SAATIN ƏQRƏBLƏRİ… Saatın əqrəbləri firlandıqca səs edir, Günlər elə bir şeydi ömürdən ildən gedir, Boş sözlər nadan kimi, küləyə bənzər əsir, Yaşa doldum, hiss edib ümidlə geri baxdım- Fevralın otuzuna vədə verib vaxt aldım! * * * Yollar qırov bağlamış ümüdlərə qor düşmüş, Xəyallar pərən pərən arzular talan çökmüş, Doğurdanda adam tək yaşamaq böyük yükmüş, Gah gerəyə gahda ki, irəlliyə yön aldım- Fevralın otuzuna vədə verib vaxt aldım! * * * Enişidə dolandım, yoxuşuda keçmişəm, Zaman zaman dünyanın hər üzünü görmüşəm, Qəlbi nadan birinə verərkən səhv etmişəm, Çox təəssüf ki, bunu, sonunda gec anladım- Fevralın otuzuna vədə verib vaxt aldım- * * * Nə biləydim sonu yox dərk etmədim vaxtında, Dildə aciz qalibdı, danışarkən haqqında, Yuxuya dalmış idim, gördüm deyir son anda, Gözləyəcəm gələrsən, yubanmazsan həyatım- Fevralın otuzuna vədə verib vaxt aldım!
ÖZ CƏZANDIR ÇƏK, QADIN… Bu gun şəklinə baxıb Gördüm siyah tellərin Ağarıbdı qar kimi. Sən ki, belə deyildin, Bir vaxt göz oxşayırdın Hər addımda dil açan Çiçəkli bahar kimi. Bəs, niyə saçlarına Erkən dən düşdü sənin? Bəlkə bulanıq sular Bircə anda üstündən Adlayıb keçdi sənin? Bir nişanə qalmadı Əzəlki yerişindən. Bir vaxtlar məst olurdu Çoxları gülüşündən… Sən heç belə deyildin Əhdini tapdalayıb Baş götürüb gedəndə. Yəqin günahın kimi Qəlbini çəkib dara Saçlarındakı dən də… Söylə, niyə axı sən Eşqimi ağlar qoyub, Əsiri oldun yadın? Heç özüm də bilmirəm Necə əff edim səni, Öz cəzandır, çək, qadın!
SEVƏNLƏRİ VAR OLSUN… (“Sevgililər günü”nə) Gör necə də gözəlmiş Ömrün vüsal çağları. Sevgidir insanlığın Nur timsallı baharı. Tükənməyən arzular Məhəbbətdən güc alsın – Sevənləri var olsun! * * * İsinsin saf duyğular Körpə nəfəsi ilə. Vəcdə gəlsin ürəklər Gənclik həvəsi ilə. Saf eşqin təravəti Nə saralsın, nə solsun – Sevənləri var olsun! * * * Şən nəğmələr dolaşsın Hər yanı qarış-qarış. Qorxutmasın heç kimi Çovğun, şaxta, qarlı qış. Təkcə eşqin havası Həmişə qəlbə dolsun – Sevənləri var olsun! * * * Seymur mübarək deyir, Sevgililər gününə. Qoy, yamanlıq çıxmasın Qəlbən sevib-sevilən İnsanların önünə! Bu şeirim cavanlara Məndən nişanə qalsın – Sevənləri var olsun!
BU GÜN MƏNƏ TOXUNMAYIN İçimdə vulkan püskürür, Titrəyir sütünum-tağım. Üstümdən qarayel keçib, Üşüyür əlim-ayağım. Baxışlarım sanki donub – Quzeydəki qar kimiyəm! Bu gün mənə toxunmayın Simi qırıq tar kimiyəm! * * * İşığa həsrət qalmışam, Zülmət çökübdür üstümə. Bir namərdin gizli əli Yaman durubdu qəsdimə… Əlçatmayan, ünyetməyən – Bir uçuq divar kimiyəm. Bu gün mənə toxunmayın Simi qırıq tar kimiyəm! * * * Yollar üzümə bağlıdı, Yoxuşum yox, enişim yox. Məhbusam tənha adada, Doğma yurda dönüşüm yox! Əhədimi kəsib külək – Alışmayan qor kimiyəm. Bu gün mənə toxunmayın Simi qırıq tar kimiyəm! * * * Nə gücüm var, nə taqətim, Bozqurd kimi ac gəzirəm. Elə bil havalanmışam, Dərdimə əlac gəzirəm. Bu gün mənə toxunmayın – Simi qırıq tar kimiyəm. Bu gün mənə toxunmayın Simi qırıq tar kimiyəm!
ATA HƏSRƏTİ Ata, yoxluğuna necə tablaşım, Sənsiz qurumayıb hələ göz yaşım. Keçir dərd içində baharım-qışım, Heç vaxt qınamasın qoy, nadan mən – Ata həsrətidir, sızladan məni! * * * Elə bil fırlanır başıma dünya, Dönüb qar-sazaqlı qışıma dünya. Ta gəlmir nədənsə xoşuma dünya, Sıxır için-için ürək-can məni – Ata həsrətidir, sızladan məni! * * * Kaş, atam dirilib geriyə dönə, Sığınam Tanrının böyüklüyünə… Dikmişəm gözümü hər gələn günə, Nə eşq ovundurur, nə ad-san məni – Ata həsrətidir, sızladan məni! * * * Sanki suya həsrət bomboş səhrayam, İşığı qeyb olan ulduzam, ayam. Heyim qalmayıb ki, günləri sayam, Qoparıb kökümdən bir tufan məni – Ata həsrətidir, sızladan məni! * * * Dikəldə bilməyir Seymur qəddimi, Tapdamaq çətinmiş dərdin rəddini… Dinmədim, qəm-kədər aşdı həddini, Tutub elə bil ki, nahaqq qan məni – Ata həsrətidir sızladan məni!
MƏNİM ÖMÜR YOLUM (Öz doğum günümə yazdığım şeir) Boylanıb geriyə baxdım bir anlıq, Elə bil üstümü duman-çən aldı. Gözümün önündən keçdi cavanlıq, Ömrün bir ili də arxada qaldı. * * * Nə yaman tez ötdü aylar-fəsillər, Anlar tufan kimi, yel kimi keçdi. Durub arxasınca baxdığım illər, Qarşımdan bulanıq sel kimi keçdi. * * * Söykədim üzümü xatirələrə, Sevdalı çağlarım geriyə döndü. Zülmətdə qərq olan neçə bənd-bərə, Mənimlə birlikdə dil açdı, dindi. * * * Közərdim təzədən sönmüş ocaqtək, Nurlu sabahların seyrinə çıxdım. Yaratmaq eşqiylə çırpındı ürək, Keçilməz sədləri bir anda yıxdım… * * * Duruldum su kimi avazda-səsdə, Sanmayın ağlımı nəsə çaşdıdı. Bir il gəldisə də yaşımın üstə, Məni şeirlərim cavanlaşdıdı. 04.02.2022.
MƏNİ QƏRİBSƏSƏN ÜRƏYİNDƏ GƏZ Nə əlIərm çatır, nə səsim sənə, Tanışdır istəyim-həvəsim sənə. Bilirəm doğmadır nəfəsim sənə. Demirəm bir acı külək kimi əs – Qəriblik eşqimi sarsıda bilməz! * * * Keşkə xoş sorağın çataydı mənə, Çıxaydıq xəyalən çölə-çəmənə. Adını çəkirəm mən dönə-dönə, Hicranın yolunu saf eşqinlə kəs – Qəriblik eşqimi sarsıda bilməz! * * * Dönsəydin əzəlki görüş yerinə, Gül-çiçək səpərdim qədəmlərinə. Bəlkə getməyək bir də dərinə… Nisgili, kədəri gəl tapdala-əz – Qəriblik eşqimi sarsıda bilməz! * * * Seymur heç vaxt səni unudan deyil, Yalançı məhəbbət şərəf-şan deyil. Eşqimin möhləti bircə an deyil, Məni qəribsəsən ürəyində gəz – Qəriblik eşqimi sarsıda bilməz!
SƏNİ NECƏ TAPIM… (Dialoq) Oğlan Yatmışdım, telefonun zəngi oyatdı, Məst etdi, ay gözəl, xoş səsin məni. Avazın könlümə şirinlik qatdı, Yerimdən oynatdı həvəsin məni. Qız Səni soraqlayıb, aramasam da, Bənd oldum bir anda kəlmələrinə. Düşdüm elə bil ki qaynar bir oda, Danmıram, ürəkdən vuruldum sənə. Oğlan Dedim, bəs bəxtimdir üzümə gülən, Ürəyim köksümə sığmadı mənim. Sandım ki, səsindən nurdu süzülən, Dil açdı al-əlvan şehli çəmənim… Qız Sanki məhəbbətin düşdüm sehrinə, Adını soruşmaq çıxdı yadımdan. Şükr etdim Allahın böyüklüyünə, Qəlbimdə dağ kimi böyüdün hər an… Oğlan Dalğamı dəyişdi, telefonmu söndü, Elə bir andaca itirdim səni. Nömrən gizli imiş, neyləyim indi, Xəyalən könlümdə bitirdim səni…
XOCALIMIZ QƏM SELİNDƏ İSLANIR (Xocalı şəhidlərinin xatirəsinə) Göy üzünü qara bulud alıbdır, Dört tərəfi mənfur düşmən sarıbdır, Necə insan canlarından olubdur, Bu gün nisgil dolu qəlblər talanır- Xocalımız qəm selində islanır. * * * Qoca cavan baxmayaraq vurubdu, Körbə üzü, saralıbdı solubdu, Bu matəmə dünya şahid olubdu, Bu gün nisgil dolu qəlblər talanır- Xocalımız qəm selində islanır. * * * Yağı talan etdi Ana Vətənin Dağılmaz başından dumanı,çəni, Çağırır,Xocalı çağırır səni, Bu gün nisgil dolu qəlblər talanır, Xocalımız qəm selində islanır.
ATA Qəlbimdə döyünən, qəlbimdə vuran, Dağ kimi vüqarlı arxamda duran. Yolumda Fərhad tək dağları yaran, Sənə qurban olsun ürəyim, ata! * * * Çox çəkmisən məndən ötrü zəhməti, Verməmişəm layiqincə qiyməti. Dizimin taqəti qolum qüvvəti, Həmişə dayağım, gərəyim ata. * * * Ayağıma bir daş dəysin qıymadın, Bir kimsəyə möhtac olum qoymadın. Qayğı çəkdin yorulmadın, doymadın, Hər zaman ümidim, gərəyim ata.
ATALAR Atalar Yer üzündə Allahın kölgəsidir, Haqdır, ədalətdi bu, Allahın bəlgəsidir. Həm arxa, həm dayaqdı övlada varlı ata, Uşaq var ata istər, uşaq da varlı ata… İstəyirəm gorəsən, mümkün deyil danışmaq, Belə olur atanın ətəyindən yapışmaq… Allah ətəyi kimi, bərk sarılıb, tutuşmaq, Balaca yumruqlarla, allahlarla vuruşmaq … Həm arxa, həm dayaqdı övlada varlı ata, Uşaq var ata istər, uşaq da varlı ata… 13.06.2021.- Bakı.