
Ayətxan Ziyad – “Zaur Ustacın uşaq dünyası” – səh. 181 – 190.

YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Ayətxan Ziyad – “Zaur Ustacın uşaq dünyası” – səh. 181 – 190.

YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Belə bir kitab var–ARAZ ŞƏHRİLİNİN KİTABI…
(Sizin stolüstü kitabınız – vacib kitab)
Salam olsun, çox dəyərli oxucum!
Şükürlər olsun böyük Allahın ədalət və mərhəmətinə ki, gözəl bir səbəb, xeyirli bir məqsəd üçün yenidən görüşmək imkanını bizə tanıdı.
Allahın salamı olsun Peyğəmbərə və onun pak Əhli-Beytinə. Bu şükrü-sənadan sonra ustad Bəhmənyara və Mahmud Kaşğariyə uca Allahdan rəhmət diləməyi özümə borc bilirəm. Ruhları şad olsun. İndi isə, istədiyi bəndəsinin üzünə bağlı qapıları taybatay açan rəhmli Allahın könüllərimizi aydınladan doxsan doqquz adı ilə keçək mətləbə.
Yurdumuzun dahi oğlu ustad Bəhmənyarı söhbətimizin girişində rəhmətlə anmağım səbəbsiz deyil. Bu adı hələ orta məktəb şagirdi olarkən eşitmişdim. Onun ömür yolu məndə heyrət, fəlsəfəsi isə valehlik hissləri doğururdu. Həyata baxışımın formalaşmasında Bəhmənyarın fikirlərinin çox böyük təsiri oldu. Anladım ki, dünya və onun kiçik bir zərrrəsi olan insan həyatı, əslində, müəyyən qanunauyğunluqlar əsasında baş verən daimi təkrarlardan ibarətdir. Onu da dərk etdim ki, bu dairəvi hərəkətə necə daxil oluruqsa, hansı istiqaməti əsas götürürüksə, sonrakı nəsillərə də elə bu tərzi, bu yönü miras qoyuruq. Beləliklə, əcdadlarımız bizim, biz isə övladlarımızın taleyində bəzən müsbət, bəzən isə mənfi rol oynayırıq. Bu hərəkətə müdaxilə edib onun xarakterini və səmtini dəyişmək də bəzən çox çətin, bəzən isə ümumiyyətlə qeyri-mümkün olur. “Divanu Luğət-it-Türk” (ديوان لغات الترك – ”Türk dilləri lüğəti” – türk dünyasının ilk ensiklopedik əsəri – XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğari tərəfindən Bağdad şəhərində 1072–1074-cü illərdə yazılmış türkcə-ərəbcə lüğətdir) əsərinin müəllifi Mahmud Kaşğarini anmağımızın səbəbinə gəlincə, bu barədə bir qədər sonra…
Yuxarıda təkrarlar məsələsinə əbəs yerə toxunmadım. Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsəri haqqında məlumata ilk dəfə bax elə bu “TARİX TƏKRARLANIR” ifadəsinin sayəsində“Fədai” qəzetində rast gəldim. Sonralar yenə ara-sıra müəyyən suallar yarandıqda düzgün və ya həqiqətə daha yaxın hesab etdiyim cavabları tapdığım məqalələrdə adətən mənbə kimi Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən ” qeydi nəzər-diqqətimi cəlb edirdi…
Əski əlifbanı orta məktəbin son siniflərində, o vaxtlar Elçin müəllimin sədrlik etdiyi “Vətən” Cəmiyyətinin orqanı olan “Odlar yurdu” qəzetindən müstəqil şəkildə öyrənmişəm. Buna görə də Elçin müəllimi müxtəlif təhsil müəssisələrində mənə dərs demiş müəllimlərimdən ayırmıram. Onlardan biri, bəlkə də birincisi hesab edirəm. Gözümü açıb dünyanı dərk edəndən ana babam Molla Mürşüdün namaz qıldığını, “Quran” oxuduğunu görmüşəm. Həftənin Cümə axşamı günlərində (bu günə “Adına günü”dədeyirdilər) aramsız olaraq, təkrar-təkrar “Yasin” surəsini qiraət edərdi. “Yaasiiiin” kəlməsindən sonra “Vəl Quranil – həkim…” ayəsinin gəlməsinə rəğmən babam və sonralar diqqət etdikdə gördüm ki, digər mollalar da arada “səlləllahu əleyhi və alihi və səlləm” deyirlər. Halbuki, kitabda bu cümlə yoxdur. Nə qədər ki, kəndimizin hüdudlarından kənara çıxmamışdım, sanırdım ki, dünyada bütün müsəlmanlar eyni qaydalara riayət edirlər. Axı dinimiz bir, kitabımız bir, imanımız birdirsə, fərqli nə isə ola bilər? Sonralar rastlaşdığım mübahisəli və eyni zamanda maraqlı məsələlərdən biri məhz “Yasin” surəsinin ilk ayəsinin oxunuşu zamanı yaranan məqam idi. Düşünürəm ki, onun ən yaxşı izahını Türküyə telekanallarının birində çıxış edən ilahiyyatçıdan eşitmişəm. Alim bildirdi ki, Həzrəti Peyğəmbərin adı çəkiləndə “səlləllahu əleyhi və alihi və səlləm” söylədiyimiz kimi, “Yasin” kəlməsini də deyəndə və ya onu eşidəndə “səlləllahu əleyhi və alihi və səlləm” duasını oxumalıyıq. Çünki “Yasin” Peyğəmbərin ləqəblərindən, ayamalarından biridir. İzah məni qane etsə də, bu suala ən dolğun cavabı verən yazılı mənbə ilə çox-çox sonralar rastlaşdım. Necə düşünürsünüz? Bu, hansı kitabdır? Beləliklə, bir çox qaranlıq mətləblərin üzərinə işıq salan “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki məlumata nəzər salaq: “Müqəddəs “Qurani-Kərim”in 36-cı surəsinin adı “Yasin”dir. 83 ayədən ibarət olan bu surəyə “Quran”ın qəlbi də deyilir. “Yasin” sözünün dəqiq mənası bəlli deyil. Bəzi təfsirçilər onun sadəcə ərəb dilindəki “ya” və “sin” hərflərindən ibarət olduğunu deyir, digərləri həmin surədəki “ya” və “sin” hərflərinin sayında müəyyən qanunauyğunluq axtarır, başqaları “ey insan” anlamı verdiyini ehtimal edirlər. Bir təfsirə görə, “Yasin” adı altında Muhəmməd Peyğəmbər nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, “Yasin” surəsinin 2–4-cü ayələrinin məzmunu da faktiki olaraq sonuncu fikri təsdiq edir.” Bu cümlələri oxuduqdan sonra müxtəlif sahələri əhatə edən belə zəngin bir ensiklopedik kitabın daim yazı masamın üstündə, əlimin altında olmasını istədim. “Google” axtarış sisteminin köməyi ilə kiçik bir araşdırma apardıqdan sonra öyrəndim ki, şəhərimizin əsas kitab dükanlarında (“Libraff”, “Azərkitab”, “Kitabevim.az”, “Baku book enter”, “Akademkitab”, “Akademiya kitab mərkəzi”, “Book zone”, “Kitabıstan” və s.) “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsəri vardır. Mənə ən yaxın olan mağazanı seçdim və bu kitabdan iki ədəd aldım. Birini özümə, birini isə ad gününü təbrik edəcəyim dostuma. Əsl dosta layiq hədiyyədir bu kitab. Xüsusi kitabdır.
QISA ARAYIŞ. Araz Şəhrili (Abbasov) 1974–cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Əslən Zəngilan rayonunun Xurama kəndindəndir. Atası Əməkdar jurnalist, tanınmış ziyalı Ələkbər Şəhrilidir. Araz müəllim hazırda pedoqoji fəaliyyətlə və paralel olaraq yaradıcılıqla – araşdırmalarla məşğuldur. Dövri mətbuatda, ölkəmizin elmi-mədəni, ictimai-siyasi həyatında müəyyən bir fikrin formalaşmasında əhəmiyyətli rol oynayan müxtəlif kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edir. “Monqol yürüşlərinin əsl səbəbləri və Mövlanə Cəlaləddin Ruminin sirri”, “Qacarlar sülaləsinin süqutu hansı ölkənin xüsusi xidmət orqanının işi idi”, “Geosiyasət: ziddiyyətlər və xəyanətlər (vikinqlərin Azərbaycan üzərinə yürüşlərinin əsl səbəbləri)”, “Gürcüstan və Hindistan: düşündürücü faktlar”, “Nadir şah Əfşarın nəvələrinin izi ilə”, “Şeyx Heydərin son döyüşü”, “Şah İsmayılı göytürklərin xaqan nəsli və Çingiz xanla nələr birləşdirir”, “Makedoniyalı İsgəndər və Nadir şah Əfşar: tale oxşarlıqları”, “Qərblə Şərqin müqayisəsi və ya bugünkü problemlərin tarixi kökləri”, “Ermənilərin əsl vətəni haradır: Hindistan, yoxsa Efiopiya”, “Tarix təkrarlanır”, “Babil qülləsi: dillərin hamısının kökü eynidir”, “Babil qülləsi: Çingiz xan və seyidlər”, “Babil qülləsi: Çingiz xan hansı dildə danışırdı”, “Babil qülləsi: təkrarlanan şəxs adları”, “Novruz sirləri: Novruz sözünün əsl mənası”, “Novruz sirləri: qədim romalılar Novruz bayramından niyə imtina etdilər”, “Amerika hindularının mənşəyi: türk izi barəsində düşüncələr”, «Кем был Будда, спустя века обретший бессмертие» və onlarla digər maraqlı elmi məqalənin müəllifidir. “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərinə görə Araz Şəhrili “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşri münasibətilə təqdim olunan “Ziyadar” Mükafatına layiq görülmüşdür.
Kitabdan çoxlu misal gətirib yazını uzatmaq istəmirəm. Bu işi sizin özünüzə həvalə edirəm. Kitabla tanışlığıma vəsilə olmuş, yuxarıda qeyd etdiyim misalla kifayətlənirəm. Siz sadəcə internetin müxtəlif axtarış sistemlərində, məsələn “Google”də Araz Şəhrili və ya “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” yazıb axtarışa verin. Əmin olun ki, nəticədən məmnun qalacaqsınız.
Sonda bir daha onu qeyd etmək istəyirəm ki, bu kitabı hər dəfə açanda Bəhmənyara, bağlayanda isə Mahmud Kaşğariyə rəhmət oxuyuram.
Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…”adlı 352 səhifəlik kitabı bir neçə cilddən ibarət qalın-qalın ensiklopediyaları əvəz etmək iqtidarında olan, geniş oxucu kütləsi üçün nəzərdə tutulsa da, müxtəlif elm sahələrinin mütəxəssisləri, tələbələr, aspirantlar, doktorantlar, araşdırmaçı yazarlar tərəfindən istifadə edilə biləcək sözün əsl mənasında etibarlı və mötəbər mənbədir.
Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabı müasirimiz tərəfindən dövrümüzdə yazılmış və Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk”ünə bərabər olan bir əsərdir.
Əziz dostlar, əminəm ki, necə mən yuxarıda adlarını qeyd etdiyim şəxsləri rəhmətlə anıram, eyni ilə siz də Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabından hər dəfə maraqlı və qiymətli bir məlumat öyrənəndə məni xatırlayacaqsınız.
Araz Şəhrili necə xoşbəxt müəllifdir ki, bu qədər xeyirli işlərə vəsilə olur.
Öz adımdan və digər çoxsaylı oxucular adından Araz müəllimə təşəkkürlərimizi bildirir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Uğurlarınız bol olsun, Araz müəllim!
10.04.2021 – Bakı.
Müəllif: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
MƏQALƏ DİGƏR MƏNBƏLƏRDƏ:
BELƏ BİR KİTAB VAR – ARAZ ŞƏHRİLİNİN KİTABI
Belə bir kitab var – Araz Şəhrilinin kitabi
Belə bir kitab var–ARAZ ŞƏHRİLİNİN KİTABI…
kultur.az , islam.az , fedai.az ,
www.mustaqil.az , realistadil.blogspot.com

APREL ŞƏHİDİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN EV MUZEYİNİN AÇILIŞI OLUB – TƏDBİRDƏN FOTOLAR:








ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN. AMİN.
Təqdim etdi: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

“DAĞLAR” SEVDASI
və ya
BİZ HƏLƏ YAŞAMALIYIQ
İYİRMİNCİ YAZI
Salam olsun, çox dəyərli oxucum. Dədə Ələsgərin anadan olmasının 200 illik yubiley tədbirləri çərçivəsində nəşr olunacaq “DAĞLAR” adlı poeziya antologiyası şəklində nəzərdə tutulmuş almanaxın giriş məqalələrindən biri kimi, baş redaktor sözü olaraq qələmə aldığım bu yazı eyni zamanda “Yaradanla baş-başa” adlı kitabıma daxil olan iyirminci yazıdır. Bir daha hamınızı salamlayır və dağların cəzbində yaranmış sirli-sehrli söz dünyasına səyahətə dəvət edirəm.
Mənim böyüyüb, boya – başa çatdığım coğrafi ərazi olduqca mülayim iqlimə malik, dağətəyi (Ağdam rayonu, Yusifcanlı kəndi) bölgə olub. Dünyaya gözümü açandan Günəşin düzənlikdən (Qarqar çayının aşağı axınında, yulğunluqlara qarışıb, qamışlıqlarda itdiyi yerdə, Ağ göl ərazisində) al-qırmızı doğub, haramı çöllərinin üzərindən qövs çızaraq keçməklə ilin fəsillərinə görə gah Kirsin, gah Qırxqızın, gah da Murovun arxasında yenə al-qırmızı rəngə boyanıb, batmasını seyr etməklə keçib… Hava çox təmiz və açıq olanda Murovdan sonra daim başı qarlı şiş zirvə görsənirdi. Bu dağa Ağrı dağı deyirdilər… Kənd ağsaqqallarının dilində Ağrı dağı ilə bağlı belə bir deyim var idi: – “qar Ağrıya düşdüsə, üçcə günə burdadı…” Lap körpəlikdən dağları Günəşin, Ayın evi bilmişəm… Dünyaya sahiblik – ağalıq edən qüdrətli Günəşin, o, olmayanda onu əvəz edən sirli Ayın evi… İndi Siz dağların əzəmətini təsəvvür edin, bir uşaq düşüncəsində… Dağlar Gecənin gizləndiyi, Gündüzün dincəldiyi müqəddəs bir məkan olub mənim üçün… Dağların yaddaşımda belə dərin iz qoymasının ilk əsas səbəblərindən biri, bəlkə də birincisi – kənd uşaqları bunu yaxşı bilər – qoyun-quzunu axşamüstü örüşdən gətirmək üçün hər axşam Günəşin batmasını gözlədiyimdən gözlərimin sürəkli dağlarda olmasının və mütəmadi olaraq hər gün eyni mənzərənin təkrar olunmasının da rolu az olmayıb. Əlbəttə, o vaxtlar uzaqda olan dağlar sirli bir qala kimi görsənirdi və uşaqlarla həmişə mübahisə edərdik ora neçə günə gedib çıxmaq olar… Sonra tale elə gətirdi ki, bu sirli –sehrli dağlara sirdaş oldum… Hərbi xidmətimin çox hissəsini 2500 metrdən yüksək olan dağlarda keçirdim və anladım ki, dağlara uzaqdan, aşağıdan yuxarı baxmaq nə qədər sirli görünürdüsə, indi bu əzəmətli qalaların qoynunda olub, düzlərə yuxarıdan aşağı baxmaq o qədər, bəlkə də ondan min qat dah artıq, zövqverici, eyni zamanda ibrətamizdir… Xüsusi ilə hərdən olur ki, sən zirvədə olanda düzlərlə, yəni aşağıdakılarla sənin arana dümağ lopa-lopa buludlar girir və sən qalırsan buludların üzərində… Aşağıdakılar buludlara aşağıdan yuxarı baxıb orda Göyün – dünyanın bitiyini sandıqları halda sən o buludların üzərində olub, kaş dünya elə bu buludlarda bitəydi, hal-hazırda onun məndən gizlədiyi, buludların altında qalan bütün günü boş-boş şeylər üstündə didişən, söyüşən, bir-birinin ətini yeyib, qanını içən insanların varlığından heç xəbərim olmayaydı… Dünya elə bu buludlardan yuxarıdakılardan ibarət olaydı – deyə düşünürsən… Olduğum ən hündür zirvə Qapıcıqdır. Bundan əlavə Murovun, Baba dağın ətəklərində, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxının və digər adını qeyd etmədiyim bölgələrin istər boz, istər yaşıl dağlarında yayda da, qışda da çox olmuşam… Batabatda, Cıdırdüzündə olmuşam… Onu qeyd edim ki, sakit havalı (çovğunsuz) qarlı dağlar heç də yazdakı güllü-çiçəkli dağlardan az cəlbedici olmur, şəxsən mənim üçün daha gözəldir… Bunu söz xatirinə deyil, bir neçə mövsüm ard-arda Batabat yaylağında yaz-yay, payız-qış keşirmiş təcrübəli səyyah kimi qeyd edirəm. Tək Batabat deyil, Salvartısı, Dağdağanı, Əyriqarı, Sisqatarı, Küküdağı (Qogi), Ciciyurdu, Qanlı gölü, Göy gölü və digərləri hamısı bir-birindən səfalı olur, yayda da, qışda da… Mətləbdən uzaqlaşmayaq, bunlar hələ çox sonralar olacaq hadisələr idi və əlbəttə ki, mən də bunlardan xəbərsiz… 1987-ci ilin yayında yenə ailəvi olaraq Qalaya- Şuşaya getmişdik. İsabulağında, Cıdırdüzündə olduq… Bu bizim Cıdırdüzü ilə son görüşümüz oldu və bir daha dərədə gurhagurla, şırhaşırla, qıjhaqıjla axan Qarqara yuxarıdan aşağı, amiranə, könül fərahlığı ilə baxa bilmədik… (Deyirəm, tək Cıdırdüzü deyil, sonralar bunu digər dağlarda da hiss etmişəm. Təmiz dağ havasını sinəyə çəkdikdə qəlbi qəribə fərahlıq hissi, ruhu coşğunluq çuğlayır… Bu hissi dağ olmayan yalnız bircə ərazidə hiss etmişəm Azərbaycanın Rusiya ilə sərhəddində Xaçmazın sonuncu kəndi var, Xanoba – Zeyxuroba. Bir tərəfi meşə, bir tərəfi dəniz çox gözəl havası var, lap dağ havası kimi…) Olsa – olsa bir neçə dəfə körpüdən baxıb, sonra da çevrilib çiynimiz üstündən gözdən itənə qədər arxamızca boylanıb baxa bildik vəssalam… (…və bir də indi təzə-təzə peykdən baxıb, köks ötürmək öyrənmişik…) Bu səfərdən sonra sentyabrda dərs açılanda “Dağlar” –a aid şeir axtarmağa başladım. Əlbəttə, o vaxtlar indiki kimi hər şeyə maraqlı şagirdlərin sevimli dostu olan, nə lazım olsa bir anın içində tapıb ovcunun içinə qoyan (uşaq və gənclər bu nemətin dəyərini anlamalı və bacardıqca çox faydalanmalıdırlar…) “Google” kimi dostumuz olmadığına görə bu proses bir qədər çəkdi və nəhayət doqquzuncu siniflərin birindən onların gündəlik işlətmədikləri bir kitab – “ IX sinif Ədəbiyyat Müntəxəbatı ” kitabı tapdım. Bu kitabın Aşıq Ələsgərə aid bölümündə ayrı-ayrı parçalar şəklində müxtəlif nümunələr var idi:
Bahar fəsli yaz ayları gələndə
Süsənli sünbüllü lalalı dağlar
Yoxsulu ərbabı şahı gədanı
Tutmaz bir-birindən “aralı” dağlar
* * *
Həsənnənə, Həsənbaba qoşadı,
“Xaç” bulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!
Bu iki bəndi elə ilk oxunuşda əzbərlədim desəm, yalan olmaz. Sonralar Ədəbiyyat müəllim Həsən müəllimdən (Allah rəhmət eləsin) bu “aralı”-nın əslində alalı – fərqli , “Xaç” bulaq – ın isə Xoş bulaq olduğunu öyrəndim… Və o gündən bu günə sanki, namaz sözləri kimi gün ərzində – hər gün özümdən asılı olmayaraq dəfələrlə təkrar edirəm… Əgər, bu sətirləri nə vaxtsa məni yaxından tanıyan, yol yoldaşı, otaq yoldaşı olmuş şəxslrdən kimsə oxusa bunu əminliklə təsdiq edəcəklər. Bununla bağlı kiçik bir haşiyəyə çıxmaq istəyirəm:
HAŞİYƏ
Hərbi xidmətdə olanların “kazarma” – əsgər yataqxanası -haqqında yəqin ki, təsəvvürləri var. Olmayanlar üçün qeyd edim ki, 100- 200 nəfərin birlikdə yaşadığı, hərənin öz çarpayısı (ehtiyac olduqda iki mərtəbəli də olur), dolabı, kətili olan, ayrı-ayrı hissələrdən ibarət, hər iki başında tualet (ayaqyolu və yuyunmaq üçün yer) və digər yardımçı otaqlar nəzərdə tutulmuş böyük bir ev. Ev və sözün əsl mənasında ev. Öz evlərində doğmaca ailə üzvləri ilə yola getməyənlər bu evdə elə yaxşı yola gedirlər ki… İndi deyəcəksiz bütün bunların məsələyə nə dəxli… Əlbəttə, dəxli var. Bu hal digər xidmət yerlərində də olub. Ancaq, BABKM –da oxuduğum vaxt uzun müddət olduğu üçün bu “kazarma”-nı misal çəkmək istədim. Deməli, düz dörd il boyunca sərasər hər gün səhər idmanından sonra (yay, qış fərq etmir) “kazarma”-nın o başından yuyunub, qurulana-qurulana öz çarpayımın yanına gələnədək – o başdan, bu başa –
“Bahar fəsli yaz ayları gələndə
Süsənli sünbüllü lalalı dağlar
Yoxsulu ərbabı şahı gədanı
Tutmaz bir-birindən “aralı” dağlar”
bu bəndi o qədər demişdim ki, artıq mən :
“Bahar fəsli yaz ayları gələndə…” – deyən kimi, bir-iki nəfər, – “…şair yenə başladı…”- deyənləri çıxmaq şərti ilə “kazarma”-da olub öz işləri ilə məşğul olan (üzün qırxan, yaxalıq tikən, daranan) uşaqların böyük əksəriyyəti bir ağızdan: “Süsənli sünbüllü lalalı dağlar” – deyə səsimə səs verirdilər…
Bu vərdişim günü bu gün də dəyişməyib, elə bil əlimə su dəyəndə, dağlar, buz bulaqlar yadıma düşür və sövq-təbii Dədə Ələsgəri, “Dağlar” – ı xatırlayıram və qeyri-ixtiyarı “Bahar fəsli yaz ayları gələndə…” qopur dilimdən… Onu qeyd edim ki, Tuncay bu layihədə fəal iştirak etsə də, “…şair yenə başladı…”- deyənlərdəndir… Baxmayaraq ki, o da “İbtidada Əlif Allah”- ı tam əzbər bilir və tez-tez deməyi xoşlayır. Uşaqlıqdan sadəcə Günəşin, Ayın, Gecənin, Gündüzün evi bildiyim Dağların böyüdükcə daha geniş anlam kəsb etdiyini anlamağa başladım. Azərbaycanı qarış-qarış gəzdikcə, dünya haqqında məlumatım artdıqca ölkəmizdə də, dünyanın digər yerlərində də insanların olduqca müxtəlif səbəblərdən, müxtəlif dağları müqəddəs bilib, ziyarətə getdiklərini, qurbanlar kəsdiklərini öyrəndim… Bir vaxtlar qeyri-ixtiyarı, sadəcə nəyə görəsə xoşuma gəldiyi, bir doğmalıq, istilik hiss etdiyim üçün, bəlkə də başqa bir səbəbdən əzbərlədiyim misralar, sonralar oxuduğum və bu gün də yenilərini oxumaqda davam etdiyim dağlar haqqında nümunələr, daim fikrimi məşğul edir. Almanaxla tanış olduqca burada toplanmış fərqli zamanlarda, müxtəlif statuslu, müxtəlif yaş qruplarına aid, müxtəlif nəsillərin nümayəndələri tərəfindən dağlara xitabən qələmə alınmış nümunələri oxuduqca Siz də bu barədə düşünə bilərsiz… “Dağlar” bizi bir məfhum kimi cəlb edir, yoxsa əksəriyyərin şüuraltı bilincində Tanrının Göydə olması anlayışı yer tutduğundan, dağların da Göyə, Tanrıya daha yaxın olması səbəbi ilə onu qutlaşdırır, Yer üzərində Tanrının təcəllisi səviyyəsinə qədər yüksəldib, tapınağa çevirirk. Yaxud da, gözəgörünməzlik, zatda varolma anlayışlarını qəbul edib, etməməsindən asılı olmayaraq, insan yardım istəmək, şikayət etmək, tərifləmək istədiyi yaradanı, güc-qüdrət sahibini görmək istəyir və Yer üzündə görüb, tanıdıqlarından yalnız dağı, dağları bu mərtəbəyə layib bilib onunla eyniləşdirir. Öz yaradanının daim gözünün önündə- məchul deyi, əlçatan olmasını arzu edir və bu istəyin gücü ilə Tanrını dağların timsalında bir məbud kimi görərək onun varlığın “Dağlar” obrazında reallaşdırır. Bu xüsusda yenə Dədə Ələsgərdən bir misal gətirmək istəyirəm:
“Yoxsulu ərbabı şahı gədanı
Tutmaz bir-birindən alalı dağlar”
Misaldan göründüyü kimi, bəşər övladına bu günə qədər məlum olan bütün məlumat qaynaqlarının hamısı nəzərə alınmaqla, yalnız və yalnız Böyük Allaha məxsus olan, onun “Adil” adının hökmlərindən irəli gələn, “ədalətlilik” ,“bərabərlik” prinsiplərini, yəni qarşısındakıları, yaratdıqlarını, bütün mövcudatı bərabər görmək, onları bir-birindən fərqləndirməmək sifətini əsl Haqq Aşığı, xalqımızın mütəfəkkir oğlu “Dağlar” obrazının üzərinə proyeksiya edir. Məhz bu xüsusiyyətinə görə Dədə Ələsgərin yaratdığı “Dağlar” obrazı yeganədir və özündən əvvəlkilərdən və sonrakılardan seçilir. Dahi söz ustadının yaratdığı “Dağlar” Adil Allah kimi heç kimi, heç bir xüsusiyyətinə görə bir-birindən fərqləndimir, ayrıseçkilik etmir… Bu minvalla almanaxda da yer almış, bizə məlum olan Miskin Abdala məxsus “Dağlar” adlı ilk nümunədən üzü bəri bu gün də yazılan nümunələrdə kefimiz kök olanda dağları vəsf edir, şəninə təriflər yağdırır, ələmə qurşananda isə, özümüz özümüzdən dağlara şikayət edir, dərd-sərimizə onlardan mədət umuruq… Bunu da qeyd etməsəm olmaz… Son vaxtlar nədənsə, dilimdən daha çox:
Həsənnənə, Həsənbaba qoşadı,
“Xaç” bulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!
bu bənd qopur və Dədə Ələsgərin dilindən, özüm üçün dəfələrlə, dönə-dönə, təkrar edirəm:
“Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!”
Otuz ildən artıq bir müddətə yuxarıda qeyd etdiyim kimi, gün ərzində dəfələrlə səbəbini bilmədən, qeyri-ixtiyari təkrarladığım misraları indi, Dədə Ələsgərin nələr hiss etdiyini, nələr çəkdiyini bir köynək daha yaxından anlayaraq, xüsusi ilə təklikdə qalanda dönə-dönə, düşünə-düşünə təkrar edirəm:
“Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!”
Ancaq, neyləmək olar… Ölmək də olmur… Bu dünyanı yaşamaq, çözmək məcburiyyətindəyik… Bu fikir məni o qədər məşğul edir ki, yenə dağlar qoynunda – Şamıxıda – olduğum vaxtlarda ölüm haqqında belə kiçik, ancaq, ölümün tam tərifi kimi alınmış bir şeir yazmışam:
ÖLÜM NƏDİR?
Ölüm, ən şirin nemət,
Ən sonuncu diləkdir….
Ölüm, sonuncu fürsət,
Ümidsizə ümiddir….
07.01.2014. Şamaxı.
Çalışın ölümdən uzaq olun, həyatdan zövq almağa çalışın… Nə olur, olsun yaşamaq gözəldir… Heç bir səbəb onu bilərəkdən sonlandırmağa əsas ola bilməz. Sənin çıxılmaz zənn etdiyin bütün vəziyyətlərin çıxış qapısı var ki, əslində bu yer həyatını yaxşıya döğru dəyişəcəkb bir dönüş nöqtəsidir…
Odur ki, mən də şalışıram tək qalmayım:
“Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!”
deməyim.
Tuncay mənə nə qədər “…şair yenə başladı…”- desə də, mən elə: “Bahar fəsli yaz ayları gələndə…”- deməyə davam edim… Allah sənə qəni-qəni rəhmət eləsin, Dədə Ələsgər… Ruhun şad olsun…
Qeyd:
Hal-hazırda mən bu sətirləri yazarkən xəbər yayıldı ki, Dədə Ələsgərin nəvəsi – Ələsgər Ələsgərov vəfat edib. Bu münasibətlə mərhumun yaxınlarına dərin hüzünlə baş sağlığı verir, uca Yaradandan səbr diləyirik. Allah rəhmət eləsin. Ruhu şad olsun…
17.04.2019. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında İYİRMİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda “Zaur Ustac dağlar haqqında”, “Ədalət”,07.09.2019, say: 146 (5610), s.14. “Zaur Ustac dağlar haqqında”, “Təzadlar”,10.09.2019, say: 42 (2227),s,14, dərc olunub.
Müəllif: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

ÖMRÜMDƏ ƏBƏDİYAŞAR ARİF
Ömrümdə bir Arif var olub: mənim üçün süd qardaşım, həyat yoldaşım üçün öz böyük övladı dərəcəsində qəbul olunmuş kiçik qayın, Sevdamın “snikers” əmisi, Babəkimin hər uğuruna öz qələbəsi qədərində qürurlanan əmisi.
Atamla anam onu (həmçinin digər üç qardaşını da) öz övladı qismində böyüdüblər. 1960-cı ilin yayında (həmin il məndən bir neçə ay böyük xalam öğlu Yasəf birinci sinifə gedəsiydi) təzəyin içində evə gətirilən və körpələrini çimizdirmək üçün yandırılan odun peçində partlayan bombadan xalamın qılçası qırıldı. Allahın möcüzəsinə bax, onda Arif xalamın qucağında olub. Arifin başı qoyulan diz bombanın zərbindən qırıldı, xalamın (anamdan kiçik bacının) qılçası müalicə məqsədi ilə səkkiz ay mildə qaldı. Atam baldızını da, onun uşaqlarını da yığışdırıb Pirsaat kəndindən Hacıqabula gətirdi, həyətinin sağ tərəfində palçıqdan kəsilmiş kərpicdən beş kubik daş üzərində birotaqlı ev tikib baldızının ailəsini ora yığdı.
Anam Qızxanımın sözlərindən yaddaşımda qalan budur ki, xalam xəstəxanada qılçasından müalicədə olduğu 8 ay ərzində ana südündən ötəri özünü yeyib-tökən çağanın (Arifin) ağlamağının qabağını almaq üçün anam döşünü uşağa verirmiş. Təsəvvür edirsinizmi? Beş ildir sinəsi süd görməyən qadının döşlərinə süd gəlmişdi (məndən kişik qardaşım Rəfayıl 10 sentyabr 1954-cü il təvəllüdlüdür, Arif isə 1959-cu ilin 10 noyabrında doğulub). Bu üzdən mən həmişə Arifi “süd qardaşımdı” deyib təqdim etmişəm, o isə mənə “Ayad” deyə müraciət edib. Məqamı ikən qeyd edim ki, mənim üçün qədərsiz əziz olan bu müraciət mənə üç nəfər tərəfindən ünvanlanıb: anam, ömür-gün yoldaşım və Arif tərəfindən.
Tez-tez deyərdi, “sən mənə “süd qardaşımsan” deyirsən, mənsə səni həmişə öz idealım bilmişəm, Ayad. “Addımlarını” mənimsədim, həyata baxışlarını mənimsədim. Hamının idealı arzularında olur, hamı öz idealını kitablarda axtarır, mənimsə idealım canlıdı, həyatdadı, gözlərimin önündədi. Başım az çəkməyib. Həmişə də hamıdan öncə, özümdən böyük üç qardaşımdan da, bir dayımdan da qabaq yanımda səni gördüm. Hər hansı problemlə üzləşəndə özüm-özümdən soruşuram: “görən bu məqamda Ayad neyləyərdi”. Və gəldiyim qənaətə uyğun addım atıram. Həm də artıq sənə gənəşmədən. Çünki düşünürəm ki, əgər sən belə edərdinsə, deməli, yanlış addım atmış olmaram.
…Haqqımda söhbət gedən istənilən ünvanda deyirmiş ki, tanıyanlardan kimsə qələt edib deməsin ki Ayad kiməsə heç olmazsa bircə dəfə də olsa yardımçı olmayıb.
Anası Lalaxanım bir dəfə atama müraciətlə demişdi: – Dadaş, onsuz da Arifi Siz saxlayırsınız, birdəfəlik rəsmiləşdirib keçirin öz ayağınıza, Sizin də üç oğlunuz olsun, mənim də.
Mənə ilk dəfə “baba” deyib müraciət edən də Arifin övladları olub. Qapını açıb otağa daxil olanda, hələ bircə kəlmə danışıq bilməyən Yanar mənə baxıb-baxıb və qəflətən, kimsənin gözləmədiyi məqamda, “baba” deyib qucağıma çırpınıb.
Sonra Yanarə dünyaya gəldi. O da elə.
Bu gün də belədir.
…Kiminlə ailə qurmasının da səbəbkarı həyat yoldaşımla mən olmuşuq.
Bu da Allahın işidi. Təsadüfən atam da kənddə (Şamaxının Kürdəmic kəndində) idi. Yoldaşım mənimlə xısınlaşdı: “Yaxşı fürsətdi, atan da burdadı. Mən nənəni (bacım Çimnazın qayınanasını nəzərdə tuturdu. Çox hökmlü qadın idi rəhmətlik. Onun “hə” dediyi sözün qabağında kimsə dayana bilməzdi) razı salım, sən get qızın atasını bir dilnən gətir evə, xala qızı ilə xala oğlunun izdivacını həll edək…”.
…Nənənin xeyir-duası qabağında kimsə dayana bilmədi.
Həmin axşam Ariflə Zeynəbin “şirnisi” içildi…
***
Göz açıb böyüyə-böyüyə məndən bunları görmüşdü:
– Dərsdən yayınmışdı, Novruzqabağı yumurta döyüşdürənlərin “tamaşasından” ayırıb məktəbə aparıb müəllimindən onu cəzalandırmasını tələb etmişdim;
– Sahə müvəkkilinin onu cana doydurmasından xəbər tutub sahə müvəkkilindən yaxasını qurtarmışdım;
– 1990-cı ilin hadisələri də həmçinin. Hər ikimiz xalq hərəkatının içində idik. Meydan hərəkatı, xalqın kükrəyən dalğası… Onda Bakının Əhmədli rayonunda, V.İ.Lenin adına toxuculuq kombinatının yaxınlığındakı qəbiristana bitişik gecəqondulardan aldığım evdə yaşayırdım. Arif də məhəllənin ayağındakı həyət evlərindən birində kirayədə olurdu. Hər səhər həyət darvazasını açıb “sabahınız xeyir” söyləyib işə yollanar, işdən qayıdanda “axşamınız xeyir” söyləyib evinə dönərdi. Xalq hərəkatının dalğalandığı həmin axşamların birində işdən qayıdanda mənim adətən Meydan hərəkatına yollandığım günlərdə geyindiyim cins şalvarı və kürkü əynimdə görüb soruşdu:
– “Hara belə?
– “Ruporla elan verdilər ki, Əzizbəyov (indi “Koroğlu”) metro stansiyasının yanına yığışmaq lazımdı. Deyəsən, nə isə qarışıqlıq olacaq. Qalmaq olmaz”.
– “Bir az ləngi, mən də paltarımı dəyişib gəlirəm”.
Az keçməmiş Arif içəri daxil oldu, onun da ardınca qarabasma xalam Lalaxanım (anası).
– “Özü atasız böyüdü, hara aparırsan bunu. Gedib bu da öləcək, balalarını yetim qoyacaq”.
Nə illah etdim, Arif məndən ayrılmadı: “Sən gedirsənsə, mən də gedirəm” deyib, “nırx”, inadından dönmədi. Xalamın hayqıran göz yaşları, Arifin ayağını geri götürməməsi… Qalmağa məcbur oldum. Həmin geçə – 1990-ci il yanvarın 19-dan 20-nə keçən geçə Bakıda qan töküldü…

…Sonuncu şəhidin 40-ı çıxana qədər mənimlə Arif də “QIRX” saxladıq, düz 52 gün (o günlərin xatirəsi olan foto bu gün də qorunur).
İndi ağrınıram ki, Birinci Qarabağ müharibəsinin odları-alovları içərisindən onu iki dəfə qoruyub qaçıra bildim (Tərtər döyüşlərinin iştirakçısı olub), sakit həyatda dadına yetişə bilmədim.
Yaddaşımda ağrı ilə yaşanacaq
2021-ci ilin Novruz axşamı idi, mənə evə telefon açdı. Həmişə belə etməzdi. Ailəsini də götürüb gələrdi. Bu dəfə telefon etdi: – Nə var, necəsən? Kim gəlib sizinlə bayramlaşmağa?
– Kim olacaq?! Bir Rəfayıldı (Rəfayıl məndən kiçik qardaşımdı), xəstədi, çox yeriyə, ayaq üstdə çox dura bilmir. Bir Babəklə Sevdamdı (oğlumla qızım), bir də sən. Sizlərdən başqa kimim var ki… Hamı da öz evində, ailəsinin üstündə.
Telefon dəstəyinin o başındakı səs dondu. Özümün də hiss etmədən “vurduğum sillə” bərk dəymişdi. Gərginliyi sındırmaq üçün sükutu mən pozdum: “Uşaqların bayramını təbrik elərsən. Bayramın mübarək!” Və dəstəyi asdım.
…Axır vaxtlar dalğın dolandığından şübhəli idim. Elə bil həyat gözündə sönmüşdü, gərəksizləşmişdi. Hamıdan qaçırdı elə bil. Bir yandan da mənim özümü cilovlaya bilməyib incikliyimi ifadə edən küskün cavabım.
Mart ayının sonlarındakı başqa bir telefon danışığımızda, ailədə hansı isə narahatlığın dolaşdığından xoflanmışdım (ailə böyüdükcə, həlliqaçılmaz problemlər də çoxalır). Oğul nəvəsi – 20 gün yaşayıb elə xəstəxanadaca dünyasını dəyişən, hələ yaş kağızı (doğum haqqında şəhadətnamə) yazılmağa macal tapılmamış Damla (21.09.2021-10.10.2021) tələf olandan sonra ailədə nə isə dolaşıqlıq yarandığı hiss olunurdu. Elə deyirdim bu gün-sabah gedib maraqlanaram, günü-günə sata-sata qaldım, “macal” edə bilmədim.
Sonda Arif özü bizləri tərk edib getdi. Dalğınlığının mənə qaranlıq ünvanını da özü ilə apardı. Kimsəyə bildirmədən, kimsəyə bircə kəlmə aydınlatmadan.
Ömründə bircə dəfə həkim “üzü görməyən”, “xəstələndim” kəlməsini dilinə gətirməyən Arifin xəstəxanaya düşməsi də qəfil olub. Novruz axşamı telefon danışığımızdan sonra, aprel ayının 1-də gəlini telefon açdı: – Baba, ata iki gündü operasiya olunub, Mərkəzi Klinikadadı. Hələ reanimasiyadadı, yanına kimsəni buraxmırlar.
Həkiminin telefonunu əldə edib, görüş üçün icazə aldım. Yanında bir-iki dəqiqə olmaq imkanı verimişdi, reanimasiyadı axı.
Dincəlirdi. Səsimi eşidəndə gözlərini açdı. Səhhətinin yaxşı olduğunu, ya sabah, ya da biri gün palataya dəyişiləcəyini, elə həmin gün də evə yazılacağını söylədi. Zarafatlaşdıq da: “Eşitmişəm, şıltaqlıq edirsən, buranın yeməyini bəyənmirsən. Mənə söz verirsənmi ki, yemək yeyəcəksən”. Gülümsündü. Baxışları ilə “hə” cavabını verdi. Tibb bacısı vaxtın daraldığını mənə xatırladanda, sağollaşıb palatanı tərk etdim.
***
Bu gün bu iki “görüş” mənim üçün təsəlli ünvanıdı: 1 – Arifin Novruz axşamı mənə telefon açması, 2 – Mərkəzi klinikada olan vida görüşümüz (nə yaxşı ki, bu telefon zəngi ilə xəstəxanadakı görüşümüz baş tutan olub).
***
Sabah Arifsiz yaşadığımızın 7-ci günüdür. Uşaqların anası dedi ki, Babək (oğlum) Arifin cümə axşamlarından birini öz öhdəsinə götürür. Xatirimə dəfn günü gəldi. Hamı qəbiristandan aralanmışdı. Ən birinci elə mənim özüm. Mərasimdə olanların mənim hansı halda olduğumu görməmələri üçün. Babək isə təkcənə məzar yerində qalmışdı. Ariflə nə pıçıldaşmışdı, nə danışməşdı, Allah bilr… Bizlərə qoşulanda rəngi üstündə deyildi.
***
Həmişə deyirdim ki, mənim həyatda üç itkim olub: bir – 1977-ci il təvəllüdlü, hələ döğum haqqında şəhadətnaməsi alınmamış dörd ayında ikən öz qollarım üstündə canını tapşırmış kiçik qızım Xanım (bu haqda ətraflı “Kişilər ağlamaz, ağlayanda da…” hekayəsində (“Məndən sonra…” kitabı, Bakı- Ulu- 2010)); 2 – atam İsgəndərov Ziyatxan Dədəqulu oğlu (1926 – 1998); 3 – anam Səmədova Qızxanım Sahab qızı (1919 – 2006).
Süd qardaşım Arif (Dəmirov Arif İmanbala oğlu) dördüncü sağalmaz yaram oldu həyatımda (10 noyabr 1959 – 3 aprel 2021).
…Ömrümdə daim yaşayacaq bir Arif ünvanı var: yorğun, ağrılı baxışları daim düşüncəli, sabaha inamlı ümiddə, oğlunun haçansa ona bəxş edəcəyi nəvə şirinliyini dadacağı günə təşnə.
…Arif bu sadaladıqlarımda, 70 yaşlı ömrümün çiskinli günlərilə birlikdə yaşayacaq.
Amma 2021-ci ilin 3 aprel günlərindən sonrakı ömür yolumu mən Arifsiz addımlayacağam.
Nə qədər, hansı boşluqda?..
8 aprel 2021-ci il.
Müəllif: Ayətxan Ziyad (İsgəndərov)
Azərbaycan Yazıçılar
və Jurnalistlər birliklərinin üzvü,
yazıçı-jurnalist, tədqiqatçı.
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Araz Şəhrili yazır:
İSTANBUL, YOXSA İSLAMBUL?
İstanbul şəhərinin adı Osmanlı mənbələrində İslambul formasında göstərilmişdir. 1730-cu ilə aid Osmanlı metal pulunun üzərində məhz bu ad həkk olunmuşdur. Övliya Çələbinin (1611-1682) məşhur əsərində də şəhərin adı İslambul formasında göstərilmişdir. Deyilənə görə, Sultan II Mehmet Fateh (1432-1481) Bizans imperiyasının (395-1453) paytaxtını yunan sılahlılarından azad etdildən sonra şəhərin əvvəlki Konstantinopol adını dəyişərək onu İslambul (yəni, İslam ol) adlandırmışdır. Qeyd etmək lazımdır ki, bugün də türk dillərinin əksəriyyətində “ol” sözü “bol” formasındadır. Digər ehtimala əsasən, Osmanlı imperiyasının (1299-1922) yeni paytaxtının adı “İslamın bol olduğu yer” kimi mənanı ifadə edirdi. Amma zənnimizcə, birinci variant daha həqiqətəuyğun görünür. Güman edilir ki, Sultan II Mehmet Fateh İslambul adını seçərkən həm onun Konstantinopol adına bənzədiyini nəzərə almış, həm də addəyişməyə simvolizm çaları vermişdir.
Lakin sonradan əsasən qərblilərin ola bilsin ki, məqsədli təsiri altında şəhərin adı İstanbul formasına salınmışdır.
Daha vacib və maraqlı, elmi şəkildə müxtəlif mötəbər mənbələrə istinad olunaraq əsaslandırılmış məlumatları Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” kitabından əldə etmək olar.
Müəllif: Araz ŞƏHRİLİ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.r

Təhsil sisteminin sürətli informasiyalaşdırılması prosesi təhsildə elektron dərsliklərin istifadəsinə həm geniş imkanlar açmış, həm də zərurət yaratmışdır. Elektron dərsliklər öyrənənlərə təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək, yeni bilik əldə etmək və öz imkanlarını qiymətləndirmək imkanı verir. Elektron dərslik həmçinin böyük həcmdə tədris və təlim materiallarını əhatə edərək yeni tədris metodlarının inkişafına təkan verməklə ənənəvi öyrənmə formalarını zənginləşdirir. Zaman keçdikcə cəmiyyətdə, ictimaiyyətdə olduğu kimi tədris sahəsində də zəruri keyfiyyət dəyişiklikləri baş verir. Yaşadığımız pandemiya səbəbindən həyatın bütün sahələrində olduğu kimi, təhsil sahəsində də fəaliyyətin yalnız texnologiyalardan istifadə sayəsində davam etdirilməsi zərurəti artıq yeni dünya formatına uyğunlaşmağı diktə edir. Hesab edirik ki, ali və orta məktəblər üçün hazırlanan dərsliklərin formatını da dəyişməyin vaxtı çatmışdır. Fikrimizcə, artıq ali məktəblərdə metodik, dərs vəsaitləri və dərsliklərin hazırlanmasında elektron və interaktiv formatlara da keçməyin vaxtıdır. Bu gün informasiya və rabitə texnologiyalarının istifadəsi sahəsində aparıcı istiqamətlərdən biri təlim fəaliyyətində kompüter texnologiyalarından effektiv istifadə edilməsidir. Bu fəaliyyətin həyata keçirilməsində əsas məsələ təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına imkan yaradan elektron dərs resurslarının yaradılması və mövcud mənbələrin modernləşdirilməsindən ibarətdir.
Hazırda həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmiş informasiya texnologiyaları bir çox elm sahələri kimi, biologiya elmində də böyük kəşflərə, nailiyyətlərə gətirib çıxarmışdır. Biologiyada gen mühəndisliyi sahəsində aparılan işlər informasiya texnologiyalarının günümüzdəki dəyərini qiymətləndirməyə imkan verir. Tədqiqatlar göstərir ki, təhsilin modernləşdirilməsinin əsas məqsədi ona yeni keyfiyyət qazandırıb yeni nəticələr almaqdır. İKT əsasında yeni təhsil mühitinin formalaşdırılması və biologiyanın tədrisində onun metodik əsasının aydınlaşdırılması yeni nəsil müəllimlərin hazırlanmasında peşəkarlığın atırılmasına hesablanmışdır. Elektron təhsil resurslarının didaktik imkanlarının analizi informasiya təlim mühitinin həyata keçirilməsi probleminin həllinə istiqamətlənmişdir. Elektron cihazların köməyi ilə istifadə olunan dərs materiallarına elektron dərs resursları deyilir. Elektron dərsliklərin üstünlükləri onların müxtəlif istifadə formatlarıdır – onlayn və ya offlayn rejimdə; kompüter, planşet, mobil telefon vasitəsilə dərsliklərin istifadə imkanının olması; əyani vəsaitlərin mövcudluğu – qrafika, animasiya, interaktiv fəaliyyət və digər multimedia xüsusiyyətləri; böyük həcmli məlumatların saxlanması; mətnlər üzərində qeydlərin aparılması mümkünlüyü; rahat istifadə – axtarış sisteminin mövcudluğu; mobillik – hər yerdə və hər zaman. Elektron dərsliklərin üstünlükləri onların müxtəlif istifadə formatlarıdır – onlayn və ya offlayn rejimdə; kompüter, planşet, mobil telefon vasitəsilə dərsliklərin istifadə imkanının olması; əyani vəsaitlərin mövcudluğu – qrafika, animasiya, interaktiv fəaliyyət və digər multimedia xüsusiyyətləri; böyük həcmli məlumatların saxlanması; mətnlər üzərində qeydlərin aparılması mümkünlüyü; rahat istifadə – axtarış sisteminin mövcudluğu; mobillik – hər yerdə və hər zaman. Elektron dərsliklər istifadəçilərin təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək üçün optimal şərait yaradır. Dünyada çoxdan təsdiqini tapmış onlayn və offlayn universitetlərin yaradılması, kadr potensialı ilə təmin olunması problemləri artıq qarşıda həllini gözləyən aktual problemlərə çevrilmişdir. 2014-cü ildə Cənubi Koreya universitetləri ilə tanışlığımız universitetlərdə gələcəyin kadrlarını yetişdirməkdə gecikməməyi öyrətdi. Bunun üçün müxtəlif beynəlxalq səviyyəli kurs və treyninqlərdə iştirak edilməsi perspektivləri dəyərləndirilməlidir.

Düşünürük ki, fənlər üzrə elektron kitabların hazırlanması eyni zamanda bir neçə kitabın bir arada istifadəsinə, anında istənilən məlumatın təkrar edilməsinə imkan yaradar. Xüsusilə, biologiya fənlərinin tədrisi və öyrənilməsi zamanı bu cür E-bookların istifadəsi yüksək səmərə verər. Artıq interaktiv, elektron dərs və metodik vəsaitlərin, dərsliklərin tərtibi zamanı bu faktorlar nəzərə alınmalıdır. Belə olduqda təbiətşünaslıqdan tutmuş, ümumi biologiyaya qədər elm sahəsini təşkil edən bu cür elektron kitablarda öyrənənlər istənilən bioloji fakt və hadisəni təkrar öyrənə, yaxud müqayisə edə bilmək imkanına malik olacaqdır. Yaxın gələcəkdə elektron kitabların tədris sahəsinə geniş şəkildə daxil olacağına inanırıq. Çünki, bütün bu imkanları tədris prosesinə qazandıran YTT (yeni təlim texnologiyaları) səmərəsini get-gedə artırmaqda və zərurətə çevirməkdədir. Ənənəvi kagız kitablarla elektron kitabları müqayisə etsək: «1.Elektron kitabda mətndə axtarış, böyük istinadlara keçid, qeyd və seçmə təsvir edilə bilər; 2.Bir qurğuda 1000-dən artıq kitab saxlanıla bilər; 3.Kiçik həcm və ölçüyə malik olduğu üçün daşınması asandır; 4.Şriftin formasını və ölçüsünü dəyişmək mümkündür; 5.Animasiyalı şəkillərə, multimediyalı təqdimatlara baxmağa imkan verir; 6.Elektron kitabın kağız kitabdan baha olmasına baxmayaraq, elektron mətn kağız mətndən xeyli ucuzdur; 7.Daxili proqramlar, nitq sintezatorları, mətni səsləndirməyə imkan verir və s. Elektron kitabların digər özəlliyi isə oxucunu dinləyiciyə cevirmək xüsusiyyətidir ki, bu da müxtəlif varianlarda öyrənənin işini yüngülləşdirməyə xidmət edir. Bu vasitə ilə XXI əsr insanını daha çox elmi və bədii ədəbiyyatların oxunmasına istiqamətləndirmək mümkündür. Həqiqətən də internetdən, elektron resurslardan istifadə edənlər üçün elektron kitablar daha cəlbedici hesab olunur.
Məlumdur ki, Elektron Təhsil Resursları (ETR) – tədris məzmunlu elektron formadır və onları səsləndirmək üçün müxtəlif elektron mexanizm və maşınlardan istifadə edilir. ETR-lər adi dərslikdən fərqlənir və interaktivliyi isə şagirdin müstəqil işləməsini təmin edir. ETR – mətn, tekstoqrafik və multimediaya ayrılır. Elektron resursların müxtəlif istifadə formaları keçiləcək materialın həm mətn variantını, həm eyni zamanda mətn və diaqram, şəkil, cədvəl şəklində, həm də multimedialı təqdimat kimi, illüstrasiyalar, səsli, tərkibində video, animasiya, audio, məzmun və interaktiv üsullardan istifadəsinə imkan yaradır. Təlim məqsədlərinin yerinə yetirilməsində vacib şərti təlimin məzmununun uyğun olmasının təmin edilməsi və yeni standartların qəbul olunması, informasiya texnologiyalarının öyrənilməsinə geniş yer verilməsidir. Təlim texnologiyalarının durmadan təkmilləşməsi tədris prosesinə hər keçən gün yeni imkanlar yaradır. Yaxın illərdə kütləvi xarakter daşıyacağına inandığımız «Elektron kitab və ya E-book – 16 Mb elektron kitab fləş-yaddaşın köməyi ilə 3200 mətn səhifəsini və ya 10-a qədər orta həcmli kitabı yaddaşda saxlamağa qadirdir. Microsoft Word mətn redaktorlarında yaradılan DOC formatında, HTML və ya ZIP, RAR, ARJ mətnləri HTML dilinin vasitəsilə müxtəlif freym strukturların yaradılması, mətn və şəkillərin formalaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların daxil edilməsi əsasında yaradılır. İKT-nin sürətlə inkişaf etdiyi bir dövrdə hər bir müəllim daha da keyfiyyətli, səmərəli dərs təşkil etmək üçün texnologiyalardan istifadəyə üstünlük verməlidir. Eyni zamanda elektron dərslərin gerçəkləşməsi bir çox layihələrin yaranmasına səbəb olmuşdur. Buna misal olaraq qeyd edə bilərik ki, hal-hazırda elektron kitabxanalar, elektron test sistemi, elektron təhsil və s. elektron xidmətlər bu günki təhsil sistemimizin əsasını təşkil edir. Bu dərslər vasitəsilə uşaqlarda informasiyanın əhatəsi daha da genişlənir və əlçatmaz obyektlər öyrənənlərin canlı müşahidəsinə çevrilir. Elektron tədris vasitələrindən istifadə zamanı sinfə gətirilə bilməyən, yaxud tapılmayan əyani vəsaitləri asanlıqla izləmək mümkündür. Mənfi cəhətlərindən biri isə isə tez-tez hazır materiallardan istifadə edildikdə yaradıcı təxəyyülün inkişafını ləngitməsidir. Bu baxımdan dərs prosesinin təşkilində mövzuya uyğun metod və üsulların seçilməsi, dəyişdirilməsi, əyani vəsaitlərdən istifadə, interaktiv rejimin yaradılması vasib şərtlərdəndir.
Elektron, yoxsa ənənəvi kitab? İnternetin geniş imkanları artıq ənənəvi kitablara da təsir göstərmişdir. Belə ki, müasir dövrdə internetin zəngin informasiya ehtiyatları ilə yanaşı, kağız kitabları əvəzləyən elektron formatda kitabların, elektron kitabxana və ensiklopediyaların meydana gəlməsi həyatın bütün sahələrinə təsir etməkdədir. Xüsusən də yeni nəslin adi kitablardan daha çox elektron kitablara üstünlük verməsi internetin müəyyən qədər kitabların yerinə keçəsəyi ehtimalını artırır. Hazırda planşet və digər mobil cihazlardan elektron kitab oxuyanların sayı kitabxanalarda kitab axtaranlardan çoxdur.

Bəs elektron kitablar həqiqətən də ənənəvi kitabları əvəz edə bilərmi? Və nə üçün gənclər elektron kitablara daha çox üstünlük verirlər? Əksəriyyət belə hesab edir ki, məhsul olaraq elektron və kağız kitabın fərqi yoxdur. Lakin elektron kitablar daha rahat və münasibdir. Əlbəttə zaman keçdikcə elektron cihazlarla kitab oxunması rahat olduğundan bəziləri üçün kağız kitabları əvəzləyəcəyi mümkündür. Bəzi tədqiqatçılar isə hesab edir ki, dünyada olduqca aktual olan elektron kitablar elektron qurğular vasitəsilə daha da geniş yayılmaqdadır. Bütün bunlar ölkəmizdə də elektron kitablara tələbatı artırdığından bu sahədə müəyyən çatışmazlıqlar nəzərə çarpır. Bu boşluğu aradan qaldırmaq üçün ali məktəblərdə professor-müəllim heyəti hazırladıqları dərslik və dərs vəsaitlərini elektron formata keçirmək üzərində düşünməlidirlər. Bəzi mütəxəssislər iddia edir ki, elektron kitabların çoxalması, kağız nəşrlərin sayının azalması isə ağacları kəsilməkdən qoruyacaqdır.
Bundan başqa, elektron dərsliklərdə axtarış funksiyaları mövcuddur ki, bu da xüsusi məlumatların axtarılması prosesini sürətləndirir və asanlaşdırır. Elektron dərsliklər asanlıqla daşınan cihazlarda, o cümlədən kompüterdə, leptop, planşet və mobil telefonlarda istifadə oluna bilir. Elektron kitabda fayl dedikdə oraya – şəkil, qrafik, diaqram, səs də daxil edilə bilər. Elektron kitabları planşet kompüter sinfinə daxil etmək olar. Planşet fərdi kompüterin adi kompüterdən fərqi onun məhdud funksiyaları avtonom iş zamanı geniş vaxta malik olmasıdır. Müasir elektron kitablar adətən, sensorlu ekran ilə təchiz edilirlər və geniş funksiyalar toplusuna malik olurlar ki, bu da istifadəçinin təlabatlarını daha çox ödəyir. Ali məktəblərdə tələbələrin seminara hazırlıq, sərbəst işlərin hazırlanması zamanı verdiyimiz tapşırıqlar nəticəsində multimedialı təqdimatların hazırlanması və nümayişi bacarıqlarının formalaşdırılması onların orta məktəb təcrübələrində pedaqoji prosesin interaktiv üsul və texnologiyalarla təşkilində mühüm rol oynayır.
Artıq elektron təlim resurslarının (ETR) didaktik imkanlarının analizi informasiya təlim mühitinin həyata keçirilməsi probleminin həllinə istiqamətlənmişdir. Bu sahədə rəqəmsal kitabxanaların, elektron ensiklopediyaların da rolu böyükdür. Qloballaşma şəraitində təhsilin ən yeni və effektiv texnologiyalarına, o cümlədən bu istiqamətdə potensiallı kadrlara da ehtiyac yaranmışdır. Bu səbəbdən istər ali təhsil müəssisələrində tələbələrin, istərsə də orta məktəblərdə şagirdlərin müasir təhsil standartlarına uyğun hazırlanması qarşıda duran əsas vəzifələrdən biridir. Həmçinin öyrənənlərin tədqiqatçılıq meyllərinin və yaradıcılıq potensialının inkişafı da nəzərdən qaçırılmamalıdır. Cəmiyyətlərin inkişafı təhsilə qoyulan yatırımlardan asılıdır. Bu işdə professor-müəllim heyəti yenilikləri izləyən, müasir, dünya təcrübəsindən xəbərdar, ən yeni texnologiyalardan istifadə etmək potensialına malik olmalı və buna xüsusi səy göstərməlidirlər. Son aylar yaşadığımız problemlər bütün dünyada modern texnologiya və proqramlardan istifadənin zərurətini dərk etdirməklə yanaşı, müxtəlif sahə mütəxəssislərinin öz sahəsində yeniliklər etmək məcburuyyəti yaratmışdır. Qədəm qoyduğumuz yeni dünyada bizi hansı sürprizlərin gözlədiyini bilməsək də perspektiv planların hazırlanmasına başlamalıyıq. Bunun üçün də yeni formatda yaşamağa uyğunlaşmaq tələbinə şəxsi fəaliyyətlə cavab verilməlidir. Bu səbəbdən Azərbaycan dövləti istifadəmizə geniş imkanlar vermişdir. Naxçıvan MR və Naxçıvan Dövlət Universiteti, bütövlükdə Azərbaycan cəmiyyəti bütün dövrlərdə müxtəlif sahələrdə ilklərə imza atmışdır. Ümidvarıq ki, XXI əsrin təhsil sisteminə də öz töhfələrimizi verəcəyik.
Müəllif: Zərövşən Babayeva
Naxçıvan Dövlət Universiteti
Zoologiya kafedrasının dosenti,
pedaqogika üzrə elmlər doktoru
dr.zarifbabayeva@gmail.com
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Bu gün gözəl insan, milyonların sevimlisi Xanım İsmayılqızının doğum günüdür! Ad günü münasibətilə dəyərli ziyalımızı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

Xanım İsmayılqızı eyni zamanda “Adı olmayan fəsil” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” Mükafatına (XANIM İSMAYILQIZI N: 069 10.04.2021 – BAKI.) layiq görülüb.
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

NƏZMİ ŞAH və ya KƏMALƏDDİN QƏDİM
ON DOQQUZUNCU YAZI
Salam olsun, ey dəyərli insan, əziz və çox hörmətli oxucum. Dünyadakı kəlmələrin sayı qədər uca Yaradana şükürlər olsun ki, yeni bir söhbəti bizə ərmağan etdi. Sizlərlə yeni bir görüş şansı verdi, bizlərə… Bu dəfə işığına yığışıb, hənirtisinə isinəcəyimiz sözün-söhbətin sahibi, səbəbkarı tanınmış söz adamı, sevimli şairimiz sözü də özü kimi qədimi-qayim olan Kəmaləddin Qədimdir. And olsun uca Yaradana ki, mən bu kişini min illərdir tanıyıram (…bəziləri birisi haqqında söhbətə başlayanda deyir ha, mən bu adamı 5-6 ildir filan yerdən tanıyıram, məhz onlar üçün…), ruhum ruhunu, sözüm sözünü, fikrim fikrini tanıyır… Eyni coğrafiyada yaşayıb, eyni havanı uduruq, eyni suyu içirik, eyni dərdi çəkirik… Yuxarıda əbəs yerə qeyd etmədim ki, sözü də özü kimi qədim. Sözün bu yerində qısa bir haşiyəyə çıxmaq istəyirəm. Ümumiyyətlə hansısa bir məclisdə söz düşəndə, və ya kimsə şəxsən müraciət edib məsləhət istəyəndə mən həmişə adların insanın həyatında (hətta cansız əşyaların da məsələn kitabın, hər hansı ixtira olunmuş cihazın və s.) mühüm rol oynadığını qeyd edir və xüsusi ilə gənclərə öz övladlarına ad verəndə diqqətli olmağı tövsiyə edirəm. İndi qayıdaq söhbətimizə. Bəli Kəmalədin Qədimin sözü-söhbəti çox qədim, zəngin və rəngarəng, eyni zamanda zamansız, ümumbəşəri və aktualdır. Bu qədimlik və kamillik heç də təsadüfi deyil. Bütün mövcudatın bir səbəb və məqsədi olduğu kimi bu göz önündə olan “Qoca palıd”-ın torpağın altında qalan kökləri də var əlbət. Qəhrəmanımızın, böyüyüb boya başa çatdığı coğrafiyaya, mühitə, aldığı təlim-tərbiyəyə, təhsilə, yiyələndiyi ixtisasa baxaq… Daşıdığı ada, özünə götürdüyi əslindən, nəslindən əsrlərdən bəri süzülüb gələn təxəllüsə baxaq (…bir daha vurğulamaq istəyirəm ya adlar bizi axtarıb tapır, ya biz adlara görə inkişaf edirik-uyğunlaşırıq…) Kəmaləddin Qədimin dünyaya göz açdığı məkan, qədəm basıb yeridiyi torpaq Adəmin keçdiyi, Nuhun endiyi, “Mağara əhlin” uçduğu, Arazın min illərdir bütün bunları sakitcə seyr etdiyi (… suyun lal axanı…), Günəşin yandırıb yaxdığı, amansız şaxtaların dondurduğu bəşəriyyətin və dünya alimlərinin qədim bilib, müqəddəs hesab etdikləri bir yerdir. Mən istənilən şəxsin xüsusi ilə uşqalıq ilərini – təxminən 6-7 yaşa – məktəbə gedənə qədər hansı mühitdə, necə keçirməyinin, ətrafdakı yaşlı insanlardan nələr əxz etdiklərinin onun bütün gələcək həyatının tam yarısını formalaşdırdığına əminəm. Əsldən-nəsldən gələnləri bura əlavə etsək, üstəgəl dünyanın mədəniyyətlərin birləşib qovuşduğu, bəlkə də yaranıb paylaşıldığı, Qərbin Şərq üçün qapı hesab etdiyi, Şərqin Qərbə pəncərə bildiyi nöqtəsində yaradıcı şəxsiyyət kimi formalaşdığını göz önünə gətirib, yuxarıda qeyd olunan fikirləri bir daha həqiqət çırağında şüurun süzgəcindən keçirib əminliklə söhbətimizə davam etmək istəyirəm.
Sözü-söhbəti qədim söz adamının yazdıqlarına gəlincə, hal-hazırda mənim iki dəfə tam sıfırlanıb (dağılmış-tam paylanmış), dəfələrlə seyrəldilmiş (ən azı üçdə ikisi paylanmış) kitabxanmda Kəmaləddin Qədimin “Burdan ayrılıq keçib”, “Günahı yazan mələk”, “Yolu ürəyimin üstdə gedirəm” adlı kitabları var. Bunu qeyd etməkdə qəsdim, yəni min illərdir bir-birimizi tanısaq da yazdıqları ilə də kifayət qədər tanışam. Bugünkü söhbətimizi uca Yaradanın izni və yardımı ilə bu yaxınlarda işıq üzü görmüş, yeni olan “Yolu ürəyimin üstdə gedirəm” adlı kitabının daha doğrusu bu kitaba daxil edilmiş şeirlərinin üzərində qurmağa çalışacam. Söz-söhbət yenə özünü çəkir ad məsələsinin üstünə. Əslində kitabın adı artıq içindəkilər barədə oxucuya kifayət qədər informasiya ötürür (necə deyərlər, “arifə bir işarə bəs eylər”). Sözsüz ki, bu müəllifin ən başlıca uğurudur. Kitaba daxil edilmiş ilk şerin hər bənddə təkrarlanan bir sətrin həmin şeirə başlıq seçilməsi, sonra kitabın üzünə çıxarılması, ad seçilməsi heç də təsadüfi deyil və bu şeirdəki, bu misradakı fikir, qayə demək olar ki, heç yolundan sapmadan kitabın sonuna qədər davam edir (onu qeyd edim ki, başqa-başqa şeirlərdən ibarət olub, ayrı-ayrı zaman və məkanlarda qələmə alınmış nəzm əsərlərindən ibarət bir kitabda bunu gözləmək elə də asan məsələ olmayıb, hər müəllifə də nəsib olmur ), kitabın sonundakı adsız şeirdə “…yenə səni düşünürəm…” deyən şair, yolun davam etdiyini, axtarışda olduğunu bildirir. Məncə bu arayış haqq aşiqinin ömrü boyu davam edir və hətta belə insanların özləri cismani olaraq həyatda olmadıqları zamanlarda belə, cismən var olan başqaları onların sözlərində haqqı aramağı davam edirlər. Bizim bəxtimiz onda gətirib ki, şairin sağlığında onun sözü haqqında söz demək qismətimiz olub. Hansı məsələ onu qane etmirsə və ya hansı fikirlə razı deyilsə iradları qəbul etməyə və dinləməyə hazırıq. Ümumiyyətlə, düşünürəm ki, bu qəbildən olan yazılarda biz nə qədər çalışsaq da söz sahibinin nə demək istədiyini yüzdəyüz aça bilmirik məhz bu səbəbdəndir ki, kimsə nə vaxtsa üç bəndlik bir şeir yazır, əsrlər boyu digərləri onu anlamağa, anlatmağa çalışır. Rübailəri, bayatıları çözələməyə çalışırıq. Xalı-xalçalarımızdakı naxışları öyrənirik… Yer üzündə müqəddəs amalına doğru addımlayan haqq aşiqi bu yolda ayağını qoymağa yer tapmır. Onun bu yolu “Bu dərd-Vətəndi”, “Çəkilər Tanrının verdiyi cəza”,”Axirətin bayram olsun”,”Məddah”,”Mənə də Vətən verin”,”İllər yorğunu qadın”,”Gedirəm, dur yola sal”, “Ölürsəm…,” misrası ilə başlayan adsız şeirlərində ümidləndiyi enişli,ümidsizliyə qapıldığı yoxuşlu dağlardan, qəfil haqlamış yaz yağışnda islanıb yuyunduğu, ruhu arındırıb, qəlbi fərahlandıran yamaclardan, buz bulaqlarından içib rahatlıq tapdığı yaylaqlardan, pis fikirləri dondurub yox edən qarlı-şaxtalı düzlərdən keçir. Alatoranda sanki, göyüzündən asılmış kimi görsənən sağda, solda sıralanmış leylək yuvalarının arasından keçən bu yol sonda öz xeyməsinə çatır. Cism məkanı qəbul edib rahatlıq tapsa da, ruh dincəlmir, zamana – məkana sığımır. Aramaqda, düşünməkdə davam edir. Məhz bu arayış yaşadır insanı, söz adamını. Aramaqda davam edin. Ata sözlərinin əhəmiyyəti böyükdür: “Axtaran tapar”
“Yolu ürəyimin üstdə gedirəm” kitabındakı şeirləri oxuduqca, yuxarıda qeyd etdiyim kimi, şeirlər müxtəlif adlarla adlandırılmasına və adsız olaraq sıralanmasına baxmayaraq, ilk misradan sonadək sözün əsl mənasında ayağımız yerə dəymədən şairin fikir dünyasının yaratdığı çəkisizlik şəraitinə düşür, necə deyərlər əlimiz-ayağımız yerdən-göydən üzülür, sanki, ruh kimi söz dünyasının ənginliklərində süzürük… Bu boyda (…əlbətdə nisbi olaraq…) dünyada nəinki ayağını qoymağa bir qarış yer tapmayan , hətta baş barmağının ucunda belə gəzməyə hazır olsa da, fəqət Yer üzündə belə bir nöqtə olmadığından yox olan varları yüklənib, varmış kimi görsənən əslində yox olan yoxluqda bizi öz ardınca səyahətə aparır. Şairin ayaq izlərinə basaraq addımladığımız bu yolda nələri görmürük, İlahi??? Film kimi seyr etdiyimiz səhnələrdə yayın istisində, qışın soyuğunda azyaşlı pinəçi uşağın gün ərzində qazandığı qəpik-quruşla, polisi, dilənçini, dönərçini, aptekçini, sonda qoca gülsatanı və nəhayət məhəllə dükançısını sevindirdikdən sonra üzündəki xüsusi nəşə ilə qaça-qaça evlərinə girib anasını da necə sevindirdiyini görürük. Ancaq, yolun o biri tərəfində müştərisindən indicə bir milyon ödəniş alıb, onu gözləyən borclu olduğu iş ortaqlarına yüz min, iki yüz min, beş yüz min elə ordaca paylayıb, çatmayan ortağına utana-utana, and-aman edə-edə iki yüzü uzadıb sən Allah bir az səbr et indi gətirəcəklər onda verərəm deyib, on dəqiqə ərzində üç başqa-başqa yeniyetmə varlı dayı ovçusundan gələn zənglərə hə canım, hə balam, deyə-deyə cavablarla razı salıb, fırladan yaşı altmışı çoxdan keçmiş, artıq nəfdən yaşayan adı milyonçu iş adamı, digər tərəfdə bu iş adamının pullu xala ovuna çıxmış yeniyetmə ilə mazaqlaşan halalca zövcəsinin səsi deyib gülsə də üzündəki, gözündəki kədər… Bu yolla getdikcə sanki, gah doxsanıncı illərdən əvvəlki dünyanın insanları, gah da müasirlərimizlə rastlaşırıq… Heç nəyi olmayıb, kasadlıq içində xoşbəxt olan insanlar və hər şeyi olub, boluq içində bədbəxt, kədərli görünən insanlar keçir gözümüz önündən… Kəmaləddin Qədim sözünün qüdrəti ondadır ki, bu görüşlər lokal, məhəlli xarakter daşımır. Bu fikirlər necə ki, Suriya, Livan, və s. Şərq ölkələrinə aiddir, Böyük Britaniya, Fransa və başqa irəlidə olduğu söylənlən bu kimi Qərb ölkələrinə də şamil etmək olar. Yəni insan dünyanın harasında olursa olsun, insandır və şairin qaldırdığı problemlər hər yanda mövcuddur. Sanki, dünya insanının dünyadan əli üzülüb, sadəcə oturub sonun çatmasını, cənabi Əzrailin zühurunu gözləyirlər… Belə götürəndə yəni insan vətəndə vətənsiz, dünyada dünyasız qalıb və bunun yeganə günahkarı da məhz insan özüdür. Şairin bütün kitab boyu demək istədiyini qısa şəkildə şəxsən mən özüm üçün belə ümumiləşdirirəm.
Kəmaləddin Qədim sözünün gücü yuxarıda qeyd etdiyimiz mənbələrdən əlavə, sözsüz ki, onun yaşadığı zamanın iki əsrin ən keşməkeşli kəsmlərindən keçməsi ilə əlaqəli ola bilər. Hər halda bu qeyd etdiklərimiz bizim mülahizələr və tamamilə subyektiv fikirdir. Ancaq, bütün bunlarla belə bizim və sizin nə düşünməyimizdən asılı olmayaraq, Nizami sözü nə qədər nizamlı, Dədə sözü nə qədər ürfanidirsə, Vurğun sözü nə qədər Azərbaycana vurğunluqdan qaynaqlanırsa, Kəmaləddin Qədim sözü də o qədər qədim və düşündürücüdür. Xüsusi ilə indi yazan yoxdur deyib, nümunə gəzən gənclərə tövsiyəm odur ki, Kəmaləddin Qədimi oxuyanların hamısı ondan razıdır. Baxmayaraq ki, ondan razı olanlar bir-birlərindən narazıdırlar.
Sona qədər həmsöhbət olduğunuz üçün dərin təşəkkürlərimi bildirir, uca Yaradanın dünyanın bəzəyi olan insana bəxş etdiyi ən dəyərli nemət olan zamanınız bu sətirləri oxumağa həsr etdiyinizə görə minnətdar olduğumu nəzərinizə çatdırır, qarşınızda baş əyirəm. Var olasız. Yeni-yeni görüşlər ümidi ilə. Hələlik.
08.03.2019, Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında ON DOQQUZUNCU yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda“Nəzmi şah və ya Kəmaləddin Qədim”, “Həftə içi”, 12.03.2019, say: 47 (3095), s.8. dərc olunmuşdur.
Müəllif: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

EVDƏN, ARVADDAN…
(lətifəvari hekayə)
Şakir axşam gec yatdığından ertəsi gün yuxudan gec oyanmışdı. Saatına baxdı. 12-yə 19 dəqiqə qalırdı Bunu görüb deyinməyə başladı:
-Pah atannan, bu pandemiya başımıza oyun açır. Bekarçılıqdan gündüz yatırıq, axşam yuxumuz ərşə çəkilir. Oyananda görürük gün günorta yerinə qalxıb. Səhər yeməyi ilə naharı bir yerdə edib bir qədər gərdiş edirsən. Üç saatlıq SMS götürüb dükanı, bazarı dolaşırsan, bir də onda görürsən ki, axşam düşüb. Bu SMS-in də bir pis xasiyyəti var. 2 saatlıq, yaxud 3 saatlıq müəyyən olunur. Bu üç saatı iki dəfəyə, üç dəfəyə götürmək olmur.
Nə isə. Şakir dünəndən planlaşdırmışdı ki, bir taksiyə oturub nəşriyyata getsin. Kitabları çıxmışdı. Onları götürüb evə gətirməli, sonra da bazarlıq etməli idi. Nəşriyyat da onlayn işləyirdi, içəri buraxmırdılar. Elə qapıdan kitabları verəcəkdilər ona ki, aparsın.
Həm də dünəndən xəbərdarlıq eləmişdilər ki, günortaya qədər işdə olacaqlar.
Şakir əl-üzünü yuya-yuya fikirləşdi: “Görəsən bunların günortaya qədəri saat neçəyə qədərdir?”
Bir istədi üzünü qırxsın, fikirləşdi ki, gecikə bilər, gəlib sir-sifətinə əl gəzdirər.
Tələm-tələsik yeməyini yeyib, mobil telefonunu götürdü. Covid-19-la bağlı yaşayış yerini tərk etmək üçün icazə almalı idi. İcazəni alandan sonra əyin-başını dəyişməyə başlasaydı, boş yerə ən azı 10-15 dəqiqə vaxt itirəcəkdir. Odur ki, paltarlarını dəyişə-dəyişə 8103-yə qoşuldu.
2 Aze və pasportunun seriya nömrəsini yığmağa başladı. Cavab, yəni icazə 10-15 dəqiqəyə gəlirdi: “…nomrəsi üzrə müraciətiniz təsdiqləndi. Artıq 3 saat müddətinə yaşayış yerini tərk edə bilərsiniz”.
Oturub gözləyirdi. Cavab yox idi. Bir daha yığdı. Az sonra mobil telefon səsləndi. Şakir: “Şükür, axır ki, cavab verdilər”, – deyə yerindən sıçrayıb gödəkçəsini geyindi. Çıxmağa hazırlaşırdı ki, ayaq saxladı: “Bəlkə hələ icazə verilməyib, kimsə mesaj göndərib. Birdən çıxaram, polislər saxlayarlar. Yaxşı düşməz”.
Mobil telefonu işə saldı: “Təəccübündən yerində quruyub qaldı. 8103-dən cavab gəlmişdi: “Bu gündən icazəni evdən, arvaddan almaq lazımdır!”
“Bu nə deməkdir?”
Şakir öz-özünə sual verdi və birdən sanki ayıldı. Gülməyə başladı. Yadına düşdü: “Axı Nazirlər Kabineti bir gün əvvəl qərar vermişdi: 2021-ci il yanvarın 18-dən SMS icazəsi ləğv olunur”.
Bakı şəhəri, 18 yanvar 2021-ci il
Müəllif: AKİF ABBASOV
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru