Atam bir dağ idi gözümdə hər an, Əlimi çiyninə qoyardım hərdən. O, mənim ömrümün işığı idi, İçində sızıltı duyardım hərdən.
Atamı ağlayan görmədim heç vaxt, Bir dəfə demədi get dərdi oyat… Qəm onu sıxdıqca, o, qəmi sıxdı, İlahi, necə də çətindi həyat!
Başım ağrıyanda tez sığal çəkdi, Qoymadı bir kərə ümidsiz qalım. Ata olmayan ev soyuq bir çöldür, Atamın iyini mən kimdən alım?
Atamı yuxuda gördüm bu gecə, Gileyli-gileyli baxırdı mənə. Elə bil yox imiş bu boyda adam, Ey həyat, ey həyat, nə deyim sənə?
Yəqin məndən küsüb, yəqin inciyib, Qəbrinin üstünə getmirəm deyə. Neynim, vaxt tapmıram iş-güc əlindən, Eləcə, əlimi açıram göyə.
Bir tikə çörəkçün əlləşir bu can, Mümkünsə qızını bağışla, ata. Sən mənim əbədi qaraçuxamsan, Qoyma bu qəm gəlib sinəmdə yata.
Hər dua edəndə kədərlə dedim: İlahi, sən mənim boynumu əymə! Əzrayıl gələndə dilim tutuldu, Deyə bilmədim ki, atama dəymə.
İndi nə atam var, nə də ki, anam, İçimdə yüz arzum butasız qalıb. Əcəl çox tez qıydı, köçüb getdilər, Sona gör nə vaxtdı anasız qalıb. Sona gör nə vaxtdı atasız qalıb…
Fırlanır dəyirman daşı Baxıram, başım fırlanır. Fırlanır dünya başıma Torpağım, daşım fırlanır. Saçı-saqqalı ağarmış Sığal çəkmə alt daşına, üst daşına. Un ələnmir üst-başına. Dənsiz dəyirman daşları qəm ələyir, Dərd üyüdür ömrün qışına. Bu çərxi-dövran daşları Dəyir, bir-birinə dəyir. Dənsiz dəyirman daşları Yeyir, bir-birini yeyir. Acıdı dəyirman daşları Dən gözləyir əvvəl-axır. Tanrı dinmir,Tanrı susub Çörəyimiz daşdan çıxır.
ATAMIN AYAQLARI
Hara getdim dara düşdüm Atamın ayaqları süründü arxamca İndi Atamın ayaqları Sibirdi Özü kimi ayaqları da yuxusuz… Üz sürtdüm ayaqlarına, Qəlpə giziltisindən Diksindi qulaqlarım. Çəliyi ayaqlarına başdaşı Atam! Səcdənə gəldim, Ayaqlarını suya qoy, Dirilik suyu kimi ayağının suyunu içim Atam oy! Əlimdən nə gəlir daha Ayaqlarımı verim, yeri, Atam! Laylay atam, ayaqlarına laylay! Ayaqları yuxusuz, əlləri oyaq, ürəyi dipdiri Pir Atam!
ALO, MƏN SƏNİ GÖRÜRƏM
Yuxarı mərtəbədən gələn mahnı Ürəyimi göynədən vaxtda əllərim qoynumda uzanmışam çarpayıda. Tavandan,divarlardan Kədərli üzlər, Dilxor maskalar asılır Səni düşündükcə, qızım! Hər oxunan nəğmə Bir doğma anı yada salar, Hər tanış səs bir doğma üzü Canlandırar gözlərimizdə… Telefon zəngi. -Alo, Bakıyla danışın. -Al-lo! Qızım, sənsənmi?! -… -Al-lo! …2400 kilometrlik həsrətin içində Qatar keçdi deyəsən. Bir zahı bulud Silkələdi telefon xətlərini. Yüz saniyəlik sükutun arxasına Sığdı bir insan ömrü. -Alo! Alo!! -A-ta! A-ta! …Üzün yadımdan çıxır, İlğım axır dalğa-dalğa Yaddaşımın dörd olmuş gözündən. Yuxu da yalanmış, fotoşəkil də yalan… -Alo! Alo! -Ata, məni eşidirsən? -Al-lo, mən səni görürəm, qızım…
UZUN AYRILIQDAN SONRA
Uzun ayrılıqdan sonra dönəndə Vətənə Kimi qucaqlasam birinci, Qarşıma çıxanların heç biri inciməz. Bir dost yazmışdı mənə: “Sən qəribəsən, biz-yol gözləyən.” Məni qarşılayanların Heç biri inciməz, anam, Səni qucaqlasam hamıdan əvvəl. Uzun ayrılıqdan sonra Yenidən sevmək Yenidən doğulmaq kimi gəlir insana, İzn ver oğluna yenidən doğulmağa, Aç qoynunu, ana! Qol-boyun gördükcə bizi Dostlar da başlayar Bir-birini qucaqlamağa.
QAN-TƏR İÇİNDƏ
Əqrəbləri itmiş saat kimiyəm, Vaxt ölür, çökür içimdə. Cin çapmış at kimiyəm, Qan-tər içindəyəm, anam, Qan-tər içində. Zaman dolaşıq nər qovğasında Şeytan-mələk davasında Ürəyim əlimdən gedir, Çırpınır qollarım qoynumda, Gecəm qan-tər içində,anam, Günüm qan-tər içində. Bu əlim,bu da lal dilim, Sözü xəmir kimi yoğuran dilim, Cadar-cadar, dilim-dilim Söz əkib-becərən dilim, Sözüm qan-tər içində,anam, Dilim qan-tər içində, Alnımın qırış yerindən Taleyin çaparı keçir. Bu yurdun süyər yerindən Bir ölüm qatarı keçir, Elim qan-tər içində, anam, Obam qan-tər içində. Toxdayıb, səbrimdən asıldım, Buğlanıb, ruhumdan asıldım, Can hamı, qəbrimə qısıldım, Söndüm qan-tər içində, anam, Öldüm qan-tər içində.
ADAŞIM, BALABANÇI KOR ƏLİSƏMİD
– Bir adaşım yaşayır Kürdəmirdə, Muradxanlı kəndində Gecəyarı ekranda gördüm Xəzər TV-də. Əvvəl-əvvəl danışmadı, dinmədi, dizləri üstə gözləri yol çəkdi barmaqlarımın. Sonra adamlar yığışıb könlünü aldılar onun, ovutdular. Çıxartdı üzə balabanı. Dedi, mənim işim balabanla, neylədi. Adaşım, balabançı kor Əlisəmid. Sonra gör neylədi adaşım, balabançı Kor Əlisəmid. Qəfil nəfəs verdi balabana, Sığalladı asta-asta, bala-bala. Asta çaldı balabanı. Hərəkəti yavaş-yavaş, bala-bala. Dağı arana daşıdı, aranı dağa. Anasının balasını ağlatdı, balasının anasını ağlatdı. Qəribi çağırdı qürbətdən, həsrətdən yolu-yolağa. Qəfil balabanı qoydu qırağa, Ürəyinin işığı üzündə, üzü nur, üzü pir Əlisəmid. Çalğı çoxdan qurtarıb, nə baxırsan? Əlləri üzündə, gözləri barmaqlarının ucunda, adaşım, balabançı Kor Əlisəmid.
AD GÜNÜ KEÇİRMİR HƏBSXANALAR
Bir qədəh zəhər, boyu uzunu ipək kəndir gətirdilər şairə ad günündə. Səslər gəldi qulağına: – İçək sənin sağlığına! İçmədi!.. – İpək kəndir ölçülübdür boynuna, Keçmədi… Pıçıldadı öz-özünə öz qanını içən şair, «Azadlıq» sözündən asılan şair: – Ad günü keçirmir həbsxanalar!
…Qismət etmə kafirə də kamerada, dar otaqda dönə saat kəfkirinə; Neçə kilometr yol gəldi şair, Yol uzanır, yol uzanır Azadlığın ad gününə burulğanlar içindən…
Səsin gəlsin, Xəlil Rza, Səsin gəlsin, Ad günü keçirmir həbsxanalar!..
AĞI
Dəli çayların axarı suların səsindən bəlli. Mən keçdim, Sən keçənmədin. Torpağım heeey!
Sirri kor quyu dibində, Dərdi üzündən bəlli. Dəlisi ağıllı kimi, ağıllısı dəli kimi Millətim heeey!
Tapdaq altda gözü qalan ocaq külündən bəlli. Qorxağı qaçmağından, İgidi ölümündən bəlli. Məmləkətim heeey!
Məni çox incitmə, Tanrım, Özün göndərən bəlayam. Mən şeytana papış tikən Sənin ərköyün balanam.
Nə Qurana əl basmışam, Nə də xaç çəkmişəm, Tanrım! Sənə qulaq asmamışam, – Sənnən çox çəkmişəm, Tanrım!
Dərdin göyçəyin yollayan Gərək bəndəsin də duya. Qoymaya tövbə etməyə, Dilində sonuncu dua.
Mən səndən küsmüşəm, Tanrım! Üzə durdum hansı haqqla? Ömrü borc vermisən, Tanrım, Al ruhumu girov saxla!
DÜNYANIN YALAN GÜNÜ Rəsul Rzaya
Ölümünlə aldatdın bizi aprelin birində – başaldatdı günü. Yüyürdüm ölümün ardınca; İnsan axını yol vermədi çiynimi verəm tabutun altına. …Ölümün utana-utana gəlmişdi Fəxri xiyabana. Çəkinə-çəkinə, qızara-qızara girmişdi məzara. Amma Sən, «özün almışdın çiyninə tabutunu». O gün köşklərdə çiçək qalmamışdı, O gün şehli göz yaşlarıyla çiçəkləmişdi tabutun da! Səndən uzaq. Səndən nigaran ölümündən xəbərsizdi Nigarın… Dilim sözə möhtac, əli gəlmirdi ölümünə nəğmə qoşmağa. «Belə olurmuş demək» dünyanın yalan günü adam aldatmaq?! Ölüm xəbəriylə adlamı aldatmazlar, ustad!
Tanrının gözünə dik baxdığımdan Xəbərim olmayıb üzümə düşən qırışdan Yaman inanmışam arvad sözünə: «- Dağa bənzəyirsən sən bu duruşda».
Güzgüdə özünə baxıb göz vuran O şux, o kür adam mən deyilmişəm. Adamlar dəyişir havalar kimi İlahi, mən niyə dəyişməmişəm?!
Dünyaya piyada gəlib-gedənlər Odu eee… yanımdan atlanıb keçir. Ürək qızdırdığım, çörək kəsdiyim Qəfildən üstümdən atdanıb keçir.
Mən koram… Sən hara baxırsan, Tanrım! Sənin də oyunun yamannan-yaman. Haqqın tərəzisi qurulan vaxtı Kiminə taxt verdin, kiminə palan.
Çəkilib uzaqdan özümə baxdım, – bir də üzə gülüb, arxamca daş atanlara… Yol üstə ilantək qıvrılanlara…
Başımın üstündə qovğalar kimi Bu yağış adamlar, külək adamlar – Bu payız oğlanlar, bu qış gözəllər, Bu külək oğlanlar, kələk oğlanlar, Bu payız gözəllər, bu xəzəl qızlar, Dayanıb yolumda qovğalar kimi, – Adamlar dəyişir havalar kimi, – Niyə dəyişmədin, Cəfərin oğlu?!
Bir gecə vağzalın yanından keçəndə şəhərdə qəfildən işıqlar söndü. Kürəyində yük daşıyan adamlar mənə KENTAVRLARI xatırlatdı… Bir də qulaqlarıma at kişnərtisi gəldi…
Dərdin arxasınca dördnala çapan Bədəni at, başı adam, Bu yarıat, yarıadam Qaçmağa hallı adam hara gedir, Yaradan?!
Sözünün dalında dağ kimi durub, Hər gün bir sevdayla döyüşə gedir. Dalına atdığı şələyə baxmır. Xəndəyə yıxılmır, tələyə baxmır, Özüylə söyüşə-söyüşə gedir.
At kimi yeriyir qəmin üstünə Çapır, dördnala çapır, Hara gedir qəm gətirir Bir gün çörək tapır, bir gün də tapmır…
«Mersedes» gözəllər keçir yanından Vaxtı yox onlara gözucu baxa. Faytona qoşulmuş ata boylanır, Bu yarıat, yarıadama ana boylanır ata boylanır.
Kentavr şəhərdən baş aça bilmir. Dəyənək qorxusu çıxmır canından. Bu köçkün kentavr, qaçqın kentavr Polisin əlindən qaça da bilmir.
Bu qovur, o qovur, Göydə Allah qovur, yerdə bəndəsi Kəpənək yuxusu qaçıb gözündən Hələ kütə gedir onun kündəsi. – Hara gedirsən, KENTAVR? – Kimdən qaçrsan, KENTAVR? Başın bədənindən ayrı, Bədənin başından ayrı, Özün-özündən qaçırsan, Gedirsən qəmin üstünə söyüşə-söyüşə, Yaşamaqçün, ölməməkçün Atlar örüşə gedir, Kentavrlar – döyüşə!
***
Bir üzü var çörəyin – arxası təndirdə qalır.
Bir üzü var torpağın – ha şumla, çevir üstünə arxasını görməzsən; Torpağın bir üzü var kürəyini görməzsən!
Çörəyini yeməzsən yalanın Yalanın min üzü var. Mən sözü üzə şax dedim Sözümün bir üzü var – Əlisəmidin bir üzü var.
Oğlanlarım, mən sizin yerinizə olsaydım atamı çox sevərdim Adına şeir yazardım hətta. Alnı nədi, heç qoymazdım şəkilləri qırışlana
Yadıma salardım O mənim beşiyimin kəndirini tavana necə mismarlamışdı, Mən də onun baxışlarını könlümə elə yazardım.
Sizə iki şeir yazdım, oğlanlarım Birini uşaqlığınıza, Bunu da böyüklüyünüzə… Birin qucağıma alanda Birini qucağımdan düşürəndə…
Mən dəqiq bilirəm, Bütün ataları övladları öldürür Bunu bilirsinizmi, siznənəm, eyy Hə, siznən Onnan Sənnən…?
Bütün ayrılıqlar qəflətən və özü də səbəbsiz olur. Ağlınıza gəlirmi ki, bir gün atanızın ayaqqqabılarını Qapıda görməyəcəksiniz? Ən birinci qapıdan ayaqqabılar yığışdırılır, Adamı yaman yandırır ayaqqabı yeri…
Dəfn mərasimi qədər həyatda qəddar heç nə yoxdur… Sizin yerinizə olsaydım bunu həmişə yadımda saxlardım.
Yuxudan tez durardım ki, atamı çox görüm Başdaşı üçün şəkillərinə baxmazdım… Öləndən sonra şeirlərini oxumazdım
Mən sizin yerinizə olsaydım atam haqqında xatirə danişmazdım….
Öz yanına apar məni! Ey xəstə könlüm dərmanı, Dərdim var, bəs dərman hanı?! Tərk edəndə bu dünyanı, Əymə yolum sağa-sola düz, yanına apar məni! Ata, burda tənha qoyma, öz yanına apar məni! * * * Yağış yağar, çətirim sən, Çiçək qoxan ətirim sən, Hər bir misram, sətirim sən, Deyəcəyəm şirin-şirin söz, yanına apar məni! Ata, burda tənha qoyma, öz yanına apar məni! * * * Gözüm yolda, könlüm səsdə, Ruhum sıxılır qəfəsdə. Alovlanıb sinəm üstə, Dayanmadan yanar-sönər köz, yanına apar məni! Ata, burda tənha qoyma, öz yanına apar məni! * * * Gör, nə yazdı Fələk qarı?! Məlul qoydun dostu-yarı… Bu cavabsız sualları Bircə-bircə cavablandır çöz, yanına apar məni! Ata, burda tənha qoyma, öz yanına apar məni! * * * Saçlarıma saldın dəni, Yaşatdın dumanı-çəni. Boynubükük bənövşəni Qoyma qala kol dibində üz, yanına apar məni! Ata, burda tənha qoyma, öz yanına apar məni! * * * Həyat fani, ömür yalan, Ey canını candan alan! İlişib üzümdə qalan Öz əlimlə qapatdığım göz, yanına apar məni! Ata, burda tənha qoyma, öz yanına apar məni! * * * Sən qəbirdə yata-yata, Mənim üçün ömür xəta! Hey deyirdim: “Yaşa, Ata, Oğulların toy günündə süz, yanına apar məni! Ata, burda tənha qoyma, öz yanına apar məni! * * * Heç kim gəlmədi dalınca, Tanrı canını alınca… Əcəlimə az qalınca Əzrayılla gəl canıma döz, yanına apar məni! Ata, burda tənha qoyma, öz yanına apar məni!
Atam vay! Qandı gözü, əl vurmayın, toxunmayın ağrıyır, Nalə çəkib neçə-neçə könülləri dağlıyır, Taleyimdə xoş nə varsa, qapısını bağlıyır. Qaysaqlanmır, təpələnmir içimdəki yaram vay! Sənsiz haram ağrımayır, can ay Ata, haram vay! * * * Gözümüzdən axan qan-yaş ümmanların selidi, Əllərinə həsrət qalan, qızlarının telidi. Qorxmuram ki, ad qoyarlar deyərlər ki, dəlidi! Yoxsa gəlib bir ömürlük başdaşını saram, vay! Sənsiz haram ağrımayır, can ay Ata, haram vay! * * * Düz otuz beş il yaşadım, hər ötən gün rəngarəng, Həm arxamdın, dayağımdın, həm ömrümə bərbəzək! Evin uçsun mərdimazar, gələn gündən bizə dəng, Həyatıma bir rəng qatdı, başımdakı qaram, vay! Sənsiz haram ağrımayır, can ay Ata, haram vay! * * * Sən yoxsansa, mən də yoxam, bır quruca nəfəsəm, Arzuları ürəyində həbs olunan qəfəsəm, Susdurmayın, innən belə “Ata!” hayqıran səsəm! Çıxıb getdin, mənsə hələ bu dünyada varam, vay! Sənsiz haram ağrımayır, can ay Ata, haram vay! * * * Həyat hələ davam edir, gecə düşür, gün batır, Hamı girir, isitdiyin isti yataqda yatır. Bir ucuzca ölüm nədir, Tanrım, mənə tez çatdır! Yaşadığım hər bir anım mənə olsun haram, vay! Sənsiz haram ağrımayır, can ay Ata, haram vay! * * * Nə yerdəyəm, nə göydəyəm, nə evdəyəm, nə çöldə, Nə dağdayam, dərədəyəm, nə çaydayam, nə göldə! “Səbr elə! Dözümlü ol!”-demək asandı dildə, Tabutumda inildəyir şaqqalanmış param, vay! Sənsiz haram ağrımayır, can ay Ata, haram vay! * * * Sakit durma, Ulu Tanrım, dərgahından danış-din! Can alanda, can verəndə Atama nə çəkdirdin?! Bir kənarda susmuş idim, necə məni dindirdin, Dünya mənə dar gəlməyir, mən dünyaya daram, vay! Sənsiz haram ağrımayır, can ay Ata, haram vay!
Torpaq. Doğulandan gözəyirmiş, Soyuq, üzüqara torpaq. Biz pay verdik uddu səni Qara torpaq, qara torpaq! * * * Boş qalan yatağın-yerin Gah isinir, gah da sərin Sinəmizdə açdı dərin Yara torpaq, yara torpaq! * * * Gedən gedir, qalır qalan. Dünya fani, ömür yalan! Səni əlimizdən alan Qalsın, zəhirmara torpaq! * * * Daha keçmir günümüz xoş! Arxamız boş, önümüz boş. Bir şeir də gəl, ona qoş! Sığmır misralara torpaq… * * * Əcəl çatar, verməz aman Uşaq, körpə, qoca, cavan. Baxmaz yetişəndə zaman Payıza, bahara torpaq! * * * Nə dahisi, nə aqili, Nə alimi, nə cahili. Udur elə diri-diri Baxmır dövlət-vara torpaq! * * * Harayıma, nəfəsimə Bir yol səs verə səsimə. Sıxa məni də köksünə Tezlikilə sara torpaq!
Qalx oğlunun son zəngidi, ay Ata! Bağımızdan gül-çiçək dərəcəkdin, Öz əlinlə toplayıb, hörəcəkdin, Qohumlara qonaqlıq verəcəkdin… A bəxtəvər, əcəb çatdın murada! Qalx oğlunun son zəngidi, ay Ata! * * * Min həvəslə gözləmişdin bu günü, Ay ömrümün bəzəyi, toy-düyünü! Görəmmədin məzmununu, bəyini, Bəs nə deyim indi, qohuma yada? Qalx oğlunun son zəngidi, ay Ata! * * * Dağılıbdı dünyam xaraba, uçuq, Göz yaşlarım düzülüb muncuq-muncuq. Arzuların ürəyimdə tumurcuq, Diləklərin keçmədi ki, həyata. Qalx oğlunun son zəngidi, ay Ata! * * * Ata, səndin hər zaman gərəyimiz, Süfrəmizdə duzumuz, çörəyimiz. Axı necə açılsın ürəyimiz? Başımızda var bu boyda qan-qada. Qalx oğlunun son zəngidi, ay Ata! * * * Xoş nağıldın, heyif pis bitdi sonu. Anlamadıq taleyin bu oynunu. Qəbrin üstə gəlib büküb boynunu, Axı, niyə göz yumdun bu fəryada? Qalx oğlunun son zəngidi, ay Ata! * * * Böyütmüşdün onu əziyyət ilə, Neçə həvəs, xoş arzu, niyyət ilə. Şərəf ilə, şan ilə, şöhrət ilə, İndi bir bax, bu qırılan qanada! Qalx oğlunun son zəngidi, ay Ata! * * * Qolu qırıq aşıqların sazıyam, Tanrı, göndər Əzarayılı razıyam! Nuranəyəm Rafailin qızıyam! Qurban olum, üstümdəki bu ada! Qalx oğlunun son zəngidi,ay Ata!
Ölə bilmirəm! Gəldim öpəm başdaşını, Göydən düşən baş daşını. Gözümdəki göz yaşını, Silirəm…silə bilmirəm! * * * Sən nə çəkdin, necə çəkdin, Gündüz çəkdin, gecə çəkdin, Boşmu çəkdin, heçə çəkdin, Bilirəm…bilə bilmirəm! * * * Bu günümdə, dünümdəsən, Harayımda, ünümdəsən. Gözlərimin önündəsən Gülürəm…gülə bilmirəm! * * * Gör, nə yazdı Fələk qarı?! Gəl, məni də apar barı! Bir yol gəlir sənə sarı Gəlirəm…gələ bilmirəm! * * * Bu nədi, bu nə düyündü? Deyin mənə, kim öyündü?! Can verirəm, düz on gündü Ölürəm… ölə bilmirəm!
Ana, belə olurmuş ayrılıqlar… Atamdan sonra… Sübh açılar… işinə tək gedərsən, Yağış yağar, əsər külək gedərsən, Yavaş-yavaş bu dərdi çək, gedərsən. Ana, belə olurmuş ayrılıqlar! Ayrılıqdan betər dünyada nə var?! * * * Sübh açılar… günəş doğar mənə nə? Körpə olum bas, bağrına-sinənə, Atam alıb, öpüb-oxşasın yenə… Ana, belə olurmuş ayrılıqlar! Ayrılıqdan betər dünyada nə var?! * * * Günortalar… hazır olar yeməyin, Heç kim yeməz, boşa gedər əməyin. Dur, yığışdır! Daha yoxdu köməyin… Ana, belə olurmuş ayrılıqlar! Ayrılıqdan betər dünyada nə var?! * * * Günortalar… heç nəyə həvəsim yox, Can üstəyəm, verməyə nəfəsim yox, Dünya dolu sanki, heç bir kəsim yox! Ana, belə olurmuş ayrılıqlar! Ayrılıqdan betər dünyada nə var?! * * * Axşam olar… gün üfüqdə can verər, Səhər yenə onu bizə dan verər. Kim deyir ki, dərmanı zaman verər? Ana, belə olurmuş ayrılıqlar! Ayrılıqdan betər dünyada nə var?! * * * Axşam olar… ürəyim çox darıxar, Dərdə, sərə doymuşam tox, darıxar. Dünya uçsun Atam ki yox, darıxar! Ana, belə olurmuş ayrılıqlar! Ayrılıqdan betər dünyada nə var?!