artıq o, hər gün səhər erkəndən qalxır, günortaya qədər ev işlərində anasına yardım edir, günortadan sonra kitab-dəftərini çantasına qoyub bağa yollanırdı. Burada günəş batıb qaranlıq düşənədək dayanıb-dincəlmədən oxuyurdu. Bəzən oxuduqlarından qeydlər götürür, dörd il boyunca Tibb Universitetində öyrəndiklərini təkrar etməyə çalışırdı.
Meyvə ağaclarının altında, yumşaq yaşıl otların üstündə oturub dərs oxumaq onun əhvali-ruhiyyəsinə yaxşı təsir göstərir, yaxınlıqdan axan Əlincə çayının qıjıltısı əsəblərini sakitləşdirirdi.
Bəzən gözləri kitabın sətirlərinə baxsa da, fikri uzaqlara gedir, xəyalı aylar, illər öncəsinə qayıdırdı. Yeniyetməlik, ilk gənclik dövrləri yadına düşür, qızlarla çeşmədə, çay kənarında oynayıb-əyləndiyi günləri xatırlayırdı. Sinif yoldaşları onlara hər 8 Martda nərgizdən, bənövşədən düzəltdikləri çiçək dəstələrini gətirir, bəzən yanlayıb aşağı siniflərdən aşiq olduqları qızlarla aralarını düzəltmələrini xahiş edirdilər. Bəzən institutda oxuduğu günləri xatırlayır, ogünkü əhvali-ruhiyyəsinə görə hərdən bir hadisə yadına düşürdü… Ən çox Elçinlə bağlı xatirələr gözlərində canlanırdı. Belə olduqda saatlarca bardaş qurub oturduğu yerdəcə üzünü ovuclarının arasına alıb sakitcə qalır, yerindən tərpənmirdi. Ona çay gətirən anasının, ya da yoldan keçərkən salam verən birinin səsindən, ya da yoldan ötən heyvanların birinin mələrtisinə, böyürtüsünə səksənib özünə gələnədək eləcə heykəl kimi qalırdı.
Anası onu bu halda görəndə ürəyi sıxıldı, başını qucaqlayıb bağrına basaraq:
– Nə olub mənim gözəl qızıma, yenə nə düşünürsən ki, bikefləmisən? – deyə soruşdu.
– Heç, ana, heç nə düşünmürəm.
Gülsarə qızının inadkar xarakterinə bələd olduğundan daha bir söz demədən ovcunun içi ilə onun yanaqlarını quruladı:
– Bax, sənə çay gətirmişəm, süzüm, iç, – deyə stəkanı termosdakı buğlanan çayla doldurub Humayın qarşısına qoydu.
Humay qənddandan bir konfet götürdü, yarısını dişləyib, çayından bir qurtum aldı. Ağzı yandı, üzünü büzüşdürüb qaynar çayı udmağa çalışdı.
Anası:
– Can, can, ay bala, allah məni öldürsün! Gözlə soyusun da, – deyə narahat oldu.
– Nə bilim, ay ana, qaynar ola biləcəyini düşünmədim.
– Diqqətli ol, başına dönüm… Nə vaxt bura gəlirəm ki, fikirlisən. Heç bilmirəm bağa dərs oxumağa gəlirsən, yoxsa keçmişdə baş verənləri düşünüb dərdlənməyə…
Humay əlindəki stəkanı nəlbəkiyə qoydu, dizlərini qarnına çəkib ayaqlarını qucaqlayaraq çənəsini dizlərinə söykədi. Gözlərini çayın o tərəfində yüksələn sərt yamaclı qumsal dağlara zilləyərək:
– Heç mən özüm də bilmirəm, ay ana… Kitabı önümə qoyuram ki, dərs oxuyum, bir neçə səhifədən sonra yazılar itir, yaşadıqlarım başlayır gözlərimin önündən axmağa. Hansı səhifəni çevirirəmsə, eyni şeyi görürəm, – savaş, qan, göz yaşı…
Gülsarə qızının saçlarını öpüb qoxlayaraq:
– Hər şey arxada qaldı, qızım, savaş da, qan da, göz yaşı da,– deyə onu sakitləşdirməyə çalışdı. – Bax, artıq evimizdəsən, çox şükür, sevinc var, xoşbəxtlik var. İndi dünyada məndən, Gilə nənəndən bəxtəvər heç kim ola bilməz.
Humay başını əyib anasına söykədi, qolunu boynuna salıb onu qucaqladı:
– Elə deyil, anacan, mənim düşüncələrim nə özümüzlə, nə evimizlə bağlı deyil.
Gülsarə onu yaxşı anlasa da, sakitləşdirmək, təsəlli etmək istədi:
– Bilirəm, ağıllı qızım, anan sənin nə çəkdiyini, qəlbindən nələr keçdiyini anlayır, başa düşür. Deməyim odur ki, özünü öldürməklə deyil, ölənlə ölmək olmur, gözəl qızım. Neyləmək olar, Dilavər dayının bir yaxşı sözü var: “Dərd insan üçündür…” Həm də yaşadığımız hər şeydə alın yazımızın, taleyimizin bir payı var.
– Məsələ, sadəcə, Elçin deyil. Mən müharibənin yarımçıq qalması ilə barışa bilmirəm… Bu savaşda təbliğat-təşviqat işləri düzgün təşkil olunmadığından insanlar nə ordumuz, nə də cəbhədəki vəziyyət barədə yetərincə məlumatlandırılmadılar. Nəticədə də millət-ordu birliyi alınmadı və biz uduzduq… Yəni bu günün işini sabaha saxladıq… Bizim hələ alınacaq qisasımız, azad olunacaq torpaqlarımız var, ana…
Gülsarə qızının saçlarını oxşayıb:
– Anan qurban, sən hələ cavansan, qanın qaynayır. Bir də özünü mənim kimi gözü yolda, qulağı səsdə qalan anaların, evinə bayrağa bükülü tabut gələn valideynlərin yerinə qoy. Müharibə bitsin deyə hamının əli duadaydı.
Humay başını anasının çiynindən qaldırıb üzünə baxdı. Baxışlarıyla yaylığın altından çıxmış saçlarını oxşayıb boynunu qucaqladı. Onun üzündəki təbəssümü görcək, Gülsarənin eyni açıldı:
– Anan qurban, qalx gedək evimizə, bu gün oxuduğun daha bəsdir.
– Nə bilim, ay ana, mənimçün fərqi yoxdur, ürəyiniz nə istəyir, bişirin.
Gülsarə getdikdən sonra Humay bütün diqqətini kitaba cəmləyib oxumağa başladı. Səhifələri diqqətlə oxuyur, bəzi yerlərdə sətirlərin altından xətt çəkib işarələyir, bəzi abzasları dəftərinə köçürürdü. Toran düşüb hərfləri seçə bilməyəndə ayağa qalxdı, dəftər-kitabı toplayıb çantasına yığdı, evin yolunu tutdu.
Bir neçə gün sonra yenə Humay bağda dərsləri üzərində çalışır, kitablarını oxuyurdu. Axşam tərəfi idi. Xəfifdən əsən meh ağacların yarpaqlarını bir-birinə sürtüb xışıldadır, qurdlanıb xarab olmuş almalar, armudlar saplaqlarından üzülüb yerə düşürdülər.
Humay başını qaldırıb yarpaqların arasından ala-tala görünən səmaya baxdı. Hər tərəfdən gələn buludlar bir nöqtədə sıxlaşıb burulğan yaradır, ağ buludlar qara rəngin müxtəlif tonlarına bürünürdülər. “Deyəsən, yağacaq”,– deyə düşünüb, gözlərini səmadan çəkdi. Kitablarını toplayıb çantasına yığdı. Səidəyə məktub yazmaq üçün dəftəri götürüb ortasından vərəq çıxardı. Çantasının üstünə qoyub: “Nə yazım?” – deyə düşündü. Bir tərəfdən də yaxınlıqdan axan çayın qıjıltısına fikir verir, məktubla çayın melodiyasını eyni notlarda birləşdirməyə çalışırdı.
“Əziz Səidəm, salam. Necəsən? Səni Milax kəndindən, Əlincə çayının daşlara vurub ətrafa yayılan qıjıltısı altında sevgiylə salamlayır, hər gününün bir öncəkindən gözəl keçməsini diləyirəm. Bizim buralarda havalar xoş, temperatur əladır. Ümid edirəm ki, Bakıda, Abşeronda da eynən bizimki kimidir. Mən kəndə gələndən sonra üç-dörd gün başım qohum-əqrəbayaa, qonaqlara qarışdı. Sonrakı günlərdə iki il öncə kəndə göndərdiyim kitabları götürüb oxumağa başladım ki, həkimliyə aid unutduğum şeylərin, heç olmasa, bir qismini yenidən xatırlayım. Keçən həftə şəhərə getmişdim. Əcəmi seyrəngahını, Xan sarayını gəzdim. Möminə xatun türbəsini ziyarət etdim. Sonra kitabxanaya getdim və travmatologiyaya aid tapa bildiyim kitabları aldım. İndi alma ağaclarının altında əyləşib həmin kitabları oxuyuram. Əgər alınarsa, gələn həftənin sonuna doğru gəlməyi planlaşdırıram. Səndən xahiş edirəm ki, mənimçün hospitalın yaxınlığında kirayə evlərlə maraqlanasan. Həm universitetə bərpa olunub təhsilimi davam etdirmək, həm də hospitala işə düzəlib tibb bacısı işləmək istəyirəm.
Yaz görüm, sən necəsən, işlərin necə gedir? Ümid edirəm ki, səndə də hər şey yaxşıdır. Anana məndən çoxlu salam-dua de.
Hörmətlə, Humay.
Milax, 26 iyul 1994-cü il.”
Məktubu bitirib qatladı, dəftərin içinə qoyaraq dodaqaltı:
– Evə gedəndə zərfə qoyub poçtdan yola salaram, getsin. – Və qaşlarını çatıb: – Bəlkə, elə mən özüm məktubdan qabaq çatdım, – deyə düşününcə dodağı qaçdı.
O, ayağa qalxıb üst-başını düzəltdi, üz-gözünə, sinəsinə tökülmüş saçlarını toplayıb kürəyinə atdı. Çantasını çiyninə keçirib bağın qapsağına yönəldi. Artıq yağış çisələməyə başlamışdı. Yola çıxıb iti addımlarla evlərinə doğru irəlilədi. Yağış damcıları saçlarına, çiyinlərinə düşüb isladır, alnına, yanaqlarına toxunub bədəninə sərinlik yayırdı. Otlaqdan qayıdan quzu sürülərinin yanından keçdi. Azyaşlı çobanlarla salamlaşıb mələşən quzuları, çəpişləri baxışları ilə oxşadı. “Kaş mən də bu uşaqlar kimi dərdsiz-qayğısız olaydım”, – deyə ürəyindən keçirib ah çəkdi.
Evlərinə yaxınlaşarkən anası ilə rastlaşdı. O, Humayın kapyuşonlu köynəyini də götürüb ardınca gəlirdi:
– Köynəyini gətirirdim ki, islanmayasan.
– Ehtiyac yoxdu, ay ana, kəsək deyiləm ki, islanmaqdan qorxam.
– Yenə də olsun, ay bala. Al, at çiyninə, – deyib köynəyi Humaya uzatdı.
Humay köynəyi almadı. Dayanıb başını yuxarı qaldıraraq gözlərini yumdu. Yağış damcıları üzünə, göz qapaqlarına düşür, çənəsindən süzülüb boynunu, boğazını isladırdı. Gülsarə havada qalmış əlini geri çəkib qızına baxdı. Onun dodaqları kədər qarışıq təbəssümlə büzülmüşdü. Və bu təbəssümdə nələrin, hansı hisslərin gizləndiyini Gülsarə heç vaxt bilməyəcəkdi…
Anasının məktubu kənd poçtundan yola salmasından beş gün keçirdi. Humay artıq kitabxanadan gətirdiyi bütün kitabları oxuyub-bitirmiş, dəftərinə xeyli lazımi qeydlər etmişdi. Erkəndən qalxıb geyindi, kitabları çantasına yığaraq:
– Mən bu gün gedim kitabxanaya, kitabları qaytarım, Bakıya bilet alıb gəlim.
Gülsarə nə edəcəyini bilmədən çarəsiz-çarəsiz etiraz etdi:
– Ay bala, biz heç sənə doymadıq axı…
Gilə də gileyləndi:
– Üç ildir, uzaqlardasan, gəldiyindən bəri də iki gün üzünü göstərdin, sonra gedib dadandın bağa ki, dərs oxuyuram. Biz heç səni doyunca öpüb-qoxulaya bilmədik. Doyunca danışıb dərdləşə bilmədik. İndi də çıxıb getmək istəyirsən. Ay rəhmətliyin qızı. Qal bir doyunca üzünü görək də.
Humay onları sonunadək dinləyib saatına baxdı. Qaşlarını çataraq:
– Elə bu gün getmirəm ki. Hələ bilet alacam. Daha neçə gün burada qalsam, söz verirəm, bütün vaxtımı sizə ayıracam, – deyə onları sakitləşdirməyə çalışdı.
Gülsarə bu qaş çatmağın mənasını anladığından qızının üstünə getmədi, qayınanasına işarə edib:
– Yaxşı, ay bala, ta sən özün bilərsən, – deyib sakitcə kənara çəkildi.
Humay səhər yeməyini yeyib qonşu otağa keçdi. Əynini dəyişib saçlarını daradı. Əşyalarını götürüb qapıxanaya gələndə Gilə oturduğu yerdən nəvəsini heyranlıqla süzüb:
– Maşallah, nəvəm ay parçasıdır, – deyərək onu sevələdi. Humay nənəsinin xoş sözlərinə təbəssümlə qarşılıq verərək yaxınlaşıb əyildi. Onun üzündən öpüb:
– Nənəmin ürəyi nə istəyir, alıb gətirim onunçün, – deyə könlünü xoş etdi.
– Heç nə, bala, sağ get, salamat gəl. Axşam da şəhərdə qalma, qayıt evimizə, – deyib kövrəldi, dodaqları titrədi. Humay anası ilə sağollaşmaq üçün üzünü ona çevirdiyi üçün nə nənəsinin titrəyən dodaqlarını, nə də dolan gözlərini gördü. Ancaq Gülsarə qayınanasının haldan-hala düşdüyünü görən kimi, Humay bir şey hiss etməsin deyə onu tələsdirib otaqdan çıxartdı:
– Gəl, qızım, avtobusa gecikərsən. Gəl gedək, səni yola salım.
Gilənin qəhərlənməsi Gülsarəyə də təsir etmişdi, çünki o, qayınanasının niyə doluxsunduğunu bilirdi. Tam iyirmi üç il yarım öncə, qarlı-çovğunlu bir dekabr günü Ələsgəri də beləcə yola salmışdılar. Və o bir daha geri dönməmişdi…. Amma indi Humay dönəcəkdi. O bunu adı kimi əzbər bilirdi. Gözünün ağı-qarası, bircə balası odun-alovun içindən sağ-salamat dönmüşdüsə, demək, artıq ona zaval yoxdu. Hara getsə, nə çətinliyə düşsə də, qayıdıb yanlarına gələcəkdi. Gülsarə buna bütün varlığı ilə əmindi…
Humay anası ilə birlikdə darvaza qapısından çıxıb poçt yoluna doğru yönəldi. Çantasını anası daşıyırdı. Qeyri-ixtiyari dönüb çiyninin üstündən arxaya boylandı. Nənəsi darvazanın ağzındakı iri sal daşın üstündə oturub onlara baxırdı. Sanki beli əyilmiş, üz-gözü qırışmış, saçları ağarmışdı. “Arvada nə oldu belə?” – deyə ürəyindən keçirib onun könlünü almaq üçün gülümsədi. Üzünü anasına çevirib:
– Nənəmlə necə yola gedirsiniz? İncitmir ki, səni?
– Necə olacaq, ay bala? Hərəmiz öz dərdimizi dalımıza şəlləyib yaşayırıq da. O məni incitmir, mən də onun hörmətini saxlamağa çalışıram. Elə əvvəldən necə görmüsənsə, indi də eləyik.
– İnsan yaşlandıqca uşaqlaşır, nazlı olur, kövrək olur, tez küsür… İncitmək deyəndə o mənada dedim.
– Narahat olma, ay bala. Yazıq nənən də, mən də bu neçə ildə nə odlar ayaqlamışıq… Ən yaxın dostdan yaxın dost, ən yaxın rəfiqədən yaxın rəfiqə olmuşuq. Dərdimiz də birdir, sirrimiz də…
Onlar yolboyu qarşılarına çıxan həmkəndliləri ilə salamlaşa-salamlaşa gəlib poçt yoluna çıxdılar. Gülsarə havaya baxıb:
– Yəqin, avtobus harada olsa, bir azdan gələr, – dedi.
Avtobus yuxarı döngədən çıxanda Humay gözəyarı məsafəni, avtobusun hərəkət sürətini və bucağını ölçüb, qeyri-ixtiyari: “Sol yanağından nişan al, tətiyi çəkdikdən yarım saniyə sonra güllə alın sümüyündən keçib beynini dağıdacaq”, – deyə pıçıldadı. Anası onun nə dediyini anlamadığından başını irəli əydi:
– Nə deyirsən, Humu, başa düşmədim.
Humay yuxudan ayılıbmış kimi səksənib:
– Heç, ana, heç nə demirəm, – deyə cavab verdi. “Lənət şeytana, bu qarabasmalar da məndən əl çəkməyəcək ki”, – deyə düşündü.
Artıq avtobus gəlib çatmış, bir addım önlərində dayanmışdı. Anası ilə görüşüb, avtobusa mindi. Boş yer taparaq keçib əyləşdi…
Axşamüstü elə həmin yerdə – yol ayırıcında avtobusdan enəndə anası ilə nənəsi yolun üst tərəfində, kölgəlikdə oturub onu gözləyirdilər. Onlara yaxınlaşıb gülərək:
– Burada niyə oturmusunuz? Qorxdunuz ki, birbaşa çıxıb gedərəm Bakıya? – deyə soruşdu.
Nənəsi gülümsəyərək cavab verdi:
– Yox, ay bala, evdə darıxırdıq deyə endik aşağıya.
Anası isə yalan danışmaq istəmədiyindən gözlərini qaçırıb:
– Bilet aldınmı? – deyə soruşdu.
– Hə, ana, ayın onuna aldım, birinci reysə.
Gülsarə nəsə demək, qızının tez qayıtmasından gileylənmək istədi. Ağzını açdısa da, heç nə deməyib susdu. Gilə isə dayana bilmədi:
– Ay bala, məktəblərin açılmağına hələ çox var, niyə tələsirdin? Olmaya, kənd darıxdırır səni?
– Yox, nənə, niyə darıxdırsın ki? Dərslər başlamadan öncə getməliyəm ki, bərpa üçün rektorluğa ərizə yazıb müraciət edim. Həm də xəstəxanaların birində iş tapım ki, sizə yük olmayım.
Gülsarə incimiş halda boynunu çiyninə qoydu:
– Bir də elə söz demə, Humu, sən heç vaxt bizə yük olmamısan, olmazsan da.
– Nəyin bahasına olursa-olsun, məni oxudacağınızı bilirəm. Ancaq işləsəm, yaxşıdır, ay ana, həm də mənimçün praktika olacaq.
– Nə həkimi işləyəcəksən?
– Hələ ki, tibb bacısı. Universiteti bitirməmiş həkim işləməyə qoymazlar ki.
Gilə yolboyu susub gəlini ilə nəvəsinin söhbətinə qulaq asır, qürurdan, fərəhdən köksü qabarırdı. İllər öncəni xatırladı. Gözlüklü həkimin qəbuluna getməklərini, onun Ələsgərin gözlərinə oxşayan gözlərini, eynən Ələsgərinki kimi yumşaq, oxşayıcı baxışlarını, Dürdanənin səhhəti ilə bağlı xəbəri verdikdən sonra kreslosunda büzüşüb yumağa dönməsini xatırladı. Gözləri doldu, dodaqları titrədi. Göz yaşlarını gizlətmək üçün ayaqlarını yeyin-yeyin götürüb önə keçdi. Artıq çəpərlərinə çatmışdılar. Darvazanı açdı, gəlini ilə nəvəsi həyətə daxil oldu.
Gilə darvazanı örtmək bəhanəsi ilə geridə qalıb gözlərini sildi. Dodaqaltı: “Mənim nəvəm hər kəsi müalicə edəcək, kimsəyə qara xəbər verməyəcək”, – deyə özünə ürək-dirək verdi.
IV
Ayın doqquzu idi. Şər qarışanda heyvanları rahatlayıb yeməklərini yedilər. Sonra qohum-əqrəba, dost-aşna gəldi. Onlar da çaylarını içib Humaya yaxşı yol dilədikdən sonra dağılışıb getdilər. İndi evdə üçü qalmışdı – nənə, gəlin və nəvə… Sabah nəvə də gedəcəkdi. Yenə ikisi qalacaqdılar… Gilə gəlininə səsləndi:
– Güsü, oradan dayının patefonunu gətir.
Gülsarə səksəndi. Eynən illər öncə, Ələsgər gəldiyi vaxt səsləndiyi kimi səslənmişdi. Eyni tonda, eyni sözlərlə… Bir an duruxdu. Amma az sonra heç nə demədən gedib patefonu gətirdi. Qayınanası iri yun döşəkçənin üstündə əyləşib mütəkkəyə söykənmişdi. Hər zaman başında olan örpəyinin, yenə də adəti üzrə, bir ucunu kürəyinə, digər ucunu sinəsinə atmış, yaşmağını dodaqlarının üstünə çəkmişdi. Əlindəki iri dənəli kəhrəba təsbehi çevirməkdə idi. Gülsarə yaxınlaşıb onun qarşısında diz çökdü, patefonu yerə qoyub qapağını açdı, geri çəkildi. Gilə gözucu patefonun içinə nəzər saldı. Tozlanmışdı… Arabir üstü silinsə də, iyirmi üç il idi ki, qapağı açılmamışdı. Əyilib tozunu üfürdü, yaylığının ucu ilə silib təmizlədi. O qədər ehmalca, o qədər ehtiyatla silirdi ki, sanki qucağındakı körpənin yanaqlarını oxşayırdı… Sonra valı yerinə qoyub patefonun böyründəki qolu çevirdi. İynəni valın ortasına qoyub qolu buraxdığında Xan Şuşinskinin “Qarabağ şikəstəsi”nin sədası dalğa-dalğa yüksəlib otağı doldurdu…
Gülsarənin də gözləri dolmuşdu. Bu səhnə həm Gilə, həm də Gülsarə üçün illər öncə yaşanmış bir anın təkrarı idi. Otaqda iki nəfər az idi – Salah baba və Ələsgər. Humaysa o zaman körpə, şirin bir qızcığaz idi. Amma indi Tibb Universitetinin dördüncü kursunu bitirmiş, milli-azadlıq hərəkatının iştirakçısı, Qarabağ savaşının qəhrəmanlarından biri, adlı-sanlı “Yalquzaq” idi…
Salah kişiylə Ələsgər isə həyətlərindən az aralıdakı məzarlıqda yan-yana yatmaqda idilər.
“Qarabağ şikəstəsi” bitəndə otağa sakitlik çökdü. Gilənin sinəsinin xışıltısından başqa bir səs eşidilmirdi.
Humay valı dəyişib digər üzünü yerləşdirmək istəsə də, cəsarət edə bilmirdi. Sanki otaqdakı ab-hava onu da ağuşuna almış, illər öncəsinə uşaqlığının xatırlaya bimədiyi dərin çağlarına aparmışdı. Dirsəklərini dizlərinə söykəyib, ovuclarını birləşdirmiş, barmaqlarını çənəsinə dayaq vermiş, oturduğu yerdəcə daşa dönüb qalmışdı. Sanki üçü də ayində idilər. Nə tərpənmək olardı, nə də danışmaq. Ehmalca baxışlarını nənəsinə döndərdi.
Gilə başını arxasınadakı divara söykəmiş, gözlərini yumub oturmuşdu. Arıq, damarları üzə çıxmış, quruyub ağaca dönmüş əli açılmış, təsbehi dizlərinin arasına, yedditaxta tumanının ətəyinə düşmüşdü. Ağır-ağır qalxan sinəsi hər endikcə köhnə, yamaq-yarıq körük kimi xışıldayırdı. Gözlərini anasına sarı çevirdi. O, ayaqlarını altına yığıb oturmuş, əllərini dizlərinin üstünə qoymuşdu. Onun da başında yaylığı var idi. Yaşmaq tutmamışdı. Yaylığının altından dən düşmüş ipək saçları görünürdü. Uzun kirpikləri yumulu gözlərindən qaynayıb-çıxan damlaları yanaqlarına ötürüb yenidən dikəlirdilər. Üstdən aşağı yuvarlanan büllur dənəciklər yanağında iz qoyub dodaqlarını da isladır, çənəsinə doğru süzülürdü.
Humay gözlərini anasından çəkib patefona dikdi:
– Bu mənzərənin günahkarı sənsən, patefon… Görəsən, özündə hansı sirləri gizlədirsən belə? – deyə xəlvətcə soruşdu… Sonra keçmişi xatırladı. Məktəbli vaxtlarında bir neçə dəfə patefonu götürüb qurmaq, vallarındakı mahnılara qulaq asmaq istəmişdi. Hər dəfəsində ya nənəsi, ya da anası onun üstünə acıqlanmış, “Səninçün uşaq oyuncağı deyil bu”, – deyə onu azarlamışdılar…
Sükut ayinini nənəsi bitirdi:
– Dağılasan belə dünya, – deyib, dərindən bir ah çəkdi. Sonra əlini uzadıb ətəyinin üstünə düşmüş təsbehini götürdü. Anası burnunu çəkdi. Yaylığının ucu ilə gözlərini quruladı. Humay hələ də çənəsini əlinə söykəyib oturmuş, baxışları gah nənəsinin, gah da anasının üzündə dolaşırdı. Bir azdan işıqlar kəsildi. Gülsarə: “On iki oldu”, – deyib ayağa qalxdı, pəncərədən süzülən ayın işığına gedib qonşu otaqdan neft lampasını götürdü. Kibrit yandırıb işığına piltənin ucunu sildi, yandırıb lampanın şüşəsini yerinə salaraq gətirib gəldi. O gələndə Humay divar saatına sarı boylanıb:
– Hər kəs işıq idarəsi kimi dəqiq işləsə, beş ilə vətənimiz cənnətə dönər, – dedi. Anasının qaşlarını çatıb üzünə baxdığını görüncə saata işarə etdi, – qoymazlar bir dəqiqə artıq yansın, iki saat tamam olan kimi söndürürlər.
– Hə, qızım, biz alışmışıq daha. Müharibə başlayandan ermənilər qazımızı da kəsiblər, işığımızı da. Yerli istehsal da camaatın ehtiyacının yarısını ödəməyə ancaq çatır. Ona görə də yaz-qış işığı iki saat verib, iki saat kəsirlər. Hələ bura kənddi, biz qışda odundan, kərmədən bir şey tapıb yandırırıq. İndi gör şəhərdə, binada yaşayanlar nə çəkir? Yayda bu zəif işıqla kondisioner işlədə bilmir, istidən bişirlər, qışda da elektrik sobasını yandıra bilmədiklərindən soyuqdan donurlar…
Gilə təsbehinin iri dənələrini barmaqları arasında çəkib şaqqıldada-şaqqıldada gəlini ilə nəvəsinin söhbətini dinləyirdi. Bayaqkı ab-havadan çıxmaq üçün fürsət tapdığına sevinibmiş kimi söhbətə qoşuldu:
– İldən-ilə insanların yaşayışı, dolanışığı düzəlir, yaxşılaşır. Doğrudur, indi müharibədir, çətinliklər var. Amma nə qədər qıtlıq, yoxluq olsa da, bizim gördüyümüz qıtlığın yanında əsl bolluqdur… O vaxtlar kolxozçunun əlindəki hər şeyi alıb aparırdılar cəbhəyə. Bir fikirləşən yoxuydu ki, bu camaat nə yeyəcək, nə içəcək, balasına nə verəcək… Yazda inəkəmcəyi, topalaq, murçalıq, kəngər, buğatikanı, laləynən başımızı aldadır, yayda üzüm yarpağını çörək əvəzi qatığa batırıb yeyirdik ki, acından ölməyək. Neçə-neçə körpənin ot-ələf yeməkdən qarnı şişdi, partlamaya düşüb öldü, – Gilənin gözləri nəmləndi, – o xalçanı yenicə toxumuşdum, – deyib divardakı üzərində ceyran şəkli toxunmuş xalını göstərdi. – Bir gün qonşuynan sözümüz oldu, savaşdıq. Dedi, sən öləsən, gedib şikayət edəcəm ki, Gilə qolçomaqdı, evində yatırım var…
Gülsarə ehtiyatla qayınanasının sözünü kəsdi:
– Yaxşı tay, ay ana, keçmiş keçmişdə qaldı, indi şükür, müstəqilik, heç o vaxtlar kimi yoxluq, yoxsulluq da yoxdu. Elə insanlar naşükürdürlər. Həmişə daha rahat yaşamaq, daha yaxşı gün görmək istəyirlər..
Humay sanki bu təklifi gözləyirmiş kimi əsnəyib ayağa qalxdı, yatağına doğru yönəldi.
…Ertəsi gün erkəndən qalxıb əynini geyindi, həyətə çıxıb əl-üzyuyanda yuyundu. Ovuclarını birləşdirib əlüzyuyanın iynəsini hər qaldırdıqca iynənin yan-yörəsindən axan su əllərindən başlayıb bütün bədəninə sərinlik qatır, yuxunun gözlərindəki son qırıntılarını alıb-apararaq yerinə gəncliyini, dincliyini, enerjisini gətirirdi. Yuyunduqdan sonra dirəyə asılmış dəsmalı götürüb qurulandı, əlindəki çalğı ilə küçə tərəfdən gələn anasını salamladı:
– Günaydın, anacan.
– Sabahın xeyir, qızım, niyə belə tez durmusan?
– Narahat olma, yuxudan doymuşam. Nənəm də çay dəmləyir. Gəl gedək, çörəyimizi yeyək.
Birlikdə evə keçdilər. Humay yeməyini yeyib, axşamdan yığdığı çantasını, çamadanını və anasının onunçün hazırladığı bağlamanı götürdü. Evdən çıxarkən Gilə ardınca qapıya çıxdı:
– Tələsmə, qızım, biz də gəlirik, səni yola salaq.
Birlikdə poçt yoluna endilər. Humay asfaltın kənarında dayanıb yaşıllıq içindəki həyətlərə, meyvə dolu ağaclara baxır: “Kəndimiz xeyli böyüyüb”, – deyə düşünürdü.
Az sonra avtobusun mühərrikinin səsi gəldi. Birlikdə yolun yuxarı tərəfindəki döngəyə boylandılar. Narıncı rəngli “PAZ” avtobusu biyara gedən kəndli kimi könülsüz, taqətsisiz halda onlara tərəf gəlirdi.
Gilə:
– Əlicandı, tapşıracam, səni aeroporta qoysun, – dedi. Nəvəsinə sarıldı. Yaşmağını endirib onun üzündən-gözündən doya-doya öpdü. Sıra Gülsarəyə gəlmişdi. Qızını qucaqlayıb öpdü, öpdü… Bərk-bərk sinəsinə sıxıb saçlarının ətrini ciyərinə çəkdi. Humay anasından ayrılıb yanlarında dayanmış avtobusa minərkən Gilə də onun gediş haqqını ödəyib sürücüdən nəvəsini aeroportda endirməsini xahiş etdi.
Nənə ilə ana yola düşən avtobusun ardınca əl yaylıqlarını yelləyib gözlərini sildilər…
V
Humay avtobusdan enib çantasını çiyninə asdı. Şeylərini götürüb aeroportun inzibati binasının giriş qapısına yaxınlaşdı. Qapıya aparan dəmir barmaqlıqlı yol əlində bileti olan-olmayan sərnişinlərlə dolu idi. Ağız deyəni qulaq eşitmir, kimsə kimsəyə güzəşt edib geri çəkilmək istəmirdi. Qapının önündə dayanmış kök, ortaboylu polis kapitanı sərnişinlər arasında qayda-qanun yaratmağa çalışsa da, sözünü heç kimə dinlədə bilmirdi. Arabir hasarlardan kənarda dayananlardan biri ona müraciət edərək: – Akif əmi, mən burdayam, ya da məni filankəs göndərib, – deyə var səsi ilə bağırırdı. Akif arabir gözlərini yoxladığı sənədlərdən çəkib, camaatın üzərində gəzdirir, tanıdığı birini gördükdə barmağı ilə işarə edərək: “Sən gəl”, – deyə yanına çağırırdı.
Basabasın içində addım-addım irəliləyən Humayın ürəyi sıxılır, əsəbləri tarıma çəkilirdi. Üfüqdən xeyli qalxmış sabah günəşi də bir tərəfdən üzünü, çiyinlərini yandırıb-yaxırdı. Tərlədiyini hiss etdi, susamışdı. Ətrafına boylandı. Köşklər, çayxanalar xeyli aralıda idi. Yerini tərk edib su axtarmağa getsə, girişə doğru sıxılıb butılka forması alan kütlənin onun boşluğunu anında dolduracağını bilirdi. Dodaqaltı deyinib yanında bir şüşə su götürmədiyi üçün özünü qınadı. Bu hava limanında biletin batmadığını bilirdi. Amma sonrakı təyyarənii gözləməkdənsə, qızmar günəş şüalarının altında dayanıb susuzluğa dözmək daha yaxşı idi…
Santım-santım irəlilədiyindən bir saata cəmisi beş-altı addım yol qət edə bilmişdi. Amma olsun, artıq dəmir barmaqlıqlı yolun bir addımlığında idi. Daha on beş dəqiqə və budur, Akifin qarşısında dayanıb qırmızı rəngli sovet pasportunu ona uzatmışdı. Olmayan ölkənin vətəndaşlıq pasportunu…
Polis kapitanı sənədlərini yoxlayıb geri qaytardı. Onun yanından keçib alüminium qapını döydü. Qapı böyürdən açıldı. O sivişib içəri girər-girməz qapı ardınca şaqqıltı ilə bağlandı. Hava limanının binasına daxil olarkən dərindən bir nəfəs alıb: – Çox şükür, – dedi. Doğrudan da, bura qədər gəlib çatıbsa, şükür etməyə dəyərdi. Çünki binaya daxil olmaq elə təyyarəyə minmək kimi bir şeydi…
Gömrük nəzarətindən keçmək üçün sıraya girərkən fürsət tapıb pəncərədən çölə boylandı. Qapının önü yenə məhşər yerini xatırladırdı. Adamlar nəinki azalmamışdılar, hələ xeyli artmışdılar da…
Çamadanını baqaja verdi. Əlindəki çantası ilə gömrük prosedurlarını keçib inzibati binadan çıxdı. Təyyarəyə yaxınlaşdı. Trapın pillələrini qalxarkən sənədlərini uzatdığı stüardessa biletini qatlayıb kənarını cırdı, əyləşəcəyi yerin nömrəsini deyərək, onu birinci salona yönləndirdi. Sovet istehsalı olan təyyarələrdə ağırlıq balansı pozulmasın deyə minərkən əvvəlcə birinci salonun sərnişinlərini yerləşdirir, yerə endikdə isə əvvəlcə ikinci salonu boşaldırdılar.
Saatına baxdı, xeyli vaxt keçmişdi. “Görəsən, niyə getmirik?” – deyə narahatlıqla ətrafına boylandı. Fəhlələr salona daşıdıqları iri bağlamaları gətirib tualetin önünə və pilot kabinəsinin girişindəki boşluğa yığırdılar. Ardınca yeni sərnişinlər gələrək, dəhlizdə başlarının üstündəki yük yerlərindən tutaraq yan-yana düzüləndə heyrətlə: – Yox artıq, – deyərək dodağını dişlədi. İrəli boylanaraq uçuş heyətindən kimisə görmək, təyyarənin hədsiz yüklənməsinə narazılıq etmək istədi. Kimsə görünmürdü. “Yəqin, hamısı pilot kabinəsindədilər, – deyə düşünüb, – bu nədir, belə də təyyarə olar, elə bil kənd avtobusudur”, – deyə uca səslə deyindi. Başının üstündə dayanan cavan oğlan:
– Bacı, hamının işi-gücü var, kefimizdən ayaq üstə getmirik ki?! – deyə ona qarşı çıxdı. Humayın canı burnunda idi, amma bu cavan oğlanın sözünə lap əsəbiləşdi.
– Bu qədər cahil olmayın da. Uçuş təhlükəsizliyi deyə bir şey var. Sizinçün avtobus deyil ki, pilot ehtiyatla sürüb milləti evinə-eşiyinə aparsın. Əlavə yüklənmiş bu qədər yükü, bu qədər sərnişini havaya qaldırmağa mühərriklərin gücü çatmasa, necə olacaq?
Ətrafında əyləşən sərnişinlərdən bir neçəsi də onun sözünə tərəf çıxdılar.
– Qardaş, indi elə zamanaya gəlib çatmışıq ki, pullarını ver, nə istəyirsən elə. Kimdi e, sərnişinin təhlükəsizliyini düşünən?
– Elə deyil e, bacı. Deyək ki, yerüstü xidmət camaatı vecinə almır. Bəs təyyarənin pilotuna nə deyək? Yəni onun da ağlı çatmır? Axı bu balaca “TU-134”ü bu qədər yükləmək intihar etməyə bərabərdir.
Digər sərnişin söhbətə qoşuldu:
– Əşi, onları görmədinizmi? O qədər içmişdilər ki, ayaq üstə güclə dayanırdılar.
Bir başqası ümidsizliklə başını buladı:
– Vallah, biz elə Allah umuduna gedib-gəlirik. Bir gün bir təyyarə düşəcək, ondan sonra ağıllanacaqlar.
Humay ətrafında gedən müzakirələri dinləyir, ürəyi qısılırdı. Bir ara qalxıb təyyarədən enmək istədi. Amma deyək ki, indi təyyarədən endi, sonrakı reysin normal gedəcəyini hardan bilərdi? İşin tərsliyindən Bakıya dönməyə başqa alternativi də yox idi. Həm qoşqu maşını da təyyarəni çəkib start nöqtəsinə gətirmiş, qoşqusunu açıb uzaqlaşmaqda idi. Öz-özünə: “Cəhənnəmə olsun, nə olacaqsa, olacaq”, – deyib başını oturacağın arxasına söykəyərək gözlərini yumdu.
Mühərrikləri çalışan təyyarə yerində dartınıb gücəndi, getdikcə artan sürətlə hərəkət etməyə başladı. Sürəti artdıqca içindəki sərnişinləri daha çox atıb-tutan, silkələyən təyyarə üçün: “Deyəsən, Naxçıvana göndərilən təyyarələrin hamısı util malıdır. Nə bunun, nə də keçən dəfəkinin asqı sistemi işləmirdi”, – deyə düşündü. O bu düşüncələr içindəykən təyyarə uçuş zolağının sonuna çatıb təkərlərini yerdən kəsdi, bütün ağırlığı və əzəməti ilə havalandı. Gözlərini açıb pəncərədən boylandı. Budur, Naxçıvan çayının üstündən keçdilər, sonra Əlliyeddinci məhəllə, bu da muxtar respublika xəstəxanası, ördyol. Təyyarə sağ qanadı üstə yatıb istiqamətini Şahbuza tərəf döndərdi. Təyyarənin altına elə bil küt alətlə vurdular. “ Dəmir quşumuz ayaqlarını altına yığdı”, – deyə fikrindən keçirib gözlərini yumdu. O yatmaq istəyirdi. Hava limanı həngaməsi onu o qədər yorub-əldən salmışdı ki, beş dəqiqəlik də olsa, gözlərinin acısını almaq istəyirdi.
Təkandan səksənib ayıldı. Yerə enən təyyarə hava meydanında sürətlə irəliləyir, sərnişinləri nehrə kimi çalxalayırdı. Humay indidən yüklərini götürüb çıxışa getməyə çalışan sərnişinlərə baxıb güllümsədi. “Doğulandan ölənədək harasa tələsir, hamıdan qabaq çatmaq istəyirik. Nə bir-birimizi gözləyirik, nə də sıramızı, sonra da buna həyat deyirik”, – deyə ürəyindən keçirdi.
Təyyarədən enib baqaj salonuna gəldi, yarım saat gözlədikdən sonra elevatorun üstü ilə gələn yüklərin arasından öz əşyalarını seçib-götürdü. Aeroportun binasından çıxdı. Gözləri Səidəni axtardı. Yox idi. “Yəqin, işi var”, – deyə düşünüb bir az aralıda gözləyən 24 nömrəli “İkarus” avtobusuna yönəldi. Avtobus onu Səməd Vurğun bağınadək aparacaqdı, bəs sonra hara gedəcəkdi? O, məktubunda Səidədən onunçün ev tutmasını rica etmişdi. İndi bu qədər yüklə hara gedəcəkdi? Bu düşüncələr içində yol gedərkən bir tərəfdən də: “Yəqin, məktubu almayıb, yoxsa gələr, ən azından kimisə göndərərdi”, – deyə öz-özünə düşünürdü. Avtobus mənzil başına çatıb dayananda əşyalarını da götürüb endi. Hələ axşama qədər vaxtı var idi. “Gedim kirayə ev axtarım, qaranlıq düşənədək bir yer tapmasam, Səidəgilə gedərəm”, – deyə düşünüb əylədiyi taksiyə mindi. Papanin adlanan yaşayış massivinə gəldi. Qapı-qapı gəzərək boş ev axtarırdı. Hospitalın yanındakı küçəyə girdi. İki ev qabaqda ona nişan verilən həyətin qapısını döyüb içəri daxil oldu. Ona “içəri buyur” edən olmamışdı, heç həyətdə də kimsə gözə dəymirdi. Sağ-solunda böyür-böyürə düzülmüş qapıları həyətə açılan balaca-balaca otaqlara göz atıb: – Ay ev yiyəsi! – deyə səsləndi. İkinci çağırışından sonra qarşı tərəfdəki ikimərtəbəli evin girişində iki qız uşağı göründü. Qapıdan ona baxıb içəriyə qaçdılar. Çox keçmədən qırx beş-əlli yaşlarında hündürboylu, dolubədənli xanım qapıya çıxdı. Qaşlarını yuxarı qaldırıb onu, əşyalarını süzərək:
– Ev axtarırsanmı, qızım? – deyə soruşdu.
– Bəli, xanım.
– Kiminlə qalacaqsan?
– Tək qalmaq istəyirəm.
– Atan-anan haradadır, nə işlə məşğulsan?
– Valideynlərim rayondadır, mənsə Tibb Universitetində oxuyuram. Hospitalda işə düzələcəm, ona görə də buralardan ev tutmaq istəyirəm.
– Hansı rayondan gəlmisən?
– Naxçıvandan.
– Bu il girmisənmi?
– Xeyr, xanım, beşinci kursdayam.
Ev sahibi ilə kirayənişin arasındakı standart sorğu-sual başa çatdıqdan sonra qadın qiyməti dedi. Razılaşdılar.
– Gözlə, açarı gətirim, bir evə bax, – deyib içəri qayıtdı, az sonra əlində açarla dönüb gəldi. Sıra ilə düzülmüş evlərdən birinin qarşısında dayandı. Qapını açıb içəri daxil olarkən onu da dəvət etdi:
– Gəl, qızım, gəl, bax, görək bəyənəcəksənmi?
Humay qadının ardınca otağa daxil oldu. Bura doqquz kvadrat metrlik balaca otaq idi. İçəridə əşya kimi bir ədəd köhnə, dəmir çarpayı, küncdə bir ədəd balaca masa, iki stul və bir paltar dolabı var idi. Girişdə qapının sağ tərəfindən divara asılqan vurulmuşdu. Yerə nimdaş, amma təmiz xalça salınmışdı.
Qadın Humaya tərəf dönərək:
– Otaq budu, mətbəx, qab-qacaq və sanitar qovşağı ümumidir. Gəl mətbəxi də göstərim,– deyib cavab gözləmədən qabağa düşdü. Onu beş-altı kvadrat metrlik mətbəxə gətirdi. Burada da bir dördgözlü qaz sobası, bir su krantı, yuyulmuş qabları yığmaq üçün masa və qab şkafı, bir də yemək masası var idi. Qadın əli ilə qab şkafını göstərərək:
– Yaxşı, xanım, evi tuturam, – deyib çantasından çıxardığı puldan bir aylıq kirayə məbləğini götürüb qadına uzatdı. Ev sahibəsi pulu sayıb:
– Oldu, qızım, sağlıqla qal, adım Lətifədir. Nə vaxt bir şeyə ehtiyacın olsa, qapıdan səslənərsən, – deyib getdi.
Humay əynini dəyişib otağa göz gəzdirdi. Gedib Lətifədən süpürgə, əski və başqa təmizlik şeyləri alıb gətirdi. Otağı silib-süpürdü, qaydasına saldı. İşini yenicə bitirmişdi ki, adının çağrıldığını eşidib geri döndü. Gələn Lətifə idi. Əlində bir kasa yemək gətirmişdi:
– Qızım, bunu səninçün gətirdim, nahar edərsən.
Yeməyi alıb qadına təşəkkür etdi. O getdikdən sonra oturub yemək yedi. Bir az istirahət edib dincəldikdən sonra qalxıb əynini dəyişdi, Səidəni görməyə getdi.
Qızlar məhkəmənin önündə qarşılaşdılar. Görüşüb hal-əhval tutan Səidə narahatlıqla:
– Gələcəyini niyə xəbər vermədin, ay Humay? Səni qarşılayardım,– dedi.
Humay məktub yazdığını, lakin güman ki, məktubun gecikdiyini dedi.
– Budu da poçt sistemimiz. Nəyimiz düz işləyir ki, poçtumuzdan narazı olaq?
– Boşla getsin, ay Səidə, əsas odur ki, gəlib çatmışam, – deyib əlindəki bağlamanı ona uzatdı, – anam səninçün göndərib.
Səidə bağlamanı alaraq üzrxahlıq etdi:
– Niyə əziyyət çəkirdin, ay Humu, heç ehtiyac yoxuydu.
– Elə bir şey deyil, bir-iki dilim pendir qoyub, bir az da yaş fındıq-zad, – deyərək, – sən Naxçıvan pendirini, şor-kərəsini sevirsən, – deyə əlavə etdi.
Səidə onun qolundan tutdu:
– Bəs öz əşyaların hanı, gəl gedək evə.
– Yox, ay Səidə, evə gedə bilməyəcəm. Şəhərdə bir az işlərim var, qızları görəcəm. Sabah da erkəndən universitetə gedəcəm. Sonra da iş üçün hospitala müraciət edəcəm. Bizə bikar durmaq yaraşmaz. İşləmək lazımdır….
– Bəs harada gecələyəcəksən?
– Papanində ev tutmuşam.
– Ay səni qoçaq! Yaxşı, onda sabah hospitaldan çıxıb bura gələrsən, şəhərə çıxıb bir çay içər, bir az dərdləşərik.
Sağollaşıb ayrıldılar. Sabahı gün Humay məhkəmənin həyətində, Səidənin maşınının yanında dayanıb onu gözləyirdi.
İşdən çıxan Səidə Humayın yanına gəldi. Humayın gözləri gülürdü.
– Hə, bacı, üzün gülür, deyəsən, yaxşı xəbərlər var.
– Əlbəttə, bütün işlərimi yoluna qoydum.
Maşına əyləşdilər. Səidə mühərriki işə saldı. Dənizkənarı parka yollandılar.
– Humu, danış görüm, işləri necə yoluna qoydun?
Humay yolboyu ona Tibb Universitetinin rektorluğuna getməsindən, orada yüksək səviyyədə qəbul olunaraq təhsillə bağlı probleminin həll olunmasından danışdı. Sonra da hospitala yollanmış, kadrlar şöbəsində qəbulda olmuşdu. Qıza: “Travmatologiya şöbəsində tibb bacısı vakansiyası var”, – deyib ora yönləndirmişdilər. Şöbənin baş tibb bacısı Humayın sənədlərini götürərək sabahdan işə gəlməsini tapşırmışdı.
Səidə bu xəbərləri şadyanalıqla qarşıladı:
– Bunlar ki əla xəbərlərdir, Humu! İndi gedib həm universitetə bərpa olunmağını, həm də işə qəbul olunmağını qeyd edərik.
Bulvara gəlib “Xəzri” restoranında əyləşdilər. Səidə masalarına yaxınlaşan ofisiantın salamını başı ilə alıb Humaydan: “Bacımın ürəyi nə istəyir, nə gətirsinlər?” – deyə soruşdu.
Humay yemək sifariş verdikdən sonra Səidə: “İki pors olsun”, – deyə ofisiantdan xahiş etdi. Üzünü Humaya tutub məmnunluqla gülümsədi:
– Kəndin havası sənə düşüb. Rəngin-rufun açılıb, gözəlləşmisən.
– Havası-suyu təmiz, nənəmin də dilindən düşməyən bir sözü var: “Əlaa nə düşdü at əngaa, çıxsın rəngaa”. Anam bir tərəfdən, nənəm o biri tərəfdən əllərində dürməklə dalımca dolanırdılar.
Sonra evlərindən, dərs oxumağa getdiyi bağlarından, kəndin ayağından keçən balaca dağ çayından, kəndlərinin içindən axan bərələrdən danışdı.
Səidə lap həvəsləndi:
– Gələn yay mən də məzuniyyət götürüb səninlə gedəcəm. Beş-on gün qalıb istirahət edərik.
– İnşallah, bacı, gedərik, niyə getmirik?
Hospital
I
Humay erkəndən qalxdı. Yeməyini yeyib güzgünün qarşısına keçdi. Saçlarını darayıb üz-gözünə əl gəzdirdi. Xalatını götürüb çantasına qoydu. Otaqdan çıxaraq qapısını bağlayıb hospitala yollandı.
Həm həyəcanlı, həm də həvəsli idi. İş vaxtının başlanmasına yarım saatdan çox qalsa da, o hər kəsdən qabaq getmək, yeni iş yoldaşları ilə tanış olub palataları gəzmək istəyirdi.
İkinci müalicə korpusuna daxil olub üçüncü mərtəbəyə qalxdı. Dəhlizdəki posta yaxınlaşıb növbətçi tibb bacısı ilə salamlaşdı:
– Salam, xanım.
– Salam.
– Adım Humaydır. İşə yeni qəbul olunmuşam, – deyə özünü təqdim etdi.
– Lap yaxşı, Humay xanım, bura qol çəkin, – deyib telefonun yanındakı jurnalı ona tərəf uzatdı. Humay tabelə qol çəkdikdən sonra barmağı ilə qadın bir az o tərəfdəki otağı göstərərək:
– Keçin oraya, əyninizi dəyişin, bir azdan baş tibb bacısı da gələcək. O sizə lazımi təlimatları verər.
Beləcə, Humayın Mərkəzi Hərbi Klinik Hospitaldakı ilk iş günü başlandı.
Şöbənin baş tibb bacısı onu və təcrübəli tibb bacılarından birini yanına çağıraraq:
– Nüşabə xanım, Humay bizim yeni işçimizdir. Bir neçə gün sizinlə birlikdə çalışsın, ona həkim təyinatları əsasında müalicə qaydalarını öyrədin. Əzələ daxilinə, vena daxilinə iynə vurarkən, sistem qoşarkən yanında olun ki, hər hansı çətinlik yaşanmasın.
– Yaxşı, Rüxsarə xanım, – deyib Humaya döndü:
– Siz tibb texnikumunu nə vaxt bitirmisiniz?
– Heç vaxt, mən Tibb Universitetinin beşinci kurs tələbəsiyəm.
– Nə gözəl. İnşallah, universiteti müvəffəqiyyətlə bitirib diplomunuzu alarsınız. Yəqin ki, iynə vurmağı, venaya düşməyi bacarırsınız.
– Əlbəttə, bacarıram.
– Yəqin, praktikada öyrənmisiz.
– Həm tələbə vaxtı praktika keçmişəm, həm də cəbhədə əsgərlərimizə tibbi yardım göstərmişəm.
– Belə görürəm ki, sizin heç bir yardıma ehtiyacınız yoxdur. Amma yenə də formal da olsa, bir-iki gün birlikdə çalışarıq. Təkcə burada deyil, bütün tibb müəssisələrində yeni işə qəbul olunan tibb heyətinə iş yerinin ab-havasını tutana qədər yardımçı olurlar.
– Problem yoxdur, sizinlə işləmək mənə çox xoşdur,– deyə Humay bu sözlərlə yaşca ondan xeyli böyük olan Nüşabə xanımın könlünü oxşamaq istədi.
İki gün sonra Humayı müalicə üçün şöbəyə yeni qəbul olunan xəstəyə təhkim etdilər. Baş tibb bacısı Humayı otağına çağırdı. Xəstəlik tarixçəsini verib:
– Diaqnozu və həkim təyinatını oxuyarsan. Burada yazılmış bütün müalicə tədbirlərini əskiksiz yerinə yetirməlisən, növbəni təhvil verdikdə isə kağızı növbətçi tibb bacısına verərsən, – deyə tapşırdı.
Humay onu arxayın etdi:
– Oldu, xəstəmizə necə lazımdırsa, elə qayğı göstərəcəyimə əmin ola bilərsiniz.
Birlikdə palataya gəldilər:
–Xəstəmiz budur, ağrıkəsici və digər iynələri vurun, bir azdan sarğı tibb bacısını çağırarsınız, gəlib sarğısını dəyişər.
Xəstə iyirmi iki-iyirmi üç yaşlarında cavan, yaraşıqlı bir oğlan idi. Arxası üstə uzanıb gözlərini yummuşdu. Arabir inildəyir, dodaqları, üzünün əzələləri səyriyirdi. Humay çarpayının baş tərəfinə yaxınlaşıb əlindəki dərmanları, iynələri kətilin üstünə qoydu. Ampulaların boynunu qırıb içindəki məhlulu şprisə çəkdi. İynələrin qapağını ucluğuna keçirərək yan-yana düzdü. Xəstənin yorğanını üstündən çəkdi. Budunun üst kənar dörddə birini gözəyarı işarələyib iynələrini vurdu. Yerini spirtli pambıqla masaj edərkən bir gözü də xəstənin üzündə idi. O, hələ də bədəninə yeridilən iynələrə reaksiya vermədən yatırdı. Yorğanı üstünə örtüb sakitcə getmək istərkən xəstənin göz qapaqları aralandı, dodaqları tərpəndi:
– Su, su istəyirəm, ciyərim yanır… Sözlərinin sonu qaranlıqda öləziyən şam işığı kimi səssizlikdə itib getdi.
Humay:
– Bu dəqiqə, – deyib iti addımlarla otaqdan çıxdı, tibb bacısının otağına gedərək şkafını açdı. Termosunu götürüb bir stəkan çay süzdü və palataya qayıtdı.
Humay stəkana bir neçə dəfə üfürüb yenidən onun dodaqlarına söykədi:
– İndi bax, yaxşı olmalıdır.
O sanki təhkim olunmuş xəstəyə deyil, doğma balasına qulluq edirdi. Çayını içirib başını ehtiyatla yastığın üstünə qoydu. Çarpayının kənarında əyləşdi.
– Sizin adınız nədir?
– Şiraz.
– Harada yaralanmısınız?
– Tərtərdə.
– Yəqin, snayperlə vurublar.
– Hə, – Şiraz yenidən inildədi.
– Bəs necə oldu, ki yaralandınız? – Humay bir an özünü saxlaya bilməyib: “Niyə o qədər ehtiyatsızlıq etdin ki?” – deyəcəkdi, amma sözünü uddu.
Şiraz dərindən nəfəs almağa çalışdı. Altdan-yuxarı Humayın üzünə baxıb gücünü topladı:
– Gecə getmişdim postları yoxlamağa. Gördüm ki, əsgərin biri çıxıb oturub səngərin önündəki torpaq qalağının üstündə… – Şiraz dayanıb nəfəsini tənzimləməyə çalışdı. Danışanda nəfəsi təngiyir, gicgahlarında tumurcuqlanan tər damlaları yanağından çənəsinə, oradan da boğazına tökülürdü, – bizim də qarşımızda, bir az çəpinə mövqedə onların snayper postu var idi. Əsgərin bu ehtiyatsızlığından əsəbiləşdim, əlimi atıb köynəyinin yaxasının arxasından tutdum ki, çəkib salım aşağı. Elə onu çəkəndə gördüm, sinəmin sağ tərəfi qızışdı, – üz-gözünü turşudub sol əlini yorğanın altından yarasının üstünə qoydu, – ikimiz də yıxıldıq. Hay düşdü, məni gətirdilər bura. Gerisindən də xəbərim var. Deyirlər, güllə körpücüyün altından girib baltalığımı dağıdıb çıxıb. Kürək sümüyüm bitişsin deyə on gün reanimasiyada üzüqoylu yatırdılar.
Bir neçə dəqiqə hər ikisi susdu. Humay onun yenidən danışmaq üçün güc toplamağa çalışdığını hiss etdiyindən sakitcə dayanıb gözləyirdi.
– Əsgərdi də, söz qandırmaq olmur. Vurursan, döyürsən, gedib şikayət eləyir, məhkəmə abrını tökür. Döymürsən, sözlə başa salmağa çalışırsan, başa sala bilmirsən, – dedi.
– Artıq elə şeylərin fikrini eləməyin, mümkün qədər tez sağalmağa çalışın. Və unutmayın ki, əsgərləriniz sizin yolunuzu gözləyir.
Şiraz sol əlini qaldırıb yellədi, sanki yaxınlıqdakı boğucu hava kütləsini qovmaq istəyirdi.
Humay əyləşdiyi yerdən qalxdı:
– Gedim, sarğı tibb bacısını çağırım, gəlib sarğını dəyişsin.
O, palatadan çıxmaq istərkən altmış yaşlarında, hündürboylu, dolubədənli bir qadınla üz-üzə gəldi. Qadın səliqə ilə geyinmiş, başına ağ kəlağayı örtmüşdü. Salamlaşdılar:
– Sabahınız xeyir.
– Sabahın xeyir.
Humay arxasınca qapını çəkib örtərkən “Yəqin, anasıdır”, – deyə düşünüb sarğı tibb bacısını çağırmağa getdi.
II
Bu qadın heç kimin kimsəsi deyildi. Müharibənin qızğın vaxtlarında bir gün hospitala gəlib könüllü olaraq yaralı əsgərlərə qulluq etməyə başlamışdı. İndi aylardır ki, burada yaşayır, ağır xəstələrin qohum-əqrəbası xəbər tutub gələnədək onların başının üstündən ayrılmır, ehtiyaclarını qarşılamalarına yardım edirdi. Gecələri gah boş palataların birində, ya da boş bir yataqda, o da olmasa, iynə otağındakı kuşetkada yatırdı. Yeməyini şöbələrdən birinin yeməkxanasında yeyər, paltarlarını da hospitalın istixanasında yuyub-təmizləyərdi. Kimsənin haradan gəldiyini, adını bilmədiyi bu qadın zamanla hospitalın daimi sakininə, burada müalicə alan əsgərlərin “mamaşa”sına çevrilmişdi.
Humay nahardan sonra Şirazın iynələrini vurmaq üçün palataya girəndə Mamaşanın onu yedizdirdiyini gördü. Baş tibb bacısının yanına qayıdanda:
– Şirazın “Mamaşa” dediyi qadın onun anasıdırmı? – deyə soruşdu.
– Yox, o bütün əsgərlərin anasıdır.
– Necə yəni? – deyərək təəccüblə qaşlarını çatdı.
Baş tibb bacısı Mamaşa ilə bağlı bildiklərinin ucundan-qulağından Humaya danışdı…
Həmin gün işdən çıxarkən çox yorulmuşdu. Evə gedib yatmaq istəyirdi. Kirayə yaşadığı həyətə girəndə Lətifə ilə qarşılaşdı. Ayaqüstü salamlaşdılar. Böyründən keçib gedərkən Lətifə onu səslədi:
– Humay, yemək hazırlama, günortaya yaxşı borş bişirmişdim. Sənin payını saxlamışam. İndi gətirərəm, – dedi. Ev sahibəsi xoşxasiyyət, əliaçıq qadın idi. Kirayənişinlərinə övladları kimi baxardı. Bəzən evlərini təmizləyib qapı-pəncərələrini silər, bəzənsə bişirdiyi yeməklərdən onlara da pay tutardı.
İki dəqiqə sonra otağın qapısı döyüldü. Lətifə əlində kələm borşu ilə dolu boşqab qapıda dayanmışdı. Humay yaxınlaşıb yeməyi aldı, təşəkkür edib otağına qayıtdı. Masanın arxasında əyləşib buğlanan yeməyə baxır, tavana yüksələn su buxarlarının arasından Şirazın danışdıqları gözləri önündən film şəridi kimi axıb gedir, köhnə xatirələrini oyadırdı. Handan-hana öz-özünə: – Doğrudan, niyə Şirazın yanında qalan kimsə yoxdu? Görəsən, ailəsinin, valideynlərinin xəbərimi yoxdur? – deyə düşünüb tezcə də, – sabah soruşaram, lazım olsa, onun əvəzindən məktub yazar, ya da zəng vurub xəbər edərəm, – deyə özünü rahatlatdı. Bəs Mamaşa kim idi? Savaş vaxtı könüllü olaraq yaralılara yardım etməsi örnək davranış idi. Amma indi, ona elə də ciddi ehtiyac olmadığı halda gecə-gündüz hospitalda qalmasının səbəbi nə idi? Görəsən, onun evi-eşiyi, övladları, nəvələri yoxmuydu? Cavabsız suallardan başı şişdi, öz-özünə: “Eh, nəyimə lazımdır, işlədikcə hələ çox şeylər görəcəksən”, – deyə deyinib, soyuyub buza dönmüş borşunu yeməyə başladı.
Səhər işə gələn kimi çantasını posta qoyub palataya getdi. Şirazla hal-əhval tutdu:
– Salam, qaqaş.
Şiraz üzünü ona tərəf çevirdi:
– Salam, xanım.
– Gecə necə yatmısan? Ağrıların olmayıb ki?
Onun halından, yuxulu gözlərindən yatmadığı hiss olunsa da, Humay yaralı zabitə ürək-dirək verib əhvali-ruhiyyəsini düzəltmək istəyirdi:
– Maşallah, dünənkinə görə yaxşı görünürsən, rəngin-rufun da bir az özünə gəlib.
Şiraz tibb bacısının yanında özünü möhkəm göstərmək istəyirdi. Dodaqları qaçdı, yenə sol əlini havaya qaldırıb nəsə demək istədi, heyi olmadığından qolu yanına düşdü.
Humay onun vəziyyətini anladı, oğlanın pərt olmaması üçün tez araya girdi:
– Danışıb özünü yorma, istirahət et, mən də təyinatına baxıb gəlirəm.
Tibb bacısının otağına gəldi. Əynini dəyişərək xalatını geyindi. Növbəni təhvil alıb Şirazın xəstəlik tarixçəsinə baxdı. Köçürüləcək sistemi, iynələri götürüb palataya gəldi. Ampulaların içindəki dərmanı şprislə çəkib sistemə qatdı. Sistem torbasını ştativin halqasına keçirdi. Şirazın sol qolundakı vazofiksin qapağını açıb şlanqın ucundakı iynəyə birləşdirdi. Kətilin üstündə sakitcə əyləşib flakondan damla-damla tökülən dərman mayesini izləməyə başladı.
Şiraz yatağında sakitcə uzanıb üzünü divara tərəf çevirmişdi. Onun saçlarını, almacıq sümüyü çıxmış, günəşin altında yanıb-qaralmış üzünü baxışları ilə oxşadı. “Soruşummu, soruşmayımmı?” – deyə iki fikrin arasında qalmışdı. Əllərini dizlərinin arasından çıxarıb dikəldi.
– Qaqaş, burada olduğundan evin xəbəri yoxdumu? – deyə soruşdu.
Şiraz üzünü Humaya tərəf çevirdi. Göz-gözə gəldilər. Qaşlarını çatıb:
– Evmi? – deyə istehza ilə gülümsədi. Humay heç nə başa düşmədiyindən:
– Hə də, deyirəm evinizə məktub yazmaq, ya da zəng etmək lazım olsa, sənə kömək edərəm.
Şiraz ah çəkmək istədi, boğulub öskürdü.
– Nə ev… Ev var ki?
Humay onun ailəsi ilə hansısa ağır problem yaşadığını, bəlkə də, küsülü olduqlarını düşünüb:
– Anangillə danışmaq istəsən, telefon tapıb gətirərəm, – dedi.
Şiraz tamam laqeydləşdi:
– Anamgil yoxdu ki…
O bu sözləri o qədər soyuqqanlıqla demişdi ki, Humayın əti ürpəşdi.
– Necə yəni yoxdur, inkubatordan çıxmısan?
Bir an yaralı zabitin onunla məzələndiyini düşünüb əsəbiləşdi…
– Yox, bacı, inkubatordan çıxmamışam, – zabit bayaqkı kimi laqeydliklə davam edirdi, – biz uşaq olanda atam ölüb, anam da bizi uşaq evinə verib, ərə gedib.
Humay qaşlarını çatıb zabitin gözlərinin içinə baxdı, sonra sanki onun başına gələnlərin günahı ondaymış kimi utanıb üzünü çevirdi, gözlərini yerə dikdi. Yenidən şlanqın damla sayğacındakı dərman damcılarını seyr etməyə başladı. Onun qəlbindən keçənləri duyubmuş kimi Şirazın özü danışmağa başladı. Biri ürəyində sual verir, digəri nəfəsini tənzimləməyə çalışaraq uca səslə, aram-aram cavablandırırdı.
– İki qardaş, bir bacı idik. Körpələr evinə qoyulanda mənim beş, bacımın üç, qardaşımınsa bir yaşı olub. Mən anamı ala-yarımçıq xatırlayıram. O birilər heç nəyini xatırlamırdılar. Bacım lal-kardır, ona görə onu bizdən ayırıb başqa yerə göndərdilər – lal-karların məktəbinə. Sonra necə oldu, heç bilmirəm. Hərbi məktəbdə oxuyanda getdim ki, bəlkə, taparam. Dedilər ki, elə özü kimi qüsurlu bir məktəb yoldaşıyla evlənib gedib. Nə bilim, Xaçmazın hansısa kəndinə, getdim, maraqlandım, dedilər, o uşağın valideynləri illər öncə Bakıya köçüblər, kəndə gəlib-eləmirlər. Nə isə, bacardığım qədər soraqlaşdım. Amma tapa bilməsəm də, evləndiyini eşitdiyimə görə ürəyim sakitdir.
…Bilirəm, qardaşım da səninçün maraqlıdır. Dördüncü sinifdə oxuyanda qardaşım öldü. Tərbiyəci dedi ki, zəhərlənmədən ölüb. Qaldım mən… Mən də altıncı sinifdə oxuyanda riyaziyyat müəllimimiz varıydı. Çox yaxşı adamıydı. Mənə dedi ki, Şiraz, bala, dərslərini yaxşı oxuyursan, savadlı uşaqsan. Gəl sənədlərini düzüb qoşaq, get Naxçıvanskiyə. Orada da yaxşı oxuyarsan, gedərsən Hərbi Akademiyaya, kəsilsən də, get Gizirlər məktəbinə. Qoy dövlət babanın kölgəsi həmişə üstündə olsun. Deyək ki, buradan məzun oldun, əsgərliyə də getdin-gəldin, bir yerə girəsən-girə bilməyəsən, gəl məni eşit, get hərbçi ol. Mən də onu eşidib hərbçi oldum. Sonrası da hospitalda bənd aldıq. Yəqin, buradan da tərxis eliyərlər, çıxıb gedərəm işimə-gücümə…
İkisi də susdular. Humay sistemin flakonuna baxdı. Hələ xeyli var idi. Şirazsa hekayətinə davam edirdi:
– Bu mənim ilk yaralanmağım deyil. İlk dəfə doxsan üçün fevralında Ağdərə istiqamətində yaralanmışam. Qarnımdan iki güllə dəymişdi. Gəldim, dalağımı çıxartdılar, müalicə olundum, yenə qayıtdım cəbhəyə. Tərtər istiqamətində xidmət edirdim. Yenicə bölüyümə getmişdim ki, atəşkəs oldu. Başqa da ki iyirmi üç yaşım var, baş leytenant gözləyirdim, subayam… Heç buradan çıxıb hara gedəcəyimi də bilmirəm.
Şiraz yenidən gözlərini qapatdı, kirpikləri göz bulaqlarından çıxan bir damla yaşı yanaqlarına ötürüb dikəldi.
Humayın qəlbi sıxılırdı. Öz-özünə: “İlahi, nə ağır talelər, nə çətin vəziyyətdə yaşayan insanlar var?! – deyə düşündü, – indi bu zabit müalicəsini bitirdikdən sonra ordudan tərxis olunacaq. Bəs sonra nə edəcək? Harada yaşayacaq, necə dolanacaq?”
– Burdan çıxdıqdan sonra daha məni orduda saxlamazlar. Hər halda ikinci qrup əlil verib tərxis edəcəklər. Yetimlər evinin Qobuda yataqxanası var. Bir az düzələn kimi ora müraciət edəcəm ki, hospitaldan çıxanda küçələrdə qalmayım. Yataqxanaya yerləşib iş axtararam. Yəqin, bir yerdə iş tapıb işləyərəm. Bəlkə, Müdafiə Nazirliyinin strukturlarından birində mülki işçi kimi işlərəm… Nə bilim, yaşayarıq, görərik.
Humay ona təsəlli vermək istədi:
– Bunların fikrini eləmə, çalış, tez sağal. Gerisi yaxşı olacaq. Cavan oğlansan, zabitsən. Sənə ruhdan düşmək yaraşmaz.
– Yox, ruhdan düşmürəm, çətinlik insan üçündür.
Humay boşalan sistemin iynəsini fezodan çıxardı. Boş flakonu ştativdən götürüb yığışdırdı. Kətili çəkib yerinə qoydu. Şirazın “dimedrol”un təsirindən xumarlanan gözlərinə baxıb:
– Bir az da yatma, tibb bacısını göndərim, gəlib sarğını dəyişsin, sonra yatarsan, – deyə xəbərdar etdi.
– Yaxşı, hələ yatmıram, – deyib gözlərini yummamağa çalışdı.
Üçüncü gün idi ki, Şirazı Humaya təhkim etmişdilər. O, səhər işə gələr-gəlməz yenə çantasını postdakı masanın üstünə qoyub xəstəsini ziyarət etməyə gəldi.
Şiraz hələ də palatada tək yatırdı. Ağır olduğundan yanına kimisə verməmişdilər. Humayı görər-görməz gözləri güldü:
– Sabahınız xeyir.
– Günaydın, Şiraz. Bu gecə necə keçdi? İstirahət edə bildinmi?
– Çox şükür, yaxşıca yatmışam, ağrılarım da azalıb.
– Bu ki gözəl xəbərdir!
Humay yaxınlaşıb Şirazın saçlarını oxşadı.
– Hər şey yaxşı olacaq, qaqaş, aslan kimi oğlansan. Sadəcə, əhvali-ruhiyyəni yüksək tut və həyatdan qopma.
– Təşəkkür edirəm. Dünən sizinlə dərdləşdikdən sonra xeyli yüngülləşdim. Neçə vaxtdır, ürəyimdə yığılıb-qalmış ağırlıqdan qurtarmışam.
Humay gülümsədi:
– Səninçün konfet gətirmişəm, çayla içərsən, – deyib masanın üstünə qoyduğu balaca bağlamaya işarə etdi.
– Niyə zəhmət çəkirsiz, ehtiyac yoxuydu.
– Narahat olma, hələ səninçün borş da bişirmişəm. Günorta göndərəcəm, Mamaşa sənə yedizdirər.
Şirazın dodaqları tərpəndi, amma sözlərini boğazında düyümlənən qəhərə qatıb uddu, üzünü yana çevirdi. Humay özünü görməməzliyə vurdu. Guya mütəəssir olmasını heç hiss etməmişdi. Sakitcə çıxıb getdi.
Günlər keçir, Şiraz sürətlə yaxşılaşırdı. Avqustun son günlərindən birində Humay işə gələrkən adəti üzrə ilk olaraq onun müalicə aldığı palataya gəldi. Burada yatan xəstələrə salam verib Şirazın çarpayısına yaxınlaşdı. Onu görən kimi qalxıb yatağında oturan Şirazın yatağının baş tərəfindəki kətilə keçib əyləşdi.
– Bu gün özünü necə hiss edirsən?
– Çox sağ ol, bacı, yaxşıyam.
– Bilirsənmi, bu gün mənim gündüz növbəsində son iş günümdür. Dərslərim başlayır deyə sabahdan ancaq gecə növbələrinə gələcəm.
– Canın sağ olsun, sənə dərslərində uğurlar arzulayıram.
– Vaxtın varsa, axşam şəhərə çıxaq, bulvarda bir az gəzib dolanar, bir çay içərik.
Şirazın gözləri güldü, dodaqları sevinclə titrədi. Görünür, elə onun özü çoxdan Humaya bu təklifi etmək istəyir, amma onun yanlış anlamasından çəkinib susurmuş.
– Əla olar, – deyib, – onda mən beş üçün hazırlaşaram, sən işdən çıxanda birlikdə gedərik.
Günortadan sonra Humay Şirazın iynələrini vurmaq üçün gələndə onu yerində görmədi. Palata yoldaşlarından, tibb bacılarından soruşsa da, kimsə yerini bilmirdi. “Hara gedə bilər bu?” – deyə öz-özündən soruşur, cavab tapa bilmirdi.
Saat beşə qalmış işini-gücünü bitirib postda əyləşmiş, Şirazı düşünürdü. Addım səslərinə gözlərini zillədiyi nöqtədən ayırıb girişə tərəf çevirdi. Dodaqları qaçdı:
– Qaqaş, sən əməlli-başlı yaraşıqlı oğlan imişsən ki.
Şiraz gülümsünərək:
– Bəs nə bilmişdin? Şiraz elə-belə oğul deyil, – deyə cavablayıb, – mən hazır, – deyə əlavə etdi.
– Elə şey yoxdur, öncə iynələrin vurulacaq, sonra gedərik.
Şirazın təyinatdakı son iynələrini vurub:
– On dəqiqə hospitalın qarşısındakı dayanacaqda gözləyərsən, gedim hazırlaşım, gəlim, – deyə tapşırdı.
– Oldu, bacı, işində ol.
Şiraz vədələşdikləri dayanacaqda dayanıb Humayı gözləyirdi. O, günorta gedib bərbərdə saçını-saqqalını düzəltdirmiş, palata yoldaşlarının birindən köynək, digərindən şalvar alıb şöbənin təsərrüfat müdirəsi İradə xanımdan ütülətdirməsini xahiş etmiş, şəhər hamamına gedib duş almışdı. İndi günlərdir, ana kimi onun qayğısına qalan Humayla birlikdə şəhərə çıxacaqdılar.
Altıncı sinfə qədər uşaq evində cürbəcür əzab-əziyyətə qatlaşan, müəllim və tərbiyəçilərin sevgisizliklərinə, bitib-tükənməyən əzazilliklərinə qatlanan, sonra Naxçıvanski adına hərbi liseydə, Ali Hərbi Məktəbdə təhsil alıb, oradan da birbaşa müharibəyə yollanan bu gənc oğlan həyatında heç bir xanımla yan-yana yürümədiyindən, bir yerdə oturub bir stəkan çay içmədiyindən çox həyəcanlı idi. Humayın yanında yanlışa yol verməkdən, onu utandırmaqdan qorxurdu. Həm də elə qorxurdu ki, heç savaşda belə qorxmamışdı. Tez-tez boynundan asılı qolunun sarğısını düzəldir, nigarançılıqla neçə dəqiqənin keçdiyini öyrənmək üçün saata baxırdı. Humay tindən çıxanda ürəyinin sürətlə döyündüyünü, yanaqlarının allandığını hiss edirdi. Humay onun yanına çatıb qoluna girdi:
– Hə, qaqaş, nə ilə gedək? Avtobusla 20 Yanvara, oradan da metro ilə, yoxsa necə?
– Avtobusla niyə? Bir dəqiqə darıxma, indi taksi saxladaram, – deyib qolunu çəkərək yolun kənarına çıxdı. Birlikdə yolun qarşı tərəfində əyləyən taksiyə minib bulvara gəldilər. Dəniz vağzalı tərəfdə, illərdir ki, sahibsiz qalan gəminin yaxınlığında endilər. Sahilə yaxınlaşıb dənizə tamaşa etməyə başladılar. İkisi də sakitcə dayanmışdı. Dənizdən yüngülcə əsən meh neft qoxusunu yovşan qoxusuna qatıb gətirir, görünməz su zərrəcikləri əllərinə, üzlərinə yapışıb tərə çevrilirdi. Bir neçə dəqiqə sakitcə dayanıb dənizə tamaşa etdilər. Nəhayət Humay gözlərini günəşin altında oynayıb bərq vuran ləpəciklərdən ayırmadan:
– Şiraz, üzməyi bacarırsanmı? – deyə soruşdu.
– Hə, kursant vaxtı öyrədiblər, niyə soruşdun ki?
– Nə bilim… Əslində mən də öyrənmək istərdim. Televizorda həmişə üzgüçülük yarışlarını maraqla izləyər, hələ o balıq kimi üzən qızlara baxıb həsəd aparardım. Amma heç cür qismət olmadı ki, öyrənim.
Şiraz gülümsünərək:
– Üzməyi öyrənmək çətin deyil. Hovuzların birinə yazılarsan, uzağı iki-üç həftəyə öyrədəcəklər.
– Hə, gərək yazılım, – deyib, – bilirsən, Şiraz, dalğaları seyr etməyi çox sevirəm, adamın əsəblərini sakitləşdirir. Amma təəssüf ki, indi istidir. Gəl gedək bir çay içək, burada günəş lap adamı dağlayır, – deyə əlavə etdi.
Şiraz bir söz demədən onun yanına düşdü. Bir az aralıda, ağaclığın içindəki çayxanaya gəldilər.
Çaylarını içərkən Şiraz soruşur, Humay onun suallarını cavablandırırdı. O, öncədən Humayın haqqında çox az şey bilirdi. Elə indi də Humay hər şeyi danışmır, müharibədə iştirakının, döyüşlərdə göstərdiyi şücaətlərin üstündən adlayıb keçirdi. Amma nə qədər kəm-kəsirlə anlatsa da, Şiraz onun həyatını dinlədikcə mütəəssir olur, Humayın içində daşıdığı insanpərvərliyə, vətən sevgisinə heyran olurdu. Yaralandığı gündən bu yana ilk dəfə idi ki, onu vuran erməni snayperə qarğımır, hətta Humayla tanış olmasına səbəbkar olduğu üçün hardasa qəlbən təşəkkür də edirdi.
Humay onunçün kim idi? Anası idimi? İyirmi ildir ki, üzünü görmədiyi bacısı idimi? Yoxsa aşiq olduğu xanım idimi? O səksəndi, armudu stəkanı ovcunda elə sıxdı ki, az qalsın qırılıb ətini doğrayacaqdı. Bu axırıncı düşüncəni ağlına gətirdiyi üçün özünü lənətlədi: “Əclaf, özün də ona bacı deyirsən. İlk gündən sənə “qaqaş” deyib, görmədiyin, dadmadığın duyğuları yaşadıb. O yanındaykən anan yanındaymış kimi hiss etmisən. İndi ağlına gələn axmaqca düşüncəyə bax!”
Şirazın qızarıb-pörtdüyünü görən Humay:
– Nə oldu, Şiraz? – deyə soruşaraq yanağına düşmüş telini götürüb qulağının dalına keçirdi.
– Heç, Humay, heç nə olmayıb.
– Bəlkə, qalxaq, hə? Saat qülləsinin yanında katerə minər, sonra Kukla teatrına qədər gəzə-gəzə gedərik. Oradan da avtobusa minib geri qayıdarıq.
Şiraz ofisiantı çağırıb çay pulunu verdi. Qalxdılar. Humay asfaltın üstü ilə uzanıb gedən, bir-birilərini çalın-çarpaz kəsən kölgələrə baxıb başını qaldıraraq günbatana boylandı. Sanki üfüqdə ocaq qalamışdılar. Şirazı tələsdirdi:
– Dənizdən qürubu seyr etmək çox gözəl olur.
İti addımlarla dolmaq üzrə olan gəmiyə yaxınlaşdılar. Şiraz iki bilet aldı. Taxta körpüdən keçib gəmiyə mindilər. Müvazinətlərini itirməmək üçün ehtiyatla keçib yerlərində əyləşdilər.
Şiraz onun solunda əyləşdiyindən qızın günəşin qüruba gedərkən səmaya yaydığı qızılı şəfəqlərinə, didilmiş yun kimi seyrək buludları boyadığı rənglərin gözəlliyinə necə heyranlıqla baxmasını, dodaqlarının məsumanə təbəssümlə büzülüb qaşlarının çatılmasını görmədi. Bu mənzərəyə valeh olan Humay: “Maaşımı yığıb bir fotoaparat alacam, ilk şəkli çəkmək üçün bura gəlib qürubu çəkəcəyəm”, – deyə düşündü.
Gəmi buxtadan çıxıb irəlilədikcə suyu kənara sıçradır, sakit dənizdə yaranan dalğacıqlar bir-birilərini qovub uzaqlaşırdılar. Humay əlini uzadıb suya toxunmaq, ovuclarına doldurduğu suyun uzun barmaqlarının arasından şırıltı ilə süzülüb axmasına tamaşa etmək istədi. Yox, buradan uzanıb suya toxunmaq mümkün deyildi. Məhəccərə söykənib əlini açaraq kənara uzatdı. Gəminin sıçratdığı su damlalarını yaxalamağa çalışdı.
Şiraz onun ayağa qalxdığını görüb:
– Ehtiyatlı ol, Humay, yıxılarsan, – deyə qolundan tutdu.
– Qorxma, yıxılmaram.
Şiraz ayağa qalxıb gəminin ön tərəfinə keçdi. Burada gənclər məhəccərin yanında ayaq üstə dayanıb dənizdəki neft qüllələrini, Nargin adasını seyr edirdilər. Gəmi adanın yanından geri dönüb qayıdarkən şəhərin işıqları təkəm-seyrək yanmağa başlamışdı.
Humaygil taxta körpüdən keçərkən növbəti səfər üçün gəmiyə minməyə tələsən gənclər səbirsizliklə onların enməsini gözləyir, bir-biriləri ilə zarafatlaşıb gülüşürdülər. Gəzə-gəzə gəlib Kukla Teatrının yanına çatdılar. Şiraz yol kənarında dayanmış taksilərdən birinə yaxınlaşıb:
– Dayı, bizi Papanin hospitalına apararsınızmı? – deyə soruşdu. Sürücünün razılığını alıb arxa qapını açaraq:
– Humay, keç əyləş, – dedi. Özü də keçib öndə əyləşdi.
– Necə danışmışdıq, ay Şiraz, avtobusla dönməyəcəkdikmi?
– Bu gün qonağımsan. Xahiş edirəm, heç nə demə.
Humay gülümsündü:
– Deyəsən, maaş almısan, hə, qaqaş?
Şiraz köks ötürüb:
– Əvvəl cəbhədəydim, indi də hospitalda. Xərcləməyə yer var ki? Maaş da yığılıb qalır.
İkisi də susdu. Mənzil başına çatıb taksidən endiklərində, Şiraz:
– Buraların camaatı bir az nadincdir. İcazə versəydin, yaşadığın yerədək ötürərdim.
– Ehtiyac yoxdur, sən get şöbəyə, iynələrini vurdur, iki gündən sonra özüm vuracam.
– Çox sağ ol, Humay, – deyə Şiraz ehtiramla onun əlindən tutdu. – Bu qısa müddətdə mənə həm ana, həm də bacı sevgisini dadızdırdın. İndi bu iki varlıqdan məhrum olduğumçün daha çox heyfislənirəm.
– Ürəyini sıxma, hər şey gəlib yerini tutacaq.
– Di sənə yaxşı yol, mən də şöbəyə gedim.
Humay alaqaranlıq küçə ilə gəlib Lətifəgilin həyətinə çatanda qapıda dayanıb qonşu qadınlarla söhbət edən ev sahibəsini görüb ayaq saxladı. Salam verdi:
– Axşamınız xeyir.
Lətifə onun salamını alıb qadınlardan ayrılaraq ardınca gəldi:
– Xeyir ola, qızım, niyə gecikdin?
Humay onun üzünə baxdıqda bu mehriban, qayğıkeş qadının gözlərindəki nigarançılığı sezib gülümsündü:
– Narahat olmayın, işdən sonra şəhərə çıxmışdım, dedim, gedim bir az dəniz havası alım.
–Yaxşı elədin, qızım. Hər gün eyni rejimdə gəlib-getdiyinə görə bizi də dəqiqliyinə alışdırmısan. Bu gün də nəvələrim girib-çıxıb səni soruşurlar ki, bəs, ay nənə, Humay xala gəlmədi?
Humay bir istədi, gəlib əynini dəyişib getdiyini, amma nə həyətdə, nə də küçədə kimsəni görmədiyini desin. İzahat verməyinə ehtiyac olmadığını düşünüb susdu.
O, işdən gələndə, ya da həftə sonları yarım saatlıq Lətifənin nəvələrini çağırıb oynayardı. Onlara nağıl danışar, tapmacalar öyrədərdi. İndi, görünür, uşaqlar yenə oynamaq üçün gəlmiş, Humayı görməyincə qaçıb nənələrinə xəbər vermişdilər.
Humay yenicə otağa gəlib əynini dəyişmişdi ki, qapı döyüldü. Gəlib baxdı, Lətifənin nəvələri idilər. Birinin əlində isti xörəklə dolu buğlanan kasa, digərinin əlində salat və çörək qoyulmuş təpsi olan iki qızcığaz qapıda dayanmışdılar. Bir-birlərinə aman vermədən xəbər verdiər:
– Bunu nənəm göndərdi, dedi, yesin, qablarımızı alıb gətirərsiniz.
Humay qızları da içəri dəvət etdi. Süfrəni hazırlayıb onlara: “Gəlin birlikdə yeyək”, – deyə təklif etdi.
– Biz elə indicə yemişik, həm də hərəmiz bir kasa.
Humay balacanın bunu deyərkən gözlərini bərəldib “b” hərfini xüsusi vurğu ilə tələffüz etməsinə gülümsündü:
– İndi mən də sizin hərənizə bir nağıl danışacağam.
Qızlar sevinclə əllərini göyə qaldırdılar:
– Yaşasın!
Humayın xəyalı bir anlıq kəndlərinə getdi. Bu iki qızcığaz kimi, beş-altı yaşlarında idilər. Anaları onlara yazmağı, rəqəmləri öyrədər, nənələri axşamlar dizinin dibində oturdub nağıllar danışardı. Nağılların sonunda həmişə göydən üç alma düşərdi. İkisi dinləyənlərin, biri isə deyənin olardı. Və həmişə bacısı etiraz edib:
– Nənə, bəs anamız, onun alması olmasın? – deyərdi. Birdən-birə sinəsi qübar etdi, ürəyinin başı göynədi: “Ah, Dürdanə, Dürdanə!”…
A feeling entered my heart like a light, It filled my soul with seeking Allah’s pleasure bright. My love became open, only for you declared— My Prophet, to you I have become a lover. Like a smile, this night brought gentle warmth, My heart awake, my memory clear and firm. Then I knew, this is not mere love’s flame— My Prophet, for you I have become a lover. I fell, I broke, I lost my way, My tyrant ego led my soul astray. Yet my Allah brought me to this state— My Prophet, to you I have become a lover. Without seeing you, my heart was tied, The world forgotten, my soul confined. O Messenger of Allah, my love knows no boundary— My Prophet, to you I have become a lover. A sinful servant, weak am I, Yet my heart beats with your name every time. To be in love is the purest feeling— My Prophet, to you I have become a lover. Muhammad, the Messenger of Allah, Every word of yours a balm for sorrow. In you is gathered the radiant beauty of light— My Prophet, to you I have become a lover. To love unseen is a miracle of light, True devotion flows from heart to heart. This is not mere love, but guided delight— My Prophet, to you I have become a lover. Outwardly simple, inwardly I burn, Among sins, toward you I turn. Each dawn begins remembering you— In love and faith, my truth I found.