Mayor Daş Başov mənzilin eyvanında əyləşmişdi. Qızının gətirdiyi pürrəngi çayı içə-içə həyət-bacaya baxır, gəlib-gedənə göz qoyurdu. Bazar günü olduğundan işə getməmişdi.
Bakıda elə çoxmərtəbəli binalar var ki, bir əlcə həyəti, gəzib dolaşmağa, oturmağa yeri yox. Binaları bir-birinə az qala bitişik tikiblər. Binadan çıxan kimi sakinlər, uşaqlar özlərini küçədə görürlər. Odur ki, valideynlər uşaqlarına tapşırırlar ki, ehtiyatlı olsunlar, özlərini maşından qorusunlar.
Mayor Daş Başovun və bina sakinlərinin bəxti onda gətirmişdi ki, bu doqquzmərtəbəli bina ötən əsrin doxsanıncı illərində inşa olunmuşdu, genə-bol həyəti vardı. Sakinlər həyətdə çoxlu ağac əkmişdilər. İndi kölgəsində dincəlirdilər. Binanın qarşısında park salmışdılar, parkda oturacaqlar, besedkalar, yellənçəklər vardı. Qonşu binalardan da yaşıllığa qərq olmuş parka dincəlməyə gəlirdilər. Xüsusən axşamlar bəzi bina sakinləri yığılıb dəmlədikləri çaydan içir, nərd oynayırdılar. Mayor Daş Başov da bəzən onlara qoşulurdu.
Budur, Füzuli, Vəli, Ramiz keçib əyləşdilər. Qəhvədanı həyətin küncündə qoyduaları köhnə, lakin təmiz və səliqəli seyfdən götürüb su doldurdular, qaynamağa qoydular. Həyətdə bir neçə yerdə su krantı vardı. Ağacları vaxtlı-vaxtında sulayırdılar. Hətta meyvə ağacları vardı. Heyva, nar, üzüm, əncir, tut yetişəndə Uşaqlar, böyüklər bu nemətlərdən yeyirdilər.
Mayor Daş Başov öz-özünə: “İndi başlayacaqlar nərd oynamağa”.
Kim uduzurdusa bir qırağa çəkilir, başqası onun yerini tuturdu.
Həyətdə bir maşın dayandı. Mebel maşını idi. Maşının böyründə iri hərflərlə yazılmışdı: “Nə daşınacaqsa, vur-tut 6 manata”.
Binadan köhnə divan, kreslo çıxarıldı, maşından təzə, özü də abırlı, yəni bahalı divan, kreslo düşürüb pilləkənlərlə yuxarı mərtəbəyə aparıldı.
Mayor Daş Başov diqqət kəsildi. Altdakı mənzildən səslər, ucadan danışıqlar gəlirdi. “Hə, aydındır, mebel qonşu Nərmə Nazikovgilə gətirilib. Ay canım, fikir verdim. Köhnə mebel qaydasında idi. Bu Nərmə kişi niyə onu çölə atır? Belə pullanıb? Fəhlə babadır. Acından yuxudan günorta durur. Lap məəttəl qalmalı işdir”
Mayor Daş Başov əlini yelləyib: “Əşi, biz paxıl deyilik. Öz işidir. Sağ-salamat işlətsinlər. Qonuşunu iki inəkli istə ki…”
Mayor Daş Başov belə fikirləşsə də, atalar məsəlinin dalını gətirə bilmədi. Eyni zamanda düşündü: “Kasıb ona görə kasıbdır ki, gəlirini-çıxarını bilmir”.
Günlər keçdi. Qonşu arada mənzilə nə isə daşıtdırıdı. Əyin-başları da təzələnmişdi. Günlərin bir günündə həyətdə yağın içində bir Mersedes dayandı. Məlum oldu ki, Nərmə Nazikovundur. Mayor Daş Başov fikrə getdi: “Bu Nərmə yoluğun biri idi. Dünənə kimi zavodda fəhlə işləyirdi. Yəqin onu direktor, ya da baş mühəndis qoyublar. Bu da daraşıb dəmir-dümürə, satıb yeyir”.
Maraqlandı, məlum oldu ki, Nərmə Nazikov yenə də fəhlə işləyir. Mayor Daş Başov sakitləşmək bilmirdi: “Bu kişi xəzinə tapıb nədir?! Bu qədər pul onda haradan?”
Mayor Daş Başov əlini alnına apardı: “Hə, tapdım. Yəqin nə isə yaramaz işlərə qoşulub. Narkotiklə məşğuldur, dələduzluq edir nədir, gərək öyrənim”.
Nərmə Nazikov sakit, mərifətli adam idi. Qonşular xətrini istəyirdilər. Heç kimlə işi, problemi yox idi. Ailə üzvləri də eləcə. Mayor Daş Başov nə qədər çalışıb əlləşsə də bir şey tapa bilmədi. Nərmə Nazikov səhərlər işə gedir, axşamlar qayıdır, qonşularla hörmətli davranır, ayağını da əyri atmırdı. Hamı ondan razı idi.
Mayor Daş Başov qalmışdı mat-məəttəl. O, polis idarəsində cinayət-axtarış şöbəsinin müdiri idi. İndiyə qədər onun fəaliyyətində belə bir şey olmamışdı ki, hansısa işi aça bilməsin. Nərmə Nazikov pullanmışdı. Mayor Daş Başov bu pullaşmanın mənbəyini tapa bilmirdi. Dişi bağırsaqlarını kəsirdi. Axırda prokurorun yanına getdi və onun yuxusunu ərşə çəkən əhvalatı danışdı.
Hüquq mühafizə orqanı işçiləri bir müddət Nərmə Nazikovu güddülər. Şübhəli bir şey aşkara çıxara bilmədilər. Prokuror Mayor Daş Başova:
-Görünür nəslindən, ata-anasından, yaxud qayınatasından qalma varidatı varmış, – dedi.
Mayor Daş Başov razılaşmadı:
-Yox, ay canım, bəs neçə illər o varidatdan niyə faydalanmayıb? Ac-yalavac yaşayıblar. Neçə dəfələrlə borc alıb.
Mayor Daş Başovun təkidi ilə Nərmə Nazikovu prokurorluğa çağırdılar. Nərmə səliqəli geyinmişdi. Prokurorluğa dəvət olunduğundan özünü narahat hiss edirdi.
Mayor Daş Başov xahiş etmişdi ki, bu işdə onun əlinin olduğunu bilməsinlər. Prokuror Nərmə Nazikova dedi:
-Hə, danış.
Nərmə Nazikov:
-Nəyi danışım? – deyə xəbər aldı.
Prokuror əlindəki fincanı nəlbəkiyə qoyaraq onun gözlərinin içinə baxdı:
-Xəzinəni haradan tapdığını… – dedi.
Nərmə Nazikov özünü itirdi. Kəkələdi:
-Hansı xəzinəni? Mən xəzinə görməmişəm. Xəzinə nədir?
Prokuror onun kəkələməsindən və özünü itirməsindən bir daha əmin oldu ki, hər halda Nərmənin bir sirri var. Onu öyrənmək lazımdır.
-Sən bir fəhlə babasan, elədir?
-Elədir, cənab prokuror.
Prokuror davam etdi:
-Həyat yoldaşın işləmir. Üç övladın var. Hər üçü məktəblidir. Sənin nə qədər maaş almağından da xəbərimiz var. O maaş zorla sizi görür. Altı ay, bir il əvvəl ehtiyac içərisində yaşayırdınız. İndi o binanın zəngin ailələrindən birisiniz. Düzünü de. Hansı həlləm-qəlləm işə qurşanmısan? Gec-tez onsuz da açılacaq. Hey axtardıq, ip ucu tapmadıq. Narkotiki sənə kim gətirir? Bu, sualın biri. Sən onu kimə ötürürsən? Bu da ikinci sual. Hələlik. Davam edəcəyəm hələ.
Nərmə Nazikovu tər basdı:
-Cənab prokuror, nə narkotika? Mən heç onun rənginin necə olduğunu bilmirəm.
-Bəs o pullar sənə haradan? Mebelini dəyişmisən? Maşın almısan? İndi də evini təmir etmək istəyirsən. Yəqin təzə mənzil də almısan?
Özünün narkotik alış-satışında suçlanması Nərmə Nazikovu düşünməyə məcbur etdi. Bunlara nə var ki, boynuma qoyacaqlar. Yaxud oğurluqda günahlandıracaqlar.
Nərmə Nazikov hələ özünə gələ bilmirdi ki, cavab versin:
Prokuror ayağa qalxıb gəzindi:
-Nərmə, sən kimə gəlirsən? Mən bu yolda saçımı-saqqalımı ağartmışam. Nə bizi, nə də özünü yorma. Həqiqəti aç, de.
Nərmə Nazikov dilə gəldi:
-Bəli, varlanmağım səbəbsiz deyil. Amma mən əyri yola düşməmişəm. Təqsirkar qonşudur. Niyə? Bu dəqiqə deyim. Qonaq otağımızdakı çil-çıraq gözümə birtəhər göründü. Birtəhər deyəndə bir az yana əyilmişdi. Dedim çıxıb düzəldim. Pis görünür. Ayağımın altına stul qoyub qalxdım. Çil-çırağı əvvəlki yerinə çəkəndə yuxarıdan tappıltı ilə döşəməyə nə isə düşdü. Qızıl onluq idi. Qaldırmaq istəyəndə biri də düşdü. Götürdüm. Sonra stulun üstünə çıxıb baxdım. Qonşunun döşəməsindən nə isə bir balaca yarıq açılmışdı. Qızıl onluqlar oradan sürüşüb düşürdü. Yenə də qızıllar vardı. Amma mən onları götürməyə tələsmirdim. Qonşu duyuq düşərdi. Hərdən birini, ikisini götürüb xərcləyirdim. Mayor Daş Başovun mənzili idi. Sən demə, döşəmənin taxtasını, ya da parketi qaldırmaqla qızılları orada gizlədirmiş. Bizim çilçırağın bənd edildiyi tavanda mənim, yoxsa onun günahından oyuq açılmışdı… İndi başa düşdünüz. Oğrudan oğruya halaldır…. Qonşunun hələ də yoxa çıxan qızıllardan xəbəri yoxdur.
Prokuroru gülmək tutdu:
-Yaxşı, sən get. Lazım olanda çağıraram
Nərmə Nazikov çıxdı. O gedəndən sonra prokuror Daş Başovu nəzarətə götürtdürdü. Məlum oldu ki, o, cinayətkarlarla əlbir olub, müxtəlif yollarla pul qazanır. Aldığı pulları qızıla çevirir.
Daş Başov rüşvətxorluqda, vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilərək həbsə alındı. Belə yerdə deyirlər: “Başqasına quyu qazan özü həmin quyuya düşür”.
Metroda basa-bas idi. Hamı eyni vaxtda – saat 18-də işdən çıxdığından metroya üz tutur, basırıq yaranırdı. Bu qədər insanı avtobuslar aparıb mənzil başına çatdıra bilməzdi. Tutumuna görə, tıxaclar səbəbindən və s. Həm də saatlarla dayanıb avtobus gözləməli olardın.
Bu yeraltı nəqliyyatı – metronu icad edənlərin Allah atalarına rəhmət eləsin. Bakıda yaşayanların sayı xeyli artmışdı. Odur ki, çox vaxt metro da xəcalətli qalırdı. Dili yox idi ki, üzr istəsin.
Xüsusən səhərlər, bir də axşamüstülər metroya da yaxın gəlməli deyildi. İşdən çıxıb metroya gəlincə on beş dəqiqə çəkdi.
Rəsul əvvəlcə metronun, sonra eskalatorun qarşısında növbədə tutdu. Axır ki, 28 May stansiyasına enib, qatarı gözləməyə başladı. Burada lap çox adam vardı. 4-5 cərgədə düzülmüşdülər. Özünü vaqona salmaq böyük qəhrəmanlıq idi ki, Rəsul bunun öhdəsindən gəldi. Təzə vaqonların kondisioneri işləsə də, köhnə vaqonların kondisionerini işə salmırdılar. Rəsulun baxtına köhnə vaqon düşmüşdü. Tər onu yuyub aparırdı. Nə etməli? Dözmək lazım idi.
İçəridəki adamlar az qala bir-birlərinə yapışmışdılar. Tərpənmək, dönmək olmurdu. Qarşı tərəfdə bir kişi vardı. Rəsulla qarın qarına dayanmışdı. Rəsulun ayağı ağrıyırdı. Bu, səbəbsiz deyildi. Növbəti stansiya “Nizami” idi. Rəsul üzünü həmin kişiyə tutaraq:
-Nə vaxt düşəcəksən? – deyə soruşdu.
Kişi:
-20 yanvar stansiyasında düşəcəyəm, – dedi.
Rəsulun ona acığı tutdu:
-20 yanvar stansiyasına qədər mən dözməliyəm?
Onun sözləri kişiyə çatmadı. Rəsulun nə dediyini başa düşmədiyindən ondan soruşdu:
-Vaqonun isti, adamların çox olmağı mənim günahımdır?
Rəsul başa saldı:
-Söhbət vaqonun isti, adamların çox olmağından getmir. Sən mənim ayağımın üstünə çıxmısan. Soruşuram ki, nə zaman düşəcəksən? Sən də mənə nağıl oxuyursan. Deyirsən 20 yanvar stansiyasında düşəcəyəm. Həmin stansiyaya hələ 3 dayanacaq qalır. O vaxta qədər mən dözməliyəm? Bu lap ağ olar axı…
Mustafa məktəb yaşına çatmışdı. Salonikidə bir neçə məktəb vardı. Əli Rza əfəndi açıqgözlü bir şəxs idi. İstəyirdi ki, oğlunu yeni tipli, dünyəvi təhsil verən məktəblərdən birinə qoysun. Amma Zübeydə xanımın da öz planları vardı. Ər və arvad xeyli məşvərət-məsləhət etdilər.
Əli Rza əfəndi Mustafanı müasir təhsili təlim edən Şəmsi əfəndinin məktəbinə göndərmək fikrində olduğunu Zübeydə xanıma bildirdi. Zübeydə xanım daş atıb başını tutdu, dediyindən dönmədi. Axırda Əli Rza əfəndi güzəştə getdi və Mustafa diniyönlü Molla Fatmanın məhəllə məktəbinə qoyuldu.
Zübeydə xanım Mustafanı məktəbə yola salarkən ona ağ bir xalat geyindirdi, başına da qızılı işləməli çalma qoydu. Mustafa məktəbə getmək istəyirdi ki, bir də gördülər müəllim məktəbdəki şagirdləri də başına toplayıb özü onların məhəlləsinə gəlir. Yaşıllıqlarla əhatə olunmuş məhəllədə dua oxundu. Mustafa anasının, atasının və müəlliminin əllərini öpdü. Sonra Mustafa yeni yoldaşlarının alqışları altında sevinc içərisində şəhərin küçələrindən keçərək məscidin yanındakı məktəbə gəldi.
Onlar məktəbə çatar-çatmaz yenə dualar oxudular. Sonra müəllim Mustafanın əlindən tutaraq onu boş və tağlı otağa apardı. Burada Mustafaya Quranın müqəddəs kəlamlarını aydınlaşdırmağa başladı.
Oğlunu bu məktəbə qoyduğu üçün Zübeydə xanım çox məmnun idi. Mustafa da məktəbdə yaxşı ad çıxarmışdı. Lakin dini dərslər onun ürəyincə deyildi. Məşğələlər quru, cansıxıcı keçir, müəllim otaqda zəhmli gəzişir, tələbləri günü-gündən artırdı. Bir sözlə, yeknəsək dərs uşaqları sıxır, həyatın fərəhli anlarından onları məhrum edirdi. Müəllim uşaqları bardaş quraraq döşəmədə oturmağa, çətin tələffüz olunan ərəb sözlərini, cümlələrini dizlərinin üstündə yazmağa məcbur edirdi.
Mustafa əcnəbi uşaqlarının necə dərs keçdiklərini görmüşdü. Onlar kimi bardaş qurub oturmur, stulda əyləşərək, dəftərlərini qarşılarındakı partaların üzərinə qoyaraq verilən tapşırığı yazırdılar.
Axırda döşəmədə oturmaqdan təngə gələn Mustafa qalxıb ayaq üstə dayandı. Müəllim bunu görüb ona oturmağı buyurdu. Mustafa onun dediklərinə qulaq asmayaraq:
-Ayaqlarım ağrıyır, – dedi.
Bunu eşidən müəllimi təəccüb bürüdü. Mustafanın itaətsizlik göstərməsindən acıqlandı:
-Nə dedi? Nə dedin? Mənim buyruğuma əməl etmirsən?
Mustafa cəsarətlə:
-Mən yerdə əyləşə bilmirəm. Ona görə də bardaş qurub oturmayacağam! Bu şəkildə dərs keçilməsinin əleyhinəyəm!
Müəllim irəli yeridi. O, sözə baxmayan şagirdinə qulaqburması vermək istəyirdi. Lakin onun cəhdi baş tutmadı. Uşaqlar Mustafanın müdafiəsinə qalxdılar. Səslər eşidildi:
-Biz də Mustafa kimi fikirləşirik. Bardaş qurub yerdə oturmaqdan, ərəb sözlərini əzbərləməkdən biz də bezmişik.
Müəllim deməyə söz tapmadı. Hamı ona qarşı çıxmışdı.
Mustafa, onun ardınca da o biri uşaqlar sinif otağını tərk etdilər. Mustafa ağır-ağır evə sarı gedir və öz-özünə fikirləşirdi ki, ata-anası baş verən hadisədən xəbər tutanda onun aşını-suyunu verəcəklər. Müəllim əlüstü əhvalatı müdirə, Mustafanın ailəsinə çatdıracaq, onu günahkar sayacaqdılar. Mustafa başlamasaydı, o biri uşaqlar da üzə durmazdılar. Məsələ belə qoyulacaqdı. Ən çox Zübeydə xanım dilxor olacaqdı.
Bunları fikirləşən Mustafa birdən əlini yelləyib belini dikəltdi:
-Hər nə olur-olsun. Belə məktəbdə oxumağın faydası yoxdur!
O heç nə olmayıbmış kimi addımlarını yeyinlətdi. Evə gəlib sakitcə yeməyini yedi. Həyətə çıxıb uşaqlara qoşuldu. Az keçmiş Zübeydə xanımın səsi gəldi. Oğlunu səsləyirdi:
-Mustafa! Mustafa!
Mustafa hay verdi. Anası onu evə çağırırdı. Mustafa öz-özünə: “İndi divan qurulacaq, sorğu-sual başlanacaq!” – deyə düşünüb cəld evə gəldi.
Əli Rza əfəndi stulda oturmuş, Zübeydə xanım isə otaqda gəzişirdi. Mustafa diqqət yetirdi. Atası sakit görünürdü. Zübeydə xanım qaş-qabağını töksə də, bir elə acıqlı deyildi. Görünür, Əli Rza əfəndi ilə aralarında söhbət olmuş, məsələni aydınlaşdırmağa çalışmışdılar. Əli Rza əfəndi Zübeydə xanımın acığını soyutmağa müvəffəq olmuşdu. Zübeydə xanım susurdu.
Əli Rza əfəndi soruşdu:
-Mustafa, indi fikrin nədir?
Mustafa:
-Ata, – dedi, – o məktəbdən, o müəllimdən faydalı bir şey götürmək qeyri-mümkündür. Mən biləni, məktəbə elm öyrənməyə gedirlər…
Əli Rza əfəndi dönüb Zübeydə xanıma baxdı. Yəni: “Gördün?! Uşaq olsa da, ağıllı danışır. Mustafa da mən deyəni deyir.
Zübeydə xanım dilləndi:
-Madam belədir, öz bildiyiniz kimi hərəkət edin.
Zübeydə xanım qalxıb mətbəxə keçdi. Onun acığı soyumasa da, hiss olunurdu ki, onların fikrinə şərikdir. Yoxsa, təkid edərdi.
Ertəsi gün Əli Rza əfəndi Mustafanın əlindən tutub Şəmsi əfəndinin məktəbinə apardı. Məktəb Mustafanın xoşuna gəldi. Bu arada – 1871-ci ildə ailədə bədbəxt hadisə baş verdi. Əli Rza əfəndi 47 yaşında dünyasını dəyişdi. Ağır itki Mustafaya pis təsir göstərdi. Yeddi yaşında ikən atanı, ailənin başçısını itirməyin nə demək olduğunu hamı bilir.
Ailənin bütün ağırlığı Zübeydə xanımın üzərinə düşdü. Mustafanın qardaş-bacılarından bəziləri rəhmətə getmişdi. Əli Rza əfəndi həyatdan köçəndə ailədə üç uşaq qalmışdı. Məqbulə bir yaşında, Naciyə qırxgünlük idi. Az keçmədi Naciyə də dünyadan köçdü. Qaldı Mustafa ilə Məqbulə.
Ailənin maddi durumu pisləşdiyindən Zübeydə xanım uşaqlarını götürüb Raplada yaşayan qardaşı Hüseynin yanına yollandı. Rapla Salonikidən təxminən otuz kilometrlik bir məsafədə yerləşirdi. Hüseyn əfəndi təsərrüfatda subaşı olaraq çalışırdı.
Yazı quraqlıq, qışı yağmurlu olan bu yerlər qırmızı torpaqlı və məhsuldar idi. Məhsul yığılandan sonra mal-heyvanı tarlaya buraxırdılar ki, otlasın.
Dayısının məskən saldığı bu yerlər Mustafanın çox xoşuna gəlirdi. Ətrafı gözdən keçirən, bu yerlərdə gəzişən Mustafa ətrafdakı yaşıl dünyadan vəcdə gəlir, gül-çiçəyin ətrindən xoş-hal olur, təmiz havasından sinə dolusu alırdı.
O, təsərrüfat işlərində Hüseyn əfəndiyə kömək edir, işlədikcə fərəhi köksünə sığmırdı.
Buralar Məqbulənin də xoşuna gəlirdi. O hələ balaca idi. Məhəllədəki tay-tuşlarına qaynayıb-qarışmışdı. Onlarla oynayır, atılıb-düşürdü.
Zübeydə xanım övladlarının xoşbəxt, qayğısız günlər keçirdiyini görüb şadlanır, arada hətta kövrəlirdi. Yemək-içmək sarıdan korluq çəkmirdilər. Ev-eşik də geniş idi. Hüseyn əfəndi allah adamı idi. Bacısını da, onun uşaqlarını da çox sevir, onların darıxmamaları, xoş gün keçirmələri üçün əlindən gələni əsirgəmirdi. Hüseyn əfəndinin ailə üzvləri də xoş məramlı idilər.
Mustafa ciddi idi, uşaqlarla oyunlara çox da qatılmazdı. Vaxtını mənalı keçirməyi xoşlar, yaşıdlarından fərqli olaraq əyləncələrlə başını qatmaq əvəzinə bilik, məlumat almağa üstünlük verərdi. Oxuyur, düşünür, öyrənirdi.
Dayısının yanında günü nə qədər xoş keçsə də, başa düşürdü ki, artıq belə həyat onu təmin etmir. Əlindən kitab düşməsə də, hiss edirdi ki, məktəbə ehtiyacı var. Dərs almaq, elm kəsb etmək həsrətindədir.
Oğlunun son vaxtlar qayğılı gəzib-dolaşdığı Zübeydə xanımın diqqətindən yayınmadı. Mustafanı yanına çağırıb:
-Oğlum, gözümə birtəhər dəyirsən, – dedi. – Nə olub?
Mustafa ürəyini anasına açdı:
-Anacan, burada hər şey gözəldir. Allah dayımın canını sağ eləsin. Ailəsi də bizdən ötrü əldən-ayaqdan gedir. Bunu qiymətləndirməmək nankorluq olar. Məqbulənin xoşbəxt, şad-xürrəm gəzib-dolaşdığını görüb sevinirəm. Fəqət, anacan, hiss edirəm ki, dərslərimdə geri qalmışam. Doğrudur, oxuyuram, çalışıram, ancaq məktəbin, müəllimin öz yeri var. Məktəbin, müəllimin köməyinə ehtiyacım var.
Zübeydə xanım oğlunun haqlı olduğunu, həm də ondakı təhsilə, savad almağa yanğını görüb dedi:
-Oğlum, narahat olma. Burada məktəb də, müəllim də var. Yaxın vaxtda təhsilini davam etdirərsən.
Kənddə bir müsəlman müəllimi, bir də Rum papası vardı. Zübeydə xanım əvvəlcə Mustafanı Rum papasının, sonra da müsəlman müəlliminin yanına dərs almağa göndərdi. Mustafa ona yabançı olan Rum dilini xoşlamırdı. Həm də xristian uşaqlar özlərini iddialı aparır, onunla soyuq davranırdılar. Ona görə də Mustafa daha həmin məktəbə getmədi.
O özünə qarşı necə tələbkar idisə, müəllimə qarşı da elə tələbkar idi.. Ona görə də bir neçə gün mədrəsəyə getdikdən sonra təkidlə anasına dedi:
-Mən bundan belə mədrəsəyə getməyəcəyəm!
Zübeydə xanım təəccüblə oğluna baxdı:
-Ay bala, sənə nə məktəb bəyəndirmək olur, nə də müəllim! Bu nə işdir?!
Mustafa dedi:
-Anacan, mən mükəmməl təhsil almaq istəyirəm. İstəyirəm ki, bildiklərimi yox, bilmədiklərimi mənə çatdırsınlar. Sonra da hər cür cəfəngiyyatı yox, həyat üçün lazım olan bilikləri almaq istəyirəm.
Zübeydə xanım bir söz deməyib fikrə getdi. Sonra:
-Yaxşı, oğlum, – dedi. – Öyrənim, görüm səni hansı müəllimin yanına göndərə bilərəm.
Zübeydə xanım bu dəfə Mustafanı özəl bir müəllimin yanına qoydu. Bir-iki gün ötmüş Mustafa yenə anasına müraciət etməli oldu. Onun qırımından Zübeydə xanım başa düşdü ki, bu müəllim də Mustafanın xoşuna gəlməyib. Odur ki soruşdu:
-Hə, oğlum, sözlü adama oxşayırsan!..
Mustafa dilləndi:
-Anacan, məni qınama. Bu müəllimin savadı yetərli deyil.
Zübeydə xanım anladı ki, buralarda Mustafanı təmin edəcək nə məktəb var, nə də müəllim. Oğlu isə oxumaq, biliklərə yiyələnmək ehtirası ilə yanır.
Beləliklə, onlar Salonikiyə qayıtmalı oldular. Burada Mustafa Mülkiyyə məktəbində oxumağa başladı…
Müstəqil qərar qəbul etmək, vaxtını bihudə yerə keçirməmək, seçimdə sərbəstlik, mənəvi tələbatını ödəmək cəhdi hələ uşaqlıqdan Mustafada baş qaldırmışdı və ömrü boyu onu tərk etmədi.
Mustafa necə Mustafa Kamal oldu? Mustafa hərb sənətinin vurğunu idi. Sağlam görkəmli, çevik, düz qamətli, səliqə ilə geyinən hərbiçiləri görəndə onlara həsəd aparırdı. Türk sərkərdələrinin həyatından bəhs edən əsərləri oxumaqdan doymazdı. Türk hökmdarları Alp Ər Tunqa, Ərtoğrul, Osman qazi, Mətə, Atilla, Bilgə xaqan, Uzun Həsən, İldırım Bəyazid, Fateh Sultan Məhmət, Sültan Süleyman onun sevimli qəhrəmanları idi. Bəzən özünü onların yerində görürdü.
Qonşu Əhməd hərbi rüştiyyədə oxuyurdu. O, əsgər forması geyinir və özünü dartırdı.
7 yaşında olarkən Mustafanın atası Əli Rza əfəndi dünyasını dəyişmiş, ailə Zübeydə xanımın ümidinə qalmışdı. Mustafa çoxdan qəlbində gəzdirdiyi arzusunu anasına bildirmək qərarına gəldi. Oğlunun dini təhsil almasını istəyən Zübeydə xanımın nə cavab verəcəyi bəlli deyildi.
O, oğlunu dinləyib dedi:
– Oğlum, mən isə deyirəm, Peyğəmbərimizin yolunu tut. Bir uca olan Allah da səndən razı qalar.
Mustafa cavabında dedi:
– Ana, Peyğəmbərimizin yolu haqq yoludur. Böyük Allaha da, Həzrəti Məhəmməd əleyihissəlama da dərin hörmətim və sayqılarım var. Amma arzum din xadimi olmaq deyil. Mən hərbi rüştiyyədə oxumaq istəyirəm.
Zübeydə xanım oğlunu öz fikrindən daşındırmaq istəyirdi. O, Mustafanın gələcəyini düşünür, onun sakit, dinc bir peşə seçməsini arzulayırdı. Hərb sənətinin çətinliklərindən, əsgərlərin narahat həyat sürmələrindən xəbəri vardı. Zübeydə xanım Mustafadan başqa daha beş övlad dünyaya gətirmişdi: Əhməd, Ömər, Naciyə, Fatma və Məqbulə. Mustafa ilə Məqbulədən başqa qalan uşaqlar kiçik yaşlarında ikən ölmüşdülər. Hərb meydanı ölümlü-itimli idi. Osmanlı əsgəri çox vaxt sürgünlərə məruz qalırdı. Odur ki, oğlunu dilə tutmağa çalışırdı:
– Heç olmasa, atanın yolu ilə get. Atan ticarətə başladı – bacarmadı, yarımçıq qoydu. Yox, a bala, üz vurma. Sənin hərbi rüştiyyədə oxumağına razılıq verə bilmərəm. Mənə, körpə bacına rəhmin gəlsin…
Mustafa anası ilə söhbətdən bir kar aşmadığını görüb küçəyə çıxdı. Fikirli-fikirli məhəllədə gəzişirdi ki, qonşu Əhmədə rast gəldi. Dayanıb söhbət etdilər. Əhməd hal-əhval tutdu, sonra isə Mustafadan xəbər aldı ki, nə üçün əhvalı pozğundur. Mustafa əvvəlcə demək istəmədi, sonra fikirləşdi ki, necə olsa Əhmədin atası hərbiçidir, bəlkə ona köməyi dəydi. O, anası ilə aralarında olan söhbəti Əhmədə danışdı, xahiş etdi ki, bu barədə atası ilə məsləhətləşsin.
Əhvalatı öyrənəndən sonra Əhmədin minbaşı (mayor) vəzifəsində çalışan atası həqiqətən ona öz köməyini göstərdi. Mustafa anasından xəlvəti hərbi rüştiyyədə keçirilən məşğələlərə davam etməyə başladı. Lakin az keçmiş ona bildirdilər ki, məktəbdə oxumaq üçün anasının yazılı razılığı lazımdır.
Mustafa bir daha Zübeydə xanımla söhbət etməli oldu. Anası dedi:
– Ay oğul, başa düş. Sənə etiraz etməyimin səbəbi o deyil ki, hərb sənətindən acığım gəlir. Bizə yaxşı əsgərlər lazımdır. Vətən darda olanda bu bəladan bizi onlar qurtarır. Kimsə ilə işimiz olmasa da, ölkəmizə göz dikənin sayı çoxdur. Səni gözümdən uzağa qoymaq istəmirəm. Əsgərin həyatı ağırdır. Bu gün burada, sabah Allah bilir harada. Çamadanını yığıb hazır qoyur, əmr verilən kimi götürüb düzəlir yola.
Mustafa sonuncu dəfə cəhd etdi:
– Anacan, yadındadır, mən doğulanda beşiyimin başından qılınc asmışdınız. Onu mənə kim hədiyyə etmişdi? Atam. O məni bir əsgər, bir komandan görmək istəyirdi. Demək, hərbiçi olmaq tək mənim yox, onun da arzusu olub. Xahiş edirəm, bunu da nəzərə al.
Zübeydə xanım fikrə getdi. Oğlu ilə belə danışsa da əslində tərəddüd içərisində idi. Onun arzusunu gözündə qoymaq istəmirdi. Ötən söhbətdən sonra bütün günü hey bu barədə fikirləşirdi. Bu söhbət yuxuda da onu rahat buraxmırdı. Mustafanın xatırlatdığı qılınc əhvalatı Zübeydə xanımın yadına srağagünkü yuxusunu saldı. Yuxuda görmüşdü ki, Türkiyənin başı üzərini qara buludlar alıb. Əsgərlər düşməni yerində oturtmaq üçün toplaşıblar. Hamı gözləyir ki, bir komandir gəlib onları döyüşə aparsın. Bunu görən balaca Mustafa cəld evə qaçıb uşaq vaxtı atasının onunçun aldığı qılıncı götürür. Geri qayıdıb qoşunun qabağına keçir. Komandiri gözləyən yəhərli kəhər atın belinə qalxır.
Zübeydə xanım baxıb görür ki, Mustafa tamam dəyişib. Birdən-birə böyüyüb, geyimi də başqadır. Hərbi forma ona özgə əzəmət verib. Mustafa birdən qılıncını çəkib irəli doğru uzadır. Zübeydə xanım görür ki, bu qılınc da atasının Mustafaya bağışladığı balaca, oyuncaq qılınc deyil. Günəşin altında par-par yanan Koroğlu qılıncıdır. Mustafa qılıncı havada oynadaraq döyüşçülərə: “Ya istiqlal, ya ölüm!” deyib atını çapır. Əsgərlər də öz növbələrində: “Türkiyənin azadlığı uğrunda irəli!” deyə qışqırıb atlarını Mustafanın ardınca çapırlar.
Bunları xatırlayan Zübeydə xanım ayağa qalxıb Mustafaya sarı getdi və onun alnından öpərək:
– Oğlum, əgər qərarında belə israrlısansa, sənə xeyir-dua verirəm.
Ertəsi gün Mustafa artıq hərbi rüştiyyədə oxuyurdu. Sarışın saçlı, mavi gözlü Mustafa hərbi formada daha əzəmətli, daha yaraşıqlı görünürdü. Dərslərinə səylə hazırlaşırdı. İti zəkaya və təfəkkürə, aydın nitqə, dərin məntiqə malik idi. İntizamı gözləyir, müəllimləri və yoldaşları ilə nəzakət və hörmətlə davranırdı. O, hərb sənətinin sirlərinə həvəslə yiyələnirdi. Rüştiyyədə hərbi fənlərdən başqa fəlsəfə, riyaziyyat, tarix, iqtisadiyyat da keçilirdi. Mustafa başa düşürdü ki, yaxşı mütəxəssis olmaq üçün gecəsini-gündüzünə qatmalı, çox oxumalı, oxuduqlarından faydalanmağı bacarmalıdır.
Riyaziyyat Mustafanın sevdiyi və uğur qazandığı dərslərdən idi. Riyaziyyat dərslərini yüzbaşı Mustafa əfəndi aparırdı. O, yaxşı insan və savadlı müəllim idi. Şagirdləri onu çox sevirdilər. Yüzbaşı şagirdi Mustafanın qabiliyyətinə heyran qalmışdı. Oğlan təfəkkürünün çevikliyi və itiliyi ilə başqa uşaqlardan çox fərqlənirdi.
Riyaziyyat müəlliminin adı da Mustafa idi. Bundan başqa, sinifdə Mustafa adında bir neçə şagird vardı. Bir dəfə Mustafa yoldaşlarının yerinə yetirə bilmədiyi bir məsələni həll etdikdən sonra yüzbaşı Mustafa Əfəndi əllərini bir-birinə vurub heyrət içərisində ayağa qalxdı:
– Əhsən, mənim balam! Əhsən! Ağlıma bir fikir gəlib. Sinifdəki başqa Mustafalardan səni fərqləndirmək üçün adına bir “Kamal” sözünü də artırıram. Bundan sonra səni Mustafa Kamal çağıracağam. “Kamal” sözünün mənasını, yəqin ki, bilirsən – kamillik, bitkinlik, ağıl, idrak, mükəmməllik deməkdir. Sən bu ada layiqsən!
İllər keçdi. Mustafa bu adı ömrünün axırına kimi şərəflə daşıdı.
Səid özünə yer tapa bilmirdi. Anası açıq-aydın tərslik edirdi. Səid srağagün küçədən 5 manat pul tapmışdı. Yerdə pulu görəndə və onu götürəndə ətrafına çox boylanmışdı. Bir ins-cins görməmişdi ki, pul tapdığını desin və pulu yiyəsinə qaytarsın. Əlacsız qalıb pulu evə gətirmiş, anasına verərək: “Küçədən tapmışam”, – demişdi.
Pərvanə xala bunu gizlətməyib ona dediyindən xoş hal olsa da, həm də yaman pis olmuş, halı dəyişmiş, oğlunu çoxsaylı suallara tutmuşdu:
-Düzünü de, oğlum, qorxma, səni cəzalandırmaram. Bəlkə ətrafında kim isə varmış, amma pul tapdığını onlardan gizlətmisən?
Səid anasını inandırmağa çalışdı:
-Yox, ay ana, bu nə sözüdür! Olanı dedim. Uşaq-zadam?!
Səid and-aman eləsə də, Pərvanə xala əl çəkmirdi. Səidi atasız böyütmüşdü. Ərini erkən itirmişdi. Uşaq onun yadigarı idi. Bu həyatda Pərvanə xalanın varı-yoxu bir Səid idi. Övlad sarıdan yəni. İstəyirdi onu vicdanlı, namuslu, ədalətli, xeyirxah, doğrucul bir insan kimi böyütsün. Baxıb ona fəxr eləsin.
-Səid, az-azacıq pul deyil, iki balon qatıq, 2-3 litr süd, 10 dənə çörək, 1 kilo pendir edir. Gərək götürməyəydin.
Səid də özünü pis hiss edirdi. Anası ona niyə inanmır?
-Ay oğul, bəlkə…
Səid qıpqırmızı qızardı:
-Ay ana, deyirsən bəlkə 5 manatı oğurlamışam?
-Elə demirəm, oğlum, ağlıma min şey gəlir. Nə bilim…
Pərvanə xala daha bir söz deməyib üzünü çevirdi, yarımçıq qalmış işləri ilə məşğul olmağa başladı. Amma Səid gördü ki, onun eyni hələ də açılmayıb.
Həmin axşam sorğu-sualsız keçdi. Pərvanə xala 5 manatı stolun üstündəki örtüyün altına qoymuşdu. Yadına düşəndə dilxor olurdu. Oğluna inanırdı. Yalançı deyildi, Düzlük, doğruçuluq tərəfdarı idi. Pis işlərlə arası olmazdı. Davranışı nümunəvi idi.
Həmin hadisədən 2 gün keçmişdi. Pərvanə xala hələ də fikirli idi. O, Səidə pul verib kənd dükanına göndərdi. Bir kilo uzun düyü, bir də 1 kilo qənd almağı tapşırdı.
Səid yola düzəldi. Dükanda satıcı Səlim kişidən başqa adam yox idi. O, Səidin dükana yaxınlaşdığını görüb ayağa qalxdı. Səid içəri girəndə döşəmədə 10 manatlıq gördü. Əyilib götürdü.
Səlim kişi Səidi yola saldı. Səid uzun düyü ilə qəndi anasına verib uşaqlarla oynamağa getdi. Axşamüstü evə gələndə anasını üzügülər gördü. Qadın sevincdən az qalırdı qanadlanıb uçsun:
-Oğlum, Allah səndən razı olsun! Ürəyim yerinə gəldi.
Səid təəccüb içərisində idi.
-Ana, nə olub? Nə baş verib? İki gün idi halı pərişan gəzib-dolanırdın? Birdən-birə nə dəyişdi?
Pərvanə xala:
-Tamam əmin oldum ki, sən o 5 manatı həqiqətən küçədən tapmısan?
Səidi gülmək tutdu:
-Yəni əmin oldun ki, oğurlamamışam?!
-Yox, elə demədim. Nə isə, pisimə gəlirdi. Hər şey aydınlaşdı…
Səid diqqət kəsildi:
-Necə?
Sən demə Pərvanə xala dərdini dayısı oğlu Səlim kişiyə deyibmiş O da Səidi yoxlayıb? Necə? Uzaqdan Səidin gəldiyini görüb döşəməyə 10 manat pul atıbmış. Səid də pulu götürüb Səlim kişiyə verib. Səlim kişi Pərvanə xalaya:
-Sənin oğlun saf uşaqdır. Ondan nəbadə şübhələnəsən. O, özünü vicdanının tələb etdiyi kimi aparır. Pula həris olsaydı, 10 manatı qaytarmazdı…
Məriş kişi xoruzpipiyi çay dolu fincanı qabağına çəkdi. Tünd çayı xoşlardı. Çoxdanın söhbətidir. Təzə evlənmişdilər. Bir dəfə Pərinin gətirdiyi çayı geri qaytararaq: “Xanım, bu çay polis görüb nədir?! Rəngi qaçıb”.
Çayın rəngi bir qədər açıq idi. Bu, Mərişin xoşuna gəlməmişdi. Pəri tez fincanı götürüb çayı dəyişdi. Pəri arvad o vaxtdan öz işini bilirdi: kişi tünd çayı içir.
Fincana limon salınanda çayın rəngi onsuz da avazıyır.
Məriş kişi könül xoşluğu ilə çayını içməkdə idi ki, həyət qapısı döyüldü.
-Ay uşaq, bir görün kimdir gələn!
Xudayar özünü çatdırdı. Gedib xəbər gətirdi:
-Dədə, saçlı-saqqalı bir kişidir. Yanında da bir uzunqulaq…
Məriş kişi fincanı nəlbəkiyə qoyub ayağa qalxdı:
-Soruşmadın nə istəyir?
Xudayar cavabında dedi:
-Yox, soruşmadım.
Məriş kişi fikrə getdi. Az sonra əlini alnına vurdu. Deyəsən saçlı-saqqalı kişinin kim olduğunu təxmin etmişdi: “Şəhərə uzunqulaqla gəlib. Deməli, kənd adamıdır”. Məriş kişi üzünü Xudayara tutaraq:
-Uzunqulağın üstündə xurcun filan vardı? – deyə soruşdu.
Xudayar dedi:
-Vardı.
Məriş kişi həyət qapısına sarı getdi: “Kənddən bacısı, ya da qardaşları ayın-oyun göndərib yəqin. Sağ olsunlar. Mən də kişini bu istidə qapı dalında gözlədirəm”.
Qapı dalında dayanan qan-tər içində idi. Cib dəsmalı ilə boyun-boğazının tərini silirdi:
-Ay kişi, buyur, keç içəri.
Saçlı-saqqalı kişi:
-Sağ ol, ay kişi. Belə də xoşdur, – deyə minnətdarlıq elədi.
Məriş kişi onun qolundan tutub içəri gətirdi. Uzunqulaq da həyətə girdi. Çəmənlikdəki ota girişdi. Məriş kişi mane olmadı:
-Otur, ay kişi. Pəri, ay Pəri!
Pərinin səsi gəldi:
-Nədir, Məriş?
Məriş dedi:
-Qonaqçın çay gətir.
Pəri cavabında dedi:
-Bu dəqiqə.
Saçlı-saqqalı kişi özünü narahat hiss edirdi. Sanki iynə üstündə oturmuşdu. Məriş kişi:
-Nə var, nə yox? Necəsiniz? – deyə soruşdu.
Saçlı-saqqalı kişi köynəyinin üst düyməsini bağladı:
-Yaxşılıqdır, sağ ol.
Məriş kişi elə hey suallar verirdi:
-Kənddə nə var, nə yox?
-Hansı kənddə?
Məriş kişi təəccüb qaldı:
-Bizim kəndə də…
Kişi çiyinlərini çəkdi:
-Sizin kənd hansıdır bilmirəm axı.
Məriş kişi onun cavabına fikir verməyib xəbər aldı:
-Bizimkilər necədir?
Saçlı-saqqallı kişi suala sualla cavab verdi:
-Sizinkilər kiimdir?
Məriş kişi dik ayağa qalxdı:
-Madam ki, bizim kəndi, bizimkiləri tanımırsan, onda mənim həyətimdə nə itin azıb? Sən kimsən, ay kişi?
Özünü pis vəziyyətdə his edən saçlı-saqqallı kişi astaca:
-Mən gəlmirdim ki, özün məcbur gətirdin, – dedi.
Məriş kişi səsini qaldırdı:
-Lənət kor şeytana…Sənə nə lazımdır?
Kişi dilləndi:
-Sizdə quru çörək olmaz? Qoyun-quzu üçün quru çörək yığıram.
Məriş kişi cin atına mindi. Əl-qolunu ölçməyə başladı. Əli Pəri arvadın gətirdiyi çay stəkanına dəyib onu aşırdı. Stəkan çilik-çilik oldu.
-A kişi, dur! Bizdə quru çörək yoxdur. Gedə bilərsən! Uzunqulağını da yaddan çıxarma!
Saçlı-saqqalı kişi kor-peşman ayağa qalxıb özünü çölə atdı. Uzunqulaq da sahibinin dalınca çıxdı.
BƏS SƏN HARANI QURTARMISAN? (hekayə) Oqtay da tələbə idi, Sevinc də. Hərəsi Bakıya başqa-başqa rayonlardan gəlmişdi. Ali məktəbdə təhsil alırdılar. Oqtay kirayə ev tutmuşdu, Sevinc “Qızlar yataqxanası”nda qalırdı. Atası imkanlı olduğundan Oqtay dərslərə də düz əməlli-başlı gedib-gəlmirdi. Xüsusən Sevincə rast gələndən, ona ürəyini açandan sonra. Bütün günü yataqxananın böyür-başını kəsdirib dururdu. Sevinci instituta aparır, sonra gedib gətirirdi. Oqtay yataqxananın komendantı ilə dostlaşmışdı. Arada onu aparıb kababa qonaq edirdi. Qızlar da otaqda olanda bəzən Sevinc Oqtayı çaya, yeməyə dəvət edirdi. Özü tək olanda dünya dağıla Oqtaın yuxarıya – otağa qalxmasına icazə vermirdi. Dilə-dişə düşərdi. Abırlı, ismətli qız idi. Ona söz-söhbət lazım deyildi?! Sevinc mühazirə və seminar məşğələlərindən qalmazdı. Hazırlaşıb imtahanlardan da qiymət alırdı. Bəs Oqtay? Kənddə kolxoz sədri işləyən atasının canı sağ olsun. Qayıblarını sildirir, imtahanlarını verirdi. Vaxt-vədə tamam oldu. Oqtayla Sevinc institutu bitirdilər. Nişanlı idilər. Avqust ayında toyları olacaqdı. İndi Oqtay Sevinci rayona yola salırdı. Qızın xalası da gəlib çıxdı. Bacısı qızını institutu bitirməsi münasibətilə təbrik edib, hədiyyəsini vermişdi. İndi onu rayona yola salırdı. Xala Sevincə müraciətlə: -Evdəkilərə – hamıya, atana, bacıma, bacına, qardaşına salamımı yetir, – dedi. -Toyuna çağırmağı unutma! Sevinc xalasına qısıldı: -Xalam mənim canımdır, həyatımdır. Heç elə şey olar? Xalasız toy olmaz! Xala əlini uzadıb Oqtayla da görüşdü: -Oğul, sizi bir daha təbrik edirəm! Xoşbəxt olasınız! Toyunuzda doyunca süzəcəyəm. Xala birdən: -Ay oğul, Sevinci bildim. Bəs sən haranı qurtarmısan? Onun əvəzinə Sevinc cavab verdi: -Bizim yataqxananı, ay xala. Xala başa düşmədi. Sual dolu baxışlarını Sevincə dikdi. Sevinci gülmək tutdu. Oqtay da özünü saxlaya bilməyib gülürdü. Bakı şəhəri, 09 avqust 2023-cü il
Axşamüstülər bir yerə yığışırdılar. Yorğun-arğın işdən gələndən sonra hamı dincəlmək istəyir, deyib-gülüb, şənlənmək istəyir. İstər yay olsun, istərsə də payız, qış, ya da yaz. Bəşirin yeməkxanası onların oturub-durduqları yer idi. Dostlar çox vaxt burada çay içər, söhbət edər, zarafatlaşar, bir-birini dolayar, bəzən də bir-birlərinə şəbədə qoşardılar.
Bəzən kiminsə təklifi ilə süfrəyə noxudla pivə gələrdi. Bu zaman təbii ki, çay ixtisara düşərdi. Birinin ad günü, xoş günü, bayram günü olanda yemək sifariş verib araq da gətirdərdilər.
Hər dəfə hesabı biri ödəyərdi, yaxud da ümumi “tasa” beşdən-üçdən düşüb yemək-içməyin pulunu verərdilər. Əlqərəz vəziyyətdən çıxa bilirdilər. Amma Mərahim o qədər simic idi ki, hər dəfə bit tövrlə hesabvermədən kənarda qalardı. Ümumi “tas”a da yaxın düşməzdi.
Xasiyyətini bildiklərindən onun xətrinə dəyməzdilər.
Hamı bir yana, Fərman bir yana. Mərahimin bu əcaib xasiyyəti onu heç açmırdı. Bəzən söz atırdı:
-Mərahim, sənin də hesab verən gününü görəydik.
Mərahim dişlərini ağartdı:
-Xam xəyala düşmə…
Bir dəfə Fərman Mərahimi bir tərəfə çəkib:
-Qardaş, bilirsən sənin xətrini çox istəyirəm, – dedi. -Xətrin o biri dostlarımızın yanında da əzizdir. Ona görə də bizimlə bir yerdəsən. Amma sənin yerinə mən utanıram. Bir dəfə sən də bir kişi hərəkəti elə.
Mərahim özünü bilməməzliyə vurub:
-Nəyi nəzərdə tutursan?
Fərman onun artistlik elədini görüb acıqla:
-Guya başa düşmürsən, – dedi. Sonra sərt halda: -Onsuz da xeyri yoxdur. Bilirsən nə var? Bax səni istədiyimdəndir…
Fərman bu sözləri deyib əlini cibinə saldı, bir şax yüz manatlıq çıxarıb Mərahimə uzatdı:
-İstəyirəm ki, bu gün bizi sən qonaq edəsən. Al bu yüz manatlığı. Görsünlər ki, sən də ürəkli oğlansan. Birisi bizi çaya, başqası pivəyə qonaq edir. Səni isə dolayırlar ki, əlini cibinə salmırsan. Bir yaxşı qonaqlıq ver onlara, görsünlər necə oğlansan.
Mərahim pulu aldı, eyni zamanda mütəəssir oldu:
-Fərman, sən doğrudan da yaxşı dost imişsən, – deyib Fərmanı qucaqladı və öpdü.
Fərman tapşırdı:
-Bax xəsislik eləmə, pulun hamısını xərclə. Qoy verdiyin qonaqlıq əla olsun, heç vaxt yaddan çıxmasın! Mən üstünü vuran deyiləm.
Mərahim sevincək:
-Yaxşı, brat, – dedi, -yaxşı.
O gün beş dost yaxşı yeyib-içdilər. Mərahimin tərifini göylərə qaldırdılar. Limonlu, mürəbbəli çay da içdilər. Mərahim çıxarıb 98 manat pul ödədi. Hamı ondan razı qalmışdı. Heç kim Mərahimdən belə əliaçıqlıq gözləmirdı. Demə, papaq altında yatan kişilər varmış.
-Bərəkallah, Mərahim!
-Var ol, brat!
Dostlar ayağa qalxıb dağılışmaq istəyəndə Fərman əl işarəsi ilə onları saxladı:
-Həzərat, heç kim yerindən qalxmasın. Yəni siz doğrudan inandınız ki, Mərahim bu yekəlikdə qonaqlıq verdi?!
Hamı diqqət kəsildi, sonra bir-birlərinə baxdılar. “Bu Fərman nə deyir?! Mərahim verdi axı qonaqlıq!”
Mərahim gözlərini ağartdı. Fərman ona fikir vermədi, amma bu dəfə üzünü o biri dostlarına yox, Mərahimə tutdu:
-Brat, o 100 manatı mənə Nadir vermişdi. Vermişdi ki, sənə çatdırım, qardaşın Raufa çatası pul idi. Rauf Nadirin mobil telefonunu təmir eləyib. Xahişim budur ki, Nadirin pulunu qardaşın Raufa verəsən.
Fərmanın sözlərini eşidən Mərahimin rəngi ağardı. Yaman yerdə axşamlamışdı. Birdən-birə 98 manat!!! Raufun xasiyyəti pisdir. Onun pulunun dalından keçmək olmaz. Düzü-dünyanı dağıdar.
Mərahim başını qaldırıb Fərmana baxdı. Dili söz tutumurdu ki, ona nə isə desin. Amma baxışları sanki dilə gəlmişdi: “Bu nə oyun idi minim başıma gətirdin!”
Fərman da baxışları ilə ona cavab verdi: “Başına oyun açılası adamsan! Sənə bu da azdır. Adam kişi olar!”
Dostları gülmək tutmuşdu. Fərman Mərahimə yaxşıca dərs vermişdi.
Bəd Xərcov borcun içində boğulurdu. Zəng zəng dalınca gəlirdi. Bəzilərinə cavabında yalan vəd verir, hikəliləri, özündən bədgümanları, aşıb-kəsənləri cavabsız qoyurdu. Amma özü də bilirdi işi fırıqdır, gec-tez sinəsinə çökəcək, məcburən pullarını ondan qoparacaqdılar. Necə? Bunu fikirləşəndə dəhşətə gəlirdi. O qədər yol, irz var ki, qızını, oğlunu oğurlaya, arvadına təcavüz, özünə qəsd edə bilərdilər. Puldan ötrü hər cür alçaqlığa gedirdilər.
Kömək üçün açmadığı qapı qalmamışdı. Özü də ağız açdıqları uzaq adamlar deyildi. Dost-aşna idi, qayın-qardaş idi. Dünya yaman dünyadır! Yaman yox, zalım dünyadır!
Nə qədər adama yaxşılığı dəymişdi. Təkcə mənəvi yox, maddi də. İndi əli aşağı idi, borca düşmüşdü. Hamı yaxasını kənara çəkmişdi. Kömək etmək fikirləri yox idi.
Bəd Xərcov az qalmışdı özünə qəsd eləsin. Bunu sövq-təbii hiss edən arvadı Gülməşəkər xanım:
-Necə eləməyim?! Sən mənim arvadımsan. Qardaşının üstünə gedirəm. Bilirəm varıdır. Yalandan daş atıb başını tutur ki, imkansızdır, kömək əlini uzada bilməz.
Gülməşəkər xanım onu dilə tutmağa çalışdı:
-Hərə öz qabiliyyətinə, qanacağına görə hərəkət edir, ay Bəd. Gərək sən də əvvəldən bəd-xərc olmayaydın. Sabahını, dar gününü düşünəydin. Özünə xətər yetirməyi ağlına gətirmə. Məni, uşaqlarını fikirləş. İntihar acizlik, zəiflikdir. Evin dirəyi, çörək gətirəni sənsən. Səndən sonra necə pis günə düşəcəyimizi yadına sal. İstərsənmi bunu?
Bəd Xərcov başa düşdü. Gülməşəkər xanım düz deyirdi. Özünü öldürməklə yalnız öz canını qurtaracaq, evdəkiləri cəhənnəmə, quyunun dibinə salacaqdı. Uşaqlarına kim baxacaqdı?
Bəd Xərcovun atası neçə il əvvəl dünyasını dəyişmişdi. Kişi ailənin dirəyi idi. Bir problem olanda kişi gedib yoluna qoyardı, ailədə heç kimin ruhu da inciməzdi, nəyinsə sıxıntısını çəkməzdilər.
İndi Bəd Xərcovun pənahı yalnız anası idi. Amma onun əlindən nə gəlirdi ki? İşləmirdi, təqaüddə idi. İşləsəydi belə, o qədər pulun qabağında nə edə bilərdi? Aldığı təqaüdlə də Fatıya tuman tikmək olmazdı. Savadsız ana yalnız məsləhət verə bilərdi. İndi məsləhətə baxan kim idi?
Bu fikir-xəyalla özünü nə zaman atasının məzarına çatdırdığını bilmədi. Qəbir daşındakı şəkil gözünə sataşan kimi göz yaşları sinə aşağı axmağa başladı. Evdə ağsaqqala böyük ehtiyac var. Lap quru nəfəsi gələn də olsa. Adam ürəkli, tədbirli olur. Axı yolgöstərəni, pis yoldan çəkimdirəni, qan bağlayanı var.
Bəd Xərcov başdaşını qucaqlayaraq hönkürdü:
-Can ata! Yerin hər an görünür. Sağlığında bizi korluq çəkməyə, köməksiz olmağa qoymadın. Kaş indi sağ olaydın, dadıma çataydın!
Bəd Xərcov atasının məzar daşına həkk olunmuş şəklini öpə-öpə:
-Borcun içində boğuluram, ay ata! Heç imkanım yoxdur. İndi adamlar yaman insafsız, çox qəddar olublar! Heç nəyi, adamın durumunu nəzərə almırlar, gözləyə bilmirlər. Yaman səbirsiz olublar! Belə getsə, vurub öldürəcəklər məni. Bu dünyadan köçəndə böyük nüfuz, böyük hörmət qoyub getdin. Bir qədər var-dövlət, pul da qoysaydın, indi belə zavallı, aciz gündə qalmazdım.
Bəd Xərcov ağlayıb yüngülləşmədi, əksinə özünü haldan saldı. Ürəyini boşaltsa da, heç nə dəyişmədi. Borc borcluğunda qalırdı.
O, gecədən xeyli keçmiş evə qayıtdı. Gülməşəkər xanım:
-Ay kişi, nigaran qaldım. Bu vaxtadək harada idin? Telefonuna da zəng çatmırdı.
Bəd Xərcov mızıldandı:
-Telefonun səsini almışdım. Eşitməmişəm. Atamın qəbrini ziyarət etməyə getmişdim. Ağlayıb ürəyimi boşaltdım.
Gülməşəkər xanım onun halına acıdı:
-Özünü üzmə, kişi. Allah adildir. Bir qapı açar! Allah atana da rəhmət eləsin!
Bəd Xərcov də borclu qalmadı:
-Sənin də ölənlərinə rəhmət, Gülü!
O gecə Bəd Xərcov çox narahat yatdı. Atası yuxusuna girmiş, onu sorğu-suala tutmuşdu:
-Son zamanlar sənə nə olub, ay oğul!
-Yaman fikirli gəzirsən.
-Niyə borca düşmüsən?
-İndi borcunu necə ödəyəcəksən?
-Borcunu ödəyə bilməsən necə olacaq?
Bəd Xərcov yerində qurcalanır, gah sağ, gah sol böyrü üstə çevrilir atasının suallarına cavab verməyə çalışırdı. Ata isə elə hey: “Səbir elə! Səbirin axırı xeyir olar. Səbir edən muradına yetişər” – deyirdi.
Bəd Xərcov ertəsi gün yuxudan gec oyandı. Nə billah elədisə nə atasının ona dediklərini, nə də özünün ona cavablarını yadına sala bildi.
Yuyunub səhər yeməyini yemək istəyirdi ki, mobil telefonu səsləndi. Bir istədi cavab verməsin. Fikirləşdi ki, yəqin borc aldıqlarından kimdirsə. Gülməşəkər xanım telefonu ona uzatdı:
-Bacındır, Güləndamdır.
Bəd Xərcov tez telefonu aldı. Güləndəm Danimarkada yaşayırdı.
-Salam, ay bacı necəsən?
Güləndam cavab verdi:
-Yaxşıyam, ay qardaş. Gec niyə cavab verdin? Narahat oldum. Yatmışdın?
Bəd Xərcov dilxor halda:
-Yuxum var ki, yatıb qalım? – dedi. -Yox, oyaq idim. Həm də bu vaxt adam yatar?! Sizi bilmirəm, burada, bizdə saat 11-dir. Telefon o biri otaqda idi. Gülməşəkər gətirdi. Salamı var sənə.
Güləndam da dil-ağız elədi:
-Sağ olsun. Ay Bəd, işlərin necə gedir? Dolanışığınız necədir? Eşitdim borcun-xərcin içindəsən. Lap boğulursan! Doğrudur?
Bəd Xərcov mat-məəttəl qaldı. Bu xəbəri bacısına kim çatdırmışdı. Yəqin kimlərə ki, borcun var, onların işidir.
-Ay bacı, borcum olduğunu sənə kim deyib?
Cavadında Güləndəm dedi:
-Axşam atam yuxuma girmişdi. Məni az qala öldürəcəkdi. Yapışmışdı boğazımdan ki, sən necə bacısan ki, qardaşından xəbərin yoxdur. Borca düşüb, borcunu verə bilmir, az qalıb özünü öldürüb bu bəladan qurtarsın. Can qardaş, indiyəcən mənə niyə deməmisən?
Bəd Xərcov kövrəldi. Atası yenə dadına çatmış, qızına xəbər çatdırmışdı.
-Qəribədir, ata axşam mənim də yuxuma girmişdi… Lap möcüzədir… Bacı sən narahat olma. İndi kimin kimə borcu yoxdur ki… Birtəhər dolanırıq. Borcumu da çalışıb ödəyərəm.
Güləndam qətiyyətli:
-Ata ilk dəfəydi ki, yuxuma elə narahat girmişdi, – dedi. -Mənə tapşırdı ki, sənə əl tutum. Sən şəxsiyyət vəsiqənin, bir də pul kartının surətini mənə göndər. Nə qədər borcun var?
Bəd dedi:
-On iki min manat.
Güləndəm bildirdi:
-Sənə doqquz min dollar, yəni haradasa on beş min manat göndərəcəyəm. Borcunu ödəyərsən, qalanı da halal xoşun olsun, ailənə, özünə xərclərsən.
Bəd Xərcov sevindiyindən az qalırdı qanad açıb uça. Axır ki, borcunu ödəyə biləcəkdi:
-Sağ ol, ay bacı.
Güləndam da qəhərləınmişdi:
-Qoy atamın ruhu şad olsun. İlk dəfə mənə ağız açıb.
Bacı qardaş söhbətlərini yekunlaşdıranda Gülməşəkər xanım yaxın gəlib baldızına dil ağıq elədi, təşəkkürünü bildirdi:
-Allah səni qorusun, Güləndam! Allah köməyində olsun, bacı! Sağ ol!!!
Güləndam sözünə əməl etdi. Bəd Xərcov borclarını bağladı…
…Bu hadisədən 5-6 il keçmişdi. Bəd Xərcovun anası rəhmətə getmişdi. Üçünü, yeddisini, qırxını vermişdilər. Bədin işləri yenə yaxşı getmirdi. Borcu olmasa da, əli aşağı idi. Bir gün o, evə gec gəlmişdi. Gülməşəkər xanım soruşdu:
-Bəd, yenə haralarda isə itib-batmısan. Ay kişi, narahat oluruq axı. Hara getdiyini bir bizə də bildir.
Bəd əynini dəyişə-dəyişə dilləndi:
-Yaxşı, arvad, yaxşı.
Bəd dilxor görünürdü. Gülməşəkər xanım soruşdu:
-Yenə bir problemin var?
Yazıq xanım ərinə görə narahat idi. İstəyirdi ki, onun işləri yaxşı getsin, qanı qaralmasın.
-Hə, Gülməşəkər, bu pul-para məndən qaçır elə bil…
-Sən də hər şeyi özünə dərd edirsən. Birtəhər dolanırıq. Buna da şükür.
-Gülməşəkər ürəyinə başqa şey gəlməsin. Anamın qəbri üstünə getmişdim. Neçə gündür gedib-gəlirəm. Bundan sonra hər gün onun məzarı başında olacağam. Bəlkə…
ŞİRİN BAŞI (hekayə) Üç yoldaş – Əli, Vəli, Pirvəli meşədə dolaşır, ağac kəsib, odun doğrayır, satıb ev-eşiklərini dolandırırdılar. Pirvəli əfəl olduğundan işə yaramırdı, ona tapşırmışdılar ki, yemək hazırlamaqla məşğul olsun. Bir gün, beş gün… Axırda Pirvəli yemək bişirməkdən bezir. Deyir: “Sizə baxanda mənim işim asandır. Amma bir söz deyim, məni qınamayın. Gördüyüm heç kişiyə yaraşan iş deyil”. Əli bunu eşidib: -Nə olar, sabah bizimlə ağac kəsməyə gedərsən, – deyir. Pirvəli dediyinə peşman olur. Amma namusa boğulub etiraz etmir. O, boy-buxundan yarısa da, təbiətən ağciyər idi. Gecə düşür. Hərəsi bir ağaca söykənib gözlərini yummurlar. Pirvəli yuxuda görür ki, o, ağac kəsir, ağac yıxılmaq üzrədir. Qorxusundan başlayır qaçmağa. Bir də baxanda görür ki, bir az ləng tərpənsə, ağac onu altına alacaq. Odur ki, dalı-dalı çəkilir. Bu vaxt o biri ağacın arxasından bir şir çıxıb Pirvəlinin üstünə atılır və onun başını ağzına alır. Pirvəli qışqırıb yuxudan oyanır. Yoldaşları da qalxırlar. Vəli soruşur: -Nə oldu sənə, Pirvəli? Niyə qışqırırdın? Yuxumuzu da qaçırdın. Əli də gözlərini ovuşdura-ovuşdura söhbətə qoşulur: -Ay fərsiz, bizi niyə qoymursan yatmağa? Ağac kəsməkdən yorulub əldən düşmüşük. Lap bezdirdin bizi. Qan-tər içində olan Pirvəli özünü toplayıb nə desə yaxşıdır? Deyir: -Ay-vay! Sizin başınız da şirin ağzında olsaydı, məndən də bərk qışqırardınız!” Bakı şəhər, 01 avqust 2023-cü il
ÇAĞDAŞ POEZİYAMIZIM SAYILIB-SEÇİLƏN NÜMAYƏNDƏSİ Söhbət filologiya elmləri doktoru, professor Mahirə Nağıqızından gedir. Mahirə xanım Azərbaycan Dövlət Pedaqoji Universitetin beynəlxalq əlaqələr üzrə prorektorudur, Prezident təqaüdçüsüdür. Filologiya elmləri sahəsində səriştəli tədqiqatçıdır. Fəlsəfə doktoru elmi dərəcə almaq üçün “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” mövzusunda (2012); elmlər doktoru elmi dərəcə almaq üçün isə “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el sairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda (2017) dissertasiyalar müdafiə etmişdir. Mahirə Nağıqızı tanınmış alim olmaqla yanaşı istedadlı şairdir, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Gözəl şeirləri vardır. Qələmindən neçə-neçə şeir kitabı çıxmışdır. Diqqət yetirək: “Mənim anam” (2006), “Su at dalımca, ana” (2006), “Ana sevgisindən doğan nəğmələr” (2008), “Yaşadacaq anam məni” (2009), “Ana kəndim Xalxalım” (2010), “Ömrün çıraqdır sənin” (2010), Sözün hikməti” (2012), “Analı dünyam” (2015), “Haqqa çağıran səs” (2015), “Dilimiz – varlığımızdır” (2021), “Salam Olsun (vətənpərvərlik şeirləri)” (2021) və s. Azərbaycan bəstəkarları tərəfindən Mahirə xanımın sözlərinə 30-dan artıq mahnı bəstələnmiş, aşıqların ifasında 70 mahnı səslənmişdir. Bəzi mahnıları diqqətə çatdıraq: Sevinc Mansurovanın bəstəsində “Azərbaycan” və “Layla çal, yatım ana; (hər iki mahnının ifa edir Gülüstan Əliyeva), “Ata Heydər, oğul İlham”, Arif Səlimovun bəstəsində “Ay ana”, “Ana”, “Balam” (mahnıların ifası: Gülyanaq Məmmədova); Tahir Mahiroğlunun bəstəsində “Ata” (ifa: Eldəniz Məmmədov); Tahir Əkbərin bəstəsində “Qısqanıram (ifa: Bəyimxanım Vəliyeva) və s. Mahirə Nağıqızınn şeirləri mövzu müxtəlifliyi, mövzu rəgarəngliyi, məzmun dolğunluğu baxımdan diqqəti cəlb edir. İlk növbədə qeyd etməliyik ki, o, vətənpərvər şairdir. Əsərlərində milli ruhun təbliği, milli özünüdərkə xidmət özünəməxsus yer tutur. Vətən sevgisini, onun bütövlüyünü, toxunulmazlığını, müstəqilliyini, azadlığını dönə-dönə vurğulayaraq doğma yurdu vəsf edir. Torpaqlarımızın işğal altında olduğundan yana-yana danışır, lakin inanır ki, gec-tez tutulmuş ərazilərimizə sahib olacağıq. Erməni faşist işğalçılarına qarşı sonsuz nifrətlə mübarizəmizdən, müharibəmizdən söz açır, erməni ordusunu 44 gün ərzində darmadağın etməyimizi, zabit və əsgərlərimizin fədakarlığını, şəhidlərimizin, qazilərimizin böyük hünərini parlaq boyalarla işıqlandırılır. “Salam olsun” şeirini yada salaq: Rəzil oldu bizi qüvvə saymayanlar, Qanda batdı qan içməkdən doymayanlar. Bu milləti yıxılmağa qoymayanlar, Dünyada hər anınıza salam olsun! Bu tarixi qələbədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rolu xüsusi vurğulanır, Vətən müharibəsində ölkəmizə dəstək duran Rəcəb Tayyib Ərdoğan böyük məhəbbətlə yad edilir: Adı qalar zaman-zaman Sər doğanın, İzi qalmaz hər olanın, hər doğanın. İlham, sənin, Rəcəb Təyyub Ərdoğanın, Həmişə var canınıza salam olsun! Əldə silah, fədakarlıqla, hünərlə döyüşənlər, Vətənin azadlığı, ərazi bütövlüyü, müstəqilliyi uğrunda müharibə meydanında həlak olanlar da unudulmur: Şəhidlərim, haqqınız var çiynimizdə, Kəfən geydik, qalacaqdır əynimizdə, Çıxmayacaq, yaşayacaq eynimizdə, Tökülən al qanınıza salam olsun! Azərbaycanımız yüz illər, min illər ərzində Vətənimizin müstəqilliyi, azadlığı uğrunda yüz minlərlə oğlunu, qızını itirmişdir. İkinci dünya müharibəsində cəbhəyə 600 mindən çox azərbaycanlı yola düşmüş, onların yarısı geri qayıtmamış, həlak olmuşdur. Birinci və ikinci Qarabağ müharibələrində nə qədər şəhid vermişik. Bir də 20 yanvar şəhidləri vardır. SSRİ rəhbərliyi öz vətəndaşlarının üzərinə tanklar yeritmiş, dinc sakinləri avtomat güllələrinə tuş etmişdir. Söhbət 1990-cı il yanvar qırğınından gedir. Mahirə xanımım “Şəhidlər” şeri sovet ordusunun xalqımıza tutduğu divanı yada salır: Doğulub düşmənə daş atmaq üçün, Ürəyi qorxudan boşaltmaq üçün. Ölərlər vətəni yaşatmaq üçün, Hər qəlbdə bir qala tikər şəhidlər. Vətən Mahirə xanımın ən çox sevdiyi və yüksək dəyər verdiyi mövzulardandır. Əslində burada bir qəribəlik də yoxdur. Bütün şairlər ilk növbədə ana adlandırdığımız Vətəni tərənnüm edən şeir yazmışlar. Biz hamımız Vətəni, doğma diyarı sevirik. Bunu hərəmiz fərqli şəkildə mənalandırırıq. Birimiz şeirlərilə, digəri nəsr əsəri ilə, başqası memarlıq işi ilə, kimisi onun müdafiəsinə atılmaqla, qeyriləri Azərbaycanı dünya miqyasında tanıtmaqla. Mahirə Nağıqızı da həm özünün Vətənə məhəbbəti, həm də “Qar havası var” və başqa şeirləri ilə öz mövqeyini bildirir. Diqqət yetirək: Haraya getsəm də, Vətən, ay Vətən, Könlümdə ruhunun var, havası var. Ayrılıqdı bilməm, xiffətdi – bilməm, Sənsiz hər tərəfdə qar havası var.
Köksündə dondurmaz ayazı qışın İstisi bəsimdi bircə qarışın. Qürbətdə küləyin, yağan yağışın, Səsində bir ahu-zar havası var. Mahirə xanım – anadır. Ananın insan həyatında nə demək olduğunu çox gözəl bilir və ailədə analıq vəzifələrini uğurla, yüksək səviyyədə yerinə yetirir. Şeirlərinin bir çoxunu analara, xüsusən özünün dünyalar qədər bağlandığı sevimli anasına həsr etmişdir. Mahirə xanım 2020-ci ildə işıq üzü görmüş “Onun daş nağılı” (411 səh.) kitabına ana ilə bağlı üç şeir daxil etmişdir. Qəribə burasındadır ki, hər üç şeirini “Anama” adlandırmışdır. Əslində burada qəribəlik də yoxdur. Bu şeirlər şairin anaya, anasına böyük, dərin məhəbbətinin timsalı kimi meydana gəlmişdir. Şairin Anaya həsr etdiyi şeirlər arasında “Saçların balladası”) şeri səmimiliyi, təbiiliyi ilə diqqəti cəlb edir. Mahirə xanım ana qayğısının, ana nəvazişinin, ana sevgisinin hamımıza tanış olan aşağıdakı notları ilə bir daha bizi tanış edir: Hər dəfə başımı dizinin üstə – Çəkərdi, saçımı oxşardı anam. Bir onu, bir də ki, qulac saçıma Dəyən nəfəsini unudammıram. “Anama” adlanan digər şeirdə ana nikbin əhval-ruhiyyədədir. Həmişə belə olub, onu heç kim bu həyatdan gileyli görməyib: Bir nəfər görmədi, səni bir nəfər, Həyatdan gileyli, bəxtdən narazı. Analar zəhmətə qatlaşan olurlar. Evin bütün ağırlıqları onların üzərinə düşür. Evdə görüləsi iş-güc çoxdur. Şeirin qəhrəmanı da hər şeyi çatdırır. Buna səhər ertə yuxudan oyanmaq, işə başlamaqla, özü də kiminsə şirin yuxusuna haram qatmamaqla nail olur, Yadımdan çıxmaz ki, hər səhər erkən, Elə gəzinərdin evdə yavaşdan. Nə cür çatdırırdın, deyə bilmərəm, O boyda işləri durub o başdan… Şair çox düşünüb-daşınır, dağı Arana, Aranı dağa aparır. Fəqət dünyada anadan qiymətli heç nə tapa bilmir. Bunu yəqin etdikdən sonra qələmə sarılır: Ay ana, bilirəm bu kainatda, Qiymətli nə varsa oyun-oyuncaq Hər şeyin qiyməti olur həyatda, Sənin qiymətini tapmadım ancaq. Qadınları, anaları qorumaq lazımdır. Ana böyük qüvvə, müqəddəs varlıq, evin dirəyi, övladın gözünün bəbəyidir. Uşaqların həyatında hər iki valideyn əhəmiyyətlidir. Fəqət ananın xüsusi rolu vardır. Təsadüfi deyilməyib ki, ” Uşaq atadan yox, anadan yetim qalar”. Hətta ana, qadın həyatdan köçəndə kişilərin özləri yetim qalırlar. Musa Yaqub demişkən “Qadınsız yaşamaq, ürəyinin dərdini həyat yoldaşıyla bölüşə bilməmək əzabdır!” Mahirə xanım şeirlərinin birində ananın fikir çəkdiyini, narahat olduğunu, hətta göz yaşı tökdüyünü görüb qayğılanır. Bu onu varından yox edir. Anaya təsəlli verməyə, onun dərdini, kədərini yüngülləşdirməyə çalışır: Yenə qəlbim göynətməsin qəlbini, Ağ saçını suya sərib ağlama. Kim böləcək bölünməyən dərdini, Fəqan çəkib qərib-qərib ağlama. İstəyir ki, anaya özünü ələ alsın, qayğılanmasın, göz yaşı tökməsin. Axı göz yaşı təsəlli ola bilər, dərdi, kədəri bir azca, azacıq yüngülləşdirə bilər, fəqət “bölünməyən dərdini heç kim bölə bilməyəcək” (“Kim böləcək bölünməyən dərdini”). Əbədi heç nə olmur, gələn – gedir, dolan – boşalır, olan – olmur. Hər şey də, şeirdə deyildiyi kimi, “gəldi-gedərdir”. Diqqət yetirək: Ah eləmə, ahu-zarın hədərdi, Bu dünyada hər şey gəldi-gedərdi, Göz yaşımnan göyətmişəm bu dərdi, Təsəlli ver, durub-durub ağlama. Mahirə Nağıqızının qadına, anaya xüsusi dəyər verməsi təbiidir. Professor T. Novruzovun aşağıdakı fikrini mən də təsdiqləyirəm: “Mahirə Nağıqızının poeziyasının baş obrazı ANAdır”. Mahirə xanımın bədii yaradıcılığının bir istiqamətini də Azərbyacanımızın adlı-sanlı insanlarına, məşhur elm adamlarına ünvanlanmış şeirləri təşkil edir. Bu baxımdan professor Həsən Mirzəyevə həsr etdiyi şeir səciyyəvidir: El oğluydu, el adamı, – dedilər, Tək qoymayıb bir adamı, – dedilər. Ata, qardaş, əmi, dayı, – dedilər, Dağda, düzdə Həsən Mirzə yaşayır. Şeirdən göründüyü kimi, Həsən Mirzəyev təkcə adlı-sanlı alim, millət vəkili olmaqla öz fəaliyyətini məhdudlaşdırmayıb, el oğlu, el adamı olub, camaatın xeyrinə, şərinə yarayıb. Belələri həyatda həqiqi şəxsiyyət statusu alırlar. Məhəbbət əbədi ehtiyacdır. Nazim Hikmətin dediyi kimi, “İnsanın ən böyük kəşfi məhəbbətdir”. Elə şair tapılmaz ki, eşq, sevgi, məhəbbətə aid şeirləri olmasın. Hətta bəzi məşhurlar məhəbbət şeirləri ilə yaradıcılığa başlamışlar. Bu mənada Mahirə xanımın şeirləırini arayıb-axtardım, görüm ki, onun məhəbbətə aid hansı şeiri var. Tapdım. Yalnız birini – “Sənsiz” şeirini diqqət mərkəzinə gətirmək istəyirəm. Onun da bir bəndini: Bu səhra dünyamın yuxularının, Hər gecə gəzdiyi ormanı sənsən. Yaralı qəlbimin, xəstə canımın, Yeganə davası, dərmanı sənsən.
Eşq ilə dikələn dərd – sarayıymış, Başqa cür deyilən hay- harayıymış. Sənsiz yaşadığım gün – haramıymış, Ömrümün-günümün hər anı sənsən. Mahirə xanımdan ötrü məhəbbət ümiddir, imandır, inam və nəhayət, həyatdır. Eşqə mübtəla olan şəxs əxlaqını saflaşdırır, mənəviyyatını zənginləşdirir, pak, kindən-küdurətdən azad olar. “Sənsiz” şeirindən göründüyü kimi, şair eşqi “yaralı qəlbin, xəstə canın davası-dərmanı” adlandırır. Aşiqi “ömrümün-günümün hər anı” hesab edir. Uğurlu bənzətmələrdir. Mahirə xanımın şairləri arasında bir şeri (“Köhnədi”) xüsusilə məni valeh etdi. Mənalandırma son dərəcə gözəldir. Yalnız iki bəndini nümunə gətirirəm: Zaman gedər, zaman gələr, Dünyanın çarxı köhnədi. Buluddan yağış ələnər, Aparan arxı köhnədi. Danış, dərdin mənə gəlsin, Təki sənin üzün gülsün. Taxda çıxan hardan bilsin, Çıxdığı taxtı köhnədi. Münasibət bildirək: Yağış yağır. Hamının ürəyincədir ki, yağış olsun, əkin- biçin suvarıla bişin. Suyu arx aparır, arx isə köhnədir, yağış suyunu ünvana çatdıra bilmir (“Buluddan yağış ələnər, Aparan arxı köhnədi”). . Həyatda hamı, hər bir şəxs bir vəzifə sahibi olmaq istəyir. Amma o vəzifəni necə yerinə yetirəcək? Tapşırılan işin öhdəsindən gələ biləcəkmi? Bir çoxlarının həsrətində olduğu vəzifə nə qədər arzuolunan, möhtəşəm olsa da, neçə-neçə insanı yola salıb. Odur ki, vəzifə alan şəxs düşünüb-daşınmalıdır: o, vəzifə taxtından düşəndə necə düşəcək? (“Taxda çıxan hardan bilsin, Çıxdığı taxtı köhnədi”). Qeyd etdiyimiz kimi, Mahirə Nağıqızının bədii yaradıcılığı əhatəlidir. Biz bu yaradıcılıqdan bəzi nümunələri diqqət mərkəzinə gətirə bildik. Təbii ki, bütün şeirlərinii üzərində dayanmaq mümkünsüzdür. Bu yazını bitirərək bir daha vurğulayırıq: Mahirə Nağıqızı çağdaş poeziyamızın sayılıb-seçilən nümayəndələrindənidir! Qoy bundan sonra da belə olsun! Mahirə xanımın şeirləri sevilə-sevilə oxunur! Şair sevilirsə, demək, o, əbədilik qazanıb. Əbədilik qazanan şairlər var olsunlar!!! Mahirə xanıma uğurlar diləyirik!