Rövşən Hüseynov haqqında

Rövşən Hüseynov haqqında
Bu gün Azərbaycan Milli Qəhrəmanı Rövşən Hüseynov anadan olduğu gündür! Allah rəhmət eləsin, ruhu şad olsun! Amin.
22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində doğulmuşdur. 1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Ağdam rayon Mədəniyyət evində işləmişdir.

1985-ci ildə Bakı Dövlət Universitetinin fızika fakültəsinə daxil olmuşdur. 1985-87-ci illərdə ordu sıralarında olmuşdur.
Rövşənin təşəbbüsü ilə 1992-ci ildə Bakı Dövlət Universitetinin iyirmi tələbəsi dövlət imtahanlarının başlanmasına üç ay qalmış, təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsinə – Goranboya yollanırlar. Tələbə taqımı 703 saylı hərbi hissəyə təhkim olunur. Ən ağır sınaq saatı Holandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə oldu. Holandağdan Ergəc, Mənəşli, Buzluq və Şaumyana (Ağcakənd) nəzarət etmək mümkün idi. Düşmənin 300-dən artıq əsgər və zabiti müasir hərbi texnika ilə silahlanaraq Holandağa hücuma keçmişdi. İlk hücumun qarşısı məharətlə alındı. Düşmən pərən-pərən salındı. Bu, 1992-ci ilin 28 aprel günü idi. Tələbə taqımı qarşısındakı bu məğlubiyyətdən qəzəblənən düşmən dörd gündən sonra daha böyük qüvvə toplayaraq hücuma keçdi. Rövşənin taqımı düşmənin iki zirehli texnikasını və onlarla canlı qüvvəsini məhv etdi. Düşmənin Holandağı alıb Çaykəndə çıxmaq planı alt-üst edildi.

Elə Marquşevan uğrunda gedən vuruşlar da tarixə düşəcək bir döyüş idi. 1992-ci il mayın 11-də gedən döyüşdə Mingəçevir bölüyünün 27 döyüşçüsü mühasirəyə düşmüşdü. Briqada komandiri onları mühasirədən qurtarmaq üçün tələbə döyüşçülərə müraciət etdi. Onlar Mingəçevir bölüyünü mühasirədən çıxardılar, lakin özləri mühasirəyə düşdülər. Bu qeyri-bərabər döyüşdə tələbələrdən ikisi həlak oldu, bir neçəsi yaralandı. Rövşən vəziyyəti ani olaraq qiymətləndirdi və döyüş dostlarının əsir düşəcəyini görüb, atəş nöqtəsini öz üzərinə götürdü. Onun pulemyotu düşmənin başına od ələyirdi. Cəsur komandirin əmrilə döyüş dostları mühasirədən çıxdılar. O özü isə qəhrəmancasına həlak oldu.
Subay idi.

Azərbaycan Respublikası prezidentinin 16 noyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Hüseynov Rövşən Şəmil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ağdam rayonunun Quzanlı kəndində dəfn edilib. Bakı Dövlət Universitetində büstü qoyulub.

“YAZARLAR” jurnalı tərəfindən xatirəsini əbədiləşdirmək məqsədilə “25 YARPAQ” LAYİHƏSİ həyata keçirilir (2018-ci ildən).

Layihənin rəhbəri “YAZARLAR” jurnalının baş redaktoru, AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİNİN, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisist Zaur Ustacdır.

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Universitetin mədəni ruhu

Universitetin mədəni ruhu

Ali təhsil müəssisələri haqqında danışanda adətən auditoriyalar, imtahanlar və diplomlar yada düşür. Amma universitet yalnız bilik ötürən məkan deyil. O, insanın formalaşdığı, səsini tapdığı, özünü sınadığı bir mərhələdir. Bəzən isə bu formalaşma auditoriyada yox, səhnənin işıqları altında baş verir.

Universitetin mədəni ruhu məhz belə anlarda yaranır.

Biz Bakı Dövlət Universitetinin Mədəniyyət və Yaradıcılıq Mərkəzinin üzvü olan tələbələrik. Amma bu yazını sadəcə “üzv” olaraq yox, bir prosesin içindən keçmiş insanlar kimi qələmə alırıq.

Solistimiz Nuray Quliyeva MYM haqqında deyir “Həm uşaqlığımda, həm abituriyent vaxtı tələbəlik illərini gözümdə çox rəngarəng canlandırırdım. İncəsənət yönümlü bir insan olduğum üçün ixtisas seçimi zamanı xüsusi ilə universitetlərin mədəni-yaradıcılıq fəaliyyətlərini, sosial mühiti araşdırırdım. Yəni, MYM məni hələ Bakı Dövlətə gəlməzdən əvvəl cəlb etmişdi.
Qəbul oldum. Sentyabr ayının sonları idi, bir rəsm müsabiqəsinə qoşulmuşdum. İşimi təhvil vermək üçün Mədəniyyət-Yaradıcılıq Mərkəzinə gəlmişdim. Çağırıldığım otağa gedəndə akt zalın qapısından keçdim, qapı açıq idi. İçəridən piano səsi gəlirdi, gözucu baxdım, zal çox gözəl idi.. O anda düşündüm ki, kaş indi bu qapıdan girib ordakı pianoda ifa etmə ixtiyarım olardı..

Təxminən 15 dəqiqə sonra artıq səsimi yoxlayıb məni MYM üzvlüyünə daxil etmişdilər..

İlk səhnə aldığım günü xatırlayıram, kövrəlmişdim. Amma sevincdən ağlayırdım, çünki illərlə gözümdə canladırdığım səhnəni yaşayırdım.

O gündən, demək olar ki tələbəlik həyatımın ayrılmaz hissəsidir MYM. Bura sayəsində çox dəyərli dostlar qazanmışam, eyni zamanda müəllimlərimdən çox dəyərli bilgilər öyrənmişəm. Bura bir növ “incəsənət uşaqlarının” universitetdəki evidir. Dərslərin, imtahanların stressini, qayğılarımızı unutdurur. Özü isə unudulmaz xatirələr yaradır.
Təkrar seçim şansım olsaydı, hər şeyə rəğmən, yenə də Bakı Dövlət deyərdim. Çünki gənclik illərimin ən gözəl xatirələri zalda, məşqlərdə, tədbirlərdə keçib. Mərkəz olmasaydı bu 4 il ağ-qara olardı. Ümumən, həyatımızda incəsənət olmasaydı hər şey başqa cür olardı, daha sönük, daha cansız. Şəxsən mən, universitetdən öncə özünə qapalı, asosial bir insan idim. Musiqi ilə yanaşı, sosial bacarıqlarımızın formalaşmasında da Mərkəzin rolu əvəzsizdir. Həyatımıza rəng qatdığı üçün, tələbəlik illərimizin ən gözəl xatirələrinə imza atdığı üçün tələbə-solist olaraq Mədəniyyət və Yaradıcılıq Mərkəzinə minnətdarlığımı bildirirəm. O cümlədən, dəyərli MYM kollektivinə, xüsusilə də vokal müəllimim Könül xanıma, bizə olan doğma münasibətinə və hər mövzuda dəstəyinə görə təşəkkürümü bildirirəm. Hər zaman doğma olaraq qalacaqsınız.

Sevgilərlə, Nuray Quliyeva”

Tarzənimiz İmran Sabirov MYM haqqında deyir “Mən düşünürəm ki , illər sonra universitet vaxtlarını xatırlasam ilk yadıma düşən Mədəniyyət və Yaradıcılıq mərkəzində keçirtdiyim günlər olacaq. Bu o günlər ki, mənə tələbəlik həyatımın ən xoş xatirələrini bəxş etdi. Mən burda dəyərli insanlar qazanmaqla yanaşı, özümə dəyər qatan oldum. Mərkəzin hər bir əməkdaşı bizim qəlbimizdə yer edinib. Onlar hərəkətləri, sözləri, öyüdləri ilə mənə çox kömək olublar. Könlümdə onlara qarşı böyük məhəbbət və hörmət var.
Mən həyatım boyu onlara minnətdar olacam.”

Solistimiz İnci Hacızadə MYM haqqında deyir “ Mən, Hacızadə İnci, Bakı Dövlət Universitetinin Mədəniyyət və Yaradıcılıq Mərkəzinin (MYM) üzv tələbələrindən biriyəm. Digər üzvlərlə birlikdə bu yazını qələmə almaqda məqsədimiz MYM-in bizim üçün nə qədər dəyərli olduğunu, həyatımıza nə kimi töhfələr verdiyini və bu mərkəzin əslində sadəcə bir musiqi topluluğu deyil, eyni zamanda bir ailə olduğunu göstərməkdir.

Hazırda Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsiyəm. Lakin universitet həyatımın ilk günlərindən etibarən MYM-də aktiv fəaliyyət göstərirəm. Bu mərkəzin mənim üçün niyə bu qədər önəmli olduğunu daha aydın ifadə etmək üçün, fəaliyyətimdən danışmazdan əvvəl musiqinin həyatımda tutduğu yerdən bəhs etmək istərdim.

Musiqi ilə münasibətim uşaqlıq illərimə — təxminən 5–6 yaşlarıma gedib çıxır. O kiçik yaşlardan musiqi mənim üçün sadəcə bir maraq deyil, dəyər idi. Hələ dili belə tam bilmədiyim vaxtlarda xarici mahnılara qulaq asır, onları özüm üçün zümzümə edirdim. Zaman keçdikcə musiqi mənim üçün bir sığınacağa çevrildi. Yeniyetməlik dövrü mənə heç də həmişə mərhəmətli davranmırdı və ruhumu sakitləşdirən, məni ayaqda saxlayan yeganə vasitə məhz musiqi idi.

Musiqinin mənim üçün nə ifadə etdiyini sözlə anlatmaq çətindir. İnsan üçün oksigen və su necə həyati əhəmiyyət daşıyırsa, bitki üçün gün işığı nədirsə, musiqi də mənim üçün odur. Mən harmoniyalar var olduğu üçün varam. Hər not bir duyğudur, hər səs yeni bir başlanğıcdır. Musiqi varsa, mən varam; yoxdursa, sanki mən heç olmamışam.

Lakin musiqi ilə münasibətim uzun müddət professional səviyyədə olmayıb. Özüm üçün oxuyurdum, imkanlarım çərçivəsində. Çünki o balaca qızın böyük səhnələrə çıxacağına, insanlar üçün oxuyacağına, peşəkar bir mühitdə musiqi ilə məşğul olacağına dair heç bir ümidi yox idi. Hətta xatırlayıram ki, atam evə daxil olan kimi mahnı oxumağı dayandırırdım — birdən eşidər deyə. O dövrdə bunun utanılmalı bir şey olduğunu düşünürdüm. “Qız uşağı və səhnə” anlayışı ilə bağlı formalaşmış stereotiplər şüurumun dərinliklərinə hopmuşdu və mən özümə bu cəsarəti uzun müddət verə bilmirdim.

Sonra abituriyentlik dövrüm başladı. Bu mərhələ musiqi ilə arama daha böyük bir məsafə qoydu. Həmin illəri həm sağlamlıq problemləri ilə mübarizə apararaq, həm də imtahanlara hazırlaşaraq keçirdim. Zaman məhdudluğu musiqiyə yer ayırmağa imkan vermirdi. Nəhayət, Bakı Dövlət Universitetinə qəbul oldum. Bu illər məni daha güclü bir insana çevirdi. İçimdə bir səs “artıq kifayət qədər vaxt itirdik, qalanını itirməyək” deyirdi.

Birinci kursda universitetdə musiqi fəaliyyəti ilə məşğul olan dostlarım vasitəsilə MYM haqqında eşitdim və vaxt itirmədən üzv oldum. O gündən etibarən, bir ömrə dəyişməyəcəyim qədər dəyərli illər yaşadım — həm üzvlərlə, həm də pedaqoji heyətlə. MYM məndə olmadığını düşündüyüm işığı üzə çıxarmağa kömək etdi. İlk səhnə təcrübəmi universitetdə qazandım. Daha sonra isə MYM-in dəstəyi sayəsində Heydər Əliyev Mərkəzində ən böyük səhnəmə çıxdım. Bu çıxış mənə respublika universitetləri arasında “Vokal(müasir)” janrı üzrə birincilik qazandırdı.

Bəs bu uğurun səbəbi yalnız mənim bacarığım idimi? Xeyr. Mən yenə də qapalı otaqlarda oxuyan İnci ola bilərdim. Lakin MYM müəllimlərinin dəyərli məsləhətləri, verdikləri inam və aşıladıqları cəsarət sayəsində o səhnəyə çıxdım. Onların dəstəyi ilə içimdə artıq mövcud olan bacarığı nümayiş etdirməyə nail oldum.

MYM mənim üçün sadəcə bir mərkəz deyil — bu, özümə inandığım, səsimi tapdığım və kim olduğumu dərk etdiyim bir ailədir.”

Qarmon(akkordion) və piano ifaçımız Murad İsrafilov MYM haqqında deyir : “ MYM nədir? Bizə nə qatdı?

Mən Murad — İsrafilov Murad. Universitetimizin Mədəniyyət və Yaradıcılıq Mərkəzinin üzv tələbələrindənəm. Sizə musiqinin həyatımdakı yerindən və universitet təhsilimdəki rolundan danışacağam. Bu yazını mərkəzin bir-birindən dəyərli digər üzvləri ilə birlikdə yazmaqda məqsədimiz MYM-in həyatımızda nə qədər önəmli yer tutduğunu göstərmək və kollektivə bizdən mənəvi bir yadigar qoymaqdır. Yazımda instrumental ifaçılığımdan, çıxdığım səhnələrdən və görünməyən arxa plandan bəhs edəcəyəm. Bunları danışdıqca “MYM nədir?” sualına ayrıca cavab verməyə ehtiyac qalmayacaq.

Lap əvvələ — musiqi təhsilimə qayıtmaq istəyirəm. Çünki universitetlə mənim musiqi təhsilim arasında bir körpü var. Orta məktəbin 5-ci sinfində oxuyarkən ailəmin qərarı ilə 11 illik musiqi məktəbinin 5 illik qarmon sinfinə yazıldım. İlk başlarda ailəmin bu qərarını sorğulasam da, sonradan “yaxşı ki” dedim. Atamın tar təhsili var idi. Hətta getdiyim musiqi məktəbində qohumumuz qarmon müəllimi idi, amma mən onun sinfində oxumurdum.

İlk ilim çox maraqlı keçdi. Mənə Kazan qarmonu alındı. Bu, musiqi aləti ilə ilk tanışlığım deyildi — anamın işlədiyi uşaq bağçasında fortepiano ilə etdiyim “fantaziyalar” yadıma düşür. Özümü bəzən Mozart zənn edirdim. İlk il maraqlı keçsə də çox həvəsli deyildim. İmtahanlarda yaxşı nəticə göstərməyimə baxmayaraq hələ də bu sahəni sevmədiyimi düşünürdüm. İkinci il daha stabil keçdi.

Üçüncü il isə mənim üçün dönüş nöqtəsi oldu. Araşdırmağa başladım: musiqi nədir, bu alətdə mənim yerim varmı, ifa bacarığım mənə nə qazandırır? Daha həvəslə yanaşdıqca, genetik meyillərimin də təsiri ilə “slux” deyilən anlayışın məndə olduğunu dedilər. Elə o gündən notlardan qismən uzaqlaşdım və eşitmə bacarığıma güvənərək ifa etməyə başladım. Uğurlu oldummu? Çox. Hətta o qədər ki, məktəbdə müəllimlər arasında mənim üçün “atışmalar” olurdu — məni dərslərinə dəvət edirdilər. 6–7-ci sinifdə oxuyan bir şagird nə düşünə bilərdi ki?! Sadəcə gedib ifa edirdim.

Təhsilimin dördüncü ilində müsabiqələrə qatıldım və dərəcələr aldım. Müəllimlər bu “hobbini” peşəyə çevirməyimi istəyirdilər. Eyni zamanda orta məktəbdə 9-cu sinif imtahanlarına hazırlaşırdım və musiqiyə ayırdığım vaxt azalmışdı. Sonda məktəbimizin direktoru diplomumu təqdim edərək dedi ki, musiqini seçsəm çox uğurlu olacağam amma digər seçimimə də hörmət edirlər. Həmin seçim ali təhsil almaq idi. Musiqi ilə aram o dövrdə qopdu. Növbəti 4 il ərzində nə qarmonumdan xəbərim oldu, nə də onun məndən.

Uşaq bağçasında pianoya olan marağımı universitetdə 1-ci kursun sonunda yenidən reallaşdırmaq istədim. Boş vaxtlarımda kiçik bir sintezatorla başlayaraq piano öyrəndim və hələ də öyrənirəm. İnkişafım sürətli oldu — cəmi bir ay intensiv məşqdən sonra sərbəst ifalar edə bilirdim.

Universitetimizdə belə bir Yaradıcılıq Mərkəzinin olduğunu əvvəl bilmirdim. Elanlar paylaşılsa da biz bəzən dəyərli şeyləri önəmsizləşdirməyə meyilliyik və onlara ciddi yanaşmırıq. MYM ilə necə tanış olduğumu dəqiq xatırlamıram amma akt zalında pianoda ifa edərkən “kəşf olundum” desəm, yəqin ki, yanılmaram.

Mərkəz sözün əsl mənasında məni daha peşəkar etdi. İlk səhnə təcrübəm 18 sentyabr — Milli Musiqi Gününə təsadüf etdi. Pianoda Emin Sabitoğlunun bəstələdiyi “Ala gözlüm” əsərini ifa etdim. Bu təcrübə əvəzsiz idi. Səhnənin tamam fərqli bir mühit olduğunu məhz o gün hiss etdim. İlk tədbirin həyəcanı hələ üzərimdəykən pianodan əlavə əsas təhsil aldığım qarmonda da özümü sınamaq istədim. Sonrakı tədbirlərin çoxu mənə doğma olan bu alətdə keçdi.

Mədəniyyət və Yaradıcılıq Mərkəzi bizə musiqi mədəniyyəti və səhnə mədəniyyəti aşıladı. Bunları həm çətin, həm də daha rahat yollarla öyrəndik. Bu prosesdə müəllim kollektivi və üzv dostlarımın rolu böyükdür. Biz səhnədə parlayırıqsa, bu, mərkəzin müəllimlərinin əməyinin nəticəsidir. Biz bəzən bizə dəstək olanları unutmağa meyilli oluruq amma mən müəllim heyətimizə can sağlığı və uzun ömür arzulayıram. Çünki xoşbəxtlik nisbidir və bizim arzuladığımız xoşbəxtlik onlar üçün yetərli olmaya bilər.

Mərkəz mənə bir-birindən dəyərli ifaçılar və istedadlı insanlarla ünsiyyət imkanı qazandırdı. Musiqiyə geri dönməyimdə körpü rolunu oynadı. Qazandırdıqlarını saymaqla bitməz amma bunların içərisində ən əsası isə gözəl insanlar oldu. Özümü çox şanslı hesab edirəm ki, belə bir kollektivin parçası oldum.

Əgər əlimdə yenidən 4 il olsaydı və məndən soruşsaydılar ki, musiqi ilə bağlı bir mərkəz necə qurulmalıdır, sözsüz ki, üzvü olduğum, böyük hörmət bəslədiyim müəllim və tələbə kollektivinə sahib bu mərkəzi nümunə göstərərdim.

Yaxşı ki, MYM.”

Səhnəyə çıxmaq kənardan asan görünə bilər. Beş dəqiqəlik ifa, bir neçə alqış və bitən proqram. Amma səhnənin arxasında başqa bir dünya var. Orada həyəcan var, xaos var, təkrar-təkrar məşq var, səhvlər var və o səhvləri sakitliklə düzəltməyi öyrədən müəllimlər var.

Pərdə açılır və işıqlar yanır. Tamaşaçı alqışlayır. Amma pərdənin arxasında görünməyən bir zəhmət dayanır. Uğur ön planda olur, amma uğura gedən yol çox vaxt görünmür. Biz bunu burada öyrəndik.

Mərkəz bizə təkcə musiqi və ya səhnə mədəniyyəti öyrətmədi. Bizə “çaşsan da dayanma” prinsipini öyrətdi. Səhnədə səhv etmək son deyil — davam etməyi bacarmaq əsasdır. Bu qayda təkcə ifada yox, həyatda da keçərlidir.

Səhnənin qəribə bir xüsusiyyəti var: beş yüz nəfərlik zalın səsi ifa zamanı qulağa çatmır. Sanki dünya susur və insan öz daxili fokusuna qapanır. Orada yalnız sən, ifa və məsuliyyət qalır. Bu hissi bir dəfə yaşayan artıq əvvəlki kimi olmur.

Səhnə arxası isə çox zaman xaotik mühitdir. Amma həmin xaosun içində sakit qalmağı bizə öyrədən bir kollektiv var. Zərb alətlərində ritmin nizamı, xorda səslərin birliyi, rəqsdə addımların intizamı, instrumental ifada məsuliyyət və diqqət — bunların hər birinin arxasında görünməyən bir sistem dayanır. O sistem isə müəllimlərin səbrindən və zəhmətindən qurulur.

Biz alqışları eşidirik. Amma bilirik ki, o alqışların bir hissəsi səhnədə görünməyən insanlara məxsusdur.

Bu mərkəz bizə harmoniya anlayışını praktikada göstərdi. Harmoniya yalnız musiqidə deyil — münasibətlərdə, əməkdaşlıqda, kollektiv ruhunda da var. Fərqli bacarıqlar, fərqli xarakterlər və fərqli səslər bir araya gələndə bir bütöv yaranır.

Biz burada təkcə ifa etmədik. Böyüdük. Səhv etdik, öyrəndik, yenidən sınadıq. Hədəflərimizi genişləndirdik və universitet daxilindən kənara da addım atdıq. Amma harada çıxış etməyimizdən asılı olmayaraq, ilk böyük məktəbimiz bu mərkəz oldu.

Universitetin mədəni ruhu məhz belə məkanlarda formalaşır — auditoriyadan kənarda, amma təhsilin özündən uzaqlaşmadan. Çünki sənət də təhsilin bir hissəsidir. Bəlkə də onun ən insani tərəfi.

Bu yazı bir hesabat deyil. Bir təşəkkür də deyil. Bu, sadəcə olaraq bir kollektivin yaddaşına qoyulan səmimi bir qeyddir.

Universitet divarlardan ibarət deyil. Onu ruhlandıran insanlar var. Biz isə həmin ruhun bir parçası olduğumuz üçün özümüzü şanslı hesab edirik.

Məlumatı hazırladı: AYSU TÜRKEL

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I