Allah taala saf əxlaqa, mənəvi kamilliyə, xeyirxah əməllərə malik insanlara uzun ömür versəydi, dünya cənnətə dönərdi, bəşəriyyət stresdən, gərginlikdən, mərdimazarlıqdan, məhrumiyyətlərdən yaxa qurtarardı. Amma nə etmək olar? Hərənin öz taleyi, öz ömür payı var. Kamal Xəlilov kimi. Kamal vur-tut 54 il yaşadı. 1942-ci ildə Əli Bayramlı (hazırda Şirvan) şəhərində doğuldu, 1996-cı ildə Bakıda dünyasını dəyişdi. Onu tanıyanların hamısı yaxşı bilir ki, o, mənalı həyat yaşadı, özündən sonra xoş, ürəkaçan xatirələr qoyub getdi. Anılanda ona rəhmət oxunur, yaxşı əməlləri yada düşür. Kamal əslən Şirvan (keçmiş Əli Bayramlı) şəhərindən idi. Orta təhsilini şəhər 1 nömrəli məktəbdə başa vurub Azərbaycan Pedaqoji Dillər İnstitutuna (hazırda ADU) daxil olmuşdu. İngilis dili müəllimliyini seçmişdi. Onda dil öyrənməyə maraq güclü idi. Rus dilini bilir, ingilis dilinə mükəmməl yiyələnməyə çalışırdı. İdmanı da sevirdi. Sərbəst güləşlə məşğul idi. Şəhər (respublika) birinciliklərinə qatılırdı. Hətta respublika çempionu da olmuşdu.
Kamal dərslərinə ciddi yanaşmaqla bərabər ali təhsil müəssisəsinin ictimai həyatında da yaxından iştirak edirdi. Müəllimlərinin hörmətini saxlayır, nüfuzlarını qoruyurdu. Tələbə yoldaşları ilə mehriban dolanırdı, lazım gələndə onlara öz köməyini göstərir, onların dəstəklərindən də faydalanırdı. Kəsəsi, Kamal həm pedaqoji kollektivin, həm də tələbələrin sevimlisi idi.
Həm institutda, həm kənarda, həm də Əli Bayramlıda Kamalın çoxlu dostları vardı. Yaxşı dostları ilə öyünür, onlara bel bağlayır, onlarla özünü güclü hiss edirdi. Kamal görkəmli qazax şairi və ictimai xadimi Oljas Süleymenovla (1936-cı ildə anadan olub) da dost münasibətindəydi. Oljas Kamalın dəvəti ilə Bakıya gəlmişdi. Kamal onu götürüb Əli Bayramlıya aparmışdı.
Kamalın bir qardaşı (Möhsüm) şəhərdə çıxan “İşıq” qəzetinin redaktoru, o biri qardaşı (Tofiq) şəhər idman komitəsinin sədri idi. Qardaşları Rasimlə Valeh, bacıları Validə Azərbaycan Pedaqoji Dillər İnstitutunun (hazırda ADU) ingilis dili fakültəsini bitirmişdilər.
Tofiq mahir güləşçi olmaqla yanaşı, yaxşı ovçu idi. Kamal qardaşı Tofiqin təşkilatçılığı ilə Oljası ova da aparmışdı.
Kamal III kursda oxuyurdu. İngilis dilini yaxşı mənimsəmişdi. Bir gün onu respublika Maarif Nazirliyinə – nazirliyin xarici əlaqələr şöbəsinə çağırdılar. Onun ingilis və rus dilləri üzrə bacarıqlarını yoxladılar. Sorğu-sualdan sonra bildirdilər ki, tərcüməçi qismində onu xarici ölkəyə göndərmək fikirləri var. İnstitut məsləhət bilib. Beləliklə, az sonra Kamal Moskvaya yola düşdü. SSRİ Xarici İqtisadi Əlaqələr Nazirliyində oldu. Onu Misir Ərəb Respublikasına göndərirdilər. Sovet mütəxəssislərinin yaxından iştirakı və köməyi ilə Asuan bəndinin tikintisində tərcüməçi kimi fəaliyyət göstərəcəkdi.
O zamanlar SSRİ adlanan imperiyaya daxil idik. Digər sahələrdə olduğu kimi, xaricdə işləməyə gedən mütəxəssislər Moskva tərəfindən müəyyən edilir, göndərilirdi. Müsəlman ölkələrinə tərcüməçilər bir sıra hallarda ittifaqa daxil olan müsəlman respublikalarından seçilirdi. Xaricdə işləyəcək mütəxəssislər əsasən ruslardan, xristianlardan ibarət olurdu. Bəzən də müsəlman ölkələrinə azərbaycanlılar, özbək, qırğız, tacik, qazax, türkmənlər də neft, energetika və s. sahələr üzrə mütəxəssis kimi cəlb edilirdilər.
Çox qədim dövlət olan Misir dünya sivilizasiyasının ilk məskənlərindən idi. Kamal Xəlilov Misirə yola düşməmişdən əvvəl bu ölkə haqqında ətraflı məlumat toplamış, onun tarixini, mədəniyyətini, xalqın adət-ənənələrini öyrənmişdi. İngilis dili vasitəsi ilə tərcüməçilik vəzifəsini uğurla yerinə yetirməklə bərabər ərəb dilini öyrənməyə səy göstərirdi.
Nəhayət, Kamalın Misir Ərəb Respublikasındakı tərcüməçilik fəaliyyəti başa çatdı. O, doğsa Vətənə qayıtdı. Evdəkilər, tələbə dostları, müəllimləri onu çox yaxşı qarşıladılar. Kamal III kursda təhsil alarkən Misirə getmişdi. Tələbə yoldaşları artıq V kursda idilər. Məsləhət oldu ki, Kamal eksternat (sərbəst) imtahan verib III kursdan V kursa keçsin. Elə də oldu.
V kursu başa vurub təhsil aldığı institutda müəllim kimi işə başladı. Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun dissertanturasına qəbul olundu. Fəlsəfə elmləri üzrə namizədlik dissertasiyası üzərində işləməli oldu. Misir Ərəb Respublikasında alarkən ərəb dilini öyrənmişdi. Bu dəfə ərəb dili üzrə tərcüməçi kimi xaricə, ərəb ölkələrinə getmək fikri vardı. Fəqət ərəb dili üzrə mütəxəssis olmasını təsdiqləyən sənədi yox idi. Odur ki, Azərbaycan Pedaqoji Dillər İnstitutunun nəzdində fəaliyyət göstərən xarici dilləri öyrənən ikiillik kursun ərəb dili şöbəsinə yazıldı, diplom aldı. O zamanlar mən də Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis-Azərbaycan dilləri fakültəsində təhsil alırdım, eyni zamanda xarici dilləri öyrənən ikiillik kursun ərəb dili kursunda oxuyurdum. Bu kursda dərslər axşam növbəsində həftədə üç dəfə, hər dəfə iki qoşa saat olmaqla keçilirdi. Başqa qrupda olsa da, kursun məşğələlərində Kamalla tez-tez rastlaşırdım. Kamal Xəlilov eyni zamanda Azərbaycan Dövlət Universitetinin (hazırda BQU) şərqşünaslıq fakültəsində görkəmli şərqşünas, məşhur ərəbşünas professor Ələsgər Məmmədovun rəhbərlik etdiyi komissiya qarşısında imtahan verərək, ərəb dili üzrə tərcüməçilik sertifikatı aldı.
Günlər, həftələr, aylar ötdü. Kamal Xəlilov yenə səfərə çıxmalı oldu. Bu dəfə yolu Suriya Ərəb Respublikasına idi. SSRİ Xarici İqtisadi Əlaqələr Nazirliyinin xəttilə Dəməşqdə ərəb dili üzrə tərcüməçi işləyəcəkdi. Sovet İttifaqından gələn mütəxəssislər və suriyalı mütəxəssisləri arasında danışıqları tərcümə edəcəkdi. Ailəli idi. Bu dəfə tək yola düşmürdü. Həyat yoldaşı Zərifə xanım və azyaşlı oğlu Tamerlan da onunla idi. Həyat yoldaşı Zərifə Ağabəyova tibb elmləri doktoru, professor Hüseyn Ağabəyovun qızı idi. O, Kamalla eyni qrupda oxumuşd. Zərifə xanım da ingilis və rus dillərini yaxşı bilirdi. Tamerlan sonralar ingilis, rus, ərəb və fars dillərinə yiyələndi. Diplomatik işdə (respublikamızın Küveytdəki səfirliyində və s.) çalışdı.
Tərcüməçilərlə, adətən 2 illik müqavilə bağlanılırdı. Məharətli tərcüməçi olduğu, öz işinin öhdəsindən bacarıqla gəldiyi nəzərə alınaraq, Kamalla müqavilənin müddəti uzadılmaqda idi. Beləliklə, o, 5 il Dəməşqdə tərcüməçi kimi fəaliyyət göstərdi. Kamal Suriyadan qayıtdıqdan sonra Azərbaycan Pedaqoji Dillər İnstitutunda (ADU) müəllimlik fəaliyyətini davam etdirməyə başladı. İngilis dilini tədris edirdi. Auditoriyanı, tələbələri və təlim prosesini uğurla idarə edirdi. Müəllim-tələbə münasibətlərini səmərəli şəkildə qururdu. Pedaqoji əməkdaşlığın yüksək səviyyədə olmasına çalışırdı.
Dissertasiya müdafiə etməyə hazırlaşırdı. Fəqət, atalarımız demişkən, “Sən saydığını say, gör fələk nə sayır”. Ömrünün bahar çağında Kamalın ürəyi döyünməkdən qaldı. Çox təəssüf! Bir təsəllimiz var: Kamal Miriş oğlu Xəlilov həyatda olmasa da, həmişə böyük hörmət və məhəbbətlə xatırlanır! Allah rəhmət eləsin!!!
Mən onu hələ 9- cu sinifdə (1989 – Agdam, Yusifcanlı) oxuyanda 9-cu siniflər üçün “Ailə” adlanan dərsliyin müəllifi kimi tanımışam. Sonralar Ali və orta ixtisas təhsili müəssisələrində tədris olunan pedaqogika kitablarının müəllifi də məhz mənim sevimli qiyabi müəllim olduğunu öyrəndim. Bu gün bu gözəl insanın; böyük alim, sevimli yazıçı, peşəkar pedaqoq, əsl ziyalı Akif Abbasovun doğum günüdür!!! Təbrik edirəm, Müəllim!!! “Hər kənddə, hər şəhərdə Sənin meyvələrin var!” Var olun!!! Allah Sizi qorusun!!! Allah uzun ömür, can sağlığı versin ki, yazın, yaradın!!! Biz də oxuyaq, öyrənk!!! Hörmətlə: Zaur Ustac
Ömər beş bacının bir qardaşı idi. 7 yaşında olarkən – atasını, 14 yaşında olarkən – baba ilə nənəsini itirmişdi. İndi bacılara Ömər baxmalı idi. Necə olmasa, evdə kişi xeylağı bircə o idi.
Yeddinci sinfi bitirən kimi Ömər məktəbi atıb xırda alverə qurşandı. Başqa əlacı yox idi. Ailəni dolandırmaq lazım idi. Anası da bir savad almamış, həm də çöl-bayır görməmişdi. Gedib harada işləyəcəkdi? Özü də dul qadın. Xadimə yeri vardı. Ona da Ömər razı deyildi.
Nə isə. Ömərin hesabına bir qarın ac, bir qarın tox dolanırdılar. Bacılar da yavaş-yavaş böyüyürdülər. Bir neçə il keçdi. Ömərin əsgərlik yaşı gəlib çatdı. Onu orduya apardılar.
Ömər Lənkərandakı hərbi hissəyə düşmüşdü. Bu ara Böyük vətən müharibəsi deyilən müharibə başlandı. SSRİ üzrə səfərbərlik elan olundu. Lənkəran hərbi hissəsindəki əsgər və zabitlər də bir-bir cəbhəyə yola salınırdı. Burada yalnız sınıq-salxaqlar qalmışdı. Ömərin astması vardı. Bəziləri kimi ona da dəymədilər.
Ölkədə müharibə gedirdi. Hitler ordusu yeri-göyü lərzəyə salırdı. Kəndlərdə dolanışıq çox çətinləşmişdi. Amma heç kim səsini çıxarmırdı. Hamı eyni gündə idi.
Ömərin yarı canı qalmışdı ana-bacılarının yanında. Yazdıqlarına görə, birtəhər dolanırdılar. Buna da şükür. Hər halda ac qalmırdılar. Kolxozda onlara iş vermişdilər.
Cəbhədən hər gün bəd xəbərlər gəlirdi. Müharibənin ilk ayları idi. Bəzi evlərin qapılarını qara xəbərlər döyürdü. Bu əsgərlər və zabitlər azalmış hərbi hissədə də hər gün cürbəcür söhbətlər dolaşırdı. Gah deyirdilər Ömər kimi hərbi işə yararsızları da göndərəcəklər ön cəbhəyə. Vuruşmasalar da, oralara bir iş tapılar. Hərbi hissənin təsərrüfat həyatında çalışarlar, yemək bişirərlər, at-arabada yük, çəlləklə su daşıyardılar, kartof soyardılar…
Gah da söz-söhbət gəzirdi ki, onları buraxacaqlar evlərinə. Burada qalıb qarınlarını otarırlar. Gedib kənd-kəsəkdə çalışarlar. Arxanın özü də cəbhədir – arxa cəbhə.
Bir gün komandirləri kapitan Hünər Əlibəyli onları sıraya düzdü. Ömər də, o biri əsgərlər də fikirləşirdilər ki, bu gün onların taleyi həll olunacaq. Ya evlərinə, ya da cəbhəyə gedəcəklər. Lakin gözlədiklərinin əksinə olaraq kapitan özü onlarla xudahafizləşdi:
-Əsgərlər, siz burada qalası oldunuz. Gedən mənəm. Cəbhəyə yola düşməliyəm. Amma sizlərdən birini gərək öz yerimə komandir seçəm. Sizin hansınız hansı ali məktəbi, yaxud texnikumu bitirib?
Əslində bu 15-20 əsgər arasında ali və orta ixtisas təhsili olan yox idi, amma hamısının ürəyindən komandir olmaq keçirdi. Ağıllarına gələn ali məktəbin adını çəkməyə başladılar. Əli dedi:
-Mühəndisliyi bitirmişəm.
Vəli dilləndi:
-Aqronomluq qurtarmışam.
Nağı irəli yeridi:
-Mexanizatorluq oxumuşam.
Tağı buyurdu:
-Zootexniklik savadım var.
Yoldaşlarının yalan-palanlarına qulaq asan Öməri fikir apardı. Komandirlik əldən çıxa bilərdi. Bəs o nə desin? Desin ki, 7-ci sinif təhsilim var?! Yox. Olmaz. Odur ki, cərgədən irəli çıxaraq:
-Komandir, mən aspiranturada oxuyuram, – dedi.
Kapitan Hünər Əlibəylini gülmək tutdu. Lakin açıb-ağartmadı. O kimin hansı yuvanın quşu olduğunu çox gözəl bilirdi. Kapitan cəbhə deyəndə əslində bir günlük aldığı icazəni nəzərdə tuturdu. Atası xəstə idi. Ona dəyib hərbi hissəyə dönəcəkdi. Amma bunu əsgərlərə bildirmədi.
-Deməli, Ömər mənim yerimə olur sizin komandir.
Ömər qulaqlarına inanmadı. Özünü ələ alıb tez:
-Oldu, komandir! – dedi.
Kapitan Hünər Əlibəyli sağollaşıb hərbi hissəni tərk etdi. O gedəndən sonra Ömər əsgərləri yenidən sıraya düzdü:
-Bilirsiniz də, komandirin bir sözünü iki eləmək olmaz. Onun hər sözü, hər əmri qanundur. Kim nizam-intizamı, qayda-qanunu pozsa, o, cəzalanacaq.
Kapitan Hünər Əlibəyli hərbi hissəyə qayıdana kimi Ömər əsgərlərin anadan əmikləri südü burunlarından tökdü. Onları tez-tez sıraya düzür, saatlarla sıra marşları keçirir, qaçış təşkil edirdi. Kapitan Hünər Əlibəyli yalan olmuşdu Ömər gerçək. Kapitanı yada salıb onun atasına rəhmət oxuyurdular. Ömər axşam da əsgərlərə rahatlıq vermədi. Gecənin bir aləmi, yuxunun şirin vaxtında “həyəcan” siqnalı verib onları oyatdı.
Ertəsi gün kapitan Hünər Əlibəyli hərbi hissəyə qayıtdı və iş başına keçdi.
* * *
Müharibəyə yaramayan əsgərləri evlərinə buraxmadılar, cəbhə bölgəsinə yola saldılar. Ömər Stalinqrada yaxın hərbi hissələrin birinə düşdü. Ona da bir iş tapşırmışdılar. Tez-tez evlərinə üçkünc məktublar göndərir, sağ-salamat olduğunu yazır, anasının, bacılarının əhvalından xəbər tuturdu. Ömərin təkidli xahişinə görə ona da avtomat və əl qumbarası vermişdilər. O da döyüşlərə qatılmışdı.
Ömər bir dəfə səngərdə uzanmışdı. Almanlar atəşə ara vermirdilər. Ömər də xala xətrin qalmasın, həm də düşmən hədəfinə tuş gəlməsin deyə arada başını qaldırıb necə gəldi atəş açırdı. İndiyədək əlinə avtomat almışdı? Kənddə gördüyü oraq, dəryaz, balta, bel, yaba idi. Lənkəranda hərbi hissədə olanda da onlara yalnız hərbi marşı, “düz dayan”, “farağat”, “azad” komandalarını öyrətmişdilər. Birdən-birə gətirib atmışdılar müharibə meydanına.
Sən demə, komandiri ona göz qoyurmuş. Sir-sifətindən, ləhcəsindən bilinirdi ki, başqa millətin nümayəndəsidir. Ömərin neçə gəldi güllə atmağı onu haldan çıxarıbmış. Əyilə-əyilə Ömərə yaxınlaşaraq pozuq rus dilində:
-Soldat, sənin ananı…
Onun ana söyüşü Öməri cin atına mindirdi. Bayaq yapışdı mayorun boğazından:
-Sənin, ananı da, bacını da… Əclaf mənim anam namaz qılır, oruc tutur, onu söyürsən? Bu dəqiqə avtomat güllələrini bədəninə sıxacam.
Mayor yalvar-yaxar edib ayağa qalxdı və üzr istədi:
-İzvini, brat…
Əlini uzadıb Ömərin avtomatını aldı:
-İndi mən sənə göstərərəm ki, necə atmaq lazımdır.
Mayor ayağa qalxıb:
-Elə yox, gülləni belə atarlar!– deyə atəşi açmaq istəyəndə tir-tap yerə sərildi. Düşmən onu qabaqlamışdı. Alman gülləsi onun alnına dəymişdi.
Ömər tez onun başının üstünü kəsdirdi. Komandir ölmüşdü. Ömər ana söyüşünü ona qaytararaq:
-Atəşi mənim kimi açmaq lazım idi, – dedi, -elə atarsan, belə gorbagor olarsan!..
…Bir müddət keçdi. Ömərin məktubları kəsildi.
Kənddə bir nigarançılıq yaşanırdı. Ana və beş bacı Ömərə görə narahat idilər. Az keçmiş qara xəbər aldılar. Beş bacının bir qardaşı itkin düşmüş, həlak olmuşdu.
Ömərə yas tutdular, üçünü, yeddisini, qırxını verdilər. Qəbiristanlıqda rəmzi başdaşı da qoydular. Qohum-əqrəba, ana və bacılar “Ömər!!!” – deyib göz yaşı tökürdülər. Onlara təsəlli verərək: “Bu tək sizin başınıza gələn bəla deyil ha! Kərim kişi, Vəfa xanım, Qızxanım qarı, Hidayət kişi, Çopur Məlik, neçə-neçə ev, ailə siz gündədir. Müharibədir, nə edəsən? Qansız-qadasız olmur. Özünüzü öldürməyin, özünüzü üzməyin, səbir edin!”
Böyük bacı gözü yaşlı cəhrədə yun əyirirdi. Fikir-xəyal onu tərk etmirdi. Birdən ayağa sıçrayaraq:
-Ay ana, Ömər sağdır! – dedi.
Fatma arvad yaxın gəldi:
-Nə bildin, ay qızım?
Böyük bacı:
-Bu cəhrə dedi.
Fatma arvad salavat çevirdi: “Görəcəkli günlərimiz varmış. Öməri əlimizdən müharibə aldı. Bu qızın da deyəsən başına hava gəlib. Cəhrə də danışar?”
-Qızım, toxta. Qardaşın həlak olub. Qırxını da verdik!
-Yox, ay ana, Ömər sağdır!
Anasının təəccüblə baxdığını görən böyük qız israrla:
-Anacan, vallah cəhrənin səsindən duydum ki, qardaşım sağdır.
Fatma arvad qızını qucaqladı, onu sakitləşdirməyə çalışdı. Eyni zamanda özünü saxlaya bilməyib göz yaşlarını tökdü:
-Ömər vay! Cavan canın torpaq oldu! Müharibə törədənin tifağı dağılsın!
Böyük qız inamla:
-Anacan, ağlama, – dedi, -Allah-taala gec-tez biz sevindirəcək!
Qızının hərəkətindən və sözlərindən məyus olan Fatma arvad o biri qızlarına baxdı. Yəni “Görürsünüzmü, bacınız havalanıb”.
Bacılar da təəssüflə böyük bacıya baxır, lakin bir söz demirdilər. Böyük qız:
-Mənə inanın!
O, sözünü qurtarar-qurtarmaz həyət qapısı açıldı… Hamını heyrət götürdü. Lap möcüzə idi. Ömər əsgər şinelində və uzunboğaz hərbi çəkmələrdə, başında əsgər papağı, çiynində hərbi çanta göründü. Ardınca da kənd camaatı. Eşidib-bilən, görən Fatma arvadın evinə sarı axışırdı. Ana və bacılar Ömərin üstünə atıldılar.
Sən demə, Ömər ölməyib, yaralanıbmış. Sonradan onu meşədən tapıblarmış. O, sürünə-sürünə özünü meşəyə veribmiş ki, almanlar onu tapa bilməsinlər. Burada huşunu itirib qalıbmış. Avtomatı da yanında idi. Onu tapan kimi, hərbi hospitalda yerləşdirmişdilər. Sağalandan sonra da bir həftəlik evə buraxmışdılar.
Ana və beş bacı göz yaşlarını saxlaya bilmirdilər. Bu yaşlar artıq qəm-qüssə, kədər yaşları deyil, sevinc yaşları idi.
Heydər Əliyev Azərbaycan təhsilinin inkişaf etdirilməsinə, onun tarixinə, məktəbdə əsas sima olan müəllimin təhsildəki roluna və şəxsiyyətinə dair çoxsaylı fikirlər irəli sürmüşdür. Biz bu məqalədə Ulu Öndərin yalnız 1998-ci il sentyabrın 25-də Respublika Sarayında müstəqil respublikamızın ilk müəllimlər qurultayındakı nitqində söylədikləri fikirləri diqqət mərkəzinə gətirmək istəyirik.
Heydər Əliyev bu qurultayı təhsilimizin gələcəyi və ümumiyyətlə, Azərbaycanın gələcəyi üçün mühüm bir mərhələ hesab edirdi. O, müstəqil respublikamızın ilk müəllimlər qurultayının iştirakçısı olduğu üçün özünü xoşbəxt hiss edərək, sevincini salondakılarla bölüşmüşdür. Ümummilli Lider qurultay iştirakçılarına müraciətlə demişdir: “Azərbaycanda təhsilin qədim və zəngin tarixi vardır. Bu gün bu barədə məlumatlar verildi. Biz tarixin bütün mərhələlərində Azərbaycanda müəllimin, təhsilin rolunu qiymətləndiririk”.
Heydər Əliyev bütün varlığı ilə, keçdiyi həyat yolu ilə həmişə məktəbə, müəllimə borclu olduğunu; bütün həyatı boyu təhsil sistemi ilə bağlılığını bildirirdi. Eyni zamanda bütün bunların heç də təsadüfi olmadığını qurultay nümayəndələrinin nəzərinə çatdırırdı. Ulu Öndərin dediklərindən təhsil işçiləri, təntənəli tədbir iştirakçıları öyrəndilər ki, Heydər Əliyev 1939-cu ildə Naxçıvanda Pedaqoji Texnikumu bitirsə də, müəllimlik etməyib. Həmin texnikum həmin dövrdə müəllim azlığına, ibtidai siniflərə, hətta orta məktəblərin 7-8-ci siniflərinə qədər dərs demək üçün müəllim kadrları hazırlayırmış. Heydər Əliyev də orta məktəbin 8-ci sinfini bitirdikdən sonra pedaqoji texnikuma daxil olubmuş. Məqsədi müəllim olmaq, müəllim işləmək və ailəsinə kömək etmək idi. Bu barədə qurultayda danışdı.
Ümummilli Lider onu böyük müəllim kimi dəyərləndirənlərin sözlərinə qüvvət verərək dedi: “Siz məni də müəllim hesab edirsiniz. Siz mənim təhsilimə əsaslanaraq bunu deyirsiniz. Mən pedaqoji texnikumu bitirəndən sonra Bakıda ali məktəbə qəbul olundum. Pedaqoji texnikumun sonuncu kursunda bizə pedaqoji təcrübə dərsi verirdilər. Biz həftədə 2-3 dəfə gedib məktəblərin 2-ci, 3-cü, 4-cü siniflərində dərs deyirdik. Ona görə də mənim o vaxt bir az dərs vermək təcrübəm olubdur. O günlər mənim xatirimdədir. Xatirimdədir ki, nə qədər həyəcan keçirirdim. Əvvəlcə bizi o siniflərə aparırdılar, oturub baxırdıq ki, müəllimlər necə dərs verirlər. Bir müddət belə idi. Ondan sonra isə deyirdilər ki, gedib filan gün, filan sinifdə filan dərsi verməlisən. Nə qədər hazırlaşmaq lazım idi. Nə qədər hazırlaşsaydın da, 2-ci, 3-cü, 4-cü sinif uşaqları qarşısında böyük həyəcan keçirirdin. Mən həmin günləri indi də xatırlayıram”.
Ulu Öndər müəllim işləməsə də, əslində özünün dediyi kimi, texnikumda təhsil alarkən pedaqoji təcrübə dövründə əlinə jurnal alıb sinfə girmiş, 2-ci, 3-cü, 4-cü sinif şagirdlərinə dərs demişdir.
Ümummilli Lider istər respublikamızda, istərsə də keçmiş ittifaqda yüksək vəzifələrdə çalışmış, Azərbaycana rəhbərlik etmiş, eyni zamanda SSRİ dövlətinin rəhbərlərindən biri olmuşdu. Heydər Əliyev hansı vəzifədə işləməsindən asılı olmayaraq, həmişə məktəblərin inkişafına kömək göstərmiş, təhsilə, müəllimin şərəfli əməyinə yüksək qiymət vermişdir. Bu barədə müstəqil Azərbaycanın ilk müəllimlər qurultayında demişdir: “1969-cu ilə qədər bir çox dövlət işlərində işlədiyim zaman mən daim məktəbə, ali məktəblərə maraq göstərmişəm və onların fəaliyyətində müəyyən xidmətlərim olubdur. Ancaq mən 1969-cu ildə respublikanın rəhbəri seçiləndən sonrakı fəaliyyətimin şübhəsiz ki, bütün sahələrini qiymətləndirərək, Azərbaycanda məktəbin, orta, ali təhsilin, texniki peşə təhsilinin inkişaf etməsini öz fəaliyyətimin əsas hissəsi hesab etmişəm, bununla ciddi məşğul olmuşam. Bu gün iftixar hissi keçirə bilərəm ki, o illər mən Azərbaycana rəhbərlik etdiyim zaman saysız-hesabsız məktəblər yaranıbdır, ali məktəblərin sayı, onların fakültələri, kafedraları artıbdır, yüksək səviyyəli müəllim kadrları, universitetlərdə dərs deyən alim kadrları hazırlanıbdır və bunların hamısında mənim xidmətlərim olubdur”.
Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin I müavini vəzifəsində çalışarkən bir çox istiqamətdə fəaliyyət göstərirdi. O, bir sıra nazirliklər (Ali Təhsil Nazirliyi, Maarif Nazirliyi və Texniki Peşə Təhsili Komitəsi) bilavasitə onun rəhbərliyi altında idi. Ulu Öndər təhsillə bilavasitə əlaqədar olan bu nazirliklərə 5 il rəhbərlik etmiş, onların fəaliyyətində, tədbirlərində, kollegiya iclaslarında iştirak etmiş, onların məruzələrini, hesabatlarını dinləmiş, nitq söyləmişdi.
Heydər Əliyevin qənaətincə, Sovetlər İttifaqı dövründə yaranmış təhsil sistemi bir çox üstünlüklərə malik olsa da, o sistem tam təkmil sistem deyildi, onu təkmilləşdirmək lazım gəlirdi.
Məlum olduğu kimi, Heydər Əliyev 1983-1984-cü illərdə SSRİ-də məktəb islahatı ilə bağlı komissiyanın sədri olmuşdu. O zaman məktəb islahatı hazırlandı, 1984-cü ildə SSRİ Ali Sovetinin sessiyasında islahatın müzakirəsi keçirildi. Ulu Öndər həmin sessiyada məktəb islahatına dair məruzə ilə çıxış etdi.
Məktəb islahatı ilə əlaqədar qanunlar, bir sıra qərarlar qəbul olundu.
Göründüyü kimi, Ümummilli Liderimiz təhsil və məktəb sisteminə istər gəncliyindən, istərsə də respublikamıza, eyni zamanda SSRİ-yə rəhbərliyi dövrdən bələd idi.
1984-cü il məktəb islahatından danışarkən Heydər Əliyev qurultay nümayəndələrinə aşağıdakı məlumatı verdi: “Mən Məktəb İslahatı haqqında” qanun hazırlamışam, o da qəbul edilibdir. Doğrudur, 1985-ci ildə Qorbaçov Sovetlər İttifaqının başçısı seçiləndən sonra o illərdə görülmüş işlərə görə onda böyük bir qısqanclıq əmələ gəldi. Qorbaçov həm birinci qanunun, həm də məktəb islahatının həyata keçirilməsinə imkan vermədi, şərait yaratmadı. O özü hansısa yeni-yeni islahatlar irəli sürdü. Ancaq buna baxmayaraq, o qanunlar öz işini gördü. Məktəbin təkmilləşməsi sahəsində o illərdə bir çox işlər görüldü”.
Heydər Əliyev Azərbaycanda təhsilin, o cümlədən orta, texniki peşə, orta ixtisas və ali məktəblərin fəaliyyətinin yaxşılaşdırılması və təkmilləşdirilməsi istiqamətində ciddi tədbirlərin görülməsini zəruri hesab edirdi. Bildirirdi ki, ölkəmizdə məktəb, təhsil bundan sonra da onun diqqət mərkəzimdə dayanacaqdır.
Ulu Öndər respublikamızda yeni təhsil müəssisələrinin təmirini və tikilməsini vacib hesab edirdi. Ötən əsrin 90-cı illərində yenidən müstəqillik əldə etdik. Müstəqilliyin ilk illəri idi. Maddi çətinliklərimiz vardı. Məktəblərin tikilməsi və əsaslı təmirində problemlər vardı. Odur ki, Heydər Əliyevi şirkətləri, iş adamlarını təhsilə vəsait sərf etməyə və təhsilin inkişafına qoşulmağa çağırırdı: “Burada tamamilə düzgün fikir söyləndi ki, bizim iş adamları, ayrı-ayrı şirkətlər ya məktəb binası tikə, yaxud da mövcud məktəblərin təmirini öz üzərinə götürə bilərlər. Burada doğru deyildi, bəzi iş adamları məscid tikirlər, – o da lazımdır, mən bunu çox əhəmiyyətli hesab edirəm, – ancaq bir məscid tikəndə, bir dənə də məktəb binası tikmək lazımdır. Ona görə də mən burada deyilən fikirlərə şərik çıxaraq üzümü tuturam Azərbaycanda fəaliyyət göstərən iş adamlarına, şirkətlərə və müraciət edirəm ki, onlar bu sahədə təşəbbüs göstərsinlər. Bəyan edirəm ki, kim bu sahədə təşəbbüs göstərsə, hansısa bir məktəbi yaxşı təmir edib müasir vəziyyətə salmağı öz üzərinə götürsə, şübhəsiz ki, o, dövlət tərəfindən müəyyən qayğı altında olacaqdır”.
Ümummilli Liderin qurultaydakı nitqində bütün bu məsələlərlə diqqət mərkəzində dayandı.
Heydər Əliyev Müəllimlər Qurultayına bir gün qalmış, yəni 24 sentyabr 1998-ci ildə bu tədbirə məktub da ünvanlamışdı (“Azərbaycan müəllimləri qurultayına”). Məktub təbrik xarakterli idi, qurultayın keçirilməsi təqdir olunurdu. Təbrikdə müəllimin rolu xüsusilə dəyərləndirilirdi. Diqqət yetirək: “Azərbaycan müəllimlərinin cəmiyyətimizin həyatında oynadığı rol müstəsna əhəmiyyətə malikdir. Müəllimlik xalqımızın ən çox hörmət etdiyi, ən çox əziz tutduğu bir peşədir. Təsadüfi deyil ki, cəmiyyətimizin ən layiqli nümayəndələri sənətindən, işindən asılı olmayaraq müəllim adlandırılır. Tariximizin bütün dövrlərində bu ada məhəbbətlə yanaşılmış və onun daşıyıcılarına xüsusi ehtiram bəslənmiş, diqqət göstərilmişdir”.
Təbrikdə eyni zamanda qurultayın böyük əhəmiyyəti qeyd olunurdu. Fikir verək: “Sizin bu qurultayınız müstəqil respublikamızın ilk müəllimlər qurultayı olsa da, Azərbaycanda müəllimlər qurultaylarının ictimai-siyasi hadisə kimi tarixi qədim, əhəmiyyəti danılmazdır”.
Ulu Öndərin Müəllimlər qurultayındakı nitqində diqqətdə saxladığı məsələlərdən biri də müəllim şəxsiyyəti, müəllimin şərəfli peşəsi ilə bağlı idi. Bu xüsusda deyirdi: “Mən bəyan edirəm ki, bizim müstəqil respublikamızda, Azərbaycan cəmiyyətində müəllim bu gün də, gələcəkdə də ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir. Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Müəllimlik peşəsi asan peşə deyil. Bəziləri hesab edirlər ki, hər adam müəllim ola bilər. Bəzən olur ki, müəllimliyə layiq olmayan adam da müəllimlik edir”.
Heydər Əliyev öz işinə məsuliyyətlə yanaşan, şagirdlərin, tələbələrin təlim və tərbiyəsi ilə yaxından məşğul olan, öz vəzifəsinin öhdəsindən vicdanla gələn müəllimləri təqdir etməklə yanaşı, müəllimlərin cərgəsinə təsadüfən düşənləri də pisləyirdi. Onları nəzərdə tutaraq deyirdi: “Belə hallar bu gün də var, gələcəkdə də ola bilər. Ancaq Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi? Biz bunların hamısını məktəblərdən, universitetlərdən, müəllimlərdən, sizdən almışıq. Mən müəllimlərimi həmişə böyük hörmət və ehtiramla xatırlamışam. Əziz dostlar, siz fəxr etməlisiniz ki, müəllimsiniz və müəllimlik peşəsinə sadiqsiniz”.
Ulu Öndər qurultayda müəllim-təhsilalan münasibətinə də toxunmuşdur. O, müəllimin şagirdi öz övladı kimi sevməsini lazım bildiyi kimi, eyni zamanda şagirdin öz müəlliminə hörmət etməsini, onun nüfuzunu qorumasını vacib hesab edirdi.
Ümummilli Liderin nitqindəki aşağıdakı sözlər diqqətimizi cəlb edir: “Biz müəllimi görəndə həmişə özümüzü yığışdırırdıq. Ona hörmət edirdik. Müəllimin hər sözünü qanun kimi qəbul edirdik. Şəxsən mənim həyatımda müəllim ən ali sima olmuşdur. Mənim çoxillik həyatımda, dünyanın çox mərhələlərini keçib gəldiyim həyatımda ən çox yadımda qalan, mənim üçün əziz olan müəllimlərdir. Mən onları bu gün də böyük minnətdarlıqla xatırlayıram. Hesab edirəm ki, mənim öz daxili istedadımla yanaşı, müəllimlərimin mənə verdikləri bilik, tərbiyə, müəllimlərimin mənə göstərdiyi yol bütün həyatımı həmişə uğurlu edibdir və bu gün də uğurlu edir“.
Çox qiymətli fikirlərdir.
Heydər Əliyev müəllim şəxsiyyətinə də böyük qiymət verirdi. Diqqət yetirək: “Mən hesab edirəm ki, insan cəmiyyətində ən yüksək yerdə mənəviyyat durur. Maddi vəziyyət, sərvət, bu və ya başqa şeylər xeyli aşağıda durur. Bununla onu demək istəmirəm ki, müəllimlər həmişə maddi çətinlik içərisində yaşamalıdırlar. Yox, sadəcə, bu sözlərimlə mən özünü müəllimlik peşəsinə həsr edən insanın həmin peşəyə sadiqliyini sübut etmək istəyirəm. Ola bilər, o müəllimlər gedib başqa bir işlə məşğul olsaydılar, bir neçə qat artıq fayda götürə bilərdilər və maddi vəziyyətləri də yaxşı olardı. Ancaq onlar müəllimlik peşəsini seçiblər, siz müəllimlik peşəsini seçmisiniz. Buna görə də mən sizə “afərin!” deyirəm, sizin qarşınızda, müəllimin qarşısında baş əyirəm”.
Ulu Öndər övladlarının təlim-tərbiyəsinə qayğı ilə yanaşan valideynləri də hörmət və məhəbbətlə anırdı. Bu xüsusda demişdir: “Bu, məndə böyük qürur hissi doğurur ki, Azərbaycan vətəndaşları, azərbaycanlılar təhsilə nə qədər bağlıdırlar, övladlarını nə qədər təhsilləndirmək, maarifləndirmək istəyirlər”.
Ötən əsrin 90-cı illərində və ondan əvvəl də uşaqlar 7 yaşından məktəbə gedirdilər. Uşaqların 6 yaşından I sinfə getmək məsələsi gündəmdə idi, lakin bu proses ləng həyata keçirilirdi. Odur ki, Ulu Öndər Müəllimlər Qurultayında haqqında danışılan məsələyə öz münasibətini bildirdi. Fikir verək: “Burada məktəbə altı yaşından getmək məsələsi barədə də fikir söyləndi. Nə üçün bu, indiyə qədər müzakirə olunur? 1984-cü ildə “Məktəb islahatı haqqında” qanunda uşaqların 6 yaşından məktəbə getməsi məqbul hesab edilmişdi. Burada deyildi, doğrudan da bəzən heç altı yaşına çatmamış uşaqlar var ki, çox istedadlı, hazırlıqlıdırlar və onları məktəbə qəbul etmək lazımdır. Sizə öz təcrübəmdən deyə bilərəm. Mən özüm 6 yaşımda məktəbə getmişəm, – o vaxt hələ nə islahat, nə də qanun var idi, – məni məktəbə qəbul ediblər və on altı yaşımda məktəbi bitirmişəm. Oğlum isə məktəbə gedəndə hələ altı yaşı da tamam deyildi. Bunlar hamısı təkcə mənim yox, çox insanların övladlarının təcrübəsindən keçibdir və buna mane olmaq lazım deyildir.
Heydər Əliyevin öz nitqində diqqət yetirdiyi məsələlərdən biri də Təhsil Şurasının yaradılması məsələsinə aid idi. Təhsil Şurasının üzvlərinin kimlərdən ibarət olması barədə müxtəlif fikirlər səslənirdi. Şuranın tərkibində hökumət üzvlərinin və Prezident Aparatının bəzi məsul vəzifəli şəxslərinin, digər vəzifəli şəxslərin, həmçinin daxili işlər nazirinin, müdafiə nazirinin və baş prokurorun təmsil olmasını lazım bilirdilər.
Ulu Öndər məsələyə öz münasibətini tamam fərqli şəkildə və çox da düzgün olaraq bildirdi. Diqqət yetirək: “Təhsil Şurası ictimai təşkilatdır, müəllimlərin, təhsil işçilərinin təşkilatıdır. Ona görə də belə bir təşkilatda yalnız müəllimlər, bilavasitə təhsil sahəsində işləyənlər, bilavasitə təhsillə məşğul olanlar olmalıdırlar. Belə bir şuraya hökumət üzvlərini və Prezident Aparatının bir çox məsul vəzifəli şəxslərini, başqa vəzifəli şəxsləri, hətta daxili işlər nazirini, müdafiə nazirini və baş prokuroru salmaqla bu şuranın tamamilə mənasını dəyişirsiniz. Əksinə, mən hesab edirəm ki, bu şuranın müstəqil olması üçün orada dövlət nümayəndələri olmamalıdır. Gərək bu şura müstəqil olsun, ictimai təşkilat olsun, öz sözünü hökumətə, hakimiyyət orqanlarına desin və öz təkliflərini irəli sürsün. Şurada nazirlərin olması sizə lazım deyildir. Əminəm ki, bu şura formal bir təşkilat yox, işlək təşkilat olacaq və təhsilin, müəllimin, məktəbin problemlərini həll etmək üçün həmişə fəal olacaqdır. Azərbaycanın prezidenti kimi mənim tərəfimdən isə bu şura həmişə dəstək ala biləcəkdir”.
Yuxarıda diqqət mərkəzinə gətirdiyimiz məsələlərdən görünür ki, Ümummilli Liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanımızın ilk müəllimlər qurultayında iştirakı və nitqi həm bu möhtəşəm tədbirə böyük önəm vermiş, həm də təhsilimizin qarşısında quran vəzifələri daha aydın işıqlandırmışdır.
Akif Nurağa oğlu Abbasov
pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim
Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi
Miriş hər dəfə lotereya bileti alanda Səkinə deyinir: “Sən də özünə iş tapmısan? – deyirdi. -Neynirsən bu bileti? İşhatandan maşın keçir? Yox bir, təyyarə, helikopter, bəlkə də dron udacaqsan. Bu lotereya biletlərinə verdiyin pullara get ət, toyuq al, nuş-canlıqla yeyək. Qoz, badam ləpəsi, püstə, ərik qurusu götür. v
Miriş də əlini yelləyərək:
-Birdən-birə Amerika kəşf etmirlər, – deyə cavab verirdi. -Vaxt lazımdır, bəxt lazımdır.
-Vaxtı bilmirəm, bəxtdən yarımamışıq.
Miriş ciddi görkəm alaraq:
-Yoxsa peşman olmusan? – dedi.
Səkinə özünü yığışdırdı:
-Nədən peşman olmuşam?
Miriş cavabında dedi:
-Mənə ərə gətməyindən.
Səkinə ərinə sığındı:
-Gör hara gedib çıxdın?! Peşman niyə oluram. O mənada demirəm. Yəni haradadır o bəxt bizdə ki, bir minik maşını udaq. Paltar maşını udsaq belə, sənin papağını göyə ataram.
Miriş arvadının saçlarından öpərək:
-Ay mənim ağıllı xanımım. Yaxşı, daha lotereya bileti almaram. İndiyə qədər bəxtimizə bir kibrit çöpü də düşməyib.
Səkinə dilləndi:
– Vallahi-billahı maşını öz adamları udur. Qurma, qondarma oyunlardsır. Minik maşın olan lotereya biletini verirlər öz qohum-əqrəbalarına, dost-tanışlarına. Belədə guya minik maşınını o udur. Sonra onun əlindən alıb, bir az pulla – bilmirəm 200-300 manat, ya da 500-1000 manatla onun ağzını yumurlar. Həm bu lotereya oyunbazları, həm də yalandan maşın udan qazanır.
Miriş arvadı ilə razılaşdı:
-Əslinə baxanda sən düz deyirsən, ay Səkinə. Daha lotereya biletinə pul verən deyiləm.
Bir müddət keçdi. Miriş yenicə işdən gəlmişdi, vanna otağında yuyunurdu. Səkinə onun çayını-xörəyini hazırlayırdı. Əlində çay qonaq otağına gələndə stolun üstündə lotereya biletlərini görüb təəccübləndi:
-Miriş köhnə xasiyyətindən əl çəkmir ki, çəkmir.
Əlindəki fincanı stolun üstünə qoyub səsləndi:
-Ay Miriş, yenə başladın?
Mirişin səsi gəldi:
-Yenə nə olub, ay Səkinə? Səsini başına atmısan.
Miriş qonaq otağına gəldi.
-Ay kişi, bu nədir? Yenə lotereya bileti almısan. Ötən dəfə danışmadıq?!
Miriş özünə haqq qazandırmağa çalışdı:
-Vallah təsadüfən oldu. Səninçin ətir alırdım…
“Ətir” sözünü eşidən Səkinənin üzünə təbəssüm qondu:
-Ətir?
-Hə, ətir.
-Bəs hanı ətir? Çaşıb ətir yerinə lotereya bileti almısan?
-Ətrini verəcəyəm. Hövsələni bas. Hə, ətir alırdım, xırdaları olmadı. Əvəzində bir neçə lotereya bileti təklif etdilər. Mən də fikirləşdim ki, bəlkə xeyir bundadır. Etiraz etməyib götürdüm.
Səkinə daha çox da dərinə getmədi. 5-10 manatdan ötrü ərinin ətini yeməyəcəkdi ki…
Az keçdi, çox keçdi. Ər-arvad televizorun qabağını kəsdirdilər. Bəxtlərini sınamaq qərarına gəlmişdilər. Lotoreya oyunu başladı. Bir az sonra Səkinə səsini qaldırdı:
-Vay, görürsən, bir rəqəm çatmadı. Belədir də bunlar. İndi də minik maşını hansısa hazıryeyənə qismət olacaq.
Miriş ayağa qalxdı:
-Sən düz deyirsən, fırıldaqdır hamısı.
O, mətbəxə keçib özünə çay süzdü. Fincanı götürüb qonaq otağına keçmək istəyirdi ki, ayaq saxladı. Geri dönüb Səkinə üçün də çay gətirdi. Lağla arvadından soruşdu:
-Hə, nə oldu? Maşın uddun?
Səkinə ağzını əyərək:
-Tökülüb elə, bu dəqiqə maşın udacağam, özü də Mersedes, Toyota, Nissan… Yatar yuxuma da girməz. Amma pis olmazdı…
-Nə?
-Bir tikiş maşını udmaq. Başqa heç nə istəmirəm. Minik maşınını verdim onlara.
Birdən hər ikisi dik ayağa sıçradılar. Miriş Səkinəni qucaqlayaraq:
-Udduq, Səkinə, udduq. Tikiş maşını yox, minik maşını.
Səkinə inanmır, gözlərini döyürdü. Miriş onu silkələrək:
-Arvad, özünə gəl, həqiqətən udmuşuq. Mən də nə gözümə, nə də qulağıma inanıram. Amma həqiqət budur.
Ər-arvadın səsi mənzili başına götürdü: “Urra!!!”
Səkinənin gözləri dolmuşdu. Ağlamağa başladı:
-Ay Miriş, bu lap möcüzə oldu! Nə yaxşı satıcıların xırda pulu olmayıb, sən də nə yaxşı pul tələb etməyib lotereya biletlərini götürmüsən. Qismət beləymiş.
Az sonra qohum-əqrəba, dost-tanış, qonşular bundan xəbər tutdular.
Mirişlə Səkinənən sevinci yerə-göyə sığmırdı. O gecəni diri açdılar. Gözlərinə yuxu getməmişdi.
Nəinki ertəsi gün, hətta sonrakl bir neçə günü də minik maşınının dalınca gedə bilmədilər. Evləri təbrikə, gözaydınlığına gələnlərlə dolub-boşalırdı. Miriş gedib bazarlıq edirdi. Gələnləri çayla yola salmayacaqlardılar ki. Xeyli pul xərclənmişdi.
Axır ki, dörd gün sonra vaxt tapıb minik maşınını rəsmiləşdirmək üçün yola çıxdılar. Miriş şəxsiyyət vəsiqəsini də götürmüşdü.
İşçilər – cavab oğlanlar, qızlar onların başına yığışdılar, bu xoşbəxt cütlüyü təbrik etdilər. Miriş şəxsiyyət vəsiqəsini uzatdı. Onlara xidmət edən qız nədənsə minik maşınını rəsmiləşdirməyə tələsmirdi:
-Maşının sərəncamınıza verilməsi üçün bəzi şərtləri yerinə yetirməlisiniz.
Səkinə Mirişə, Miriş də Səkinəyə baxdı. Sonra hər ikisi gözlərini dolandırıb cavan qızın sifətinə dikdilər. Səkinə dilləndi:
-Nə şərt, ay xanım? Lotoreyaya minik maşını düşüb. Bizdən tələb olunan şəxsiyyət vəsiqəsidir, yazıb-pozub maşının açarını verəcəksiniz bizə. Biz də sizə şirnilik verərik.
Qızı gülmək tutdu. Aydınlaşdırmağa başladı:
-Məsələ sizin düşündüyünüz kimi heç də asan deyil. Maşına sahib olmağınız üçün gərək bizdən bir qaraj, bir də qarajı qoymaq üçün torpaq sahəsi alasınız. Onların pulu ödəniləndən sonra maşının açarını sizə verəcəyik. Şərtlər bunlardır.
Səkinə Mirişə, Miriş də Səkinəyə, sonra hər ikisi cavan qıza baxdılar. Bu dəfə Miriş dilləndi:
-Yaxşı, qəşəng qız, indi deyin görək, o torpaq sahəsi ilə qarajı neçəyə satırsınız.
Qız dedi:
-Qarajin qiyməti – 3 min manat, torpaq sahəsinin qiyməti isə, 5 min manat.
Ər-arvad başlarını tutdular. Yenə bir-birlərinə baxdılar, çiyinlərini çəkdilər. O qədər pulları harada idi? Borc götürməyə də dəyməzdi. Borcu gec-tez ödəməli olacaqdılar. Hansı pulla? Qənaət edib bir qədər dala pul atmışdılar. Onu da udulan maşının təbrikinə gələnləri qarşılayıb-yola salmaq üçün xərcləmişdilər.
Miriş ağır-ağır dilləndi:
-3 min, 5 min… Deməli sizə 8 min pul ödəməliyik. Bundan sonra minik maşını bizim olacaq?
Qız başı ilə təsdiq elədi. Ər-arvadın sevincindən əsər-əlamət qalmamışdı. Dilxor idilər. Miriş hələ də nəyəsə ümid edirdi. Odur ki:
-Yaxşı, qarajı bildik. Bəs qaraj üçün torpaq sahəsini harada verəcəksiniz?
-Harada?
Qız qarşısındakı kağıza baxaraq:
-Zabratda, – dedi.
Yenə də Səkinə Mirişə, Miriş də Səkinəyə baxdı. Bu dəfə Səkinə dilləndi:
-Xanım, biz Yasamalda yaşayırıq.
-Yasamalda yer ayıra bilmirik.
Miriş səsini qaldırdı:
-Tutaq ki sizinlə razılaşdıq və 8 min manat ödədik. Demək, maşını Zabratdakı qaraja qoyacağıq. Hər gün səhər tezdən tıxacın bol olduğu vaxtlarda ya marşrut avtobusla, yaxud da taksi ilə Zabrata gedib maşını götürməli, axşamüstü də aparıb qaraja qoymalı, yenə də marşrut avtobus, yaxud taksi ilə geri qayıtmalı olacağıq?
-Hə, bizim imkanımız buna çatır. Amma maşın sizə havayı başa gəlir.
-Ay xanım, belədə maşın havayı başa gəlmir. Özümüz öz pulumuzla gedib minik maşınını alsaq, bundan ucuz düşər, həm də onu yaşadığımız binanın həyətində saxlaya bilərik. Heç qaraj da lazım olmaz. Nə çoxdur həyət-bacada maşın saxlayanlar. Boynunuza alın ki, düz oynamırsınız. Belə lotereya oyunu olmaz. Bu oyunun bir adı var: fırıldaq oyunu.
Miriş əlində tutduğu lotereyanı dörd yerə böldü. Səkinənin qolundan tutub, qapıya sarı irəlilədi.
Bazarda yenə də qələbəlik idi. Bazar günü olduğundan çoxları bir həftəlik bazarlıqlarını edib aparıb başlarının altına qoyurdular. Ağız deyəni qulaq eşitmirdi. Hər bir kəs öz malını tərifləyirdi: “Gəl ay müştəri, qızıldandır dişləri! …Soğan deyil, baldır, ey bal! Kartof deyil, almadır, alma!”
Sənətkar dükanları da bazarın müxtəlif tərəflərinə səpələnmişdi. Səhərlər işə başlar, axşamüstülər – bazar bağlananda dükanlarının ağzına qıfıl vurub ya evlərinə yolanardılar, ya da “ümumu qazana pul düşüb” ucuz yeməkxanaların birinə yeyib-içməyə, özlərinin dedikləri kimi, “vurmağa” gedərdilər.
Əlqərəz, bazar hamıya lazım olan bir yer idi. Kimisi burada çörəyini çıxarırdı, kimisi də bazarlığını edirdi.
Həsən 14-15 yaşlarında idi. O da arada bazara gələrdi. Qardaşı Fazil saatsaz idi. Balaca bir dükanı vardı. Gəliri başından aşmasa da, dolanırdı. Fazil onun ögey qardaşı idi, ayrı yaşayırdı, arvad-uşağı vardı. Hərdən Həsəngilə də əl tutardı. İmkan olanda.
İndi onu bazara Fazil özü çağırmışdı. Həsənin rəssamlıq qabiliyyəti vardı. Rənglərdən yaxşı baş çıxarırdı. Arada oxuduğu məktəbin foyesində onun çəkdiyi mənzərə rəsmlərindən ibarət sərgi də təşkil olunurdu. Hamı baxır, bəyənirdi. Ona hədiyyələr də verilirdi.
Fazil çağırmışdı onu ki, gəlib onun dükanına əl gəzdirsin, dükanı abıra salsın. Həsən də boya aldırmışdı, indi zövqlə qapı-pəncərəni, dükanın divarlarını bəzəyirdi. Öz işindən özü də zövq alırdı.
Həsən tələsmədən, səylə kistanı boyaya batırıb qapıya yaraşıq verirdi.
Fazildən başqa Həsənin işinə uzaqdan bir nəfər də göz qoyurdu. Həmin şəxs Qayib kişi idi. Həsənin işini çox bəyənmişdi. Ona yaxınlaşdı:
-Ay oğul, işin irəli! Gördüyün iş xoşuma gəldi. Gərək əminin evini də abıra salasan.
Həsən təəccüblə ona baxdı. Bu rayonda, bazarda gör nə qədər rəngsaz vardı. Həsən heç onların yanından yel olub da keçə bilməzdi. Bu əmi nə əcəb ona ağız açır?!
-Oğul, hər adamı evinə apara bilmirsən. Sənətkar olmaqdan başqa həm də gərək namuslu insan olasan. Kəsəsi, səni bəyəndim. Zəhmət haqqı olaraq sənə 150 manat da pul verəcəyəm.
Həsən qulaqlarına inanmadı:
-Nə qədər?
-150 manat.
Həsən əl saxladı. Cibində siçanlar oynayırdı. 150 manat nədir, heç 15 qəpiyi də yox idi, gedib su alsın. Susuzluqdan ciyəri yanırdı. Həsənin dayanıb key-key baxdığını görən Qayib kişi onun qolundan tutdu:
-Hə, nə deyirsən?
Yüz əlli manat Həsən kimi atasız bir uşaq üçün, onun ailəsi, anası və bacısı üçün böyük pul idi. Çox böyük. Qardaşının yanında nə qədər boynunu büküb durmaq olardı? O da ya azdan-çoxdan pul verər, ya da ağlaşma qurardı ki, “vallah, mən də elə siz gündəyəm” – deyərdi.
Həsən məktəbli idi. Evdə bir qardaş, bir bacı idilər. Anaları hərbi komissarlıqda xadimə işləyirdi. Bir ayda aldığı pul vur-tut 80 manat idi.
Qayib kişinin isə, bazarın gözəgəlimli yerində iri bit təsərrüfat mağazası vardı. Qaz vurub, qazan doldururdu. 150 manat onuncun qəpik-quruş sayılırdı.
Həsən tez razılaşdı və işə başladı. Hər gün dərsdən sonra gəlir, evin rəngsazlıq işlərini görürdü. Günorta qabağına yemək də qoyurdular. O, ev sahiblərindən, onlar da Həsəndən razı idilər. Həsən başını aşağı salıb öz işini görürdü.
Qayib kişi hər dəfə yaxınlaşanda Həsən hiss edirdi ki, o, həvəslə onun işinə baxır və işdən qazı qalır. Həsən hər dəfə Qayib kişinin əlini cibinə salaraq boyun olduğu pulun müəyyən qədərini ona verəcəyini gözləyirdi. Lap 10 manat, iyirmi manat, otuz-qırx manat olsun!
Həsən anasına da, bacısına da aldığı sifariş barədə məluma vermişdi. Evdəkilər buna çox sevinmişdilər.150 manat kasıb ailə üçün böyük pul idi. Evdə işləyən yalnız ana idi. Birisinin ayaqqabısı, donu, o birinin corabı, jaketi, plaşı, özünün də hər bir geyimi nimdaş idi.
Lakin Həsən hər dəfə baxa-baxa qalır, deyə bilmirdi ki, Qayib kişi pulun bir hissəsini avans kimi ona versin. Qayib kişinin tərpənmədiyini görəndə isə fikirləşirdi ki, görünür, Qayib kişi işin tamam-kamal qurtarmasını gözləyir. Pulun hamısını onda, lap axırda verəcək.
Beləliklə, Həsən ruhdan düşməyib işini davam etdirirdi.
…Bu gün Həsənin sevimli günü idi. Evdəkilər də xoş xəbər gözləyirdilər.
Həsən öz işini başa çatdırmışdı. İki göz lazım idi ki, tamaşasına dura. Qayib kişi, arvadı Tavat, qızı Şəhla, oğulları Sabirlə Cabir heyran-heyran baxırdılar. Sonra Sabirlə Cabir çıxıb getdilər iş-güclərinin dalınca. Şəhla da otağına çəkildi. Qaldılar üçü – Həsən, Qayib kişi, bir də Tavat.
Qayib kişi əlini Həsənin kürəyinə vuraraq:
-Halal olsun, bala, yaşın az olsa da, qabiliyyətlisən, əsl sənətkarsan.
Sonra Tavata sarı dönərək:
-Arvad, o dəftəri gətir bura.
Tavat getdi, az sonra dəftər qələmlə qayıtdı. Qayib kişi dəftərdəki qeydlərə baxa-baxa:
-Həsən, deməli, belə. Diqqətin məndə olsun.
Həsən diqqət kəsildi.
-Bir aydır işləyirsən, elədir?
Həsən cəld:
-Elədir, – dedi.
-Hər gün nahara oturmusan. Elədir?
-Elədir, Qayib dayı.
-Günorta yeməyi zamanı sənin qabağına gah yarpaq dolması, gah döşəmə pilov, bəzən də səbzə pilov, gah küftə bozbaş, cücə ətilə çığırtma, gah kələm dolması qoyublar. Nuş canla yemisən?
-Yemişəm.
-Arada bir neçə dəfə qonaqlarım gəlib. Kabab çəkmişəm. Sən də yemisən. Şirə, kompot, göy-göyərti, salat da öz yerində. Hər gün neçə dəfə limonlu çay içmisən. Bəzən axşamüstülər də mən işdən tez gələndə səni yanımda oturtmuş, Allahın verdiyindən sənə də vermişəm. Olub belə şey?
-Olub.
Həsən udqunmaqda idi. Öz-özünə düşünürdü: “Bu nə söz-söhbət idi?! Yeyib içdiklərimi başıma niyə qaxır? Adam adamın çörəyini yeyər. Pulumu ver çıxıb gedim də. Bizimkilər150 manatın haraya xərclənəcəyini çoxdan müəyyənləşdiriblər”.
Qayib kişi sözünə davam etdi:
-Hə, Həsən bala, deməli, sənə çatacaq 150 manatdan gözünü çək. Bu, bir. İkincisi, mən hesablamışam. Hələ üstəlik sənin mənə yüz manat borcun var. Onun 50 manatını keçirəm. Qalır 50 manatı…
Həsən quruyub qalmışdı. Bu nə iş idi düşmüşdü?! Bir aydan çoxdur gəlib-gedib. Əlləşib, boyanın kəskin iyini udub, başı ağrayıb. Bu bir ay ərzində gördüyü işlər bir yana qalsın, sən demə, hələ özünün də bu Qayib kişiyə borcu varmış!!!
Anası ilə, bacısını gözləri önünə gətirdi. Onlar Həsənin gətirəcəyi 150 manatı səbirsizliklə gözləyirdilər.
Axşam idi. Atatürk qərargahda əyləşib dərin fikirlərə qərq olmuşdu. Çöldə səs-küy eşidib diqqət kəsildi. Kimsə içəri girmək istəyirdi. Mühafizəçilər onun qarşısını kəsib qoymurdular. Baş komandan qapıya yaxınlaşdı. Büründüyü çarşabından yalnız gözləri görünən bir qadın dayanıb əsgərlərlə mübahisə edirdi:
– Sizə dedim ki, Baş komandanın, Mustafa Kamal paşanın özünü görmək istəyirəm.
Atatürk dilləndi:
– İşiniz olmasın, qoyun gəlsin.
Əsgər əmrə müntəzir halda mil dayandı və qadına işarə etdi ki, yol açıqdır. Qadın qərargaha daxil olub göstərilən yeri tutdu və çarşabını sərbəst buraxıb üzündən götürdü. Baş komandan lampanın solğun işığında diqqət yetirib gördü ki, bu, 15-16 yaşlarında gözəl və məsum bir qız uşağıdır. Onun yaraşıqlı üzü saralmış, gözləri çuxura düşmüşdü. Atatürkün ürəyi ağrıdı: “Xalq əziyyət çəkir, millətin dincliyi, günü-güzəranı yoxdur”. Sonra qıza müraciətlə dedi:
– Eşidirəm səni, qızım. Gecənin bu vədəsi, müharibənin belə qızğın çağı buraya gəlməyə səni nə vadar edib? Qorxmadın düşmən əlinə keçərsən?
Qız qorxmadığını bildirmək üçün cəsarətlə danışmağa başladı:
– Paşam, harada yazılıb ki, müharibədə yalnız kişilər iştirak etməlidirlər?! Məgər vətən təkcə onlarındır?
Bunun cavabında Atatürk dedi:
– Qızım, vətən bizim hamımızındır! Onun uğrunda hər kəs vuruşmalı, Vətənin qeyrətini, şərəf və namusunu hər bir oğul və qız çəkməlidir. Hələlik bu işi kişilər gördükləri üçün qadınlarımızı, qız və gəlinlərimizi narahat etmirik. Ailədə onların iş-gücü onsuz da çoxdur.
– Paşa həzrətləri, ona görə də bizi çarşaba büküb lazımsız əşya kimi evin küncünə atmısınız?
Atatürk qızın məntiqinə heyran qaldı. Doğrudan da, çarşab Şərq qadınının əl-qolunu bağlayıb onu itaətsiz, kölə və hüquqsuz vəziyyətə salmışdı.
– Sən haqlısınız, yavrum. Türk qadını çarşabdan azad olmalı, həyatın fərəhli yollarına çıxmalı, kişilərlə çiyin-çiyinə çalışmalıdır.
Mustafa Kamal sonralar ölkə prezidenti olarkən dəfələrlə türk qadını və qadın hüquqları məsələlərinə diqqət yetirirdi. Çıxışlarının birində deyirdi: “Görürəm ki, bəzi yerlərdə qadınlar başına bir bez, yaxud önlük və ya buna oxşar başqa şeylər ataraq üzünü-gözünü gizlədir, yanından keçən kişilərə qarşı ya arxasını çevirir və ya yerə oturaraq yumulur. Mədəni bir millətin anası, millət qızı bu qəribə şəklə, bu vəhşi vəziyyətə düşərmi?”
Sonralar Atatürk türk qadınlarına millət vəkili seçmə və seçilmə hüququ verən Konstitusiya dəyişikliyi aparılmasına nail oldu.
Baş komandan üzünü qıza tutaraq:
– Qızım, gecə vaxtı buraya bunları söyləməyə gəldin?
Qızı qəhər boğdu, ağlamsınaraq dedi:
– Xeyr, paşam. Mən Poladlıdanam. Bir qardaşım vardı. Müharibə başlamamış yunanların gülləsinə tuş gəldi. Dünən dəfn etmişik. Atam da Kütahya-Əskişəhr döyüşlərində canını tapşırıb. İki bacı xəstə anamızın ümidində qalmışıq. Bacım hələ balacadır. Yeddi yaşı var, yoxsa onu da özümlə gətirəcəkdim. Qardaşımı ana torpağa tapşıranda and içdim ki, bu gündən milli orduya yazılacaq, atamın, qardaşımın, millətimin döyüşlərdə ölən oğullarının qanını alacağam. Gəlmişəm ki, mənə silah verəsiniz.
Atatürk qızın fədakarlığından, vətənpərvərliyindən, düşmənə sonsuz nifrət bəsləməsindən riqqətə gəlmişdi. Lakin bu bənizi solğun, gözəl türk qızının, gələcək türk anasının döyüş meydanında həlak olmasına yol verə bilməzdi. Qızın xətrinə də dəymək istəmirdi, onu yola gətirib bir bəhanə ilə evə qaytarmaq lazım idi.
– Qızım, adın nə oldu?
– Aydandır adım.
– Aydan, heç əlinə silah almısan?
Qız bu sualı gözləmədiyindən duruxdu, sonra özünü ələ alaraq çarşabını göstərdi:
– Bu imkan verib ki?.. Fəqət bunun heç bir əhəmiyyəti yoxdur. Ayıya rəqs etməyi, cürbəcür oyunlar göstərməyi öyrədirlər. Biz insanıq. İnsan isə şüurlu məxluqdur. Paşa həzrətləri, yəni deyirsiniz bir-iki saata nişan alıb güllə atmağı da öyrənə bilmərəm?!
Atatürkü gülmək tutdu. Bunu görən qız yalvarmağa başladı:
– Paşam, siz Allah məni naümid etməyin, qoyun vuruşum. Onsuz da buradan getmək fikrim yoxdur. Siz qovsanız da, əlimə bir tüfəng keçirib, lap düşmən tüfəngi olsa belə, vuruşacağam. Təpənin, ağacın, daşın arxasında gizlənib düşməni nişan alıb atacağam. Təkbaşına partizan müharibəsi aparacağam.
Baş komandan qızın iradəsinə, inad və cəsarətinə get-gedə heyran qalırdı. Onun öz inadından dönməyəcəyini görüb dilə tutmağa çalışdı:
– Aydan, mənim balam, deyirsən atan həlak olub. Mən sənin atan. Övlad ata sözünə qulaq asar. Anan oğlunu, sənin qardaşını təzəcə itirib. O, qəm-qüssə, dərd-ələm içərisindədir. Qəlbinə vurulan yaranın sağalması üçün gör nə qədər vaxt lazımdır. Bir yandan da sən evdən qaçmısan. Özünü onun yerində qoy. Gör indi o nələr çəkir, nələr yaşayır?! Bu gecə elə bilirsən gözlərinə yuxu gedib? Özün dedin ki, bacın balacadır. Sən arxayın ol. Biz sənin qardaşının da, atanın da qanını alacağıq. Sənə söz verirəm. Biz qalib gələcəyik. Haqq işi uğrunda mübarizə aparanlar həmişə zəfər çalır. Mənim sözlərimə qulaq as. Evə get. Əsgərlər səni ötürərlər.
Qız Baş komandanın razılıq vermədiyini görüb ağladı. Mustafa Kamal paşa irəli yeriyib onu sakitləşdirməyə çalışdı:
– Aydan, qızım, burada sənsiz ötüşə bilərik. Başa düş, anan isə sənsiz keçinə bilməyəcək. Allah eləməsin, cəbhədə başına bir iş gəlsə, onun dərdinin üstünə dərd gələcək. Buna o, tablaşa bilməyəcək. Evdə balaca bacın var. Səndən, anandan sonra o nə edəcək?!
Qız göz yaşlarını saxlayıb məsum baxışlarla Mustafa Kamala baxdı. Baş komandan sözlərində səmimi idi, bu çətin anlarda Aydanın, onun ailəsinin taleyini fikirləşir, buna görə narahat olur, qızın qayğısına qalırdı. Aydan fikrə getdi. Doğrudan da, xəstə və dərdli anasını, qardaşsız və atadan yetim qalmış köməksiz bacısını düşünməmişdi.
Aydan sakitcə ayağa qalxdı və qapıya sarı addımladı. Mustafa Kamal əsgərlərdən iki nəfərini çağırıb tapşırıq verdi ki, qızı aparıb evlərinə ötürsünlər.
Sakara Meydan Müharibəsi Mustafa Kamal cəbhəyə gələndən on bir gün sonra başlandı və qələbə ilə başa çatdı.
* * *
…Döyüş meydanını gəzən Atatürk itkiləri hesablayır, cəsədlərin dəfn edilməsi, yaralılara yardım göstərilməsi və xəstəxanalarda yerləşdirilməsi barədə əmr və sərəncamlar verirdi. Qələbə onda xoş duyğular, böyük sevinc yaratsa da, həlak olmuş əsgərlərin halına acıyır, onların ailələri, övladları, valideynləri barədə ürək ağrısı ilə düşünürdü. Acı təəssüf hissi İlə addımlayan Baş komandan birdən ayaq saxladı. Yanı üstə düşmüş cəsədin sifəti ona tanış gəlirdi. Elə cavan və məsum görünüşü vardı ki… Onun əlində tələsik xətlə yazılmış bir kağız vardı. Mustafa Kamal paşanın işarəsi ilə qana bulaşmış kağızı açıb oxudular: «Əgər döyüş meydanında ölsəm, bu məktub əlinizə keçəcək. Baş komandana söz verib evə qayıtmışdım. Anam, bacım və mən döyüşləri izləyir, ordumuzun qalib gələcəyi günü gözləyirdik. Atamı, qardaşımı yada salıb ağlayır, əsgərlərimiz üçün dua oxuyur, onlara zəfər, cansağlığı arzulayırdıq. Rəfiqəmgilə getmişdim. Qayıdanda evimizin top mərmisindən dağıldığını gördüm. Anamı, bacımı axtardım. Gördüm deyən olmadı. Sonra onların cəsədlərini dağıntılar altından çıxardılar. Evsiz-eşiksiz idim. Xalam mənə təklif etdi ki, onlarda qalım. Xalamgildə gecələyib, səhər ertə yuxudan qalxdım. Saçlarımı qayçı ilə oğlan saçı kimi kəsdim ki, məni tanımayıb oğlan bilsinlər. Xalam oğlunun paltarlarından birini geyib cəbhəyə yollandım. Partizanlara qoşuldum. Düşməni öldürdükcə onların sayını göstərirəm: 1+1+1+1+2…Yeni qeyd tapmasanız, demək, artıq ölmüşəm, Hələlik döyüşürəm, qələbə gününü gözləyirəm. Baş komandana, ordumuza böyük ümidim var…»
Mustafa Kamal paşa cəsədə bir daha diqqətlə baxdı. Onun sifəti toz-torpağa bulaşsa da, saçları oğlansayağı kəsilsə də, qızı tanıdı. Bu, Aydan idi. Köynəyinin üst düyməsi açıq olduğundan sinəsi bir balaca açıq qalmışdı. Atatürkün işarəsilə şəfqət bacısı tez aşağı əyilib onun köynəyinin yaxasını düzəltdi…
Aydanın ölümü Baş komandanın qanını qaraltmış, ona ağır təsir bağışlamışdı. Qıza, onun taleyinə acıdı: «Yazıq qızcığaz. Onun həyatı hələ öndə idi. Fəqət bu dünyadan erkən və nakam getdi. Yaşasaydı, bir gəlin, ana olacaqdı. Təəssüf, çox təəssüf… Gələcəyin bir qadını, türk anası az sonra torpağa gömüləcək…» Atatürkün gözləri yaşarmışdı. O, qızı dəfn etməyi tapşırıb qərargaha qayıtdı …
* * *
… Atatürk Karacahisara yola düşdü. O, Sakarya Meydan müharibəsindən fərqli olaraq sərkərdə libasında idi. Yaxalığında marşal fərqlənmə nişanı parıldayırdı. O, Baş qərargahın qarşısında avtomobildən düşən kimi zabitlər və əsgərlər Baş komandanın cəbhəyə gəlişini bir bayram kimi qarşıladılar. Marşal hərbi rütbəsi və qazi titulu alması münasibətilə ona təbriklərini çatdırdılar. Atatürk onlara təşəkkürünü bildirdi. Baş qərargahın yerləşdiyi otağa yenicə keçmişdi ki, qapının ağzından gələn bir səs eşitdi:
– Paşam, əfv edin, olarmı?
Atatürk geri dönüb baxdı. Döyüşçü geyimində bir qız idi. Qızın sifəti Baş komandana tanış gəlirdi, lakin xatırlaya bilmirdi. Qız gülümsəyərək:
– Cənab Baş komandan, deyəsən, tanımadınız?
Qızın səsi də tanış idi. Qız Atatürkü çox da intizarda saxlamadı. Adını dedi:
– Aydanam. Poladlıdan.
Mustafa Kamal heyrətdən yerində dondu. O, Aydanı ölmüş bilir və buna görə çox təəssüflənirdi. Aydan tez:
– Paşam, ölmədim, kəfəni yırtıb çıxdım. Ölmədim ki, düşmənlə axıra qədər vuruşum. Onları ölkəmizdən qovana kimi…
Atatürk irəli yeriyib qızı bağrına basdı. O, sevindiyindən az qalırdı qanad açıb uçsun:
– Bu gün nə gözəl gündür, qızım. Nə yaxşı sənə xətər toxunmayıb.
Bu zaman Lətifə içəri girdi. O, Mustafa Kamalı Aydanı qucaqlamış vəziyyətdə görüb bir anlığa yerində dondu.
Mustafa Kamal son dərəcə böyük sevinclə deyirdi:
– Bir Allah şahiddir ki, səni necə böyük məhəbbətlə sevirəm.
Aydan da şad-xürrəm dedi:
– Heç məni demirsiniz, böyük insan!
Aydan bir az da böyümüş, ətə-cana dolmuş, gözəlləşmişdi. Əsgər paltarı ona çox yaraşırdı. Həm də Aydanın qəddi-qaməti elə idi ki, indiki görkəmində nə geysəydi, ona yaraşacaqdı. Mustafa Kamal bu gözəl yaranışa heyran qalaraq, həm də ona bir ata məhəbbəti bəsləyərək dedi:
– Bir danış görüm…
Nə Atatürk, nə də Aydan Lətifəni görürdü. Qarşılaşdığı səhnə Lətifəni çıxılmaz vəziyyətdə qoydu. Əvvəlcə istədi özünün içəridə olduğunu onlara bildirsin, lakin bu fikrindən vaz keçdi, təhqir olunmuş və pərt halda otaqdan çıxdı. Bir Allah bilir bu gün buraya necə sevinc və fərəhlə, böyük ümidlə gəlmişdi.
Lətifə göz yaşlarını saxlaya bilmədi. O, açıqfikirli, gözü açıq, müstəqil, çətinliklərdən qorxmayan, qürurlu bir qız idi. Hər adamla oturub-durmazdı. Çoxları ona həsəd aparardı. Ona öz ürəyini açan da çox olmuşdu. Fəqət heç kimə könül verməmişdi. Məhəbbətini illərlə qəlbində yaşatdığı və böyütdüyü birisi – Mustafa Kamal üçün qoruyub saxlamışdı. Ötən dəfə onunla görüşmüş, ürəyini açmışdı. Həmin görüş onda ümidlər yaratmış, eşqinə cavab aldığını düşünmüşdü. Böyük sərkərdə niyə belə hərəkət edirdi?! Gərək o zaman fikrini açıq bildirərdi. Sevgilisi olduğunu səmimi şəkildə etiraf edərdi. Nə qədər acı olsa da, Lətifə taleyin hökmü ilə barışardı. Lətifə xanım onların söhbətini yadına saldı:
“– Bir Allah şahiddir ki, səni necə böyük məhəbbətlə sevirəm.
– Heç məni demirsiniz, böyük insan!”
Mustafa Kamal qızı sinəsinə sıxmışdı. Böyük sevgi və məhəbbətlə qızın gözlərinə baxırdı. Lətifə hönkürdü və ötüb keçənlərin diqqətini cəlb etdi. Bir zabit yaxın gəlib soruşdu:
– Xanım, bəlkə köməyə ehtiyacınız var.
Lətifə tez özünü ələ alıb:
– Narahat olmayın, əfəndi, hər şey qaydasındadır. Bir balaca sıxıldım… – dedi və qaçaraq uzaqlaşdı.
* * *
Aydan başına gələnləri danışmağa başladı. Hadisə belə olmuşdu. Aydanı ölmüş bilən Atatürk göstəriş verdi ki, onu aparıb fədakar və qəhrəman döyüşçülərə xas olan bir təntənə ilə dəfn etsinlər. Baş komandan gedəndən sonra əsgərlər cəsədi xərəyə qoymaq istəyəndə sanitar qız nə isə hiss edib ona sarı əyildi və qəflətən geri çəkildi. Çantasından bir güzgü çıxarıb Aydanın ağzına tutdu. Güzgünün tərlədiyini görüb qəddini düzəltdi:
– Təəccüblüdür, qızın nəfəsi gəlir.
Bunu eşidən döyüşçülər tez qızı hərbi xəstəxanaya çatdırdılar. Aydanın vəziyyəti ağır idi, ölümlə həyat arasında xeyli müddət çarpışdı. Nəhayət, ölümə qalib gəlib ayaq üstə durdu. Bu əhvalatı eşidən Mustafa Kamalın sifəti işıqlandı. O, qayğı ilə və bir ata məhəbbətilə dolu baxışlarını ona zilləyərək:
– Aydan, görürsən, bizi yenə müharibəyə sürükləyirlər. Ehtiyatlı ol, özünü qoru, – dedi.
-Oldu, paşa həzrətləri!..
* * *
Qurtuluş savaşı 1922-ci il iyulun 22-də İzmirin azad olunması və oktyabrın 11-də Mudanya müqaviləsinin imzalanması ilə başa çatdı. İstanbul hələ oktyabrın 6-da Türkiyə milli ordusu tərəfindən Antanta dövlətlərinin caynağından qoparılmışdı. Bu əməliyyatı Rafət paşanın (Bele) komandası altında olan qoşun hissələri uğurla həyata keçirmişdi.
Atatürk qərargahda idi. Lətifə xanım daxil oldu. Mustafa Kamalonu görüb ayağa qalxdı. Lətifəni son dərəcə mehriban qarşıladı. İrəli yeriyib əl uzatdı:
– Bir görün kim gəlib?! Sizdən nə əcəb, Lətifə xanım. Ürəyimizi yerindən oynadıb, yoxa çıxırsınız!
Lətifə təqsirini boynuna aldı:
– Gərək məni bağışlayasınız, paşam. Qısqandım və sinirləndim.
Atatürk maraq içərisində:
– Kimi kimə qısqandınız, Lətifə xanım? – deyə xəbər aldı.
Lətifə bir qədər sıxılaraq:
– Sizi Aydana, – dedi və Atatürkün gözlərinin içərisinə baxdı. Eyni zamanda öz-özünə düşündü: “Marşal forması Mustafa Kamala gör necə də yaraşır. Sifətinin rəngini açır. Mavi gözlü, qızılı telli bu kişi başqasının deyil, yalnız mənim olmalıdır! Həyatımdır!”
Atatürk sanki onun fikrini oxuyaraq hiyləgərliklə:
– Aydanı harada görmüsünüz? – deyə soruşdu.
Lətifə həddən artıq bəzəyərək:
– Burada, sizin qucağınızda, – dedi və güldü.
Atatürk də qəh-qəhə çəkdi:
– Bir görürsünüz?! Aydan mənim qızım. Heç olurmu?!
O zamankı hadisənin təsirindən hələ də ayrılmayan Lətifə aydınlıq gətirməyə çalışdı:
– Qərargaha girəndə sizi qucaqlaşan gördüm, dərhal halım dəyişdi.
Atatürk aydınlaşdırmağa başladı:
– Başqa cür olardımı? Aydan ikinci dəfə dünyaya gəlmişdi. Onu sevincimdən qucaqlamışdım.
Lətifə xanım səsində üzrxahlıq əlaməti olaraq:
– Hər şeydən xəbərim var, əfəndim, -dedi. -Məni əfv edin. Xalidə Edib hər şeyi anlatdı. Başımı götürüb buralardan uzaqlaşdığıma peşman oldum.
Atatürk Xalidə Edib Adıvara minnətdarlıq olaraq:
– Ah, Xalidə! Mənim dostum, silahdaşım, xeyirxahım! Yenə öz köməyini göstərdi. Lətifə xanım, bir görün nə deyirəm. Düşmənləri ölkəmizdən qovduq. Dinc günlərimiz başlayacaq. Dünənə qədər bu barədə fikirləşmirdim. İndi qərara gəlmişəm. İstəyirəm ailə qurum.
Lətifə diksindi: “Görəsən fikri nədir?” deyə öz-özünə sual verdi. Cavab tapmadığından üzünü Mustafa Kamala tutdu:
– Əlbəttə, yaxşı fikirdir. Ömrünüz boyu subay qalmayacaqsınız ki… – Ehtiyatla: – Heç olmasa namizədiniz var?
– Təbii… Namizədim də var.
Bunu eşidən Lətifənin rəngi ağardı, bədəninə soyuq tər gəldi. Birtəhər özünü ələ alaraq soruşdu:
– O bəxtəvər kimdir?
Atatürk:
– Bu sizsiniz, Lətifə xanım! – dedi. – Həyatımı sizinlə bağlamağa qərar verdim. İstəyirəm sizinlə evlənim. Nə deyirsiniz?
Atatürk Lətifənin əllərindən yapışaraq, onun gözlərinin dərinliklərinə nüfuz etdi.
Lətifəgizli bir sevinc içərisində:
– Belə mühüm işlərdə biz türklər böyüklərin xeyir-duasını alarlar, əfəndim, – dedi. – Gərək evdəkilərlə məsləhətləşim. Amma onları yaxşı tanıyıram, mənim iradəmin ziddinə getməzlər. Mən sizin təklifinizi qəbul edir və «hə» deyirəm.
Atatürk onu qucaqladı. Lətifə sözünə davam etdi:
– Bir arzum var. Bu həm mənim, həm də atamın arzusudur. Əhd etmişik, İzmir alınanda Mustafa Kamala başının dəstəsi ilə qonaqlıq verək. İndi evimizdə səni və dostlarını gözləyirlər.
Atatürk:
– Mən də sənin təklifini qəbul edir və “hə” deyirəm.
Lətifə getməyə hazırlaşaraq:
– Elə isə gedib atamı sevindirim, həm də süfrəni hazırlatdırım.
Səfalətlə Zemfira “Günəşli” sanatoriyasında müalicə alır, həm də istirahət edirdilər. Sanatoriyaya, adətən müalicə üçün gedirlər. Lakin buradakı – sanatoriyadakı sakitlik, həyət-bacanın yaşıllığa, gül-çiçəyə qərq olması, səliqə-sahman, vaxtlı-vaxtında yeməyin verilməsi, günorta vaxtlarındakı “yatmaq” komandası əsl istirahət idi. Müalicələr də öz qaydasında gedirdi.
Səfalətlə Zemfira eyni ali məktəbi bitirmişdilər. Özü də 40 il bundan əvvəl. Daha cavan deyildilər, övlad-uşaq, nəvə sahibi idilər. Yaşlarının üstünə yaş gəldikcə sümükləri sızıldayır, hərdən ora-buralarını tuturdular. Sanatoriya Zemfiranın xoşuna o qədər gəlmişdi ki, telefonu götürüb gah Tovuza, gah Məlahətə, gah Zəhraya, gah da Həziməyə zəng edərək:
-Bilirsiniz nə gözəl sanatoriyadır. Putyovka tapıb buraya gəlsəninz, peşman olmazsınız, – deyirdi.
Tovuz, Məlahət, Zəhra, bir də Həzimə onların tələbə yoldaşları idilər. “Həm ticarət, həm ziyarət” belə yerdə deyirlər. Qrup yoldaşları sanatoriyaya gəlməli olsaydılar, həm müalicə alacaqdılar, həm də rəfiqələr bir-birlərini görəcək, neçə gün bir yerdə olub, ötən günləri anıb, tələbəlik illərinin xatirələri ilə yaşayacaqdılar.
Əlqərəz, Səfalətin səsi gəldi:
-Zemfira, telefondan nə yapışmısan?! Onlardan sanatoriyaya gələn olmaz. Özünü yorma. Çayımız qaynayıb, çayniki, qəhvədanı götürüb eyvana çıxıram. Sən də gəl stəkan-nəlbəkini, qəndi-konfeti apar. Eyvanda təmiz havada oturub çay içək.
Zemfira:
-Nə yaxşı, ay Səfalət. Vallah səndən yoxdur. Mənim də ağzım qızışıb bu qızlarla danışıram. Düz deyirsən, onlardan sanatoriyaya gələn olmaz. Öz işləridir.
Rəfiqələr eyvanda əyləşib şirin-şirin söhbət edə-edə çay içirdilər. Moruq və qarağat mürəbbələri də vardı. Evdən gətirmişdilər.
Onların otağı üçüncü mərtəbədə idi. Birdən yuxarı mərtəbələrdən, indiyə qədər heç olmamış kimi, acıqlı səslər eşidilməyə başladı. Otaqlarının üstündə – dördüncü mərtəbədə bir qadın, ondan üst mərtəbədə isə bir kişi qalırdı. Səfalətlə Zemfira diqqət kəsildilər. Qadın kişinin qarasıycan danışırdı. Onun səsi acıqlı, kişinin səsi mülayim idi. Kişi nəyə görə isə üzrxahlıq edirdi:
-Ay bacı, başına dönüm, qurban olum, ay xanım, bağışla, bilmədim!
Qadın qəzəbli:
-Bağışlamıram e, bağışlamıram, – deyə təkrar edirdi.
Kişi elə hey:
-Ay bacı, başına dönüm, qurban olum, bağışla, bilmədim! – deməkdə idi.
Qadının isə güzəştə getmək fikri yox idi. Ona cavab olaraq “Bağışlamıram e, bağışlamıram” , – deyə təkrar edirdi.
Səfalət Zemfiranın, Zemfira Səfalətin üzünə baxırdı: “Görəsən nə baş verib?!”
Axırda kişinin səbir kasası daşdı. Səsini qaldıraraq:
-Bağışlayırsan, bağışla, bağışlamırsan, çərə bağışla, cəhənnəmə bağışla! – deməyə başladı. Sonra qeyzlə:
-Al bu da sənin payın!
Səfalətlə Zemfira bir də onda gördülər ki, başlarına su tökülür. Tez süfrəni yığışdırıb otağa qaçdılar.
Sən demə, necə olubsa, beşinci mərtəbədən dördüncü mərtəbənin eyvanına su tökülüb. Bu qadını hiddətləndirib. Buna görə başlayıb kişini suçlamağa, günahlandımağa, kişinin üzrxahlığını da qəbul etməməyə!
Kişi nə qədər mərifətli, nəzakətli, mədəni olsa da, axırda özündən çıxdı:
Bu dəfə qəsdən bir vedrə suyu beşinci mərtəbənin eyvanına əndərdi. Su da, eləməyib tənbəllik, oradan dördüncü mərtəbənin, dördüncü mərtəbənin eyvanından da üçüncü mərtəbənin eyvanına tökülməyə başladı.
İnsanı Yer üzünün əşrəfi hesab edirlər. O, dünyadakı bütün canlılardan öz istedad və qabiliyyətinə, dərrakəsinə, təfəkkür və şüuruna görə fərqlənir və zirvələrdə durur. İnsanların dinc yanaşı yaşaması mümkündür. Fəqət insanlar heç də dinc durmur, bəzən bir-birinin qanına susayır, onların təmsil olduqları dövlətlər isə bir qədər də irəli gedərək, torpaqlar, ərazilər, sərvətlər ələ keçirmək üçün müharibələr törədirlər. Müharibələr isə, şəhərlərin, kəndlərin darmadağın olunması, xarabazara çevrilməsi, çoxsaylı insanların ölümü, şikəst olması ilə nəticələnir.
Dünya tarixində saya-hesaba gəlməyən müharibələr baş vermişdir. Onlardan biri də II dünya müharibəsi idi. Bu savaş 57 milyon insanın həyatına son qoymuşdu. Onlardan 27 milyonu keçmiş SSRİ-nin payına düşürdü.
1941-1945-ci ildə Hitler Almaniyasının SSRİ-yə hücumu nəticəsində keçmiş ittifaqda səfərbərlik elan edilmiş, Azərbaycan Respublikasından da haradasa 640 min nəfər oğlan və qız cəbhəyə yollanmışdı. Onların tən yarısı cəbhədən geri dönməmiş, həlak olmuşdur. Təkcə 1941-ci ilin axırlarında azərbaycanlılardan ibarət xalq qoşun dəstələrində 30 mindən çox qadın, qız döyüşürdü.
Budur müharibənin törətdikləri: evlər dağılmış, uşaqlar atasız, gəlinlər ərsiz, analar övladsız qalmışdır.
1941-ci ilin iyun ayının 22-si. Faşist Almaniyası Sovet İttifaqına qarşı müharibə elan etdi. Ölkədə ağır vəziyyət yaranmışdı. Hamının qanı qara idi.
Əli Bayramlı rayonunun (hazırda Şirvan şəhəri) keçmiş Şahverdi kəndi. Necə deyərlər, “Məmə yeyəndən pəpə deyənə kimi” hamı kənd sovetinin birmətəbəli binası qarşısına yığışmışdı. Dolanışıq çətin idi. Camaatı fikir-xəyal götürmüşdü. Bir-birlərinin üzünə yazıq-yazıq baxır, çiyinlərini çəkirdilər.
Anaların gözləri cavan övladlarına dikilmişdi. Onları müharibəyə göndərəcəkdilər. Geri qayıdacaqdılarmı? Bir Allah bilir. Bacılar, analar, gəlinlər göz yaşlarını sinələrinə tökürdülər. Lakin vəziyyət nə qədər ağır olsa da, vətəni müdafiə etmək lazım idi. Bu, hər bir şəxsin müqəddəs borcu idi. O zamanlar Azərbaycanımız SSRİ-nin tərkibində idi. SSRİ Azərbaycanla yanaşı bizim də vətənimiz sayılırdı.
Şahverdi kəndinin cavanları, əli silah tutan kişilər cəbhəyə yollanırdılar, arada “qara kağızlar” gəlir, həlak olanların ailələrində ağlaşma, şivən səsləri kəndi başına götürürdü.
1941-ci ilin dekabr ayında Ağabala kişinin qapısını da döydülər. Növbə Şirinə çatmışdı. Onu əsgərliyə çağırırdılar. Şirin tək deyildi. Kənddəki neçə-neçə gəncə çağırış vərəqəsi gəlmişdi. Hazırlıqlarını görüb kənd sovetinin binasına yığışdılar, oradan da rayon mərkəzinə yola düşdülər.
Şirin Şükürov 1910-cu il martın 21-də anadan olmuşdu. Onun doğumu Novruz bayramına təsadüf edirdi. İndi 31 yaşı vardı. Cəbhəyə gedənə qədər Əli Bayramlı rayonunun taxıl tədarükü idarəsində – fəhlə, dəmiryol stansiyasında – yol dəyişən fəhlə vəzifələrində çalışmışdı. Zəhmətkeş, nəcib keyfiyyətləri ilə seçilən, xeyirxah gənc idi. Düşmənə nifrət hissi ilə cəbhəyə yola düşürdü, alman faşist işğalçılarını ölkədən qovmaq uğrunda özünü oda-közə atmağa hazır idi.
Şirin özünü döyüş meydanında hiss edir, faşistlərlə vuruşur, ehtiyatı da əldən vermirdi. Bir də onda gördü ki, onu cəbhəyə yox, Tiflisə gətiriblər. Bu şəhərdən bir qədər kənardakı ehtiyat atıcı alayında hərbi hazırlıq keçməyə başladı. Təlimlər başa çatdıqdan sonra Krım cəbhəsinə göndərildi.
Beləliklə, o, artıq cəbhənin qaynar nöqtələrinin birində – Qafqazın müdafiəsində idi. Mazdok ətrafında qızğın döyüş gedirdi. Top atəşləri yeri-göyü lərzəyə salırdı. Hər iki tərəf – Sovet döyüşçüləri ilə alman əsgərləri qanlı müharibə meydanında üz-üzə qalmışdılar. Şirin topçu idi. Onun idarə etdiyi top düşmənin bağrını yarırdı. Top atəşlərinin nəticələri onu sevindirir, ruhlandırırdı. Birdən qolundan tutub yerə əyildi. Düşmən avtomatla onun qolunu yaralamışdı. Ağrıya dözmək olmurdu.
Şirin qolundan ağır yaralanmasına baxmayaraq, yenə topun arxasına keçdi. Lakin özünü yetirən şəfqət bacısı təkidlə onu döyüş meydanından uzaqlaşdırdı. İlk tibbi yardım göstərdi.
Şirin Şükürov bir müddət hərbi xəstəxanada müalicə aldı. Onun xidmətində olduğu hərbi hissə indi Rostov şəhəri yaxınlığında yerləşirdi. Müalicə başa çatdıqdan sonra o öz hərbi hissəsinə qayıtdı. Rostov və Voronej şəhərlərinin faşistlərdən müdafiəsində yaxından iştirak etdi. Şirin döyüşlərdə özünün çevikliyi, cəsurluğu, rəşadəti, qorxmamazlığı ilə fərqlənirdi.
Onların hərbi hissələri Kerç yarımadasının düşməndən azad olunması uğrunda döyüşlərə qatılmışdı. Əsgərlərimiz vətənpərvərlik nümunəsi göstərir, düşmənə ağır zərbələr vururdular. Şirin igidlik və qəhrəmanlıqda yoldaşlarından heç də geri qalmırdı. Nəhayət, Kerç faşistlərin işğalından azad olundu. Döyüşdə fərqlənənlər mükafatlandırıldı. Şirin Şükürov da “İgidliyə görə” medalı ilə təltif olundu.
1944-cü il idi. Müharibə başlanandan həmin ilə qədər Şirin Şükürovun cəbhədə çox uğurları olmuşdu. O, mahir topçu kimi tanınırdı. Bəziləri ona “düşmən bağrını yaran Şirin” deyir, kimisi də onu rus artilleriyasının atası Əliağa Şıxlinskiyə oxşadırdılar.
Şirin isə ona verilən yüksək qiymətdən məmnun olur, eyni zamanda çiyinlərini çəkərək: “Mən lazım olanı edirəm! Öz borcumu yerinə yetirirəm! Vətənə xidmət edirəm!!!” – deyirdi.
1944-cü il. Şiringilin hərbi hissəsinin 339-cu atıcı diviziyasının 1133-cü atıcı polku artıq Birinci Belarusiya cəbhəsində qərar tutmuşdu. Şirin Şükürov döyüşdən döyüşə hərbi səriştəliliyini, hərbi məharətini artırırdı. İndi onun sərəncamında dəzgahlı pulemyot vardı. Krım uğrunda müharibədə dəzgahlı pulemyot çox əhəmiyyətliydi. Şirin həmin pulemyotla düşmənə qan uddururdu.
1944-cü il. Polşanın faşistlərdən azad edilməsi uğrunda gərgin döyüşlər.
1945-ci il. Visladakı şanlı döyüşlər. Bu döyüşlərin hər birində Şirin Şükürovun öz hərbi dəsti-xətti vardı.
12 yanvar 1945-ci il. Şirin Şükürov vzvod komandiri idi. Onun rəhbərlik etdiyi döyüşçülər Vislada düşmənin müdafiə xəttini ilk dəfə yaranlar kimi yadda qaldılar. Sovet döyüşçüləri üstün mövqedə idilər. Lakin birdən vəziyyət dəyişdi. Düşmənin güclü, çoxsaylı və aramsız pulemyot atəşləri nəticəsində əsgərlərimi geri çəkilməyə məcbur oldular. Yalnız bir anlığa. Birdən Şirin Şükürov ayağa qalxaraq: “Yoldaşlar, irəli!” deyib, döyüşçüləri mübarizəyə, irəli getməyə çağırdı.
Şirin Şükürovun vzvodundakı əsgərlər qranatların və avtomat güllələrinin köməyilə düşməni lərzəyə salaraq, irəliləməkdə idi. Onun öz avtomatı da susmaq bilmirdi. Fəqət birdən başından və ayağından yara aldı. Bu onu dilxor etsə də, əl saxlamadı. 3 cərgə faşist dəstəsinin axırına çıxdı.
Döyüşdə qələbə qazanıldı.
1945-ci il fevralın 27-də SSRİ Ali Sovetinin qərarı ilə Şirin Ağabala oğlu Şükürova Vislada göstərdiyi rəşadətə, igidlik və qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi.
İkinci dünya müharibəsi başa çatandan sonra Şirin Şükürov Əli Bayramlı rayonuna (hazırda Şirvan şəhəri) qayıtdı, dinc quruculuq işləri ilə məşğul oldu. 1987-ci il sentyabrın 27-də haqq dünyasına qovuşdu.
Şirin Ağabala oğlu Şükürov xalqımızın, Əli Bayramlıların fəxridir. Belə insanlar tarixdə, hafizələrdə daim yaşayır!!!
Professor Akif Abbasovun əsərləri” kitabı nəşr olundu
Yaxınlarda “Mütərcim” nəşriyyatında “Professor Akif Abbasovun əsərləri” kitabı işıq üzü görmüşdür. Bu kitab bir növ buklet xarakterlidir.
Kitab 8 bölmədən ibarətdir: “Dərsliklər və dərs vəsaitləri”, “Romanları”, “Povest, pyes və hekayələr”, “Bədii əsərlərin 10 cildliyi”, “İngilis və rus dillərindən bədii tərcümələri”, “Kitabları”, “Pedaqoji-psixoloji lüğətlərin tərtibi”, “Tədris proqramları”.
Həmin bölmələrdə professorun son vaxtlara qədər çap olunmuş dərsliklərinin və dərs vəsaitlərinin, tədris proqramlarının, kitab və kitabçalarının, romanlarının, pyes və hekayə kitablarının üzqabığı öz əksini tapmışdır. Əsərlərin nə zaman, hansı nəşriyyatda nəşr edildiyi və neçə səhifədən ibarət olduğu göstərilmişdir.