65-İN QƏTLİ

65-İN QƏTLİ

Tortun üstündəki 65 rəqəmi məni çaşdırdı.
Bir müddət ona baxdım. Elə bil rəqəm deyildi. İki nəfər yan-yana dayanmışdı — altı və beş. Məni tanıyırdılar, mən isə onları yox.
Eynən yuxu kimi… İstədim soruşum:
— Kimin ad günüdür?
Qızımın səsinə ayıldım:
— Ata, tortu kəs.
Əlimi bıçağa uzatdım.
O anda otaqdakı səslər qəribə şəkildə kəsildi. Gülüşlər uzaqlaşdı. Qaşıqlar susdu. Şamların alovu belə tərpənmədən mənə baxmağa başladı.
Bir anlıq özümü ad günü süfrəsinin arxasında yox, hadisə yerində hiss etdim.
Qurban qarşımda idi.
65.
Heç müqavimət göstərmirdi.
Əvvəl bıçağı 6-nın ortasından keçirdim.
Krem iki yana yayıldı.
Sonra 5-i yortdum.
Bir dəfə.
Bir də, bir də…
Sonra daha xırda hissələrə böldüm.
65-i doğram-doğram elədim.
Bıçağın üstü kremə bulaşmışdı. Qırmızı mürəbbə kənara axırdı. Süfrənin ağ örtüyünün üstünə bir damcı düşəndə mənə qan kimi göründü.
Qızım dedi:
— Ata, bu tikəni mənə ver.
Mən isə donub qalmışdım.
Ortada artıq 65 yox idi.
Boşqabların içində onun parçaları vardı.
Birinə altı düşmüşdü.
Birinə beşin yarısı.
Birinin üstündə rəqəmdən yalnız balaca ağ krem izi qalmışdı.
Düşündüm:
İndi sübutları da yeyəcəklər.
Hamı sakitcə cinayət yerini tərk edirdi.
Kimsə çay içirdi.
Kimsə tortun çox dadlı olduğunu deyirdi.
Kimsə ikinci tikəni istəyirdi.
Mən isə əlimdə bıçaq dayanmışdım.
Elə həmin anda qapı açıldı.
Heç kim içəri girmədi.
Amma mən özümü məhkəmə zalında hiss edirdim.
Müttəhimlər kürsüsündə oturmuşdum.
Hakim yox idi.
Onun yerində böyük bir saat asılmışdı.
Saniyə əqrəbi hər dəfə tərpənəndə zalda çəkic səsi eşidilirdi.
Tak.
Tak.
Tak.
Prokuror qarşıma yeridi.
Üzü yox idi.
Onun sifətinin yerində köhnə şəkillərim vardı.
Soruşdu:
— 65-i niyə öldürdünüz?
Dedim:
— Mən öldürmədim. Tort idi.
— Onda niyə parçaladınız?
Cavab vermədim.
Prokuror masanın üstünə bir-bir sübutlar düzməyə başladı.
Uşaqlığım.
İlk məktəb çantam.
Atamın səsi.
Anamın əlləri.
Bir zamanlar sevdiyim qadının gözləri.
Getmək istəyib getmədiyim yerlər.
Deyə bilmədiyim sözlər.
Gecikdirdiyim görüşlər.
“Sabah edərəm” dediyim bütün sabahlar.
Sonra məndən soruşdu:
— Bunları da siz doğramısınız?
— Yox.
— Bəs kim?
Başımı qaldırıb divardakı saata baxdım.
Saat günahsız adam kimi susurdu.
Onda başa düşdüm:
Mən 65-i öldürməmişdim.
Əslində məni hadisə yerinə 65 özü çağırmışdı.
Mən artıq bezdim bu və ayağa qalxdım:
— Cəzanı deyin, — dedim. — Görəsən neçə il verəcəksiniz?
Zal susdu.
Saatın saniyə əqrəbi bir dəfə də tərpəndi.
Tak.
Sonra haradansa bir səs gəldi:
— Heç kim bilmir.
— Beş il?
Sükut.
— On?
Sükut.
— İyirmi?
Yenə sükut.
— Bəlkə bir gün?
Bu dəfə saat da susdu.
Və mən ilk dəfə anladım ki, insanın aldığı ən qəribə hökm elə budur:
Cəzanın müddəti əvvəlcədən deyilmir.
Səni həyata buraxırlar.
Neçə il qalacağını demədən.
Qapı açıldı.
Mən yenidən evdə idim.
Hamı tort yeyirdi.
Bıçaq stolun üstündəydi.
Boşqabımda isə balaca bir tikə qalmışdı.
Üstündə kremdən yarımçıq bir rəqəm görünürdü.
Bilə bilmədim altı idi, yoxsa beş.
Çəngəli götürmədim.
Bir müddət ona baxdım.
Sonra düşündüm:
Bəlkə mən bu gün 65-i doğramadım.
Bəlkə ömrümü iki yerə böldüm:
yaşadığım ömür

hələ mənə verilməmiş ömür.
Birincisinin ifadəsi artıq alınıb.
İkincisi isə hələ istintaqdadır.
Mən müttəhiməm.
Mən şahidəm.
Mən zərərçəkənəm.
Bəlkə də hakim də özüməm.
Bir şeyi dəqiq bilirəm:
Bu gündən sonra hər səhər mənə verilən əlavə günə adi gün kimi baxmaq istəmirəm.
Çünki 65-in qətlindən sonra əsas sual artıq
“Mənə neçə il verəcəklər?”

Müəllif: Sehran Allahverdi

Sehran Allahverdinin yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Babəklər yurdunun hürr övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qəşəm İsabəylinin hekayəsi

BİRDƏFƏLİK ÖLÜM
(hekayə)
Uşaqlıqda ölməkdən qorxardım. Əslində ölməkdən çox dəfn olunmaq qorxusu vardı canımda. Ona görə də arzu eləyirdim – ölsəm birdəfəlik ölüm.
Ölüb-dirilən adamlar haqqında nağıllarda çox oxumuşdum…
Düzdü, öləndən sonra dirilmək yaxşı şey olsa da, adamlar ölüb-dirilənlərə, lap elə paxıllıqdan “xortdan” deyirdilər. Xortdan olmaq qorxusundan mən də birdəfəlik ölüm arzulayırdım özümə.
Amma dəfn… məndən ötrü əsl əzab idi.
Uzaq qohumlarımdan biri sətəlcəmdən ölmüşdü. İslam adətiylə həmin günü də aparıb qoy-muşdular qəbir evinə. Gecə böyük qardaşı yuxu görür. Ölü ağlaya-ağlaya deyir:
–Niyə mənə işıqlı dünyadan elədin, qardaş?!
Səhər yuxudan oyanan kimi beş-altı nəfərlə gedib qəbri açırlar. Kəfənin baş tərəfini qan içində görüb, böyük qardaş içini çəkə-çəkə ağlayır:
–Yazıq ölməyibmiş, demə! Burnundan qan açı-
lıb… dirilibmiş.
Eşitdiyimə görə, xristianlar dəfn məsələsində biz müsəlmanlardan daha uzaqgörəndi. Hətta ölüyə bir neçə gün dirilərlə ünsiyyət sükutu da verirlər. Sonra da aparıb tabutda dəfn eləyirlər. Bu da Əzrayılın əlindən canını qurtara bilənə işıqlı dünyaya çıxmaq imkanı deməkdir.
Müsəlman isə…
Qəbri qazırlar, ləhəd deyilən dar yer açırlar dibində. Mərhumu da sağ çiyni üstə qoyurlar ləhədə. Üstünə çəkil ağacından kəsdikləri qısa ağacları düzürlər, qamış döşəyirlər, yarım ton da torpaq… get… yaşa!
Bundan sonra ayıl, görüm, kimdən ötrü ayılırsan!
Bax, uşaqlıqda məni qorxuya salan da həmin bu ləhəd idi. Gecələr ölüb torpağın altına qoyulacağımı gözümün qabağına gətirəndə az qalırdı ürəyim partlasın. Tez yorğanı çəkirdim başıma.
Amma indi dəfn olunmaqdan, ləhəddən-məhəddən zərrə qədər də qorxmuram.
İndi mən… ölməkdən qorxuram!
Yolu yumrulansın Əzrayılın!

09-11.08.2026

Müəllif: Qəşəm İsabəyli,

Qəşəm İsabəylinin yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Yazarların dili – öz dilimiz

ÖZ DİLİNDƏ
Məncə Fizuli öz dilində yazib.
Hüseyn Cavid də.
Hadi də.
Səməd də o cümlədən.
O xətti sonra Bayatli Odər, Çingiz Əlioğlu davam etdirdi.
Vaqif Səmədoğlu ” Bir axsam taksidən düsdüm payiza” şedevrini də öz dilində yazıb, nəinki adi dilimizdə.
Müşfiq hissiyatla yazib.
Azərbaycanca yox.
Fridrex Nitşe, Artur Rembo da öz milli dillərində yazmayıblar.
Vladimir Mayakovski də rusca yazmayib bir misra da olsun belə.
Nitşenin ” Zərdüşt belə deyirdi” şedevri təpədəndirnaga söz yaradıcılıgıdir ilk növbədə.
Volfhanq Hote ölməz ” Faust” unu Faustun dilində kagız üzərinə köcürub.
Əsər, almanca deyil. O vaxtdan alman ədəbiyyati, almanlar keciblər Hötenin dilinə.
Zəif şairlər həmışə milli dildə yazarlar.
Güclülər, həqiqətən şairlər isə məhz öz dillərində.
Öz uçan boşqabinızı tapin, mən kimi, sonra başlayın yaradıcılıq səyahətlərinə.
Milli dildə yazmaq, plaqiatdir.
Poeziya deyildir iynənin ucu qədər.
P.S.Müasirlərimizdən misal üçün Şəhriya Del Qerani, məncə öz dilində yazanlardandı. Səlim də. Rasim Qaraca da. Əliaga Vahid və davamçılari isə əruzca şeir deyiblər. Nizami, Xaqani də heç farsca yox, daha çox öz dillərində, əlyazmalari dilində şeir qoşublar.

Müəllif: Həmid Herisçi

Həmid Herisçinin digəri yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I