Kateqoriya arxivləri: ELDAR İSMAYIL BÖYÜKTÜRK

ELDAR İSMAYIL BÖYÜKTÜRK – XOCALININ DƏRDİ HARAY…

ELDAR İSMAYIL BÖYÜKTÜRK

XOCALININ DƏRDİ HARAY…
Ulu tanrı, hardan gəldi bəd xəbər?
Bəd xəbərə ürək dözsün nə qədər?
İç dünyamdan bir ah qopdu bu səhər,
Xocalının dərdi haray, ay haray!
* * *
Bu milləti qırdıran kim, qıran kim?
İgidləri kürəyindən vuran kim?
Bilinmirsə kim müttəhim, kim hakim…
Xocalının dərdi haray, ay haray!
* * *
Dağı-daşı sac içində qovruldu,
Böyük-kiçik tank altında qırıldı.
Xocalının külü göyə sovruldu…
Xocalının dərdi haray, ay haray!
* * *
Nə qocası, nə cavanı seçildi,
Qadınların qızıl qanı içildi.
Körpələri xəzəl kimi biçildi,
Xocalının dərdi haray, ay haray!
* * *
Bədən getdi, qol doğrandı, baş dindi,
Göz ovuldu, göy ağladı, yaş dindi.
Torpaq yandı, yurd dağıldı, daş dindi…
Xocalının dərdi haray, ay haray!
* * *
Zülmü görüb zaman təzdən qocaldı,
Xatın kəndi bu vəhşətə mat qaldı.
Öz dərdini unudaraq ün saldı-
Xocalının dərdi haray, ay haray!
* * *
Aman Allah, tufana bax, tufana,
Şəhər zülmət, toz qarışıb dumana…
Saçın yolub dad eləyir hər ana,
Xocalının dərdi haray, ay haray!
* * *
Belə sərgi sərməmişdi bu dünya,
Belə dövran sürməmişdi bu dünya,
Belə qırğın görməmişdi bu dünya!
Xocalının dərdi haray, ay haray!
* * *
Qayasına mən başımı qoyaram,
Torpağını al qanımla boyaram.
Dünya boyu sızıldayar bu yaram…
Xocalının dərdi haray, ay haray!
* * *
Xocalının dərdi bizə qalx! – deyir.
Düşmənləri süngüsünə tax! – deyir.
Qılıncını nərə çəkib çax! – deyir.
Xocalının dərdi haray, ay haray!
* * *
Bu harayda Allah eşqi olmalı!
Axan qanlar qan yaddaşı qalmalı!
Bu qisası əzəl-axır almalı!
Xocalının dərdi haray, ay haray!
İnsanların mərdi haray, ay haray!

Müəllif: Eldar İSMAYIL BÖYÜKTÜRK

ELDAR İSMAYIL BÖYÜKTÜRKÜN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru