TƏRANƏ YUSUBOVA: Bəzi sevgilər yaşanmaq üçün yox, insanın içində iz buraxmaq üçün gəlir- müsahibə
Təranə xanım, uşaqlığınızın hansı dönəminə qayıtmaq istəyərdiniz? Və ona nə söyləyərdiniz?
Acılı-şirinli 1990-cı ilin yayına.O zamanlar ən xoşbəxt çağlarım idi. O ki qaldı uşaqlığıma nə söylərdim? Söylərdim ki, tələsmə.Hər şeyi böyüdükcə anlayacaqsan.İndi bu günlərin qədrini bil.Səni sevən insanları qucaqla, ürəyində qalan sözləri söylə.Əziz insanların gedəcək, bəzi arzuların dəyişəcək, amma sən özünü itirmə.Və ən əsası özünü heç vaxt yetərsiz hiss etmə. Sən olduğun halınla da çox dəyərlisən.
Bir neçə il bundan öncə məktəbimizin akt zalında Röya obrazını canlandırdınız. Bu Röya kimdir?
Röya hər dəfə təyyarə səsinə başını səmaya qaldırıb Tanrısının yanında olan Şəhidini salamlayandır. Pıçıltı ilə:”Şahinim-Şəhidim” deyəndir
Çoxları deyirlər ki, Məcnunla Leyli qovuşsaydı,onların sevgisi adiləşərdi. Sizcə, bu doğru fikirdir?
Məncə, bu fikir qismən doğrudur,amma tam deyil.Məcnunla Leylinin sevgisini əfsanələşdirən əsas şey onların qovuşmaması,sevginin sınaqlardan keçməsi, Məcnunun sevgini adi bir münasibətdən daha uca bir məna kimi yaşamasıdır. Qovuşsaydılar, əlbəttə, gündəlik həyat başlayacaqdı. Qayğılar, məsuliyyətlər, fikir ayrılıqları, məişət… Və bu, onların sevgisini insaniləşdirərdi. Adi adiləşmək sevgini dəyərsizləşdirmək demək deyil. Əksinə,bəlkə də ən böyük sevgi elə sevdiyin insanla gündəlik həyatın içində də bir-birini seçməkdir. Məncə, Məcnunla Leylinin faciəsi ondadır ki, onların sevgisinin həqiqiliyini həyatın özü sınamağa imkan tapmadı. Onlar birlikdə qocalmadılar, dəyişmədilər, bir-birlərinin adi tərəflərini görmədilər. Buna görə də sevgiləri gerçək həyatdan çox, insan xəyalındakı əbədi sevgi obrazına çevrildi. Bəlkə də ən gözəl paradoks budur. Onlar qovuşsaydılar əfsanə bəlkə bitərdi, amma sevgi yenə başlayardı.
Niyə ən gözəl qadınlar gecənin səssizliyində öz tənha kölgələri ilə həmsöhbət olurlar?
Bəlkə ona görə ki, ən gözəl qadınların hamı tərəfindən görünən tərəfi çox vaxt heç kimin görmədiyi iç dünyalarını gizlədir. Gündüz hamı onların gözəlliyini görür, amma gecə sakitləşəndə üzlərdən, baxışlardan, təbəssümlərdən geriyə yalnız insanın özü qalır. O zaman insan öz gölgəsi ilə danışır. Demədiyi sözlərlə, yarımçıq qalan sevgilərlə,itirdiyi insanlarla, heç kimin bilmədiyi qorxularla…Və bəzən gözəllik tənhalığı azaltmır, əksinə, insanın ətrafına görünməz bir məsafə çəkir, çünki çoxları onun üzünə baxır, amma ruhuna toxunmağa cəsarət etmir, amma bir şeyi də düşünürəm: Tənha olmaq sevilməmək deyil. Bəzən insan çox sevilir,sadəcə onu həqiqətən anlayan bir nəfərin yoxluğu bütün sevgiləri susdurur.Ona görə gecələr öz kölgəsi ilə söhbət edən qadın bəlkə də bədbəxt deyil. Sadəcə ürəyindəki dərinliyə uyğun bir səs axtarır.
Sizcə, Ayla Günəş qovuşsaydı, kainat bu sevgiyə qarşı çıxardı, yoxsa üsyan edərdi?
Məncə, kainat bu sevgiyə qarşı çıxmazdı, çünki Ayla Günəş qovuşsaydı, bu, adi bir görüş olmazdı. Biri gecənin səssizliyini, digəri gündüzün işığını gətirən iki ayrı aləmin bir-birinə toxunması olardı. Bəlkə də kainat əvvəlcə susardı… Ulduzlar yolunu dəyişər, gecə ilə gündüz arasındakı sərhəd itər,zaman bir anlıq dayanardı. Sonra kainat anlayardı ki, bəzi sevgilər qaydaları pozmaq üçün deyil, yeni bir qayda yaratmaq üçün gəlir.Amma bir şərtlə:Ayla Günəş bir-birini dəyişdirməyə çalışmasın. Ay yenə Ay qalsın, Günəş yenə Günəş… Sadəcə bir-birinin işığında özlərini daha yaxşı görsünlər. Və məncə, kainatın üsyanı da elə bundan olardı: “Əgər iki ayrı dünya bir-birini bu qədər sevə bilirsə, mən niyə onları ayırım?” Bəlkə də o zaman kainatın ən gözəl möcüzəsi yaranardı: Günəşin işığında Ayın görünməsi…
Böyük dostluqların sonu sevgi ilə bitə bilərmi?
Bəli, böyük dostluqların sonu sevgi ilə bitə bilər. Amma hər böyük dostluğun sevgiyə çevrilməsi vacib deyil. Bəzən insan birinin yanında o qədər rahat, o qədər özü kimi olur ki, bir gün anlayır: “Mən bu insanı sadəcə sevmirəm… onu itirməkdən qorxuram.”
Dostluqdan doğan sevginin gözəlliyi ondadır ki, onun təməlində əvvəlcə tanımaq, güvənmək və qəbul etmək dayanır. Bu, çox dəyərli bir başlanğıcdır. Amma bir incə tərəfi də var. Əgər hisslər qarşılıqlı deyilsə, insanın ən böyük dostunu itirmək qorxusu yarana bilər. Ona görə belə bir sevgidə ən vacib şey tələsməmək və qarşı tərəfin hisslərinə hörmət etməkdir.
Mən hətta belə deyərdim: Bəzi sevgilər ilk baxışda başlamır.İllərlə bir dostluğun içində sakitcə böyüyür.Bir gün isə insan geriyə baxıb anlayır ki, mən səni çoxdan sevirmişəm… Sadəcə bu sevginin adını dostluq qoymuşam.” Və ən gözəli bilirsən nədir? Əgər iki insan bir-birini həqiqətən dəyərləndirirsə, sevgi dostluğun sonu olmaq məcburiyyətində deyil. Dostluğun daha dərin bir formasına çevrilə bilər
Gecələr ulduzlara baxıb arzu tutduğunuz anlar olub? Əgər gizli deyilsə,ondan sizə qalan xatirə nədir?
Əlbəttə ki, olub… Bəzi gecələr insan göyə baxıb arzu tutmur, sadəcə ürəyində deməyə cəsarət etmədiyi bir şeyi ulduzlara etibar edir. Məndən qalan xatirə isə arzunun özü deyil, o anın səssizliyidir, çünki illər keçəndən sonra insan bəzən nə arzuladığını unudur, amma hansı hisslə arzuladığını unutmur. Bəzi ulduzlar arzunu həyata keçirmir… Sadəcə onu yaddaşında qoruyur.” Ondan mənə qalan xatirə? Sevgi dolu baxışları…
Vüsala çatmadan sevmək necə bir hissdir?
Vüsala çatmadan sevmək bəlkə də sevginin ən səssiz, ən ağır tərəfidir, çünkiinsan sevdiyinə sahib deyil, amma onu ürəyindən də çıxara bilmir. Görüşmədən də darıxır, danışmadan da anlayır, yanında olmadan da onunla söhbət edir. Bu sevginin qəribə bir tərəfi var:ümid həm təsəllidir, həm də ağrı.
Bəzən insan bilir ki, yolları birləşməyəcək. Yenə də ürəyi “bəlkə…” deyir. Çünki ürək həmişə mümkün olanı deyil, inanmaq istədiyini seçir. Məncə, vüsala çatmadan sevən insanın içində belə bir cümlə yaşayır: “Sən mənim olmadın… amma mənim içimdə sənə aid bir yer həmişə qaldı.”
Və bəlkə də ən kədərli həqiqət budur: Bəzi sevgilər yaşanmaq üçün yox, insanın içində iz buraxmaq üçün gəlir.
Təranə xanım, Röya obrazı mənim üçün də çox doğmadır. Təsəvvür edin ki, həmin Röya sizin qarşınızda dayanıb. Ona nə söyləyərdiniz?
Sev, sevdiyindən də çox sev. Çünki sevdiyindən çox sevildin, ölənə qədər sevildin. Son nəfəsdə də adın dilə gətirildi. Sevgin qəlbdə torpağa basdırıldı.
Yalan danısmaq istəmirəm, onunla tanışlığımızın tarixi bir ildən artıq olmaz. FB səhifəsində bir şeirinə rast gəlmişdim. Oxudum, xoşuma gəldi və… və həm də onun təxəllüsü məndə maraq yaratdı. İnanırsınız, (inansanız yaxşı olar, çox şad olaram) məndə qəribə hisslər yarandı. Bir anlığa ulu türk dünyasının qədim tarixi (oxuyub, eşidib, bildiyim səviyyədə) xəyalımda vərəqlənməyə başladı. İlk olaraq bir neçə il öncə Türkiyənin, Azərbaycanın, eləcə də bir çox MDB ölkələrinin telekanallarında çox uğurla nümayiş etdirilən “Möhtəşəm Yüzil”, “Diriliş Ərtoğrul”, “Quruluş Osman” v s. tarixi filmlər gözlərim önündə canlandı. Anladım ki, bu cavan oğlan “Ərtürk” təxəllüsünü heç də təsadüfən seçməyib. Və… sonrakı daha yaxından tanışlığımız da düşündüklərimi bir daha təsdiq etdi; Nicat bütün varlığı ilə türk dünyasına bağlı, təpədən dırnağa kimi mübariz TURANÇI olan istedadlı bir yazardır.
“Ər” sözü (sözönü də deyə bilərik) öz-özlüyündə çox qaranlıq məqamlara aydınlıq gətirir. Ulu babalarımız bu sözü həmişə müqəddəs sayıb, məskunlaşdıqları yer adlarının, igid, döyüşkən oğullarının adlarının önündə bu sözdən qürurla istifadə ediblər. Hamımız gözəl bilirik ki, bu gün şərəfsiz qaraçı-hayların özlərinə “millət adı” kimi seçdikləri “erməni” sözünün kökü də məhz bizim qədim torpaqların- Ərməniyyə diyarının adı ilə bağlıdır. İzahı da çox sadədir: Ər mənəm, yəni, bu ərazi ər oğlu ərlərə məxsusdur. Onlar həyasızlıqla çığır-bağır salaraq “Arsak” deyə, dünya ictimaiyyətində çaşqınlıq yaratmağa səy göstərirlər və bəzən də buna nail olurlar. Heç kim onlardan bunun izahını tələb etmir (necə ki, “Qarabağ” sözünün də izahını tələb edən yoxdur). Hərçənd açılışı çox sadədir: “Ər-sak”. Yəni, qədim türk tayfası olan sakların məskunlaşdığı ərazi. Bu gün (və əsrlər boyu) bizim yaşadığımız torpaqlardan orta əsrlərdə Türkiyə ərazisinə miqrasiya etmiş qai tayfasının başçısı, tarixi şəxsiyyət, yenilməz sərkərdə Süleyman şah sevimli oğlu Ərtoğrula bu adı verəndə də məhz yuxarıda izah etməyə çalışdığım tarixi məqamlardan bəhrələnmişdir. Biz hər kişiyə “ər kişi” demirik. Bu adı qanı, canı, vicdanı, dəyanəti, ləyaqəti, mübarizliyi, müdrikliyi ilə qazananlara deyirik. Biz TÜRK xalqı olaraq çox qədim, çox böyük xalqıq. Biz sözün bütün mənalarında böyükük. Biz bütün dünyaya sülh, əmin-amanlıq, səadət diləyirik. Biz bunu tarix boyu sübut etmişik. Bizim bayrağımız altında yaşayan, bizə pənah gətirən, bizə sığınan bütün xalqlara xoşbətlik bəxş etmişik, onların sivil həyat tərzinin inkişafına təkan vermişik. Dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Biz dünyanı ədalətlə idarə edə biləcək yeganə və möhtəşəm XALQIQ. Turançılıq ideyası da məhz bu səbəbdən yaranmışdır və günü-gündən vüsət almaqda, genişlənməkdə, möhkəmlənməkdə, varlığını sübut etməkdədir. Nicat Ərtürk də bu ideyanın daşıyıcılarından və fəal təbliğatçılarından biridir.
Yeri gəlmişkən, bəzən bizim ziyalılar arasında guya bizim altaylardan gəldiyimiz ideyasına inananların olduğuna rast gəlirəm. Əzizlərim, biz altaylardan gəlməmişik. Biz tarix boyu bu ərazilərdə yaşamışıq, altaylarda da varıq, Asiyanın, Avropanın bir çox ərazilərində də. Əhali sayına görə dünyanın ən nəhəng ölkələri sayılan Hindistanda da, Çində də varıq. Ərazicə dünyanın ən nəhəng ölkəsi olan Rusiya torpaqlarının da böyük hissəsi bizə məxsusdur. Bizim əsas dini inancımız İslama bağlı olsa da, xalqlarımız arasında xristian dininə də, digər dinlərə də sitayiş edənlər var və biz buna çox normal yanaşırıq. Dini inanc hər kəs üçün azaddır. Mənim Nicat Ərtürk şəxsiyyətinə hörmətimin mayasında, qayəsində yer tutan əsas səbəblərdən biri də məhz yuxarıda sadaladığım dərin köklü məsələlərdir.
Qeyd etməyi özümə borc bildiyim daha mühim bir məqam da var: Nicat Ərtürk yaradıcılığı genişdir, çoxşaxəlidir. Vətən sevgisi, türk dünyasına bağlılıq, turançılıq onun yaradıcılığının əsasını təşkil etsə də, ana sevgisi bu yaradıcılığın mayasıdır. Və bu sadəcə parallellik deyil, uğurlu bir vəhdətdir. Bu vəhdəti onun bu yaxınlarda işıq üzü görmüş “Ana həsrəti” adlı kitabı (Bakı: “Elm və təhsil”, 2026, 200 səh.) ilə tanış olarkən daha aydın şəkildə görürük. Bu mövzuda müxtəlif mətbuat və internet resurslarında çox deyilib, çox yazılıb, tanınmış elm adamlarının, filoloq və ədəbiyyatşünasların ədəbi-elmi-publisistik yazıları dərc olunub. Nicat Ərtürk yaradıcılığınin bir çox məqamları geniş təhlil olunub, Hüseyn Cavid, Məmməd Araz kimi dahilərin yaradıcılığı ilə parallellik təşkil edən məqamlar araşdırılıb. Çox gözəl! Sələflərimizdən öyrənmək, onların yolunu layiqincə davam etdirmək bizim mənəvi borcumuzdur və bu bizə yalnız şərəf gətirə bilər. Azərbaycanın xalq şairi, bütün türk dünyasının sevilən dahilərindən olan Bəxtiyar Vahabzadə bu barədə belə deyib: “Sələflərə dərin hörmət.- Bizim emblemimiz, rəmzimiz, şərəfimiz; Qoy olsun sələf,- dedik”.
Yaxın günlərin söhbətidir. Yaradıcı dostlarla bir araya gəlib çay süfrəsi arxasında müzakirə aparır, müasir ədəbi mühitdə gedən proseslərə fikir bildirirdik- həmişə olduğu kimi. Söhbət turançılıqdan düşəndə dostlardan biri bu ideyanın yanlış cəhətlərini qabartmağa səy göstərdi. Yəni, o, düşündüklərini söyləyirdi, səmimi idi və suallarını Nicata ünvanlamışdı. Çünki Nicat bu ideya ətrafında gələcək planlarından danışırdı. Cavabı da çox tutarlı, inandırıcı oldu (ən azından mən belə düşünürəm). Nicat bu ideyanı siyasi hakimiyyət davası səviyyəsinə endirməyin düzgün olmadığını izah elədi. “Bu ideyanın təbliği bir ölkə daxilində baş verən hadisə deyil, daha böyükdür, daha vacibdir. Bu, bütövlüdə bütün türk xalqlarının eyni amal uğrunda birgə mübarizəsi deməkdir, eyni düşüncə tərzinə malik olmaları deməkdir.”- dedi Nicat.
Yuxarıda yazdıqlarımı izah etmək məqsədilə Nicatın “Salam olsun” şeirinə müraciət etməklə, onun poeziya dünyasına qısa səyahətin vaxtı çatdığını düşünürəm:
Salam olsun, türk adıyla
Bu torpaqda gəzənlərə.
Salam olsun, yurdumdakı
O qəhrəman ərənlərə.
Salam olsun başqırdlara,
Yakutlara, çuvaşlara,
Vətənində zülüm görən
Aciz, məzlum uyğurlara.
Aydın, səlis, dürüst, hamımızın rahatlıqla anlaya biləcəyimiz sadə dillə yazılmış bu misralarda təkcə “bu torpaqlarda gəzən” türk xalqları tərənnüm olunmur, şair dərhal, fürsəti bada vermədən həm də əsrlər boyu öz vətənlərində əzilən, işgəncələrə məruz qalan, hələ də əsarət altında yaşayan uyğur qardaş və bacılarımıza da öz salamını yetirir. Və bununla o, “biz sizinləyik” deyir, “sizin taleyiniz elə bizim taleyimizdir” deyir, öz narahatlığını, həyəcanını və etirazını bildirərək hayqırır. O, bilərəkdən, məqsədli şəkildə bu misraları şeirin ikinci bəndində yerləşdirib. İlk bənddə (“türk adıyla bu torpaqda gəzənlərə”) ümumi bir salam göndərir, ikinci bənddə isə dərhal əsas mətləbə keçir. Sonrakı misralarda şair tatarlara, qumuqlara, “Turan üçün ümidini sabaha bağlayanlara”, “Vətən yolu, eşq yolunu gedənlərə”, “Zəngəzurun, İrəvanın həsrətini çəkənlərə” salam göndərir. Sonda isə:
Salam olsun Ərdəbilə,
Həmədana, Təbrizimə,
Zəncanıma, Urmiyama,
Mosuluma, Mərəndimə.
Salam olsun Borçalıma,
Dəmir qapı Dərbəndimə.
Qardaş türklər ölkəsinə,
Böyük Turan birliyinə,-
deyərək böyük türk dünyasının ümumi mənzərəsini yaradır və işıqlı “Turan Birlyli”nin yol xəritəsini çəkir.
Təbii ki, kiçik həcmli bir məqalədə Nicat Ərtürk kimi məhsuldar yaradıcılıqla diqqəti cəlb edən cavan bir şairin poeziya dünyasına dərindən baş vurmaq mümkünsüzdür. Həm də mən axı Nicatın təkcə poeziya dünyasına yox, bütövlükdə onun öz dünyasına qısaca səyahət etmək qərarında israrlıyam. Çünki onun iç dünyasına azdan-çoxdan bələdəm və onun şəxsində “Turançı- təfəkkür”ün formalaşdığına əminəm. Şəxsiyyət isə ana bətnindən formalaşmağa başlayır. İlk öncə ana sevgisi, sonra ailə, ətraf mühit, təbiət, yurd, el-oba sevgiləri yaranır. Və bütün bunlar daha geniş mənada duyulur: Vətən, millət, xalq sevgiləri yaranır, dünyavi hisslər şüura təzahür edir.
Nicat Ərtürkün ana mövzusunda yazdığı şeirlər çox səmimi və duyğusaldır.
Yenə yağış yağır, yenə bu yağış
Tanrının təbiət naxışlarımı?
Yoxsa ki, anamın gözlərindəki
Sonuncu, kədərli göz yaşlarımı?
Hər düşən yağışın damcılarını
ana duasına bənzədirəm mən.
Bütün arzuları qəlbində sönən
Ana duasının həsrətindəyəm,-
deyən gənc şair anasının vaxtsız itkisini heç cür həzm edə bilmir, zaman-zaman ürək sızıltısı, qəlb yanğısı ilə yazdığı misralar damla-damla göz yaşları tökür. Bu təbii haldır, çox təbii. Ana sevgisini qəlbində yaşadan hər bir övladın keçirdiyi hisslərin təbii təzahürü, şair təfəkkürünün ağ vərəq üzərində əksini tapan poetik ifadə tərzidir. “Yağış” şeirindən götürülmüş bu nümunələrdə şair yağış damlalarını ananın sonuncu göz yaşlarına bənzətməklə yanaşı, onları həm də Tanrının öz fırçası ilə cızdığı təbiət naxışları ilə eyniləşdirir, şeirin poetik dəyərini daha da samballı edir. Sonrakı misralarda şair bu damcıları anasının duasına bənzətməklə onlara harmonik bir bəstə də əlavə edir. Və nəhayət: “Bütün arzuları qəlbində sönən ana duasının həsrətindəyəm”- deyərək, o duanın nə qədər faydalı, nə qədər müqəddəs olduğunu önə çıxarır.
Dolunun vurduğu meyvələr kimi,
Qəlbimə qəm vurur, qəm izi salır.
Yaman darıxıram yenə bu axşam,
Yorğun xatirələr qoynuna alır…
“Dolunun vurduğu meyvələr kimi” ifadəsində sətiraltı məqamlara diqqət edək. Dolu təbiət hadisəsidir…Gəldisə, tumurcuq, çiçək, yetişməkdə olan və ya yetişmiş meyvələrə fərq qoymadan qarşısına çıxanı, gücü çatanı məhv edir və qəlblərə silinməz izlər salır. Ancaq, erməni qaniçənləri də zaman-zaman həmin vəhşilikləri törətməyiblərmi?!.. Yuxarıda qeyd etdiyim sətiraltı məqamlar məhz bunlardır. Yəni, müəllif əsrlər boyu xalqımızın xatirirində silinməz izlər buraxmış hadisələri təbiət hadisələrinin vurduğu ağrı şəklində təsvir edir. Və… şair yenə darıxır, artıq yorulmuş xatirələrin ağuşuna düşür.
Nicat Ərtürk ata dəyərini, ata böyüklüyünü, ata müqəddəsliyini də layiqincə dəyərləndirə bilən şairdir. O, “Ata” şeirində aşağıdakı misralarla bunu belə təcəssüm etdirir:
Ata! Sən gözlərimin
Nurusan, ziyasısan.
Mənim arxam, dayağım,
İlahi varlığımsan.
Şair ömrü ilin fəsillərinə bənzəyir. Bahar təravətli günləri də olur, qızmar yay günlərinə bənzər çağları da, qızıllı-xəzanlı payızı da, qarlı-şaxtalı qışı da. Çovğunu da olur, dumanlı-çiskinli yolları da, fəth ediləsi zirvələri də, təbiətin füsunkar bir guşəsində oturub yorğunluğunu çıxartdığı, yeni uğurlar üçün güc toplamağa ehtiyac duyduğu məqamlar da. Şairin nikbin ruhla coşub çuğladığı dövrlər də olur, bədbinliyə qapıldığı küskünlük anları da. Şair ömrü bu təzadların vəhdətindən yoğrulur. Gecə ilə gündüzün, acı ilə şirinin, ağ ilə qaranın vəhdəti kimi. Axı, həyat özü belədir- təzadların vəhdəti. Həmişə hamar yollarla addımlamaq şair xarakterinə yaddır. O, sevinənlə sevinir, gülənlə gülür, xiffət çəkənlə xiffət çəkir. Şair bütün vücudu ilə, şüuru, düşüncəsi, təfəkkürü ilə sevir və bunun qarşılığını görəndə yaşadığını hiss edir. Nicat Ərtük ömrü də belədir.
Qarlı qışda, çovğunda,
Yayın qızmar günündə,
Mən bir ömür yaşadım,
Həyat keşməkeşində.
Saçlarım bəyazlandı,
Zaman döndü, dolandı,
Mən bir ömür yaşadım,
Ömrüm odlara yandı.
“Mən bir ömür yaşadım” şeirindən.
Onun Vətən sevgisi də ana sevgisi kimi müqəddəsdir, möhtəşəmdir.
Ey vuran ürəyim, nəfəsim, canım,
Dünənim, bu günüm, ən son ünvanım.
Səni vəsf etdikcə cuşə gəlirəm,
Mənim qürur yerim, Azərbaycanım.
“Azərbaycanım” şeirindən.
Vətənimizin səmalarında qara buludlar tüğyan eləyəndə isə şair ürək ağrısı ilə bu misraları qəlbinin süzgəcindən keçirmişdi:
Göydən yerə dərd ələndi ,
Qəlbimizə od çiləndi,
Xalqım qüssəyə bələndi,
Başın sağ olsun, Vətən.
“Başın sağ olsun, Vətən” şeirindən.
Elə həmin şeirdə də etiraz səsini qaldırmaqdan çəkinmir:
Bu, qəza yox cinayətdir,
Bu ilk deyil, xəyanətdir,
Unudulmaz böyük dərddir,
Başın sağ olsun Vətən.
Və yaxud:
Rus,fars, bir də erməni,
Bunlar türkün düşmənləri.
Unutmarıq ötənləri,
Başın sağ olsun, Vətən.
Yenə “Başın sağ olsun, Vətən” şeirindən.
Nicat Ərtürk öz yaradıcılığında doğulub boya-başa çatdığı doğma yurdu Sədərək barədə, qədim oğuz yurdu Naxçıvan barədə də kövrək, səmimi məhəbbətlə dolu şeirlər qələmə alıb.
Qoynunda göz açdım mən bu dünyaya,
Mənim damarımda qanım Sədərək.
Dönmüsən alınmaz böyük qalaya,
Sən mənim şöhrətim, şanım Sədərək.
“Sədərək” şeirindən.
Yaxud:
Mərd igidlərin oylağı,
Düşmənlərə bir göz dağı.
Girə bilməz ora yağı,
Bu Naxçıvandır, Naxçıvan.
“Naxçıvan” şeirindən.
Nicat Ərtürkün böyük mənada Vətən sevgisini səciyyələndirən cəhətlərdən biri də onun qürbət ellərdə olarkən Vətən üçün darıxmasıdır. Bu hissləri poetik dillə misralara düzən şair “Bir xəbər verin” şeirini aşağıdakı ifadələrlə başlayır:
Gəldik, düşdük qürbət elin yoluna,
Həyat bizi yaman saldı oyuna.
Qayıdaydım, dolanaydım boynuna,
Mənə Vətənimdən bir xəbər verin.
Yaxud:
Yenə xəyallarım baş alıb gedir,
Yenə o dağların həsrətindəyəm.
Yenə darıxıram kəndimiz üçün,
Sədərək! Mən sənsiz təşnə, xəstəyəm.
Çox ölkə dolaşıb, çox yer gəzmişəm,
Bir çox ellər keçib, yurdlar görmüşəm.
Keçdiyim, gəzdiyim gözəl elləri
Kəndim Sədərəyə dəyişmərəm mən.
“Dəyişmərəm mən” şeirindən.
Nicatın məhəbbət mövzusunda qələmə aldığı şeirlər də dilinin sadəliyi, ifadələrinin səmimiliyi ilə səciyyələnir.
Sehrli dünyamın sirli nəğməsi,
Döyünən qəlbimin o gizli səsi,
Ruhumun qidası, yaşam həvəsi
Sən oldun ay gözəl, sən olacaqsan.
Göydəki ay kimi nura bənzəyən,
Axan Xan Araza, Kürə bənzəyən,
Qəlbimi sevgiylə, eşqlə bəzəyən
Sən oldun ay gözəl, sən olacaqsan.
“Sən olacaqsan” şeirindən.
Nicat Ərtürk həm də layiqli ailə başçısı, gözəl atadır. Elə bu yerdə qeyd etmək tam yerinə düşər ki, o, bacısının sevimli övladına məhz Türkan adını verib. Beləliklə, bu qısa səyahətimi buradaca başa vurmaq, nəticə olaraq aşağıdakıları söyləmək istəyirəm: O, əsl türkçüdür, turançıdır, vətəndaşdır: Türk oğlu Türk- Nicat Ərtürkdür!
Əziz həmkarım, yazıb-yaratmaq eşqi ilə coşub çağlayan fədakar dostum Nicat Ərtük! Zehnin işıqlı, yolun aydın olsun! Səbrsizliklə yeni-yeni uğurlarını gözləyirəm.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Yazarlar” jurnalının redaksiya heyətinin üzvü və Aran bölgəsi üzrə təmsilçisi, “Kür-Araz” qəzetinin poeziya və nəsr bölməsinin rəhbəri, Azərbaycan Respublikasının əmək veteranı
Günəşin şüaları hələ görünməsə də, artıq hava işıqlaşmağa başlamışdı. Bomboz buludlar səmada hökmranlıq edir, günəşlə yer arasında soyuq sədd yaratmağa çalışırdı. Meşə qalın, duman qatı, hava çiskin idi. Görmə məsafəsi 4-5 metrdən artıq olmazdı. Bu, gizli hərəkət etmək üçün əlverişli olsa da, düşmənin hərəkətini izləməyə çətinlik törədirdi. Çevik və düzgün qərar qəbul etmək, tapşırığı yerinə yetirmək lazım idi. Belə məqamda onun səhv etməyi böyük faciə ilə nəticələnər, düşmən üçün itirilmiş mövqeləri geri qaytarmaq imkanı yarada bilərdi. O, nəyin bahasına olursa-olsun, düşmən tərəfdə çaşqınlıq yaratmalı, əks-hücum cəhdinin qarşısını almalı idi. Cəmisi bir saat vaxtı vardı. Bircə saat dözməli, düşmənin hərəkətinə mane olmalı idi. Bir saat ərzində ölmək belə olmazdı… Köməyə gəlməkdə olan döyüşçülərimizi elə burada qarşılamalı idi… Dumanın istiqamətini müəyyənləşdirməyə çalışdı. Bu çox vacib idi. Adətən duman dağlardan dərələr istiqamətində hərəkət edir. Belə olduqda dumanın hərəkət istiqamətinin əksinə getməklə yüksəkliyə qalxacaqdı. Kol-kos o qədər çox idi ki, sanki duman onlara hopub hərəkət etmirdi. Bu zaman kompasın köməyindən istifadə etmək qərarına gəldi. Çıxarıb baxdı, işləmirdi. Bir qədər əvvəl uçuruma yuvarlanarkən yoğun bir ağaca çırpılmışdı, kompası sınmışdı. İndi o, lazımsız dəmir parçasından başqa bir şey deyildi. Kompası ehmalca kolluğa atdı. Gecə olsaydı ulduzların düzülüşündən istifadə edib ona lazım olan cənub-qərb istiqamətini müəyyənləşdirərdi. O, gecələr daha yaxşı hərəkət edə bilirdi. Ağlına bir fikir gəldi- ağaca dırmanmaq. Lap çılğın uşaq çağlarında olduğu kimi, oğlanlara qoşulub meşəyə getdiyi vaxtlar höcətləşib ən hündür ağaca dırmandığı kimi. Əslində bu çox təhlükəli idi. Ancaq indi bunu yeganə çıxış yolu kimi dəyərləndirdi. Ətrafa göz gəzdirib daha yoğun və hündür hesab elədiyi ağaca yaxınlaşdı, başını qaldırıb yuxarı baxdı. Ağac o qədər də hündür deyildi. Neyləmək olar, bu meşədəki ağaclar bir-birinə çox sıx şəkildə bitsələr də, kol-kosla əhatə olunsalar da, hündür deyildilər. Bəlkə belə olmağı daha yaxşı idi. “Hə, Cüllüt, göstər hünərini!”- öz-özünə pıçıldadı. 16 kiloluq “Mübariz” snayper tüfəngini çiyninə aşırıb dırmanmağa başladı. Ağacın ən uca budağının nazik gövdəsi yellənib cırıldayanda dayandı, əyilib aşağıya boylandı. 5-6 metr hündürlükdə olardı. Daha yuxarı qalxmaq olmazdı, budaq sına bilərdi. Diqqətlə ətrafa boylandı. Bu hündürlükdə sanki duman bir qədər seyrək idi. Dağlıq əraziləri, dərələrdən, yamaclardan keçib ilan kimi qıvrılan əyri-dolam torpaq yolları gördü. Tüfəngin optik cihazını çıxarıb onunla da baxdı. Sonra mobil telefonunu video rejiminə qoydu və həmin ərazilərin video-çəkilişini edib cəld yerə endi. Çəkdiyi kadra diqqətlə baxıb ayağa qalxdı. Tələsmək lazım idi.
30 dəqiqədən sonra o, artıq hündür bir təpənin üstündə, kolların arasında mövqelənmişdi. Uzaqdan, cənub tərəfdən 3 ədəd PDM əyri-dolam yollarda toz qopara-qopara ona tərəf gəlirdi. Rabitə cihazını çantadan çıxarıb “əlaqə” düyməsini basdı:
-Mən “Cüllüt”əm, məni eşidirsiz? “Romeo”, mən “Cüllüt”əm. Məni eşidirsiz?
Xışıltı çox idi, səslər bir-birinə qarışımışdı. Başqa dalğa tezliyinə keçdi. Üçüncü cəhddən sonra Kapitan Binnətlinin tanış səsini eşitdi:
-Salam, “Cüllüt”, mən “Romeo”yam, səni eşidirəm.
-Salam. Tülkülər tələyə doğru gəlirlər, 3-ü birdən. Xoruz paylarını hazırlamışam, yola xalça da sərmişəm.
-Çox gözəl. Layiq olduqları təmtəraqla qarşıla, uğurlar.
-Baş üstə.
Araya bir neçə saniyəlik sükut çökdü. Sonra yenə komandirin səsi eşidildi:
-Gözəlim… ehtiyatlı ol,- komandirin səsində həyəcan hiss olundu,- özünü qoru, bacım…
-Narahat olmayın, mənim Romeom. Mənə də Cüllüt deyərlər.
-Yaxşı… yaxşı… sənin eyvanına musiqiçilərlə gəlirəm, şən konsert olacaq. Gözlə. Rabitəyə son.
-Görüşənədək, mənim Romeom.
Bir dəqiqədən də az müddət ərzində davam edən bu dialoqdan hər şey bəlli oldu. Cəmisi 15-20 dəqiqədən sonra bu yerlərin sakitliyi pozulacaqdı.
Başını qaldırıb səmaya baxdı. Bir neçə saniyə, cəmisi 5-6 saniyə beləcə hərəkətsiz dayandı. Həmişə mühüm tapşırığın icrasına başlamazdan bir az əvvəl belə edirdi. Bu, artıq vərdişə çevrilmişdi. Bunu komandirləri də, döyüşçü yoldaşları da yaxşı bilirdilər. Hətta bu vərdişinə görə tənbeh də almışdı. Yüngülcə, sözarası danlamışdı onu tağım komandiri. Onunla heç kim kəskin danışmırdı, heç kim xətrinə dəymirdi. O, hərbi hissənin sevimli Cüllütü idi… “Cüllüt” kod adını o özü seçmişdi. Daha doğrusu, uşaq vaxtlarından kənddə onu bu adla çağırırdılar. Niyəsini özü də dəqiq bilmirdi. Bəlkə, həmişə saçını arxadan yox, başının tən ortasından hörərək sarı bant bağladığına görə, ya da çəlimsiz və çılğın olduğuna görə?! Bəlkə, öz adına uyğun, yəni, Cülyettaya uyğun səsləndiyinə görə?! Bilmirdi. Ancaq ilk dəfə döyüş tapşırığına yollananda bölük komandiri Roman Binnətli ona kod adı seçmək istəyəndə özü təklif vermişdi: “Cənab kapitan, mənə uşaq vaxtı Cüllüt deyirdilər”.
-Cüllüt? Olsun. Onda rabitə əlaqəsinə girəndə məni Romeo deyə çağır. Mən yalnız Cülyetta üçün, daha doğrusu Cüllüt üçün Romeo olacam. Cüllüt və Romeo- necə səslənir? Qoy bu bizim cəbhəsayağı versiyamız olsun.
Hər ikisi qəhqəhə ilə gülmüşdülər.
Cülyetta əslən Qusar şəhərinin 12 kilometrliyində yerləşən dağ kəndindən idi. Kənd üç tərəfdən meşə massivi ilə əhatə olunmuşdu. Uşaqlıq həyatı şən, qayğısız keçirdi. Çəlimsiz, sarışın və dəcəl bir qız idi. Hərçənd, yaşına görə boyu balaca deyildi. Ailədə isə dörd qız uşağı böyüyürdü. Cülyetta ailənin üçüncü qızı idi. Atası sürücü, anası isə evdar qadın idi. Onun 9 yaşı olanda Qusara, Olimpiya İdman Kompleksinin yaxınlığında yerləşən balaca bir həyət evinə köçdülər. Kənddəki evlərinə yay aylarında gedirdilər. Atası Heybət kişi isə kəndlə əlaqəsini heç vaxt kəsmirdi. Qaraqabaq adam idi. Anası Nariya İdman kompleksində işə düzəlmişdi, xadimə işləyirdi. Bunun üçün Heybəti günlərlə dilə tutmalı olmuşdu. Çünki güzaranları ürəkaçan deyildi, Nariyanın işləməyinə ehtiyac var idi. Anasının işə düzəlməsindən ən çox faydalanan Cülyetta idi. O, hər gün dərsdən sonra anasına kömək etmək adı ilə Kompleksə gedir, üzgüçülüklə, atıcılıqla, güləşlə məşğul olurdu… Cülyettanın böyük bacısı atasının təkidi ilə onun qohumuna ərə getmiş, iki ildən sonra boşanaraq bir oğlan uşağı ilə ata evinə qayıtmışdı. İkinci bacısı Nəzrin orta məktəbi qurtarıb, atasının qadağasına baxmayaraq, Bakı Hərbi Kollecinə daxil olmuşdu. Cülyetta da bacısı Nəzrinin yolu ilə getmək istəyirdi. Ancaq 15 yaşı tamam olar-olmaz atası onu məcburən bacısı oğluna nişanladı. Toy günü o, Bakıya, Nəzrinin yanına qaçdı. Atası elə həmin gün ailəsini tərk edib kəndə qayıtdı və üç aydan sonra başqa qadınla evləndi.
Cülyetta Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olundu, snayper kurslarına yazıldı. Onun cəbhəyə gedən yolu belə başladı. Arıq, çəlimsiz qızcığaz tezliklə snayper atıcılığı üzrə peşəkar mütəxəssisə çevrildi.
…Qabaqda gələn PDM-nın Cüllütün basdırdığı minaya düşməsi nəticəsində yaranan səs qayalara çırpılaraq vahiməli əks-səda yaratdı. Arxadan gələn texnikalar dərhal geri dönməyə cəhd göstərdilər. Yolun darlığı buna ciddi əngəl törədirdi. Düşmən əsgərləri yerə tökülüşərək qayalıqlarda mövqelənməyə başladılar. Yanı üstə çevrilərək alovlanan birinci maşından düşən yaralı əsgərlər dəli kimi o tərəf-bu tərəfə qaçırdılar. Kimisi yana-yana özünü qayadan aşağı tullayır, kimisi torpağa sürtünərək paltarını söndürməyə cəhd edir, kimisi də taqətsiz halda zarıldayırdı. Maşının içərisində ard-arda partlayışlar baş verirdi. Maşın parça-parça olub ətrafa səpələnirdi. Qəlpələr hər tərəfə yayılırdı, bu da əlavə əsgər itkisinə səbəb olurdu. Bu partlayışlar ikinci maşını da zədələdi. Cüllüt qayalara dırmanmaq istəyənləri bir-bir məhv edirdi. Ən sonda gələn maşın arxaya doğru hərəkət edərək döngədə gözdən itdi. 5-6 dəqiqədən sonra qayalıqlarda kölgələr görünməyə başladı. Düşmən əsgərləri Cüllütü mühasirəyə almağa cəhd edirdilər. Əgər onlar daha yüksək yerdə mövqelənə bilsəydilər, Cüllüt açıq hədəfə çevriləcəkdi. Buna imkan vermək olmazdı. O, gizləndiyi yerdən çıxıb cəld qayaların arası ilə yüksəkliyə doğru dırmanmağa başladı. Güllələr vıyıltı ilə başının üstündən, yanlarından ötüb keçirdi. Nəhayət, əlverişli bir yer tapıb gizlənə bildi. Səmada 2 ədəd “İtiqovan” PUA göründü. Düşmən mövqelərinə ard-arda bir neçə raket zərbəsi endirildi. Üçüncü maşın da, düşmənin xeyli sayda canlı qüvvəsi də məhv edildi. PUA-lar dövrə vurub gözdən itdilər. Bir neçə dəqiqəlik sükutdan sonra yenə aramsız güllə yağışı başladı. Düşmən əsgərləri lap yaxınlıqda idilər. Cüllütün güllələri tükənmək üzrə idi, tək-tək rejimdə atəş açırdı. O, axırıncı darağı silaha quraşdırıb aşağıya baxdı. Sıldırım qayalar və 10-12 metr aşağıda böyürtkən kolları görünürdü. Rabitə cihazından çağırış səsi eşidildi:
-Cülyetta, mən Romeoyam. Məni eşidirsən? Cavab ver, Cülyetta!- Poman indi açıq mətnlə danışırdı.
“İndi yox, danışmağa vaxt yoxdur”,- Cülyetta sanki öz-özünə, astadan pıçıldadı.
-Cülyetta, biz yaxındayıq. Geri çəkil, özünü qoru. Eşidirsən? Cülyetta, xahiş edirəm, cavab ver…
Atışma davam edirdi, cəmisi üç gülləsi qalmışdı. Roman çağırmaqda davam edirdi. Qarşı tərəfdəki qayanın arxasından iki nəfər çıxdı. Biri zabit idi. Aralarında 25 metr məsafə olardı. Zabit silahını ona tuşlayıb dişlərini ağartdı və:
-Silaxı at yera, allarini qaldır,- deyə komanda verdi.
Roman dayanmadan çağırırdı:
-Gözəl bacım, qurban olum, geri çəkil. Eşidirsən? Dərhal geri çəkil, biz artıq yaxındayıq. Cülyetta!..
-Bağışla məni, Romeo! Səni sevdiyimi deməyə vaxtım qalmadı…
Tətiyi çəkdi, zabit qıvrılaraq eybəcər səs çıxardı, yerə sərildi. Hələ iki gülləsi qalırdı. Ancaq… sinəsi alışıb yandı, gözlərinə qaranlıq çökməyə başladı. Başını qaldırıb səmaya boylandı, döyüş əvvəlində olduğu kimi, həmişəki adəti üzrə. Amansız boz dumanın köynəyini cırmağa imkan tapmış günəş şüaları onun al rəngli sinəsini, çıyınlərindəki qoşa ulduzları yalayıb par-par parıldadırdı. Tüfəngini bərk-bərk sinəsinə sıxmışdı, arxası üstə uçurdu, bayaq gördüyü kolluğa sari. Səma sürətlə qaralırdı. Yumulmaqda olan gözləri son dəfə səmada nəyi isə axtarırdı, kimi isə görməyə çalışırdı. Gördü… Bütün gücünü toplayıb yenidən pıçıldadı:
Müharibənin on dördüncu günü idi. Cəbhə xətti get-gedə yaşayış məntəqələrindən uzaqlaşır, atəş səsləri sanki eşidilməz olurdu. Bir gün əvvəl Moskvada Rusiyanın xarici işlər naziri S.Lavrovun təkidi və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin atəşkəs barədə razılığa gəldikləri elan olunmuşdu. Buna baxmayaraq, Ermənistan Silahlı Qüvvələri tərəfindən bu razılaşma kobudcasıına pozulmuşdu. Düşmən tərəf uzaqvuran toplar və raketlərlə nəinki döyüş mövqelərimizi, həmçinin yaşayış məntəqələrimizi də aramsız olaraq atəşə tuturdu. Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələri hədəfə çevrilmişdi. . Mərmi və raketlərin vıyıltıları, hər partlayışdan sonra yaratdıqları rezonans aydınca hiss olunur, dinc sakinlərdə dəhşətli vahimə yaradırdı. Cəbhənin bütün istiqamətlərində ağır döyüşlər gedirdi. Bu gün ərzində düşmənin xeyli sayda canlı qüvvəsi; 13 ədəd tankı, 4 ədəd P21 “Qrad” yaylım atəşli reakiv sistemi, 6 ədəd B20 və B30 topu, 3 ədəd 2F3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 zastava zenit qurğusu, 2 ədəd radiolokasiya stansiyası və radioelektron mübarizə vasitələri, daha bir zirehli tank bölməsi və 1 ədəd F300 zenit raket sistemi məhv edilmişdi. Günorta radələrində Ermənistan ordusuna məxsus və Xocalıda yerləşən ən bahalı radiolokasiya sistemi də məhv edildi. Düşmən tərəf Ağdərə-Tərtər və Füzuli- Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərdi. Bütün cəhdlərin qarşısı alındı, düşmən yenə xeyli itki verərək geri çəkilməyə məcbur edildi.
Günəş bugünlük xidmətini başa vurub dağların arxasına çəkilməkdə idi. İndi o, sobada qızardılmış dəmir kürəni xatırladırdı, ancaq hərarəti azalmaqda idi. Hərbi hospitalın həkimi leytenant Mehman Qurbanlı kürəyində daşıdığı yaralı əsgəri təpənin arxasında gizlətdikləri pikap maşınının arxa oturacağına uzadıb nəbzini yoxladı, çox zəif idi. Onun ardınca xərəkdə başqa bir yaralını gətirən gizir Cavid Saraclı və əsgər Taleh Xıdırov da yaxınlaşmaqda idilər. Həkim cəld kuzovun arxa bortunu açdı. Köməkləşib yaralını xərəkqarışıq kuzova qoydular.
-Cənab leytenant, deyəsən qardaşımız şəhid oldu,- deyə gizir kövrəldi.
-Özünü ələ al qardaş, qərar verməyə tələsmə.
Həkim ikinci yaralının da nəbzini yoxladı, – yaxasını açın,- deyə göstəriş verdi. Cəld çantasını açıb tibbi ləvazimat olan bağlamanı çıxartdı, iynə və flakon götürdü. Şüşənin başını sındırıb dərman çəkdi. Skalpellə yaralının kitelinin sağ qolunu kəsdi, rezin “jqut”la qolunu dirsəkdən yuxarı hissədən sıxıb hərəkət etdirib, damarına iynə vurdu. Bir qədər gözləyib nəbzini bir də yoxladı. Sonra əllərini çarpazlayıb ritmlə sinəsindən basmağa başladı. Bir, iki, üç… yenə… yenə…
-Hə, qardaşım, aç gözlərini.
Bir, iki, üç… yenə… yenə… süni nəfəs verdi. Bir, iki, üç… yaralının sinəsində hərəkət hiss olundu.
-Həkim… həkim… qardaşımız nəfəs alır. Sizə qurban olum, həkim!
-Gizir, özünü ələ al. Birinci yaralını da hazırlayın, ona da iynə vuracam.
Rabitə cihazından çağırış səsi gəldi:
-“Külək”, “Külək”, mən “Səma”yam. Məni eşidirsiz?
Əsgər Xıdırov çantasından cihazı çıxarıb həkimə tərəf uzatdı. Həkim cihazı alıb cavab düyməsini basdı:
-“Səma”, mən “Küləyəm”, sizi eşidirəm.
-Sizə tərəf təcili tibbi yardım maşını gəlir, qarşılayın. Ehtiyatlı olun, təhlükəsiz marşrut seçin, yaralıları o maşına yerləşdirb geri dönün, yenə yaralananlar var, əsgərlər onları sizə tərəf gətirirlər. Köməyə tələsin…- pauza,- təəssüf ki, şəhidlərimiz də var… iki nəfər…
-Aydın oldu, icraya başlayırıq.
-Uğurlar olsun, qardaş. Rabitəyə son.
Mehman rabitə cihazını Talehə qaytarıb göstəriş verdi:
-Get, qardaş, qarşıla. Ehtiyatlı ol, gəldiyimiz marşrutla hərəkət edin. Cavid, sən qal, işimiz çoxdur, sarğıları dəyişməliyik.
Təcili tibbi yardım maşını toz qopara-qopara onlara yaxınlaşdı, üç-dörd metrlik məsafədə dayandı. İlk olaraq Taleh, ardınca ağxalatlı iki nəfər maşından düşdü. Onlardan biri:
-Gülnar, sən burada neynirsən?- Mehman təəccüb dolu gözlərini gənc qıza zillədi.
-Salam, Mehman həkim. Mən, Gülnar Çərkəzli, həkim-cərraham. Vətənimdə müharibə gedirsə, mən harada olmalıyam?- Gülnar suala sualla cavab verdi.
-Gülnar, qurban olum, axı buralar çox təhlükəlidir.
-Bilirəm. Mənim canım səninkindən artıq deyil ki? Heç onlardan artıq deyiləm,- yaralıları göstərdi.
Mehman söz güləşdirməyin əbəs olduğunu dərhal anladı. Gülnarın xasiyyətinə yaxşı bələd idi.
Onlar cəmisi bir ay əvvəl nişanlanmışdılar, Gülnar Bakıdakı klinikalardan birinə təyinat alandan bir neçə gün sonra, ancaq qeyri-rəsmi, öz aralarında. Sentyabrın 27-də Mehman öz ad gününə Gülnarı da dəvət edəcəkdi. Valideynləri ilə tanış edəcək, evlənmək istədiklərini bildirəcəkdi. Həmin gün müharibə başladı… Mehman artıq ikinci il idi ki, hərbi hospitalda işləyirdi, Gülnar isə iki həftəyə yaxın.
Yaralıları dərhal təcili tibbi yardım maşınına keçirdilər. Gülnar onları süni tənəffüz aparatına qoşdu. Sevgililərin görüşü cəmisi 7-8 dəqiqə, gərgin iş şəraitində baş verdi. Ayrılarkən Gülnar Mehmanın əlini bərk-bərk sıxdı:
-Gözlərimi yolda qoyma, igidim.
Gülnar müharibənin ikinci günü işlədiyi klinikanın rəhbərliyinə müraciət etmiş, könüllü olaraq cəbhə xəttinə yaxın fəaliyyət göstərən səyyar hərbi hospitala gəlmişdi. Ötən bu müddət ərzində bir dəfə də olsun rastlaşmamışdılar. Mehman demək olar ki, mobil telefondan istifadə etmirdi. Onun daim qaynar nöqtələrdə olması buna imkan vermirdi. Onsuz da o yerlərdə dalğa olmurdu. Valideynlərini də qabaqcadan xəbərdar etmişdi. İndi, Gülnarla görüşündən bir həftə sonra çadır yataqxanada saxladığı mobil telefonunu götürüb anasına zəng etmək qərarına gəldi. Telefonunun enerjisi tükənmişdi. Hospitala getdi, həkimlər otağında enerji yığmaq üçün telefonunu şəbəkəyə qoşdu. Ekran açıldı. Yuxarı sağ küncdə yaşıl rəngdə işarə göründü. Sonra ard-arda buraxılmış zənglərin tatixini göstərən mesajlar bir-birini əvəz etdi. O, şəhadət barmağıni ekranın üzərində aşağı-yuxarı sürükləməyə başladı. Çoxlu sayda zəng gəlmişdi- atasından, anasından, Gülnardan, kiçik qardaşından, bacılarından, dostlardan, qohumlardan… Anasına zəng elədi, hal-əhval tutdu, ona təskinlik verdi. Sonra atasına, digər doğmalarına, dostların bir neçəsinə zəng elədi. Daha sonra Gülnarla görüşmək, odun-alovun caynağından qopardığı yaralıları yoluxmaq qərarına gəldi. Gülnarın əməliyyatda olduğunu söylədilər. Onda ilk olaraq ağır vəziyyətdə Gülnargillə hospitala yola saldığı əsgəri axtarıb tapdı. Adı və soyadı yaxşı yadında idi: Kamil Dəmirov. Kamil demək olar ki, başdan- ayağa sarğıda idi. Ancaq Mehmanı dərhal tanıdı. Aram-aram, kəsik-kəsik danışırdı:
-Orda… dağların arasında… gözümü… gözümü açanda… huşum özümə gə…gələndə ilk… ilk gördüyüm adam… sən idin… Burda isə… üç gün… yenidən huşsuz… qalanda… o… o qız… onu gördüm. Üç gün başım…ın üstündə… məni o əməliyyat… o əməliyyat…
Gülnar qapıda göründü, gözləri yuxusuzluqdan qızarmışdı, çox yorğun görünürdü. Mehman onu görcək dərhal ayağa qalxdı, baxışları toqquşdu.
-Gülnar, sən çox yorgun görünürsən.
Gülnar Mehmana sari bir neçə addım atdı. Üz-üzə, göz-gözə dayandılar.
-Sən də. Nə vaxt gəlmisən?
-Bir az əvvəl, yaralı gətirmişəm, müayinə otağındadır. Vəziyyəti pis deyil, ilk yardımı mən çatana qədər əsgər yoldaşları eləmişdilər. Güllə yarası alıb, sol çiynindən.
-Hə, şükür Allaha ki, yaxşıdır. Əməliyyata ehtiyac var?
-Yarasını tez-tez təmizləmək lazım gələcək.
-Olsun, gedib baxaram.
-Sənə dincəlmək lazımdır. Baş həkim özü baxdı, razı qaldı.
-Yaxşı, lap yaxşı. Nə vaxt gedirsən?
Mehman sanki günahkarcasına başını aşağı əydi:
-Tez qayıtmalıyam, əzizim. Füzuli istiqamətində ağır döyüşlər gedir. Orada mənə ehtiyac var.
– Odur… o qız… o mənim həkimimdir…
Hər ikisi dönüb Kamilə baxdılar, gülümsədilər.
Ordumuzun tam qələbəsi ilə başa çatmış Vətən Müharibəsinin 39-cu günü Mehmanın həyatında silinməz iz buraxdı. Qubadlı rayonunun Başarat, Qarakişilər və Qaracallı kəndləri uğrunda gedən döyüşlərdə yaralanmış döyüşçü yoldaşlarını hospitala çatdırmaq tapşırığı almışdılar. Həmişəki kimi maşını təhlükəsiz yerdə saxlayıb ön xəttə tələsirdilər. Birdən onu hansı bir qüvvə isə göyə qaldırdı. Sonra nə baş verdiyini anlaya bilmədi. Gözlərini açanda özünü işıqlı bir otaqda gördü. Gülnar yanında, stulda oturub yorğun, qızarmış gözlərini ona zilləyib sanki donmuşdu. Sonradan bildi ki, minaya düşüb, hər iki ayağını dizdən yuxarı itirib.
Bir il keçdi. Mehman çarpayıda uzanıb xəyala dalmışdı. Gülnara necə anlatsın ürəyindən keçənləri? O qızın bədbəxtliyinə niyə bais olsun?.. Palatanın qapısı açıldı, Gülnar göründü. Bu gün hərbi paltarda idi, çiynindəki qoşa ulduzlar mundirinə xüsusi yaraşıq verirdi. Adsız barmağında bir il əvvəl Mehmanın bağışladığı zümrüd qaşlı nazik üzük parlayırdı. Elə həmin əlində, barmağında üzük olan əlində sari, çəhrayı və narıncı güllərdən düzəldilmiş buket var idi. İlahi, o, necə də gözəl, necə də məsum idi.
-Sabahın xeyir olsun, cənab baş leytenant. Doğum günün mutlu olsun, bəy! Hələ yataqdasan? Qalx görüm. Qalx, protezlərini geyin. Sonra… gedirik mənim otağıma, hərbi parad mundirini geyinirsən, təbii ki, mənim köməyimnən, və… Və gedirik sizə…
-Gülnar, əzizim, bəlkə lazım deyil?! Mən… mən indi, belə vəziyyətdə sənin nəyinə lazımam? Gülnar…
-Qalx görüm, qalx! Bu gün 2021-ci ilin sentyabr ayının 27-si, müqəddəs şəhidlərimizin anım günüdür. Unutmamısan? Həm də… həm də bu gün- sənin 27 yaşının tamamında biz evlənmək barədə qərar verdiyimizi valideynlərimizə bildirməliyik.
-Gülnar… Anım gününü təbii ki, unutmamışam. Bu günü unutmaq olarmı? Ancaq… Mən əliləm, mənim həyatım dayanıb. Evlənmək barədə isə… heç bir qərar yoxdur, olmayıb, olmayacaq…
-Dəli! Dəlinin biri, dəli! İstəyirsən mən də ayaqlarımı kəsdirim? Sənin vəziyyətinə mən düşsəydim məndən imtina edəcəkdin? Hə?.. Biz bu barədə neçə dəfə danışmışıq? Mən sənin ürəyini sevmişəm, mən sənin kişi qeyrətini sevmişəm…
Gülnar gül buketini masanın üstünə atıb çarpayının kənarında oturdu, əlləri ilə üzünü bağlayıb hönkürməyə başladı. Mehman nə edəcəyini bilmirdi, qərarsız vəziyyətdə yerində eşələnirdi.
-Gülnar… Gülnar… Mənə kömək edərsən? Protezlərimi ver də… zəhmət olmasa…
Gülnar göz yaşlarını silib diqqətlə ona baxdı.
-Protezlərini? Hə… protezlərini… verim də. Nə etmək istəyirsən ki?
-Necə yəni nə? Hazırlaşaq gedək də. Əvvəlcə Şəhidlər Xiyabanına, sonra… sonra istəsən bizə gedərik. Anam neçə gündür hazırlıq görür.
Gülnar özünü toparlayıb qalxdı, üst-başını qaydaya saldı. Mehmana kömək edib protezlərini geyindirdi. Mehman qalxıb onunla yanaşı dayandı.
-Bax ha, boyumuz da uyğun gəlir.
-Mənim dəli igidim, indi sən qətiyyən əlilə oxşamırsan.
-Sənin inamlı yardımın sayəsində, əzizim. Bu aylar ərzində sən mənə ayaq üstə durmağı, yeriməyi öyrətmisən. Hamısı sənin sayəndədir.
-Yaxşı görək, şişirtmə.
-Akka canı.
Hər ikisi ürəkdən güldü, ana nəvazişinə sevinən uşaqlar kimi.
Mehman masanın üstündən telefonunu götürüb anasına videozəng açdı.
Duud… duud… duud…
-Ana, sabahın xeyir. Necəsən, anacan?
Ekranda Familə ananın nurlu siması göründü.
-Sabahın xeyirə açılsın, mənim igid balam. Ana qurban olsun sənin…- sözünün ardını gətirə bilmədi, qəhərləndi. Bir neçə saniyədən sonra özünü toparlayıb davam elədi,- Gözəl balam, şəkər balam, igid balam. Atanla hazırlaşırıq sənin yanına gəlməyə. Həkimindən icazə alıb evə gətrimək istəyirik, axşam qonaqlarımız olacaq. Sənin ad gününə gələcəklər. Sevdiyin xörəkləri bişirmişəm, hamısını…
-Ana, dəqiq bilirsən ki, mənim ad günüm bu gündür?- Yana çönüb Gülnara göz vurdu.- Bəlkə, noyabrın 10-dur?! Hə, anacan, bəlkə səhv salırsız günləri?
-Oğul, qurban olum, bu boyda səhv olar? Bu gündür.
-Mən bu gün ad günü keçirməyəcəm, bu gün şəhidlərimizin anım günüdür.
-Başına dönüm, indi anladım səni. Olsun noyabrın 10-u. Atan da yanımdadır, o da razılıq edir.
Balaşirin kişi ekranda göründü, oğluna əl edib salam verdi.
-Sabahın xeyir, oğul. Söhbətinizi eşidirdim, düzgün qərardır. Səninlə qürur duyuram oğul, olsun sən deyən kimi- noyabrın 10-u. Qonaqları özüm başa salaram. İndi biz gəlirik sənin yanına, oradan da birlikdə gedərik Şəhidlər Xiyabanına. Gör anan nə deyir.
Familə ana yenidən ekranda göründü, bu dəfə Balaşirin kişi ilə yanaşı dayanmışdı.
-Mehman, İgid balam, gəlirəm səni bağrıma basmağa.
-Zəhmət çəkməyin, ana. Özüm gələcəm, uzağı bir saata… yox, yarım saata, Şəhidlər Xiyabanına. Siz də ora gəlin. Özü də… ana, tək gəlmirəm ey, sizi gələcək gəlininizlə tanış edəcəm. Əgər, etiraz eləmirsizsə.
-Nə etiraz, ay bala. Gətir, qurban olum, gətir. Bilmək olar kimdir o gözəl bala?
-Ana! Canım ana! O qız… o qız mənim həkimimdir.
-Başına dönüm ay oğul, Gülnar həkimi deyirsən?
-Hardan bildin, ay ana?
-Ana ürəyi həssas olur, oğul. Yanındadır? Yanındadırsa, ver danışım onunla.