
Qızıl kimi sözlər – dəyərli informasiya
(…hər şey olduğu kimi…)
Bir neçə dəfə yazmışam. Bu dəfə də yazıram ki, tanışlarımı narahat edib, xəbər, vəd göndərib onlarla mənim münasibətimi pozmayasınız. Çünki onların da sizinlə eyni dünyagörüşünün sahibi olduğuna, mənə hörmətləri olmadığına qane olub münasibəti minimallaşdırmaq məcburiyyətində qalıram:
- Əvvəlcədən yazılmış rəyin altına 50-100 manata qol çəkmirəm! Yox, “axmaq” deyiləm. İmzamı satmıram!
- Plagiat olduğuna dair şübhəm olan elmi işə rəyçi, opponent olmuram. Savadınız ilk kəlmənizdən hiss olunur. Kimin nəyi olmanız məni maraqlandırmır. Yox yenə “axmaq” deyiləm, sadəcə haram pul mənə lazım deyil.
- Kitablarımın heç biri satışda yoxdur. Kitablarımı satmıram, dəyər verib oxuyacağına inandığım insanlara imzalı şəkildə hədiyyə edirəm.
- Sifarişlə yazı yazmıram. Eviniz, maşınınız, vəzifəniz maraqlı deyil. Varınız özünüzə qismət olsun. Müəyyən məbləğ müqabilində tərif yazan və təqdimatlarda çıxış edən n qədər “alim” var. Çoxu da “gəncdir”. Buyurun dəvət edin. Mən “gələcəyini düşünməyən, vəzifə istəməyən adam” olaraq xoşbəxtəm. Azadam!
- Xoşuma gələn mətnin müəllifinin kimliyi, haralı olması maraqlı deyil. Mən həmin şəxslə ailə qurmuram, qohum olmuram ki, şəcərəsini araşdırım. Yazısında işıq varsa, fərqlilik varsa, plagiat deyilsə, mənə maraqlıdırsa yazıram.
- Kiminsə elmi yazısını xaricdə indeksli jurnallara təqdim etmirəm, çap etdirmirəm. Özüm də bu cür xidmətlərdən istifadə etmirəm. Ancaq öz yazılarımı çap etdirirəm. Bu cür işlərdən pul qazanmaq üçün istifadə edən alimlər var, onlara müraciət edin.
- Mən pulla kiməsə elmi iş yazmıram. Yazanlar var. Onlara müraciət edin. Allah xeyir versin!
- Mən poeziya, dram üzrə yox, nəsr üzrə mütəxəssisəm! Poeziyanı ancaq elmi işim tələb etdiyi məqamlarda ümumi mənzərəni göstərmək üçün təhlil edirəm.
- Poeziyanı sevirəm, xoşum gələn nümunələri görəndə bəyənirəm, paylaşıram. Bu həmin nümunələr haqqında yazacağım anlamına gəlmir. Oxucu kimi bəyəndiyimi göstərir.
- İnsanlara bütün hallarda hörmət və nəzakətlə davranmağı sevirəm. Yaşca böyüklərin hörmətini özəlliklə saxlayıram. Onların müəyyən sözlərinə, hərəkətlərinə yaşlı olduqlarına görə müəyyən həddə qədər gülümsəyə, tolerant yanaşa, yola verə bilirəm. Lakin qarşı tərəf kim olursa olsun həddini, qırmızı xətti keçəndə, davranışları mənim şərəf və ləyaqətimin, mütəxəssis kimi adımın ləkələnməsinə təhlükə yaradanda əlaqəni kəsirəm.
- Dəfələrlə “dədəboyu verdiyim” insanların “keçən dəfə elədim heç nə olmadı, bu dəfə də keçər” fikri yanlışdır. Mən müəyyən həddən sonra bağışlamağı bacarmıram! Kim olmanız önəmli deyil!
- Bu dostlara aiddir! Mənə “filankəs sənin haqqında belə dedi” xəbəri gətirməyin. Sizi dostluqdan silərəm. Səbəb: Dostum olsa idin sənin yanında mənim əleyhimə söz deməyə hünərləri olmazdı! Demək ki, sən də onlara “züy tutmusan”!
- Heç kəsdən asılı deyiləm, heç kəsdən qorxmuram. Dövlətimin vətəndaşı kimi onun təmin etdiyi iş yerində alnım açıq, üzüm ağ, savadım, bacarığım həddində çalışıram, vətənimə, dövlətimə layiq olmağa çalışıram.
- Bu yazıda kimisə nəzərdə tutmamışam. Gedib “özündən xoflu” adamlara “səni deyir” deməyin. Elə fikrim olsa birbaşa ad çəkərəm. Bu yazı müəyyən müraciətlərin qabağını kəsmək, “ünvanı səhv salanlara” məlumat vermək məqsədi ilə yazılıb!
Mənbə: Elnara Garagozova
Müəllif: Elnarə QARAGÖZOVA
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
AKİF ABBASOVUN YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru