Etiket arxivi: Adilə Aslanova

İsmayıl Kazımov – Yaradıcılıq siması

Yaradıcılıq siması

(Adilə Aslanova. Otuzuncu vərəq (şeirlər və poemalar) Bakı, “Füyuzat”, 2026, 200 s.)

Tanınmış bölgə şairəsi Adilə Aslanova “Otuzuncu vərəq” şeir kitabı ilə ideya-estetik cəhətdən zənginləşdi, onun yaradıcılığı dil-üslub cəhətdən yeni keyfiyyətlər qazandı. Bununla da bədii ləyaqət səviyyəsinə yüksələ bildi və bu gediş həlledici estetik prinsiplərdən birinə çevrildi, şairə ömrünün deyil, bir xalqın taleyinin poetikası oldu. Adilə Aslanova bu kitabda sözün yükünü çiyinlərinə daşıyaraq həm qadın həssaslığını, həm vətəndaş mövqeyini, həm də milli yaddaşı eyni poetik müstəvidə birləşdirmək bacarığına sahib oldu. Bir poemasından götürülmüş “Otuzuncu vərəq” adı simvolikdir: Poema Aprel döyüşlərində, bayrağımızı Lələtəpədə ucaldan Vətən müharibəsi Qəhrəmanı, şəhid kapitan İsmayıl Səmədovun əziz xatirəsinə həsr olunmuşdur:
O, bayraq ucaldır Lələtəpədə, Böyük qələbəyə addım atılır.
İsmayıl bu döyüşlərdə düşmən arxasına keçir, uğurlu taktika və planla düşməni məğlub edir.
Ata və ananın, bütün kəndin intizarı, nigaranlığı poemada öz poetik əksini tapa bilmişdir.
Otuzuncu vərəq onun otuz yaşında şəhidlik zirvəsinə yüksəldiyini göstərir. O, bütün şəhidlər kimi, evdən getmədi, eldən getdi.
Bu fikir, ömrün yetkin çağının, düşüncənin yetkinləşmiş mərhələsinin, təcrübə ilə yoğrulmuş sözün ifadəsidir. “Otuzuncu vərəq”in baçlıca fikir xətti vətən sevgisi, itirilmiş torpaqlarının geri qaytarılması və tarixi yaddaşdır. Doğma Qarabağın incisi, dürü olan“Şuşa” şeirində tarixi şəhər coğrafi məkanlıqdan cıxaraq ruhun paytaxtına kimi tərənnüm olunur:
Nə olsun, çatmayır əllərim hələ,
Ruhum həsrət qalıb səntək gözələ
Bir vaxtlar armudun yaxşısını yeyən çaqqallardan indi Şuşa alındı. Şuşa burada daşdan və torpaqdan ibarət deyil – o, muğamın nəfəsi, sazın titrəyişi, qayalara əks olunmuş heykəllərin, şəhid ruhlarının dolaşdığı müqəddəs zirvədir. Şair dağıdılmış divarların fonunda sınmayan ləyaqəti göstərir. Şuşa ağrı-acıların içində ucalan qürurdur; işğalın kölgəsində belə sınmayan, parıldayan işıqdır.
“Xocalıya açılacaq bu sabah” şeirində kədərlə ümid yanaşı dayanır. Xocalı kədərin zirvəsidir, amma şair bu zirvədə dayanıb qaranlığı yox, açılacaq sabahı görür. Həsrət gözü Xankəndidən keçir, Əsgərana çatır, qızlar gəlin köçəcək. Burada açılaca sabah anlayışı həm metaforik, həm də tarixi məna daşıyır: ədalətin bərpası, həqiqətin tanınması, ruhların rahatlıq tapması. Şeirdəki emosional, ekspressiv gərginlik oxucunu təkcə kədərləndirmir, həm də ayağa, qaldırır, üsyana, intiqam almağa səsləyir.
“Azərbaycan, Zəfər Günün mübarək!” şeiri qələbəsi ilə ibrət verən həmin sabahın gerçəkləşmiş formasıdır. Burada poetik intonasiya dəyişir – kədərin yerini qürur, nisgilin yerini sevinc alır. Lakin bu sevinc pafossuzdur; şəhid xatirəsinə ehtiramla yoğrulmuş, təmkinli və ləyaqətli sevincdir. Şair zəfəri təkcə hərbi qələbə kimi deyil, milli ruhun dirçəlişi kimi təqdim edir.
Səndən deyir Oğuz eli, Türk eli,
Sən durultdun şalxalanan gyr seli,
Elə qoydun özün boyda heykəli,
Hər diləyim indi səndən keçəcək!
Azərbaycan, Zəfər günün mübarək!

“Azərbaycan Zəfər Günün mübarək!” şeiri vətənpərvərlik ruhunda yazılmış, Qələbə sevincini, milli qüruru və tarixi ədalətin bərpasını poetik dillə ifadə edən bir əsərdir. Şeirdə müəllif birbaşa Azərbaycana müraciət edir, onu təbrik edir və bu qələbəni xalqın birliyi, igidliyi və şəhidlərin qanı bahasına qazanılmış müqəddəs zəfər kimi təqdim edir. Təkrar olunan “Azərbaycan, Zəfər Günün mübarək!” misrası həm emosional təsiri artırır, həm də şeirin əsas ideyasını möhkəmləndirir.
Torpağını şəhid-şəhid qanatdıq,
Bağrımızda tunc heykəllər yaratdıq,
Bu ölkəni bayraq-bayraq ucaltdıq,
Daşında da göyərəcək gül-çiçək!
Azərbaycan, Zəfər günün mübarək!

Əsərdə Oğuz eli, Türk eli kimi ifadələrin işlədilməsi xalqın tarixi köklərinə, milli kimliyinə və mənəvi gücünə işarədir. Bu müraciətlər göstərir ki, qələbə təkcə bir günün hadisəsi deyil, yüzillərin yaddaşına, genetik yaddaşa söykənən bir gücün nəticəsidir. Şair xalqı “gur səsli”, “polad qollu”, “şir biləkli” kimi bədii təyinlərlə mənalandırır və bununla da “Dəmir yumruğ”un düşmən başını əzməsi obrazını ideallaşdırır.
Şeirdə zülmün keçdiyi, milyon-milyon ürəklərin bərkidiyi vurğulanır. Bu misralar xalqın uzun illər çəkdiyi ağrı-acını və səbirli mübarizəsini (Oğulları son şərbəti içəcək) əks etdirir. Zəfər ani deyil, ağır sınaqlardan keçərək qazanılmış bir nəticə kimi təqdim olunur. “Torpağını şəhid-şəhid qanatdın” misrası metaforik məna daşıyır və torpağın şəhid qanı ilə müqəddəsləşdiyini göstərir. Burada torpaq sadəcə coğrafi məkan deyil, müqəddəs dəyər, uğrunda can verilən amal kimi təqdim olunur.
Bayraq obrazı da şeirdə mühüm yer tutur. Bayrağın ucaldılması qələbənin rəmzi kimi verilir və milli suverenliyin bərpasını ifadə edir.
Bu gün milli bayrağımız dünyanın 180-dən çox müstəqil dövlətinin bayrağı ilə bir sırada dalğalanmaqdadır. Ümumilikdə, şeir emosional, çağırış xarakterli və yüksək pafoslu üslubda yazılmışdır. Əsərdə vətən sevgisi, şəhidlərə ehtiram, qəhrəmanlıq və birlik ideyası əsas xətti təşkil edir. Şeir Zəfər gününü yalnız tarixi hadisə kimi deyil, milli dirçəliş və mənəvi yüksəliş mərhələsi kimi təqdim edir.
“Otuzuncu vərəq”də qadın obrazı xüsusi yer tutur. “Qadın, saz, kəfəni cırdım Şah misram” ifadəsi poetik baxımdan çoxqatlıdır. Qadın burada zəiflik deyil, dirənişdir. Saz – milli kimlik və yaddaşdır. “Kəfəni cırmaq” isə taleyə boyun əyməmək, ölümü inkar etmək, yenidən doğulmaq deməkdir. Şair qadını həm ana, həm vətən, həm də sözün özü kimi təqdim edir. Onun qadını ağlamır, sınmır, əksinə, misraya çevrilərək dirilir. Aşıq Qurbanidən yadigar qalan “Bənövşə” şeirində qadın həssaslığı zərif təbiət obrazı ilə vəhdətdə götürülür. Bənövşə torpağa yaxın bitir, amma ətri uzaqlara yayılır. Bu, təvazökar, lakin güclü qadın xarakterinin simvoludur. Şair incəliyin içində gizlənən gücü ustalıqla açır.
Şairin lirik məramı, əqidəsi: “Şair olmaq asan deyil” şeiri kitabın ideya mərkəzlərindən biridir. Burada müəllif şairlik missiyasını açıq şəkildə ifadə edir. Şair olmaq – yanmaqdır, alışmaqdır, deyilən fikrin məsuliyyətini dərk etməkdir. Şair cəmiyyətin vicdanıdır və bu vicdanı qorumaq ağrı yükdür. Misralarda həm daxili ağrı, həm də qürurlu mövqe hiss olunur. “Kədərimi sevdim” və “Ağlar” şeirlərində müəllif kədəri fəlsəfi səviyyəyə yüksəldir. Kədər mənəvi yetkinlikdir. Şair kədəri ilə barışır, onu qəbul edir və hətta sevir. Çünki bu kədər onu formalaşdıran, saflaşdıran, insan edən duyğudur.
“Etməyim” şeirində isə daxili hesabat, özünə müraciət var. Bu, insanın vicdanı ilə qurduğu dialoqudur. Şair burada özünə sərhəd qoyur, mənəvi prinsiplərini müəyyənləşdirir.
Gecə və sükutun poetikası: “Bu gecə” şeirində gecə obrazı düşüncənin, tənhalığın və daxili aydınlanmanın məkanıdır. Gecə burada qaranlıq deyil, əksinə, sükutun içindədoğulan həqiqətdir. Şair gecənin səssizliyində öz ruhunun səsini eşidir. Bu şeir kitabın emosional ritmini yumşaldır, oxucunu düşüncəyə aparır.
Üslub və poetik xüsusiyyətlər: “Otuzuncu vərəq”də dil sadə, lakin məna yükü dərindir. Obrazlar və aydın və simvolikdir. Şair təmtəraqlı ifadələrdən qaçaraq səmimi və təsirli üslub yaradır. Vətən, qadın, kədər, zəfər, gecə kimi mücərrəd anlayışlar poetik sistem daxilində bir-biri ilə əlaqələndirilir və bütöv ideya məkanı formalaşdırır.
Kitabın əsas gücü səmimiyyətdədir. Burada pafosdan çox həqiqət, şüardan çox yaşanmışlıq var. Şair hər misrada həm fərdi taleyini, həm də kollektiv yaddaşı danışır.
“Otuzuncu vərəq” milli ruhun, qadın iradəsinin və şair məsuliyyətinin bədii ifadəsidir. Bu kitabda Şuşanın qüruru, Xocalının harayı, zəfərin sevinci, qadının gücü və insanın daxili kədəri bir araya gəlir.
Adilə Aslanovanın bu şeir kitabı göstərir ki, söz yalnız yazılmır – yaşanır. Və otuzuncu vərəq əslində bir son deyil; bu, yeni başlanğıcın, oyanışın və yaddaşın əbədi davamının poetik işarəsidir.
Adilənin şeirlərində şəhidlər vətənin bayrağını uca tutur, ölümün gözünə dik baxır, ölümün üzünə sillə vurur:
Adilənin şeirləri düşüncədən yaranır. Məncə, bu düşüncənin yükü xalqın – şairin oxucusunun və yaradıcısının taleyindən, əndişəsindən ibarətdir. O, şair olmağın çətinliklərindən danışır:
Birdən beynin çönüb gedər,
Şeirə, sözə salar meyil.
Vallah, ağlın çimdik qədər,
Şair olmaq asan deyil…
Burda şairin bədii konteksti mənaların əlaqəsini əyaniləşdirir. Adilə yüksək, mücərrəd düşüncəyə çatmaqdan ötrü ən əlaqəsiz görünən şeylər, hadisələr arasında da əlaqə tapmağa çalışır, müqayisələr aparır; Adilənin öz dili ilə desək, bu yaşda yazdığım şeir kənd yolları kimidir: əyri-üyrü, toz-torpaqlı, ayağı palçıqlı, min illərdir çatları dolmayandı, özündən başqa heç bir kimsəsi olmayandı…
Adilənin bədii nitqində mövzu əhatəsi və obrazlar aləmi ilə şərtlənən nisbi ifadə sistemi mövcuddur. Onun bir şeirindəki bir ştrix-ifadə digər şeirinin də başlıca motividir, yəni mətləbi heç özü də bilmədən davam etdirir. Hiss olunur ki, həmin motivlənmə onun ideya-mövzu və obraz-ifadə səhnələrinin daxili birliyindədir. Bu vəhdət onu yeknəsəqlikdən çıxara bilir.
Adilə hələ şagird dəftərinə vaxtilə gizlində yazdığı şeirləri sevinclə tərənnüm edir. Bu misralar onun ilk nəğməsi, ilk ürək çırpıntılarıdır; bunlar həzin bir uşaqlıqdan qalan xatirədir:
Ruhumdan süzülüb gələn harayım,
Kədərim, nisgilim, sevgi, eşq payım,
Kərpic-kərpic hörüb, quran sarayım,
Şagird dəftərində qalan şeirlər.
Adilənin şeir dilində ən güclü bədii təzadlar dünyagörüşlərin ayrılığı üstündə qurulur. Buna görə də həmin təzadlar aforizm kimi səslənir.

Müəllif: İsmayıl Kazımov,

filologiya elmləri doktoru, professor

ADİLƏ NƏZƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Otuzuncu vərəq” işıq üzü görüb – Təbrik edirik!

YAZILMAYAN MƏKTUBLARIN KİTABI
(“Otuzuncu vərəq” kitabına ön söz)

Adilə Aslanın poeziyası yazılanlardan çox, yazılmayanların yükünü daşıyır. Bu şeirlər məktub kimi qələmə alınır, amma göndərilmir; səssiz etiraflar, yarımçıq qalan cümlələr, içdə saxlanan suallar şəklində oxucuya çatır. Onun şeirləri uzun illərdir ədəbi saytlarda, mətbuatda dolaşır və oxucusunu tələsik deyil, səbirli şəkildə tapır. “Üşüyən şeirlər”, “Ləpələrin göz yaşı”, “Son görüş”, “Sənsən alınmaz qalam” kimi kitabları göstərir ki, bu poeziya təsadüfi duyğu partlayışlarından yox, davamlı daxili müşahidədən doğur. Payız, gecə, işıq və qaranlıq kimi obrazlar şairin daxili dünyasının, qadın taleyinin və psixoloji gərginliyin metaforalarıdır; o, ağrını bəzəmir, hissi olduğu kimi, sərt amma dürüst saxlayır.
“Otuzuncu vərəq”i oxuduqca bu qənaətə gəldim ki, o, heç həyata dair ümidlərini, şəxsi arzularını da şüara çevirmir, onlara səs-küy salmadan yol açır. Buna görə də, onun poeziyası yormur, insanı öz olduğu və olmalı olduğu halına qaytarır.
“Gəlmir” şeiri kitabın psixoloji yükünü açıq şəkildə ortaya qoyur. Burada insan öz hisslərini “ütüyə salmaq” istəyir, amma alınmır. Şeir iradə ilə hissin toqquşmasıdır.

Elə qarışıb ki, fikrim, qərarım,
Ha sığal çəkirəm, ütüyə gəlmir.
Qətləmi yetirim duyğularımı?
Neyləyim, əllərim tətiyə gəlmir.

…İlahi, baş qoydum soyuq qiblənə,
Qədər, qismətimlə təsliməm sənə,
As məni ruhumdan, yerbəyer elə,
Nə qədər Əzrayıl qapıya gəlmir…

Əllərin tətiyə gəlməməsi qorxaqlıq deyil, içində ağlı, inancı, ümidi ilə hələ də insan qalmağı bacaran adamın halıdır. Şeirin sonundakı Əzrayıl gözləntisi isə ölüm arzusundan çox, yaxasını buraxmayan həyatın yüküdür.

“Bənövşə” şeiri ana səsi, qadın təcrübəsi və həyat dərsinin sintezidir. Burada bənövşə bir çiçəkdən daha çox kövrək qadın obrazıdır.

…Aldanıb fəsilə, düşərsən qara,
Dünya sən gördüyün deyil, bənövşə.
Boynubükük görüb salarlar tora,
Nə güvən, nə də ki əyil, bənövşə.

…Çox qalıb bahara, çox qalıb yaza,
Kövrək qanadların düşər ayaza,
Yer vermə yanında ruhu dayaza,
Aman ha, salarsan meyil, bənövşə.

Şeir vaxtından tez böyüdülən qızlara ünvanlanıb. “Çox qalıb bahara, çox qalıb yaza” misrası burada həm bioloji, həm də psixoloji zamanın altını cızır. Şair demək istəyir ki, hər şeyin öz vaxtı var. Kövrək qanadların ayaza düşməsi erkən məsuliyyətin, yarımçıq uşaqlığın, vaxtsız qadınlaşmanın və ya qadınlaşdırılmanın metaforasıdır. “Ruhu dayaz”lar burada bir az da bu prosesi sürətləndirən mühitə işarədir. Yeniyetmə qızlar üzərində təzyiq yaradan, onları tələsdirən, aldadan mühitə qarşı işlənmiş ifadədir. Şairin “Aman ha” deyə xəbərdarlıq etməsi artıq fərdi duyğu yox, ictimai həyəcan siqnalıdır. Bu misralar göstərir ki, qadın olmaq tələsik keçilən mərhələ deyil, vaxtsız yaşanan hər bahar sonradan həyatın uzun, bəzən də heç bitməyən qışına çevrilə bilər.
Adilə Aslanın bəzi şeirləri sualla başlayır və cavabsız qalır. “Heç sevgi şeiri yazmısanmı, qız” sanki bir etirafın sorğusudur. Burada romantik sevgi hissi yoxdur, duyğular imtahan kimi təqdim olunur. Sevgi obraz üçün ağrı-acıdandan keçib-keçmədiyini ölçən bir tərəzidir.
Qəbir daşları, ruhların göz yaşları, qarğışlar və s. sevginin ucuz olmadığını göstərir. Şeir sual verir, amma bu sual əslində müəllifin özünə yönəlir.

…Təbib gəzmisənmi, ruhun “ölən”də?
Həsrət dilim-dilim səni böləndə,
Nəmli biləyinlə gözün siləndə,
Biraz da içinə sızmısanmı, qız?!

…Nə sən deyən deyil, nə də mən deyən,
Zamanın təkəri deyil ləngiyən,
Sən ki o deyilsən, dönən, təngiyən,
Uzat əllərini, buzmusanmı, qız?!

Bəndlərin son misralarındakı sual-təzyiq bir sınaq kimi qurulur. Burada şair qızı sınağa çəkir, onun dözümlülüyünü, hisslərini ölçür. Bu məqam birbaşa “Dədə Qorqud” filmindəki Beyrəyin nişanlısını sınaması səhnəsini xatırladır. Şair sualla həm sarsıdır, həm də qadının özünü kəşf etməsinə imkan yaradır; bu suallar sadəcə səsləndirilmir, mətnin içində ruhu titrədən mənəvi rezonansa çevrilir.
Kitaba ümumilikdə nəzər salsaq görərik ki, əksər şeirlərin mərkəzində bir obraz dayanır: darıxan, inciyən, yorulan, bəzən şıltaqlaşan, bəzən də üsyan edən dəli bir qız. O qız məktub yazır, amma göndərmir, qatar gözləyir, amma minmir, sevgini düşünür, amma adını da çəkmir. Çünki bu kitabda əsas olan qoyulan problemin, işlənən məsələnin həlli deyil, sadəcə yaşanılan haldır.

Adilə Aslanın poeziyası sevinc, kədər, ümid, yol, təcrübə və duyğunun transformasiyası ilə bağlı çoxşaxəli səslərdən ibarətdir. Oxuculara dəfələrlə düşünmək, hiss etmək və yenidən qayıtmaq hissi verir ki, bu da poeziyanın yaşayan, dəyişən ruhunu göstərir. Belə ki, kitab yalnız iç dünyanı deyil, ictimai, siyasi və sosial sınaqları da əks etdirir. “Qarğa və bülbül”, “Eşşəyin arzusu”, “Kaftar və Ceyran”, “Qurbağa və Qu quşu” adlı təmsillər bunun üçün əla vasitədir. Məsələn, “Kaftar və Ceyran” xarakterləri, vəzifə sahiblərini, bəzi üzdəiraq məmurların məsuliyyət və zorakılığını simvolizə edir. Kaftarın müştəbeh, qüsursuz görünmək cəhdi ilə Ceyranın qorxu və ehtiyatı güc və zəiflik, haqsızlıq və vicdan dilemmasını üzə çıxarır.

…Axtardı əyalətdə
“İşin bilən” heyvanı.
Gəzdi dağı, qayanı,
Gözü tutdu Ceyranı.
Utanıb qızarmadan
Tərif düzdü yan-yana.
Bir gün də lap Şahzadə
Adın qoydu Ceyrana.

…Çırpdı qapını Ceyran,
Az qaldı tavan uça.
O ağılsız Kaftarın,
Arzusu çıxdı puça…

Şeirlərlə paralel olaraq, bu təmsillərdə mənəvi yük dözüm, daxili güc mövzusu dominantdır. Kaftarın həris arzusu ilə Ceyranın səbr və müdrikliyi zorakılıqla vicdanı qarşı-qarşıya qoyur və göstərir ki, eqo və zor gücü davamlı deyil, haqqın yolu gec-tez üzə çıxır. Bundan əlavə, təmsillər kitabı uşaq və yeniyetmələr üçün də cəlbedici edir. Onlara qətiyyət, dözümlülük, ədalət, ağıllı qərar vermək kimi daxili keyfiyyətləri, vacib dəyərləri öyrədir.
Kitabın adı ilə eyniləşən “Otuzuncu vərəq” poeması Vətən müharibəsinin qəhrəmanı, şəhid kapitan İsmayıl Səmədovun xatirəsinə həsr olunmuş poetik salnamədir. Əsər müharibənin insan talelərində açdığı ən ağır və eyni zamanda ən şərəfli səhifəni bir qəhrəmanın ömür yolu üzərindən təqdim edir. Poemanın adı İsmayılın yarımçıq qalan ömür kitabının ideya xəttini cəmləyən əsas mətnlərdən biri kimi çıxış edir. Poemanın ilk hissəsində İsmayılın dünyaya gəlişi bir nəsilin bayramı kimi təqdim olunur: “Gəlişin nəsilin təntənəsiydi, /

Baba İsmayılın özü doğuldu.” Kəndçi əlləri, halal süfrə, ocaq obrazları ilə müəllif şəhidin təmiz ictimai və mənəvi kökə sahib olduğunu vurğulayır. Burada ana obrazı xüsusi olaraq ideallaşdırılır: “Ananın el boyda böyüklüyü var.” misrası Azərbaycan poeziyasında ana arxetipinin – səbir, ailə yükü və müqəddəslik rəmzinin uğurlu ifadəsidir.
İsmayılın hərb yolunu seçməsi isə taleyi yox, özünün şüurlu qərarı idi. Qəhrəman hələ döyüş başlamamışdan işğal ağrısını öz içində daşıyır. Ali Hərbi Məktəb, xüsusi təyinat, sınaqlar onun əsl döyüşə qatılmaq üçün bərkimə mərhələləridir.
Poemanın ən lirik, ən işıqlı qatlarından biri toy və ailə səhnələridir. Müəllif burada oxucunu bilərəkdən rahatladır, çünki bu işıq qarşıdakı qaranlığın bədii kontrastıdır: “Tarixə çevirdin bu toy-düyünü, / Sevdiyin telli saz, zurna səsiylə.”
Poemada İsmayıl ləyaqətli hərbçi olduğu qədər övladlarını sevən ata, yaxşı ər kimi də təqdim olunur. Bu detal şəhid obrazını ideallaşdırmaqdan çox, onu oxucuya insani ölçüdə yaxınlaşdırır. Bu xoşbəxtliyin qısa olması isə əvvəlcədən hiss etdirilir: “Daha olmayacaq belə toplanış.” misrası poema boyunca dolaşan faciəvi önsezinin açıq ifadəsidir.
III–IV hissələrdə poema epik ritm qazanır. “YAŞMA”, Hadrut, xüsusi tapşırıqlar – real döyüş detallarının verilməsi mətni sənədli-poetik müstəviyə çıxarır. Ali Baş Komandanla dialoq isə İsmayılın fərdi qəhrəmanlığını dövlət miqyasında tanıdır.
Poemanın finalı klassik ağı deyil. Burada fəryaddan çox qürur var: “Şəhid evdən deyil, eldən gedəndi” fikri İsmayılı şəxsi itkədən milli dəyərə çevirir.
“Otuzuncu vərəq” poeması kitabın ideya xəttini cəmləyən əsas mətnlərdən biri kimi çıxış etdiyindən, kitab da adını məhz bu poemadan alır.
“Onu özün tap” poeması Xalq Şairi Bəxtiyar Vahabzadənin xatirəsinə yazılıb, əsər şeirin və poematik ənənənin zamanla davamlılığını göstərir. “Çanaqqalam” poeması isə Çanaqqala zəfərinin 110 illiyinə ədəbi töhfə olaraq yazılsa da, tarixə, konkret olaraq Çanaqqala savaşına diqqət çəkir, oxucunu tarixi qələbənin gerçəkləri, mənası və ruhu ilə tanış edir.
Poemalar şeirlərin və təmsillərin yaratdığı dünyanı genişləndirir; onların dərinliyi və tarixi ağırlığı ayrıca diqqət tələb edir.
Beləliklə, kitabdakı şeirlər fərdi hisslərdən kollektiv yaddaşa uzanan, keçmişlə indini birləşdirən poetik məkan yaradır. Adilə Aslanın şeirləri qadınlıq duyğusunu və daxili səsi sakit, amma təsirli şəkildə ifadə edir və müasir qadın poeziyası axınında özünəməxsus yer tutur. “Otuzuncu vərəq” oxucunu düşünməyə, hiss etməyə və yaşananları içdən anlamağa dəvət edən səssiz məktublar kimi çıxış edir.

Müəllif: Adilə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

ADİLƏ NƏZƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Gecikmiş ismarış” haqqında vaxtında yazılmış resenziya

İSTEDADLA ZƏHMƏTİN BƏHRƏSİ
(“Gecikmiş ismarış” kitabına ön söz)

Yaradıcılıq mənəvi laboratoriyadır. Yaradanın möcüzəsi sayılan şüurlu insanın beyninin bəşəriyyətə gərəkli fikir, fantaziya, düşüncələri ilə təxəyyülün, istedadın və ilham “bulağı”nın büllur suyunun vəhdətindən – “reaksiya”sından doğulan ilahi duyğular bu zəngin mənəvi laboratoriyanın insanlıqla bərabər yaşayacaq tükənməz “məhsul”larıdır.
Poetik dünyasına bələd olduğum şair (söz adamının kişisi, qadını olmur), yazıçı Adilə Aslanovanın “laboratoriya”sında dünyaya gələn mənəvi övladları sırasında hekayələrin, esselərin də olduğunu biləndən sonra onun lirik dünyasının bütövlüyünü “kəşf” etdim.
Söz adamının fikir dünyasını püxtələşdirən, cilalayan istedad və zəhmətdir. Bunlara anamız təbiət də öz nəvazişli əli ilə sığalını çəkəndə daha mükəmməl nümunələr yaranır. Məhz təbiət də sevimli övladı Adilə xanımdan istər maddi, istərsə də mənəvi heç bir gözəlliyi əsirgəməyib. Qədim-qayım, şərəfli tarixin, ecazkar təbiətin və zəngin mənəviyyarlı insanların birgə yaşayıb-yaratdığı, gözəlliklərlə süslənmiş Zaqatala torpağının qoynunda doğulan Adilə Aslanovanın ədəbi dünyasına səyahət edənlər mənim subyektiv fikrimlə razılaşarlar. O, həm də mənəvi dünyası ilə insanlara örnəkdir.
Bir az xaoslu, boz-bulanıq – əksəriyyətin yazar olmaq üçün əldən getdiyi, isedadlıların abır-həya edib arxaya çəkildiyi çağdaş ədəbi mühitdə şeirləri, poemaları, hekayələri, esseləri ilə özünəməxsus yaradıcılıq yolu olan, yeni sözü, düşüncəsi, müşahidə qabiliyyəti, həm də mənəvi xüsusiyyətlərinə görə geniş oxucu auditoriyası qazanan Adilə xanım uğurlu sozə tamarzıların görüşünə bu dəfə hekayələri və esseləri ilə gəlib.
Onunla vaxtaşırı görüşməyə, sosial şəbəkələrdə ədəbi söhbətlər etməyə, qısa zaman kəsiyində hal-əhval tutmağa macal tapandan sonra hər dəfə dünya şöhrətli yazıçı Çingiz Aytmatovun bir deyimini xatırlayıram: “İnsan olmaq üçün ən çətin şey hər gün insan olmaqdır”. Adilə xanım belə – həmişə arayıb-axtarmalı insanlardandır.
O, məhsuldar qələm sahiblərindəndir. Üç övlad böyüdüb boya-başa çatdıran, cəmiyyət, xalqımız üçün gərəkli insan yetişdirən, həm də pedaqoq kimi gələcəyimizin minlərlə qurucularını tərbiyə edən, özünin Vətən sevgisini onlara sevə-sevə aşılayan Adilə xanımın istirahət yeri yazı masasıdır. Onu da deyim ki, məhsuldarlıq onun əsərlərinin məna yükünü heç vaxt azaltmır.
Adilə xanımın mənsub olduğu “Gözəloğlular” nəsil ağacının – şəcərəsinin qoruyucu mələyi “mama” haqqındakı kövrək və həzin duyğulara bələnmiş sənədli hekayəsində gerçək qəhrəman el ağbirçəyi, mərhəmət və xeyirxahlıq mücəssəməsi, Zaqatalanın Lahıc kəndində açılan mədrəsənin ilk qız məzunu, dünyagörüşü, biliyi ilə örnək olan “mama” – Ayşaxatın Orucova ehtiramla xatırlanır.
Adilə xanım azadlıq, müstəqillik, Vətənin bütövlüyi, hünər aşiqidir. Bütöv Türk-Turan dünyasının şanlı və şərəfli qəhrəmanlıq tarixi, milli mənəvi dəyərlər onun yaradıcılığının ana xəttidir. Birinci və İkinci Vətən Müharibəsində igidlərimizin Vətən sevgisi, özündənrazı super güc dövlətlərin həsəd apardığı, dünya hərb tarixinə, dərsliklərinə düşən döyüş taktikası, əzmi, rəşadəti, cəsarəti haqqında çox əsərlər oxumuşuq. Ancaq “Bilinməyən “MƏN” sənədli hekayəsində və “Altıncı şəhid” hekayəsində cərəyan edən hadisələrə müəllifin baxış prizması, hekayənin təhkiyəsi, kövrək ürəyin çırpıntıları, şəhidlərə ana, bacı, Azərbaycan xanımı yanğısı düşündürücüdür, səmimidir, yaddaqalandır.
Zaqatalanın qoca Qafqazın cənub ətəklərinə sığınan Lahıc kəndində doğulan gündən İsmayıl Səmədova “Dədə” kimi şərəfli titulu verən bir çox qohum-əqrəbası yanılmamışdı. Ancaq İsmayıla bütün Azərbaycan xalqının zirvə kimi baxacaqlarını, onunla qürur duyacaqlarını bəlkə də gözləmirdilər. Bəli, lazım gələn anda Vətən oğullarının qeyrət damarındakı qan coşur, nəslin, el-obanın, xalqın üzünü ağ, başını uca edir. Yazıçının təbiriylə desək, “İsmayıl dünyaya qəhrəman olmaq üçün gəlmişdi”. O, bir müqəddəs yola çıxmışdı: Heydər Əliyev adına Hərbi Məktəb, Xüsusi Təyinatlı Hərbi Qüvvələrin kursu, Dağçılıq kursu, “Kəşfiyyatçı aviasiya tuşlayıcısı” ixtisasına yiyələnmə, “Dəmir adam” yarışması, kapitan rütbəsi, Aprel döyüşləri, cəbhədə döyüş dostlarının “Leopard”, mənfur düşmənlərin “Məğlubedilməz canavar” ləqəbləri, Hadrutda son döyüş, “Böyük Vətən Müharibəsi Qəhrəmanı” kimi şərəfli ad, bir çox medallar bu yolun ayrı-ayrı mərhələləriydi.
Bu gün qəhrəman İsmayılın evində onun iki yadigarı böyüyür – Nurgül və Mehdi. Bəli, Mehdi Hüseynzadəyə kumiri kimi ehtiram göstərən İsmayıl oğluna Mehdi adı qoymuşdu. İndi Vətənin qəhrəman oğullarının evində gələcəyin Mehdisi – Mixaylosu böyüyürsə, düşmən bu xalqın qarşısında həmişə diz çökəcək.
İsmayıl Səmədov həm də Adilə xanımın “Otuzuncu vərəq” poemasının qəhrəmanıdır – ömür kitabının 30-cu vərəqində Vətənin azadlığı və bütövlüyü uğrunda canını fəda edən İsmayıl.
“Altıncı şəhid” hekayəsində müəllif yaxın 30-35 illik tariximizlə çağdaş dönəmin vəhdətini böyük ustalıqla fikir süzgəcindən keçirib. 1992-1993-cü illərdə quduz tamahın quluna çevrilib düşmənin dəyirmanına su tökən yerli qüvvələrin Qarabağ və onun ətrafındakı kənd və şəhərlərdə yaşayan əhalinin yurd-yuvasından didərgin salınmasında canfəşanlıq etməsi, kəndlərimizin boşaldılması, didərgin insanların keçirdiyi hisslər ürək ağrısı ilə təsvir olunub. Hekayənin qəhrəmanı altıncı şəhid uşaqlıqdan maddi sıxıntıya görə bir çox istək və arzularına həsrət qalıb. Xalid Hüseyninin “Çərpələnguçuran” romanındakı bir cümlə çoxdan yaddaşıma həkk olunub: “Əfqanıstanda uşaqlar var, uşaqlıq yoxdu”. Kəndlərinə gələn köçkün ailənin uşağının velosipedini götürüb gedən, heç olmasa bir neçə saat velosiped sürməyin ləzzətini yaşamaq istəyən gənc Fazilin hərəkətini heç kim qınamır. Yazıçının mərhəmətli təxəyyülü və kövrək təhkiyəsi hətta balaca Fazilə haqq qazandırır. Adilə xanım uşaq kişiliyini, qürurunu oxuculara elə çatdırır ki, elə uşaqların böyüyəndə düşmən tapdağı altında qalan torpaqlarımızı azad edəcəyinə şübhə yeri qalmır. Belə millətin nümayəndəsi olduğumuza görə fəxr edirik:
“Ertəsi gün Fərman dayı bizə gəldi. Kişi xəcalətdən pörtmüşdü. Başını bulaya-bulaya atamdan üzr istədi. Sonra da:
– Velosiped bizdədir, axşam Fazil özü gətirəcək, – dedi. – Gündüz gətirsə kimsə görər, utanar deyə, uşaq dedi ki, axşam aparacam. Udquna-udquna əlavə elədi, – kasıbçılığın üzü qara olsun, bala, tay-tuşları sürür deyə o da istəyir…
Atam Fərman dayıya:
– Bax, Fərman, qoy o velosiped olsun Fazilin. Mən qardaşıma deyərəm, gələndə birini bizim uşağa alıb gətirər. Bax, de ki, gətirməsin ha…
Fərman dayı razılaşmadı.
Axşam Fazil sakitcə onu gətirib həyətə qoyub, utandığından gözə görünməyib getmişdi”.
“İnad” hekayəsindəki cəfakeş, övlad yolunda canını fəda etməyə hazır olan Zəminə ana Azərbaycan analarının nümunəvi obrazıdır. Milli ruhumuzun önəmli cəhətləri – böyüyün sözündən çıxmamaq, bacı-qardaş sevgisi ilə ailə quranda ata-ana xeyir-duasını nəzərə almamaq kimi xüsusiyyətlər çox incəliklə birləşdirilmiş hekayə bu günkü gəncliyə öyüd-nəsihət, ibrətdir.
Ailə toxunulmaz, fətholunmaz qaladır, deyiblər. “Gecikmiş ismarış” hekayəsinin valideyn sevgisinə həsrət gənc qəhrəmanı Billurun taleyi və onun hərəkəti əslində yazıçının da, Billurun da bəşər insanının laqeydliyinə üsyanıdır. Valideynlərin məsuliyyətsizliyi, müqəddəs vəzifə borcunu eyş-işrətə qurban verməsi təkcə Billurun deyil, insanlığın faciəsidir. Müdriklərimizin sonrakı peşmançılıq fayda verməz deyimini niyə unuduruq? Unutqanlıq faciələrə doğru qanlı-qadalı yoldur, itkidir, göz yaşıdır, azadlığa həbsxana barmaqlıqları arasından baxıb köks ötürməkdir.
“Çəlikli qız” hekayəsi məni təkcə duyğulandırmadı, həm də düşündürdü. Nə düşündüm, niyə düşündüm? Bir azdan deyəcəm. Saf və səmimi sevgi hisslərini yetərincə dəyərləndirməyən, avtomobil qəzasına məruz qalmış, sağlamlığını itirmiş çəlikli qızı – sevgilisi Əsməri gendən görəndə ondan uzaqlaşan Ərşadın sevgi hekayəsi gənclərə həyat dərsi olsaydı, indiki ailə münasibətlərinə bu qədər sağalmaz çatlar düşməzdi. Dərindən düşünməyimin səbəbi nəydi? Ərşadın yerində olsaydım görəsən nə edərdim? Mən də qaçıb canımı çəlikli sevgilimdən qurtarardımmı? Yaxud… Çətin sualdır, elə deyilmi? Ancaq Birinci Vətən Müharibəsində iki gözünü itirib dünya işığından əbədi məhrum olan, qayıdanda nişanlısına onu unutmağı, daha üz-üzə gəlməməyi təkid edən, xoşbəxt olmağı arzulayan hörmət etdiyim insana sevgilisinin sadiqliyi və onların daha mükəmməl məhəbbəti, ailə ocağında üç oğul böyütməsi insana böyük və ali mətləbləri anladır. Yəni, “eşq özünü fəda etməkdir” (İbn Ərəbi).
Qarşısına çıxan maneələri dəf edib qarşılıqlı sevgisinə qovuşmaq üçün özündə cəsarət tapmayan aşiqə – “Son görüş” hekayəsinin lirik qəhrəmanına təəssüf və özünü bağışlamamaq qalır:
“Həmin vaxtdan keçən yeddi il ərzində, Habil hər Novruzda onların qəbri üstə gəlir, məzarları üstə nərgiz gülləri düzür, qayıdıb birbaşa Moskvaya uçurdu. Artıq alimlik dərəcəsi almış, qızı Sevda orda yaşayan azərbaycanlı ilə ailə həyatı qurmuşdu. Bir oğlan nəvəsi vardı, adını da Fərhad qoymuşdu. Özü isə həyat yoldaşından çoxdan ayrılmış, tənha yaşayırdı.
İndi onun itirdiyi xoşbəxtliyinin günahkarını axtarmaq üçün kifayət qədər vaxtı vardı…”
Adilə xanımın başqa hekayələrinin və esselərinin məndə yaratdığı ovqat haqqında təəssüratlarımı bölüşmək fikrindən uzağam. Sözsevərlərə də düşünmək, ibrət götürmək, nəticə çıxarmaq, fikirlərini bölüşmək imkanı yaratmaq həmişə yazılarımın məqsədi olub. Başqa oxucuların, onun yaradıcılığını izləyənlərin də fikri Adilə xanım üçün də önəmlidir.
Adilə xanım anadır, nənədir, dövlətçiliyə sadiq xanımdır, həm də insan psixologiyasının dərin qatlarına varmağı bacaran təcrübəli pedaqoqdur. Mənə elə gəlir ki, onun ədəbi uğurlarında bunların böyük rolu var.

Müəllif:  VAQİF OSMANLI

araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist

VAQİF OSMANLININ YAZILARI

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

VAQİF OSMANLI – “ÜŞÜYƏN ŞEİRLƏR”İN İSTİSİ

RƏFAİL TAĞIZADƏ, ADİLƏ ASLANOVAVAQİF OSMANOV


“ÜŞÜYƏN ŞEİRLƏR”İN İSTİSİ

Onun yenicə işıq üzü görmüş “Üşüyən şeirlər,…” kitabındakı poetik duyğularını ələk-vələk eləməyə başlayandan az sonra məşhur rus ədəbi tənqidçisi V.Q.Belinskinin bir fikrini xatırladım. Onun yeni kitabında nəzmə çəkilən mətləblər Belinskinin fikirləşdiyi kimidir: “Poeziya həyatı bir imkan kimi yaradıcı surətdə yenidən yaratmaqdır”…
O da yaradır. Bu yaradıcı insanın lirik düşüşüncələrini, həyata, ömrə, mənəvi dəyərlərə münasibətini cilalayan məqamlardan, bəlkə də birincisi doğulduğu, yetkinləşdiyi, fəaliyyətdə olduğu mühitdir.
Şair, yazıçı, pedaqoq, dövlət idarəetmə orqanlarında müxtəlif vəzifələrdə işləyən Adilə xanım Aslanova Azərbaycanın ecazkar – Yaradanın ovqatının ən xoş vaxtında yaratdığı bir guşəsində – axarlı-baxarlı, qızılgül ətirli, qoca Qafqazla qol-boyun dayanan, müxtəlif etnoslara qucaq açan vüqarlı, məğrur, Adilə xanımın təbiriylə desək, “kiçik Paris”də – Zaqatalada dünyaya göz açıb. Onun Zaqatalası da bir obrazdır, “dağa söykənən şəhərdi, bir əzəmət heykəli”dir.
Həmişə düşünmüşəm ki, Vətənimizin ən mərhəmətli, qayğıkeş, tolerant insanlarının yaşadığı ərazilərindən öndə gedəni Şimal-Qərb bölgəsidir. Orada yaşayanların insansevərliyi buna əyani sübutdur. Çoxları dünyanın cənnət yerlərini Alp dağlarının ətəklərində, Balkan yarımadasında axtarır. Zaqatalanı görənlərin gözündə Alp dağlarında gördükləri mənzərələr adiləşir. Zaqatala elit şəhərdi – insanları, təmizliyi, saf havası və suyu, həyatverici təbiəti, min nemət yetirən torpaq-bitki örtüyü ilə.
Sadaladığım bu dəyərlər Adilə xanımın şəxsiyyətinin və poetik dünyasının mükəmməlliyində özünü bariz göstərir. O, duyğularını özününküləşdirməyi bacarır, sözlərdən özünəxas, təkrarsız nümunələr yaradır. Səmimilik hər misranın yükünü artırır, sözə can verir, sözsevərləri sözün sehrinə salır. Ayrı-ayrı şeirlərdən ayrıntılara diqqət edək:

Gecə tərin tökür nəm şüşəmizdə…
Küçə ayağına dar olmadı ki?!.
Məzar daşı kimi soyuq əllərim…
Yuxular gecənin dəm qonağıdır…
Ürək dönüb indi qəbir qazana…
Ağlayan daşlardan yer atlaz olur…

Belə nümunələri çox seçmək mümkündür. Lirik düşüncələri orijinaldı. Hiss olunur ki, həmişə axtarışdadı. Uğurlu sözü tapanda ağuşuna alır, sevinir, özü olur, mənəvi övladıdır axı.
“Üşüyən şeirlər,…”in redaktoru və ön sözün müəllifi qazi zabit, şair, esseist, publisist Rəfail Tağızadə yazır: “Adilə xanımın şeirlərində elə məqamlar var ki, ordan sakitcə keçə bilmirsən, şeir, fikir səni tutub saxlayır. Adilə Aslanova hansı mövzuya əl atırsa, orda özünəməxsus nümunə yarada bilir. Oxucu onun şeirlərindəki sadəlikdən həzz alır. Darıxmır, yorulmur”.
Adilə Aslanovaya görə “Vətən çəhrayı bələkdən başlayr!”. Uğurlu bənzətmə, tapıntıdır. O, vətəndaşdı, vətənsevər söz adamıdı. Vətən dar gündə olanda kədərlənən, ona hayan olmağa çalışan, şad günündə uğuruna sevinən el, oba, yurd Vətən qızıdı. “Azərbaycan, Zəfər Günün mübarək”, “Azərbaycan əsgəri”, “Yaşayan şəhid”, “Xocalıya açılacaq bu sabah”, “Torpağım şəhid-şəhid”, “Şuşa” və digər şeirlərində onun bir gözü gülür, o birisi göz yaşı tökür. Sevinir ki,Vətən oğlu “qələbəylə ibrət verdi düşmənə”. Sevinir ki:

Öz halal torpağına
Yad quş da səkə bilməz!
Sən varsan, azadlıq var,
Bu yurdun qeyrətini
Heç vaxt yad çəkə bilməz!
Sən mənim torpağımın
Şanı, fəxri, hünəri,
Azərbaycan əsgəri!

Kədərlənir ki:

Sağ qalan şəhidlərin,
Ayaqları, qolları,
Görən gözü asılıb
Şəhid məzarlarından!
Dil açmamış körpəmin,
Müəmmalı baxışı,
Gələcək sualları,
Donub, asılı qalıb,
Şəhid məzarlarından!

Həyat başdan-başa müəmmadı, sirdi, sehirdi, labirintdi. Bu burulğanların, keçilməzliklərin caynağında kimsə bu gününü alqışlayır, kimsə də qarğış atəşinə tutur. Bu təzadların içində yaşamaq, əlbbəttə, asan deyil. Kimi şükranlıqla yaşayır, kimi də ömrünə, gününə, ömür-gün yoldaşına lənət oxuyur. Adilə xanım lirik qəhrəmanı qadının hər halını duyur, anlayır. Çünki həyatın sınaqlarından halıdır, anadı, nənədi, ləyaqətli Türk xanımıdı. Ona görə də həmcisinin durumunu başa düşür, sözlə ifadə edir:

Yaxında qonşu qadın
Ərini qarğıyırdı.
Tənha qalan bir qərib –
Dul gəlin ağlayırdı.

Küçədə “xoşbəxt” itlər
Kimə gəldi hürürdü.
Kif basmış boz ümidlər,
Küçələrdə ölürdü.

Onun lirik qəhrəmanlarından çoxu qadındı – “solğun tellərinin boyası gedən, əyilə bilməyən, sına bilməyən, küskün taleyilə abır həyasına, soyuq kədərinə qısılan qadın, ötmüş qatarından sarsılan qadın”. Bu hissləri fenimizm kimi, qadın təəssübkeşliyi, gender bərabərliyi axtarışı kimi anlamayın. Adilə xanım daha geniş əhatəli, daha bəşəri düşünür. O, harda zorakılıq, zülm, ədalətsizlik varsa ordadır, hansı cinsin nümayəndəsinə qarşı qeyri-humanist münasibət görsə, sakit dayana bilməz. Söz adamı həm də haqq-ədalət tərəfdarı, zamanın, insanın nəbzini tuta bilən, dəqiq ölçən barometr olmalıdır. Adilə xanımın bir qanunu var: sözə könül verən kəs nə “yazırsa, yaxşı yazmalıdır”. O, “qüruru məhbəsdə həbs olan qadının” daxili dünyasındakı təlatümləri görür:

Içindən qaynaıb, içindən daşan,
Payız gözlərindən selə qarışan,
Ruhuyla ağılı qoşa yarışan,
Özünün oduyla qarsılan qadın.

Adilə Aslanova söz adamı kimi qarşısına bir məqsəd qoyub – “ömrün çətin düyünlərini açmaq”. Ona görə də “qanqalı da tər bənövşə qoxuyan” ömrün “zəhərini də şərbət bilib içmək” cəsarətindədi. Həm də mərhəmətlidi, “körpü salır” ömrün “həsrətindən, acısından”. Ancaq o körpü “Sirat deyil, tez ol, yüyür, keç görüm” düşüncəsi ilə bəşər övladını qorumaq istəyindədi. Bu qayğının, yanğının, humanistliyin vəhdətində bir ömür boyu “mən” axtarır. O aliliyi, əzəməti, mükəmməliyi tapır və sözə çevirir. Uğurlu söz axtarışları zamanı həmişə özüylədöyüşdədir, hər an özünə hesabat verir:

Möhtəşəm olurmuş sevilən kədər,
Varlığı təsəlli, yoxluğu əzab.
Fəsillər dövr edib dəyişən qədər,
Ürəyim ağlımla çəkir haqq-hesab.

Bəli, o təkcə sevincə aşiq olmur, kədərini də sevir, müqəddəsləşdirir. Dərin düşüncələr içində üzüağ ömrünü ələk-vələk edir, adilikdən uzaq sevgisinə, yəqin ki, özü də təəccüblənir:

Sevdirir insanı ruhu, nəşəsi,
Mən öz kədərimi sevdim, İlahi.

Onun sevdiyi kədər işıqlıdır, doğmadır, həyatvericidir, həniri heç vaxt azalmır.
İgid odur ki, kədərini də sevsin, özü də:

Dərdi qoyub cibinə,
Xərcləməyə gedəsən.
Gərək dərd sevəndə də,
Ən gözəlin sevəsən…

Adilə xanımın sevgi hissləri də möhtəşəmdi. “Qara oğlan” şeiri ilə özəl həyatının acısını, şirinini, həsrətini, vüsalını, xoşbəxtliyini, səmimi, şirin xatirələrlə limhəlim dolu ömrünün anlarını qələmə alır. “Sarışın qızın poetik düşüncələri həm həzindi, həm də hay-haraylı. Oxuyanı düşünürük ki, lap bizim ömrümüzün müxtəlif ovqatlı anlarıdır. “Qaşın altdan baxıb, sevgilisinin ruhunu özüylə aparan, sarışın qızın qaranquş qəlbini söküb talayan, gözəllər dalınca dönüb axmayan” qara oğlandan nigaran sarışın qız o qara oğlanla birgə ömrünün qırx ilini arxada qoyub. Məmməd Arazın bir misrası yadıma düşdü: “Bu da belə bir ömürdü, yaşadım”. Adilə xanım da ərkyana: “məni qınamağa nə var ki, ömrüm, bilmirəm bu necə, necə ömürdü” pıçıldayır. O da, o qara oğlan da yaşadılar, bir ömrü çiçəkləndirdilər, bəhərləndirdilər, nəvələrlə varlandırdılar. “Etiraf” şeirinin lirik qəhrəmanları da həmin sarışın qızdı, həmin qara oğlan, sarıbənizin “sevdiyi, seçdiyi cavan oğlan”. Onlar bir isti ailə ocağının qurucularıdır.

Söz aldı, söz verdi dədə babamız,
İsindi evimiz, güldü yuvamız,
Bizləri yaşatdı üçcə balamız,
Nəvələr dırmanır divara, oğlan!

Lap bir gün əcəl gəlsə,
Qorxma!
Yan-yörənə buraxma!
Məni özünlə saxla!
Səni mənsiz aparsa,
Görəcəksən ordayam!

Adilə Aslanova lirik qəhrəmanının doğum gününəgöndərdiyi ən dəyərli hədiyyəsinə həsəd aparmamaq olmur: “qədəhinə şeir süzüm”. Şairin sözdən qiymətli bəxşişi olmaz ki?! Başqa bir hədiyyəsi “kriminal” olsa da çox orijinaldı: “hər şeirimdən bircə sətir oğurladım”. Belə unikal oğurluğu söz qədrini bilənlər edər. Bir də şairin poçtxanası çox oprativ işləyir, “sovqatımı göyərçinin ayağına bağladım”. Belə baratı hamı gözləyib – qanıqaynar vaxtı.
Doğrudan da şair olanın ürəyi adi deyil. Belə qeyri-adiliklərdən ədəbiyyat yaratmaq isə qat-qat qeyri-adilikdir. Bunun üçün çırpınıb coşan, çarpışan ürək gərəkdir. Əbu Turxana gərə, ədəbiyyat – əbədiyyəti ana, anı əbədiyyətə çevirir. Adilə xanım da lirik qəhrəmanının doğum gününü əbədiyyətə çevirir. Lirik qəhrəmanına ən ümdə mənəvi varlıq – ümid də göndərir:

Süfrənizdə bir yeri boş qoyarsan,
Üzbəüzə, səninlə tuş qoyarsan,
Boşqabıma bir az da aş qoyarsan,
Bir də gördün, gəldim özüm, bağışla.

O, məsuliyyətlidir, yazdığı hər misraya cavabdehdi, etiraf edir ki, şair olmaq asan deyil. Şair olmaq üçün gərək “tay olasan bənövşəyə”. Dürlü-dürlü fikirlər onun təxəyyül süzgəcindən keçib sız incilərinə çevrilir. Bununla belə özünə qarşı çox qəddardır: “Mənə şair deyirlər, deyiləm, Allah haqqı!”
Adilə Aslanova inamlıdır:

Mən içib Arazın suyunu bir qurtuma,
Ayaqyalın qaçacam, o mübarək yurduma!

O, əqidə sahibidir, amalı, məsləki birdi. Qəlbi yad hisslərin, üsyan yeridi. Bu qəlbin “qapısında gecələyir, şanı hörüb beçələyir, öldürmür ey çiçəkləyir ağrılar”. Ağrılar əlahəzrət sözün qidasıdır.

Sevdiyim! Gəl incimə,
Hər nə istəyirsən, de,
Bircə mənə “Ay” demə.
Mən ona
tay olmaq istəmirəm!
Hər gecə bir şəkil alan
Ay olmaq istəmirəm.

“Şagird dəftərində qalan şeirlər”, “Görüş yeri”, “Kəndçi qız”, “Şəkillər”, “Sənə şeir yazıram”, “Səndən nigaranam”, “Bu gecə” və digər bədii nümunələrdə lirika ilə nostalgiya bir-biri ilə elə ülfət yaradıb ki, bu iki şirin duyğunun dadından doymaq olmur, bu şirinliyə düşənlər ordan çıxmaq istəmir, körpələşir, xatirələr qucağında süd qoxulu körpəliyinə dönür. “Çit donlu, xəyalları aşıb-daşan tələbə, incə, sarıbəniz kəndçi qız”ın obrazı nəinki Adilə xanımın, artıq mənim də gözümün qarşısından çəkilmir, Adilə xanım onu mənə də doğmalaşdırıb. “Qoynunda qolları çarpaz, bükülü” qız uzaq-uzaq illərdən boylanır, bizi də o günlərə səsləyir. İndi o qız da, biz də sarışın qızın qarşısında lal-dinməz dayanıb suala dönürük. Belə saflığa baş əyməmək olmur.
Adilə Aslanova başdan ayağa şeir adamdı:

Hardasa bir ulduz uçur,
Qonur qərib şeirlərə.
Yapışmışam ətəyindən,
Görüm nə vaxt çırpır yerə…

“Nağıl bilək dünyanı” şeiri gerçəliklə xəyalların gerçək nağılıdı. Şair xanım arzularının, xəyallarının quşqonmaz sərhədlərini aşıb real dünyasına qayıtmaq üçün mücadilədədi. Narazıdır ki, “düşüncəmiz Cırtdan olub, kiçilib, nənəmizin arpa aşı bişmir, “siçan bəylər” xan evində kefdədi”. Acgöz məmurlar (divlər) “çevirib dünyamızı zindana, tələsirik işıq gələn tərəfə”. Ancaq işığın qarşısını kəsən Təpəgözlərə gücümüz çatmır. Elə bu an nəhayət Adilə xanımın mübariz təxəyyülü dadımaza çatır. Doğrudan da dünyanı, insanı mübariz ruh xilas edəcək:

Koroğlular qılınc beldə gələcək,
Keçəl Həmzə yad atından enəcək,
Div deyilən əməlində yenəcək,
Qarşılayın!.. Atlarımız kişnədi.

Onun “şeirləri ürək kimidir” – həssas çırpıntıları, yaşantıları ilə, onun “şeirləri pətək kimidir” – sözə vurğunların zövqünü balladır. Onun şeirləri nazlıdı, kövrəkdi – bənövşə kimi, kükrəkdi – şəlalə kimi, hürkəkdi – həsrətdən bağrı yanan lalə kimi. Onun “sevgi dünyası bir tilsimdi, pünhandı – sevgi dünyası kimi, onun şeirləri “uşaq kimidir – sakitcə ağlayır”, qəhqəhə çəkib gülür. Onun şeirləri özünün özüylə haqq-divanıdır – “burda qırğını var ruhla ağılın”. Onun şeirləri “təpədən dırnağa özü kimidir – həmişə özü özünü varaqlayır”. “Qəlbində dil açmış sözləri qaldığından Simurğun qanadlarına qonub ruhunu göylərdə gəzmək, şeir heykəli qurmaq istəyir”. Şeir heykəli qurmaq istəyənlərə sözə dəyər verənlər ürəklərində əbədi və əzəmətli heykəl ucaldırlar. Ancaq Adilə xanım yenə “narazı”dı. Onu şair doğmadığı üçün anasını “qınayır”. Bəli, əsl şair odur ki, həqiqi şair olduğunu boynuna almır. Bu da söz adamının aliliyidir. “Niyə məni şair doğmadın, ana” şeiri Adilə xanımın həyat manifestidir, fəlsəfəsidir:

Niyə məni şair doğmadın, ana?!
Şairlər bir az da kədərdən yazır.
Mən də azdırardım qəm, kədərimi,
Yaxına qoymazdım heç qədərimi.
Iblisə, şeytana qəbir qazardım,
Yolundan didərgin salardım, ana!

Məni niyə şair doğmadın, ana?!
Şairlər dünyanın söz qılıncıdır.
Qılınc götürərdim, sipər çəkərdim,
Dünyanın qəlbinə ümid əkərdim,
Pisliyi, nifrəti xeyrə yozardım,
Sonra kürəyimə alardım, ana!
Bəlkə də, lap şair olardım, ana!

Adilə Aslanovanın şeirləri Vətənin “boynuna taxılan göz muncuğudur”…
Onun lirik dünyası gözəlliklər məskənidir – ilahi sözün sehrindən yaranıb…
Onun “ümidi kainatı qucan sevgi qədərdi”…
Özü də hələ böyüməkdədi – təzə doğulan şeirləriylə. Hələlik “yarımçıq şeir”inin şah misrası boydadı”. Şah misralar çoxaldıqca mənəvi anasını da böyüdəcək…
“Kənddən gələn və kəndinə qayıdan (hər iki anlamda) sarışın qız “arxalı köpəkləri” lirik dili və duyğularıyla susdurmaqdadır…
Onun “üşüyən şeirlər”inin istisində qızındım, yeni şeir-insan tapdım…
02.06.2024

ADİLƏ ASLANOVANIN YAZILARI

RƏFAİL TAĞIZADƏNIN YAZILARI

VAQİF OSMANOVUN YAZILARI

Hörmətlə: VAQİF OSMANOV

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ADİLƏ ASLANOVA – XATİRƏLƏRİM.

ADİLƏ ASLANOVANIN YAZILARI

SAHİLİMDƏ
Elə çırpılmısan, dəli dalğatək,
Qoparıb atmısan, öz sahilimdən.
Didib – parçalayıb qayalıqları,
Ümman yaratmısan, söz sahilimdə.
* * *
Səsinin rəngi var qulaqlarımda,
Dəniz suyu axır damarlarımda,
Bir sənsən, bir dəniz, yoxum, varım da,
Məşəl yandırmısan buz sahilimdə.
* * *
Çox uzaqlıqların addımındayam,
Hazıram gözümü ovcumda yuyam,
Hərdən əllərini oğurlayıram,
Bir az isindirim, köz sahilimdə.
* * *
Ruhların şıltağı, dəlisi olur,
Gahdan buz bağlayır, ağrısı olur,
Bütün dənizlərin gəmisi olur,
Batmaq istəmirsən, üz sahilimdə…

XƏYAL YOLUM
Bir ömür xəyal yolum
Uzandı sənə sarı.
Dəfn etdim qəlbimdəki,
Ən pünhan arzuları.
* * *
Ürəyim daşa döndü,
Oldu gözəl başdaşı.
Gəl indi bütün ömrü,
Gözlərində yaş daşı.
* * *
Cavabsız sualların,
Yoxdur başqa çözümü!
Tapmadım dar ağacı,
Səndən asdım özümü!

XOŞBƏXT
Bilirsən , kimdir xoşbəxt?!
Layla üstə doğulub,
Boylananda arxaya-
Soy- kökünü bilən kəs!
* * *
Bilirsən, kimdir xoşbəxt?!
Zamanı qucaq- qucaq,
Gözlərində güldürüb –
Dolusunca görən kəs!
* * *
Bilirsən, kimdir xoşbəxt?!
Tapmadığı sevginin,
Hər ağrısı, acısı –
Ürəyində sönən kəs!
* * *
Bilirsən, kimdir xoxbəxt?!
Ürəyi çırpınanda,
Tövşüyüb evə qaçan,
Dönüşünün sevinci –
Gözlərinə dolan kəs!
* * *
Bilirsən,kimdir xoşbəxt?!
Yalançı xoşbəxtliyi,
Heç kəsə göstərməyib,
Ancaq özü olan kəs!
* * *
Bilirsən, kimdir xoşbəxt?!
Əlin halal ruzisi,
Süfrəsində gül açan,
Oturub şirin- şirin,
Tikəsini bölən kəs!
* * *
Daha sual vermirəm.
Tanıyıb Allahını ,
Anası namaz üstə,
Əli göydə qalan kəs!
* * *
Azlı – çoxlu ömrünün
Bitmiş məzar daşında,
“Ailəsindən xatirə”,
Yazısına çevrilib,
Məzarı da gülən kəs!
* * *
Əsir düşmüş Vətəni,
Al – qırmızı qanıyla,
Parçalanmış canıyla,
Yağısından alan kəs!
Bağrımızın başında,
Tunc heykələ dönən kəs!
* * *
Bir də.. bir də…qoy deyim!
Bu həyata gəlişi ,
toy- bayrama çevrilən,
Mələk kimi doğulub-
İnsan kimi ölən kəs!

SEVİNC ÜÇÜN
Bir damla sevinc üçün,
Yuxum oldu bir çimir.
Sənin həsrət yağışın,
Gözlərimdə dincəlir.
* * *
Düşmə gözümdən barı ,
Kipriyimdə qalarsan.
Qarışıb yağışıma,
Ürəyimə dolarsan.
* * *
Bir yaşıl yuxu kimi,
Qəlbim açıq qalıbdı.
Həyatın sarı simi,
Öz ritmini çalıbdı.
* * *
Cüt atılıb tək düşən,
Bir sapandın daşıyıq.
Ovucumda gizlənən,
Kədər adlı daşı, yığ!
* * *
Mən “Həyat bilgisi” ni,
Beşə bilib, üç aldım.
Gözümü biləyimlə,
Silə – silə qocaldım!
Gözümü biləyimlə,
Silə -silə qocaldım!

XATİRƏLƏR
Dolan bulud olub xatirələrim,
Külək qova bilmir, yağış yağdıra.
Tanrı dərgahında qalıb əllərim,
Tək onun gücüdür , məni qaldıra.
* * *
Zaman üstümüzdən çəkib əlini,
Yoxluğu özümdən soyuda bilim.
Xəzəl arzuları , ümid selini,
Kövrək duyğularla ovuda bilim.
* * *
Payız ümidlərin əlindən qaçıb,
Sabaha açılan dünənmişəm mən.
Hərənin sözünü boyuna biçib,
Dünyanın heçinə güvənmişəm mən.
* * *
Mən hardan biləydim, payız əllərim,
Yayda qara dönüb, üşüyə bilər.
Mən hardan biləydim Kürü, Xəzəri,
Sərçə dimdiyində daşıya bilər.
* * *
Dolan bulud olub xatirələrim,
Külək qova bilmir, yağış yağdıra.
Tanrı dərgahında qalıb əllərim,
Tək onun gücüdür, məni qaldıra..

Müəllif: Adilə ASLANOVA

ADİLƏ ASLANOVANIN YAZILARI 


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏBRİK EDİRİK!

Adilə Aslanova– yazar.

Bu gün Zaqatalada yaşayıb-yaradan əsl ziyalı, gözəl xanım, şair Adilə Aslanovanın doğum günüdür! Şad günü münasibəti ilə yazarlar adından onu təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Adilə xanım!!!

ADİLƏ ASLANOVANIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Adilə Aslanovanın şeirləri

Adilə Aslanova – yazar.

PAYIZ
Gözəllik, təntənə, qızıl taxt, saray,
Çıxmısan taxtına, şahmısan, payız?!
Mən ki, sevməmişəm səni heç zaman,
Bəs niyə ruhuma hopmusan, payız?!
* * *
Sevən könüllərin toyu, büsatı,
Qızıla döndərib vaxtı, saatı,
“Murad” dediyimiz o köhlən atı,
Səyirdib arxamca çapmısan, payız!
* * *
Bahardan uzaqsan, yaydan uzaqsan,
Bir az nisgillisən, bir az sazaqsan,
Öz qızıl taxtından düşmə uzaq sən,
“Fil qulağında”mı yatmısan, payız!?
* * *
O dağ zirvəsindən əzəmət gətir,
Sevən urəklərə mərhəmət gətir,
Təzə meyvələrdən yığ, səbət gətir,
Yoxsa köhnələri atmısan, payız!?
* * *
Durub qabağından qaça bilmirəm,
Durna qatarıyla uça bilmirəm,
Nə sirrdir, sehirdir aça bilmirəm,
Məni qabağına qatmısan, payız!
Deyəsən ruhuma hopmusan, payız!

QARDAŞ
Zaman qəlpə- qəlpə sökür hamını,
Dizi üstə çökmək, yamandı qardaş!
Hərlədib, fırladıb elə yıxır ki,
Sanırsan gözündə dumandı, qardaş!
* * *
Dünən yığışardıq hamı bir evə,
Daha ələ düşməz belə girəvə,
İndi canımıza düşüb vəlvələ,
Böyük saraylar da zindandı, qardaş!
* * *
Təndirin iyinə kənd bürünərdi,
Nənəm nehrə töküb, yağ əridərdi ,
Süfrəyə şor qoysaq,bal görünərdi,
İndi çörəyimiz yavandı, qardaş!
* * *
Qonşunun dərdini qonşu bilərdi,
Tapıb dərmanını , əlac edərdi,
Qonşu biri gəlib, biri gedərdi,
İndi qonşular da düşmandı, qardaş!
* * *
Yığılıb oynayan şirin oyunlar ,
İndi oyunçunu özü aldadar,
Qovula-qovula mərd namərd olar,
Həqiqət nə yaman yubandı, qardaş!
* * *
Nə qədər uzatsan, uzanar dünən,
Sözdən də bezməsin oxuyan, bilən,
Bir az dodaq büzüb, bir az da gülən,
O dünya qorxulu yalandı, qardaş!

GƏLMƏ OLDUĞUN YERƏ
Səni elə aradım, kitabın varağında,
Açılan çiçək idim, kəpənək sorağında…
Daha gəlməz o fəsil, bir gəlin duvağında,
Xəyallar uydururam, hər gecə cürbəcürə,
Gəlmə ki, aldanarsan, gəlmə olduğun yerə…
* * *
Hər aydınlıq gecədən bir zərrə işıq düşdü,
Payız qəhqəhə çəkdi, nə uğursuz gedişdi,
Fikrim durna köçünə qoşulubdu nə işdi?
Yenə öz havanı çal, nəhs gətirmə ömürə,
Qoşul, külək səmtinə, gəlmə olduğun yerə…
* * *
Zamana ölçü olmur, qurulmayan saatda,
Hey qaçdım arxasınca, mən piyada, o atda,
Çox aldatdım özümü, cəhənnəmlə, ” sırat” la,
Günahı çidarlayıb, bağlamışam zəncirə,
Batarsan günahıma, gəlmə olduğun yerə…
* * *
Çəkə bilsən yükümü, dəyişək yerimizi,
Ətəyindən uzunsa, tutmayaq əlimizi,
Qay Allah bağışlasın, ən böyük səhvimizi!
Axtarma bundan belə, yalvarıram min kərə,
Axı özün burdasan, gəlmə olduğun yerə…

YAŞAYAN ŞƏHİD
(…bütün qazilərimizə ithaf edirəm…)
Sənə nəğmə qoşuram, gücü çatmır qələmin,
Ölümə həyat qatıb, canda daşıyan şəhid!
Qanı da, vətən olub axır damarlarında,
Ölümün pəncəsindən, qopub yaşayan şəhid!
* * *
Bəlkə də, əl – ayağı harda qalıb, bilməyir,
Bəlkə itən gözünü yolda salıb, gülməyir,
Ruhu sağ qalanların, itirdiyi ölməyir,
Məkkəyə, Mədinəyə, Pirə oxşayan şəhid!
* * *
Qəlpəli sinəsinə çəkilmişdı yaman dağ,
Şəhidimiz baş tacı, qazimiz zirvəli dağ,
Bizə ərməğan etdiz, bağrıyanıq Qarabağ,
Dar gündə , vətən deyib elə qoşulan şəhid!
Ölümün pəncəsindən, qopub yaşayan şəhid!

ŞEİRLƏR
Ruhumdan süzülüb gələn harayım!
Kədərim, nisgilim, sevgi, eşq payım!
Kərpic- kərpic hörüb, quran sarayım!
Şagird dəftərində qalan şeirlər!
* * *
Üzünə baxmağa utanır üzüm,
Siz mənim ilk nəğməm, ilk ürək sözüm!
Qürura sığınıb bükülü, büzüm,
İçindən dağılıb, solan şeirlər!
* * *
Kəlməsi zamantək məsum misralar,
Baxdıqca qəlbimi min hala salar,
Ağlımı, huşumu, başımdan alar,
Həzin bir xatirə olan şeirlər!
* * *
Gizlində yazılıb ünvan tapmayan,
Həyatın dadını heç çıxartmayan,
Üzülü əlləri kama çatmayan,
Həyası içinə dolan şeirlər!
* * *
Hər sətir içindən bir tənə baxır,
Kövrək hislərimi yandırır, yaxır,
Dəyişən zamantək süzülüb axır,
Gerçəyə dönərmi, yalan şeirlər?!
Gerçəyə dönərmi, yalan şeirlər?!

GƏLİM
Xatirə soraqlı izdi dönüşüm,
Gözümü yollara, qoy asım gəlim!
O vaxt bizi sevən bağça- bağların,
Qəhər kəndirini , qoy kəsim gəlim!
* * *
Hanı xan çinarlar, salxım söyüdlər!?
Qara kölgəsində, ağ düşüncələr,
Yollar havalanıb, ayaqdan düşər,
Görməsin izimi, qoy qısım gəlim!
* * *
Bəlkə son sevincim, son həyəcanım,
Ümidsiz səhərim, dolan axşamım,
Qorxuram, bu yollar qaraldar qanım,
Tozunu bağrıma, qoy basım gəlim!
* * *
Göyərir içimdə səssiz hıçqırıq,
Bulud, gözlərimdən düş, qırıq -qırıq,
Bəlkə durnalardan gəldi muştuluq,
Bir əsim yel kimi, qoy əsim gəlim!
* * *
Bir qatar fitinə açılsın səhər,
Çəkilsin ağlımdan boz düşüncələr,
Çətin ki, biryolluq gedənlər gələr,
Qorxuram özümdən, qoy susum gəlim!

“NAĞIL BİLƏK DÜNYANI”
(…qarışıq dünya fonunda düşüncələr…)
Şair dedin, “nağıl bilək dünyanı”,
Nağıl bildik, göydən alma düşmədi.
Düşüncəmiz “Cırtdan” olub, kiçildi,
Nənəmizin arpa aşı bişmədi.
* * *
Məlikməmməd qartal kimi şığıyır,
Tıq-tıq xanım özünə dost arıyır,
Göyçək Fatma saçlarını darıyır,
“Siçan bəylər” xan evində kefdədi.
* * *
Div çevirib dünyamızı zindana,
Ha deyirsən, nə anlaya , nə qana,
Qadir Allah qoyma bizi yamana,
Bilməsin ki, özü şeşi-beşdədi.
* * *
Tələsirik işıq gələn tərəfə,
Çatacağıq div oturan hədəfə,
Tanrı qoymaz haqq olanı tələfə,
O divlər də, nağıl kimi heç nədi.
* * *
Yaz gəlsə də ellərimə qar yağır,
Göydən gələn pislikləri qar yığır,
Təbiət də bədəmələ qarğıyır,
Qulağımız bircə sözə təşnədi.
* * *
Koroğlular qılınc beldə gələcək,
Keçəl Həmzə yad atından enəcək,
Div deyilən əməlində yenəcək,
Qarşılayın!… Atlarımız kişnədi!

YARIMÇIQ MƏKTUBLAR
Qorxuram bir gecə Əzrayıl gələ,
Qonub sinəm üstə, evimi yıxa.
Qorxuram balışın altından sənə,
Yazdığım yarımçıq məktublar çıxa.
* * *
Hələ kəlmələri sətirlənməyib,
Gül, bənövşə düzüb ətirlənməyib,
Hələ göz yaşıma çətirlənməyib,
Qorxuram üstündən göz yaşım axa.
* * *
Üstündə nə möhür, nə ünvanı var,
Qapımı qış döydü, görmədi bahar,
Hüzünlü, həsrətli, qəmli misralar,
Qaldı kürəyimi yandıra, yaxa.
* * *
Zaman üstümüzdən adlayıb keçir,
Əcəl badəsini bilməyən içir.
Haqqın dərgahını kim özü seçir?
Bir gözü arxaya hey baxa-baxa.
* * *
Qorxuram bir gecə Əzrayıl gələ,
Qonub sinəm üstə, evimi yıxa.
Qorxuram balışın altından sənə,
Yazdığım yarımçıq məktublar çıxa.

ARZULARIM DƏNİZ İDİ
Qolu- budağı qırılmış,
Bir azca da unudulmuş,
Ağacların sırasıyla
Yolum gedir sənsizliyə
Aram- aram!
Bütün itmiş xəyalları,
Şələləyib kürəyimə,
İnadıma dirəşirəm!
Qarşımdakı tənha qalan
Bir çinarla dərdləşirəm!
Təzələnir yenə yaram!
Bu yolun da üzü bozdu!
Mənə gələn ağır gələr!
Kökü yanmış ağacların
Dibində olmaz pöhrələr!
Yol üzümə yorulduqca,
Ümidlərim çilik- çilik!
Tikan cırır əllərimi
Əynim- başım didik- didik.
Kola – kosa ilişirəm,
Öz- özümlə didişirəm.
Yollar yorğun, yollar ağrın!
Qəlbimdəki suallarım
Bir az dəli , bir az çılğın!
Onsuz cavab gözləmirəm!
Cavabsız qalan suallar,
Bəzən bizdən müdrik olur!
Gəlişi gözəl olmayan,
Hikmət olur, böyük olur!
Böyüklüyün arxasınca boylandıqca,
Mənim kiçik arzularım
Ya hüzursuz, ya puç olur.
Yavaş – yavaş sonuc olur.
Anladığım bircə budur!
Arzularım dəniz idi!
Sənsizliklə aramızda,
Dərya durdu, dəniz durdu.
” Dəli qız” ın ürəyini
Çox sevdiyi dəniz qırdı.

KAŞ Kİ…
Sən mənim nisgilli yazdığım şeir,
Mən sənin nəyinəm, hələ bilmirəm.
Payızın rənginə oxşat bəxtimi,
Neyləyim, satılmır, ala bilmirəm.
* * *
Bəxtəvər söyləyir, tanıyan, bilən,
Tərsimlə, düzümlə, bağlanmış setəm.
Nə sən yaşayansan, nə də mən ölən,
Bəlkə orbitində yad planetəm?
* * *
Bütün bənd- bərələr bağlı qalıbsa,
Günahı deyildir bu dünənimin.
Qorum tüstülənib yanğın olubsa,
Necə üzü gülsün şeirlərimin?
* * *
Möhtəşəm olurmuş sevilən kədər,
Varlığı təsəlli, yoxluğu əzab.
Fəsillər dövr edib dəyişən qədər,
Ürəyim ağlımla çəkir haqq-hesab.
* * *
Zamana oxşayır, xəyalımız da,
Bağlısı mürəkkəb, açığı müşkül.
Fələyin yazısı var alnımızda,
Qələmlər təzədən yonula kaş ki…

Müəllif: Adilə ASLANOVA

ADİLƏ ASLANOVANIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru