DAĞLAR QOYNUNDA
(Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Vüqar Ağayevin xatirəsinə)
Əzəl beşiyim dağlar,
Evim, eşiyim dağlar,
Yuvalaşdıq, çuğlaşdıq
Çəkir keşiyim dağlar.
(oçerk)
Dağların yaddaşı başqa olur. Dağ insanı sadəcə əhatə etmir, onu böyüdür, xarakterini formalaşdırır, baxışlarına dərinlik, ürəyinə dözüm verir. Dağlarda doğulan və böyüyən insan üçün torpaq da başqa cür müqəddəsdir. O, torpağı yalnız ayağının altında hiss etmir; onu uşaqlığının səsi, bulağının suyu, küləyinin nəfəsi, qayalarının sərtliyi, yollarının xatirəsi kimi yaşadır.
Vüqar Ağayevin ömrü də belə bir coğrafiyada başlamışdı. Qubadlı rayonunun Xanlıq kəndində dünyaya göz açan bu Vətən oğlu sonralar ömrünün ən ağır sınaqlarını yenə dağlar arasında yaşayacaq, doğma yurdunun azadlığı uğrunda canından keçəcəkdi.
1973-cü il martın 4-də Xanlıq kəndində doğulan Vüqar uşaqlığının ən gözəl çağlarını Qubadlının səfalı təbiəti qoynunda keçirmişdi. Atası Əhməd Ağayev hərbçi olduğundan ailənin yaşayış yeri müxtəlif vaxtlarda dəyişsə də, Vüqarın qəlbində Xanlığın və Qubadlının yeri heç vaxt dəyişmədi. Çünki insanın ilk gördüyü mənzərə, ilk addım atdığı torpaq, ilk dəfə adını çağırdığı doğma yurd onun taleyinin görünməz xəritəsini yaradır.
Vüqarın xəritəsində Qubadlı vardı.
Amma zaman onun qarşısına başqa bir xəritə çıxardı — müharibə xəritəsi.
ÖMRÜN İLK DAĞI — MÜHARİBƏ
Vüqar Ağayevin gəncliyi Azərbaycanın tarixinin ən ağır səhifələrindən birinin yazıldığı illərə təsadüf etdi. Qarabağ müharibəsi başlananda o, müddətli həqiqi hərbi xidmətdə idi. Ölkədə daxili çəkişmələr, xaos və böhran hökm sürür, vahid komandanlığın olmaması ordunun imkanlarını məhdudlaşdırırdı. Düşmən isə bu vəziyyətdən istifadə edərək torpaqlarımızı işğal edir, şəhər və kəndlərimizi ələ keçirir, dinc əhalini ata-baba yurdlarından didərgin salırdı.
Gənc əsgər Vüqar Ağayev həmin ağır günlərdə Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin komandiri olduğu taborda döyüşürdü. O illərin acısı onun yaddaşında silinməz iz buraxdı. Döyüşlərin məğlubiyyətlə nəticələnməsi onun Vətən sevgisini azaltmadı, əksinə, daha da möhkəmləndirdi. Vüqar başa düşdü ki, torpağı qorumaq üçün yalnız ürəkdə Vətən sevgisinin olması kifayət deyil. Bunun üçün güclü ordu, peşəkar zabit, yüksək hazırlıq və dəmir intizam lazımdır.
Bəlkə də onun ömür yolunun zabitlik mərhələsi məhz həmin günlərdə başladı.
1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil oldu. Döyüşən ordudan Topçu bölməsindən gəldiyinə görə onu məktəbin Tank Artilleriya Fakültəsinə qəbul etmişdilər. Döyüş yoldaşları da onu savadlı, bacarıqlı top komandiri görmək istəyirdilər. Vüqarı da bu məqsədlə oxumağa göndərmişdilər ki, artilleriyanın sirlərini öyrənib, öz döyüş yoldaşlarının yanına qayıtsın… Ancaq, deyir, “sən saydığını say, gör fələk nə sayır”… Qısa müddətdə torpaqların işğalı, məktəbdə təhsilin rus dilində olması Vüqarı çox narahat edirdi. Bir yerdə qərar tuta bilmir, elə hey fikir edirdi…
Bütün Azərbaycan çox ağır dönəmdən keçirdi. Belə çətin günlərdə Vüqar artıq ikinci kursda oxuyarkən məktəbdə könüllü şəkildə təhsil proqramı sürətləndirilmiş kurslarda zabit rütbəsi alıb hərbi hissələrə yollanmaq imkanı yarandı. Səbri tamam tükənmiş Vüqar da cidd-cəhdlə hazırlaşaraq ard-arda bir neçə imtahan verib, bu kurslara qoşuldu. 1995-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vuraraq kiçik leytenant hərbi rütbəsi alıb, gözü Qubadlı dağlarında Naxçıvana yollandı.
Beləcə, Qubadlıdan Naxçıvana uzanan uzun hərbi yol başladı.
Bu yolun da öz dağları vardı.
NAXÇIVAN DAĞLARINDA
Naxçıvan onun həyatında ayrıca bir səhifədir. Qubadlı ilə başlayan dağlıq coğrafiya Naxçıvanda davam edirdi. Vüqar burada həm hərbçi kimi yetişdi, həm ailə qurdu, həm də ömrünün mühüm illərini yaşadı. Qubadlı dağlarına uzun illər Soyuqdan boylandı. Saatlarla Kotamda kludlənmiş yollara baxdı…
1995-ci ildən zabit kimi xidmət edən Vüqar Ağayev iyirmi il ərzində qüsursuz hərbi xidmət keçərək kiçik leytenant rütbəsində tağım komandiri vəzifəsilə başladığı dağlarla dolu dağ boyda işi polkovnik-leytenant rütbəsinədə briqada komandiri vəzifəsində tamamladı…
Xidmət illərində müxtəlif təltiflərə layiq görüldü. “Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95 və 100 illiyi” yubiley medalları, “Qüsursuz xidmətə görə” I, II və III dərəcəli medallar, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal və “Hərbi xidmətlərə görə” medalı onun uzun və səmərəli xidmət yolunun göstəriciləricisidir.
Lakin Vüqarın zabitlik fəaliyyətini yalnız təltiflərlə ölçmək doğru olmazdı.
Çünki onun əsas xidməti insanların yaddaşında idi.
O, gənc zabitlərin yetişməsinə, əsgərlərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə verirdi. Hərbi peşəni sadəcə bir iş kimi deyil, Vətən qarşısında borc kimi qəbul edirdi. Onun üçün çiyindəki paqon rütbə nişanı olmaqdan daha böyük məna daşıyırdı: o, Vətən etimadının məsuliyyətini ifadə edirdi.
Naxçıvanda Vüqar Səbahət xanımla ailə qurdu. Yeganə və Pərvin adlı iki övladı dünyaya gəldi. Övladlarını çox sevən, rəhmli, qorxmaz və cəsarətli insan kimi xatırlanan Vüqar həm ailəsinin qayğıkeş atası, həm də əsgərlərinin məsuliyyətli komandiri idi.
2016-cı ildə hərbi xidmətdən təqaüdə çıxanda qarşısında sakit həyat mərhələsi açılmışdı. Fəqət, Vüqar özlüyündə bu həyatla barışa bilmirdi. Gənclik illərindən başladığı, bütün həyatını, ömrünün ən gözəl çağlarını həsr etdiyi işini sanki yarımçıq, özü də dərənin dibinədə – enişdə qoyub getməyi heç cürə həzm edə bilmirdi… Ömrü dağlarda keçmiş dağlar oğlu dağ yollarının enişli-yoxuşlu olduğunu yaxşı bilirdi. Üzü yoxuşa getməyə adət etmiş Vüqar təqaüdə çıxsa da gözü daim dağlarda – zirvələrdə idi. Həmin günü gözləyirdi… Övladlarının təhsili ilə əlaqədar Naxçıvanda yaşamağa davam edirdi. Qubadlı qədər Naxçıvan da onun üçün doğmalaşmışdı. Burada həyatının böyük bir hissəsi keçmişdi.
Amma insanın ürəyində elə bir yurd olur ki, illər keçdikcə ona olan bağlılıq azalmır.
Əksinə, artır.
Vüqarın ürəyində həmin yurd Qubadlı idi. Bu istək onu Bakıya gətirdi. Sanki, nəsə hiss etmişdi…
HƏSRƏT DAĞI
Qubadlı işğal olunandan sonra Vüqarın həyatında görünməz bir dağ yaranmışdı.
Bu, həsrət dağı idi.
O dağ nə qədər uzaqda olsa da, hər gün onunla idi. Naxçıvanın qayaları arasında yaşasa da, qəlbinin bir tərəfi Xanlıqda qalmışdı. Uşaqlığının keçdiyi küçələr, ata ocağı, doğma kəndin torpağı yaddaşında yaşayırdı.
Otuz ilə yaxın müddətdə Qubadlı həsrəti bir insan ömrünün az qala yarısına yayıldı.
Bəzən insanın qarşısındakı ən böyük məsafə kilometrlərlə ölçülmür.
Həsrətlə ölçülür.
Vüqar üçün Qubadlıya gedən yol da belə idi. Bu yol xəritədə qısa görünə bilərdi, amma onun ürəyində otuz illik bir məsafə vardı.
Və sonra tarix dəyişdi.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladı.
Bu müharibə Azərbaycan xalqının yaddaşında yalnız hərbi əməliyyatlar silsiləsi kimi deyil, illərlə gözlənilən qayıdışın başlanğıcı kimi qaldı.
Vüqar üçün isə bu, daha böyük məna daşıyırdı.
Çünki onun gözlədiyi gün gəlmişdi.
“QUBADLINI OVCUMUN İÇİ KİMİ BİLİRƏM…”
Vüqar Ağayev Azərbaycan ordusunun gücünü və inkişafını yaxşı bilirdi. İllərlə xidmət etdiyi ordunun necə dəyişdiyinin canlı şahidi olmuşdu. 1990-cı illərin ordusu ilə 2020-ci ilin ordusu arasında böyük fərq vardı. O, artıq qarşıda dayanan mübarizənin qalibiyyətlə nəticələnəcəyinə inanırdı.
Lakin inanmaq başqa, döyüşə getmək başqa idi.
Vüqarın qarşısında ailəsi vardı.
Anası vardı.
Övladları vardı.
Təqaüdçü kimi sakit həyatını davam etdirmək imkanı vardı.
Amma qarşıda Qubadlı vardı. Yarım qalmış dağ boyda, dağ kimi iş vardı. Bütün bunlardan əlavə onun dağlı sinəsinin dağ boyda mənliyi – zabit kimliyilə bir hesabı vardı. Məskəni ən soyuq, ən sərt, ən sıldırım zirvələr olan ruhunu dolanbac, enişli-yoxuşlu dağ yolunda enişdə qalmaq sıxırdı… İçində heç susmayan bir iniltili çağırış var idi.
Bu çağırış bütün başqa səsləri susdurdu.
“Qubadlını ovcumun içi kimi bilirəm, mən orada olmalıyam”, — deyən Vüqar Ağayev anası və övladları ilə sağollaşaraq yola düşdü. 2020-ci ilin oktyabrında könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət etdi və Vətən müharibəsinə qatıldı.
Bu, adi bir könüllülük deyildi.
Bu, otuz illik həsrətin döyüşə çevrilməsi idi. Bu enişdə – dərədə qalmış yolu – səfəri dağda – zirvədə tamamlamaq istəyi idi….
QUBADLIYA QAYIDIŞ
Qubadlı uğrunda döyüşlər ağır gedirdi. Düşmən yüksəkliklərdə möhkəmlənmiş, Xanlıq qəsəbəsində güclü istehkamlar yaratmışdı. Şəhəri azad etmək üçün əvvəlcə yüksəkliklərə nəzarəti ələ keçirmək lazım idi.
Yenə dağlar…
Yenə yüksəkliklər…
Yenə ağır yollar…
Amma bu dəfə həmin dağların o tayında Vüqarın doğma yurdu vardı. Uzun illər Soyuqdan, Qapıcıqdan, Ərəfsədən, Camışöləndən, Üçqardaşdan, Salvartıdan, Dağdağandan, Əyriqardan, Sisqatardan həsrətlə boylandığı dağlar, yurd yerləri indi onu gözləyirdi…
Azərbaycan əsgəri və zabitləri yüksəklikləri bir-birinin ardınca nəzarətə götürdülər. Ətraf kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq və Mahmudlu azad edildi.
Xanlıq azad edildi.
Vüqarın doğulduğu kənd…
Uşaqlığının keçdiyi kənd…
Ata-baba ocağının olduğu kənd…
Deyilənə görə, Vüqar kənd azad ediləndə öz evinə, ata-baba ocağına getdi.
Bu məqam onun ömrünün ən kövrək səhnələrindən biri idi.
Otuz illik ayrılıqdan sonra insan doğma evinin qarşısında dayanır.
Bəlkə divarlar dəyişmişdi.
Bəlkə həyət əvvəlki kimi deyildi.
Bəlkə uşaqlıqdan yadında qalan çox şey artıq yox idi.
Amma torpaq yerində idi.
O torpaq onu tanıyırdı.
Çünki insanın doğulduğu torpaq onu heç vaxt unutmur.
Vüqar öz torpağına, Vüqar bir qərinə ərzində sinəsində birikdirdiyi dağları ilə öz dağlarına qayıtmışdı.
Ancaq onun üçün bu qayıdışın qiyməti çox ağır olacaqdı.
SONUNCU DAĞ
1 noyabr 2020-ci il.
Qubadlı rayonunun Çardaqlı kəndində gedən döyüşlər…
Vüqar Ağayev həmin döyüşlərdə şəhadətə qovuşdu.
Onun ömrünün son dağı da bu oldu.
Amma bu dağın zirvəsində ölüm yox, Vətən vardı.
Vüqar Birinci Qarabağ müharibəsində əsgər kimi başladığı mübarizəni İkinci Qarabağ müharibəsində zabit kimi başa çatdırdı. Birinci müharibənin yarımçıq qalmış ağrısı onun ömrü boyu içində yaşadı. İkinci müharibədə isə doğma Qubadlının azadlığı uğrunda döyüşərək həmin ağrını Zəfər tarixinin bir hissəsinə çevirdi.
O, Qubadlının azadlığını gördü.
Xanlığın azadlığını gördü.
Ata ocağına qayıtdı.
Və sonra Vətən torpağında şəhid oldu.
Bəzən taleyin ən böyük paradoksu budur: insan illərlə uğrunda yaşadığı arzunun həyata keçdiyini görür, lakin həmin arzunun gətirdiyi xoşbəxtliyi uzun müddət yaşamaq ona qismət olmur. Bəlkə də tam əksi – o sadəcə öz işini tamamladı. Missiyasını başa vurdu. Haqlı və düz olduğunu sübut etdi…
Vüqarın payına da belə bir tale düşdü.
QƏHRƏMANLIĞIN ZİRVƏSİ
Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən mayor Vüqar Ağayev ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldü. O, Azərbaycanın ərazi bütövlüyünün bərpasında xüsusi xidmətlərinə, qarşıya qoyulmuş döyüş tapşırığının yerinə yetirilməsi zamanı göstərdiyi qəhrəmanlığa, hərbi qulluq vəzifəsini yerinə yetirərkən nümayiş etdirdiyi igidlik və mərdliyə görə bu yüksək ada layiq görüldü.
Vüqar Ağayev ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə də təltif edildi.
O, II Fəxri xiyabanda dəfn edildi.
Amma onun əsl məzarı yalnız xiyabandakı torpaq deyil.
Onun əsl abidəsi azad Qubadlıdır.
Onun əsl xatirəsi Xanlıqdır.
Onun əsl mirası isə Yeganə və Pərvin kimi övladlarının yaddaşında, onu tanıyan insanların xatirəsində və Vətən tarixində yaşayacaq.
DAĞLAR YADDA SAXLAYIR
Dağlar haqqında çox söz deyilib. Dağ ucalığın, vüqarın, dözümün rəmzidir. Amma Vüqar Ağayevin həyatında dağ obrazının daha bir mənası var.
Dağ həm də yükdür.
Dağ həm də əziyyətdir.
Dağ həm də həsrətdir.
Dağ həm də zirvəyə qalxmaq üçün keçilməli olan ağır yoldur.
Vüqarın ömrü belə dağlardan ibarət idi.
O, real dağların qoynunda doğuldu.
Müharibənin dağlarından keçdi.
Zabitliyin məsuliyyət dağını çiynində daşıdı.
Qubadlı həsrətinin dağını illərlə içində yaşatdı.
Ailə qayğıları ilə Vətən borcu arasında ən ağır seçimin qarşısında dayandı.
Və nəhayət, şəhadət zirvəsinə yüksəldi.
Bu baxımdan onun həyatı bir dağ yoluna bənzəyir. Yol aşağıdan başlayır, getdikcə yüksəlir, bəzən daşlı, bəzən sərt, bəzən uçurumlu olur. Lakin yolun sonunda zirvə görünür.
Vüqarın zirvəsi Vətən idi.
O, həmin zirvəyə çatdı.
Bu gün Qubadlı azaddır. Bu azadlığın hər qarışında şəhidlərin qanı, əsgərlərin izi, anaların duası və illərlə çəkilən həsrətin ağrısı var. Vüqar Ağayev də həmin böyük Zəfərin qəhrəmanlarından biridir.
2021-ci ildə Qubadlı rayonunun Xanlıq kənd ümumi orta məktəbinə onun adı verildi. Bakı şəhərində müvəqqəti fəaliyyət göstərən məktəbin onun adını daşıması Vüqarın adının yeni nəslə ötürülməsinin ən mənalı yollarından biridir.
Bir vaxtlar Xanlıqda məktəbə gedən uşaq Vüqarın adı indi həmin məktəbin divarlarında yaşayır.
Bu, həyatın davam etməsidir.
Bu, qəhrəmanlığın davamıdır.
Bu, Vətənin yaddaşıdır.
Və yaddaş olan yerdə ölüm son deyil.
Bu gün Qubadlının dağlarına baxanda orada yalnız qayaları, dərələri, meşələri və yolları görmək olmaz.
Orada bir ömrün izi var.
Xanlıqda bir uşağın ilk addımları var.
Qarabağda bir əsgərin döyüş yolu var.
Naxçıvanda bir zabitin xidmət illəri var.
Ailənin həsrəti var.
Bir atanın övladlarına sevgisi var.
Bir ana var.
Bir oğulun doğma yurda bağlılığı var.
Bir Vətən oğlunun “mən orada olmalıyam” deyərək ölümün üstünə getməsi var.
Və bütün bunların üstündə Vətən var.
Vüqar Ağayev dağlar qoynunda doğuldu.
Dağlar qədər ağır sınaqlardan keçdi.
Dağlar qədər uca bir məhəbbətlə Vətənini sevdi.
Dağlar qədər möhkəm dayandı.
Dağlar qədər vüqarlı yaşadı.
Və dağların qoynunda, doğma Qubadlının azadlığı uğrunda şəhadətə yüksəldi.
İndi Qubadlı dağları azaddır.
Xanlıq azaddır.
Vüqarın uşaqlıq torpağı azaddır.
Bəlkə də külək indi həmin dağların başından keçərkən onun adını pıçıldayır.
Bəlkə qayalar onun addımlarını xatırlayır.
Bəlkə Xanlığın yolları doğma evinə qayıdan o zabitin izlərini hələ də qoruyur.
Və bəlkə də dağların zirvəsindən baxanda insan bir həqiqəti daha aydın görür:
Vətən uğrunda çəkilən əziyyət heç vaxt itmir.
Vətən uğrunda verilən ömür heç vaxt unudulmur.
Vətən uğrunda şəhid olanlar isə xalqın yaddaşında əbədi yaşayırlar.
Vüqar Ağayevin ömrü də belə bir yaddaşdır.
Dağlar qoynunda başlayan ömür…
Dağlar boyda həsrət…
Dağlar boyda mübarizə…
Əzizim dağlar ağlar,
Daş ağlar, dağlar ağlar,
Bircə anamın səsi
Sinəmi dağlar, ağlar…
Və nəhayət, Vətən zirvəsində əbədiyyət. Vüqar öz missiyasını böyük və şanlı Zəfərlə zirvədə başa vurdu. Bu gün Vüqar elə bir əzəmətli, əlçatmaz zirvədədir ki, bir zamanlar onun uğurlarına şübhə ilə baxanlar indi ona çirkab dolu dərənin dibindən həsrət və qibtə ilə baxırlar. Salam olsun, sinəsi dağlı dağlar oğlu!