Etiket arxivi: 28 May

Osloda 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir təşkil edilib

Osloda 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir təşkil edilib

Norveç paytaxtı Oslo şəhərində Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramı keçirilib.

Tədbirdə Azərbaycanın zəngin mədəni irsi, milli-mənəvi dəyərləri və dövlətçilik ənənələrini əks etdirən sərgi nümayiş olunub. Sərgidə dövlət rəmzləri, kəlağayı nümunələri, milli atributlar və Azərbaycan mədəniyyətini təcəssüm etdirən müxtəlif eksponatlar təqdim edilib.
Konsertin açılışında çıxış edən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin müəlliməsi və koordinatoru Gunay Aliyeva Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, xalqımızın müstəqillik ənənələrindən və bu dəyərlərin gələcək nəsillərə aşılanmasının vacibliyindən danışıblar.

Konsertin bədii hissədə milli musiqi və rəqs nömrələri təqdim olunub. Drezden Simfonik Orkestrinin solisti, Norveç Musiqiçilər Birliyinin üzvü,kamança ifaçısı Şəbnəm Hüseyn milli musiqilər və mahnılarla çıxış edərək tədbirin yüksək əhval-ruhiyyədə keçməsinə töhfə verib. Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri Arvin Balanji pianoda musiqi nömrələri ifa edib. Bəstəkar-pianoçu Arzu Rzayeva isə müəllifi olduğu əsərləri səsləndirib.
Rəqqaslar Əzizə İbrahimova və Səid İbrahimov konsertdə Azərbaycan milli rəqslərini təqdim edərək iştirakçılar tərəfindən böyük maraqla qarşılanıblar.

Konsertdə xanəndə Aytən Xakzadın ifasında muğam və xalq musiqisi nümunələri də səsləndirilib. İfa olunan musiqi nömrələri qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri də proqramda fəal iştirak edərək 28 May – Müstəqillik Gününə, Vətənə və dövlətçilik dəyərlərinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Tədbirin əsas məqsədi Norveçdə yaşayan Azərbaycan icmasının birliyinin və həmrəyliyinin daha da möhkəmləndirilməsi, Azərbaycan tarixinin, mədəniyyətinin və milli dəyərlərinin təbliği və 28 May – Müstəqillik Gününü qeyd etmək olmuşdur.

Qeyd edək ki, tədbir iştirakçılara Azərbaycanın müstəqillik tarixini, milli-mədəni irsini və dövlətçilik ənənələrini daha yaxından tanıtmaq baxımından mühüm əhəmiyyət daşıyıb.

Məlumatı hazırladı: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Qələbə dastanı

Şanlı Zəfərin beş illiyinə
QƏLƏBƏ DASTANI
(esse)
    Qələbə təkcə savaş meydanında qazanılan üstünlük deyil. Qələbə bir xalqın ruhunun ayaqda qalması, tarixinin unudulmaması, keçmişindən aldığı güclə gələcəyini qurmasıdır. Qələbə şəhid qanı ilə yoğrulan torpağın yenidən nəfəs alması, əsrlərlə sinəsində köz kimi qoruduğu haqqın gün işığına çıxmasıdır.
    Azərbaycan xalqı tarix boyu yalnız torpaq uğrunda deyil, haqq uğrunda savaşmış xalqdır. Bu torpağın daşında Babəkin üsyankar ruhu, Nəsiminin həqiqət sevgisi, Xətainin dövlət ağlı, Koroğlunun mərdliyi yaşayır. Zaman dəyişib, əsrlər ötüb, amma xalqın ruhu dəyişməyib. Çünki millətin gücü silahında yox, mənəviyyatında olur.
     Bu xalq heç zaman zülmə baş əymədi. Babəklər yurdunun hürr övladları əsarətə boyun əyə bilməzdi və əymədi. Nəsimi həqiqəti canından üstün tutdu. Xətai dövlət qurdu, söz yaratdı, kimlik yaratdı. O böyük ruhlar bir millətin qan yaddaşına çevrildi. Hər yeni doğulan övlad özündən əvvəlkilərin irsini daşıdı. Elə buna görə Azərbaycan əsgəri savaş meydanında heç zaman tək olmayıb. Ulu əcdadın müdrik və döyüşkən ruhu daim bu müqəddəs yolda onunla qoşa addımlayıb. Qələbə dastanını birlikdə yazıb.
     Qələbəyə gedən yol asan olmadı. Hər qələbənin arxasında göz yaşı var, səbir var, inam var. Vətən sevgisi yalnız dildə deyil, əməldə sınanır. Hər əsgər bir ailənin ümidi, bir ananın duası, bir xalqın güvən yeri idi. Onlar Vətən deyəndə sadəcə xəritədə görünən sərhədləri düşünmürdülər. Onlar uşaqlıq xatirələrini, ata ocağını, ana laylasını, baba məzarını, gələcək nəsillərin azad nəfəsini qoruyurdular.
     Müzəffər ordunun hər bir əsgəri böyük dastanın qəhrəmanına çevrildi. Çünki onlar yalnız silahla yox, inamla döyüşdülər. Onların ürəyində dövlətə sədaqət, millətə bağlılıq, torpağa sevgi vardı. Elə buna görə keçilməz görünən sədlər keçildi, əlçatmaz görünən zirvələr fəth edildi.
     Bu torpaq igidlər yurdudur. Burada ər sözü qiymətlidir. Burada vətən anlayışı müqəddəsdir. Bu xalqın övladı bilir ki, torpaq uğrunda ölən varsa, Vətəndir. Burada ocaq müqəddəs sayılır. Burada alov yalnız od deyil, həm də ruhun rəmzidir. Azərbaycanın odlar diyarı adlanması təsadüf deyil. Bu xalqın daxilində əsrlərdən gələn bir işıq yaşayır.
     Azərbaycanın gücü yalnız ordusunda deyil. Onun gücü müəllimində, şairində, alimində, kəndlisində, əsgərində, gəncində, ağsaqqalındadır. Bir xalq birlik göstərdiyi zaman qarşısında heç bir maneə dayana bilmir. Çünki birlik böyük qüvvədir.
      Şanlı Zəfərin beş illiyini qeyd etdiyimiz bu günlərdə qələbədən danışmaq yalnız keçmişi xatırlamaq deyil. Bu gün qələbədən danışmaq gələcəyə məsuliyyətlə baxmaqdır. Şəhidlərin əmanətini qorumaqdır. Tarixi yaddaşı yaşatmaqdır. Gənc nəslə kim olduğunu anlatmaqdır.
    Azərbaycanın tarixində çox igidlər olub. Dünən Babək vardı, Koroğlu vardı, Xətai vardı. Bu gün də onların yolunu davam etdirən qəhrəmanlar var. Çünki zaman dəyişsə də, Vətən sevgisinin mahiyyəti dəyişmir.
      Bu torpaq ozanlar yurdudur. Bu torpaq aqillər yurdudur. Bu torpaq qəhrəmanlar yurdudur. Bu torpaq zəfəri təkcə qılıncla deyil, ruhla qazananların yurdudur.
Qələbə bir son deyil.
Qələbə başlanğıcdır.
Qələbə xalqın özünə qayıdışıdır.
Qələbə Azərbaycanın adını tarixə yenidən qızıl hərflərlə yazan milli iradənin dastanıdır.
Bu dastanın adı isə birdir:
QƏLƏBƏ DASTANI.
05.11.2025. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Yol qeydləri və Zəfər yolu

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I