
“SƏN DƏ ƏLƏSGƏRSƏN, MƏN DƏ ƏLƏSGƏR”
Ədəbi mühitdə dillərdə dolaşan bu misranın müəllifi şair Ələsgər Talıboğlunun “Könül yaza tələsir” şeirlər kitabından fraqlentlər
Şair var, böyük bir külliyyat yaradır, şair də var bappalaca bir kitab bağlayır… Yaxşı halda hər şairin bir misrası dillərdə dolaşar, o da kimə qismət ola, ya olmaya…
Ələsgər Talıboğlu Azərbaycan ədəbiyyatının XX əsrin sonu – XXI əsrin əvvəlləri dövründə imzasını tanıtmış şairlərdəndi. Yaradıcılığında Məmməd Araz məktəbi duyulur. El arasında Dədə Ələsgərə həsr etdiyi şeirindən bir misra dolaşır: “Sən də Ələsgərsən, mən də Ələsgər!” Bu misrada çox məna ifadə olunur. Ələsgəri bu gün yaşadan, gələcəkdə yaşadacaq bu misra onun yaradıcılığına açar rolunu oynayacaq. Ədəbi tənqidçilər, tədqiqatçı-araşdırmaçılar məhz bu misranı rəhbər tutaraq Ələsgər Talıboğlu yaradıcılığını incələyəcəklər. Buna adım kimi əminəm. Çünki Ələsgər Talıboğlu yaradıcılığında belə möhtəşəm, ölməz misralar onlarladır və bəlkə də daha çoxdur.
Ələsgər Talıboğlu ilboyu başının üstü açıq səma olan Naxçıvan diyarında dünyaya gəlib. Hərdən Zəngəzur dağlarından öyüb keçən pambıq kimi ağappaq buludların səmasını gözəl tabloya çevirmiş Şərur rayonunun Kərimbəyli kəndində zəhmətkeş bir ailədə doğulub, boya-başa çatmışdır. İxtisasca filoloqdur, dilimizin zənginliyini bilir və yaradıcılığında bəhrələnir. Hər şairə nəsib olmayan Məmməd Araz və İsa Muğanna mükafatları laureatıdır. Həm də bəxtəvər şairlərdəndir ki, şeirləri bir sıra xarici dillərə tərcümə olunub, sözlərinə mahnılar bəstələnib. Azərbaycan Yazıçılar Birliyinin fəal üzvlərindəndir. Bu günlərdə oxucuları ilə növbəti görüşə gəlib. Sayca 21-ci olan şeirlər kitabı “Könül yaza tələsir” adlanır. Bütün bunlara rəğmən Ələsgər Talıboğlu olduqca təvazökardır. Elə bu kitabının üz qabığına seçdiyi şeir parçasında qeyd etdiyi kimi özünü azman şairlərlə müqayisə etmir, “Bir kol dibində tər bənövşəyəm” deyərək cahana yeni qədəm basdığını, hələ sözünü demədiyi, sinəsi dolu novcavan enerjili biri olaraq təsvir edir.
Çoxşaxəli yaradıcılığa malik Ələsgər Talıboğlu poeziyanın bütün formalarında nümunələr yaratmaqla qələmini snaqdan çıxartmışdır. Yaradıcılığı müxtəlif vaxtlarda ədəbi tənqidçilərin, şair və yazıçıların, jurnalistlərin, yaradıcılığı olan digər sənət adamlarının diqqətini çəkmiş, onun poetik dünyası barədə müxtəlif səpkili məqalələr, resenziyalar, dost yazıları yaranmışdır. Sözsüz ki, növbəti kitabı da əldən-ələ keçərək oxunacaq, layiqli dəyərini alacaqdır.
Ələsgər Talıboğlu da Dədə Ələsgər kimi daima el arasında olan, elin dərd-səri ilə yaşayan, yeri gələndə giley-güzar kimi yox, bir tarix olaraq elin qovxasını mərdanə şəkildə nəzmə çəkən şairdir. “Hər qarış torpağı ləl-gövhər olan vətəndə, hamının bəhrələndiyi halda yerli, aborogen millətin zillət içində yaşadığını, oğulların səfalət ucbatından dərbədər düşdüyünü” yana-yana təsvir edir.
Mənim oğullarım yad ölkələrdə,
Bax, min bir zəhmətlə qultək işləyir.
Ən yağlı loxmanı məmləkətimdə
Yadlar mənimsəyir, özgə dişləyir.
“Könül yaza tələsir” – şair kitabına belə bir ad seçib. Könül yaza niyə tələssin? Baharın, yazın gəlişini, demək olar ki, bütün şairlər öz yaradıcılıqlarında, özü də bəziləri dönə-dönə təsvir etmişlər. Onlardan Şah İsmayıl Xətai qədər gözəl, bənzərsiz və yüksək səviyyədə baharı təsvir edən ikinci bir şair yoxdur. Baharın gəlişi təbiəti oyadır, canlandırır. Hər dəfə gözoxşayan, könülaçan, ruhu ilhamlandıran bir mənzərə ilə qarşılaşan şair ürəyi, könlü yaza niyə tələsməsin? Ələsgər Talıboğlunun hikməti bundadır.
Ələsgər Talıboğlu xalq folklorunu kifayət qədər yaxşı bilən, yeri gəldikdə yaradıcılığında məharətlə bəhrələnən şairlərdəndir. Bu yaşında özünün də folklor nümunəsi yarada biləcək cəhdləri uğurlu alınır. Sözün mahiyyətindən mahir usta kimi istifadə etməyi bacaran şair bənzətmələr vasitəsilə sözünü deyir, necə deyərlər, fikrini sətiraltı ötürür.
Bu gözəlin gün doğmadı baxtına,
Bu gözəlin dərdi dağdan ağırdı.
Bu gözəlin ürəyinə toxunma,
Bu gözəlin köksü dərddən yağırdı.
Heç şübhəsiz ki, ayıq oxucu şairin bənzətməsini dərhal anlayır. Bütün yaradıcılığı boyu el-obaya, doğma yurda, sevgili vətənə, milli mənsubiyyətə bütün varlığı ilə bağlı olan Ələsgər “bu gözəl” dedikdə ana vətəndən başqa nə düşünə bilər?
Bu gözəlin sevdaları olub puç,
Bu gözəlin eşqi daşa dəyibdi.
Bu gözəlin çarxı dönüb tərsinə,
Bu gözəlin ruhunu qar döyübdü.
Odur ki, şair könlü yaza tələsir. Yaz təkcə təbiət fəsli deyil, yaz arzularımızın çiçək açacağı bir dövrdür. Qəlbimizdə bəsləyib saxladığımız, müstəqilliyə qovuşduğumuzdan bəri gerçəkləşəcək planlarımızın gələcəyi, müharibələrin, soyuq davaların olmayacağı, əmin-amanlığın yaranacağı dövrdür. Hələ ki, şair dediyi kimidir: “Bu gözəlin eşqi daşa dəyibdi”, “Bu gözəli dayağı yox söykənə”, “Bu gözəlin yaraları qaysaqsız”, “Bu gözəlin məlhəm gərək dərdinə”.
“Orxan” Nəşriyyat və Poliqrafiya müəssisəsi tərəfindən nəfis tərtibatla 300 nüsxə ilə nəşr olunan 248 səhifəlik kitabda şairin, əsasən, son bir ildə yazdığı şeirlər toplanmışdır. Bu da Ələsgər Talıboğlunun müdrik yaş dövründə məhsuldarlığının göstəricisidir. İndi o, təkcə öz fikirlərinin ifadəsini nəzmə çəkmir, böyük bir millətin saf niyyətinin, ülvi və pak amalının rəsmini sözlə ifadə etməyə çalışır, bir rəssam kimi göz önündə canlandırmağa çalışır.
Üzüm dirənibdi yoxuşa daha,
Gah duman, gah çovğun, yağışa daha.
Mat qaldım buncalıq axışa daha,
Keçilməz qayalar, sallar görünür.
Hər bir Azərbaycan aydını kimi Ələsgər Talıboğlu vətənin üzləşdiyi problemləri aydınca görür. Otuz ildən artıq başımızın üstündə dolaşan Qarabağ problemi həll olunsa da, milli əndişələr çözülmək bilmir. Milləti yetmiş yeddi yerə parçalayırlar. Hicaba bürünmüş azyaşlıların sayı artdıqca göbəyi açıq qızlar da durmadan çoxalır. İslami dəyərləri hörmətə mindirənlərlə özünü ateist adlandırıb hər şeyə qarşı çıxanların qovxası bitmək bilmir, günü-gündən də dərinləşir. Xarici təsir altına düşmüş üzüdönüklər vətəndən, millətdən üz döndərənlərin sayını durmadan artırırlar. Ələsgər Talıboğlunun silahı sözdür və o, sözünü deyir. Sözü isə qanana deyərlər, həm də kəskin sözü deməyin fərqi yoxdur, ya pıçıltı ilə söylə, ya Koroğlu nərəsi ilə hayqır.
Gəldim məzarlığa ziyarətə mən,
Bir bilsəniz burda off… kimlər yatır.
Ömrünü dopdoli yaşayanla bir
Çiçəyi burnunda nakamlar yatır.
Dil, din və torpaq uğrunda döyüşdə, mübarizədə canını fəda etmişlər şəhidlik zirvəsinə yüksəlirlər. Ələsgər Talıboğlu gəncliyində Azərbaycanın digər dəliqanlı, comərd cavanları ilə bərabər silaha sarılıb, vətəni erməni separatçılarından, qəsbkarlarından qoruyub. Əlinə qələm aldığı gündən dilimizin saflığı uğrunda cəngə girib. Ağsaqqal yaşında elin adət-ənənələrinə, milli-mənəvi dəyərlərə, ən əsası da İslam dininin məntiqi əsaslarına söykənən yaşam tərzinə dayaq olub. Yetkin ömrü mübarizələrdə keçib. Günü gündən artan, özü də ildırım sürəti ilə artan Şərlə mübarizədə Xeyirin gücsüzlüyünü görüb bəzən bədbinliyə düçar olur, nikbinliyini zəiflədir.
Qəlbimi yurd etdim dərd köhlənimə,
Sevincin dadını dada bilmədim.
Bunca ağrıları hey çəkə-çəkə,
Verdim bir ömürü bada, bilmədim.
Amma, necə deyərlər, haqq nazilər, üzülməz. Məzarlığı ziyarət edərkən ürək ağrısı və təəssüf hissi ilə orda kimlərin, hansı dahi və fədakarların yatdığını qeyd edən şair bilməlidir ki, haqq iş həmişə davam etdiriləcəkdir. Şagirdləri isə zaman özü yetişdirəcək.
Daşıya-daşıya bu fil yükünü,
Yaşadım min ağrı, acı içində.
Göyləri boyadı ahımın rəngi,
Bir üzüm gülmədi ömür köçündə.
Başı müsibətlər çəkmiş Azərbaycanın ömrü min illər boyu ağrı, acılar içində keçib, amma heç vaxt sarsılmayıb. Bilib ki, onun mərd oğulları ən çətin, ümidlərin üzüldüyü son anda belə yetişəcək, dayağında duracaq. Nə qədər Ələsgərlərlər gəlib getsə də belə olub, belə olacaq. Təki könüllər pərvaz olsun, üzü yaza köklənsin!
21 aprel, 2026, Xırdalan şəhəri
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında