
27 sentyabr həmin gündür! O gün! Bu şeir yazılanda 44 günlük müharibənin başlamasına hələ 26 gün qalırdı. Vəziyyət gərgin olsa da müharibə olacağı məlum deyildi.
VƏTƏN EŞQİNƏ
Şir ürəkli igidlər,
Durun, Vətən eşqinə.
Düşməni milçək kimi,
Qırın, Vətən eşqinə.
Düşmən çıxsa qarşına
Girəcək dondan dona,
Aman verməyin ona,
Vurun, Vətən eşqinə.
Əfv etməyin yağını,
Söndürün çırağını,
Yenə də qulağını
Burun, Vətən eşqinə.
Düşmən qorxsa da səndən,
Ayıq ol beləsindən,
Xaindir, gülləsindən
Qorun, Vətən eşqinə.
Görməsin qılınc qını,
Tökülsün düşmən qanı,
Xocalının haqqını
Sorun, Vətən eşqinə.
01.08.2020
NƏ QALDI?
Saatlarım gündə yandı,
Günlərim aya calandı,
Aylar üst-üstə qalandı,
Bir ilim də belə soldu,
Görəsən sona nə qaldı?
Ömür axır dağ seli tək,
Sürətinə dözmür ürək,
Son zamanlar olub kövrək,
Könlümə qəm yaman doldu,
Görəsən sona nə qaldı?
İnsan ömrü yüyənsiz at,
Ürküb qaçır, bacarsan çat,
Qaçhaqaçla bitir həyat,
Hamının keçdiyi yoldur,
Görəsən sona nə qaldı?
Elçin də belə qocaldı,
Bir arzusu vardı, qaldı,
“Görsün ki, peyğəmbər oldi,
İlahidən bir vəhy aldı,
Bildirdi, sona nə qaldı.”
…Zaman çox sürətlə getdi,
Ömür şam tək yandı, itgi,
Vaxtım çatdı, hər şey bitdi,
Son anımı mələk çaldı,
Məndən sonra bəs nə qaldı?
GÜNDÜZ GEDİR, GECƏ GƏLİR
Başımda qüssə dumanı
Gündüz gedir, gecə gəlir.
Dərdlə yüklü qəm karvanı
Gündüz gedir, gecə gəlir.
Bağlanıb Tanrı qapısı,
Tutmağa yoxdur əbası,
Axsayan kədər yabısı
Gündüz gedir, gecə gəlir.
Sönüb sevincin sobası,
Geyinmişəm qəm libası,
Tanrının kədər zopası
Gündüz gedir, gecə gəlir.
Ürəyimə düşən yara,
Hər gün məni çəkir dara,
Fikir adlı “bəxtiqara”
Gündüz gedir, gecə gəlir.
Hardan əsdi kədər yeli,
Əydi qəddi, bükdü beli,
Dağ çayı tək qüssə seli
Gündüz gedir, gecə gəlir.
PAYIZDA
Əvvəldən payızı sevməyirəm mən,
Artır dərdim, qəmim, qadam payızda.
Bezdim palçığından, bataqlığından,
Külək, yağış olur müdam payızda.
Gümüş göllərimdən sonalar uçur,
Bizi tərk eləyib durnalar köçür,
Torpağı yarpağın cəsədi qucur,
Necə göz yaşımı tutam payızda.
Tanrı göy üzünü buluda bükür,
Bulud gecə-gündüz göz yaşı tökür,
Təbiət ruhumu edama çəkir,
Qəmə boğuluram, atam, payızda.
Yaşadım sevinclə baharı, yayı,
Varmı gül-çiçəyin, otların tayı?
Payız divan tutdu, etdim ah-vayı,
Nə qədər kədərə batam payızda?
Fəsillər ruhumu ikiyə bölür,
Kədərdən ağlayır, sevincdən gülür,
Təbiət öləndə Elçin də ölür,
Cismimi torpağa qatam payızda.
HƏSRƏT NƏĞMƏSİ
Həsrətinlə çoxdan məni üzürsən,
Söylə, məni salırsanmı yadına?
Aybənizlim, məndən uzaq gəzirsən,
Günəş kimi yanıram eşq oduna.
Həsrət axı niyə belə uzandı,
Buz ürəklim, eşqim qaynar qazandır,
Sığın mənə, sevgimizi qızındır,
Saf eşqimiz çatsın vüsal dadına.
Dağ başımı qəm sarıbdır, dumandır,
Ayrılığın ölümdən də yamandır,
Ay təbibim, bal dodağın dərmandır,
Eşqə təşnə dodağımın çatına.
Çox güvənmə məndə olan dözümə,
Ölüm rəngi qonub artıq üzümə,
Ay mələyim, görünmürsən gözümə,
Qəm içində söz qoşuram adına.
Naz edirsən, adətindir, bilirəm,
Min əzabla sənə doğru gəlirəm,
Artıq məndə can qalmadı, ölürəm,
Burax nazı, çat Elçinin dadına.
SƏN NECƏ SEVDİRDİN ÖZÜNÜ MƏNƏ
Eşqdən uzaq durdum, sevgini dandım,
Qəlbimi alınmaz bir qala sandım,
Səni görən kimi alışdım, yandım,
Gözümdən sanki od düşdü bədənə,
Sən necə sevdirdin özünü mənə?
Mən ki, təbiəti sevirdim ancaq,
Sevdiyim uca dağ, meşə, buz bulaq,
Tez-tez yamaclara gedirdim qonaq,
Heyrətlə baxırdım gülə,çəmənə,
Sən necə sevdirdin özünü mənə?
Eşq də bir din imiş, sonradan bildim,
Qəlbimdən “xəyanət” sözünü sildim,
Peyğəmbərim oldun, mən dinə gəldim,
Bilməzdim sevgi nə, eşq, məhəbbət nə,
Sən necə sevdirdin özünü mənə?
Vüsala çatmaqla unutdum ahı,
Sevinclə açıram hər bir sabahı,
Eşq mülkü qurmuşam, olmuşam şahı,
Sən də tac olmusan, gülüm, Elçinə,
Gör necə sevdirdin özünü mənə.
BİR DƏ MƏNİ BU DÜNYAYA GƏTİRMƏ
Bu dünyaya ilk gəlişim səhv olub,
Bir də məni bu dünyaya gətirmə.
Arzularım, xəyallarım məhv olub,
Bir də məni bu dünyaya gətirmə.
Nə ömürdür, bəxtim yazıq-yazıqdır,
Dərd qazılıb, sevinc nazik cızıqdır,
Məndən sonra gələn mənlər yazıqdır,
Bir də məni bu dünyaya gətirmə.
Mən dəliyəm, yoxsa dünya dəlidir?
Gözlərimdən axan dərdin selidir,
Məni boğan taleyimin əlidir,
Bir də məni bu dünyaya gətirmə.
Ürəyimdə bundan ağır dağ olmaz,
Viran könlüm dönüb gözəl bağ olmaz,
Mən olmasam dünya mənsiz dağılmaz,
Bir də məni bu dünyaya gətirmə.
Söylə, nədir Məlhəmlinin günahı?
Hər gün aha calamışam mən ahı,
Yenə gəlsəm nə görəcəm, Ilahi?
Bir də məni bu dünyaya gətirmə.
Müəllif: ELÇİN MƏLHƏMLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru