Etiket arxivi: YANG GEUM-HEE

Cahangir NAMAZOV təqdim edir

YANG GEUM-HEE
Şair Yang Geum-Hee 1967-ci ildə Cejuda (Koreya) anadan olmuşdur. O, dörd şeir toplusu nəşr etdirib və ədəbiyyata verdiyi töhfələrinə görə səkkiz ədəbiyyat mükafatına layiq görülmüşdür. Onun əsərləri arasında “Quşların yuvaları” (ingilis və koreya dillərində) və esse toplusu “Səyahətdə xoşbəxt yoldaş” yer alır. Dünya ədəbiyyatına verdiyi geniş töhfələrinə görə, 2025-ci ilin martında Mərakeş Krallığında Kreativlik və İnsanlıq üzrə Beynəlxalq Forum tərəfindən fəxri doktor seçilmişdir. Yang Geum-Hee Cejunin “Xəbərlər” jurnalının Baş redaktoru olmuş, Cejunun Dəniz Qrant Mərkəzində tədqiqatçı kimi çalışmış, Cejunun Beynəlxalq Universitetində xüsusi təyin olunmuş professor və Koreya Dünya Ədəbiyyatı Assosiasiyasının ikinci Prezidenti olmuşdur. Hazırda o, Samda Ilbo qəzetində jurnalist olaraq çalışır. Cejunun PEN təşkilatının prezidenti və Koreya Sülh Əməkdaşlığının vitse-prezidentidir. Onun şeirləri bir sıra dillərə tərcümə olunmuş və ABŞ, Çin, Yaponiya, Almaniya, Rusiya, İtaliya, İspaniya, İngiltərə, Tayvan, Nepal, Misir, Yunanıstan, Pakistan, Vyetnam, Albaniya, Banqladeş, Kosovo, Tacikistan, Belçika və digər ölkələrdə təqdim edilmişdir.

QUŞLARIN YUVALARI

Quşlar yuvalarını
özləri üçün deyil,
balaları üçün qururlar.
Çalarlarda və ya ağac oyuqlarında yuva düzəldib
bir-biriləri ilə istilik paylaşırlar.

Bu güclə,
onlar küləyə çevrilir,
onlar buluda çevrilir,
səmaya yol açırlar.

Yüksək uçmaq taleyini bildikləri üçün,
quşlar yuvalarını qalmaq üçün inşa etmirlər.

YAZ BAĞI

Yaz bağına gecə enəndə,
zümrüd xalçanın üzərində otururam,
çəyirtkələr od alovuna bənzər sıçrayırlar,
qurdlar kölgə kimi dağılıb qaçırlar.

Bu dünyanı özümün sandım,
hündür divarlarla əhatə olunmuşdu,
amma nə vaxtı saxlamaq,
nə də üzən buludları həbs etmək olar;
bu, insana aid olmayan bir sahədir.

Günəşli gündüzdə,
kəpənəklər havada rəngli məktublar göndərir,
quşlar qanadlarının altında həyat daşıyır,
gedir, qayıdır,
həqiqi vətənlərinə şahidlik edirlər.

İnsanın ucaltdığı heç bir divar
azadlıq qanadlarını dayandıra bilməz.
Burada, çiçəklər və ağaclar hökmdardır,
günəş və külək doğma sahiblər.
Biz isə sadəcə qonağıq,
qısa müddətli yolçular,
təbiətin vaizliyini dinləmək üçün.

Tərcümə və təqdimat: Cahangir NAMAZOV,
“Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.