www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

KAMAL CAMALOV – BƏNZƏRSİZ ÜRƏK SAFLIĞININ TƏ­CƏS­­­SÜMÜ OLAN BİR İNSAN – ZƏRİFƏ XANIM ƏLİYEVA

BƏNZƏRSİZ ÜRƏK SAFLIĞININ TƏ­CƏS­­­SÜMÜ OLAN BİR İNSAN – ZƏRİFƏ XANIM ƏLİYEVA

(Zərifə xanımı anım günü münasibətilə)

Bu gün əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasınnın akademik, ulu öndər Heydər Əliyevin həyat yoldaşı, Müzəffər Ali Baş komandan İlham Əliyevin və Sevil xanımın anası Zərifə xanım Əliyevanın anım günüdür.

Zərifə xanım Əliyeva görkəmli alim-oftalmoloq olmuşdur. Təkcə ofta­l­mo­­loqmu?! Xeyir, O, eyni zamanda böyük filosof, gözəl pedaqoq və natiq idi. Onun elm­­də məqsədyönlü fəaliyyəti indi də insanı valeh edir. Axı onun elmi fəaliy­yə­tinin əsas is­tiqamətini görmə orqanının peşə patologiyası müəyyənəş­dirirdi. Bu problemin həllinə çoxları girişə bilmirdi. Çünki elmin bu sahəsi olduqca ağır­dır və onun araş­dırılması təkcə dərin oftalmoloji savad yox, həm də funda­men­­tal təcrübi bilgilər tələb edir. Üstəlik yüksək təşkilatçılıq bacarığının olması da vacibdir. Məhz bütün bu keyfiyyətlər Zərifə xanım Əliyevaya  xas idi.

1767-ci ildə Helmolts adına institutun İxtisaslaşmış Elmi Şurasında onun tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya müdafiəsi indi də məmnuniyyətlə xatırlanır.

Zərifə xanım peşə patologiyası sahəsində görkəmli oftalmoloq, geniş pro­fil­­­li mü­təxəssis həkim olmaqla yanaşı, həm də gözəl pedaqoq idi. Azərbay­can Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında oxuduğu müha­zi­rələr bunu bir daha sübut edir.

Görkəmli alim istər Oftalmoloqlar Cəmiyyətinin qurultaylarında, plenumlarında Moskva Of­­talmoloqlar Cəmiyyətinin plenar iclaslarında etdiyi məruzələr, istərsə də, pub­li­sis­tik çıxışlarında özünün natiqlik istedadını göstərmişdir. Müx­­təlif səviyyəli auditoriyalarda belə onun deontologiya məsələlərinə həsr olun­­­muş məruzələri necə də heyranlıqla dinlənirdi, istər-istəməz məruzəçinin fəl­­sə­fə­yə, səhiyyəyə aid ədəbiyyatı dərindən bildiyi hiss olunurdu.

Məlumdur ki, 40-50 yaş arası alim üçün daha məhsuldar fəal dövr hesab olu­nur. Zərifə xanım  peşə patologiyasına və digər problemlərə həsr olunan əsas tədqiqatları ilə bunu bir daha sübut etdi. Məhz həmin yaş dövrünün peşə diaqnostika­sına dair monoqrafiyanı nəşr etdirir. Onun elmi tədqiqatları arasında göz da­mar­larının anormallığı, gözün hidrodinamik sistemi məsələləri də əsas yer tutur. Elmi tədqiqatların yüksək səviyyəsinə, sosial əhəmiyyətinə, ictimai fəallığına, pedaqoji istedadına görə haqlı olaraq Zərifə Əziz qızı Əliyeva Azərbaycan Elm­lər Akademiyasının həqiqi üzvü kimi fəxri ada layiq görüldü.

Zərifə xanımın hərtərəfli istedadı incəsənətdə də üzə çıxmışdı. O, forte­pi­a­no sinfi üzrə musiqi təhsili almışdı. Musiqi təhsili alan musiqiçilərin əksəriy­yə­ti yal­nız not üzrə çalır, əgər belə demək mümkünsə, yalnız bəstəkarın bəstələ­di­yi mu­siqini ifa edir. Zərifə Əliyeva ifasında həm klassik, həm də populyar musiqini bö­­­­­yük zövqlə ifa edir, həm də röyalda zəngin daxili hisslərini, bü­töv­­­lük­də musiqinin mahiyyətini, məğzini dinləyiciyə çatdıra bilirdi. O, müəl­li­fin bəstələdiyi akkord və melodiyaları “quru” şəkildə ifa etmir, musiqi əsərinin əsas məğ­zini şəxsi hisslərinin süzgəcindən keçirirdi.

Zərifə xanımın daxili aləmi, vəzifə borcuna, xəstələrə və ətrafdakılara münasibəti 1983-cü ildə nəşr etdirdiyi “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, səhiy­­yə etikası və əxlaq məsələləri” əsərində özünü daha parlaq biruzə verir. Bu möv­­zuya həsr olunan çıxışlarında Zərifə xanım bilik və təcrübəsini həkim həmkarlarına çılğınlığı, inam hissi ilə aşılayırdı. Qeyd etmək lazımdır ki, onun çap et­dirdiyi elmi əsər mahiyyət etibarilə daha geniş əhəmiyyət kəsb edir, təkcə səhiyyə aləmində deyil, məişət və ailə əlaqələri də daxil olmaqla, bütövlükdə insan­la­rın qarşılıqlı münasibətlərinin öyrənilməsində mühüm rol oynayır.

Zərifə xanım haqlı olaraq hesab edirdi ki, həkimin həyati mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl hə­kim­­dir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər də­fə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət et­­mək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıca isə öz vic­danı qarşı­sın­da əxlaqi məsuliyyət deməkdir”.

Yaddaşın nə zamansa ilk baxışdan kiçik, lüzumsuz görünən elə məqamları üzə çıxır ki, insan həyatdan köçəndən sonra məhz o məqamların daha önəmli, əhəmiyyət kəsb etdiyini anlayırsan. Bu isə “ölülərdən çox dirilərə lazımdır”. Nə qədər ki, bizim yaddaşımız yaşayır, deməli, həmin yaddaşdakı adam da yaşayır. Ne­çə ki, bizim beynimizdən qiymətli xatirələr silinib getməyib, istər-istəməz xatırlamaq anlamaq, fikirləşmək, yazmaq istəyirsən.

Zərifə xanım da yuxarıda qeyd etdiyimiz kimi təkcə görkəmli alim, iste­dad­lı pedaqoq və tərbiyəçi, fəal icti­mai xadim deyildi, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli qadın, ana, nə­nə idi. Onun şəxsiyyəti ictimai və fərdiliyin bir vəhdəti idi.

Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, respublikanın əməkdar elm xadimi, SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatı laureatı, tibb elimləri dok­to­ru, professor, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İns­ti­­tutunun göz xəstəlikləri kafedrasının müdiri Zərifə Əziz qızı Əliyevanın adı həm alim, pedaqoq, həkim, ictimai xadim, həm də bənzərsiz ürək saflığının tə­cəs­­­sümü olan bir insan kimi onunla ünsiyyətdə olan hər bir adamın qəlbində əbə­di yaşayacaqdır.

Zərifə xanımın bütün həyatı və fəaliyyəti çoxşaxəliliyi ilə fərqlənmiş, başqala­rı üçün nümunə olmuşdur. İndi onunla bağlı hadisələr yaddaşın dərin qat­la­rın­da üzə çıxanda bu bənzərsiz insanın işıqlı obrazı cilalanmış almaz kimi göz önün­də can­lanır, bərq vurur. Görkəmli alimin yaradıcı həyatının ana xəttini, heç şüb­hə­siz ki, onun oftalmologiya sahəsində apardığı pedaqoji fəaliyyət təşkil edir. O, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra öm­rü­nü of­ta­l­mo­logiyaya həsr etmişdir. Təbiətən insanın dəqiq və incə təhlilinə meyl göstərən Zərifə xanım təsadüfi deyil ki, səhiyyə ixtisasları arasında məhz in­cəliyi və zərgər dəqiqliyi ilə seçilən oftalmologiya sahəsinə maraq göstər­miş­dir. Onun yaradıcı taleyi elə gətirib ki, seçdiyi sənətdə ilk addımla­rı­nı atdığı gündən ömrünün sonunadək Moskvada yerləşən Mərkəzi Həkimləri Təkmilləşdirmə İns­ti­tutunun Oftalmologiya kafedrası ilə sıx bağlı olub. Gənc həkim 1948-ci ildə bu kafedrada ilk ixtisas kursunu keçir, göz həkimi diplomu alır, sonradan uzun illər ardıcıl olaraq Azərbaycan Həkim­lə­ri Tək­milləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında dosent, professor və ka­fedra müdiri vəzifələrini tutur, daim bizim kafedra ilə sıx yaradıcılıq əmək­daş­­lı­ğı saxlayır, Azərbaycan üçün oftalmologiya mütəxəssisləri hazırlayır. Bu il­lər ər­zində o, gözəl diaqnostik, kilinik və cərrahoftalmoloq kimi təşəkkül ta­pır, əsl pe­daqoq istedadı üzə çıxır.

Cazibəli şifahi nitq mədəniyyətinə malik olan Zərifə xanım həkim-oftalmoloq­­­lar üçün Azərbaycan və rus dillərində müxtəlif ixtisaslar üzrə yüksək elmi sə­viy­­­yədə mühazirələr oxuyur. Zərifə Əziz qızının pedaqoji ustalığının zirvəsi isə onun iştirakı ilə 1985-ci ildə “Meditsina” nəşriyyatı tərəfindən 40 çap vərəqi həcmində buraxılan “Tra­pev­tik oftalmologiya” kitabıdır. Burada dünya oftolmoloji təcrübənin yenilikləri öz əksini tapmışdır. Həmin nadir nəşr Moskvada, Azərbaycanda, Novokuz­netsk­də və Xarkovda oftalmologiyada terepevtik problemləri araşdıran Həkimləri Tək­­mil­ləş­dirmə İnstitutlarının göz xəstəlikləri kafedrasının professor-müəllim hey­­ə­ti­nin birgə gərgin zəhmətinin məhsulu idi. Zərifə xanım həmin kitabın ən samballı böl­mələrini yazarkən təbii ki, özünün zəngin klinik təcrübəsinə və elmi təd­qi­qat­la­rına əsaslanmışdır. O, eyni zamanda həmin kitabın illustrasiyalarla zən­gin olan “Görmə orqanının endo krinik xəstəlikləri”, “İridosiliar distrofi­ya­lar”, “Görmə or­qanının virus xəstəlikləri” bölmələrinin hazırlanmasında  da fəal  iş­­tirak et­miş­dir. Həmin əsərləri oxuyan həkimlər neçə illər bundan sonra da gör­kəmli alim və pe­daqoqun ideyalarını əməli işə tətbiq edəcəklər.

Görkəmli alim dərs vəsaitləri ilə yanaşı dövrü mətbuatda çap etdir­diyi məqalələrdə elmi nöqteyi-nəzərindən həkimlərin təkmilləşdirilməsi mə­sə­lə­lə­rini də araşdırmışdır. Onun 1984-cü ildə “Oftalmologiya xəbərləri” jurnalını 5-ci nömrəsində yazdığı “Oftalmoloq kadrlarının təhsili və tərbiyəsi” sərlövhəli baş məqa­lə buna əyani sübutdur. Zərifə xanımın “Həkimləri təkmilləşdirmənin elmi əsas­­­ları” mə­qaləsində internatura, klinik ordinatura, ilkin ixtisaslaşdırma, ümumi və tematik təkmilləşdirmə, informasiya kursları, seminar və simpoziumlar vasitəsilə göz həkimlərinin təhsil sisteminin inkişafının əsas istiqamətləri müəyyən­ləş­­dirilir. Məqalə redaksiya heyətinin sifarişi ilə yazılmış və jurnalın 100 illik yub­leyi münasibətilə çap edlimişdir.

Zərifə xanım fundamental elmi araşdırmaların müəllifi olan, tibb­ el­minə nəhəng töfhələr vermiş, böyük erudisiyaya malik görkəmli alim kimi də ge­niş tanılırdı. Onun tədqiqatları geniş miqyası ilə seçilirdi. Alimin “Yaşla əla­­qə­dar olaraq gözün və görmə-əsəb yollarının dəyişikliyi” adlı monoqrafiyası bunu bir daha sübut edir. Burada konkret şəraitdə görmə orqanının vəziyyətini öyrənən klinik istiqamətli elmi müddəaların bütöv bir silsiləsi öz əksini tapmış­dır. Bu elmi işlər sırasında böyük yaradıcı əməklə başa gələn Ozbəkis­tanın “Me­dit­sina” nəşriyyatı tərəfindən çap edilmiş “Şəkərli diabet zamanı göz xəstəlik­ləri” adlı monoq­­rafiya xüsusi əhəmiyyət kəsb edir. Bu qiymətli əsərində Zərifə xa­nım bir sosial mənbə kimi Orta Asiya və Qafqaz regionunu götürərək insanlar ara­sında teztez müşahidə olunan və kifayət qədər geniş yayılmış şəkərli diabet za­manı yaranan göz xəstəliklərinin patoloji, klinik, diaqnostik və müalicəvi xüsusiyyətlərini araş­dırır. Elmi siqlətinə görə bu nəşr nadirdir və bu gün də oftalmo­loqların sto­lüs­tü kitabıdır.

DANIŞAN FOTOLAR – TARİX YAŞAYAN ANLAR:

Görkəmli akademik, tanınmış ictimai xadim, gözəl pedaqoq və nəcib insan Zərifə xanım Əliyevanın xatirəsi unudulmazdır.

KAMAL CAMALOV

Naxçıvan Müəllimlər İnstitutunun dosenti

Pedaqogika elmləri doktoru

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Azərbaycan Yazıçılar Birliyinin üzvü


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“QƏLƏNDƏR” – Qələndər Xaçınçaylı haqqında kitab

“QƏLƏNDƏR” – Qələndər Xaçınçaylı haqqında kitab

Qələndər Xaçınçaylı haqqında yeni kitab – “QƏLƏNDƏR” – PDF:

ALLAH RƏHMƏT ELƏSİN. RUHU ŞAD OLSUN. AMİN.

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QƏLƏNDƏR XAÇINÇAYLINI RƏHMƏTLƏ ANIRIQ…

Qələndər XAÇINÇAYLI – tədqiqatçı-jurnalist, şair — yazıçı, publisistdir.

Bu gün Qələndər Xaçınçaylının doğum günüdür… Anadan olduğu gündə şairi rəhmətlə anırıq. Allah sənə qəni-qəni rəhmət eləsin, Qələndər, Ağdam alındı… Daha ruhlar sərgərdan dolanmayacaq… Yenə Ağdamda yasəmənlər çiçək açacaq… Ruhun şad olsun…

QISA ARAYIŞ

Qələndər Xaçınçaylı (Əhmədov Qələndər İslam) 15 aprel 1958-ci ildə Ağdam rayonu, Qalayçılar kəndində anadan olub. Qələndər Xaçınçaylı — Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, tədqiqatçı-jurnalist, tanınmış şair — yazıçı, publisistdir. 1981-ci ildən mətbuatda müntəzəm olaraq şeir və məqalələrlə çıxış edir. Şeirləri “Ədəbiyyat və incəsənət”, “Kommunist”, “Bakı”, “Savalan”, “Azərbaycan pioneri”, “Fəryad”, “Meydan”, “Səs”, “Gələcək gün”, “Ədalət”, “Təzadlar” qəzetlərində, “Azərbaycan”, “Ulduz”, “Müxbir”, “Kənd həyatı”, “Göyərçin”, “Pioner” jurnallarında ardıcıl olaraq çap edilib.1981-ci ildən, 2020-ci ilə dək mətbuat sahəsində fəaliyyət göstərən yazarın , son iş yeri [[Həftə içi (qəzet)]]i olub. Həmçinin, “Gənclik” nəşriyyatının “almanax”larında əsərləri oxuculara təqdim olunub.
Onun ilk kitabı “Qarabağın ağlar gözü” (1998) adlanır. Kitabın tərtibçisi, redaktoru və “Gənc şairin ilk kitabı və ilk söz” ön sözünün müəllifi tanınmış ədəbiyyatşünas alim, professor Qurban Bayramov (tənqidçi) olmuş və bu istedadlı gəncə uğur diləmişdir. İndiyənə qədər Qələndərin bir-birinin ardınca “Qarabağa gedən yollar” (2000), “Dünya mənim söz qalamdır” (2004), “Dərd ürəyimdə mamır bağlayıb” (2006), “Qeyrət qalası” (2007), “Yaza tələsən çiçək” (2008), “El ağsaqqalı” — publisistika (2008), “Şərəfli ömür” — (publisistika, 2009), “İkinci ömrümü yaşayıram” (2011), “Gözləmə” (2012), Şahin Qasımovun ömür yolu haqqında “Ömür mənalı keçəndə” (2012) şeir və poemalardan ibarət kitabları nəşr olunmuş, 20 Yanvar, Qarabağ müharibəsi qəhrəmanlarından bəhs edən çox maraqlı “Güllə işığında” povesti Qələndər Xaçınçaylının 60 illik yubileyində oxucularına təqdim olunmuşdur. Son kitabı Zaur Ustacın həyat və yaradıcılığından bəhs edən “Taclı şair” (2020) olmuşdur.
Qələndər Xaçınçaylı 25 avqust 2020-ci ildə koronavirusdan müalicə olunduğu Yeni Klinika Tibb Mərkəzində vəfat emiş və Bakı şəhərində dəfn olunmuşdur.

RUHUNA FATİHƏ



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LALƏ İSMAYIL – PƏRVANƏYƏ

Lalə İsmayıl – şair.

PƏRVANƏYƏ

Əgər yolun düşsə bizim dağlara,
Bağrı köz lalədən bir xəbər götür.
Həsrətdən tər çələng düzüm dağlara,
Axşamı dan eylə, dur səhər götür.
>>>> — <<<<
Nəfəsimlə oxşa Xustubun başın,
Ara qayasında dözümün daşın!
Yaşıl yaylaqlara, gözümün yaşın,
Şehi qurumamış, min kəhər, götür.
>>>> — <<<<
Dinlə şırıltısın buz bulaqların,
Toxunsun gözünə qız dodaqların,
Allansın mehinə gül yanaqların,
Kövrəl, xəyala dal, dön, qəhər götür.
>>>> — <<<<
Çaqqal yuva salmış Qurd yerlərinə,
Qovub, qovalayıb dürt yerlərinə,
Viranə, talanmış yurd yerlərinə,
Dönəndə qayğısız bir şəhər götür.
>>>> — <<<<
Göy səma üç rəngli bayrağa dəysin,
Buludlar önündə başını əysin,
Çəmənlər yamyaşıl donunu geysin,
Sevgi ver, eşq adlı bar, bəhər götür.
>>>> — <<<<
Lalə, bu naməni düz Pərvanəyə,
Əhdinə, andına düz Pərvanəyə,
Al çapar, al götür düz, Pərvanəyə!
Zəngəzur elindən bir səfər götür!
05. 04. 2021.


Müəllif: 
Lalə İSMAYIL

LALƏ İSMAYILIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LALƏ İSMAYIL

LALƏ İSMAYIL HAQQINDA

LALƏ İSMAYILIN DİGƏR YAZILARI

və BƏZİ SEÇİLMİŞ NÜMUNƏLƏR:

LALƏ İSMAYIL – SÖZ

LALƏ İSMAYIL – AYRILIR

LALƏ İSMAYIL – PƏRVANƏYƏ

LALƏ İSMAYIL – ZAMAN

LALƏ İSMAYIL – YALVARIM

LALƏ İSMAYIL – DAŞ İMİŞ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏLİQULU QƏMKÜSAR – ƏDƏBİYYAT ŞEİRİ

Əliqulu Qəmküsar – şair.

ƏDƏBİYYAT

Bir hökumət tazə çıxmış, ismi Azərbaycan.

Şəkli cümhuri, idarə üzvü yeksər bəylə xan.

Heç görübsüzmü ki, olsun kəlləyə qurtdan çoban?

Bir nəfər xalis rəiyyət kabinədə yoxdur, inan,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

Hər şəhərdə xandır, əyandır keçib iş başına,

Hər cəhətdən üz görür öz qövmu, öz qardaşına.

Get dolan kənd-kəsəyi, bax bir axan göz yaşına,

Hər tərəfdə kamirandır bəy, əkinçi bağrı qan.

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

Get Qazaxdan keç, Tovuzdan keç, özün ver Gəncəyə,

Gör necə vermiş rəiyyət bəylə pəncə-pəncəyə,

Kəndliyə, rəncbərlərə bax bir olan işkəncəyə.

Bax nə cür bu zülmdən qan ağlayırlar hər zaman,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

Nəql edim bir-bir sənə mən hər yerin əhvalını,

Kəndlinin, rəncbər, əkinçi, fəhlənin bil halını,

Bax, düşün, gör onların idbarını, iqbalını,

Qalma qəflət uyqusunda, dur, gözün aç, bir oyan!

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

Xoylu xan bir müddət etdi tək idarə milləti,

Kabinə təşkil eylədi, hər yerdə çıxdı şöhrəti,

Çünki böhran oldu, dəyişdi vizarət heyəti,

Hər tərəfdən toplanıb məbus açıldı parlaman,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

Bəh, nə məbuslar ki, tanrı bədnəzərdən saxlasın,

Qıymasın canlarına, hər şur-şərdən saxlasın,

Qəlblərin sinsitməsin, qəmdən, kədərdən saxlasın,

Çünki millət onlara mərhuni-minnətdir hər an,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

Var o cür məbus əsla anlamaz bəsət nədir,

Parlaman nə, üzv nə, bu vəz, bu halət nədir,

Kimdi millət, kimdi dövlət, bu qədər bidət nədir,

Çünki  onda nə fərasət var, nə təqriri-bəyan,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

Get soruş öyrən, gör, aya, bunları kimlər seçib,

Onların kim qəddinə bu xələti ölçüb-biçib,

Hər biri yüz min fırıldaq işlədib,zorən keçib,

Ayda on min donluq alsın, müftə olsun kamiran,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

Böylə getsə binəvalər büsbütün pamal olur,

Bu fəlakətdən, yəqin, axırda izmehlal olur,

Kim bu bəylərdən səvay bu vəzidən xoşhal olur,

Hər tərəfdən ərşə qalxıbdır bütün ahu fəğan,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

Vardı min dinsiz, imansız hər biri milyon yeyib,

Beş gün əqdəm lüt gəzərkən indi xəz paltun geyib,

Doğrudur həqqən, keçənlər mətləbin lübbün deyib,

İndi bülbüllər yerində qarğalar tutmuş məkan,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

Qan töküldü, can verildi, oldu hürriyyət pədid,

Köhnə istibdad düşdü, parladı tərzi-cədid,

Şahidi-məqsud göstərdi üzün, verdi nəvid,

İxtiyar olmuş könüllər oldular yeksər cavan,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

Leyk, heyf olsun, üzü bir binəvanın gülmədi,

Milləti-cahil bu feyzin qürb-qədrin bilmədi,

Fəhlənin bir kəs üzündən əşki-alın silmədi

Canəvərlər əl-qol  açdı oldu zalımlar əyan

Əlaman bu  müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

İndi getsən hər mahala hər yetən dad eyləyir,

Dövreyi-mənhusi-istibdadı dəryad eyləyir,

Bəs ki xanlar, bəs ki bəylər zülmü bidad eyləyir,

Qalmayıbdır rəncbərlərdə dəxi tabu təvan,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

İndi lazımdır ki, millət huşunu cəm eyləsin,

Hər cür olsa haq danışsın, haq desin, haq söyləsin,

Yoxsa bizlərə təpər yoxsa, buna kim neyləsin?

Qalmaz axırda bu cür bivayə millətdən nişan,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

>>>> — <<<<

Çünki bu millət susayıb bir-birinin qanına,

İndi firsətdir, düşüb qardaş qardaş canına ,

Gözləri qızmış, qudurmuş, getmək olmaz yanına,

Ol səbəbdəndir olur gündən-günə işlər yaman,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

Müəllif: Əliqulu QƏMKÜSAR

“Hürriyyət”,

4 oktyabr 1919, N: 17

Mənbə: Əliqulu Qəmküsar “Seçilmiş Əsərləri” AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATI Bakı – 1959, səh. 97 – 99. Kitab şair-publisist Zaur Ustacın şəxsi kitabxanasında QF – N 0001(Qızıl Fond) qorunur.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“XOCALI” – FOTO

“Əsir XOCALILAR” – Fotoqraf: Viktoriya İvleyeva.

Bu foto 1992-ci ildə Xocalıda çəkilib. Erməni əsgərləri meşədə gizlənməyə cəhd edən AZƏRBAYCANLI qadın və uşaqları əsir götürüb. Daha sonra İşgəcə veriləcək və aqibətləri məchul olacaq.

Fotonun müəllifi: Viktoriya İvleyevadır, @golosmorya .


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏBRİK, “TƏZADLAR”!

“TƏZADLAR” QƏZETİ

Bu gün “Təzadlar” qəzetinin 28 yaşı tamam olur. Bu münasibətlə redaksiyanın öz rəsmi açıqlamasını sizlərə təqdim edirik:

“1993-cü ildən “Qarabağı xilas etməyən xalqı Allah da xilas etməyəcək!” diləyi ilə ölkənin qəzet ailəsinə daxil olan “Təzadlar” 28 ildir nəşrini davam etdirir. Rastımıza çıxan, bizi 28 ildir qaralayan təhdid və təzyiqlərə, qısqanclıqlara… baxmayaraq biz 28 illik Azərbaycan adlı yolu başı uca, alnı açıq gəldik və gedirik. Ünvanımıza çoxsaylı çamurlar atıldı-dözdük, yolumuza kötüklər diyirləndirildi-tab gətirdik, qarşımızı kəsdilər-itiləndik və irəliyə itələndik! Çünki Azərbaycanda həm də haqqı sevənlər, həqiqəti dəstəkləyənlər nəinki çoxdur, lap çoxdur! Var olsun Azərbaycanı ki, Qarabağı xilas etdi, deməli, Allah da onu hər zaman ən böyük çətinliklərdən xilas edəcək!
Təbii ki, məsuliyyətli günləri yaşayırıq, yaşamaqdayıq. Biz özümüzə və dövlətimizə, Prezidentimizə güvəndik. Xalq Qarabağ məsələsində potensial gücünə və səbrsizliyinə güvənən kimi. Səbrsizliyimiz 30 illik erməni işğalına son qoydu. “Təzadlar” cəmiyyətin tərkib hissəsi olaraq bu yolda əlindən gələni etdi, ürəyinə gələni yazdı, dünyaya 44 günlük müharibədə haqqın-Azərbaycanın səsini çatdırdı.
Bu gün 28 ildir ayağının altı qazılan, badalaq vurulan və bu inadkarlığına görə iki əməkdaşı Avropa Parlamentinə üzv ölkələrin media camiəsinə akreditə vəsiqəsini alan qəzet Azərbaycan mediasında ilkə imza atdı.
Bu gün adı Türkiyənin nüfuzlu media quruluşlarında təmsil olunan və göydə Allaha, yerdə xalqa və Prezidentə güvənli qəzetin baş redaktoru Dünya Türk Qəzetçilər Birliyinin vitse-Prezidenti seçilib (Daha bir əməkdaşımız isə bu nüfuzlu quruma üzvülük vəsiqəsi alıb).
28 yaşını tamamlayan bu qəzetin bir əməkdaşının oğlu 44 günlük Zəfər qələbəmizdə 2 medala layiq görülübsə, bundan niyə qürurlanmayaq!
Bu qəzetin baş redaktoru Trtajans Media Holdinqinin sədr müavini seçilibsə, bundan niyə də ikiqat sevinməyək!
Qısası, biz 28 ildir təkcə yol gəlmirik, həm də yol gedirik! Bu yolda bizə dəstək olan külli Azərbayna, Azərbaycanın dəyərli və ədalətli insanlarına, haqqı sevən ziyalılarına dərin minnətdarlığımızı çatdırmağı özümüzə borc bildik.
Və nəhayət, Azərbaycanı Qarabağlı, Şüşalı, Laçınlı, Ağdamlı, Cəbrayıllı, Kəlbəcərli… edən Azərbaycanın Ali Baş Komandanına, müzəffər Ordumuza borcluyuq! Tanrı Türkiyəmizi-Azərbaycanımızı qorusun ki, biz də bu gücdən güc alıb söz meydanında özümüzün sözümüzü deyə bilək, Azərbaycanın söz haqqını dünya mediasında qoruya bilək!”

“Təzadlar” redaksiyası

Biz də “Yazarlar” olaraq, başda Asif müəllim olmaqla “Təzadlar”ın bütün yaradıcı heyətini bu münasibətlə təbrik edir, yeni-yeni uğurlar arzu edirk! Uğurlarınız bol olsun!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏLİQULU QƏMKÜSAR HAQQINDA

Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov

ƏLİQULU QƏMKÜSAR HAQQINDA

Əliqulu QƏMKÜSAR (Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov; 24 may 1880 – 4 mart 1919) — Azərbaycan şairi, publisisti. Yazıları ilə “Molla Nəsrəddin (jurnal)”, “Yeni füyuzat”, “Həyat”, “İrşad (qəzet)”, “Sədayi-həqq”, “Al bayraq”, “Gələcək” və s. qəzet və jurnallarda iştirak etmişdir. Əsərləri “Otaylı”, “Cüvəllağı”, “Cüvəllağı bəy”, “Sarsaqqulu bəy”, “Qəmküsar” və başqa imzalarla nəşr edilmişdir. Ziyalı maarifçi nəsil olan  Nəcəfovlar nümayəndəsidir.

Əliqulu Nəcəfov Qəmküsar 1880-cı ildə  Naxçıvanda doğulmuşdur. Atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu əvvəllər papaqçılıq, sonralar isə Culfa kömrükxanasında komissionçuluq etmişdir. Ana babası Məşədi Əsəd “Məddah” təxəllüsü ilə şeir yazmışdır. Əmisi “Fani” təxəllüslü Məhəmməd Hüseyn Nəcəfov Naxçıvanın qüvvətli şairlərindən sayılmışdır.

Qəmküsar səkkiz yaşından molla məktəbində ərəbcə və farscanı öyrənmişdir. Hələ məktəbdə ikən şeir yazmağa başlamış, 1892-ci ildə üç sinifli şəhər rus məktəbinə daxil olmuş, il yarım

orada oxumuşdur. 1896-cı ilin əvvəlində, xəstə atası müalicə üçün Təbrizə gedir və Qəmküsarı da təhsildən ayırıb özü ilə aparır. Dörd ay Təbrizdə qaldıqdan sonra atası vəfat edir. Ağır

külfətin qayğısı üzərinə düşdüyündən Qəmküsar dərsə davam edə bilmir.

Təbriz mühiti şairin xoşuna gəlmir, təəssüratını belə ifadə edir:

Qurtarmadımı ağlamağın mövsimi, yarəb?

Hər gündə münacat olunur məscidimizdə.

Ağlar günə qaldıq, yenə əl çəkməyəcəklər,

Bu mərsiyəxanlar nə görüblər biləmizdə.

1897-ci ildə anası və dayısı ilə Xorasan ziyarətinə getməsi və orada gördükləri Qəmküsarda mövhumata olan nifrəti daha da artırır.

1912-ci ilin axırına qədər Culfada və bəzən Naxçıvanda yaşayır. “Molla Nəsrəddin” və başqa Bakı qəzet və jurnallarına şeir və məqalələr yazır. 1907-1909-cu illərdə İran inqilabı ilə

yaxından maraqlanır, bu mövzuda şeirlər çap etdirir. 1912-ci ilin oktyabr ayında Qəmküsar Tiflisə köçür və Mirzə Cəlil ilə birlikdə “Molla Nəsrəddin” jurnalında yaxından iştirak

etməyə başlayır. 1916-cı ilin may ayında juraal müvəqqəti olaraq dayandırılır.

Qəmküsar Mirzə Cəlil ilə birlikdə səyahətə çıxır. “Ölülər” komediyasını səyahətdən əvvəl Bakıda, sonra Dağıstanda, Səmərqənddə, Daşkənddə və Volqaboyu şəhərlərində oynayırlar.

Qəmküsarın “Ölülər”də Şeyx Nəsrullah rolunu böyük bir məharətlə oynaması məşhurdur.

1917-ci ilin axırında Tifiisdə çıxan “Al bayraq”, sonra “Gələcək” qəzetlərində şeir və felyetonlar çap etdirir.

Ə.Qəmküsar 1919-cu ildə, martın 4-də axşam evinə qayıdarkən menşeviklər tərəfındən öldürülmüş və Tbilisi botanika bağının ərazisində yerləşən müsəlman qəbiristanlığında dəfn edilmişdir.

Haqverdiyev Əbdürrəhim bəy, Nəcəfov Rzaqulu, Mümtaz Salman, Məmmədov Zeynal, Qəmküsar Əliqulu.

Ə.Qəmküsar 1916-cı ildən etibarən öz yazıları ilə “Molla Nəsrəddin”, “Yeni füyuzat”, “Həyat”, “İrşad”, “Sədayi-həqq”, “Al bayraq”, “Gələcək” və s. qəzet və jurnallarda iştirak etmişdir. Əsərləri “Otaylı”, “Cüvəllağı”, “Cüvəllağı bəy”, “Sarsaqqulu bəy”, “Qəmküsar” və başqa imzalarla nəşr edilmişdir.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – QAÇQIN – KÖÇKÜN OLMAQ NƏ DEMƏKDİR?

Zaur Ustac – şair, publisist.

QAÇQIN – KÖÇKÜN OLMAQ NƏ DEMƏKDİR?

İYİRMİ  BİRİNCİ  YAZI

Salam olsun, ey dəyərli oxucum. Səbəbi, mövzusu o qədər ürəkaçan olmasa belə daha bir görüş də qismətimiz oldu. Hər an, hər dəqiqə, hər saat üçün şükürlər olsun Uca Yaradana. 17.07.2019-cu il səhər saat 05:30 adəti üzrə yenə erkəndən oyanıb yazı masasının arxasında əyləşmişəm. 17.07.1993 – cü ildən bizi əsrin dördə birindən də artıq bir zaman kəsiyi ayırır. İndi durub köhnə gündəlikləri araşdırıb həmin günü, bu saatı harda olduğumu, nə iş gördüyümü daha dəqiq tapıb bura yaza bilərdim… Ancaq, bu gün onun olduqca böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, bura yazmağın heç bir mənası yoxdur. Sadəcə həmin günlər barədə bir cümlə ilə belə məlumat verə bilərəm ki, 3-4 iyun Gəncə hadisələri nəticəsində dağılmış (Qardaş Türkiyə Respublikasından gəlmiş təlimatçıların min-bir əziyyəti hesabına Qarabağda döyüşmək üçün yaradılmış XTT-un) hərbi hissənin Ağdərə-Tərtər cəbhəsinə atılmış başsız bölüyünün əsgəri kimi 2016-cı ildə də haqqında çox söhbət gedən Talışda idim… Və bu vaxt, mənim bu gün də qeydiyyatda olduğum, yəni şəxsiyyət vəsiqəmdə yaşayış yeri kimi qeyd olunan Ağdam rayonu, Yusifcanlı kəndi artıq yer üzərində demək olar ki, yox idi. Çünki, artıq iyun ayının 12-si bu kəndin əli silahlı əsgər sakini Gəncə -Goranboy –Goran, Göygöl (Xanlar) – Aşıqlı – Mingəçevir aralığında yollarda “gic-gic işlər”-lə məşğul olarkən bu gün də müəmma olaraq qalmaqda davam edən bir şəkildə heç kimin gözləmədiyi, tamamilə ağıla gəlməz istiqamətdən zirehli texnikaların üstündə əsgərlər kəndə daxil olaraq onun böyük bir hissəsini yandırmaqla sakinləri kəndi tərk etməyə məcbur etmişdilər… 
https://www.youtube.com/watch?v=SbD8GVJv8vs
Ancaq və yenə ancaq, bütün bunlara rəğmən 17.07.1993 – cü ildə, bu vaxtda, bu saatda heç kimin ağlına belə gəlməzdi ki, Ağdam da əsrin dördə biri qədər əhəmiyyətli dərəcədə böyük vaxt olan zaman kəsiyində dönülməmək üzrə tərk ediləcək… Ancaq, bu baş verdi və mən bu gün oturub uzun çək-çevirdən sonra bu yazını yazmaq qərarına gəldim. Onu qeyd edim ki, “93-ün yayı və ya bir qaşıq qatıq” kitabında o günlər barədə təfsilatı ilə məlumat verilib. Bu yazını yenə yazmazdım, “Muştuluq torpaqlar qaytdı”, “Qara ket” və “Yüz manatlıq qəbz” adlandırdığım əhvalatlar baş verməsəydi, bu məsələlər bu qədər uzanmasaydı, işğaldan iyirmi il sonra başqa-başqa bölgələrdə doğulmuş uşaqların adamı çıxılmaz vəziyyətlərə salan sualları olmasaydı… Çox təəssüf ki, bunların hamısı var və mən bəlkə bu yazını yazmağa gərək qalmadı deyərək ildən-ilə ertələsəm də, bu gün bu yazını yazmağa məcburam… 
SÖZÜ QƏRİB, GÖZÜ QARA QOCALAR 
Arsız aşıq elsiz necə yaşadı?!
Ölsün Ələsgər tək qulların, dağlar…
Aşıq Ələsgər
“Qaçqın” kəlməsi işlək şəkildə leksikonumuza ötən əsrin 80 – ci illərinin sonlarında daxil olsa da, lap uşaqlıqdan qocalardan bu sözü ara-sıra mənasını tam anlamasaq da eşidir, elə də yaxşı hal olmadığını təxmini bilirdik. Sonrakı məlum hadisələr nəticəsində özümüz köçməyə məcbur olmamış, bir – neçə il bizdən yuxarıda olanların öz ev-eşiklərini tərk edib, bizə sığınmalarına şahidlik etdik. Sanki, buranı da tərk edənə qədər burda yaşayaq havası ilə onlarla birgə yaşadıq. Onlar bizdə ailənin bir üzvü (qonaq kimi yox) kimi yaşasa da qonşuların filankəsgildə “qaçqın” qalır deməsini eşitdik. Ancaq, bu sözü yenə tam anlamı ilə qavramadıq… Lakin, qocalar bunun nə demək olduğun bilirdi… Ona görə elə yaşlı insanlar var idi ki, son dörd-beş il ərzində “onlar dağdan düşməz” deyə-deyə özlərinə təskinlik versələr də, artıq dağdan düşüb, düzdəki kəndləri tək-tək yandıranda “burda ölərik, heç yana getmərik” – deməyə başladılar. Bu yerdə nəzərinizə çatdırım ki, İlahi Ədalət deyilən bir məfhum var – belə deyən şəxslərin heç biri o kəndi tərk etmədi… Həmin günədək öz əcəli ilə ölənlər öldü – orda dəfn olundu… Bir-neçə nəfər həmin gün həlak oldu- çox ibrətamiz hadisələrə şahidlik etdi insanlar, ancaq, mətləbə dəxli olmadığına görə söhbəti uzatmıram… Bir nəfər də kənd yandırılsa da, tamam talansa da sonadək orada qaldı… Tərk etmədi… Öz yurd-yuvasını, ev-eşiyini tərk etməyin (istəməyərək, məcburi şəkildə, öz xoşunla deyil…) “QAÇQIN”, ”MƏCBURİ KÖÇKÜN” olmağın nə demək olduğun açıqlamağa başlamazdan əvvəl çox kiçik bir haşiyəyə çıxmaq istəyirəm.
HAŞİYƏ
Əslində bəlkə də mənim bu yazını yazmağa heç haqqım çatmır. Çünki, mən öz kəndimizdən üç gün-üç gecə qonaqlıq verib əsgərə getmişdim və ordudan tərxis olunandan sonra da ailə qurub kirayədə yaşamağa başladım. Mənim bu barədə təsəvvürlərim hərbi xidmətdə olarkən qısa və uzun müddətli məzuniyyətlərdə görüb, müşahidə etdiyim ailəmin, qohumların, yaxınların, tanıdığım insanların yaşadıqları, təsadüfən ya iştirakçısı, ya da şahidi olduğum hadisələr və bir də ətrafdakı insanların olduqca qəribə, eyni zamanda müxtəlif reaksiyalarından ibarətdir. İnanın ki, uşağnı “qaçqın gəl bunu apar”, “səni qaçqına verərəm” kimi kəlmələrlə qaçqınla qorxudan zümrə ilə yanaşı, “ona bax”, “adı qaçqındı” kimi ifadələrlə sanki, qaçqınların, köçkünlərin paxıllığını çəkirlərmiş kimi görsənən və bunu gizlətməyib yuxarıda qeyd olunan formada, bəzən daha açıq və net şəkildə biruzə verən bir təbəqəqə də formalaşıb. Bu tarixdir, bu danılmaz, gizlənilməsi mümkün olmayan faktdır, reallıqdır. Bu sətirləri ona görə yazıram ki, aşağıda yazacaqlarımın səmimiliyinə inanmağınız üçün daha münbit zəmin yaransın. Yəni, bundan sonra yazacaqlarım, çadırda yaşamamış, başqa-başqa idarə və müəssisələrin künc-bucağına sığınmamış, bu hadisələrdən əvvəl də, sonra da öz evində yaşamış şəxsin, vətəndaşın fikirləri, münasibətidir… Və əgər bu şəxs bu qədər əziyyət çəkir, sıxılırsa, gör indi digərləri nə çəkir… Bu çox çətin və məsuliyyətli məsələdir… Çadır məsələsi isə ümumiyyətlə əsl dəhşətdir… 

“ÇADIR  FACİƏSİ”

“Çadırda Üzeyir Hacıbəyov doğula bilməz…” 
Aqil Abbas

Sadəcə bir insan kimi mənə çox maraqlıdır ki, “ÇADIRDA YAŞAMAQ DƏHŞƏTDİR” ifadəsi heç vaxt orada olmayan, ancaq, həmin vaxt Azərbaycanın müxtəlif bölgələrində yaşamış və bu mənzərəni televizordan, mətbuatdan izləmiş yaşlı nəsil və ya indi internetdəki videolardan, fotolardan izləyən gənc nəsil üçün hansı anlam, məna kəsb edir… Neçə faiz əhalimizi bu məsələ düşündürür…

Mən işin bütün maddi tərəfin bir kənara qoyub, sırf məni narahat edən mənəvi tərəfindən, əsl zərbədən danışacam. Halbuki, maddiyyət də önəmlidir. Məsələn, üç evi, iki maşını, normal işi – gəliri olan adam qəfil maşını əzib iki min manatlıq xərcə düşındə və ya heç nə olmasa da yol polisi adicə kəmər vurmamağın üstündə saxlayıb cərimə yazanda, içində beş-on manat olan cüzdanı itirəndə, hətta nəxənək köhnə tanışlara ürcah olanda hansı hissləri keçirdiyimiz hamımıza yaxşı məlumdur… O ki, qaldı yüz – iki yüz il ərzində, (beş yüz ilə gedib çıxanlar da var) dədə – babanın qurub – yaratdıqları, əkib – becərdikləri, stabil həyat tərzi sehirli nağıllarda olduğu kimi qəfil bir hərəkətlə yoxa çıxır və sən barlı-bəhərli meyvə ağaclarından ibarət olan, qara kölgəli bağlarla əhatə olunmuş, bütün şəraiti olan ən azı iki yüz kvadrat metrlik, iki mərtəbəli daş evdən qəfil düşürsən heç bir şəraiti olmayan çölün düzünə… Sağ olsun yenə xeyirxah insanlar gətirib çadır verirlər ki, al Gün başına vurmasın və sən düşünürsən ki, bu gündən sənin, ailənin evi bu çadırdı… Yalnız üstünü örtən, altında və içində heç nə olmayan çadır… İndi düşünün görək qızın otağı ayrı, oğulun otağı ayrı, qocanın otağı ayrı, hətta ildə-ayda bir dəfə gələcək qonağın da otağı ayrı qurulu şəkildə “üst ev”- də həmişə hazır gözləyən bu kişi, doqquz baş külfətlə bu çadır – evdə nə edəcək… Həm də illər boyu… Bu barədə kifayətdir… “Arifə bir işarə bəs eylər.” Həm də şükür Allaha bu məsələ demək olar ki, ölkəmizdə həll olunub. Maddiyyətin o qədər də önəmli olmamasının bariz nümunəsi elə budur. Dünya bizə qədər də nə müharibələr, nə dağıntılar görüb… İndi bəh-bəhlə gedib gəzdiyimiz Avropa şəhərlərinin əksəriyyəti ötən yüz il ərzində neçə dəfə dağılıb, tikilib… Burda da yenə pis-yaxşı hamının evi oldu… O yerlərdən gələn mal-qara heç bir neçə ay da davam gətirə bilməyib, tələf olsa da insanlar yaşamağa davam etdilər… Ancaq necə?! Çadırlar, qaçqınlıq, köçkünlük nələri aldı bizdən?!

İTİRDİKLƏRİMİZ:

Yalnız bir kəndin (Ağdam rayon, Yusifcanlı kəndi) timsalında itirdiyimiz bir-neçə çox vacib dəyərləri Sizlər üçün sadalamağa çalışacam:
– Ən birinci ağayanalıq demək olar ki, əriyib getdi.
– İkinci bəlkə də min illiklər boyu formalaşmış ailə mədəniyyəti, ailədaxili intizam, böyük-kiçiklik yox oldu. Bu Sizə adi məsələ kimi görünə bilər, ancaq əslində çox ciddi problemdir ki, fəsadları artıq özünü göstərir. Ailədə ən azı beş – altı uşaq olanda böyük bacı, böyük qardaş münasibətləri çərçivəsində valideynlərə və ya valideynə elə də yük düşmür sonbeşikdən ailə başçısına qədər hər kəs öz yerini və işini bilirdi. İndi bir-iki uşaq olan ailədə bu qaydada təbii öz yerini tutma prosesi getmədiyinə görə valideynlər çox yüklənir, əziyyət çəkirlər. Uşaqlar isə normal təbii mühitdə böyüyüb inkişaf etmədiklərinə görə olduqca müxtəlif problemlər, hətta bəzən xəstəliklər (psixoloji) lə üzləşirlər.
– Üçüncü, bu artıq dəqiq minilliklər ərzində formalaşmış olduqca unikal Yazı – İlk Baharı qarşılama adətidir – Bahar bayramı, Novruz bayramı – biz ona “Qarqara çıxılan gün” deyirdik. Bu bir aydan artıq davam edən və sonda martın iyirmi birinci günü Qarqara çıxmaqla yekunlaşan olduqca möhtəşəm rejissoru da, aktyoru da kənd sakinlərindən ibarət olan möhtəşəm bir tamaşa idi… Bu barədə “Qarqara çıxılan gün” kitabında ayrıca yazılıb.
– Və nəhayət toy və yas adətləri…
Bütün maddi itkilərin yeri dolsa da, mənəvi sərvətlər bir dəfəlik yox oldu… Yaxın on il ərzində qayıtmaq mümkün olsa Bayram, toy, yas adətlərin bərpa etmək olar. Ancaq, daha gec olsa bu mümkün olmayacaq…

QAÇQIN-KÖÇKÜN OLMAQ NƏ DEMƏKDİR?!

Olduqca qısa yazmağa çalışdığım, bütün yuxarıda sadaladıqlarımın hamısı sonda yazacağım bir cümlənin tam səmimi olduğuna Sizi inandırmaq üçün idi. O cümləni yazmazdan əvvəl bir daha fikrimi əsaslandırmağa çalışacam. 2002 – ci ildən Bakı şəhəridə yaşayıram, heç vaxt maddi çətinliyim olmayıb (ümumiyyətlə qayıtmaqdan başqa həyata keçməmiş heç bir arzum yoxdur, şükür Allaha…) . Əvvəlcə bir müddət kirayədə, sonra isə öz evlərimdə yaşamışam. Bu müddət ərzində Bakı şəhəri, Yasamal rayonu daxilində üç dəfə evimi dəyişmişəm və hər dəfə yeni təmirli evlərə köçmüşəm. Tam şəraitli, bütün rahatçılığı olan evlər olub. Ancaq, o evin heç birində həyətimizdəki zoğal ağacının altında qoyulmuş taxtın üstündəki kimi bircə dəfə də olsun rahat yata bilməmişəm… Qaçqın-köçkün olmaq öz evində qonaq kimi yaşamaqdır… Evləri dəyişsən də, illər ötsə də bu hiss dəyişmir… Qayıdacağın günü gözləyirsən…


https://www.youtube.com/watch?v=YnzFQbsV_VA

QEYD:
Əziz oxucum, ilk öncə sona qədər həmsöhbət olub, bu sətirləri oxuduğunuza görə təşəkkürümü bildirirəm. Sonra isə Sizinlə ən məhrəm bir məsələni bölüşmək istəyirəm. Hərdən özümə təskinlik vermək üçün belə fikirləşirəm ; “a kişi elə bil ki, sən də cammat kimi kənd-kəsəyini qoyub köçmüsən Bakıya, yaşa də…” Ancaq, elə o andaca bir uğultu burğu kimi adamın beyninə işləyir; “axı elə deyil…”
22.07.2019. Bakı ş.


QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında İYİRMİ BİRİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda “Köçkün (qaçqın) Olmaq nə deməkdir?!”, “Ədalət”,23.07.2019, say: 125 (5589), s.6. dərc olunub.


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru