AKİF ABBASOV. SİZDƏ QURU ÇÖRƏK OLMAZ?

SİZDƏ QURU ÇÖRƏK OLMAZ?

 (hekayə)

            Məriş kişi xoruzpipiyi çay dolu fincanı qabağına çəkdi.  Tünd çayı xoşlardı. Çoxdanın söhbətidir. Təzə evlənmişdilər. Bir dəfə Pərinin gətirdiyi çayı geri qaytararaq: “Xanım, bu çay polis  görüb nədir?! Rəngi qaçıb”.

Çayın rəngi bir qədər açıq idi. Bu, Mərişin xoşuna gəlməmişdi. Pəri tez fincanı götürüb çayı dəyişdi. Pəri arvad o vaxtdan öz işini bilirdi: kişi tünd çayı içir. 

Fincana limon salınanda çayın rəngi onsuz da avazıyır.

         Məriş kişi könül xoşluğu ilə çayını içməkdə idi ki, həyət qapısı döyüldü.

         -Ay uşaq, bir görün kimdir gələn!

          Xudayar özünü çatdırdı.  Gedib xəbər gətirdi:

         -Dədə, saçlı-saqqalı bir kişidir. Yanında da bir uzunqulaq…

         Məriş kişi fincanı nəlbəkiyə qoyub ayağa qalxdı:

         -Soruşmadın nə istəyir?

         Xudayar cavabında dedi:

         -Yox, soruşmadım.

         Məriş kişi fikrə getdi. Az sonra əlini alnına vurdu. Deyəsən  saçlı-saqqalı  kişinin kim olduğunu təxmin etmişdi: “Şəhərə uzunqulaqla gəlib. Deməli, kənd adamıdır”.  Məriş kişi üzünü Xudayara tutaraq:

         -Uzunqulağın üstündə xurcun filan vardı? – deyə soruşdu.

         Xudayar dedi:

         -Vardı.

         Məriş kişi həyət qapısına sarı getdi: “Kənddən bacısı, ya da qardaşları ayın-oyun göndərib yəqin. Sağ olsunlar. Mən də kişini bu istidə qapı dalında gözlədirəm”.

         Qapı dalında dayanan qan-tər içində idi. Cib dəsmalı ilə boyun-boğazının tərini silirdi:

         -Ay kişi, buyur, keç içəri.

         Saçlı-saqqalı  kişi:

         -Sağ ol, ay kişi. Belə də xoşdur, – deyə minnətdarlıq elədi.

         Məriş kişi onun qolundan tutub içəri gətirdi. Uzunqulaq da həyətə girdi. Çəmənlikdəki ota girişdi. Məriş kişi mane olmadı:

         -Otur, ay kişi. Pəri, ay Pəri!

         Pərinin səsi gəldi:

         -Nədir, Məriş?

         Məriş dedi:

         -Qonaqçın çay gətir.

         Pəri cavabında dedi:

         -Bu dəqiqə.

         Saçlı-saqqalı  kişi  özünü narahat hiss edirdi. Sanki iynə üstündə oturmuşdu. Məriş kişi:

         -Nə var, nə yox? Necəsiniz? – deyə soruşdu.

         Saçlı-saqqalı  kişi  köynəyinin üst düyməsini bağladı:

         -Yaxşılıqdır, sağ ol.

         Məriş kişi elə hey suallar verirdi: 

         -Kənddə nə var, nə yox?

         -Hansı kənddə?

         Məriş kişi təəccüb qaldı:

         -Bizim kəndə də…

         Kişi çiyinlərini çəkdi:

         -Sizin kənd hansıdır bilmirəm axı.

         Məriş kişi onun cavabına fikir verməyib xəbər aldı:

         -Bizimkilər necədir?

         Saçlı-saqqallı kişi suala sualla cavab verdi:

         -Sizinkilər kiimdir?

         Məriş kişi dik ayağa qalxdı:

         -Madam ki, bizim kəndi, bizimkiləri  tanımırsan, onda mənim həyətimdə nə itin azıb? Sən kimsən, ay kişi?

         Özünü pis vəziyyətdə his edən saçlı-saqqallı kişi astaca:

         -Mən gəlmirdim ki, özün məcbur gətirdin, – dedi.

         Məriş kişi səsini qaldırdı:

         -Lənət kor şeytana…Sənə nə lazımdır?

         Kişi dilləndi:

         -Sizdə quru çörək olmaz? Qoyun-quzu üçün quru çörək yığıram.

         Məriş kişi cin atına mindi. Əl-qolunu ölçməyə başladı. Əli Pəri arvadın gətirdiyi çay stəkanına dəyib onu aşırdı. Stəkan çilik-çilik oldu.

         -A kişi, dur! Bizdə quru çörək yoxdur. Gedə bilərsən! Uzunqulağını da yaddan çıxarma!

         Saçlı-saqqalı  kişi kor-peşman ayağa qalxıb özünü çölə atdı.  Uzunqulaq da sahibinin dalınca çıxdı.

                                     Şirvan şəhəri, 10 avqust 2023-cü il

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir