65 YAŞI TAMAM OLAN ŞAİR AKİF SƏMƏDLƏ BAĞLI BİR XATİRƏ 2024-cü ilin iyul ayının altsında qocaman mətbu orqanlardan biri olan “Vışka” qəzetinin nəzdində fəaliyyət göstərən “Neftçi” Ədəbi Məclisi”nin (“NƏM”-in) yaranmasının 25-ci ildönümü tamam oldu. “NƏM” “Vışka” qəzetinin readaktoru Mədinə Həsənovanın xeyir-duası və şair-dramaturq Zaməddin Ziyadoğlunun, eləcə də digər neftçi-şairlərin təşəbbüsü ilə yaranmışdır. O vaxtlar mətbuata, ədəbiyyata daha çox maraq var idi. “NƏM”- in yaradılmasında əsas məqsəd neft-qaz sənayesində çalışan və bədii yaradıcılıqla məşğul olan müxtəlif peşə sahiblərinin şeirlərinin çap edilməsinə kömək etmək, onları yaradıcılğa ruhlandlrmaq idi. İlk toplantıda Mədinə xanım qeyd etdi ki, uzun illərdir ki, “Vışka” qəzetininin nəzdində rusdilli oxucuların bədii yaradıcılığına güzgü tutan “Rodnik” Ədəbi Birliyi uğurla fəaliyyət göstərir. Müstəqillik dövründə qəzetimizin səhifələrində həm Rus dilində və həm də doğma ana dilimizdə yazılara yer verildiyini nəzərə alaraq bədii yaradıcılğa meyl edən həvəskar şairlərin qələm təcrübələrini də dərc etməkdən məmnun olarıq. Yarandığı ilk illərdə “NƏM”-in fəaliyyəti çox məhsuldar oldu. Hər ayın sonuncu cümə günü məclis üzvləri qəzetin redaksiyasina toplaşar, yeni şeirlərini oxuyar, müzakirələr aparardılar.Neftçi-şairlər Mollalar Əşrəf, Oqtay Hüseynzadə, Əliheydər Babayev, Pənah Nehdiyev, Vahid Hacıyev, Nazim Aslan Bozalqanlı, … məclisin ən fəal üzvləri idilər. Həvəskar şairlərlə yanaşı Zaməddin müəllimin dəvəti ilə tanınmış ədəbiyyat adamları da tez-tez bu görüşlərə gələrdilər. Nəriman Həsənzadə, Nizami Cəfərov, Oqtay Rza, Şəmşad Rza, Həmid Abbas, İlyas Tapdıq, Oqtay Salamzadə kimi söz adamları ilə ünsiyyət necə də xoş idi. Neftçi-şairlərin növbəti yığıncaqların birində, səhv etmirəmsə, 2000-ci ildə tanınmış şair Akif Səməd və Mahmud Vəli ilə “Vışka” qəzetinin redaksiyasnda görüşdük. Altı iyul həm də sevimli şairlmiz Akif Səmədin anım günüdür. Bu fani dünyadan 20 il bundan əvvəl əbədi dünyaya köç edib. Amma xatirəsi unudulmayıb. Böyük sevgi ilə qələmə aldığı şeirləri sevilə-sevilə oxunur. Görüşdə ənənəvi olaraq söz adamları şeir oxudular. Şux görkəmli, səliqəli geyimli Akif Səməd səmimi fikirlərini bildirdi. Qeyd etdi ki, yaşadığımız diyar neft-qaz ölkəsidir, bununla belə, dünyaya göstərməliyik ki, biz müdrik xalqıq, həmişə haqqın yanındayıq, müqəddəs torpaqlarımızın düşmən tapdağında qalmasına dözə bilmərik. Qərbin ikili siyasətinin səhv olduğunu onlara zəkamızla, siyasətimizlə başa salmalıyıq. Mənim üçün xoş idi ki, Akif Səməd oxuduğum şeirləri bəyəndi və xoş sözlərini dedi. Hətta şeirin bir yerində “Türmə” sözü işlətmişdim. Bəziləri bu sözə etiraz edəndə, gülərək, “Şairə qadağa yoxdur.”, dedi. Bu gün biz Akif Səmədi sevgiylə xatırlayırıq. Maraqlı və xoş təsadüfdür ki, iyul ayının 22-də, Milli Mətbuat və Jurnalistika Gününə təsadüf edən şanlı, tarixi bir gündə şairin 65 yubiley yaşı tamam olur. Xəyalən Akif Səmədə səslənirəm: –Həmişə qəlbini sızladan, işğalına dözə bilmədiyin, döğma yurda gedə bilmədiyinə kədərləndyin, yüksək poetik dillə qələmə aldığın Şuşa yenə bizimdir.
Bu halal yolnan yoldaşnan Şuşaya gedə bilmirəm. Bir belə qohum-qardaşnan Şuşaya gedə bilmirəm.
Şuşada güllər gülürmü? Dağına duman gəlirmi? Xudu müəllim bilirmi – Şuşaya gedə bilmirəm.
Türk olmaq günahmı oldu? Günahkar Segahmı oldu Təbrizdən uzaqmı oldu Şuşaya gedə bilmirəm.
Şuşa, Xankəndi, Laçın, Qubadlı… əbədiyyətə kimi bizimdir. Biz Şuşaya sərbəst şəkildə, qürurla, fəxrlə gedə bilirik. Biz artıq hünərimizə dünyanın ən böyük dövlətlərinin, güc mərkəzlərinin heyran qaldığı qalib dövlətik. Gənclərimiz sənin milli ruhlu şeirlərini sevə-sevə oxuyur, saflaşır. Ruhun şad olsun, unudulmaz, sevimli şair! 65 yaşın mübarək!
Adətim üzrə boş vaxtlarımda yaşadığım Sahil qəsəbəsinin dəniz kənarındakı parkında gəzməyi çox sevirəm. Parkda əsasən dekorativ bəzək ağacları əkilib. Lakin burada təbii şəkildə bitən yulğuna da rast gəlinir. Yulğun kolları saysız-hesabsız ağaclar arasında itib-bataraq diqqəti o qədər də çəkmir. Aran zonasnda doğulanlara yulğun yaxşı tanışdır. Bir zaman yulğun hər şeydən əvvəl evlərin istisi idi, ağız dadımız olan çörəyin bişirildiyi təndirdə ən çox yandırılan oduncaq idi. Yulğun mal-qaranın, qoyun-quzunun qardan, yağışdan, istidən-küləkdən daldalanacağıdır, onların qidasının tərkib hissəsidir. Bir sözlə, aran kəndlisinin həyatının ayrlmaz hissəsidir yulğun… Kürəyimi, çiynimi yağır edə-edə nə qədər yulğun şələsini daşımışam… Yulğunun saysız -hesabsız növü var. Bunlardan bir çoxu artıq Qırmızı kitaba düşüb və bu çox yaxşı haldır. …May ayının əvvəlləri idi. Dəniz kənarında gəzdiyim zaman təxminən 50-55 yaşı olan tanış bir kişinin yulğun kolunun təzəcə açılmış, bir az ağımtıla çalan qonur-qırmızı çiçəklərini necə böyük sevgi ilə, məhəbbətlə qoxuladığının, az qala onun başına fırlandığının şahidi oldum. Ona yaxınlaşdım və salam verərək hal-əhval tutdum:
-Deyəsən, yulğun üçün darıxmısan. Yəqin təndir odununuz qurtarıb? – zarafatla soruşdum. Kişi salamımı alıb, yulğundan bir az aralanaraq mənə yaxınlaşdı. Onunla üzbəsurət gələndə nəmli baxışları diqqətimdən yayınmadı. Düşündüm ki, yəqin, ya ailəsində, ya da yaxınlarında nəsə xoşagəlməz bir hadisə baş verib. O, cib yaylığını çıxararıb gözlərini sildi və danışmağa başladı:
-Söz vaxtına çəkər. Onda da bahar idi. Hər tərəf yaşıllığa bürünmüşdü. Kür çayı burula-burula axır, çayın sahilində mal-qara, qoyun-quzu otlayırdı. Quşların civiltisi, cırcıramaların vızıltısi bir-birinə qarışaraq insanın qəlbində xoş duyğular oyadırdı. Tuğay meşəsi sanki nazlı bir gəlin kimi bəzənmişdi. Biz uşaqlar qayğısız-qayğısız oynayır, dünyanın dərdindən-sərindən xəbərsiz halda xoşbəxt günlərimizi yaşayırdıq. Birdən uşaqlardan biri qışqırdı:
-İkarus, ikarus! Hamı, o vaxtlar bəlkə də çoxumuzun birinci dəfə gördüyü avtobusa baxdı. İkarus sürətini azaldaraq bizdən 10-15 metr aralıda dayandı. Avtobusdan təxminən qırxa yaxın sərnişin düşdü. İndiyə kimi kəndimizə turistlərin gəldiyini görən olmasa da, geyimlərindən, əl çantalarından, üz cizgilərindən onların xaricdən gələn qonaqlar olduqlarını başa düşdük. Gülümsər çöhrəli insanlar bizə yaxınlaşıb azərbaycanca salam verdilər. Əvvəlcə rus dilində, sonra da öz dillərində nəsə dedilər. Rusca sözlərin bəzisini başa düşsək də heç birimiz bu dildə danışa bilmirdik. Birdən ağlıma gəldi ki, atamı çağırım, gəlsin qonaqlarla söhbət eləsin. O, əsgərlikdə Moskvada olmuşdu, rus dilini yaxşı bilirdi. İstirahət günü olduğundan atam evdə idi. Evimiz Kür çayının lap yaxınlığında yerləşirdi. On-on beş dəqiqə keçməmiş atam bizim yanımızda idi və qonaqlarla söhbətə başlamışdı. Əcnəbilər atama suallar verir, atam da gah Kür çayına, gah kəndimizə, gah da Tuğay meşəsinə baxaraq onların suallarına cavab verirdi. Birdən turist qadınlardan biri yaxınlıqdakı yulğun topasına yaxınlaşaraq onun budağını aşağı əyib çiçəklərini qoxulamağa başladı. Üzünə qonan sevinc hissini gizlətməyərək rəfiqəsini çağırdı. Rəfiqəsi tez gəlib həmin yulğun çiçəklərini sığalladı və gülümsündü. Onlar atamdan yenə də nəsə soruşdular. Atam gülərək cavab verdi. Qonaqlar dəfinə tapmış kimi sevinərək yulğun çiçəklərindən üç-dörd böyük dəstə bağladılar. Necə də gözəl görünürdü… Sonra əllərini Kür çayında yudular, çaya xeyli vaxt tamaşa etdilər. Baxışlarından çox məmmnun olduqları duyulurdu. Gülə-gülə atama təşəkkür və bizə əl edərək maşına mindilər. Adətən Aranda yerləşən bizim kəndimizə turistlərin, o da ola başqa ölkədən olan turistlərin, gəlməsi, bu bəlkə də nadir hadisə idi və indi də mənə həmin hadisə yuxu kimi gəlir. Amma həmin gündən əvvəllər heç bir əhəmiyyət vermədiyim yulğunu həm də çiçəklərinə görə sevdim. İndi də yulğun çiçəklərini qoxulamaqla kəndimizin ətrini duyur, Kürün səsini eşidir, anamı, atamı, uşaqlıq dostlarımı və həmin günü xatırlayıram. Kişi sözlərini qurtardı. Xudahafizləşib ayrıldıq. Az qala bir neçə dəqiqə onun söhbətinin təsirindən çıxa bilmədim. İlk dəfə görürəmmiş kimi yulğun kollarına, onun çiçəklərinə diqqətlə baxdım. Doğrudan da yulğun kolu, onun çiçəkləri necə də gözəldir…
Varli bir kişi var idi. Ömrü boyu sərvət yığmağı qarşısına məqsəd qoyan bu adam ahıl yaşında zəngin dövlət sahibinə çevrilmişdi. Bu kişinin var-dövləti aşıb-daşsa da, xeyirxah deyildi. Kasıb-kusuba əl tutmaz, xeyirdə, şərdə iştirak etməzdi. Həmişə əli gətirdiyindən çox şeyi başa düşmür, mahiyyətini anlamırdı. Amma görürdü ki, pulu-parası çox olsa da camaat onu sevmir. Fikirləşirdi ki, yəqin adamlar mənə paxıllıq edirlər. Bir gün bu kişi xəstələndi, yatağa düşdü. Bütün adlı-sanlı həkimlər, bilikli loğmanlar gəlib onu müayinə etsələr də dərdinə əlac tapmadılar. Kişi uzun müddət yataqda uzanıb düşünür, illərlə topladığı, qazandığı pulların, qiymətli əşyaların onun sağalması üçün heç bir əhəmiyyət kəsb etmədiyinə təəssüflənirdi. Bir də ona görə təəssüflənirdi ki, ölüb gedəcək, hamı onun haqqında pis sözlər danışacaq. Çünki qohum-əqrəba, el-oba üçün heç bir faydalı iş görməmiş, yaxınlarının dərdinə şərik olmamışdır. Elə buna görə də onu heç kim yoluxmağa gəlmirdi. Bütün günahların özündə olduğunu gec də olsa, başa düşən kişi gələcəkdə yeganə oğlunun da bu vəziyyətə düşməməsi üçün onu yanına çağırıb dedi: –Oğlum, mən bu dünyadan tezliklə köçəcəyəm. Sənə iki vəsiyyətim var. Birinci vəsiyyətim budur ki, məni ayağımda corab dəfn etdir. İkinci, sənə bir zərf verəcəyəm. Yalnız ən ağır, çıxılmaz vəziyyətə düşəndə onu açarsan. Bir neçə gündən sonra ata vəfat etdi. Oğul atasının vəsiyyət etdiyi kimi onu ayağında corab dəfn etmək istədi. Amma molla və ağsaqqallar şəriətə zidd olduğundan buna qəti etiraz etdilər. Oğul ilk baxışda atasının sadə görünən vəsiyyətini yerinə yetirə bilmədiyinə görə çox təəssüf etdi. Birdən yadına atasının verdiyi zərf düşdü. Tez zərfi açıb oradakı kağız parçasına yazılmış bu sözləri oxudu: –Oğlum, mən səni başa salmaq üçün birinci vəsiyyəti etmişdim. Bil ki, insan öləndə özü ilə heç nə aparmır, nəyi var bu dünyada qalır. Elə yaşa ki, səni xeyirxah əməllərinə görə xatırlasınlar. Mənim səhvlərimi təkrar etmə, insanlara gərəkli ol.
Təzə idarədə işə başladıqdan cəmi bir ay keçmiş Məhərrəm Səməndərli ilə dostlaşdım. O, idarənin əsas istehsalat şöbələrindən birinin rəisi idi. Məndən on-on beş yaş böyük olsa da söhbətimiz tuturdu. Müxtəlif mövzularda danışırdıq. Ara-sıra şeir yazdığımdan bədii ədəbiyyat mövzusunda söhbəti xoşlayırdım. Məhərrəm müəllim də özünün bu sahədə bilikli olduğunu göstərmək üçün Nizamidən, Füzulidən, Səməd Vurğundan xüsusi intonasiya ilə şeirlər söyləyirdi. Məni də ruhlandırır, yazılarımı tərifləyirdi. Əsasən vətənpərvərlik mövzusunda və uşaqlar üçün yazdığım şeirləri toplayıb kiçik bir kitab çap etdirdim. İlk kitabımı əlimə alanda sevinirdim. Az qalırdım quş kimi uçam və hamıya bu xəbəri çatdıram: -Mən şairəm, kitabım çıxıb. Kitablarımdan dostlarıma, tanışlarıma fəxrlə hədiyyə edirdim. Birini də Məhərrəm müəllimə bağışlamaq istədim. Kitabı alıb məni təbrik etdi və -Ay şair, avtoqrafsız da kitab hədiyyəsi olar?- kitabı mənə qaytardı. -Bunu yaz, Dürdanəyə. – Məhərrəm müəllimin kiçik qızının adı Dürdanə idi. Üçüncü sinifdə oxuyurdu. – O şeiri çox sevir, oxuyar, əzbərləyər. Həyəcənla, həyatımda ilk dəfə olaraq müəllif olaraq kitaba avtoqraf yazdım. Bir neçə gün keçmiş nahar fasiləsində Məhərrəmlə qarşılaşdım. Məni görən kimi ucadan: -Şair, şeirlərin əladır. Kitabı Dürdanə aparıb məktəbə. Müəllimləri də şeirləri oxuyub, bəyəniblər. Sinif yoldaşlarının hərəsi bir şeirini əzbərləyiblər. Sevindim. Şeirlərim kiminsə xoşuna gəlirsə, deməli, yaxşı yazıram. Ürəyimdə qürurlandım. – Çox sağ olun, Məhərrəm müəllim.-dedim. -Şair, sən daha çox yaz. Səndən təzə kitab gözləyirik. Bir müddət sonra Məhərrəm müəllim dedi ki, məktəbdə maraqlı tədbir keçirilib, Dürdanə də sənin kitabından iki şeiri əzbər deyib, hamının xoşuna gəlib. Bu xəbər məni daha çox fərəhləndirdi. Yeddi-səkkiz aydan sonra Məhərrəm müəllimi başqa bir idarəyə daha məsul vəzifəyə göndərdilər. Açığı onun uğuruna sevinsəm də bizim idarədən çıxmasına kədərləndim. Hər halda söhbətimiz tuturdu, səmimi, söhbətcil insan idi, hər bir mövzuda danışa bilirdim. Məhərrəm müəllimin yerinə onun müavini Zəkərayı təyin etdilər. Onunla da münasibətim yaxşı idi. Zəkaray otağıma zəng elədi. Salamlaşdıqdan sonra: -Məhərrəm müəllimin köhnə kitabları qalıb, baxıram, lazımsızları atıram. Sənin kitabın da var, istəyirsənsə gəl götür. Getdim, kitabı götürdüm. Açdım, varaqladım. Görünüşündən “Məhərrəm müəllimin xoşuna gələn, qızının əzbərlədiyi, müəllimlərinin də bəyəndiyi şeirlər olan kitab”-ın vərəqlənmədiyi, heç bircə dəfə də oxunmadığı aydın hiss olunurdu.
AD, YOXSA SOYAD? (QISA HEKAYƏ) Şöbəmizdə tez-tez maraqlı hadisələr baş verir. Bu gün də belə oldu. İşə təzəcə başlamışdıq. Teiefon zəng çaldı. Əlizadə telefonun dəstəyini qaldırdı. Zəng edənin səsini yaxşı eşitməsəm də, başa düşdüm ki, onların söhbəti təxminən bu məzmundadır: -Bəli, eşidirəm.. -Kimdir, danışan? -Əlizadə. -Mənə Ağayev lazımdı. -Bəli, Ağayevdi. -Ə…Bayaqdan deyirdin, Əlizadədir, indi deyirsən, Ağayevdir. -Əlizadə adımdır, Ağayev soyadımdır. -Qəribə adınız var e, lap soyada oxşayır. -Bağışlayın,Siz kimsiniz? -Babalı. -Adınız nədir? -Dedim, Babalı. -Bəs, soyadınız? -Soyadım Aslandır. -Sizin də qəribə soyadınız var, lap ada oxşayır.Üstəlik adınız da elə bil soyaddır. Birdən Əlizadə gülməyə başladı. Telefonun o biri başından da gülüş səsi gəlirdi.