Etiket arxivi: GÜLXANİ PƏNAH

GÜLXANİ PƏNAH YAZIR

Çingiz Abdullayevin əsərlərinin dünya və Azərbaycan ədəbiyyatında detektiv janrın inkişafında rolu

Detektiv janr dünya ədəbiyyatında uzun inkişaf yolu keçmiş, müxtəlif mərhələlərdə yeni məzmun, forma və estetik prinsiplərlə zənginləşmişdir. Bu janrın əsas xüsusiyyəti cinayət, sirr və onun açılması üzərində qurulsa da, zaman keçdikcə o, yalnız kriminal hadisələrin təsviri ilə kifayətlənməyərək sosial, psixoloji və fəlsəfi problemləri də əhatə edən geniş bir ədəbi sahəyə çevrilmişdir. Azərbaycan ədəbiyyatında isə detektiv janr nisbətən gec formalaşmış, lakin XX əsrin sonlarından etibarən sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu inkişafda müstəsna rol oynayan yazıçılardan biri də Çingiz Abdullayev olmuşdur.
Çingiz Abdullayevin yaradıcılığı yalnız Azərbaycan ədəbiyyatı çərçivəsində deyil, həm də dünya detektiv ədəbiyyatı kontekstində xüsusi əhəmiyyət kəsb edir. Onun əsərləri müxtəlif dillərə tərcümə olunmuş, geniş oxucu auditoriyası qazanmış və detektiv janrın yeni mərhələyə keçidində mühüm rol oynamışdır. Bu məqalədə yazıçının yaradıcılığı, detektiv janra gətirdiyi yeniliklər və onun dünya ədəbiyyatındakı yeri geniş şəkildə təhlil olunur.
Detektiv janrın əsasları XIX əsrdə qoyulmuşdur. Bu sahədə ilk nümunələrdən biri Edgar Allan Poe tərəfindən yaradılmışdır. Onun “Morq küçəsində qətl” əsəri detektiv janrın başlanğıcı hesab olunur. Onun qəhrəmanı Ogüst Düpen analitik düşüncənin simvolu kimi çıxış edir və son­rakı detektiv obrazları üçün əsas model rolunu oynayır.
Daha sonra Artur Konan Doyle tərəfindən yaradılan Şerlok Holms obrazı detektiv janrın klassik strukturunu formalaşdırmışdır. Holmsun müşahidə qabiliyyəti, məntiqi təhlili və qeyri-adi yanaşmaları janrın əsas xüsusiyyətlərinə çevrilmişdir.
XX əsrdə isə Agatha Christie kimi yazıçılar detektiv janrı zirvəyə qaldırmış, mürəkkəb süjet quruluşu və gözlənilməz final ilə oxucuları heyran etmişlər. Bu mərhələdə detektiv janr artıq yalnız cinayət açmaq deyil, həm də insan psixologiyasını, sosial münasibətləri və mənəvi dilemmanı əks etdirən ədəbi sahəyə çevrilmişdir.


Ədəbiyyatın elmi, bədii dəyəri onun intellektual səviyyəsindən asılıdır. Müasir oxucu nağıl, hekayə, əfsanə, öyüd-nəsihət dolu əsərlərlə artıq “razılaşmır”. Alimlərimiz fikirlərində haqlıdır ki, “…müasir oxucu təfəkkürcə çox inkişaf etmişdir, o, sözün əsl mənasında mütəfəkkir oxucudur. O, ağlını, emosiyalarını zənginləşdirməyən əsərləri rədd edir. Kitab, qəzet, radio, televiziya və başqa kütləvi bilik və məlumat vasitələrinin son dərəcə inkişaf etmiş olduğu indiki dövrdə oxucuları primitiv söz yığını ilə əyləndirmək olmaz”. Hər oxucu təfəkkürünə və emosiyalarına təsir etmək və onu düşündürmək gücünə malik olmalıdır: “Sadədən tutmuş mürəkkəbə qədər hər şeyin ağıl süzgəcindən keçirildiyi zəmanəmizdə zəruriliyi və həqiqiliyi sübut olunmamış heç bir müddəa zehinlərə təsir edə bilməz. İndi oxucuların seçmə və ayırdetmə qabiliyyətləri müstəsna dərəcədə artmışdır” (Z. Göyüşov).
Dünya ədəbiyyatında elə nadir sənətkarlar vardır ki, yaratdığı əsərlər geniş bədii təsir gücünə, zəngin məzmuna malikdir. Bu əsərlər xalq, millət çərçivəsindən çıxıb, ümumdünya mədəniyyətinin tərkib hissəsinə çevrilir, ümumbəşəri şöhrət qazanır. Onların bir çoxu dünya ədəbiyyatının şah əsərləri siyahısına daxildir: Homerin “İliada”sı, “Odisseya”sı, Nizaminin “Xəmsə”si, Hötenin “Faust”u, Dantenin “İlahi komediya”sı, Füzulinin “Leyli və Məcnun”u, Firdovsinin “Şahnamə”si… buna parlaq nümunədir.


Azərbaycan ədəbiyyatında detektiv janrın inkişafı əsasən XX əsrin ikinci yarısına təsadüf edir. Sovet dövründə bu janr ideoloji çərçivədə inkişaf etsə də, müstəqillikdən sonra daha sərbəst və realist xarakter almışdır. Bu dövrdə detektiv əsərlərdə cinayət hadisələri ilə yanaşı, cəmiyyətin problemləri, korrupsiya, siyasi oyunlar və insan taleləri də əks olunmağa başlanmışdır.
Məhz bu mərhələdə Çingiz Abdullayevin yaradıcılığı Azərbaycan detektiv ədəbiyyatına yeni nəfəs gətirmişdir. O, klassik detektiv elementlərini müasir siyasi və sosial reallıqlarla birləşdirərək janrın sərhədlərini genişləndirmişdir.
Çingiz Abdullayevin əsərlərində əsas mövzular dünyada baş verən kriminal hadisələrdir. Cinayət aləmindən götürülən bu mövzular təkcə bir şəhər, ölkə daxilində deyil, dünyada baş verən hadisələrdən qaynaqlanır. Dünya oxucusuna təqdim olunan cinayətkarların dövləti, milli mənsubiyyəti yoxdur. Onlar qrup, təşkilat halında olduğu kimi, tək-tək də öz çirkin əməllərini, arzularını həyata keçirmək üçün hər cür cinayətlərə əl atırlar. Çünki onlar öz istəklərinə çatmaq üçün ölkəsini, üstündə gəzdiyi torpağı, çörəyi ilə böyüdüyü vətəni satmağa hazır qeyri-insani keyfiyyətlərə malik adamlardır. Onlara qarşı mübarizə aparanlar haqq-ədalət naminə sinəsini düşmən gülləsinə sipər edənlərdir. Cinayətkarlara qarşı mübarizədə birləşən dünya dövlətlərinin xüsusi təşkilatları vardır və onlar belə cinayətkar qruplara, mafiya təşkilatlarına qarşı mübarizədə mütəşəkkil fəaliyyət göstərirlər.***
Çingiz Abdullayevin əsərlərinin əsas xüsusiyyətlərindən biri onların yüksək intellektual səviyyədə yazılmasıdır. Onun əsərlərində hadisələr sadəcə kriminal süjet üzərində qurulmur, eyni zamanda beynəlxalq siyasət, diplomatiya, xüsusi xidmət orqanlarının fəaliyyəti və geosiyasi münasibətlər geniş şəkildə təsvir olunur.
Yazıçının yaratdığı Dronqo obrazı dünya detektiv ədəbiyyatında xüsusi yer tutur. Dronqo yalnız cinayətləri açan bir detektiv deyil, həm də analitik düşüncə qabiliyyətinə malik, yüksək in­tel­lektual səviyyədə fəaliyyət göstərən bir obrazdır. Bu baxımdan o, klassik detektiv obraz­larından fərqlənir və daha müasir xarakter daşıyır.
Çingiz Abdullayevin detektiv janra gətirdiyi yenilikləri bir neçə istiqamətdə nəzərdən keçirmək olar:

  1. Siyasi detektiv janrın inkişafı. Onun əsərlərində cinayət hadisələri çox vaxt beynəlxalq siyasətlə əlaqələndirilir. Bu isə detektiv janrın yeni – siyasi detektiv istiqamətinin inkişafına səbəb olmuşdur.
  2. Psixoloji dərinlik. Yazıçı personajların daxili aləmini dərindən açır, onların motivlərini və psixoloji vəziyyətlərini təhlil edir. Bu, əsərlərin daha realist və təsirli olmasına səbəb olur.
  3. Real hadisələrə əsaslanma. Çingiz Abdullayevin əsərləri çox vaxt real faktlara və hadisələrə əsaslanır. Bu isə oxucuda daha böyük inam və maraq yaradır.
  4. Qlobal məkan. Onun əsərlərində hadisələr yalnız bir ölkə ilə məhdudlaşmır, müxtəlif ölkələrdə baş verir. Bu isə əsərlərə beynəlxalq miqyas qazandırır.

Çingiz Abdullayevin əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuş və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanmışdır. Bu, onun yaradıcılığının yalnız milli deyil, həm də qlobal əhəmiyyət daşıdığını göstərir.
Onun əsərləri dünya detektiv ədəbiyyatında yeni bir istiqamətin – siyasi və intellektual de­tek­tivin formalaşmasına töhfə vermişdir. Bu baxımdan o, Agatha Christie və Artur Konan Doy­le kimi klassik detektiv ustalarından fərqli olaraq daha müasir və mürəkkəb mövzulara müraciət etmişdir.
Azərbaycan ədəbiyyatında Çingiz Abdullayev detektiv janrın ən parlaq nümayəndələrindən biri hesab olunur. Onun əsərləri bu janrın inkişafına böyük təkan vermiş, yeni yazıçıların yaran­masına təsir etmişdir.
Yazıçının əsərlərində milli xüsusiyyətlər, Azərbaycan reallıqları və cəmiyyətin problemləri də öz əksini tapır. Bu isə onun yaradıcılığını daha dəyərli və əhəmiyyətli edir.


Çingiz Abdullayevin şəxsiyyəti, həyatı haqqında oxucuları ətraflı bilgilərə malik olmalıdır. Hər bir oxucu əsərini oxuduğu yazıçının şəxsi həyatı ilə maraqlanır. Mir Cəlal yazır ki, “sənətkarın həyatı, tərcümeyi-halı, ona olan ictimai təsirlər təhlil obyektində əhatə olunmalıdır. Tədqiqatın bu cəhəti elmi, tarixi əhəmiyyətindən başqa, xüsusən tərbiyəvi məna kəsb etmiş olur. Məlum olduğu üzrə, ədəbiyyat klassiklərinin çoxunun şəxsi həyatı, məişəti, zövqü, rəftarı, insanlara münasibəti, ünsiyyəti həmişə böyük maraq doğurur. Oxucuların çoxu sənətkarın məişətini bilməyə, öyrənməyə maraq, rəğbət göstərir”.
Detektiv romanlar müəllifi kimi tanınan Çingiz Abdullayev tələbəlik illərindən mətbuatla yaxın olmuş, “Komsomol proyektoru” qəzetinin baş redaktoru və hüquq fakültəsi idman klubunun prezidenti seçilmişdir. 1979-cu ildə Qazaxıstanın paytaxtında və 1980-ci ildə Lvovda hüquqşünasların Ümumittifaq müsabiqələrində birinci yerləri tutmuşdur. 1981-ci ildə universiteti bitirdikdən sonra SSRİ Aviasiya Sənayesi Nazirliyinin müəssisələrində, 1984–1986-cı illər ərzində xaricdə işləmiş, iki dəfə yaralanmış, “Qırmızı bayraq”, “Qırmızı ulduz” ordenləri, medallarla təltif olunmuş yazıçı Bakıya qayıtdıqdan sonra Dövlət Təhlükəsizlik Komitəsi, prokurorluq, polis idarəsi kimi hüquq-mühafizə orqanlarına məsul vəzifələrə irəli çəkilmişdir. Yerli və keçmiş Sovetlər Birliyinin mətbu orqanlarında müntəzəm bədii yazıları ilə çıxış edən yazıçının “Mavi mələklər” adlı ilk kitabı 1988-ci ildə çapdan çıxmışdır.

Detektiv əsərlər müəllifi Ç. Abdullayevin əsərlərinə həm yaşlı, orta nəslin, həm də gənclərin marağı böyükdür. Yaxından tanıyan dostları onun yazıçılıq istedadı haqqında yaxşı deyib ki, onda “Allah vergisi var” və bu vergi onu böyük ilham və enerji ilə çalışmağa vadar edir. Bu “misilsiz zəhmətkeşliyi əlli yaşına qədər” onu məşhur yazıçı etdi — “bütün dünyanın tanıdığı detektiv yazıçı” (Natiq Rəsulzadə).
Ədəbi fəaliyyətinə tələbəlik illərindən başlayan Ç. Abdullayev dövri mətbuatda oçerk, məqalə, detektiv janrda yazdığı əsərləri ilə müntəzəm çıxış edir, Azərbaycan, rus, ingilis dilində yazıb-yaradır. İngilis, italyan dillərində sərbəst danışan yazıçının əsərləri müxtəlif dillərə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 20 milyon nüsxədə olan 600-dən çox kitabının dünyada yayıldığı bildirilir. Azərbaycanda baş verən hadisələri özündə əks etdirən “Ləğv edilmiş mərasim”, “Alçaqların qanunu”, Qarabağ hadisələrindən bəhs edən “Kriminal komediya”, “Şəxsi həyatın etüdləri”, “Şərəfsizliyin qiyməti”, “İnsan ovu”, sənədli “Qara Yanvar”, “Peşəkarların qaydası”, “Nifrət okeanı” kimi yüzədək romanın müəllifi kimi tanınır.
“Bankirin ölümü”, “Günəş altında zülmət”, “Mavi mələklər”, “Əclafların qanunu”, “Qanın üç rəngi”, “Məhşər ayağında”, “Etiraflar vadisi”, “Centelmen sövdələşməsi”, “Quba kapriççosu”, “Döyüşçünün yolu” və s. əsərləri Azərbaycan dilindədir.
Ç. Abdullayevin özünəməxsus yaradıcılıq yolu var, kimsənin açdığı yolla getməyib. O, elmi, biliyi ilə, böyük ruh yüksəkliyi ilə cisminə sığmayan ruhu ilə o əsərlərin içindədir, o əsərlərinin sanki baş qəhrəmanıdır. XVII əsrin ispan yazıçısı və mütəfəkkiri Baltasar Qrasian yazırdı: “Ruh yüksəkliyi… qəhrəmanın ən əsas atributlarından biridir, çünki yüksək şeylərin hamısına məhəbbəti daha da alovlandırır: zövqə incəlik, ürəyə böyüklük, fikirlərə qanad, xarakterə alicənablıq, şəxsiyyətə əzəmət verir. Ruh yüksəkliyi nə vaxt peyda olursa-olsun, onu o saat hiss edəcəksən. Hətta paxıl fələk onu zülmə düçar edəndə imkanlar məhdudlaşsa da, o göylərə can atır, arzularla böyüyür. O, mərdliyin, fədakarlığın bütün nümunələrinin mötəbər mənbəyidir”.
Yaradıcılığındakı bu ruh yüksəkliyi Çingiz Abdullayevə Dronqo kimi ədəbiyyata səs salacaq obrazı yaratmağa kömək edib. Əsrin ən məşhur detektivini yaratmaq Azərbaycan ədəbiyyatının nümayəndəsinə qismət olub.
Çingiz Abdullayev əsərləri geniş oxucu kütləsinin ən çox maraq göstərdiyi əsərlərdir. Hazırda tirajı 23 milyon nüsxədən artıq və 27 dilə tərcümə olunmuş 138 roman və povestin müəllifi Ç. Abdullayevin kitabları əsasında yeddi çoxseriyalı və bir bədii film çəkilmişdir:
“Dronqo” (13 seriya)
“Yol verilən günah” (2 seriya)
“Son diaqnoz” (2 seriya)
“Mileniumda bir dəfə” (2 seriya)
“Əclafın dəsti-xətti” (2 seriya)
“Manyakın idrakı” (2 seriya)
“Ümidin külü” (20 seriya)
2006-cı ildə “Azərbaycanfilm” kinostudiyasında Çingiz Abdullayevin romanı əsasında “Məhkumların cənnəti” filmi çəkilmişdir.
Yazıçının əsərləri “Qrand-master”, “Humay”, “Qızıl qələm”, “Şərəf və ləyaqət” mükafatları ilə yanaşı, “Dronqo” filmi “Qanun və cəmiyyət” adlı Moskva Beynəlxalq detektiv filmləri kinofestivalının prizinə layiq görülmüş, 2004-cü ildə alman kitab nəşriyyatının “Avropa romanının inkişafına töhfələrinə görə” mükafatına layiq görülmüşdür.
Ç. Abdullayev Avropa yazıçılarının “Avrovavilon-2000” səfərinin iştirakçısıdır.
1989-cu ilin fevralından Azərbaycan Yazıçılar Birliyinin təşkilati məsələlər üzrə katibi, hal-hazırda Birinci katibi vəzifəsində çalışır. 1992-ci ildə PEN-klubun vitse-prezidenti, 1994-cü ildən SAKS-klubun prezidenti, 2003-cü ildə Beynəlxalq Ədəbi Fondun yanvar konfransında Ədəbi Fondun müştərək sədri, 2005-ci ildə Yazıçılar İttifaqları Beynəlxalq Cəmiyyətinin sədr müavini, 2011-ci ildən PEN-klubun prezidenti seçilən yazıçı 2005-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə “Xalq yazıçısı” adına layiq görülmüşdür.
Hüquq elmləri sahəsində fəaliyyəti böyükdür. Hüquq elmləri doktoru, professordur. “Bir sıra beynəlxalq yaradıcılıq qurumlarının işində də səmərəli fəaliyyəti ilə yanaşı, öz şəxsi elmi və yaradıcılıq işlərini qurmaqda fövqəladə bacarıq və geniş özünüifadə imkanlarına malik olduğunu da nümayiş etdirib və etdirir” (Xeyrulla Əliyev).
Yazıçının istedadı onun yaratdığı əsərlərin öz xalqı, eləcə də dünya oxucuları arasında qazandığı şöhrəti ilə ölçülür. Həqiqi sənətkar dövrünün, zəmanəsinin oxucularını düşündürən, heyrətə gətirən fikri, yeni hissi, əsərinin tutumu ilə parlayır. “Bu parıltı illər keçdikcə nəinki sönür, əksinə, yeni bir qüvvə ilə şölələnib yanır. Nə qərinələrin boranlı və coşqun hadisələri, nə də ki, illərin və əsrlərin soyuqluğu bu hərarəti azalda bilmir. İllər bir-birini təqib edib keçir, tarix hökmünü, sular yatağını, torpaq simasını dəyişirsə də, sənətin hökmü gücündə, sözün qərarı qüvvəsində… yerində qalır” (M. Əliyev).
Detektiv janr bədii ədəbiyyatın maraqlı qollarından biri olub son əsrlərdə daha çox inkişaf etməyə başlayıb. Dünyanın hər yerində baş alıb gedən bir sıra çətinliklər, bəşəriyyəti ağuşuna almaqda olan “ağ ölüm”ün gətirdiyi fəlakətlər, ictimai–siyasi ziddiyyətlər, güclü iqtisadi, sosial gücə malik dövlətlərin yeritdiyi hegemon siyasət nəticəsində törədilən münaqişələr, müharibələr, terror aktları detektiv əsərlərin məzmununu təşkil edir.


Çingiz Abdullayev yaradıcılığı siyasi kəskinliyi və tarixiliyi, xəlqiliyi ilə seçilir. O, ədəbiyyatımıza detektiv janrın ən gözəl nümunələrini gətirən, onu inkişaf etdirən, bu janrın Azərbaycan ədəbiyyatında ən gözəl nümunələrini yaradan məhsuldar yazıçıdır. İstər Azərbaycan, istər beynəlxalq mövzudan istifadə etmiş olsun, bu əsərlərdəki həyat həqiqətləri müəyyən dövr üçün səciyyəvi olan məsələlərlə bağlıdır. Bu əsərlərdə dünyanın nəzər-diqqətini cəlb edən məsələlər əsasdır. Əsrin sonlarında dağılmış SSRİ və digər sosialist ölkələrin iqtisadi və siyasi həyatında çox ciddi böhranlar, xalqların yaşadığı məhrumiyyət və işgəncələr, özbaşınalıqlar və bundan istifadə edən qüvvələrin cəmiyyətdə törətdikləri qətllər, qarətlər öz əksini tapır. Romanlarında mühüm ictimai-siyasi hadisələri əhatə edən mürəkkəb bir dövrün problemləri vardır. Həyat materiallarına lazımınca yiyələnən yazıçı bu janrın tələblərinə də dərindən bələd olduğundan qazandığı uğurlar çoxdur.
Yuxarıda qeyd etdiyimiz kimi, Çingiz Abdullayev məhsuldar yazıçıdır. Onun sayı-hesabı bilinməyən əsərlərinin yaranmasında, işıq üzü görməsində əsas amil istedadı ilə yanaşı yorulmazlığı, zəhmətsevərliyi, hədsiz enerjisidir. Yaxın dostu, xalq yazıçısı Anar onun zəhmətsevərliyinə yaxşı bələddir. Çingizlə gecə avtobusunda Madriddən Barselonaya getdikləri günü xatırlayan yazıçı bütün gecəni, bütün yol boyu onun “noutbukunda” işlədiyini yada salır. Gündüzlər şəhərə çıxıb, muzeyləri gəzib, axşam yenə Madridə qayıdan yazıçının yenə də işlədiyini görən Anar etiraf edir ki, “yuxusuz və istirahətsiz yazmaq inanılmaz xüsusiyyətdir və bu hörmətə layiq olduğu qədər də heyrətamizdir. Bu, təkcə söz seçmək, fraza qurmaq bacarığı deyil. Kəskin süjetlər düşünmək, müxtəlif həyati həqiqətləri bədii həqiqətə çevirmək xüsusi məharət tələb edir”.
65 illik ömründə, otuz illik yaradıcılığı dövründə Çingiz Abdullayev əsərləri ilə dünyanı “fəth” etmişdir. Səyavuş Məmmədzadə “Ömrün ekvatoru və sözün meridianları” məqaləsində yazır: “Əlli yaşı ömrün ekvatoru saymaq olar. Bu yazının səbəbkarına şamil ediləndə həmin təşbeh yalnız məcazi mənada deyil, hərfi mənada da düşünülə bilər. Çünki Ç. Abdullayevin təxminən otuz il ərzində yazdığı əsərlərin yayıldığı ölkələr, keçdiyi yollar nəzərə alınsa, demək olar ki, yer kürəsini qurşayar… Bizim söz sənətimizin tarixində, yəqin ki, belə bir qələm sahibi olmamışdır… Onilliklərlə Çingizin əsərlərinə dünyanın hər yerində, Rusiyanın, Avropanın baş bilən oxucuları, eləcə də sənət adamlarının göstərdiyi tükənməz maraq bir sabit, həqiqi istedaddan, fenomendən xəbər verir”.
Çingiz Abdullayev — Azərbaycan yazıçısı olaraq dünya yazıçısı kimi dünya oxucularının hörmət və ehtiramını qazanmışdır. Ümumbəşəri ideyalarla zəngin Azərbaycan ədəbiyyatı bəşəriyyətin mənəvi tərəqqisinin də ifadəçisidir. Ədəbi əlaqələrin qüvvətlənməsi, xalqlar arasında sülh, əmin-amanlıq, dostluq kimi humanist hisslər tərbiyə edən Azərbaycan ədəbiyyatının həm SSRİ ərazisindəki xalqlarla, həm də xarici ölkə xalqları ədəbiyyatı ilə əlaqəsinin zəngin və qədim tarixi var. Kökü çox qədimlərə gedib çıxan, sərhədləri bilinməyən Azərbaycan ədəbiyyatının ən qiymətli mənbələri Amerika, İngiltərə, Almaniya, Fransa, Rusiya, Türkiyə, Çin, Şərqin ən böyük mədəni ölkələrindədir — muzeyləri, kitabxanaları, əlyazmalar mərkəzini zənginləşdirir. Avropa, Asiya, Afrika, Amerikada Azərbaycanın mədəniyyətinə, ədəbiyyatına böyük maraq var.
Azərbaycan poeziyası kimi onun elmi, fəlsəfi, bədii nəsri də dünya oxucularına məlumdur. Əsası Mirzə Fətəli Axundov tərəfindən qoyulan Azərbaycan nəsrinin bu gün müxtəlif növlərdə dəyərli nümunələrinin yaranması qürur doğurur. Baxmayaraq ki, poeziyamıza nisbətən nəsrimiz son yüzilliklərdə yaranmağa başladı. Tezliklə Axundovun, Cəlil Məmmədquluzadənin bütün Şərqi qəflət yuxusundan oyadan əsərləri yarandı. Azərbaycan ədəbiyyatı Avropa, Asiya bədii nəsrinin sıralarında şərəfli yer tutacaq nümayəndələri ilə tanındı. Əbdürrəhim bəy Haqverdiyev, Tağı Şahbazi Simurğ, Süleyman Sani Axundov… nəsr, dram əsərləri ilə İran, Türkiyə, Zaqafqaziya, Qafqaz, Rusiya ədəbi mühitində tanındı. XX əsrin əvvəllərində Məmməd Səid Ordubadi Azərbaycan nəsrinə iri həcmli dəyərli nəsr əsərləri bəxş etdi. Tezliklə Süleyman Rəhimov, Əbülfəsən Ələkbərzadə, Mehdi Hüseyn, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı, İsa Hüseynov, Anar, Elçin… ədəbiyyata gəldi. Onların əsərləri dünya oxucularına da yaxşı tanışdır. Bu da göstərir ki, Azərbaycan bədii təfəkkürü istər poetik, istər dramatik, istərsə də nəsr sahəsində qüdrətli nümunələr yarada biləcək qabiliyyətə malikdir. Çingiz Abdullayev ədəbi nəsrimizdə detektiv janrın inkişafında böyük rolu olan yazıçıdır və dünya oxucularına yaxşı tanışdır.


Çingiz Abdullayevin əsərlərində əsas ideya xətti ədalət, həqiqət və insanlıq prinsipləri üzərində qurulmuşdur. Onun qəhrəmanları çox vaxt çətin seçim qarşısında qalır və bu seçimlər onların xarakterini formalaşdırır.
Əsərlərdə istifadə olunan dil sadə, lakin təsirlidir. Süjet xətti dinamikdir və oxucunu sonadək maraq içində saxlayır. Bu xüsusiyyətlər onun əsərlərini geniş oxucu kütləsi üçün cəlbedici edir.
Bəzi tənqidçilər Çingiz Abdullayevin əsərlərində hadisələrin bəzən həddindən artıq mürək­kəb­ləşdirildiyini qeyd etsələr də, bu, əslində onun yaradıcılığının fərqləndirici xüsusiyyətidir. Çünki müasir dünya reallıqları da mürəkkəb və çoxşaxəlidir.
Digər tərəfdən, onun əsərlərində bəzən ideoloji elementlərin güclü olması da qeyd olunur. Lakin bu, yazıçının yaşadığı dövrün və cəmiyyətin təsiri kimi qiymətləndirilə bilər.
Çingiz Abdullayev detektiv janrın həm Azərbaycan, həm də dünya ədəbiyyatında inkişafına mühüm töhfə vermişdir. Onun əsərləri bu janrın sərhədlərini genişləndirmiş, ona yeni məzmun və forma qazandırmışdır.
Yazıçının yaradıcılığı göstərir ki, detektiv janr yalnız cinayət və onun açılması ilə məhdud­laşmır, eyni zamanda cəmiyyətin problemlərini, insan psixologiyasını və beynəlxalq münasibətləri əks etdirən güclü ədəbi vasitədir.
Çingiz Abdullayevin əsərləri gələcək nəsillər üçün də aktual olaraq qalacaq və detektiv janrın inkişafında mühüm rol oynamaqda davam edəcəkdir.
Sözümüzü Xalq şairi Vaqif Səmədoğlunun bu fikirləri ilə bitirmək istərdik: «… o, keçmiş SSRİ məkanında və bütün dünyada ən çox tanınmış Azərbaycan yazıçılarından biridir. Mən onun qədər zəhmətkeş, deyərdim ki, zəhmət fədaisi görməmişəm… Çingizin pərəstişkarları çoxdur, yalnız Azərbaycanda və keçmiş SSRİ məkanında yox, deyərdim ki, bütün dünya miqyasında Çingiz Abdullayev yaradıcılığını analitik dərəcədə sevən oxucu var. Bununla bizim hamımızın qürur duymağa və fəxr etməyə tam haqqımız var».

GÜLXANİ PƏNAH
Filologiya elmləri doktoru, dosent.

GÜLXANİ PƏNAHİNİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

88 yaşlı böyük ədib, Xalq yazıçısı Anara

88 yaşlı böyük ədib, Xalq yazıçısı Anara

Hörmətli Anar müəllim!

Bu məktubu yazarkən bir tərəddüd hissi keçirirəm. Çünki Sizin kimi sözün məsuliyyətini ömrü boyu çiyinlərində daşımış bir yazıçıya müraciət etmək, əslində, sözün imtahanıdır. Hər cümlə ölçülüb-biçilməli, hər fikir vicdandan süzülməlidir. Siz illər boyu bizə sözün necə yazılmalı olduğunu öyrətmisiniz. Bu gün isə biz Sizin haqqınızda söz deməyə çalışırıq.
Səksən səkkiz illik ömür – bu, sadəcə zaman ölçüsü deyil. Bu, bütöv bir ədəbi tarixdir. Bu tarixdə həm sovet dövrünün mürəkkəb ideoloji çərçivələri, həm milli özünüdərk mərhələsi, həm də müstəqillik illərinin sarsıntıları var. Siz bütün bu mərhələlərdən keçərək Azərbaycan ədəbiyyatında öz yerinizi yalnız qoruyub saxlamadınız, onu daha da möhkəmləndirdiniz.


Azərbaycan nəsrində Sizin adınız xüsusi bir mərhələ ilə assosiasiya olunur. Sizdən əvvəlki nəsil əsasən ictimai-siyasi pafosun, kollektiv qəhrəmanlığın təsiri altında yazırdı. Siz isə diqqəti insanın daxilinə yönəltdiniz. Qəhrəmanlarınız tribunadan danışmır, öz ürəklərinin səsi ilə danı­şırdılar. Onlar bəzən zəif, bəzən tərəddüdlü, bəzən ziddiyyətli idilər. Amma həmişə canlı və həqiqi idilər.
Siz sübut etdiniz ki, ədəbiyyat yalnız ideoloji sifarişin icrası deyil. Ədəbiyyat insanın özünə hesabatıdır. Vicdan qarşısında hesabatıdır. Bu baxımdan, Sizin yaradıcılığınız Azərbaycan nəsrin­də psixoloji realizmin yeni mərhələsini yaratdı. İnsan ruhunun incə qatlarını açmaq, daxili mono­loqu dərinləşdirmək, susqunluğun arxasındakı ağrını göstərmək – bunlar Sizin ədəbi üslubunuzun ayrılmaz cəhətləridir.
Sizin əsərlərinizdə zaman yalnız fon deyil, həm də obrazdır. Dövrün mənəvi atmosferi, cə­miyyətin təzyiqləri, fərdin sıxıntıları – bütün bunlar bir-birinə qarışaraq mürəkkəb bir tablo ya­radır. Oxucu həmin tabloda özünü görür. Bəlkə də Sizin yaradıcılığınızın gücü məhz buradadır: oxucu özünü Sizin qəhrəmanlarınızda tapır.


Siz ədəbiyyatı yalnız estetik hadisə kimi deyil, həm də milli yaddaşın qorunması vasitəsi kimi qəbul etdiniz. Bu mövqe xüsusilə müstəqillik illərində daha aydın hiss olundu. Dilə, mədə­niyyətə, ədəbi ənənəyə münasibətdə həmişə həssas oldunuz.
Ədəbi mühitdə qloballaşma meylləri güclənəndə belə, Siz milli ruhun itirilməməsi üçün mübarizə apardınız. Çünki yaxşı bilirdiniz: ədəbiyyat öz kökündən qoparsa, uzunömürlü ola bilməz. Sizin prinsipial mövqeyiniz bəzən mübahisələr doğursa da, zaman göstərdi ki, bu mövqe ədəbiyyatın özünü qorumaq naminə idi.


Uzun illər ədəbi təşkilatın rəhbərliyində olmaq həm şərəf, həm də ağır yükdür. Çünki burada təkcə ədəbiyyat deyil, insan münasibətləri, ambisiyalar, incikliklər, gözləntilər də toqquşur. Siz bu mürəkkəb mühitdə tarazlığı qorumağa çalışdınız.
Bir rəhbər kimi ən böyük üstünlüyünüz ədalət hissiniz oldu. Siz istedadı şəxsi münasibətdən üstün tutmağa çalışdınız. Gənc qələm sahiblərinə meydan vermək, onların səsini eşitmək, ədəbi prosesə cəlb etmək – bunlar təsadüfi addımlar deyildi. Siz bilirdiniz ki, ədəbiyyat nəsillərin davam­lılığı ilə yaşayır.
Bir çox gənc yazıçı ilk kitabının işıq üzü görməsində, ilk müzakirələrdə iştirakında Sizin dəstəyinizi hiss edib. Bəzən bir təşviqedici söz, bəzən konstruktiv tənqid, bəzən də sadəcə diqqətlə dinləmək – bunların hər biri yaradıcı insan üçün böyük stimuldur. Siz bunu əsirgəmədiniz.


Sizinlə eyni mühitdə çalışanlar deyirlər ki, Siz sakit və təmkinli görünməyinizə baxmayaraq, daxildə böyük prinsipiallıq daşıyırsınız. İşə məsuliyyətsiz yanaşanla sərt, zəhmətkeş və səmimi olanla isə son dərəcə qayğıkeş olmusunuz.
Sizin tələbkarlığınız şəxsi ambisiyadan deyil, sənətə hörmətdən doğur. Siz sözün ucuzlaşma­sına dözə bilmirsiniz. Ədəbiyyatın səviyyəsinin aşağı düşməsi Sizi narahat edir. Buna görə də ic­laslarda, müzakirələrdə mövqeyinizi açıq şəkildə bildirmisiniz.
Lakin bu tələbkarlıq heç vaxt insanı alçaltmaq formasında olmayıb. Əksinə, Siz tənqidi in­kişaf vasitəsi kimi görmüsünüz. Bir yazıçının səhvini göstərərkən onun şəxsiyyətinə toxunmamaq – bu, böyük mədəniyyət tələb edir. Sizdə bu mədəniyyət var.


Yaradıcılıq mühiti bəzən rəqabət, hətta qısqanclıq mühiti ola bilir. Lakin Sizin həyat yolunuz göstərir ki, dostluq və sədaqət bu mühitdə də mümkündür. Siz dostlarınıza çətin günlərdə arxa ol­dunuz. Onların uğuruna səmimi sevindiniz. Heç vaxt başqasının kölgəsində qalmaq qorxusu ilə yaşamamısınız.
Sizin üçün dostluq yalnız xatirələr deyil, həm də məsuliyyətdir. Dostun dərdini bölmək, haqsızlığa məruz qalanda yanında olmaq, arxasınca deyil, üzünə söz demək – bunlar Sizin xa­rakterinizin ayrılmaz hissəsidir.
Ömrünüzün bu müdrik çağında dünyasını dəyişmiş dostlarınızın da xatirəsini yad etmək üçün hər məzar üstünə əyilib qoyduğunuz güllərlə üzünüzdəki dost itkisindən doğan iztirab daxili dünyanızın gözəlliklərinə açılan qapını bizim də üzümüzə açmış olur. İnsan, dost, sirdaş kimi səmimiyyətinizin də dəyərini dəyərləndirməyi bizə diktə etmiş olur.


Böyük ad qazanmaq insanı dəyişə bilər. Lakin Sizin simanızda biz şöhrətin yaratdığı süni məsafəni görmürük. İllərdir bir yerdə çalışırıq, Sizdən gördüyümüz səmimiyyət, sadəlik önündə baş əyirik. Siz qələm dostlarınızla, həmkarlarınızla, oxucu ilə, gənc yazarla, tələbə ilə ünsiyyətdə sadə qalmağı bacarırsınız.
Səmimiyyətinizdə pafos yoxdur. Danışığınızda təmtəraq yoxdur. Fikirlərinizdə isə aydınlıq var. Siz mürəkkəb məsələləri belə sakit və məntiqli şəkildə izah edə bilirsiniz. Bu, həm zəkanın, həm də daxili balansın göstəricisidir.


Sizin əsərləriniz müxtəlif dövrlərdə yazılsa da, onların əsas mövzusu dəyişməz qalıb: insan və onun vicdanı. Bu mövzu nə köhnəlir, nə də aktuallığını itirir. Çünki cəmiyyət dəyişsə də, insanın daxili sualları dəyişmir.
Siz insanı seçim qarşısında qoyursunuz. O, rahat yolu seçəcək, yoxsa vicdanlı yolu? O, susacaq, yoxsa danışacaq? O, uyğunlaşacaq, yoxsa etiraz edəcək? Bu suallar hər dövrdə aktualdır. Məhz buna görə də Sizin yaradıcılığınız zamanın fövqündə dayanır.


Bu gün Siz artıq təkcə yazıçı deyil, həm də ədəbi yaddaşın daşıyıcısısınız. Sizin xatirələriniz, müşahidələriniz, şahidi olduğunuz hadisələr Azərbaycan ədəbiyyat tarixinin canlı səhifələridir. Siz müxtəlif nəsillərlə ünsiyyətdə olmusunuz, fərqli dövrlərin ədəbi mühitini yaşamısınız. Bu təcrübə misilsizdir.
Gənclər üçün Sizinlə bir masa arxasında oturmaq belə dərsdir. Çünki onlar yalnız bir yazıçını deyil, bir dövrü dinləyirlər.


Hörmətli Anar müəllim!
Bu məktubda deyilənlər Sizin xidmətlərinizin yalnız bir hissəsidir. Bəlkə də sözlə ifadə et­mək mümkün olmayan daha böyük bir mənəvi təsiriniz var. Siz bir çoxumuz üçün ədəbiyyata inamın simvolusunuz. Sözün hələ də dəyərli olduğuna inamın simvolusunuz.
Səksən səkkiz yaş – müdriklik yaşıdır. Amma Sizin düşüncəniz hələ də canlı, enerjiniz hələ də hiss olunur. Arzu edirəm ki, bu müdrik səs hələ uzun illər eşidilsin. Yeni nəsillər də Sizin təc­rübənizdən bəhrələnsin.
Siz Azərbaycan ədəbiyyatında yalnız bir ad deyil, bir mövqesiniz. Bu mövqe vicdanın, sə­mimiyyətin, prinsipiallığın mövqeyidir. Və bu mövqe yaşadıqca, ədəbiyyatımız da yaşayacaq.
Dərin ehtiram və sonsuz hörmətlə.

GÜLXANİ PƏNAH
Filologiya elmləri doktoru, dosent.

GÜLXANİ PƏNAHİNİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I