Biz bilirik ki, sükut nə sözlərin manipulyatorudur, nə də işgənəçi. O, hörmət oyadan ağrıya bənzəyir; biləyimizin çayı, damarlarımızın dənizi kimidir. O, bizi müşahidə edən və bizə saf enerji qaytaran dosta oxşayır; sümüklərə işləyən pası yumşaldan bir yağlayıcıdır, kölgəyə çevrilənədək. Çox vaxt detektiv rolunu oynayır: “kukla”nın ipini toplayır, zamanı yükləyir və peşmanlıqları ilə birlikdə geri qaytarır, rejissorun əfsanəvi səhnəni çəkdiyi kimi onu dəyişdirir. Yazıçı, əzab, ağrı və gözlənti ilə söz arasında həqiqi bir bağ yaranır, əgər işıq sehrli fənər kimi çıxış edirsə və onun intensivliyini tutub şeirə, nəqlə, fabula və şah əsərə çevirirsə. Qaranlıq qanımızın çırpınmasını hiss edir və bizi nigarançılıqdan uzaqlaşdırır; o, daxili vaxtımız, xarizmatik bir varlıq olur. Şübhənin sübhü qapını döyür; ən dərin çapıq cazibədar bir varlığa çevrilir; göy üzü bədənimizi və düşüncəmizin düyünlərini çılpaq göstərən bir ekranın işığını daşıyır. O gizli profilimiz, uzun müddət – hətta ictimai və mədəni mühitdə də – taxdığı “maskadan” nəhayət azad olur.
“İskelet”, hadisələrin vəhşiliyinə baxmayaraq, yavaş-yavaş yenidən çiçəkləməyə başlayır; sanki yabanı küləkdən döyülmüş, baltayla budaqları kəsilmiş ağacın qol-budaqları kimi. Söz bir ikonaya çevrilir, oxucularının qarşısına zərifliklə çıxır; onun baxışı aydındır, şəxsi izi, təbii istedadı vardır: incə texnika, qafiyələrin zərifliyi, həyatın ağırlığı, illər boyu şöhrətin zərbəsinə dözmək məcburiyyəti, həm də paxıllığın soyuqluğu. Zaman keçdikcə insan anlayır ki, yanlış ata bel bağlayıb, amma yenə də mübarizə aparmaq, məğlubiyyətdən sonra rinqdə ayağa qalxmağı bacarmaq lazımdır. Heç vaxt duyğularımızın etimadını satmamaq, “ölü” və keçici hüceyrələrdən qurtulmaq. Uzun illər boyu çəkilmiş pislikləri “tabuta” möhürləmək – zəriflik və təmkinlə. Zaman hər zaman düşmən deyil; o, sabahımızdır, bu günümüz və keçmişimizdir, həm də bir ata kimidir – əgər şeirə olan heyranlıq öz kimliyimizi yaratmaq istəyilə qarışırsa. Xəyal – yaradıcılığın rəng palitrasıdır; zamanla sevinclə sevilən bir tabloya çevrilir. O, sözdən qabaq doğulur və ona həyat verir. Onu qarşımıza alanda yeni hekayələrin qapısı açılır, sanki pəncərəni küləyə açıb otağı işıqla doldurmaq kimi. Xəyalın özü də qaranlıqdan qorxmur, əksinə, qaranlığın sinəsini yararaq ona nəfəs olur. O, bizə unudulmuş səsləri xatırladır: babamızın yorğun barmaqlarıyla tar çalmasını, bir ananın dizində yatarkən eşidilən ninni səsini, uşaqlıqda küləyə qarşı qoyulmuş çığırtımızı. Hər bir xəyal, sükutun qaranlıq bədənində doğulmuş işıqdır. O işıq sözə toxunduqda, şeir olur; musiqiyə qarışanda, ahəngə çevrilir; daşın üstündə dayananda, abidəyə dönür. Amma ən dərin xəyallar çox vaxt qovulmuş qaçqın kimidir: bizdən uzaqlaşmaq istəsə də, içimizdə gizlənərək yaşamağa davam edir. Onlar gündüzün işığında görünməsə də, gecənin ən tənha çağında birdən qarşımıza çıxır, bizi öz güzgümüzə baxmağa məcbur edir. Yazıçı üçün isə bu xəyallar – həm dost, həm də düşməndir. Dostdurlar, çünki bizə yazmaq üçün qanad verirlər; düşməndirlər, çünki gecələrimizi oğurlayır, qəlbimizi parçalayır, bizdən həmişə daha çox səmimiyyət tələb edirlər. Tarix – sadəcə daş kitabələrdə oyulmuş yazı deyil, o həm də insan ruhunun əbədi xəyallarında yaşayır. Bir millətin xatirəsi, əslində, onun gördüyü və qoruduğu yuxulardan ibarətdir. Əgər xəyal olmasaydı, qədim şəhərlərin qapıları yenidən açıla bilməzdi; şairlər öz səslərini gələcəyə əmanət edə bilməzdilər. Xəyal – zamanın dərinliyində gizlənmiş bir körpüdür: dünənlə sabahı birləşdirən, bizi özümüzə qaytaran gizli yol. O, bəzən susar, amma heç vaxt ölməz. Bir uşaq təbəssümündə, bir qoca baxışında, bir qadının dualarında yenidən boy göstərir. Elə bil, hər bir xəyal – tarixin öz qəlbindən bizə ötürdüyü səssiz məktubdur. Biz oxuduqca, o məktubun sözləri genişlənir: bir gün şeirə çevrilir, başqa gün musiqiyə, və bir gün gələcək nəsillərin yaddaşına hopur. Beləcə, tarix – keçmişin daş yaddaşı deyil yalnız; tarix – insan xəyalının heç vaxt sönməyən alovudur.
Maria Teresa Liuzzo, italyan şairəsi, yazıçı, jurnalist, tərcüməçi və nəşriyyatçı, “P. Benintende” Lirik-Drama Assosiasiyasının Prezidenti, “LE MUSE” ədəbi jurnalının baş redaktoru
Tərcümə və təqdimat: Cahangir NAMAZOV, “Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Şair İm Sol Nae 1999-cu ildə “Cayu Munhak” aylıq ədəbiyyat jurnalının “İlk əsər” mükafatı ilə ədəbiyyata qədəm qoydu. Onun poeziya toplularına “Bir Yarpağın QR Kodu”, “Amazon”, “O Keçid Stansiyası”, “Oyadılmış Amazonun Fəryadı”, “Honq Nyo” və başqa kitablar daxildir. Şairə həmçinin Yeonnanq Poeziya Mükafatı, Koreya Ədəbi Tənqidçilər Birliyinin Mükafatı, Koreya Lirik Poeziya Mükafatı, Seconq Əla Kitab Seçimi, “Şairlərin Şairi” Mükafatı və Budda Ədəbiyyatı Yazıçıları Mükafatı ilə də təltif olunmuşdur. Hazırda o, Koreya Dünya Ədəbiyyatı Assosiasiyasının 6-cı prezidentidir.
ÜÇ RUH
Qürubun kölgələri axşama uzananda, adı bir az istehzalı, “Məntiqsizlik” deyilən bulqoqi məkanında həmişə təmiz dəsmalları ilə tanınan bir qadın, gözləri işıqlı, romantik bir gənc, və sanki doğulduğu andan nəğmə daşıyan bir qadın səssiz bir süfrə ətrafında toplaşdılar.
Qar gözlənilən, kədərli bir qürubda sümüklərinə qədər hekayə yüklənmiş bir qadın, hamının arzuladığı bir kişi, ahəngsiz səsi ilə gülüş oyadan başqa bir qadın köhnə, qapaqlı yeməkxanada yanaşı oturmuşdular.
Bir kişi — daim aşiq, bir qadın — cavabsız ömrün içində, həm tənha, həm gözəl, və digər biri — incə, qürurlu burnunu dik tutan, zərif…
Onlar qarın gur-gur yağmasını arzuladılar, amma gecə boyu yalnız ulduz çiçəkləri açdı. İki qadın həyatı döyə-döyə keçirdi, bir kişi isə özünü Komodan gəlmiş sanırdı. Sadəcə üç nəfər idilər, amma orada insan çiçəkləri açırdı, yabanı, dəbdəbəli bir aləmdə.
AL QIRMIZI İŞIQLAR KAINATI
Xurmanın budaqlarında al qırmızı fənərlər yanırdı. Qara damarları onun yaşını danışırdı. Torpağa kök salmış, gücünü dəfələrlə sərf etmiş, hər ikinci ildə nəfəs alan bu ağac— incə budaqlarında qırmızı meyvələr daşısa da tez sınırdı, amma onların hər biri ana əlləri kimi — zərif və qüvvətliydi.
Şimşək çaxanda, yağış gur gur töküləndə, islanmış qabığı tor rəngə dönərdi — sanki göy insanlarının dərisi kimi.
Xatirələr dolaşıq cığırlarla axdıqca, uşaqlığın rəngləri nağıl səhifələrindəki lələklər kimi əsirdi. Qırmızı — amma ehtiras qırmızısı deyil, sarıya çalan — amma gəncliyin sarısı deyil.
Bir kainatın içində başqa bir kainat. Al qırmızı, ürəyin özünə enib gələn— ah, necə də parlaqdır!
Tərcümə və təqdimat: Cahangir NAMAZOV, “Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Tarix boyu xalqlar arasında anlayış, qarşılıqlı hörmət və mehribanlıq yaradacaq ən böyük körpülərdən biri ədəbiyyat olmuşdur. Ədəbiyyat millət, dil, din tanımaz — o, insanın ruhuna toxunar, onu saf duyğulara, mərhəmətə, sevgiyə səsləyər. Şairlər və yazıçılar sülhün carçıları, xeyirxahlığın təbliğatçılarıdır. Onlar qələmləri ilə nifrət divarlarını dağıdar, könüllər arasında görünməz, amma möhkəm körpülər qururlar. Ədəbiyyat və incəsənət insanları bir araya gətirən, onları bir-birinə yaxınlaşdıran ən güclü vasitələrdən biridir. Dünya böyük bir evdir — bu evdə hər bir millət bir otaq kimidir. Otaqlar arasında isti münasibət, qapıların açıq qalması, divarlar arxasında sükunət deyil, harmoniya eşidilməsi — bəşəriyyətin ən böyük arzularındandır. Sülh, dostluq və millətlərarası anlayış bu evin bünövrəsini möhkəmləndirən sütunlardır. Bu sütunları möhkəmləndirən ən mühüm qüvvələrdən biri məhz ədəbiyyat və sənətdir. Çünki sözün dili millət tanımaz, melodiyanın səsi sərhəd bilməz. Ədəbiyyat — insan qəlbinin ən saf, ən incə duyğularını ifadə edən ümumbəşəri bir dildir. O, xalqları bir-birinə yaxınlaşdırar, ürəklər arasında körpü salar. Şair və yazıçılar isə bu körpülərin memarlarıdır — onlar qələmləri ilə sülhün, dostluğun, ümidin və sevginin rənglərini çəkirlər. Bu mənada Koreya ədəbiyyatının dəyərli nümayəndələrindən biri olan Yoo Dong Ae xanımın yaradıcılığı xüsusi ehtiramla qeyd olunmalıdır. Onun şeirlərində təbiətin saf nəfəsi, insan duyğularının dərinliyi, həyatın fəlsəfi çalarları birləşir. Şairənin sətirlərindəki sadəlik və səmimiyyət oxucunu düşünməyə, hiss etməyə, sevgini qorumağa çağırır. Əziz oxucular, Yoo Dong Ae xanımın şeirlərini oxuyun — onun xalis bədii zövqünü, səmimiyyətini, poetik nəfəsini özünüz kəşf edin və ədalətli qiyməti də özünüz verin:
Yoo Dong Ae — şair, Namhae (Gyeongnam vilayəti) doğumludur. O, Jinju Qızlar Liseyini, Jinju Milli Müəllimlər Kollecini və Hansung Universitetinin Koreya Dili və Ədəbiyyatı fakültəsini bitirmişdir. Uzun illər ibtidai məktəbdə müəllim kimi çalışmış, sonra təqaüdə çıxmışdır. Onun ədəbi debütü 1992-ci ildə Munyesajo jurnalının poeziya bölməsində olmuşdur. Hal-hazırda Koreya Dünya Ədəbiyyatı Assosiasiyasının vitse-prezidenti vəzifəsini icra edir. Bundan əvvəl Qangdong Ədəbiyyat Assosiasiyasının ilk baş katibi, həmçinin Quryə Ədəbiyyat Assosiasiyasının prezidenti olmuşdur. Şairin “İçimdə Açan Çiçəklərlə” (2017, Cənubi Jeonnam Mədəniyyət Fondunun Ədəbiyyat Yaradıcı Qrantı ilə) və “Sınmış Porşelen Üzərində Günəş İşığı” (2019, həmçinin Jeonnam Mədəniyyət Fondunun dəstəyi ilə) adlı şeir topluları nəşr olunub. O, həmçinin Dənizin Su Yuxuları adlı poeziya antologiyasına da töhfə vermişdir.
VƏTƏN YELI
O gün də külək əsirdi. Yenə də yovşan sakit-sakit boy göstərirdi, Və yabanı qızılgüllər, öz təbiətinə sadiq qalaraq, torpağı yarıb çiçəkləyirdi. Bir vaxt tanıdığım külək, uşaqlığımın yeli — onu yenidən doğma yurdumda gördüm. O külək mənə incə-incə gələrdi, hər dəfə tək başına yolun sonunda dayananda, dağların sakitliyində. Yumru bir sükutla, yüngül bir əks-səda ilə daş divarların yanından əyilər, hasarın üstünə qonar, budaqların arasından keçər, ağac başlarını oxşayar və səpələnmiş adaları qucağına toplayardı. Şayiə Qərb səmasında toplanan buludlar ərimiş şüşədən qızılı parçalar kimi idi. Pəncərələr alov içindəydi, hər tərəfə qığılcım saçılacaq kimi görünürdü. Göz yetdiyi qədər, uzaqlarda sonsuz bir alov dənizi uzanırdı. Hətta hava belə yanırdı, qırmızı kölgələrə bürünmüşdü. Hər şey alovun qızğın məstliyi ilə sarhoş idi. Mən isə rəngini itirmiş, solğun, boz bir parça idim.
Tərcümə və təqdimat: Cahangir NAMAZOV, “Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Kim Sun-Young 1938-ci il, 17 mayda Koreyanın Gyeonggi əyalətinin Kaesong şəhərində anadan olub. Sudo Qadınlar Müəllimlər Kollecini bitirdikdən sonra Sudo Qızlar Orta Məktəbində müəllim, daha sonra Sejong Universitetində professor kimi çalışıb.
1962-ci ildə “Hyundae Munhak” (“Müasir Ədəbiyyat”) jurnalında “Göyərçin”, “Əks-səda” və “Fəsillərin divar yazıları” adlı şeirlərinin dərcə tövsiyə olunması ilə ədəbi debüt edib. “Cheongmi” (靑眉) ədəbi birliyinin fəal üzvü olub.
1969-cu ildə ilk şeir toplusu “Saga” (Düşüncə nəğməsi) işıq üzü gördükdən sonra o, 15-dən artıq şeir kitabı nəşr etdirib. Onların arasında “Boşluğun ayaqqabı dükanı” (1972), “Dağ çiçəyi ayini” (1976), “Xəyal mühiti” (1976), “Gecə yazılmış sözlər” (1982), “Bənövşə ağacında yaşayan Tanrı” (1983), “Həsrət nəğməsi” (1987) və “Parçalamaq üçün” (2008) kimi əsərlər var.
O, Müasir Poeziya Mükafatı və Koreya Ədəbiyyatı Mükafatı da daxil olmaqla bir çox ədəbi mükafatlara layiq görülüb. Koreya Şairlər Assosiasiyasının və Koreya Qadın Yazıçılar Birliyinin məsləhət şurasında, həmçinin Beynəlxalq PEN Koreya Mərkəzində üzv kimi fəaliyyət göstərib.
Həsrətin Bitki Təbiəti
Silinsə də, Yenə, yenə silinsə də, Hilal kimi doğar yenidən, Böyüyər, yarımaya dönər, Sonra dolunay olar.
Dolunay kimi üzən bir çöhrə tək, İnsanlar qəlbinin dərinliyinə həsrət boşluğunu asarlar.
Sevgi — unutmaq istəsən belə, Qorxulu bir bitki təbiətinə sahibdir — yenidən cücərər, yenidən boy atar. Ona görə bu gecə də səma dolunayla doludur.
Sarmaşıq
Sən yuxarı qalxdıqca, Mən enirəm.
Hər addımının sabit döyüntüsü ilə dik pilləkənlərdən enirəm.
Bəzən qalxmaq — enməkdir.
Yox, bəlkə də enmək — dayanmadan qalxmaqdır.
Hətta ölüm də ölümün dərinliyindən qalxar, qalxar, yenə qalxar, ta ki yenidən doğulana qədər.
Tərcümə və təqdimat: Cahangir NAMAZOV, “Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Dr. Kang Byeong-Cheol – koreyalı şair, tərcüməçi və Siyasi elmlər üzrə fəlsəfə doktorudur. O, 1964-cü ildə Cənubi Koreyanın Jeju şəhərində anadan olub. Yaradıcılığa 1993-cü ildə başlayıb və iyirmi doqquz yaşında ilk qısa hekayəsi “Shuba Mahnısı”nı nəşr etdirib. 2005-ci ildə qısa hekayələr toplusu çap olunub. Ədəbiyyat sahəsində səkkiz mükafat qazanıb və 20-dən çox kitab nəşr etdirib. 2009–2014-cü illərdə PEN International-ın “Yazıçılar Məhbusda” Komitəsinin (WiPC) üzvü olub. O, həmçinin Koreya Dünya Ədəbiyyatı Assosiasiyasının təsisçi prezidenti və Jeju şəhərindəki JeminIlbo qəzetində redaksiya yazarı kimi fəaliyyət göstərib. Hazırda o, Koreya Sülh və Əməkdaşlıq İnstitutunun və Jeju PEN-in vitse-prezidentidir.
QAR QƏLƏBƏ EDƏN AĞCAQACLAR MEŞƏSİ
Dünyanı dolaşdıqdan sonra, indi Polşadakı ağcaqovaqlar meşəsində qar dənələrini seyr edirəm.
Hər ruh evindən uzaqlaşanda, bir zaman yaşadığı torpağı darıxar, geridə qalan vəhşi çiçəklərin qoxusunu hiss edər, sevimli səsin gülüşünü xatırlayar.
Mən isə yalnız Jeju günəşi üçün darıxıram. Günəşdən daha qiymətli heç bir hədiyyə yoxdur. Jeju payızının günəşi heyrətamiz gözəldir. Heç vaxt bilməzsən mən günəş işığını nə qədər sevirəm…
Boz səmanın altında dayanıb, Polşadakı ağcaqovaqlar meşəsində qar yağışını izləyərək, bu ilahi və gözəl meşədə, günəşin istiliyini arzulayıram.
Qar dənələri səssizcə düşür. Qarla örtülmüş ağcaqovaqların üstünə yığılır. Həsrət sakitcə ürəyimdə yerləşir.
AYIN ŞƏKİLİ
Ay bütöv doğulur, sonra yarım olur, barmaq ucu kimi incə bir xırda hilala çevrilir, və sonra yenidən dolğunluğunu bərpa edir.
Həyatdakı bütün şeylər belədir. Biri dolu ayın altında coşqunu içir, digəri isə eyni işıq altında sonsuz tənhalığı udur.
Ay hissizmiş kimi işıq saçır, amma insan ürəyi, dayanmadan titrəyərək, ayı həqiqi halında görə bilmir.
Ayın şəklindən danışdığın anda, ürəyinin ən dərin qatları açılır.
Bir göldə əks olunan ay, dalğalar oynayanda titrəyirsə, ürəyimdək ay da ruhumun dalğaları ilə bir daha titrəyir.
Tərcümə və təqdimat: Cahangir NAMAZOV, “Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Şair Lee Hye-Seon 1950-ci ildə anadan olmuş, şair, ədəbiyyatşünas, Ədəbiyyat elmləri doktoru və poeziya yazıcılığı üzrə professorudur. O, 1981-ci ildə Simunhak ədəbi jurnalının tövsiyəsi ilə ədəbi fəaliyyətə başlamışdır. O, bir sıra şeir kitablarının müəllifidir: “Alovla Söndürmək” “Suda Yanmaq”,” Daşan İçkinin Yarısı”, “Hər Gün Gözəl Gündür”,” Quş Səsi Çatdırılması, Əgər Küləklə Qarşılaşsan, Məni Özümdən Yaxşı Tanıyan, Müqəddəs Varlıq (Tək Tanrı) və s. Bundan başqa, o, Li He-Sonun Poeziyası ilə Bir Axşam, Li He-Sonla Məşhur Şeirlərə Səyahət, Ədəbiyyat və Yuxuların Təcəssümü, Atamın Təhsil Metodları adlı kitabların da müəllifidir. Şair həmçinin Korona? Koreya! adlı toplunu tərtib etmişdir. 2016-cı ildə onun əsərləri Seconq Kitab Ədəbi Paylaşım Proqramında seçilmiş ən yaxşı kitablar sırasına daxil edilmişdir.
Li He-Son bir çox ədəbi mükafatlara layiq görülmüşdür: Yun Donq-Cu Ədəbiyyat Mükafatı, Koreya Müasir Şair Mükafatı, Koreya İncəsənət və Mədəniyyət Böyük Mükafatı, Tənqidçilər Assosiasiyasının Tənqid Mükafatı, Donqquk Ədəbiyyat Mükafatı, Pyoam İkce Ədəbiyyat Mükafatı, Koreya Poeziya və Ədəbiyyat Mükafatı, Seonsa Ədəbiyyat Mükafatı və başqaları. O, Donqquk Universiteti və Seconq Universitetində dəvətli professor kimi çalışmış, müxtəlif ali məktəblərdə dərs demişdir. Bundan əlavə, Koreya Yazıçılar Birliyinin sədr müavini, Mədəniyyət, İdman və Turizm Nazirliyi yanında Ədəbiyyatın İnkişafı üzrə Siyasət Komitəsinin üzvü, Koreya Qadın Yazıçılar Birliyinin sədri, həmçinin Donqquk Ədəbiyyat Cəmiyyəti, Koreya Poeziya və Ədəbiyyat Yazıçıları Assosiasiyası, Qanqdonq Ədəbiyyat Assosiasiyasının prezidenti kimi vəzifələrdə fəaliyyət göstərmişdir. Hazırda o, Koreya Yazıçılar Birliyinin məsləhətçisi, PEN Beynəlxalq Koreya Mərkəzinin məsləhətçisi, Koreya Qadın Yazıçılar Birliyinin fəxri sədri və Koreya Dünya Ədəbiyyatı Assosiasiyasının prezidentidir. Onun poeziyası İtaliya, Almaniya, Misir, Yunanıstan, Belçika, Pakistan, Banqladeş, Kosovo, Albaniya, Vyetnam, Meksika, Cənubi Amerika ölkələri, Rusiya, Qırğızıstan və Qazaxıstanda tərcümə edilərək oxuculara təqdim olunmuşdur.
PROLOQ
Biz bir olacağıq Bənövşəyi şüalarla işıqlanan səmada çay axını sürətlə irəliləyir. Mən uzaq bir səfərə çıxanda, səni yolumda arzulayıram.
Bəzən, sular dayazlıqlardan əyilərək axır. Bəzən, saman və palçıqlı torpaq bir-birinə qarışır, nəhayət bir bədən olaraq axırıq.
Dayaz çayda, biz balıqları böyüdürük, təmiz, sürətli çayda isə somonları. Su ilə birlikdə axacağıq, sonunda dəniz olaraq birləşəcəyik – biz bir olacağıq.
KOİ QANUNU
Koi balığı bəzək balığıdır, akvariumda saxlananda, yalnız 8 santimetr böyüyür. Amma axına buraxılsa, sonsuz böyüyə bilər – bütün arzuların kimi.
Tərcümə və təqdimat: Cahangir NAMAZOV, “Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
YANG GEUM-HEE Şair Yang Geum-Hee 1967-ci ildə Cejuda (Koreya) anadan olmuşdur. O, dörd şeir toplusu nəşr etdirib və ədəbiyyata verdiyi töhfələrinə görə səkkiz ədəbiyyat mükafatına layiq görülmüşdür. Onun əsərləri arasında “Quşların yuvaları” (ingilis və koreya dillərində) və esse toplusu “Səyahətdə xoşbəxt yoldaş” yer alır. Dünya ədəbiyyatına verdiyi geniş töhfələrinə görə, 2025-ci ilin martında Mərakeş Krallığında Kreativlik və İnsanlıq üzrə Beynəlxalq Forum tərəfindən fəxri doktor seçilmişdir. Yang Geum-Hee Cejunin “Xəbərlər” jurnalının Baş redaktoru olmuş, Cejunun Dəniz Qrant Mərkəzində tədqiqatçı kimi çalışmış, Cejunun Beynəlxalq Universitetində xüsusi təyin olunmuş professor və Koreya Dünya Ədəbiyyatı Assosiasiyasının ikinci Prezidenti olmuşdur. Hazırda o, Samda Ilbo qəzetində jurnalist olaraq çalışır. Cejunun PEN təşkilatının prezidenti və Koreya Sülh Əməkdaşlığının vitse-prezidentidir. Onun şeirləri bir sıra dillərə tərcümə olunmuş və ABŞ, Çin, Yaponiya, Almaniya, Rusiya, İtaliya, İspaniya, İngiltərə, Tayvan, Nepal, Misir, Yunanıstan, Pakistan, Vyetnam, Albaniya, Banqladeş, Kosovo, Tacikistan, Belçika və digər ölkələrdə təqdim edilmişdir.
QUŞLARIN YUVALARI
Quşlar yuvalarını özləri üçün deyil, balaları üçün qururlar. Çalarlarda və ya ağac oyuqlarında yuva düzəldib bir-biriləri ilə istilik paylaşırlar.
Bu güclə, onlar küləyə çevrilir, onlar buluda çevrilir, səmaya yol açırlar.
Yüksək uçmaq taleyini bildikləri üçün, quşlar yuvalarını qalmaq üçün inşa etmirlər.
YAZ BAĞI
Yaz bağına gecə enəndə, zümrüd xalçanın üzərində otururam, çəyirtkələr od alovuna bənzər sıçrayırlar, qurdlar kölgə kimi dağılıb qaçırlar.
Bu dünyanı özümün sandım, hündür divarlarla əhatə olunmuşdu, amma nə vaxtı saxlamaq, nə də üzən buludları həbs etmək olar; bu, insana aid olmayan bir sahədir.
Günəşli gündüzdə, kəpənəklər havada rəngli məktublar göndərir, quşlar qanadlarının altında həyat daşıyır, gedir, qayıdır, həqiqi vətənlərinə şahidlik edirlər.
İnsanın ucaltdığı heç bir divar azadlıq qanadlarını dayandıra bilməz. Burada, çiçəklər və ağaclar hökmdardır, günəş və külək doğma sahiblər. Biz isə sadəcə qonağıq, qısa müddətli yolçular, təbiətin vaizliyini dinləmək üçün.
Tərcümə və təqdimat: Cahangir NAMAZOV, “Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Bugünkü qonağımız tanınmış özbək şairi, yazıçı, Özbəkistan Yazıçılar birliyinin üzvü, Turan Elmlər Akademiyasının akademiki, Turan xalq yazıçısı, Baqi MİRZA.
—Yazıçılıq fəaliyyətini başlamaqda hansı dəyişiklikləri yaşadınız?
—İlk kitabım şe’ri olduğu üçün dəqiq bir müddətə qədər yazmamışdım. O, 1992-ci ildə nəşr olundu və 1984-cü ilin fevralında Özbəkistan Yazıçılar birliyinin Gənc İstedadların 3-cü seminarından aldığım təəssüratlarımdan 1991-ci ilədək olan dövrdəki şeirlərimi daxil etmişəm. Ona əsaslanaraq, respublikamızda ən qaynar ədəbi mühitin formalaşdığı dövrlərdə “Guliston ”, “Yoshlik”, “Yosh kuch” jurnalları və “Özbəkistan ədəbiyyatı və sənəti” qəzetində çap olunan, ustadların təriflərinə layiq görülən şeirlərim toplanmışdır. Şeirləri seçərkən, Özbəkistan xalq şairi ustad Erkin Vahidovun tələbkarlığı və ölçülü baxışı gözümün önündən getmirdi. Hazırlıq prosesində daha zəif şeirləri çıxarmışdım. Ustad: “Bunu da kitabınıza daxil etdinizmi?!” desələr, utandığım zamanlar olub, düşünürəm ki, onun tələbkarlığı mənim səviyyəmi artırardı. Kitaba seminarın tələbi ilə mən oxuduqdan sonra “Bizim küçədə də bayram olarmış!” deyə alqışlara layiq görülən qəzəllərim də daxil edilmişdir. İlk nasir kitabım “Qaydasən, Çaros” qisamı isə “Söhbətdaş” qəzetinin baş redaktoru Azizbek Abdullayevin təklifi ilə beş ayda yazdım və bu müddət ərzində qəzetdə bir neçə dəfə çap olundu. Oxucuların tələbi ilə kitab şəklində çap etdirildi. Respublika kitab dükanlarında əlli min nüsxə satıldı. Təvazökarlıq etməyəcəyəm: qisə mənə uğur və şöhrət gətirdi!
—Kitab oxumaq və yazmaq arasındakı fərqi necə müəyyən edirsiniz?
—Kitab oxumaq – yazmağa hazırlıq, yazmaq isə hazırlıq prosesi zamanı yaranmış bacarığı nümayiş etdirmək deməkdir. Oxumağa ayrılan vaxt qədər yazmağa sərf olunan vaxt az deyil!
—Sizcə tənqid hansı rolu oynayır və ona necə yanaşırsınız?
—Yadımda qalır ki, “Tənqid – gələcəyin meyvəsidir!” deyə bir sözə əməl edirəm. Çap olunmuş qırxdan çox: beş cildlik esse, on cildlik romanlar, dörd cildlik hekayə və qıssalar və şeir kitablarımı yazıb bitirdikdən sonra tənqidçilərə oxumağa verib, onların fikirlərini alıram və tənqidi rəyləri ayrıca nəzərə alaraq kitabı yenidən işləyirəm, yeni fikirlərlə zənginləşdirirəm. Çünki əsərə başqalarının, xüsusən də tənqidçilərin gözü ilə baxmaq onun uğurlu çıxmasında böyük təsir göstərir. İndi – yaşı yetmişdən çox olan tanınmış bir yazıçı olmuşamsa da, kitablarımı nəşr etdirmədən əvvəl mütləq alimlərin nəzərindən keçirirəm. Yazıçı tənqidçini pis görməməli, onu pis və ya boş əsər yazmaqdan qoruyan açıq rəngli dost kimi qəbul etməlidir! Hətta qərəzli tənqiddən də əsərini yüksəltmək üçün istifadə etməlidir. Təəssüf ki, bu gün gənclərin əksəriyyətinə tənqidi düşüncələr ümumiyyətlə xoş gəlmir. Onlar hələ öz yollarını tapmadan, ciddi uğura çatmadan, istedadlarını müxtəlif sınaqlarla möhkəmləndirmədən, daha çox tərif eşitmək istəyirlər. Bu, ədəbiyyatımızı enişə aparır, yüksəltmir. Buna görə son dövrlərdə gənclərin şeirində ciddi yüksəlişlər, xalqın ürəyinə daxil olan yeniliklər az görünür.
—Ədəbiyyatın inkişafı və ya onun yüksəlməsi barədə sizi ən çox narahat edən nədir?
—Məni narahat edən şey, yaradıcı şəxslərdə fədakarlığın olmaması, başqalarını oxumamaq, ətrafındakı yaradıcılarla maraqlanmamaq, əməkdaşlığın aşağı səviyyədə olmasıdır. Bir çox tanınmış və qələm sahibi yaradıcılar da az oxuyur və ya tamamilə oxumurlar. Bu, müəllifin sıxılmasına, yeniliklərə biganə və laqeyd olmasına səbəb olur. Vilayətlərdəki ədəbi mühit məni qane etmir, hətta Tbilisinin böyük şəhərində belə yaradıcıyı qane edəcək qaynar ədəbi mühiti tapmaq çətindir. Niyə deyə sual yaranır. Yaradıcıların əksəriyyəti sahibkar deyil, yaşayış üçün əlləşir, öz yaradıcılığına az vaxt ayırırlar. Moda dadını yaxşılaşdırmaqda bacarıqsızdırlar… Onları dəstəkləməli olan yüksək təşkilatlar öz problemlərində başqa işi görmürlər. Bir məsələni daha vurğulamaq istəyirəm. Ədəbiyyatın inkişafı, şair və yazıçıların əməyi və taleyinə hökumətin diqqətsizliyi, faktiki olaraq başqa, dilində başqa siyasət aparılmasına gətirib çıxarır! Şair və yazıçılara verilən iki mükafat — Hamza və Nəvvai adına olan dövlət mükafatları ləğv edildi, Özbəkistan Yazıçılar Birliyinin hər il beş nəfər yazara verdiyi mükafat da dayandırıldı. Niyə? Axı mənəvi və ədəbiyyata xidmət edən yazıçılara təşviq lazım deyilmi?! Onlar nə üçün zəhmət çəkirlər? Xüsusən də yazıçılıq çox çətin işdir, öz zamanında qiymətləndirilməsə, yazıçı öz işindən soyuyar.
—Yazıçı olaraq ən böyük məqsədiniz nədir?
—Yazıçı olaraq ən böyük məqsədim, xalqımızın mədəniyyətini, sosial və maarif mədəniyyətini inkişaf etdirməkdir. Bir başqa önəmlisi, son dövrlərdə oxumaqdan uzaqlaşan xalqımı kitab oxumağa qaytarmaq, bədii zövqünü artırmaq, mənəviyyatını yüksəltmək, nitq mədəniyyətini formalaşdırmaqdır. Bir başqa vacib məqsədim, dünyaya yeni fikir, yeni ideya verməkdir! Bu vəzifələri yerinə yetirmək üçün daim axtarışlar və oxumaqla məşğulam.
—Müasir ədəbiyyatda daha çox məzmuna deyil, forma diqqət yetirilən əsərlər yazılması halları çoxalır, buna necə baxırsınız?
—Məncə, forma birincil deyil, əsas məsələ dünyada çoxları qorxuya salan, gələcəyə ümidini söndürməyə çalışan müharibə təhrikçiləri, xalqları bir-birinə qarşı qoymaqla silah alveri edərək müharibə alovunu gücləndirməyə çalışanlara qarşı maarif və mənəviyyatla ciddi mübarizə aparmaq lazımdır. Bunun üçün məzmunca güclü, ümumbəşəri ideyalarla suvarılmış, xalqlar arasında qarşılıqlı sülh və əmin-amanlığı möhkəmləndirən güclü əsər yaratmaq lazımdır.
—Həqiqi istedadı necə müəyyən edirsiniz? İstedadı tanımaqda cəmiyyətin rolu nədir?
—Məncə, bu çətin deyil. Onun həyatı görmə tərzi özünəməxsusdur, dünyanı başqalarından fərqli, dərin və başqalarının görə bilmədiyi tərəflərini görə bilir. O, öz sözləri ilə ədəbiyyata daxil olur. Yazdıqları başqalarından kəskin fərqlənir, hissləri və hadisələri ifadə edərkən öz üslubundan imtina etmir. Yaxşı və böyük əsərlər yaratmaqda çətinliklərdən qorxmaz, başqa sözlə, onun üçün yaradıcılıqdan başqa yol yoxdur və istedadsızlardan xeyli əvvəl bunu anlayır və bütün həyatını işinə həsr edir. Yaradıcılığı hər şeydən üstün tutar. Həqiqi istedad cəmiyyətin dərdini dərin hiss edirsə, onun dərdini müalicə etməyə çalışır, cəmiyyətlə həmrəy olur və cəmiyyət onu tanıyır. Cəmiyyət bir tərəf, istedad digər tərəf olarsa, o heç vaxt tanınmaz və oxunmaz!
—Dünya ədəbiyyatında hansı yeniliklər sizi heyrətləndirir? Yazıçılar üçün bu yeniliklər nə kimi dəyişikliklərə səbəb olacaq?
—Özbəkistanın ucqar kəndlərindən birində yaşasam da, dünya ədəbiyyatı ilə daim tanış olmaq imkanım var. İnternet imkanları mənə xeyli kömək edir. İndiki halda dünya ədəbiyyatında keçən əsrdəki şiddətli inkişaf və axtarışlar, oxucunu heyrətləndirəcək dərəcədə yaradıcılıqlar çox azdır. Avropa və Latın Amerikası ədəbiyyatı bir vaxtlar bizi təlaşa salmış və heyrətləndirmişdi. Əsərlər İngilis dilində nəşr olunduqda, rus dilinə tərcümə edilər, sonra tezliklə özbək dilində oxumaq imkanı əldə edərdik. İndi isə bu imkanlar dünya üzrə azalmışdır, bizim ölkədə də. Tərcüməçilərin çoxu türk ədəbiyyatına bağlıdır, onlar hətta seçim etmədən, öz maraqlarını düşünərək bəzi əsərləri tərcümə edirlər ki, onlar dünya ədəbiyyatı tələblərinə cavab vermir. Nəşriyyatlar isə keçən əsrdə tərcümə edilmiş və yüz minlərlə nüsxədə çap edilmiş əsərləri təkrar-təkrar nəşr etməklə məşğuldurlar! Bu yolla ədəbiyyat yeni inkişaf mərhələsinə keçə bilməz. Amma mən yuxarıdakı tənqidi fikirlərimdən asılı olmayaraq, ədəbiyyatın gələcəyinə inanıram. İnsanlar bir gün internetin nə məqsədlə yaradıldığını anlayacaq və oradakı saxta xəbərlərdən bezib, ədəbiyyata qayıdacaq, mənəviyyatlarını təmizləyəcək və zənginləşdirəcək olan ƏDƏBİYYAT onların ən yaxın dostu olacaq.
Söhbətləşdi: Cahangir NAMAZOV, Azərbaycan Jurnalistlar Birliyinin üzvü
Bəzən bir insanın sözləri milyon könlün sirdaşı, bir misrası min könlün aynası olar. Sanubər Mehman elə bir könül şairidir, ruhun şairəsidir. Onun yazdıqları könüllərə nur, ruha isə hüzur bəxş edir. S. Mehman təkcə duyğuların şairəsi deyil, həm də böyük istedad sahibi, tanınmış özbək şairəsidir. O, təkcə şeir- yazmır – o, düşüncəsi ilə danışır, könüllə toxunur… Onun poeziyasında Mövlana Cəlaləddin Rumi, Əhməd Yəsəvi, Fəridəddin Əttar kimi sufi mütəfəkkirlərinin izləri, ruhu, nəfəsi duyulur. Bu izləri təkrarlamır, bu izlərdə öz sözünü deyir – səmimi, ilahi və könüldən gələn bir dillə. Xüsusilə vurğulamaq lazımdır ki, S.Mehman 19-20 yaşlarından etibarən artıq özbək ədəbiyyatının nəhəng simaları – ədəbiyyatşünas, ədəbiyyat tənqidçisi Özbəkistan Qəhrəmanı, Ozod Şarofiddinov, filologiya elmləri doktoru Nəcməddin Komilov kimi ustadların diqqətini çəkmiş, onların dualarını almışdır. 20 yaşında yazdığı şeirlərə bu kimi ulu ədəbiyyat dayaqları sevgi və böyük etimadla ön sözlər, resenziyalar yazmışlar. Bu isə şairənin fövqəladə istedadının və poeziyasındakı ilahi nəfəsin, halın bariz sübutudur. S.M – öz xalqının ruhunu, millətinin mənəvi dərinliklərini və insanlığın əbədi suallarını könül aynasında əks etdirə bilən bir aşıqdır. Onun səsi bir dövrün səsi deyil, bir çağırışın, bir işığın, bir eşqin səsidir. O, Buxaranın qədim torpaqlarında, Çarzanə adlı bir kənddə doğulub, amma əsl doğuluşu – şeirə könül verdiyi gündür. O gündən etibarən, o artıq “adi bir qələm sahibi” deyil, Tanrının sözlə vəsilə etdiyi könül quşudur. Onun səsi artıq təkcə Buxaranın yox, Azərbaycandan tutmuş Keniya, Belçika, Hindistan, Almaniya, Amerikaya qədər könül coğrafiyalarında səslənir. Şairənin şeirlərində təkcə kəlmə yox, hal var, nəfəs var, Allaha qayıdış var.
Hər kəs öz işinə batır dünyada, Evi, gərdişinə batır dünyada. Könlünü dünyaya satır dünyada, Allahıma varıb, gəlsəm, olarmı? Qəlbimi suvarıb, gəlsəm, olarmı?”
Bu sual – əslində bir şeirin yox, bir ömrün səcdəsidir. Hər misra – bir zikr, hər misra – bir təvəkkül, bir müraciət, bir iç səsi. Bu sətirlərdə Xəyyamın fəlsəfəsi, Ruminin ehtizazı, Nəsiminin yanğısı, Şəms Təbrizinin səssiz harayı ilə yoğrulmuş bir qəlb dərgahıdır. Elə ona görədir ki, onun sözləri yalnız gözlə oxunmur, ürəklə duyulur, ruhla içilir.
Bu misralarda şairə öz varlığını maddi və mənəvi qatlarda sorğulayır. Gül yarpağındakı Haq xətti – yaradılışın təcəllisidir. O, bədənini torpağa əmanət edilmiş ruh kimi təqdim edir və bununla insanın müvəqqətiliyini, amma ilahi mənbəli mənliyini poetik dillə vurğulayır.
Bu bənzətmələr onun eşqi ilahi məna ilə dərk etdiyini göstərir. O, yalnız duyğu halında qalmır – eşqi fəlsəfi və mistik bir yol olaraq izah edir. Mövlanə və Şəmsin fəlsəfəsinə istinad etməsi poetikasına sufilik işığı qatır.
“Eşq ilə bəlanı nikahlandırdım, Aşıqsən – mübarək, Şəmsi Təbrizim!”
Bu misra isə şairənin eşqə fədakarlıqla boyun əyməsini, dərdi gözəlliklə qəbul etməsini bildirir. Onun üçün eşq – fəlakətin özü deyil, fəlakətin gözəlləşdiyi, ruhun saflaşdığı yoldur.
Bu sətirlərdə şairə qadın olaraq yalnız sevən deyil, həm də sevdirən, öz ətrinə bihuş edən, Leylinin nəfəsi kimi tənha, lakin sehrli bir varlıq kimi özünü təqdim edir. Buradakı metaforalar – qəbir, uçuş, bihuşluq – onu həm mistik, həm də ehtiraslı bir poetik obraz kimi önə çıxarır.
“Köhnə dəftərləri açmamaq olmur, Köhnə dəftərlərdə qalan dünya bu…”
Bu misralarda zamanın toz basmış səlnaməsi deyil, könüllərdə qalan təqvim var. Bu dünyanı eşqlə dolan, hicranla yoğrulan, övliya ruhu ilə oxşayan bir dünya kimi təqdim edir.
Onun üçün dünya – badədir, amma şərab yox – sevgidən dolmuş bir badədir. S. M yalnız bir qadın şair deyil – qəlbi Allahın nuruna yönəlmiş bir aşıqdır. O, özünü dünyaya satmayan könüllərdən danışır, hər kəsin öz işinə batdığı bir çağda könlünü Tanrıya aparan yollar axtarır:
“Məni sevdiyi gün ağıldan azdı, O bilici, səma – ağsaqqal səma.”
Sənubər xanım həm şeirin naxışkarı, həm könül dülgəri, həm də söz mücahididir.
“Mən meydan içində ürəyi tikdim – Və tikdim ən təzə duyğularımı.” – deyir.
Bu, sadəcə poeziya deyil, könül inqilabıdır. O bu dünyanın səthində yaşamır – o dərinliklərdə nəfəs alır, orada yazır, orada ağlayır, orada dua edir. Şeiri, təsəvvüf , Onun dili,zikr, Onun səsi, könül…
“Sənubər, halını aşiqlər bilər, Eşq üçün dünyadan köçən dünya bu…”
Bu misra ilə öz ruhunu oxşayan hər bir aşığın kimliyini xatırladır. Onunla bir cümlədə olmaq istəyirsən, çünki onun sözü sənə səssiz dua kimi toxunur, sən də onunla şeir oxumursan – könül ibadətinə durursan. Və nəhayət, o öz varlığını belə tərif edir:
“Sevməyəndən əvvəl Məcnun idim mən, Sevdiyimdən sonra oldum Sənubər.”
Bu misra onun həyat fəlsəfəsidir.
“Sənubər” – sevgidən doğan bir ad, eşqdən yoğrulan bir ömür, sözdə Tanrı axtar an bir könüldür. Nəticə olaraq, S. Mehman poeziyasında həm Qərb romantizmi, həm Şərq sufizmi, həm də qadına xas zəriflik və ilahi sevgi var. Onun misralarında hisslər yalnız duyulmur, həm də izah olunur. Sözlər isə ruhun səması ilə yerin torpağı arasında qurulmuş bir körpüdür. Ən dəyərli olan isə odur ki, bu poeziyada Allaha, eşqə, qadına və insanlığa olan saf bir dua var. S. Mehman — duaya çevrilmiş bir şeirdir. O, “Sözün Vətəni”ni qurub. O vətəndə yalnız könüllər yaşayır, yalnız Tanrını sevənlər, yalnız sevib göz yaşını zikr sayanlar… Və bu ruh sahibi – bizim zamanımızın aşiqlərinə Tanrıdan bir paydır. Əziz və dəyərli oxucular! Leylinəfəs bu şairənin şeirlərinə könül verin, onları sevgi ilə oxuyun, duyun və ən vacibi — səmimi bir qəlb ilə qiymətləndirin. Bu şeirlər öz dəyərini könüllərdə tapacaq.
Cahangir NAMAZOV, Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü. “Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Sənubər Mehman Buxara vilayətinin Candan rayonunun Çarzanə kəndində anadan olub. 2004-cü ildə Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin beynəlxalq jurnalistika fakültəsini bitirib. Özbəkistan Yazıçılar Birliyinin üzvüdür. Şeirləri respublika mətbuatında və Qırğızıstan, Azərbaycan, Türkiyə, Hindistan, Belçika, Keniya, Almaniya və Amerika kimi ölkələrdə dərc olunmuşdur. “Yaşıl ibadətlər”, “Xəyyamsayağı şadlıqlar”, “Eşq Gəlir”,“Sözün Vətəni” kitablarının müəllifi.
Köhnə dəftərləri açmamaq olmur, Köhnə dəftərlərdə qalan dünya bu. Təkcə badə kimi hicranla dolmur, Sevgidən badəsi dolan dünya bu.
Mahnılar oxudum eşqin tarında, Özünü övliya bilən bu dünya. Məşrəbə çevrilib Bəlxin darında – İmandan asılıb, ölən bu dünya.
Ey yar, əllərini əllərimə ver, Ayrılıq – köksümü dələn dünya bu. Gündüzü həsrətdə, gecə yaz şeir, Dünyanı unudan, bölən dünya bu.
Həsrət, get, sinəmə sığmazsan ancaq, Fəqət eşq neyini çalan dünya bu. Əzizim, sevgilim, gözlərimə bax, Sənə tələsməkdə dolan dünya bu!
Sənubər, halını aşiqlər bilər, Eşq üçün dünyadan köçən dünya bu, Hələ sübh kimi xoş mahnılar ilə Vüsal şərbətini içən dünya bu!
GÖZLƏRINƏ ÇÖKÜB ÖLSƏM, OLARMI?
Hər kəs öz işinə batır dünyada, Evi, gərdişinə batır dünyada. Könlünü dünyaya satır dünyada, Allahıma varıb, gəlsəm, olarmı? Qəlbimi suvarıb, gəlsəm, olarmı?
Bir məqam istərəm, məqamdan artıq, Bir aram istərəm, aramdan artıq. Bircə an könlünü et pay, qonaqlıq, Mən onu haylayıb gəlsəm, olarmı? Allaha dayayıb gəlsəm, olarmı?
Səhərlər açılar göyün qapısı, Qafillər yatmaqda qəflət yuxusu. Dəyməyin, qoy yerdə qalsın hamısı, Göylərə baş çəkib gəlsəm, olarmı? Sonra yer şərhini bölsəm, olarmı?
Sənubər, ağaclar gecə ay əmər, Gecə aləm evə məyus çəkilər. Gecə qüssə qəlbi bəxtinə gömər, Mən gülə çevrilib qalsam, olarmı? Könülə çevrilib qalsam, olarmı?
Deyib, demədiyim etirazım var, Çalıb, çalmadığım ürək sazım var. Sənə etmədiyim sonsuz nazım var, Sinəni aç, ora dolsam, olarmı? Gözlərinə çöküb ölsəm, olarmı?
Qamış ağlar neyəm deyə, Üzüm ağlar meyəm deyə. Allahımdan bir saniyə Üzülməz anım var mənim.
Gül sevilib həşəm oldu, Bir damcı su körpəm oldu. Sevdim, nəsibim qəm oldu, Ölməyən canım var mənim!
Gedək, söyləyim zaram mən, “Can”ımda olan “dar”am mən. Yuxundan da kənaram mən, Demək, imanım var mənim.
Dünyaya bax, necə gendir, Gözünə ruhumu endir. Gəl uçaq, qəfəsi sındır, Qanadım, şanım var mənim.
Bu cür ömür – xırda əzab, Xəyyamın min illik şərab. Günəş ağlar, gətirməz tab, Susmayan qanım var mənim!
Başı yaxşı vurdun daşa, Nə çarə var, axan yaşa? Sevməyimdi gələn xoşa, Başqa nə şanım var mənim?
Sənə gəldim, – səni deyə, Dünya vəsli, -günü deyə. Görüb də sev, -məni deyə, Eşqdə xoş anım var mənim.
Sevib, daha qəmgin oldu, Çeşmi-giryanım var nəim. Eşq qaynayan qanımdadır, Ölməyən canım var mənim!
Başdan nəqqaşları çox sevən bədən, Fitrətim zər olsa, qismətim zərgər. Sevməyəndən əvvəl Məcnun idim mən, Sevdiyimdən sonra oldum Sənubər.
Vallah, şövqündəyəm, şövqünəm bu an, Ölü könülə də can bəxş edərəm can. Məni sevdiyi gün ağıldan azdı, O bilici , səma — ağsaqqal səma…
Mən onun ruhundən tökülən əhəng. Səpildim köz rəngli yarpaqlarıma. Sabaha özümdən əskik yaşasam – Asın, verin məni torpaqlarıma!!!
Dayaq verməliyəm yeni ruhuma, Kiminsə köhnəlmiş duyğularını. Vaxt gəldi, səsləmək fürsəti yetdi – Şeir adlı dəyər qayğılarını!!!
Mən meydan içində ürəyi tikdim – Və tikdim ən təzə duyğularımı. Ehtiraslar məğlub etməsin deyə, Ağlayıb atdım mən gülüş varımı.
Gecələr səsləndi, qəlb kövrək, əsər, Onun canındamı, sevgi, qədim iz? Bir gün bu həyatdan getsəm mən əgər, Məndən də qalarmı bircə yeni söz?
Fəna, nəqqaşları çox sevən bədən, Fitrətim zər olsa, qismətim zərgər. Sevməyəndən əvvəl Məcnun idim mən, Sevdiyimdən sonra oldum Sənubər.
Hüzura gəlmədən, getməyim heç – “sağ”, Təkliyə vermədən “sol” istiqamət. Qəlbimə eşq saldın, bu qədər batmaq – Tanrım, göylərində bu necə söhbət?!
Özümə gəlməmiş, gələr bir qayğı, Yenə bir qəm onu edər bartərəf. Öldürüb qoymazmı bu qədər sevgi – Tanrım, pünhanında bu necə söhbət?!
Səndən başqasına gərək deyiləm, Əllərim duada hər səhər, ya Rəbb! Eyvah söyləyirəm, ürəkdən, eyvah – Yerdə, asimanda bu necə söhbət?!
Fələkdən qar yağar, ürəkdən hüzün, Sözü açıq desəm, titrəyər dodaq. Bir hicran vermisən, uzundan uzan, Bir bax, zindanında bu necə söhbət?!
Yar dedim, nalələr çıxdılar üzə, Dost dedim, nadanlar durdular səf-səf. Dost da öz dostuna belə edərmi – Tanrım, məkanında bu necə söhbət?!
Qulsan! – möhür vurdun, itaət etdim, Gül dedin, fəxr etdim, açılıb getdim. Neynək, yad bağlarda yanılıb getdim- İşlək bağbanında bu necə söhbət?!
Tozlandım, barından məhəbbət içəm, Dəryaların var ki, daşarsan əlbət. Sənubər quşunam, uçmağım gəlsə – Tanrım, göylərində – bu necə söhbət?!
Mən kiməm: Gülün yarpağına Haqdan düşən xətt, Torpağa əmanət canam, bədənəm. Min illik aşiqlər etməmiş diqqət, Eşq deyə yaranmış ən surli fənnəm.
Mən kiməm: Səmanın yerə əkdiyi, Əhli-eşqə töhfə, günəşiyəm mən. Züleyxanın Yusif dərdi çəkdiyi, Sevgiyə çevrilən göz yaşıyam mən.
Mən kiməm: Mövlanə Ruminin içdə naləsi Şəmsi Təbrizinin fəryadıyam mən. Anamın ən sadə, müdrik balası, Yaradanın gözəl icadıyam mən.
Mən kiməm: Qönçələr eşq deyə, buraxdığı iz, Allah dediyində sədasıyam mən. Min illik bir qəlbin önündə aciz, İşıqlar, həsrətlər ədasıyam mən.
Mən kiməm: Məcnunun göylərdə ahı, Leylinin alınmaz qisasıyam mən. Həzrəti Əyyubun ibadət çağı, Allaha edilən duasıyam mən.
O dua üzündən dünyaya gələn – Dünyanın səmimi duasıyam mən. Bir anda min dəfə daşıb tökülən, Bir könlün ən məsum dəryasıyam mən.
Ey fələk, əlindan dad çəkməyim yox, Hər nə göstərmisən, şeydasıyam mən. Qismətlə, əzəldən gül ilə bitən – “Sənubər” adlanan inşasıyam mən.
Baxışlar, pıçıltı – qədim vaxt dindi, Ey mənim bəlakeş, ağlayan gözüm. Bizim bu sevdamız mübarək indi, Aşiqsən – mübarək, Şəmsi Təbrizim!
Dünyanı alovlar içinə aldıq, Nə ağlımız qaldı, nə ani sezim. Aləmə çarəsiz qovgalar saldıq, Məşuqsan – mübarək, Şəmsi Təbrizim!
Kimlərdən qlımayıb qədim dəlilik, Bunca güvənirsən göylərə, gözüm. Mübarək bu halın, adın üstəlik, Aşıqsən – mübarək, Şəmsi Təbrizim!
Bizdən qalasıdır dünyaya ələm, Allahım, bizimçün ver ona dözüm. Diz çök qarşımızda, ey müqəddəs qəm, Aşiqsən – mübarək, Şəmsi Təbrizim!
Qanıma susadı ah, bu ayrılıq, Gəlirsən, indi gəl, ey qan əzizim. O qədər gözəlsən, ey gözəl varlıq, Məşuqsan – mübarək, Şəmsi Təbrizim!
Hal ilə sevdanı bir adlandırdım, Dəlimdir başıma çıxan o kəsim. Eşq ilə bəlanı nikahlandırdım, Aşiqsən – mübarək, Şəmsi Təbrizim!
Xülasə Mən hara gedim, ürək İşarə etməyəndə? Dağla torpaq, gillə su, Köz bərə etməyəndə.
Xar olardımmı bunca, Zar olardımmı bunca? Mənə bircə yol baxıb Qəlb parə etməyəndə.