
Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qiymət Məhərrəmlinin vaxtilə şöbəmizin aparıcı əməkdaşlarından biri olmuş istedadlı şair və alim Nazim Rizvanın yaradıcılığına həsr olunmuş “Əbədi Vətənin “Əbədi çinar” şairi” adlı məqaləsi “Ədəbiyyat qəzeti”nin 4 sentyabr, 2026-cı il tarixli sayında işıq üzü görmüşdür.
ƏBƏDİ VƏTƏNİN “ƏBƏDİ ÇİNAR” ŞAİRİ
Nazim Rizvan adlı könül adamının sənət dünyası ilə tanışlığımın müddəti elə də uzun deyil. Bu zaman kəsiyi illərlə ölçülə bilməyəcək çərçivədədir. Lakin şairin Azərbaycan Yazıçılar Birliyində təşkil olunan anım tədbirində bacısı Xuraman xanım tərəfindən mənə hədiyyə edilən “Əbədi çinar” kitabı müəllifin özü – hazırda çalışdığım Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin keçmiş əməkdaşı – fədakar tədqiqatçı-alim, istedadlı şair, eyni zamanda əsl vətənpərvər və mübariz şəxsiyyət haqqında yetərincə məlumat əldə etməyim üçün dəyərli bir mənbə oldu.
Əvvəla qeyd edim ki, AYB Natəvan klubuna toplaşan elm və ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, təhsil işçiləri, vaxtilə Nazim Rizvanla birlikdə çalışmış, onun həyat və yaradıcılıq yolunun canlı şahidləri olmuş iş yoldaşları, yaxın və doğmaları tədbir boyunca elə təsirli, səmimi məqamları yada salıb xatırladılar ki, alim-şairin keşməkeşli ömür yoluna sanki canlı şəkildə ekskurs etmiş olduq. Onun necə bir ziyalı, necə bir elm adamı, necə bir qələm sahibi, necə bir alicənab insan və ailə sahibi olduğu bu çıxışların məğzində öz əksini tapırdı. Nazim Rizvan dünyasının ən incə məqamlarına işıq salınan o günün xatirələri indinin özündə də bizim, şairin şeirlərdə yaşayan mənəviyyat dünyasını özünə həmdəm sayan könül adamlarının qəlbini öz şəfəqləriylə nurlandırmaqdadır.
Beləcə… Nazim Rizvanın mənəvi dünyasının əks olunduğu “Əbədi çinar”ı vərəqləyirəm. Burada nələr yoxdur, ilahi?! Elə ilk bölmənin adını ünvan götürürəm bu səmimiyyət xəzinəsinə: “Varlığı Vətəndir – Azərbaycandır!” Bəs kimdir varlığı – Vətən, Azərbaycan olan könül adamı?! Yaralı könlünü “Əsir Azərbaycanım”ın alovlu misralarıyla sarıyan Almas İldırımın “Azərbaycan – mənim tacım, taxtım, oy!.. Oyanmazmı kor olası baxtım, oy!..” nidalarıyla səsləşən “Gözün aydın, Vətən!” şeirində şair nələrdən bəhs edir bizlərə, nələrdən?!
Yetmiş ildə xalqımızın, milləıtimizin başına gətirilən müsibətlərdənmi söhbət açır, yaralanmış, paralanmış ürəklərdənmi, bədənlərdənmi, yolu üzərində dərin quyular qazan fələklərdənmi, talan olan var-yoxundanmı, meydanlarda göyə qalxan haraylardanmı?… Bütün bu ağrı-acıların sonunda qazanılan istiqlalın şirinliyinin hansı çətinliklər, hansı məhrumiyyətlər hesabına əldə olunduğunun fərqindədir şair. Heç nə elə-belə əldə edilmir, heç bir şey qızıl nimçədə peşkəş olunmur millətə. Azadlığın bərqərar olması üçün minlərin, milyonların bir amal, bir məslək uğrunda birləşərək, eyni bir nöqtəyə vurması, gərəkdirsə, canını, qanını fəda etməsi lazım!
İstiqlalı elan etdi ərənlər,
Tikanlardan qızılgülü dərənlər.
Gözün aydın, ay bu günü görənlər,
Bu gün üçün ömrü saydın, Vətən hey!
Gözün aydın, gözün aydın, Vətən hey!
“Yağılara qamçı olan”, sürgünlərdə, zindanlarda minbir zillət, zülm görsələr belə, ana dilimizin müqəddəsliyini qara kölgələrdən, kabuslardan qoruyub saxlayan millət fədailərinin rəşadətini “Mənim dilim”in odlu sətirlərinə bu sayaq yanşadıb şair:
Yüz illərlə nizələşdi,
Nazikləşdi, incələşdi.
Çəkinmədi, darılmadı.
Bir sap kimi nazildisə,
Tarix kimi qırılmadı!
…Öz yurdumda, öz elimdə,
Danışmasam öz dilimdə,
Danışmasan, danışmasaq,
Haqqımızı kim anacaq?
Elimizçin, dilimizçin
Kim yanacaq, kim yanacaq?!
Varlığı – Vətən, Azərbaycan olan şairin ruhu əsarəti yenə biləcək gücdədir, çünki bilir və əmindir ki, birlik olan yerdə dirilik var. Azadlıq uğrunda şəhadət məqamına qol qoyan oğullar olan yerdə bütöv, müstəqil Azərbaycanımızın bərqərar olacağı şəksizdir:
…Birləş, Vətən oğlu, canındı birlik,
Sənə yaraşmayır qulluq, əsirlik.
Şahiddir ruhunda şahanə şirlik:
Varlığı Vətəndir – Azərbaycandır!
“Xətai nəslinin ölümsüz bitən/ Varlığı Vətəndir – Azərbaycandır!” – qənaəti Nazim Rizvanın Azərbaycanımızın şərəfli dövlətçilik tarixi ilə necə qürurlandığının bariz göstəricisidir.
“Vətəndir, Vətən” şeirində Azər adlı şəhid Vətən övladının şücaətini minlərlə, on minlərlə qəhrəman oğulların alın yazısının nümunəsi kimi duyğuların diliylə şərəfləndirir:
O bizdən Vətənə daha yaxındır,
Vətənə necə də qovuşub bədən.
O öz adıyla da, hünəriylə də
Əbədi yaşayan Vətəndir, Vətən!
“Əbədi yaşayan Vətən” olmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. Vətəni əbədi Vətən edən şəhid oğullarımızın şəhadət məqamına ucalmalarını Vətənin xilas yolu kimi dəyərləndirir şair. Hələ 1999-cu ildə qələmə aldığı bir nümunədə şairin köksündə həmin hisslərin nə cür tüğyan etdiyinə diqqət yetirək:
Vətən oğlu, vur sinəni, vur bu odlara,
Alovlardan yaranıbdır bizim nəslimiz.
Yarasalar Vətən adlı işığa gəlməz,
Torpaqlardan qüvvət alan oddur nəslimiz.
Səttarxanlar yetiribdir bu şanlı torpaq,
Comərdlərin torpağından namərd yetişməz.
Əgər varsa namərdimiz, o bizdən deyil,
Səttarxandan öz xalqına bir dərd yetişməz.
Eyni zamanda, Şah Xətainin, Məmmədəmin Rəsulzadənin gələcək nəsillərə miras qoyduqları dövlətçilik tariximizi qorumağın şərəfli yolunun davamçılarının hər gün, hər saat doğulub yetişdiyinin fərqindədir. Odur ki, qürurunu aşağıdakı sətirlərdə əks etdirməyə çalışır şair:
Bu torpağın Mixaylosu tükənməyibdir,
İntiqamçın bəziləri doğulur hələ.
Qılıncını itiləyir Cavad xan, Kərəm,
Şeyx Məhəmməd, Həziləri doğulur hələ.
Qalx ayağa, Vətən oğlu, nərən gurlasın,
Titrəməsin vuran əlin, əsməsin dizin.
Azərbaycan azad çarpan ürəyə dönsün,
İnanaq ki, Azərbaycan bizimdir, bizim!
Şair Vətən torpaqlarının düşməndən alınacağını, Azərbaycanımızın azad, müstəqil bir gələcəyə qovuşacağını o illərdə də çox aydın şəkildə görür və inanırdı ki, gün gələcək “Sular durulacaq”!:
Dünya belə getməyəcək, güləcək xeyir,
Tufanlarda bulanan su durulacaqdır.
Namərd oğlu, bu yol sənin qulaqların yox,
Qıldan nazik oğru boynun vurulacaqdır.
Və… nə yaxşı ki, vətənpərvər şair, fədakar alim, tərcüməçi Nazim Rizvanın nakam ruhunun dinclik tapacağı o məqama yetişmək xalqımıza nəsib oldu. Xalqımızın birliyi, müzəffər ordumuzun şücaət və qəhrəmanlığı sayəsində o müqəddəs qələbənin qazanılmasına nail olundu. Biz də mərhum şairimizin narahat ruhuna dualar oxuyur, ruhunun dinclik tapmasını arzulayırıq.

Müəllif: Qiymət MƏHƏRRƏMLİ
filologiya üzrə fəlsəfə doktoru, dosent
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında