Etiket arxivi: Yazarlar 57

Azərbaycan pedaqoji fikir tarixində yeni mənbə kimi “Üzeyir Hacıbəyli Seçilmiş pedaqoji əsərləri” kitabının elmi-nəzəri dəyəri

Azərbaycan pedaqoji fikir tarixində yeni mənbə kimi “Üzeyir Hacıbəyli Seçilmiş pedaqoji əsərləri” kitabının elmi-nəzəri dəyəri

          Azərbaycan klassik musiqisinin banisi hesab olunan Üzeyir bəy Hacıbəyli həm də pedaqoji sahədə göstərdiyi mühüm xidmətləri ilə də müasir milli təhsilimizin əsasını qoymuş qabaqcıl maarifçi ziyalılarımızdandır.

           Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətlər göstərmiş bu dahi şəxsiyyət ölkəmizdə müasir musiqi təhsilinin də təməlini qoymuşdur.

Azərbaycan mədəniyyətinin və ictimai fikir tarixinin parlaq simalarından biri olan Üzeyir Hacıbəyli XX əsrin əvvəllərində yalnız milli musiqi sənətində deyil, eyni zamanda maarifçilik və pedaqoji fikir sahəsində də dərin iz qoymuş şəxsiyyətlərdəndir. Publisistik məqalələri, satirik yazıları və maarifçilik yönümlü çıxışları göstərir ki, o,  təhsili yalnız fərdi inkişaf vasitəsi kimi deyil, həm də cəmiyyətin tərəqqisinin əsas şərti kimi qəbul edirdi. Buna görə də, 2025-ci ildə işıq üzü görən “Üzeyir Hacıbəyli. Seçilmiş pedaqoji əsərləri” adlı kitabın nəşri, milli pedaqoji irsin öyrənilməsi baxımından son dərəcə  mühüm elmi və ictimai hadisədir. Kitabın hazırlanması peşəkar elmi yanaşma ilə həyata keçirilmişdir.

           Nəşrin elmi redaktoru və əsas tərtibçisi pedaqogika elmləri doktoru, professor Akif Nurağa oğlu Abbasov, digər tərtibçiləri isə pedaqogika üzrə fəlsəfə doktorları İradə ƏmirəliyevaLalə Məmmədlidir.

           Kitabın incələnməsi göstərir ki, əsərlərin sistemləşdirilməsi ciddi elmi prinsiplər əsasında aparılmış və müəllifin pedaqoji baxışlarının bütöv mənzərəsini təqdim etmək məqsədi güdülmüşdür. “Seçilmiş pedaqoji əsərlər” kitabında Üzeyir Hacıbəylinin müxtəlif illərdə qələmə aldığı məqalələr, satirik hekayələr və publisistik yazılar toplanmışdır. Burada diqqəti cəlb edən əsas məqam ondadır ki, müəllifin pedaqoji görüşləri müxtəlif janrlarda ifadə olunmasına baxmayaraq, onlar vahid maarifçilik konsepsiyasına xidmət edir. Mənbə bazası kimi 1985-ci ildə “Yazıçı” nəşriyyatında və 2005-ci ildə “Şərq-Qərb” nəşriyyatında çap olunmuş toplular əsas götürülmüşdür. Lakin yeni nəşr həmin materialların içindən yalnız pedaqoji məzmun daşıyanları seçərək ayrıca təqdim etmişdir. Bununla da Hacıbəylinin pedaqoji irsi ilk dəfə sistemli və məqsədyönlü şəkildə bir araya gətirilmişdir.

          Struktur baxımından kitab məzmun etibarilə üç əsas istiqaməti əhatə edir. Birinci istiqamət maarifçilik və təhsil məsələlərinə həsr olunmuşdur ki, burada təhsil siyasəti, məktəbin rolu, müəllim nüfuzu və xalqın tərəqqisi üçün maarifin vacibliyi geniş şəkildə işıqlandırılır. İkinci istiqamət tərbiyə və əxlaq mövzularına həsr edilmiş, gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması, vətənpərvərlik və əxlaqi saflaşma ideyaları qabardılmışdır. Üçüncü istiqamət isə bədii-satirik yanaşmalardan ibarətdir və burada müəllifin hekayələrində və publisistik yazılarında cəmiyyətin naqisliklərinin tənqidi, savadsızlıq və cəhalətə qarşı mübarizə ideyaları öz əksini tapmışdır.

            Üzeyir Hacıbəylinin pedaqoji baxışları yalnız nəzəri fikir olaraq deyil, həm də praktik mahiyyət kəsb edir. Onun fikirlərini ümumiləşdirərək bir neçə istiqamətdə şərh etmək mümkündür. Əvvəla, Hacıbəyli savadsızlığı cəmiyyətin ən böyük bəlası hesab edir və xalqın tərəqqisinin yeganə yolunu maarifin geniş yayılmasında görürdü. O, maarifçiliyi sadəcə elm öyrənmək prosesi kimi deyil, həm də ictimai şüurun dəyişdirilməsi vasitəsi kimi təqdim edirdi. Bu ideyalar dövrün digər böyük maarifçiləri ilə səsləşir, lakin Üzeyir Hacıbəylinin fərqi ondadır ki, o, maarifi həm də milli mədəniyyətin inkişafı ilə bilavasitə əlaqələndirirdi. Digər tərəfdən, onun əsərlərində gənc nəslin əxlaqi keyfiyyətlərinin formalaşdırılması xüsusi yer tutur. Vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik, insanpərvərlik və məsuliyyət anlayışları pedaqoji sistemin ayrılmaz tərkib hissəsi kimi göstərilir. Bu yanaşma həm klassik Şərq pedaqoji ənənələri ilə bağlıdır, həm də müasir dövr üçün aktualdır.

          Eyni zamanda, Üzeyir Hacıbəyli müəllimi cəmiyyətin mənəvi dayağı, ictimai inkişafın əsas hərəkətverici qüvvəsi hesab edirdi. O, müəllimin yalnız bilik ötürən deyil, həm də şəxsiyyət formalaşdıran bir fiqur olduğunu vurğulayırdı. Bu baxış müasir pedaqoji nəzəriyyələrlə səsləşərək, müəllimin sosial missiyasını daha geniş müstəvidə təqdim edir.

            Bütün bunlarla yanaşı, Üzeyir Hacıbəylinin pedaqoji ideyaları yalnız məktəb və müəllimlə məhdudlaşmır. Belə ki o, təhsili ümumi mədəni tərəqqinin əsası kimi dəyərləndirirdi. Onun satirik hekayələrində və publisistik yazılarında savadsızlığın və cəhalətin tənqidi göstərir ki, pedaqoji proses ictimai həyatın bütün sahələri ilə bağlıdır.

          Bu kitab tədqiqatçılar, doktorantlar və magistrantlar üçün mühüm elmi mənbədir. Onun əhəmiyyəti bir neçə istiqamətdə özünü göstərir. Sözügedən kitab tarixi mənbə kimi XX əsrin əvvəllərində Azərbaycan təhsil tarixinin və maarifçilik hərəkatının öyrənilməsi üçün zəngin material təqdim edir. Bundan əlavə, toplu pedaqoji nəzəriyyələrin inkişafını öyrənmək üçün nəzəri baza funksiyasını yerinə yetirir və metodoloji baxımdan müasir pedaqoji tədqiqatlarda milli-mədəni kontekstdə istinad mənbəyi rolunu oynaya bilir.

          Üzeyir Hacıbəylinin pedaqoji ideyalarını dövrün digər maarifçiləri ilə müqayisə etdikdə, bəzi oxşar və fərqli cəhətlər üzə çıxır. Məsələn, Mirzə Fətəli Axundzadə və Cəlil Məmmədquluzadə də maarifi tərəqqinin əsası hesab etmişdilər. Lakin Üzeyir Hacıbəyli bu ideyanı musiqi və mədəniyyət vasitəsilə dəstəkləmiş, pedaqoji fikri bədii yaradıcılıqla birləşdirərək, yeni sintez yaratmışdır. Bu, onun pedaqoji irsinin unikallığını təmin edir.

“Üzeyir Hacıbəyli. Seçilmiş pedaqoji əsərlər” kitabı bir neçə mühüm xüsusiyyəti ilə seçilir. Əsərin elmi yeniliyi ondadır ki, Hacıbəylinin pedaqoji irsi ilk dəfə ayrıca toplu şəklində sistemləşdirilmişdir. Digər tərəfdən, nəşr milli pedaqoji tarixdə mühüm boşluğu doldurur və bu mənada böyük əhəmiyyət daşıyır. Bundan başqa, əsərlərdəki ideyalar bu gün də təhsil islahatları və pedaqoji nəzəriyyələr üçün praktik əhəmiyyət kəsb edir. Kitab eyni zamanda elmi işlərdə etibarlı istinad mənbəyi rolunu oynayaraq pedaqoji nəzəriyyələrin inkişafına xidmət edir.

          Bu əsər, Üzeyir Hacıbəyli yaradıcılığının pedaqoji tərəfini sistemli şəkildə təqdim etməklə, müasir təhsil nəzəriyyəsi və praktikası üçün mühüm elmi mənbə hesab oluna bilər. Müəllifin pedaqoji düşüncələri, təhsil və tərbiyə proseslərinin idarə olunması, müəllim və şagird münasibətlərinin təşkili sahəsində konkret konseptual yanaşmalar təqdim edir. Kitabın redaktə və tərtibat prosesi əsərin elmi səviyyəsini artırır, həmçinin oxucuya təhlil edilən materialları istifadəyə hazırlayır. Kitabın tərtibatçılarının sistemli işləri, materialların mənbələrlə uyğunluğunu və təhlil imkanlarını artırır, elmi əsaslandırma və məlumatların dəqiqliyini təmin edir.

          Kitab, həmçinin pedaqoji fikir tarixinin öyrənilməsi və müasir təhsil metodlarının formalaşdırılması baxımından qiymətli elmi töhfədir.   Müəllifin pedaqoji prinsipləri, tərbiyə və tədris strategiyaları, eləcə də müəllim və şagirdlər arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi sahəsində təcrübə və nəzəri bilikləri əhatə edir. Bu yanaşma əsərin yalnız akademik dairələrdə deyil, həm də təhsil praktikasında tətbiqinə imkan yaradır.

          Ümumilikdə, “Üzeyir Hacıbəyli . Seçilmiş pedaqoji əsərlər” oxucuya geniş elmi kontekst təqdim etməklə, pedaqoji nəzəriyyənin inkişafına töhfə verir, müəllim və tədqiqatçılar üçün istifadə edilə biləcək metodik resurs rolunu oynayır. Kitabın strukturu, redaktə prosesi və təqdim etdiyi konseptual yanaşmalar əsərin elmi dəyərini artırır və onu müasir təhsil sahəsində etibarlı mənbə kimi qiymətləndirməyə imkan yaradır.

          Nəticə olaraq, bu nəşr Üzeyir Hacıbəylinin çoxşaxəli irsinin mühüm bir hissəsini – pedaqoji görüşlərini müasir oxucuya təqdim edir. O, həm milli-mədəni dəyərlərin qorunmasına, həm də pedaqoji elmin inkişafına xidmət edən dəyərli elmi-bədii topludur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 3 fevral 2025-ci il tarixli sərəncamı ilə Üzeyir Hacıbəylinin 140-illik yubileyinin böyük təmtəraqla keçirilməsi üçün genişmiqyaslı tədbirlər planı hazırlanmasını və icrasını təmin etmişdir; bu plan çərçivəsində Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi ilə birgə müxtəlif elmi, mədəni və musiqi tədbirlərin təşkili tapşırılmışdır. Prezidentin bu təşəbbüsü həm Azərbaycanda, həm də xaricdə keçirilən musiqi konsertləri və təbliğat kampaniyaları vasitəsilə Üzeyir Hacıbəyli irsinin beynəlxalq səviyyədə qiymətləndirilməsinə və geniş ictimaiyyətə çatdırılmasına mühüm stimul vermişdir. Bu tədbirlər Azərbaycanın mədəni diplomatiyasına töhfə verərək, Üzeyir Hacıbəylinin milli musiqi və pedaqoji irsinin yaşadılmasına və növbəti nəsillərə ötürülməsinə xidmət etmişdir. Bu kontekstdə “Üzeyir Hacıbəyli. Seçilmiş pedaqoji əsərləri” kitabının nəşri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ildə bəstəkarın 140 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq sərəncamın ideya-məzmun istiqamətinə uyğun mühüm elmi və mədəni töhfə kimi dəyərləndirilə bilər. Belə ki, nəşr yalnız yubiley tədbirlərinin elmi məzmununu zənginləşdirmir, həm də Üzeyir Hacıbəylinin pedaqoji irsini sistemləşdirərək, milli-mədəni yaddaşın qorunmasına xidmət edir.

Düşünürəm ki, bu kitab yubiley tədbirlərinin tərkib hissəsi olaraq dövlətin mədəniyyət və təhsil siyasətinə nəzəri dəstək verib və Üzeyir Hacıbəylinin irsinin gələcək nəsillərə çatdırılmasında strateji əhəmiyyət kəsb edəcək.

Bu dəyərli kitabın tərtibçilərini (Akif Abbasov, İradə Əmirəliyeva, Lalə Məmmədli) Azərbaycan elminin inkişafına verdiyi növbəti töhfə ilə təbrik edirəm! Əziz dostum, qələm yoldaşım, əməkdar müəllim, professor Akif Abbasov başda olmaqla, kitabın meydana gəlməsində əməyi olan pedaqogika üzrə fəlsəfə doktorları İradə Əmirəliyeva və Lalə Məmmədliyə  elmi fəaliyyətlərində yeni yaradıcılıq uğurları arzulayıram.

Hümeyir Hüseyn oğlu Əhmədov,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun

Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri,

pedaqogika  elmləri doktoru, professor,

Qazaxıstan Pedaqoji Elmlər Akademiyasının xarici üzvü,

Rusiya Təhsil Akademiyasının xarici üzvü,

Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü,

RTA-nın Əməkdar elm və təhsil xadimi

Maria Teresa Liuzzo

TARIXIN XƏYALLARI

Biz bilirik ki, sükut nə sözlərin manipulyatorudur, nə də işgənəçi. O, hörmət oyadan ağrıya bənzəyir; biləyimizin çayı, damarlarımızın dənizi kimidir. O, bizi müşahidə edən və bizə saf enerji qaytaran dosta oxşayır; sümüklərə işləyən pası yumşaldan bir yağlayıcıdır, kölgəyə çevrilənədək. Çox vaxt detektiv rolunu oynayır: “kukla”nın ipini toplayır, zamanı yükləyir və peşmanlıqları ilə birlikdə geri qaytarır, rejissorun əfsanəvi səhnəni çəkdiyi kimi onu dəyişdirir.
Yazıçı, əzab, ağrı və gözlənti ilə söz arasında həqiqi bir bağ yaranır, əgər işıq sehrli fənər kimi çıxış edirsə və onun intensivliyini tutub şeirə, nəqlə, fabula və şah əsərə çevirirsə. Qaranlıq qanımızın çırpınmasını hiss edir və bizi nigarançılıqdan uzaqlaşdırır; o, daxili vaxtımız, xarizmatik bir varlıq olur.
Şübhənin sübhü qapını döyür; ən dərin çapıq cazibədar bir varlığa çevrilir; göy üzü bədənimizi və düşüncəmizin düyünlərini çılpaq göstərən bir ekranın işığını daşıyır. O gizli profilimiz, uzun müddət – hətta ictimai və mədəni mühitdə də – taxdığı “maskadan” nəhayət azad olur.

“İskelet”, hadisələrin vəhşiliyinə baxmayaraq, yavaş-yavaş yenidən çiçəkləməyə başlayır; sanki yabanı küləkdən döyülmüş, baltayla budaqları kəsilmiş ağacın qol-budaqları kimi. Söz bir ikonaya çevrilir, oxucularının qarşısına zərifliklə çıxır; onun baxışı aydındır, şəxsi izi, təbii istedadı vardır: incə texnika, qafiyələrin zərifliyi, həyatın ağırlığı, illər boyu şöhrətin zərbəsinə dözmək məcburiyyəti, həm də paxıllığın soyuqluğu.
Zaman keçdikcə insan anlayır ki, yanlış ata bel bağlayıb, amma yenə də mübarizə aparmaq, məğlubiyyətdən sonra rinqdə ayağa qalxmağı bacarmaq lazımdır. Heç vaxt duyğularımızın etimadını satmamaq, “ölü” və keçici hüceyrələrdən qurtulmaq. Uzun illər boyu çəkilmiş pislikləri “tabuta” möhürləmək – zəriflik və təmkinlə.
Zaman hər zaman düşmən deyil; o, sabahımızdır, bu günümüz və keçmişimizdir, həm də bir ata kimidir – əgər şeirə olan heyranlıq öz kimliyimizi yaratmaq istəyilə qarışırsa.
Xəyal – yaradıcılığın rəng palitrasıdır; zamanla sevinclə sevilən bir tabloya çevrilir. O, sözdən qabaq doğulur və ona həyat verir. Onu qarşımıza alanda yeni hekayələrin qapısı açılır, sanki pəncərəni küləyə açıb otağı işıqla doldurmaq kimi.
Xəyalın özü də qaranlıqdan qorxmur, əksinə, qaranlığın sinəsini yararaq ona nəfəs olur. O, bizə unudulmuş səsləri xatırladır: babamızın yorğun barmaqlarıyla tar çalmasını, bir ananın dizində yatarkən eşidilən ninni səsini, uşaqlıqda küləyə qarşı qoyulmuş çığırtımızı.
Hər bir xəyal, sükutun qaranlıq bədənində doğulmuş işıqdır. O işıq sözə toxunduqda, şeir olur; musiqiyə qarışanda, ahəngə çevrilir; daşın üstündə dayananda, abidəyə dönür.
Amma ən dərin xəyallar çox vaxt qovulmuş qaçqın kimidir: bizdən uzaqlaşmaq istəsə də, içimizdə gizlənərək yaşamağa davam edir. Onlar gündüzün işığında görünməsə də, gecənin ən tənha çağında birdən qarşımıza çıxır, bizi öz güzgümüzə baxmağa məcbur edir.
Yazıçı üçün isə bu xəyallar – həm dost, həm də düşməndir. Dostdurlar, çünki bizə yazmaq üçün qanad verirlər; düşməndirlər, çünki gecələrimizi oğurlayır, qəlbimizi parçalayır, bizdən həmişə daha çox səmimiyyət tələb edirlər.
Tarix – sadəcə daş kitabələrdə oyulmuş yazı deyil, o həm də insan ruhunun əbədi xəyallarında yaşayır.
Bir millətin xatirəsi, əslində, onun gördüyü və qoruduğu yuxulardan ibarətdir.
Əgər xəyal olmasaydı, qədim şəhərlərin qapıları yenidən açıla bilməzdi; şairlər öz səslərini gələcəyə əmanət edə bilməzdilər.
Xəyal – zamanın dərinliyində gizlənmiş bir körpüdür: dünənlə sabahı birləşdirən, bizi özümüzə qaytaran gizli yol.
O, bəzən susar, amma heç vaxt ölməz.
Bir uşaq təbəssümündə, bir qoca baxışında, bir qadının dualarında yenidən boy göstərir.
Elə bil, hər bir xəyal – tarixin öz qəlbindən bizə ötürdüyü səssiz məktubdur.
Biz oxuduqca, o məktubun sözləri genişlənir:
bir gün şeirə çevrilir,
başqa gün musiqiyə,
və bir gün gələcək nəsillərin yaddaşına hopur.
Beləcə, tarix – keçmişin daş yaddaşı deyil yalnız;
tarix – insan xəyalının heç vaxt sönməyən alovudur.

Maria Teresa Liuzzo,
italyan şairəsi, yazıçı, jurnalist, tərcüməçi və nəşriyyatçı, “P. Benintende” Lirik-Drama Assosiasiyasının Prezidenti, “LE MUSE” ədəbi jurnalının baş redaktoru

Tərcümə və təqdimat: Cahangir NAMAZOV,
“Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Dahi bəstəkar ana dilimizin də himayədarı idi

Üzeyir bəy Hacıbəyli – 140

Zaman-zaman Azərbaycanın dahi şəxsiyyətləri, böyük söz, sənət xadimlərimiz müqəddəs ana dilimizin qorunması yolunda böyük işlər görüb, mübarizə aparıblar. Belə şəxsiyyətlərdən biri də dünya şöhrətli dahi bəstəkar, mahir publisist, dramaturq, pedaqoq, alim, akademik, ictimai xadim, xeyirxah insan Üzeyir Hacıbəylidir.

Üzeyir bəy bütün həyatı boyu ana dili məsələlərinə xüsusi diqqət yetirmiş, yorulmadan mübarizə aparmış və silsilə məqalələr yazmışdır. Böyük dühanın əqidəsincə, bir millətin varlığının əsas amili onun dilidir. Ona görə də bütün xalq və ilk növbədə də ziyalılar, alimlər doğma dilini qorumağı bacarmalı, inkişafına nail olmalı, onu yad ünsürlərdən hifz etməlidirlər.

Böyük ziyalı öz məqalələrində dəfələrlə ana dilimizin saflığı məsələsinə, bu dilin yad sözlərdən təmizlənməsinə, sırf Azərbaycan türkcəsi olmasına çalışıb. Bu xüsusda onun “Bir xanım əfəndinin bizlərə hüsni – təvəccöhi” məqaləsi maraqlıdır. 20 yaşlı mühərrir bu məqaləni 1905-ci il 10 sentyabr tarixli “Həyat” qəzetinin 62-ci sayında “Üzeyir” imzası ilə dərc etdirib. Burada gənc jurnalist “Peterburqskiye vedemosti” qəzetində Maqda Neyman adlı bir yazarın ana dilimiz əleyhinə böhtanına öz nifrətini bildirib, ona kəskin cavab verib.

Növbəti ildə ana dilinin tədrisi zərurətini irəli sürən Üzeyir bəy Hacıbəyli bir-birinin ardınca 3 məqalə yazıb. Bu məqalələr “Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik” sərlövhəsi altında “İrşad” qəzetinin 1906-cı il 15, 16, və 20 fevral tarixli saylarında “Üzeyir bəy Hacıbəyov” imzası ilə dərc edilib. Həmin yazılarında Üzeyir bəy ana dilini bilməyənləri istehza ilə “zavallı” adlandırır və bu qisim insanlara ana dilini öyrənmək üçün yollar göstərib. Və bir daha xüsusi olaraq vurğulayıb ki, “…Avropa dillərinə vaqif olan zat, öz dilini də mükəmməl surətdə bilsə, hər bir cəhətdən millətə artıq nəf gətirər”.

Təbii ki, Üzeyir bəy heç vaxt çox dil bilməyin əleyhinə olmayıb. Lakin öz doğma dilini bilməyib ərəb, fars, rus, ingilis, fransız dillərində “bülbül kimi ötənlərə” istehza ilə gülüb, buna qarşı barışmaz olub. Böyük sənətkar özü Azərbaycan dilini, təhsil aldığı rus dilini bütün incəlikləri ilə bilməklə yanaşı, bir neçə dilə – ərəb, fars, türk, tatar, gürcü, ləzgi, fransız dillərinə də bələd olub, bu dillərdə sərbəst danışıb. Ona görə də dil məsələsinə tez-tez müraciət edib, Azərbaycan türkcəsini mükəmməl öyrənmək üçün xalqına faydalı məsləhətlər verib.

Üzeyir bəy özünün “Üsuli-təbii” (Müəllim Əli cənablarına müxtəsər cavab) yazısında qeyd edirdi: “Qafqazda türk dilini mükəmməl bilənlərdən Əli bəy Hüseynzadə cənabları dəfələrlə qəti surətdə elan etmişdir ki, türk dilində “hansı ki”, “hansılar ki” sözü yoxdur. Mən də deyirəm ki, bu sözü tərcümə üsulu ilə dərs verən müəllimlər rusun “kotorıy” kəlməsini tərcümə etmək üçün özlərindən çıxardıblar, onun istemalı lüzumsuz bir ağırlıqdır”.

Qəribədir ki, qeyd etdiyimiz bu fikirlərin üstündən bir əsrdən çox zaman keçməsinə baxmayaraq, bu gün də həmin ifadələr işlənir. “Belə deyək” kəlməsi də o qəbildən olan bir ifadədir. Belə çıxır ki, söz sərrafları olan ustadlarımızın bizim üçün örnək ola biləcək fikirlərini qulaqardına vurmuşuq.

Üzeyir bəy Hacıbəyli “Tərəqqi”, “Həqiqət” və “İqbal” qəzetlərindəki məqalələrində bu məsələlərdən geniş bəhs edib. Məsələn, “Dilimizi korlayanlar” məqaləsində dili xətalı axundla artisti bərabər qoyaraq yazırdı:

“Axund belə danışır : –Zamani ki, mən burada əklətmişəm, hərgah bir şəxs ki, onun zahiri və batini mənə məlum olmayan surətdə qapıdan daxil olub içəri girdi və mənə salam verdi, hansı ki, mənə aiddir və yainki, aid dögül, onda yəqinlik hasil etmək xaric əz məkandır, mənə fərzdir ki, mən onun salamının cavabında deyəm ki, əleykəssalam!

Axund belə demək istəyir ki, tanımadığın bir adam sənə salam versə, salam almaq sənə borcdur. Amma farsdan tərcümə eləyir, dilimizin sərf-nəhvini bilmir, ona görə də mətləb dolaşıq düşür…

Artistlər də bizim dilimizi bu sayaq korlayırlar: “Bu gün Tağıyevin teatrında oynanılacaqdır suznaq bir faciə “ Gaveyi – ahəngər ”. Fasilələrdə çalacaq tarzən və oxuyacaq xanəndə, filanın rolunu oynayacaq məşhur filan artist”…

Uşaq bazara gedib qoz alır və evə qayıdıb anasına deyir ki, “Ana, bazardan qoz aldım”. Amma artist bazardan qoz alıb qayıtsa, anasına belə deyər: “– Ana , bazardan aldım qoz”. Teatrlar üçün yazılan elanları savadlı bir adama həvalə etsəydilər, çox əcəb olardı”.

Üzeyir bəy Hacıbəyli fəaliyyəti boyu dilimizin təmizliyi, səlistliyi, sadəliyi, yad sözlərdən qorunması yolunda mübarizə aparmış, müxtəlif üsullardan istifadə edərək onu xalqa çatdırmışdır. Böyük mütəfəkkir yazırdı: “Dilimizin firəng dili Yevropada olan kimi, bütün Qafqazda ümumi bir dil olduğunu, məsələn, bir ləzgi ilə bir erməninin və ya bir malakan ilə bir aysorun bir-biri ilə türk – Azərbaycan dili ilə danışmağa məcbur olduğunu (Yevropaya və müttəfiq dövlətlərə ) isbat etməliyik. (“Azərbaycan” qəzeti, 1 dekabr 1918-ci il).

Böyük ziyalı olan Üzeyir bəy 1920-ci ildə “Azərbaycan” qəzetində “Çı” imzası ilə dərc etdirdiyi “Zurna” adlı felyetonunda ana dili məsələsinə belə toxunurdu: “Anama dedim ki, gəl səni aparım parlamana. Dedi: Parlaman nədir? Dedim: Parlaman, yəni məclisi-məbusan. Dedi: Məclisi-məbusan nədir? Dedim: O bir məclisdir ki, orada məmləkətimiz üçün qanunlar düzəldirlər və ondan başqa hər nə böyük və kiçik qulluqçularımız var, hamısının əməllərinə baxırlar. Dedi: Ona bizdə divanxana deyirlər. Dedim: Sən deyən olsun, getdik və arvadlara məxsus olan lojalardan tamaşaya başladıq”.

Dialoq bu qaydada xeyli davam edir və suallarının cavabından heç nə anlamayan ana eşitdiyi qəliz söz və ifadələrin öz doğma dilində sadə və daha anlaşıqlı qarşılığını misal gətirir. Müəllif sonda yazır: “Gördüm ki, anam çox bilicidir, dedim, ay ana, kaş ki, sən mənimlə bütün idarələrimizin hamısını gəzib, hər kəsə özünə görə ad qoyaydın və bizə ana dili öyrədə idin…”

Üzeyir bəy öz bədii əsərlərində – istər “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarında, istər operalarına yazdığı librettolarda, istərsə də publisistik yazılarında ana dilimizin bütün qanunlarına riayət etmiş, onun gözəlliyini, zərifliyini qoruyub saxlamış, hətta bəzi kəlmələrlə, məsələn “Heç hənanın yeridir!”, “Tarixi-Nadiri yarıya qədər oxumuşam”, “O olmasın, bu olsun”, “Bir nəfər molla, üç manat pul, bir kəllə qənd”, “Pulun var, gələrəm”, “Bəs mənim bir abbasım?”, “Əşi, siz gəlini gətirəndə bir baxmadınız görək, bu kişidir, yoxsa arvaddır?”, “Mən dul, sən dul” və sair bu kimi zərb-məsələ dönmüş ifadələrlə dilimizi zənginləşdirib.

1977-ci ildə Almaniyada yaşayan Cənubi Azərbaycandan olan soydaşımız Eldost tərəfindən Üzeyir bəy Hacıbəylinin həyat və fəaliyyətindən bəhs edən kitab işıq üzü görüb. Orada Eldost yazır ki, “Məşədi İbad” əsəri Azərbaycan dilinin şirin, mənalı, gözəl ifadələri və məsəlləri məcmuəsidir. Bu ifadələr bir tərəfdən dilimizin zəngin, mükəmməl bir dil, o biri tərəfdən isə Üzeyir Hacıbəylinin xalq dilinə bağlı və yüksək qələm sahibi olmasını nümayiş etdirir.

Ümumiyyətlə, böyük sənətkarımız, eyni zamanda, Azərbaycan dilinin sərrafı olan qüdrətli bir dilçi idi. Sankt-Peterburq İncəsənət Tarixi İnstitutunun professoru Yevgeni Braudo Üzeyir bəy Hacıbəylini “xalq musiqisinin böyük dilçisi” adlandırıb.

Üzeyir bəy həm də ədəbiyyatımızın azman dilçisi idi. Ana dilimizi müqəddəs bilərək onun keşiyində ayıq-sayıq dururdu. Dilimizlə bağlı bütün yazıları oxuyurdu. Ona xələl gətirə biləcək mətləblərin qarşısını vaxtında alırdı.

Bu barədə akademik Məmməd Arif Dadaşzadənin dediklərindən: “Bir dəfə S. Rəhimovun dilini tənqid etmişdim. Məqalə çıxandan sonra mənə dedilər ki, Üzeyir bəy səni axtarır, ona zəng elə. Mən bir qədər təşvişə düşdüm. Görəsən, Üzeyir bəy məni nə üçün axtarır? – deyə düşündüm. Zəng vurdum, dedi ki, Arif, bir mənim yanıma gələrsən. Getdim, içəri girəndə gördüm ki, mənim məqaləm onun stolunun üstündədir. S.Rəhimovun dilindən gətirdiyim sözlərin altından qırmızı qələmlə xətt çəkmişdi. Salamlaşdıq, oturdum. Dedi ki, məqalən pis deyil, xoşuma gəldi. Amma S. Rəhimovun dilindən gətirdiyin sözlərlə səninlə razılaşmaq çətindir. Əgər sən Bakıda və onun ətraf kəndlərində az işlənən, lakin rayonların bir çoxu üçün xarakterik olan bu sözlərin əleyhinə gedirsənsə, bununla da ədəbi dilimizi yoxsullaşdırmırsanmı? Bəs az işlənən və işlənilməyən bu sözləri yazıçılarımız bədii əsərlərdə işlətməsələr, necə olar? Mən razılaşdım və səhvimi başa düşdüm” (Ələkbər Məmmədov, “Nur karvanı” kitabı, Bakı – 2003, səh. 138).

Bəzən Üzeyir bəy Hacıbəylinin həyat fəlsəfəsi insanı yaxşı mənada heyrətləndirir. 63 il yaşamış bir şəxs bu qədər işin öhdəsindən necə gəlmişdir? –deyə düşünürsən. Və belə qənaətə gəlirsən ki, doğrudan da, onda peyğəmbər qüdrəti varmış. Əks halda adi insan onların öhdəsindən gələ bilməzdi. Dahi insan dahiyanə işlər görmüş, məşğul olduğu bütün sahələrə olduğu kimi, dilçilik elmimizə də öz əvəzsiz töhfələrini vermişdir.

Səadət QARABAĞLI,
üzeyirşünas

ƏDƏBİYYAT – SÜLHÜN VƏ DOSTLUĞUN KÖRPÜSÜ

ƏDƏBİYYAT – SÜLHÜN VƏ DOSTLUĞUN KÖRPÜSÜ

Tarix boyu xalqlar arasında anlayış, qarşılıqlı hörmət və mehribanlıq yaradacaq ən böyük körpülərdən biri ədəbiyyat olmuşdur. Ədəbiyyat millət, dil, din tanımaz — o, insanın ruhuna toxunar, onu saf duyğulara, mərhəmətə, sevgiyə səsləyər. Şairlər və yazıçılar sülhün carçıları, xeyirxahlığın təbliğatçılarıdır. Onlar qələmləri ilə nifrət divarlarını dağıdar, könüllər arasında görünməz, amma möhkəm körpülər qururlar.
Ədəbiyyat və incəsənət insanları bir araya gətirən, onları bir-birinə yaxınlaşdıran ən güclü vasitələrdən biridir. Dünya böyük bir evdir — bu evdə hər bir millət bir otaq kimidir. Otaqlar arasında isti münasibət, qapıların açıq qalması, divarlar arxasında sükunət deyil, harmoniya eşidilməsi — bəşəriyyətin ən böyük arzularındandır. Sülh, dostluq və millətlərarası anlayış bu evin bünövrəsini möhkəmləndirən sütunlardır.
Bu sütunları möhkəmləndirən ən mühüm qüvvələrdən biri məhz ədəbiyyat və sənətdir. Çünki sözün dili millət tanımaz, melodiyanın səsi sərhəd bilməz. Ədəbiyyat — insan qəlbinin ən saf, ən incə duyğularını ifadə edən ümumbəşəri bir dildir. O, xalqları bir-birinə yaxınlaşdırar, ürəklər arasında körpü salar. Şair və yazıçılar isə bu körpülərin memarlarıdır — onlar qələmləri ilə sülhün, dostluğun, ümidin və sevginin rənglərini çəkirlər.
Bu mənada Koreya ədəbiyyatının dəyərli nümayəndələrindən biri olan Yoo Dong Ae xanımın yaradıcılığı xüsusi ehtiramla qeyd olunmalıdır. Onun şeirlərində təbiətin saf nəfəsi, insan duyğularının dərinliyi, həyatın fəlsəfi çalarları birləşir. Şairənin sətirlərindəki sadəlik və səmimiyyət oxucunu düşünməyə, hiss etməyə, sevgini qorumağa çağırır.
Əziz oxucular, Yoo Dong Ae xanımın şeirlərini oxuyun — onun xalis bədii zövqünü, səmimiyyətini, poetik nəfəsini özünüz kəşf edin və ədalətli qiyməti də özünüz verin:

Yoo Dong Ae

Yoo Dong Ae — şair, Namhae (Gyeongnam vilayəti) doğumludur. O, Jinju Qızlar Liseyini, Jinju Milli Müəllimlər Kollecini və Hansung Universitetinin Koreya Dili və Ədəbiyyatı fakültəsini bitirmişdir. Uzun illər ibtidai məktəbdə müəllim kimi çalışmış, sonra təqaüdə çıxmışdır.
Onun ədəbi debütü 1992-ci ildə Munyesajo jurnalının poeziya bölməsində olmuşdur. Hal-hazırda Koreya Dünya Ədəbiyyatı Assosiasiyasının vitse-prezidenti vəzifəsini icra edir. Bundan əvvəl Qangdong Ədəbiyyat Assosiasiyasının ilk baş katibi, həmçinin Quryə Ədəbiyyat Assosiasiyasının prezidenti olmuşdur.
Şairin “İçimdə Açan Çiçəklərlə” (2017, Cənubi Jeonnam Mədəniyyət Fondunun Ədəbiyyat Yaradıcı Qrantı ilə) və “Sınmış Porşelen Üzərində Günəş İşığı” (2019, həmçinin Jeonnam Mədəniyyət Fondunun dəstəyi ilə) adlı şeir topluları nəşr olunub. O, həmçinin Dənizin Su Yuxuları adlı poeziya antologiyasına da töhfə vermişdir.

VƏTƏN YELI

O gün də külək əsirdi.
Yenə də yovşan sakit-sakit boy göstərirdi,
Və yabanı qızılgüllər,
öz təbiətinə sadiq qalaraq,
torpağı yarıb
çiçəkləyirdi.
Bir vaxt tanıdığım külək,
uşaqlığımın yeli —
onu yenidən
doğma yurdumda gördüm.
O külək mənə incə-incə gələrdi,
hər dəfə tək başına
yolun sonunda dayananda,
dağların sakitliyində.
Yumru bir sükutla, yüngül bir əks-səda ilə
daş divarların yanından əyilər,
hasarın üstünə qonar,
budaqların arasından keçər,
ağac başlarını oxşayar
və səpələnmiş adaları
qucağına toplayardı.
Şayiə
Qərb səmasında toplanan buludlar
ərimiş şüşədən qızılı parçalar kimi idi.
Pəncərələr alov içindəydi,
hər tərəfə qığılcım saçılacaq kimi görünürdü.
Göz yetdiyi qədər,
uzaqlarda sonsuz bir alov dənizi uzanırdı.
Hətta hava belə yanırdı,
qırmızı kölgələrə bürünmüşdü.
Hər şey
alovun qızğın məstliyi ilə sarhoş idi.
Mən isə rəngini itirmiş,
solğun, boz bir parça idim.

Tərcümə və təqdimat: Cahangir NAMAZOV,
“Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

Dr. Kang Byeong-Cheol

Dr. Kang Byeong-Cheol

Dr. Kang Byeong-Cheol – koreyalı şair, tərcüməçi və Siyasi elmlər üzrə fəlsəfə doktorudur. O, 1964-cü ildə Cənubi Koreyanın Jeju şəhərində anadan olub. Yaradıcılığa 1993-cü ildə başlayıb və iyirmi doqquz yaşında ilk qısa hekayəsi “Shuba Mahnısı”nı nəşr etdirib. 2005-ci ildə qısa hekayələr toplusu çap olunub. Ədəbiyyat sahəsində səkkiz mükafat qazanıb və 20-dən çox kitab nəşr etdirib. 2009–2014-cü illərdə PEN International-ın “Yazıçılar Məhbusda” Komitəsinin (WiPC) üzvü olub. O, həmçinin Koreya Dünya Ədəbiyyatı Assosiasiyasının təsisçi prezidenti və Jeju şəhərindəki JeminIlbo qəzetində redaksiya yazarı kimi fəaliyyət göstərib. Hazırda o, Koreya Sülh və Əməkdaşlıq İnstitutunun və Jeju PEN-in vitse-prezidentidir.

QAR QƏLƏBƏ EDƏN AĞCAQACLAR MEŞƏSİ

Dünyanı dolaşdıqdan sonra,
indi Polşadakı ağcaqovaqlar meşəsində
qar dənələrini seyr edirəm.

Hər ruh evindən uzaqlaşanda,
bir zaman yaşadığı torpağı darıxar,
geridə qalan vəhşi çiçəklərin qoxusunu hiss edər,
sevimli səsin gülüşünü xatırlayar.

Mən isə yalnız Jeju günəşi üçün darıxıram.
Günəşdən daha qiymətli heç bir hədiyyə yoxdur.
Jeju payızının günəşi heyrətamiz gözəldir.
Heç vaxt bilməzsən
mən günəş işığını nə qədər sevirəm…

Boz səmanın altında dayanıb,
Polşadakı ağcaqovaqlar meşəsində
qar yağışını izləyərək,
bu ilahi və gözəl meşədə,
günəşin istiliyini arzulayıram.

Qar dənələri səssizcə düşür.
Qarla örtülmüş ağcaqovaqların üstünə yığılır.
Həsrət sakitcə ürəyimdə yerləşir.

AYIN ŞƏKİLİ

Ay bütöv doğulur,
sonra yarım olur,
barmaq ucu kimi incə bir xırda hilala çevrilir,
və sonra yenidən dolğunluğunu bərpa edir.

Həyatdakı bütün şeylər belədir.
Biri dolu ayın altında coşqunu içir,
digəri isə eyni işıq altında
sonsuz tənhalığı udur.

Ay hissizmiş kimi işıq saçır,
amma insan ürəyi, dayanmadan titrəyərək,
ayı həqiqi halında görə bilmir.

Ayın şəklindən danışdığın anda,
ürəyinin ən dərin qatları açılır.

Bir göldə əks olunan ay,
dalğalar oynayanda titrəyirsə,
ürəyimdək ay da
ruhumun dalğaları ilə bir daha titrəyir.

Tərcümə və təqdimat: Cahangir NAMAZOV,
“Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

Elisa MASCIA yazır

AZƏRBAYCAN–İTALİYA ARASINDA POEZİYA KÖRPÜLƏRİ

Bu gün dünyada məsafələr ünsiyyət vasitələri ilə aradan qalxır və illər öncə ağla gəlməyən üfüqlərə doğru yeni əlaqələr üçün texnologiyanın sürətlə irəliləməsi sayəsində bu gün reallığa çevrilmiş, ölkələr arasında bir-birimizə daha yaxın hiss etməyimizə səbəb olan bir gerçəklik mövcuddur.
Mən bu Kainatda, bu Planetdə yaşamağı və münasibətlər qurmağı çox yüksək qiymətləndirirəm. Halbuki, gün keçdikcə ekoloji fəlakətlərdən və mədəni, ictimai, mənəvi idealları, layihələri, insanlığın ləyaqətli həyat tərzi üçün ehtiyac duyduğu hər şeyi sarsıdan müharibələrdən daha çox əziyyət çəkirik. Bununla belə, dünyanın bütün ölkələrində açıq-aydın hiss olunan narahatlıqlara rəğmən, mən bütün şeylərin, hətta gizlində qalanlarının da müsbət tərəfini görməyi və onları üzə çıxarmağı sevən birisi kimi bu gözəllikləri mümkün qədər çox insana çatdırmağı özümə borc bilirəm və inamla yaradıcılığın hər bir gözəlliyini təbliğ edirəm.
Mən şair, yazıçı, müxtəlif milli və beynəlxalq jurnallarda məqalələrin müəllifi olaraq, həm də poeziya və ədəbiyyat mədəniyyətinin görkəmli simalarının, eləcə də dünya miqyasında yeni istedadların tanıdılması ilə məşğul oluram. Başqalarının təbliğinə yönəlmiş bu fəaliyyətim həyatımın həqiqi mənası və böyük məmnunluq mənbəyidir. Baxmayaraq ki, bu, iqtisadi cəhətdən gəlir gətirmir, mənim şəxsi, mədəni və sosial inkişafım üçün gündəlik zənginlikdir, həm də dünyadakı müxtəlif ölkələrin mədəni fərqlərini dərk etməyə, ümumi köklərdən başlayaraq qədim ədəbi-fəlsəfi irsdən bəhrələnib hər bir xalqın öz siyasi, sosial və mənəvi gerçəkliklərinə uyğun inkişaf etdirilən fərqləri daha dərindən anlamağa imkan verir.
Mən anladım ki, məsafələrə baxmayaraq, insanların mədəni maraqları – poeziya, roman, incəsənət – sərhədləri aradan qaldırır, ünsiyyət körpüləri salır və bizi birlikdə müqayisə edib daha da təkmilləşməyə aparır.
Qısa bir müqəddimə kimi qeyd etmək istəyirəm ki, mənim qlobal mədəni təcrübəm məni məqalələrimi bölüşməyə və dərc etməyə gətirib çıxardı. Bu yazılar arasında, könüllü mədəni əməkdaşlığımız çərçivəsində, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, istedadlı şair, tərcüməçi-jurnalist Cahangir Namazov ilə birgə hazırladıqlarımız da var. Bizim əməkdaşlığımız bir çox görkəmli poeziya və ədəbiyyat nümayəndələrini, xüsusilə də ölkələrimiz – İtaliya və Azərbaycanın şair və ədiblərini əhatə etdi.
Onun yerli poeziya mütəxəssisləri ilə apardığı müsahibələrini oxuyarkən mən anlayıram ki, xalqının milli tarixini yaradan şair və yazıçılara dərin bağlılıq və dini ehtiram hissi mövcuddur və onlar bu gün də süni intellekt əsrinin ortasında ədəbiyyat tədqiqatlarını davam etdirmək üçün mübarizə aparırlar.
Eyni zamanda qeyd etmək istəyirəm ki, məhz Cahangir Namazovun təşəbbüsü və ədəbi əməkdaşlığı nəticəsində mənim yaradıcılıq nümunələrim Azərbaycan mətbuatında işıq üzü görmüşdür. Bundan başqa, onun ondan artıq tanınmış Azərbaycan şair və yazıçıları ilə apardığı ədəbi söhbətlərini italyan dilinə tərcümə edərək, İtaliyada Azərbaycan ədəbiyyatını az da olsa tanıtmağa çalışıram. Mən inanıram ki, ədəbi dostluqlarımız davamlı olacaq. Azərbaycanla dostluq və ədəbi əlaqələrimizi daha da möhkəmləndirmək üçün gələcəkdə Azərbaycan və İtaliya antologiyasını çap etdirmək niyyətim də var.
Mənim dəvətim odur ki, çağdaş Azərbaycan mədəniyyətinin görkəmli simalarına ünvanlanmış suallar vasitəsilə irəli sürülən mədəni mövzuları oxuyub dərindən araşdırasınız. Çünki bu mövzular çox zəngin mesajlarla doludur, poeziya və ədəbiyyat vasitəsilə düşünmək və böyümək üçün həqiqi bir qida rolunu oynayır. Bu, insanın öz-özü ilə və başqaları ilə yaxşı münasibətdə olması üçün çox vacibdir, xüsusən də bu günlərdə fərdi və sosial təcrid meyillərinin artdığı bir zamanda.
Mənim Azərbaycanla olan dostluğum və ədəbi bağlarım sadəcə bir əməkdaşlıqdan ibarət deyil, həm də ürəyimdə dərin bir sevgi, hörmət və səmimiyyət daşıyır. Mən bu mədəni körpülərin gələcəkdə daha da möhkəmlənəcəyinə qəlbən inanıram.

Elisa MARCİA,
şair, jurnalist, tərcüməçi və ədəbiyyatşünas

Tərcümə: Zaur USTAC

şair, publisist, yazıçı, tərcüməçi

YENİ NƏŞR – ÜZEYİR HACIBƏYLİNİN “SEÇİLMİŞ PEDAQOJİ ƏSƏRLƏRİ” ADLI KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

YENİ NƏŞR

ÜZEYİR HACIBƏYLİNİN “SEÇİLMİŞ PEDAQOJİ ƏSƏRLƏRİ” ADLI KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

          “Mütərcim” nəşriyyatı Üzeyir Hacıbəylinin “ Seçilmiş pedaqoji əsərləri”ini nəşr etmişdir.Üzeyir Hacıbəylinin pedaqoji əsəırləri ilk dəfə olaraq ayrıca kitab halında işıq üzü görür. “Seçilmiş pedaqoji əsərlər”də dahi bəstəkarın məktəb, təhsil, tərbiyə, təlim, təhsilin idarə olunması və müəl­lim şəxsiyyətinə aid fikirləri öz əksini tapmışdır. Mənbə kimi 1985-ci ildə “Yazıçı” nəşriyyatında çap olunmuş “Üzeyir Hacıbəyov. “Seçilmiş əsər­lər”i, 2005-ci ildə Şərq-Qərb nəşriyyatında işıq üzü görmüş “Üzeyir Hacı­bəyli. Seçilmiş əsərlər”i iki cildliyinin 2-ci cildinin materialları əsas götürülmüşdür.

Materialların bir qismi Üzeyir Hacıbəylinin məqalələri, bir qismi felyetonları,  satirik hekayələri, səhnəcikləridir.

      Tədqiqatçılar materiallardan istifadə edərkən mənbə kimi ya bu kitabı və onun səhifələrini göstərə, yaxud dahi bəstəkarın 1985 və 2005-ci il nəşrlərinə əsaslana   bilərlər.

      “Seçilmiş pedaqoji əsərlər”in  hazırlanmasının təşəbbüskarı, ön sözün müəllifi və elmi redaktoru  pedaqogika elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi Akif Nurağa oğlu Abbasovdur.

Tərtib edənlər:

Akif Nurağa oğlu Abbasov,

pedaqogika elmləri doktoru, professor,

İradə Böyükağa qızı Əmirəliyeva,

pedaqogika üzrə fəlsəfə doktoru,

Lalə Akif qızı Məmmədli,

pedaqogika üzrə fəlsəfə doktoru

Bu kitab Üzeyir Hacıbəyli sevərlər, müəllimlər, gənc tədqiqatçılar,  doktorantlar, magistrant və magistlər üçün nəzərdə tutulmuşdur.

ÜZEYİR HACIBƏYLİ YARADICILIĞINDA TƏHSİL, TƏLİM VƏ TƏRBİYƏ MƏSƏLƏLƏRİNİN QOYULUŞU

ÜZEYİR HACIBƏYLİ – 140

ÜZEYİR HACIBƏYLİ YARADICILIĞINDA TƏHSİL, TƏLİM VƏ TƏRBİYƏ MƏSƏLƏLƏRİNİN QOYULUŞU

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 03 fevral 2025-ci il tarixdə görkəmli bəstəkar, ictimai xadim, yazıçı, dramaturq, mütərcim, jurnalist Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir”.

Hələ 23 yaşında ikən Üzeyir bəyin “Leyli və Məcnun” operası tamaşaya qoyulmuşdu. Həmin operadan sonra o, qısa müddətdə 5 opera və 3 operetta yazmışdır. Üzeyir Hacıbəylinin yaradıcılığı bununla məhdudlaşmır. O, çoxsaylı mahnıların, satirik hekayələrin, məqalələrin, səhnəciklərini, felyetonların müəllifidir. “Yeni iqbal” və “Azərbaycan” qəzetlərinin redaktoru, SSRİ xalq artisti, Azərbaycan Konservatoriyasının rektoru, Azərbaycan Bəstəkarlar İttifaqına sədri olmuşdu, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü idi.

Xalq yazıçısı Mirzə İbrahimov Üzeyir Hacıbəylinin həyat və fəaliyyətindən söz açarkən yazırdı ki, o, “Azərbaycan mədəniyyətinin tarixində böyük bəstəkar, opera sənətinin banisi və klassik yaradıcı kimi tanınmışdır. Azərbaycan, rus, dünya klassik ədəbiyyatı və incəsənətinin mütərəqqi ənənələrini dərindən qavramış, doğma xalqının mədəniyyətini yüksəltmək eşqi ilə yaşayıb-yaratmış, ömrünün təqribən 45 ilini bu işə vermiş və Azərbaycan musiqisini inkişaf etdirmək, onu yeni keyfiyyətlərlə zənginləşdirmək üçün böyük qeyrət və zəhmət sərf etmişdir. Onun arasıkəsilməz ilhamlı əməyinin son dərəcə gözəl səmərəsi bizə məlumdur. Ancaq öz sənətini hədsiz məhəbbətlə sevən, onun xalq üçün böyük əhəmiyyətini başa düşə bir adam bu qədər gərgin və belə tükənməz ilhamla çalışa bilərdi”.

Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli Allah-taalanın nəinki Azərbaycan, həmçinin dünya mədəniyyət tarixinə bəxş etdiyi böyük və qiymətli, son dərəcə dəyərli töhfədir. Bu dahi sənətkar Şərqdə, ümumilikdə isə, İslam dünyasında ilk operanın müəllifi idi. Özü də bu operanı 23 yaşında yaratmışdı. Üzeyir Hacıbəyli bəstəkar olmaqdan qabaq təcrübəli, qabaqcıl müəllim idi. 1904-cü ildə Cəbrayıl qəzasında müəllim işləmişdi (1904). Müəllimlik fəaliyyətinə başlayarkən Qori Müəllimlər Seminariyasında təhsil alaraq (1890-1904) müəllimlik peşəsinə yiyələnmişdi. O zamanlar Müslüm Maqomayev də burada təhsil alırdı. Gələcəyin dahi bəstəkarları seminariyada tanış olmuşdular. İlk təhsil illəri isə, Şuşanın ikiillik rus-türk məktəbində keçmişdir.

Üzeyir Hacıbəyli indi ən mötəbər və möhtəşəm məclislərdə əzəmətlə səslənən Azərbaycan Respublikasının dövlət himnini bəstələmişdir. Həmin himn 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə meydana gəlmişdi.

Azərbaycanın görkəmli bəstəkarları Asəf Zeynallı, Səir Rüstəmov, Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Şəfiqə Axundova, Cahangir Cahangirov və b. Üzeyir bəyin tələbələri olmuşlar.

Üzeyir Hacıbəyli Ağcabədidə doğulsa da sonralar Şuşada yaşamı, 1905-ci ildən Bakıda əmək fəaliyyətini davam etdirmişdir.

Bəstəkarın fəaliyyəti çoxcəhətlidir. Biz onu müəllim, yazıçı, dramaturq, drijor, jurnalist, fövqəladə istedada malik musiqişünas, publisist, ictimai xadim, alim, dərsliklər müəllifi kimi tanıyırıq. Professor, akademik idi, Azərbaycan Dövlət Konservatoriyasının (hazırda Bakı Musiqi Akademiyası), respublika Bəstəkarlar İttifaqının sədri, deputat olmuşdu.

Üzeyir Hacıbəyli “Leyli və Məcnun”, “Koroğlu”, “Əsli və Kərəm”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşid banu”, “Harun və Leyla” operalarının; “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad” musiqili komediyaların; çoxsaylı felyetonların və hekayələrin müəllifidir.

“Leyli və Məcnun”, “Koroğlu”, “Əsli və Kərəm” operaları, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları bir əsrdən artıqdır ki, dəfələrlə səhnə həyatı yaşamışdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının motivləri əsasında bədii filmlər çəkilmişdir.

Musiqili komediyaları ilə yanaşı satirik hekayələri də (Bazar söhbəti”, Təhsil”, Söhbət”, “Keçmişdə və indi”, “Müəllimə”, Dinmə, ver pulu” və s. ) maraqla oxunur.

Ədibin çoxsaylı səhnəcikləri də vardır. Onlardan bəzilərini diqqət mərkəzinə gətirək: “Ordan-burdan”, “Qalmaqal”, “Ata və oğul”, “Yuxuda”, “Dumanın halı”, Kələkbazlar”, İran işləri” və s.

Üzeyir Hacıbəyli yaradıcılığıson dərəcə zəngindir. Çox müxtəlif elm sahələri (psixologiya, pedaqogika, fəlsəfə, filologiya və s.)üzrə onun yaradıcılığına müraciət etmək olar.

Bu kitabda bəstəkarın yaradıcılığını təhsilalanlarda müsbət mənəvi keyfiyyətlərin inkişaf edirilməsinin baxımdan nəzərdən keçirməyi qarşımıza məqsəd qoymuşuq.

Dahi Üzeyir hər bir insanın şəxsiyyət statusu almasından ötrü onun davranışı və rəftarına bir çox mühüm tələblər verirdi. Bütün bunları onun əsərlərindən görmək mümkündür. Üzeyir bəy yaradıcı insan olmaqla yanaşı bir şəxsiyyət kimi kamil idi. Ən yaxşı mənəvi keyfiyyətləri özündə cəmləşdirmişdi. Məhz nəcib sifətlərə, müsbət mənəvi keyfiyyətlərə, nümunəvi davranış və rəftara yiyələnmiş, şəxsiyyətlərarası münasibətləri düzgün quran insanların başqalarına öyüd-nəsihət verməyə ixtiyarı var. Bu baxımdan Üzeyir bəy nümunə idi. Bir insan, bir tərbiyəçi, bir yaradıcı şəxs kimi.

Üzeyir bəyin yaradıcılığından görünür ki, o, vəzifə sahiblərinin, o cümlədən çiynində rütbə gəzdirən şəxslərin insanları incitməsini, onların rüşvətxorluğunu pisləyirdi. “Pristav ağa” hekayəsində İran sərbazına simsarlıq edən bir strajnikin özbaşınalığı, rəhmsizliyi tənqid edilir. Hekayədə bu strajnik M… kəndinə gələrək köməksiz bəzi kənd camaatını, ağsaqqalı, qarasaqqalı, təqsiri, günahı olmadan, şallağa tutması təsvir olunur. Bu strajnik əxlaqca, mənəviyyatca nə qədər yoxsul, kasıbdır ki, döyüb təhqir etdiyi həmin ağsaqqalın evində, qonaq üçün hazırladığı yatağında gecələyir, axşam da ailənin xanımının bişirdiyi yeməkdən yeyir. Buna yemək yox, zəhərlənmək deyərlər.

Üzeyir bəy pristavın gəlişini xəbər vermək üçün “cibində siçanlar oynayan” strajnikin kənddən cibi dolu qayıtdığını, kənd əhlini çalıb-çapıb getdiyini aşağıdakı sözlərlə bildirir: “Strajnik kəndə gələndə cibində beş-altı qəpik pulu var idi. Lakin gedəndə bu beş-altı qəpik bir gecənin içində beş-altı manata “istihalə” etmişdi. Bu “möcüzənin” sirri ev sahibi ilə cib sahibinə məlum idi”.

Pristav nə zaman gələcək, nə üçün gələcək? – sualı kəndliləri çox düşündürür. Lakin bu suala cavab tapa bilmirlər. Fərziyyələr irəli sürülür. Cənnətquluya görə, “pristav Əliqulunun oğurluğunu eşidib gəlir”; Əliqulunun fikrincə, “pristav ağa Cənnətqulunun Məmmədcəfərlə savaşdığını eşidib gəlir”. Çoxunun qənaətincə, “Pristav ağanın işi kəndləri gəzib adam döydürməkdir!”.

Nəhayət, pristav başının dəstəsi ilə at belində özünü kəndə çatdırır. Məlum olur ki, onun məqsədi camaatın dolanışığı, vəziyyəti ilə maraqlanıb onlara nə isə bir kömək göstərmək, onların dərdinə əlac qılmaq, oğurluq-doğurluq, dava-dalaş səbəbin araşdırmaq deyil. Həmişə olduğu kimi, yuxarıda diqqət mərkəzinə gətirdiyimiz sonuncu variantı (“Pristav ağanın işi kəndləri gəzib adam döydürməkdir!”) reallaşdırıb, özünün hökmündən, səlahiyyətlərindən həzz almaqdır. Strajnikin özbaşınalığı bunun yanında heç nə imiş.

Üzeyir bəy bu xüsusda yazır: “Həyətdə sayanı-tamaşa bir drama vaqe olurdu. Pristav başıaçıq və əlləri ciblərində “özünü dartmış turac kimi” qapının ağzında durub, keçmiş padşahlara mənsub bir hökumət ilə cərgə ilə düzülmüş kəndliləri bir-bir və hərəsini bir növ döydürürdü. Birisini libasdan xali edib, lüt əndamına qamçı vurdururdu, digərini saqqalından tutdurub, üzünə, başına şillələr çəkdirirdi, bir qeyrisini əlibağlı ora-bura çapdırırdı. Bəzisini yerə yıxıb, təpik altına saldırdı və sairə…”.

Sual olunur? Bu yazıqların, bu binəvaların günahı nə idi? Şiddətə, təhqirə məruz qalırdı? Səbəb yox idi. Pristav onların gözünü qorxudurdu. İkincisi, bu cəza növləri, günahsız insanların əzab çəkmələri, qışqırıqları onu əyləndirirdi. O, bu zülmə əl atmaqla istirahət edirdi.

Bu hekayə, təbii ki, Azərbaycanda Xalq Cümhuriyyətindən əvvəlki dövrün hadisələrini təsvir edir. Çarizmin hökm sürdüyü illərdə insanların ağır həyatını, məhrumiyyətlərini, çəkdikləri əzab-əziyyəti, bir əlcə çörəyə möhtac olduqları zamanı özündə ehtiva edir.

Üzeyir Hacıbəylinin musiqili komediyalarında təhsil, təlim və tərbiyə məsələləri. Üzeyir Hacıbəylinin şah əsəri olan “Koroğlu” operasının librettosu ilə tanış olduq. Librettoda Alı kişi xana sədaqətlə xidmət edən, öz işinin ustası olan, yalan-palan bilməyən bir şəxsdir. Həsən xanın buyruğu ilə ilxıdan İbrahim xan üçün layiqli bir at (Qıratı) seçir. Atın görkəmi İbrahim xana və Həsən xana xoş gəlmir. Alı kişinin:

Mən xana bir xidmət etmək istədim,

Nə qədər cins at var seçdim, saxladım, – sözlərinə məhəl qoymurlar.

Alı kisinin qonaq üçün seçdiyi bir cüt ad həqiqətən tərifə və mükəmməlliyə malik atlar idi. Sonralar onlara Qırat və Dürat adları verilir. Onlar Koroğlunun sevimli atları idilər, ona müharibələrdə qələbə qazandırardılar. Çeviklikləri, dərrakələri, sürətləri, sədaqətləri ilə.

Həsən xan isə, atları bəyənmədiyindən Alı kişini cəzalandırıb onun gözlərini çıxartdırır. O vaxtdan Ali kişinin oğlu Rövşəni kor kişinin oğlu – Koroğlu çağırırlar.

Liberettoda Alı kişi, Nigar, Koroğlu müsbət obrazlar kimi diqqət mərkəzindədirlər. Həsən xan mənfi obrazdır. Xan bir əyalətin hökmdarıdır. Xalqın, camaatın günü-güzəranı ilə maraqlanmalıdır. Öz əyalətində sülhü, xoşbəxtliyi təmin etməlidir. Həsən xan isə, bəd əməlləri, zülmkarlığı, qəddarlığı ilə seçilir. Öz rəiyyət barədə görün nə fikirləşir:

Qamçıdır saxlayan bu rəiyyəti,

Qamçısız yaşamaz xanın dövləti.

Onun yanını kəsdirən Həmzə bəy də xanla eyni fikirdədir:

Döyməsən, söyməsən, malın almasan,

Dara çəkdirməsən, dama salmasan

Rəiyyət bir daha xanı dinləməz.

Nigar gözüaçıq, öz məhəbbətində dönməz, xeyirxah, səmimi, əxlaqi saflığa yiyələnmiş bir xanımdır. Diqqət yetirək:

Şərir Həsən xan, zalım Həsən xan

Cəllada verdi fərman:

Fağır, günahsız, dilsiz,

ağızsız Alını etsin qurban.

Kor etdilər yazıq Alını.

Dağıtdılar bütün malını.

Bu hadisədən necə təsirləndiyini Nigar aşağıdakı sözlərlə bildirir:

Qəlbim yanır, odlanır,

Mənim bu ahü nalədən.

Rövşənlə bir-birini sevirlər. Həsən xanın qızı olsa da, Alı kişinin, Rövşənin (Koroğlunun) yanında olur, onların mənafeyini müdafiə edir.

Gözümdə Rövşən, sözümdə Rövşən.

Rövşəndir dünyada məni yaşadan.

Sevmirəm, sevmirəm varı, dövləti,

Ölsəm də də saxlaram məhəbbəti.

Həsən xan zülmkarlara qarşı mübarizəyə başlayan Koroğlunu aradan götürmək üçün tədbirlər tökür:

Tezliklə biz gərək çarə eyləyək,

Koroğlunu öldürmək, məhv etdirmək!..

Fəqət Həsən xan istəyinə çata bilmir, Koroğlu zəfər qazanır, zülmün, məhrumiyyətin belini qırır. Bu zaman xalqa arxalanır.

Məni yaşatdı, məni böyütdü

Bu qəhrəman xalqım mənim! Yaşa!..

Deyilənlərdən görünür ki, şəxsiyyət, təhsilalanlar mənfi keyfiyyətlərdən uzaq olmalı, müsbət keyfiyyətlərə yiyələnməlidirlər.

Üzeyir Hacıbəylinin musiqili komediyalarında təhsil, təlim və tərbiyə məsələləri. Məlum olduğu kimi, Üzeyir bəy “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Ar və arvad” kimi dünya şöhrətli musiqili komediyalar qələmə almışdır.

Həmin musiqili komediyalarda bir sıra mənəviyyatca zəngin və mənəviyyatca kasıb, yaşadığı dövrdə müasir düşüncəli və eyni zamanda dar düşüncəli, məhəbbətə, nikaha və ailəyə ciddi yanaşan və həm də qadına “baqqal dükanında satılan mal kimi” baxan insanların bitkin obrazlarını yaradılmışdır. Ciddi, ədəbli, dərrakəli, ailəyə, həyat yoldaşına, nikaha ciddi münasibət bəsləyən şəxslər, təbii ki, təqdir edilir, qadına hüquqsuz varlıq, kölə kimi yanaşanlar, mənəviyyatsız insanlar tənqid olunur. “Ər və arvad” musiqili komediyasında Mərcan bəy ər-arvad münasibətlərini qura bilmir, həyat yoldaşı ilə tez-tez ixtilaflara girir, şəxsiyyətlərarası münasibətlərdə öz rolunu aydın təsəvvür edə, ailədə qarşılıqlı anlama, qarşılıqlı güzəştəgetmə, mənəvi və psixoloji atmosfer olmadığından Mərcan bəy arvadı Minnət xanımı boşamaq istəyir. Minnət xanım da ona tor qurur. Qondarma bir məktub yazdırıb Mərcan bəyə göndərir ki, guya 23 yaşında bir qız onun dərdindən ölür, ona ərə getmək istəyir. Məktubda yazılmış aşağıdakı sözlər Mərcan bəyin ağlını başından alır: “Ey mənim ruhi-rəvanım Mərcan bəy. Bir dəfə səni gördüm, aşiq oldum. İkinci dəfə gördüm, dəli oldum. Üçüncü dəfə gördüm, tab gətirə bilmədim və bu kağızı sənə yazdım. Əgər sən mənə iltifat edib məni almasan və məni özünə arvad etməsən, dəli-divanə olub, çöllərə düşəcəm”.

Mərcan bəy avam adam kimi hərəkət edir. Bu məktubu ona öz qulluqçusu verir. Minnət xanımın tapşırığına əsasən. Mərcan bəy soruşanda ki, məktubu sənə kim verdi, deyir ki, tanımadığım bir şəxs. İkincisi, bu kişi qondarma məktuba elə inanır ki, tez-tələsik görmədiyi, bilmədiyi qıza vurulur. Tez arvadı boşamaq istəyir: “Sən ki, mənim dərdimdən dəlisən, mən də sənin dərdindən dəli olacağam”.

Kərbəlayi Qubad isə kənddə arvad-uşağı ola-ola şəhərdə də arvad almaq fikrindədir. Hətta Mərcan bəy öz arvadını ona təklif edir. Yəni mən boşayım, sən al. O da razı olur. Mənəviyyatsızlıqdır. Qarşılıqlı məhəbbət, sevgi yoxdur, ağıl da yoxdur. Biri görmədiyi, həqiqətdə mövcud olmayan 23 yaşlı qızla, digəri dostunun arvadı ilə evlənmək istəyir. Kərbəlayi Qubad qulluqçu Gülpərini Minnət xanım bilib ona: “Sənin ərin nə adamdır ki, sənin qədrini bilsin. Sənin qədrini bu qara lələşin bilər”.

Axırda Minnət xanım onların hər ikisinə yaxşı dərs verir.

“O olmasın, bu olsun” musiqili komediyasında Məşədi İbad da Gülnazı görmədən onu özünə arvad etmək istəyir. Gülnazla aralarında xeyli yaş fərqi var. Həm də Gülnaz Sərvəri sevir, ona ərə getmək istəyir. Gülnazın atası Rüstəm bəy var-yoxunu itirib, “quru bəy” olub, borcu var, Məşədi İbaddan pul alıb qızını ona ərə vermək istəyir. Nə Rüstəm bəyi, nə də Məşədi İbadı maraqlandırmır ki, qızdan soruşsunlar: o, izdivaca razıdırmı?

Məşədi İbad tacirdir, varı-dövləti var. Varına arxayın olub cavan qız almaq istəyir. Onunçun fərqi yoxdur arvadı kim olacaq, təki gözəl olsun. Arada Rüstəm bəyə deyir: “Qızı mənə verməzsən, gedib bir başqasını alaram. Deyərəm o olmasın, bu olsun”.

Musiqili komediyadan götürülmüş aşağıdakı dialoqa fikir verək:

Məşədi İbad. İndi mən istəyirəm ki, bir qızı görüm, danışdırım, nə deyirsən?

Rüstəm bəy. Heç sözüm yoxdur, əyləş, bu saat qızı göndərərəm (Gedir)

Məşədi İbad. Zarafat deyildir, bir ətək pul verirəm, bir baxım, görüm, mal nə cür maldır, verdiyim pula dəyirmi?”

Göründüyü kimi, bu izdivac nikahın bağlanması üçün başlıca rol oynayan məhəbbətə əsaslanmır. Nikah münasibətinə girənlər bir-birini tanımırlar. Qızın rəyi soruşulmur. Bu nikahın maddi mülahizələr əsasında bağlanılacağı gözlənilir.

Təbii ki, ailə qurularkən bu hallara yol verilməməlidir.

Üzeyir Hacıbəylinin məqalələrində təhsil, təlim və tərbiyə məsələləri

Üzeyir Hacıbəylinin fəaliyyəti geniş, yaradıcılığı zəngindir. Onun əsərləri ilə tanışlıq adamı çox maarifləndirir, Azərbaycanın Oktyabr çevrilişinə qədərki və sonrakı – ötən əsrin 50-ci illərinə qədərki həyatı ilə bizi tanış edir. Üzeyir Hacıbəylini bir dahi bəstəkar, görkəmli musiqi nəzəriyyəçisi və yazıçı kimi dünyada şöhrətləndirən onun heyrətamiz istedada malik olması idi. Musiqi yaradıcılığında da, ədəbi yaradıcılığında da yüksəklərdə dayanırdı.

Hazırda bütün təntənəli tədbirlərdə, dünya, Avropa və olimpiya oyunlarında idmançılarımız zəfər qazanarkən səslənən Azərbaycanın Dövlət Himninin müəllifi məhz Üzeyir bəydir.

Onun əsərlərində bir millət olaraq özəlliklərimiz, böyüklüyümüz, mədəniyyətimizin zənginlikləri diqqət mərkəzinə gətirilməklə yanaşı, məişətdə, gündəlik həyata özünü göstərən bəzi çatışmazlıqlar da tənqid olunur.

Ötən yüzilliyin əvvəllərində ziyalılarımız dünyəvi təhsilin məktəblərdə tətbiqi ilə bağlı çağırışlar edirdilər. Necə deyərlər “döymədikləri qapı” qalmamışdı. Ali təhsil almaq son dərəcə çətin idi. Hökmən xarici ölkələrə üz tutmaq lazım gəlirdi.

Həmin çətinlikləri“Tələbələr məsələsi” məqaləsində diqqət mərkəzinə gətirilmişdir.

Fikir verək”: “Binəva cavanlarımız yeddi-səkkiz il realnı və gimnaziyalarda çalışıb ikmal edib, şəhadətnamələr almağa müvəffəq olurlar. Ali məktəblərə getməyə haqq və ixtiyar qazanırlar. Amma pulları olmadığına görə, illərlə qazanmış olduqları haqdan əl çəkməyə məcbur olurlar və ya nə olur-olsun deyə ali məktəbləri olan şəhərlərə rəvan olub, orada da pulsuzluq cəhətdən min cürə əziyyət və bəlalara düçar olurlar və yaxud məktəb haqqı vermədiyinə görə ixrac olurlar.

Eyni zamanda Üzeyir bəy göstərirdi ki, ali təhsilə yiyələnib millətin dərd-sərinə əlac etmək istəyən şəxslərlə maraqlanan, onlara kömək göstərmək istəyənlər yox idi. Bu xüsusda məqalədə deyilir: “Bu tələbələrin qeydinə qalan yoxdur və heç kəs bunu nəzərə almır ki, bizim nə qədər təhsili-ali görmüş adamlarımız olsa, bir o qədər millətimizdən ötrü yaxşıdır. Əks surətdə, camaatımızın halı yaman olar, ayaqlar altında qalarıq, məhv və nabud olarıq.

Bundan əvvəl studentlərimizə ianə verib kömək edənlər yenə az-çox olurdu, amma hal-hazırda bu ianə mənbəyi hər yerdən quruyubdur. Tələbələrimizin ədədi gündən-günə artmaq əvəzinə gündən-günə azalmağa üz qoyubdur. Müsəlman tələbələrindən Hacinski cənabları öz zavallı yoldaşlarının ağır halından bəhs edib camaatı ianəyə təklif eləyir. Lakin belə ianələr ilə bu mühüm işə əncam vermək olmaz”.

Ali təhsil almağın yolları axtarılırdı. O zamanlar Hacı Zeynalabdin Tağıyev bu sahədə son dərəcə böyük işlər görürdü. Onların təhsil haqlarını ödəyirdi ki, bir peşəyə yiyələnib gəlib xalqın xidmətində dayansın. Öz həkimimiz, öz mühəndisimiz, öz müəllimimiz və s. olsun deyə. Başqa xalqlardan olan mütəxəssislərdən asılı olmayaq deyə.

Həmin vaxtlarda “Tələbələr sandığı” adlı bir xeyriyyə sandığı mövcud imiş. Həmin sandıqdan bəhs edən Üzeyir bəy yazırdı: “Tələbələr sandığı” barəsində danışıqlar olmuşdu. “Tələbələr sandığı” çox gözəl bir şeydir. Əgər camaatımızın maddi və mənəvi iştirakı ilə belə bir sandıq təşkil olunub, doğru əllərə verilsə və o sandığın mədaxil və mənbələri təmin edilsə, tələbələrimizin də ikmali-təhsil işləri təmin edilmiş olar. İkmali-təhsil etmiş tələbələrimizin hamısı da olmasa, bir çoxu doktor, injiner və sair olmaqla, yaxşı maaş sahibi olarlar. Ona binaən, haman tələbələr özlərinə “sandıq” tərəfindən sərf olunan məbləği qism-qism sandığa iadə edə bilərlər və bununla “sandığın” pulu azalmaz, sandıqdan sərf edilən pullar itib-batmaz, yenə haman sandığa qayıdar”.

Üzeyir Hacıbəylinin öz məqalələrində diqqət yetirdiyi məsələlərdən biri də tədris ocaqlarında təlimin ana dilində aparılması idi. Çar üsuli-idarəsi milli dilləri sıxışdırdığından təlimin Azərbaycan dilində olmasına da maneələr yaradırdı. Amma buna baxmayaraq ziyalılarımız, o cümlədən Üzeyir bəy bu məsələni hər an diqqətdə saxlayırdılar.

Üzeyir Hacıbəyli “Əhəmiyyətli bir məsələ” məqaləsində yazırdı: “Ümumi məktəblərimizdə əvvəl illəri ana dilində müəllimlərə ehtiyac göründü. Müəllimlərimizin də əksəri Qori seminariyasında ikmali-təhsil etmiş cavanlar olduğu məlumumuzdur. Lakin Qori seminariyasını qurtarmış müəllimlərin əksəri ana dilində savadlı olmurlar, ondan ötəri ki, haman seminariyada ana dili oxunmur. Oranın proqramı bu dil üçün yol vermir, orada ancaq həftədə iki dəfə şərait dərsin oxunur. Seminariya qurtarmış müəllimlər ana dilində savadlı olurlarsa da, əksərən ya pedaqogika elmindən xəbərləri olmadıqlarına görə, tədris və təlimdə bilaixtiyar səhv və xətadan xali olmurlar.

Dahi bəstəkar və yazıçının məqalələrində tərbiyə məsələləri də geniş şəkildə nəzərdən keçirilir. Təbii ki, bəzi məsələləri nümunə gətirəcəyik. Belə ki, “Bəyani-Məslək” məqaləsində “Məslək” məsələsinə münasibət bildirilir. Üzeyir bəy məsləklsizliyi yoxsulluq, əxlaqın pozğunluğu adlandırır. Onun nöqteyi-nəzərincə, məsləki olmayan şəxs yaman məsləkli insandan çox zərərlidir. Bunun səbəbi məqalədə belə aydınlaşdırılır: “Çünki yaman məslək müəyyən olduğu halda, onun zərərini də dəf etməyə çarə tapmaq asandır”.

Üzeyir bəy “məslək” anlayışına tərif verir. Göstərir ki: “Məslək hər kəsin etiqad etdiyi bir yoldur. “Ümuminin xoşbəxtliyinin, asayiş və aramını, rifah-halını, tərəqqi və təkamülünü təqib edən hər bir məslək onun sahibi üçün müqəddəs ədd olunmalıdır. Belə bir məsləkə xəyanət edən şəxs haman məsləkə xəyanət etməməlidir. Bizim məsləkimiz odur ki, millətimizin tərəqqisinə bais olan hər bir həqiqi vasitə və nəsillərə yol verməli və millətimizin cəhalətə və yaxud tərəqqeyi-məkusə sövq edən şeyləri dəf və izalə etməlidir”.

“Təzə il, təzə meydan” məqaləsi də tərbiyə məsələlərini özündə əks etdirir. Üzeyir bəyin düzgün qənaətinə görə, insan ildən-ilə böyüyür, fəqət bu böyümə təkcə onun bədəninin cismani böyüməsi deyildir. Yəni söhbət heç də onun bədəninin irilənməsindən getmir, daha vacib məsələlər vardır ki, həmin məsələlərə onun təhsili, təlimi, tərbiyəsi və inkişafı aiddir. Bu mənada valideynin vəzifəsi, ilk növbədə övladlarına düzgün tərbiyə verməkdir. Üzeyir bəyə, onun “Təzə il, təzə meydan” məqaləsinə müraciət edək: “Allah-təala birisinə bir övlad kəramət etdikdə onun qəlbinə övladına qarşı bir hissi-məhəbbət qoyur ki, o məhəbbət onun üçün balanı baldan şirin edir. Lakin balaya yalnız məhəbbət qalsa, onda bala öz valideynindən heç bir mənfəət görməz. Halbuki valid haman hissi-məhəbbətdən ruhani bu ləzzət almağa başlar. Balanın canını sevən ata-ana onun qeydinə də qalmalıdırlar ki, bu şirin bala dünyada sərbəst yaşamağa qədəm qoyduqda məişətinin tikanlı yollarından qorxmasın, mübarizeyi-həyatiyyə meydanında qorxudan bağrıya qalmasın. Mübarizıyə girişməyə məcbur olduqda həvadisin birinci zərbəsi altında tələf olmasın”.

Çar üsuli-idarəsi milli dilləri sıxışdırdığından təlimin Azərbaycan dilində olmasına çox maneələr yaradılərdı.

Üzeyir Hacıbəylinin yaradıcılığı son dərəcə zəngin, dolğun, maraqlı və diqqətəlayiqdir. O, möhtəşəm operalar, musiqili komediyalar, səhnəciklər yaratmaqla, felyetonlar, məqalələr yazmaqla insanların mənəvi saflaşmalarında, əxlaqca gözəlləşmələrində, geniş dünyagörüşə malik olmalarında, nümunəvi davranışa yiyələnmələrində böyük rol oynamışdır. Üzeyir bəy eyni zamanda cəmiyyətdə əl-ayağa dolaşan, kasıb əxlaqa və mənəviyyata malik, insanları da tənqid etmiş, ailə münasibətlərinin düzgün qurulmasının vacibliyini əsaslandırmış, həyat yoldaşına dükanda satılan mal, pal-paltar kimi yanaşan, onların hüquqlarını pozan şəxsləri tənqid atəşinə tutmuşdur. Üzeyir bəy “Koroğlu” kimi qərhəmanlıq, “Leli və Məcnun” kimi məhəbbət operaları yatarmış, Şərq aləmində opera sənətinin əsasını qoymuşdur.

Üzeyir bəy Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətləri göstərmişdir. O, ölkəmizdə musiqi təhsilinin təməlini qoymuşdur.

Müəllim kadrlarının hazırlanması, Azərbaycanda dünyəvi məktəblərin fəaliyyət göstərməsinin, təlimin ana dilində aparılmasının zəruriliyi Üzeyir Hacıbəylinin diqqət yetirdiyi mühüm məsələlərdən idi. Üzeyir bəyin qənaətidir: “Məktəb açıb bütün elmləri öz ana dilimizdə tədris və təlim etmək indi bizim əməllərimizin ən ümdəsidir. Bu arzunun hasilə gəlməsi üçün biz var qüvvətimizlə çalışmalıyız, zira nəşri -maarif və təmimi-mədəniyyət (maarif və mədəniyyətin yayılması) üçün yeganə vasitəmiz bir bu təriqdir (yoldur)…” .

Üzeyir bəy hələ ötən yüzilliyin əvvəllərində təlimin ana dilində aparılması ilə bağlı aşağıdakı fikri irəli sürürdü: “Bizim türk lisanımız (Azərbaycan türkcəsi) Avropa üləma (alim) və filosoflarının rəyinə nəzərən, ən kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fkirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Böylə bir zəngin lisanın sahibi olub da, ondan istifadə etməməyin özü böyük bir bədbəxtlikdir… …İnsan öz dilini bilməyəndə din də gedir, dil də gedir, millət də gedir… Hər bir millətin ki, bəşqasına (varlığına) baş səbəb onun dilidir və dilinin tərəqqisidir. Bir millətin ki, dili batdı, onda o millətin özü də batar”.

Üzeyir bəy müəllim şəxsiyyətinə mühüm tələblər verir, onun təhsilalanların təlim və tərbiyəsindəki böyük rolunu vurğulayırdı. Diqqət yetirək: “Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adamı müəllim bilib uşağı ona tapşırmaq böyük xətadır … Təlimdən başqa, uşağın tərbiyəsi də müəllimin öhdəsindədir…”

Üzeyir Hacıbəyli ötər əsrin 40-cı illərində dünyasını dəyişmişdir. Fəqət onun yaradıcılığı artıq ikinci əsrdir ki, gənc nəslə təhsilləndirici, tərbiyələndirici və inkişafetdirici təsir göstərməkdədir.

Son qənaətimiz nədir? Üzeyir Hacıbəyli sənəti, Üzeyir bəy yaradıcılığı əbədiyaşardır. Onun pedaqojiyönlü bir çox hekayəsi vardır ki, gənc nəslin təhsillənməsi, tərbiyələndirilməsi və inkişaf etdirilməsi baxımından təhsil müəssisələri faydalana bilərlər.

Müəllif: AKİF ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutun elmi katibi,

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

“TÜRK” etnonimi və törələri – YUNUS OĞUZ yazır

“TÜRK” etnonimi və törələri

(altıncı yazı)

Əvvəli burada: “TÜRK” etnonimi və törələri – YUNUS OĞUZ yazır

Avarların Qara dəniz sahillərinə gəlməsi də maraqlı bir dövrü əhatə edir. Eramızın VI əsrində başda İstemi xan olmaqla göytürklər Qərbə yürüş edirlər. Göytürklərdən qaçan avarların vəziyyəti ilk baxışdan çox pis görünür. Çünki arxadan güclü bir ordu gəlirdi. Odur ki, onların əsas məqsədi göytürklərdən daha uzaq məsafədə olmaq idi. Bu zaman Orta Asiyada eftalitlər fəallaşmağa başladılar və İstemi xanın  fikrini avarlardan yayındırdılar.

Göytürklərdən yayınan avarlar özlərinə müttəfiq axtarmağa başladılar. Onlar alan başçısı Sarosdan Bizansla dostluq əlaqələrinin qurulmasını xahiş etdilər. Alan başçısı Saros avarların Bizansla əlaqə qurmasına kömək etdi və avar səfirini Konstantinopola göndərdi. Amma Bizans paytaxtında Yustinianın avarlara  münasibəti birmənalı olmasa  da  və   onlara inamsız yanaşsa da, cavab olaraq imperator onların məskunlaşdığı bölgəyə müxtəlif hədiyyələrlə birlikdə səfir göndərir və təklif edir ki, avarlar, imperiyanın əzəli düşmən olan sasanilərin üzərinə hücum etsinlər. İmperiyanın düşmənləri üzərinə yerimək əvəzinə avarlar müttəfiqlərinin üzərinə hücuma keçirlər..

VI əsrin ortalarında avarların birinci qurbanı sabirlər oldu, hansı ki, sabirlər onların yeni bir xalq kimi qəbul edərək “var” adlandırırdılar. Bu anlaşılmazlıq avarların tam qələbəsini təmin etdi. Daha sonra avarlar Bizansın müttəfiqlərini bir bir sıradan çıxarmağa başladı. Qafqazda əgər avarların müttəfiqləri alanlar idisə, Qara dəniz sahilində kuturqurlar onları daim dəstəkləyirdi.

Sabirlər tərəfindən avarların “var” adlandırılmasını L.N.Qumilyov “böyük olmayan linqvistik səhv” adlandırır. Lakin bu fikirlə razılaşmamaq da olar. Belə ki, göytürklər də avarları “varxunit” adlandırır. Məsələn, L.N.Qumilyov Bizans tarixçisi Menandra istinadən yazır:

“Türksanf səkkiz əylətdən birinin knyzı idi və o, Bizans səfiri Valentini qəbul edərək deyir: “Sizin şah zamanı ələndə cəzalanacaq ona görə ki mənimlə dostluq söhbətləri etdiyiniz halda, qullarım olan varxuintlərlə… (avarları nəzərdə tuturdu – L.N.Qumilyov) müqavilə bağlayırsınız. Amma varxunitlər (türküt – LN.Qumilyov – göytürk – Y.O.) türkün təbəəsi kimi, mən istədiyim zaman yanıma gələcəklər…” 

Bu zamandan başlayaraq avarlar artıq Mərkəzi Avropaya sahiblik edirlər. Avarlar o qədər güclənmişdilər ki, Bizans imperiyasından və Avropanın digər ölkələrindən bac alırdılar. Hətta birinci avar xanı Bayan 10 min kuturquru Bizansın üzərinə göndərmişdi.

Biz bilərəkdən VI əsrdə avarların fəaliyyəti haqqında bir qədər geniş yazdıq, hərçənd “var” və “varxunit” etnosları, onların müqayisəli analizi ilə də kifayətlənə bilərdik. Lakin bizi məsələnin başqa tərəfi daha çox maraqlandırır. Nəzərə alaq ki, L.N.Qumilyovun qeyd etdiyi “var/varxuintlər”, yaxud avarlar VI əsrdə Avropada kifayət qədər möhkəmlənmişdilər. İstemi xanın əlindən qurtulan avarlar, əvvəlcə Şimali Qafqaza, sonra Don sahillərinə, daha sonra isə Qara dənizin şimal hissələrinə və Mərkəzi Avropaya qədər gedib çıxmışdılar.

Beləcə məntiqi bir sual meydana gəlir; Strabonun Avropanın qərbində yerləşdirdiyi var-avarlar nə zaman buraya gəlib çıxıb? Burada var-avarlar nəinki yaşamış, hətta Varon adlı şəhər də salıblarmış. VI əsrdə göytürklərin əlindən qurtulan, Şərqdən Qərbə böyük axın edən avarlar imperiya qurmamışdan 600 il öncə, sən demə var-avarlar Avropada yaşayırlarmış. Haradan gəlibmiş bura var-avarlar? Bəlkə onlar aborigendilər? Yaxşı dalan olsa da çıxış yolunu tapmaq çox çətindir. Amma mümkündür. Türklərin Şərqdən Qərbə axınından öncə, tarixin müəyyən qırılmış anında Qərbdən Şərqə böyük türk axınları olmuşdur.

Eramızdan çox-çox əvvəllər Avropada yaşamış var -avarların bir hissəsi hansısa səbəbdən (bu səbəblər müxtəlif ola bilər; müharibə və quraqlıq təbii fəlakət – sel, daşqın, zəlzələ və sair) Şərqə köç etmiş və sonradan bu kontekstdə olduğu kimi, göytürklərin təzyiqi nəticəsində məğlub olaraq yenidən Qərbə köç edib, bu dəfə böyük imperiya qura bilmişlər.

Bunun səbəbini L.N.Qumilyov belə göstərir:

“Bizi etnosun tarixi, etnogenezi – etnosların yaranması və yox olması maraqlandırmalıdır. Belə ki, birincisi bizə qədər etnosların  yaranma və yox olma prosesi açılmamışdır, ikincisi isə bu prosesi açıb göstərmək üçün bizə o material lazımdır ki, arxiv məlumatları ondan imtina edir. Belə olduqda problemin həllinə yaxınlaşa bilərik. Beləsi isə tarixi hadisələr, onların əlaqələri və ardıcıllığıdır” .

Bu tarixi hadisələri, onların əlaqə və ardıcıllığını L.N.Qumilyov “Qədim türklər” kitabında gözəl verir,ancaq bir xətt üzrə – Şərqdən Qərbə axın üzrə. Əks proses yoxdur. O yazır:

“…Beləliklə, türkütlər (göytürklər-Y.O.) ilyarım ərzində bütün Mərkəzi Qazaxıstanı, Yeddisuarasını və Xarəzmi özlərinə tabe etdilər. Sonra da çox çətinliklər başladı. Aral dənizinin şimalında göytürklər, xuni, var və oqor tayfalarının müqaviməti ilə üzləşdilər. Yalnız 558-ci ildə bu tayfalar darmadağın edildi və türkütlər (göytürklər – Y.O.) Volqaya çıxıb, onlara tabe olmayanları bu yerlərdən qovub uzaqlaşdırırdılar. Bu var və xuni tayfalarının 20 min adamı qalmışdır ki, sonradan bu iki tayfa birləşərək avar adını aldı”. Göründüyü kimi L.N.Qumilyov tarixi prosesləri, etnosların yaranmasını ardıcıllıqla versə də, bu birtərəfli olub. Ola bilməzdi ki, hörmətli professor Q.Stratanovski tərəfindən 1964-cü ildə tərcümə edilmiş “Coğrafiya” kitabı ilə tanış olmasın. Bu kitabda göstərilən türk toponimləri, hidronimləri və etnonimləri nəzərdən keçirilməsin. Sual açıqdır.

Strabondan   iqtibas çəkdiyimiz sətirdə o “bermet”lərin də adını çəkir. M.Kaşğaridə “ber”dən yaranmış sözlər aşağıdakı mənaları verir:

“Ber = vermək, gəlmək 

Beriqsə = vermək, istəmək 

Beril = verilmək 

Bergə = qamçı, qırmanc (bərkə)

Berklək = qorutdurmaq 

Bert = ağanın kölədən aldığı vergi.

“Qədim türk sözlüyü”ndə “ber” sözü demək olar ki, eyni mənaları verir.

Ber = vermək, təqdim etmək, bağışlamaq.

Ber = ərə vermək (qızımin qalinsiz bertdim – qızımı ərə verəndə qan bahasını almadım).

Ber = ödəmək

Beri = bura

Berkit = möhkəmləndirmək, tutmaq

Bert = ağanın kölədən aldığı vergi

Bertü = gödəkcə

Berü = bura”.

Eləcə də Strabonun qeyd etdiyi “bardul”lar da az maraq kəsb etmir. Bu sözün açmasını iki mənada vermək olar. Belə ki, “bardul” sözünü bar+dul, həm də bard+ul kimi oxumaq olar. “Bard” sözündə “a” hərfinin “o” hərfinə fonetik dəyişməsi nəticəsində “börd” kimi də oxuna bilər.

Bəllidir ki, saitlər sistemində tarixi dialektologiya baxımından gözə çarpan xüsusiyyətlərdən biri o – a səs uyğunluğu ilə bağlıdır. Müasir türk dillərində bir sıra sözlərə (avlax, çavqun, qavurma) yazılı mənbələrimizdə o – a formasında təsadüf edilir. Məsələn, “ov” sözü “Dədə Qorqud”da “av” kimi oxunur; “av ovlayıb”, “ava çıxdı”, “qara qavurma” (100) və s. yaxud, “Gözü can avutmağa xumar imiş” (Q.Burhanəddin), “Avlıxda bu gün avlar ikən yarə yoluxdum” (Xətai), “Əyninə geyib qırmızı, yalav-yalav yanır üzü” (Qurbani), “Avçısı olmuşam sən tək maralın” (101). Göründüyü kimi “a/o” səs əvəzləməsi nəticəsində “bard” sözü “börd” kimi də oxuna bilər. Bord/borü/buri isə qədim türk dilində “qurd” mənasını verir. Əlavə edək ki, qurd totemi “Dədə Qorqud” eposunda önəmli yerlərdən birini tutur. Məsələn, “qara başım qurban olsun qurdum sana”, “Azvay qurd əniyi erkəgində bir köküm var” və s. buna bənzər ifadələr əsatir vaxtlarda ulu babalarımızın qurdu soykök-totem saymalarına işarədir.

Daha sonra Strabon  Astur, Kallan, Saqobrid, Bilbilis şəhərlərinin adını çəkir.

Məlumdur ki, müasir Azərbaycan və digər türk dillərində bil-bilmək sözü çox geniş yayılıb. “Qədim türk sözlüyü”ndə “bil” sözü müxtəlif mənalar verir:

“1. Bil = bilmək

2.bil = öyrənmək, dərk etmək;

3. bil = məsuliyyət hiss etmək;

4.bil = bilmək, fikirləşmək;

5.bildür = xəbər vermək;

Bilgə = aqil, çox bilən;

Bilgə bilig = ağıllı, hər şeyi dərk edən” .

M.Kaşğaridə bu söz demək olar ki eyni mənanı verir:

“Bil = bilmək;

Bildüz = bildirmək, öyrətmək;

Bilməsin = bilirmiş kimi görünmək;

Bilgə = bilgə, ağıllı, müdrik, alim, hakim;

Biligsə = ağıllı olmağı istəmək”.

Yaddan çıxarmayaq ki, qədim şumerlərdən bizə gəlib çatan dastanın baş qəhrəmanı da Bilqamısdır. F.Ağasıoğlu  “Azər oğlu” kitabında bu barədə yazır:

“Bilqamıs adında “Gilikli” anlamı olduğu üçün şumerlər də bu qəhrəmanı “hər şeyi bilən”el başçısı kimi öygüləmişlər. Akkadlar da bu dastanın ilk misrasını “Dünyagörmüş barədə” sözləri ilə vermişlər. Bilqamısın adı türk dövlət başçılarına verilən “Bilgə” titulu ilə də izah oluna bilər, məsələn, 581-ci ildə göytürklərin batı qolunda xaqan elan edilən Tardu xaqan “Bilgə” titulu almışdı, məşhur Tonyukuk da bu titulu daşımışdır”.

Göründüyü kimi, təkcə Strabonun “Coğrafiya” kitabında nə qədər türkmənşəli hidronimlər, toponimlər, etnonimlər var. Onlardan bir neçəsini- Avropada göstərilən sözləri sizə təqdim edirik:

Toponimlər              Hidronimlər            Etnonimlər            Şəxs adları

Abu                                Akuti                      Akarnan             Aqis

Albiy                             Albiy                       Aliy                   Alet

Albu                              Albula                     Aksibiy              Arat

Alor                               Ana                          Albek                Bark

Alp                                Araq                         Aparn               Qarpaq

Apatur                           Asay                        Artabr                Palak

Arelat                            Atgis                        Arvak               Tarkon

Asta                              Atak                          Arver               Tarkvin

Burxani                        Bat                             Astur               Temen

Elatey                           Batiy                         Atamon            Timux

Et                                  Duriy                         Azan                 Tusnel

Etay                              İlissu                          Balar                Us

Evbey                           Kallant                       Bard            Tumelik

Girmin                          Qalat                          Bardul             

Xalkis                            Sal                            Dondar

Kalpa                            Taq                            Etrusk

Kamarin                        Tavr                          Gel

Kamik                            Tirren                       Karpatan

Karsul                            Var                          Kuri

Kumar                                                            Kimmer

Kor                                                                 Qaba

Kenay                                                             Parat

Kenoba                                                              Sabin

Menova                                                             Sakvan

Olbiy                                                                  Salas

Onoba                                                                Salar

Salas                                                                  Talar

Salqan                                                                Turdul

                                                                            Tusk

                                                                            Varaç

Biz hələ bu siyahını xeyli uzada bilərdik. Amma məqsəd bu deyil. Məqsəd odur ki, faktlar əsasında yazdığımız nəzəriyyəni bir daha sübut edək, yəni L.N.Qumilyovun “Şərqdən Qərbə axın” nəzəriyyəsi öz-özünə əhəmiyyətini itirmiş olur. Bu yaxınlarda işıq üzü görmüş “Şumer kilidi” kitabının müəllifi Rizvan Cəbiyev yazır:

“Türklərin Şumer əsilli olmasını əngəlləyən ən başlıca maneə – tarixdə ilkin geniş miqrasiyasının Qərbdən Şərqə deyil, Şərqdən Qərbə, yəni Orta Asiyadan Avropaya doğru olması barədə yanlış ideyadır. Şübhə etmirəm ki, bu ideyanı  siyasətçilər düşünmüş və “elm dəllalları”nın əli ilə həyata keçirmişlər. Məqsəd türkləri öz köklərindən qoparmaq və Orta Asiyanın qızmar günəşi altında “susuzluqdan” qurudub məhv etmək olmuşdur.  Amma yüzlərlə, minlərlə təkzibolunmaz dəlil bunun əksini sübut edir: xalqların ilk “Böyük köçü” batıdan doğuya doğru idi, yoxsa 6 min il əvvəl Nippurda və digər Şumer şəhərlərində tikilən çoxpilləli zikkuratların eynisini e.ə. I minillikdə Altun-Təpədə tapılmasını başqa nə ilə izah etmək olar?”

Türk dövlətlərinin yaranmasına gəldikdə isə professor Fazil Qaraoğlunun bu barədə maraqlı fikirlər vari: “İndiyə qədər aparılan tarixi araşdırmalar üzərində ən çox durulan və işlənən yerlər Ön Asiyadır… Tarixin qədim dövrlərində qurulmuş  bir çox dövlətlər və mədəniyyətlər vardır…

Türklərin ana yurdu Orta Asiya olduğuna görə tarixən qədim türk dövlətlərinin də buralarda qurulmuş olması təbiidir. Fəqət, Orta Asiyada aparılan araşdırmalar hələ o qədər də irəli getməyib. Çin və yunan mənbələrindən əldə edilən məlumatlar da m.ö. I və II minillərdən o yana aşa bilmir. Belə səbəblər ən qədim türk dövlətlərinin zaman ölçüsündəki sırasını və yerini hələlik Ön Asiyaya buraxmışdır. Bu etibarla tarixdə qurulmuş türk dövlətlərini sıralarkən isə Ön Asiya məmləkətlərindən başladıq”.

ARDI BURADA:  Türk törəsi nədir?

MÜƏLLİF: YUNUS OĞUZ

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru