
****
Hey harasa tələsirik ,
Ömür gödəkdi , neyləyək.
Zamana çata bilmirik,
Bizdən zirəkdi, neyləyək.
Heç kimin bitmir davası,
Göy davası , Yer davası ,
Günümüzün tən yarısı
Küydü , kələkdi , neyləyək.
Dörd yanımız çığır -bağır,
Hərə öz dərdindən baxır,
And yerimiz əvvəl-axır
Duzdu , çörəkdi , neyləyək.
Başımızda söz havası,
Dünyamız ilan yuvası,
Biz çoxuq , atam balası,
Tanrısa təkdi, neyləyək.
****
Neçə bahar , neçə payız, qış gələr,
O səhərlər geri dönməz bir daha.
Gah dumana , gah çiskinə bürünər,
O xəyallar göydən enməz bir daha,
Köçdü , köç.
Bir də yanmaz könlümüzdə od ,ocaq,
Külümüzlə oynayırıq nə vaxtdı.
Heç bilmirik hansı sözdən yapışaq,
Hardan tutsaq deyirlər ki, günahdı ,
Sucdu ,suç.
Ulduzlar da parıldamır biz deyən,
Səhərəcən zülmət saçır gecələr.
Elə bil ki, yadırğayıb adamdan,
Neçə vaxtdı sevgisizdi küçələr ,
Acdı , ac.
Elə gözəl sarılmışıq təkliyə ,
Dörd yanımız hicran adlı qəfəsdi.
Vurulmuşuq xəzəl rəngli payıza,
İndi bizdən bahar ummaq əbəsdi ,
Gecdi, gec.
****
Gözlərindən həsrət baxır adama,
Bu şəhərin baxışları darıxır.
Bu şəhərin ağacları susuzdu,
Bu şəhərin yağışları darıxır,
Bu şəhərin közü çıxıb yadımdan.
Neçə vaxtdı daş ömrünü yaşayır,
Qurd ömrünü , quş ömrünü yaşayır ,
Buz bağlayıb , qış ömrünü yaşayır,
Bu şəhərin yazı çıxıb yadımdan.
Göyə qalxıb , gözü görmür heç kəsi,
Sevgisizdi sahilləri dənizin ,
Başı üstə küləkləri dərd əsir,
Bu şəhərin səsi çıxıb yadımdan.
İtib batıb gəzdiyimiz küçələr ,
Döngə -döngə azdığımız küçələr ,
Yıxılanda küsdüyümüz küçələr ,
Bu şəhərin nazı çıxıb yadımdan.
Hər yanını tumar -tumar yorublar,
Beton- beton, hamar- hamar yorublar ,
Bu şəhəri əlimizdən alıblar ,
Bu şəhərin üzü çıxıb yadımdan.
Yavaş -yavaş tamarzıdı sevincə ,
Yuxusuna daş atırlar hər gecə ,
Yaddaşımda adı qalıb eləcə ,
Bu şəhərin özü çıxıb yadımdan.
Gözlərindən həsrət baxır adama ,
Bu şəhərin baxışları darıxır.
Bu şəhərin ağacları susuzdu ,
Bu şəhərin yağışları darıxır ,
Bu şəhərin …düzü , çıxıb yadımdan .
****
Bir zamanlar başı buxara papaqlı ,
ayağı çarıqlı , əli əsalı kişilər vardı,
Üst -başları tütün qoxuyardı ,
Ovucları qabar -qabardı.
Doqqazın başına yığışardılar hər gecə,
Biz də onların başına .
Onlar davadan , frontdan danışardılar ,
Biz də daş üstündə oturub qulaq asardıq
bu şirun nağıllara yuxu gözümüzdən tökülüncə.
Yayın istisində də başlarından çıxarmazdılar papağı,
Addım səslərindən tanıyardılar gələn qonağı..
Onlarçun çörək Tanrıdan irəliydi,
Hərəsi bir evin dirəyiydi
mən tanıyan kişilər ,
Torpaqla , daşla ,
əkinlə , xışla oynayan kişilər.
Saçımızı sığalsız , gecəmizi nağılsız qoymazdılar,
Səhərlər mala, heyvana durardılar ,
Oğula , uşağa qıymazdılar.
Sonra illər göz qırpımında uçub getdi ,
Doqqaz ağzına yığışan kişilər yavaş -yavaş bu dünyadan köç etdi —
Başında papaq , ayağında çarıq, , əlində çəlik.
Yavaş -yavaş yollar yiyəsiz qaldı , sonra kənd,
Sonra hasarlar böyüdü , sonra adamlar.
Sonra qapılardan kilid , ürəklərdən daş asıldı ,
Uçulub dağıldı söykəndiyimiz divarlar ,
Köhnə nağıllar pozuldu ,
Təzə nağıllar yazıldı —
İçində həsrət , ayrılıq , xəyanət , göz yaşı , minnət.
İnternet sevdalar doğuldu boşluğun içində –
Rəngsiz , ürəksiz , qolsuz , qanadsız , şikəst…
Məhəbbət dolu məktublar yazılmadı daha ,
Ürək döyüntüsündən keçmədi boğazdan yuxarı mesajlar ,
Söz verib söz almadı heç kəs ,
Heç kim tələsmədi görüş yerinə ,
Sabaha çıxmadı bu gün doğulan xəyallar..
Nöqtələr , nidalar , suallar!!
.. Bir zamanlar başı buxara papaqlı , ayağı çarıqlı , əli əsalı kişilər vardı.
Üst -başları tütün qoxuyardı ,
Əlləri qabar -qabardı…
****
Qaranlığı yenə pusur adamı ,
Qılınclayır , asıb , kəsir adamı,
Gözlərinin fəhmi basır adamı ,
Vaxt da keçmir bu gecənin baxtından.
Hamı səndən bir yuxuycan uzaqdı ,
Dünya yatıb , bircə dərdlər oyaqdı,
Kim duyacaq harayını bu vaxtı ,
Kim salacaq bu gecəni atından?
Ağrıların hücum çəkir üstünə ,
Həsrət adlı zülmət çökür üstünə,
Qaramatın yenə tökür üstünə ,
Hünərin var çıx gecənin altından.