Etiket arxivi: Nigar Settar-zade

Nigar Səttarzadənin “AXIDILMIŞ QANIN İZİ İLƏ” romanı haqqında təəssüratlarım

Nigar Səttarzadənin “AXIDILMIŞ QANIN İZİ İLƏ” romanı haqqında təəssüratlarım

“Axıdılmış qanın izi ilə” romanı Nigar Səttarzadənin yaradıcılığından oxuduğum birinci nümunədir. Bu kitabı da dəyərli ziyalı Zaur Ustac öz şəxsi kitabxanasından mənə bağışlayıb.
Romanın ifadə dili o qədər sadə və cəlbedicidir ki, oxumağa başlayandan haçan yarıya çatdığımı hiss etmədim.
Müəllif bu kitabda taleyin 20 yanvar zərbəsi dəymiş insanların həyat hekayələrini, xatirələrini və yaşantılarını qələmə almışdır.
“Axıdılmış qanın izi ilə” maraqlı həyat hekayələri olan obrazların qalareyasıdır.
Müəllif faciənin miqyasını təkcə yaddaşlara həkk olunmuş hadisələrlə ideyil, illər keçəndən sonra hiss və duyğularda təzahür edən əzab və iztrablarla təqdim edir.
Burda baş qəhraman kim atası 20 yanvarda qəhramancasına şəhid olmuş Nazənindir. Bütün baş verənlər onun dili ilə çatdırılır.
Nazənin istedadlı, həsas və hyatsevər bir qızdır. O, öz təkidi ilə qönşudakı rəsm müəlliminin yanına gedərək rəssamlıq qabilliyyətləri qazanıb, dərslərində məsuliyyətlidir.
Bütün hadisələr onun özünün yaşadığı , gördüyü və eşitdiyi həyat gerçəklikləri fonunda təqdim olunur.
Əslində romanın çox yığcam bir süjet xətti var.
Başlanğıcda Nazənin ailəsi-anası və Rüxsarə nənəsinin ailə qayğıları, həyat tarixçələri təsvir olunur.
Ailə müqəddəs amal uğrunda canından keçmiş şəhid Nadirin adını, şərəfini və yeganə yadigarı olan Nazənini qoruyub saxlamaq üçün hər bir qəhrəmanlığa hazırdır.
Romanın qayəsi “qara yanvar” müsibətini, işğalçı ordunun xalqımıza qarşı etdiyi zülm və işgəncəni, xalqın mübarizə ruhunu, iradəsini təsvir etməkdir. Bunun üçün müəllif qəhrəmanını həmin hadisələrin ağrılarını öz yaddaşında yaşadan insanlarla qarşılaşdırır. Baş verənlər həmin qəhrəmanın danışdığı acı xatirələridir.
Düzdür, hadisələr bəzən dəyişərək süjet xəttindən kənara çıxir, amma maraqlı həyat hekayələri ilə müşayət olunduğundan bu, o qədər də hiss olunmur.
Romanınn əvvəlində Nazəninin uşaqlıq qayğıları təhsili, maraqları atası haqqında qurduğu xəyallarları, həmçinin doğmalarının həyat tarixçəsi, zamanla qarşılaşdığı problemlər, təsvir olunsa da əsas düyün nöqtəsi Nazənin anası və nənəsi ilə birlikdə Şəhidlər xiyabanına getdiyi epizodda üzə çıxır. Ailə adətən təkcə 20 yanvarda deyil, digər əlamətdar günlərdə də Nadirin məzarını ziyarətə gedir. Bu dəfə də doğum gününün ildönümü ilə əlaqədar olaraq Şəhidlər xiyabanına gedərkən onlardan qabaq məzarın üstünə gul qomüş bir kişi ilə rastlaşırlar. Aralarında olan maraqlı dialoqdan məlum olur ki, daim Nadirin qəbri üstünə tər çiçək gətirn bu insan onun fədakarlığı hesabına həyatda sağ qalmış həkim Rüstəm Cəfərlidir. Nadir həmin 19 yanvar gecəsində onun həyatını düşmən gülləsindən qoruyub, lakin bu fədakarlıq zamanı öz həyatını itirmişdir.
Rüstəm o yanvar gecəsinin bütün dəhşətlərini yaşamış bir həkimdir. O, həmin gecə insanların qəniminə çevrilmiş işğalçıların törətdiyi cinayətlərin şahididir. Bir həkim kimi güllə yarası almış insanların yardımına gedərkən güllə yağışına tuş gəlir. Belə şəraitdə həm yaralını, həm də onun həyatını xilas etmək istəyən bir cavan oğlanla rastlaşır.
Gözlərini qan örtmüş əsgərlər yaralını xilas etməyə imkan vermirlər, onu güllələyib məhv edirlər. Rüstəmin həyatı üçün təhlükə yarandığı anda hmin fədakar insan özünü qabağa verərək onu xilas edir, özü isə qəhrəmancasına həlak olur.
Rüstəm onu xilas edən şəxsin Nadir adlı birisi olduğunu biləndən sonra daim məzarını ziyarət edir, ailəsinin, yaxınlarının axtarışına çıxır. Belə bir təsadüf baş verənlərdən illər keçəndən sonra baş tutur.
Onun məramı həyatını borclu olduğu şəhidin ailəsinə öz mənəvi borcunu çatdırmaqdır.
Tanışlıqdan sonra fikri dəqiqləşir. Qət edir ki, bundan sonra bir doğma kəs kimi həyatı heç də asan keçmyn ailədən aralı düşməsin, doğma ata əvəzi olaraq həmişə Nazəninin yanında olsun, ailənin hər bir problemini Nadirin əvəzinə özü qarşılasın. Hadisələrin gedişində də biz bunu bariz şəkildə görürük.
Nazəninin gözünə görə ağır əməliyyata getməsi, müalicəsi zamanı Rüstəm bir an belə ailəni tək buraxmır.
Romanda öz həyat müsibətləri ilə diqqəti cəlb edən obrazlarından biri də Sadiq həkimdir. O, Nazəninin ağır göz əməliyyatını boynuna götürmüş cərrah, xəstəxananın baş həkimidir.
Sadiqin ürək ağrıdan kədərli bir həyat hekayəsi olub. İradəli və fitrətən istedadlı olan bu günahsız insan ailə həyatında xəyanətin qurbanı olub. Başına gələnlərdən sarsılıb ruhdan düşdüyü bir zamanda Fürizə adlı bir qız ona ikinci nəfəs verir, həyatını təzədən qürmağa ruhlandırır. Lakin həyatının huzur tapdığı məqamda yanvar hadisələri ona ikinci zərbəni vurur Xəstəxanada və yardıma qaçdığı yerdə əynindəki ağ xələt qana bələnir. Belə bir vəziyyətdə evə dönərkən işıqsız qalmış evdə növbəti faciə baş verir. Təbiəti etibarı ilə nisbətən qorxaq və emossyonal olan Füruzə onun üstündəki qanı gördükdə şok vəziyyətinə düşür, özündən gedir. Həkim müdaxiləsinə baxmayaraq özünə gəlmir və dünyasını dəyişir.
Beləliklə, uğursuz bir həyat istedadlı, talesiz insanı əsəb və ürək xəstəliyinə salır, butun ümidlərini boşa çıxır.
20 yanvar yarasını güclə həzm edən Sadiq həkim şəhid balası Nazəninin dərdlərinə şərik olmağı özünə mənəvi borc bilir, kədrli həyatını cilalamaq üçün bütün qüvvəsini ortaya qoyur. Sağalmasına az ümid olan qızın əməliyyatı uğurlu keçir. Lakin həkim həyatın acı dərslərini yada salıb təsirlənir, əməliyyatdan bir qədər sonra huşunu itirərək xəstəxanalıq olur.
Ümumiyyətlə, bu yığcam romanda özünə yer tutmuş bütün personajların hər biri özünəməxsus xarakter və xüsusiyyətl mxsusdurlar. Nazəninin anasının dayısı Əlihüseyn davakar olmaqla yanaşı, həm də ürəyiyuxa adamdır. Doğmaları üçün canından belə keçməyə hazırdır. Hazırlıq müəllimi Minayə müəllim mülayim insan olmaqla yanaşı dar ayaqda hövsəlsizdir. Rusiyada fədakarlıq göstərərkən zədələnib qospitala düşür. Özünü çatdıran ana emossiyalarına sakin ola biməyib sarsılır ağlşma qurur. Tibb bacısı onu kənar şəxs hesab edir sakitləşməyini tələb edir. Minayə müəllimə özünü ələ ala bilməyən qızın saçından yapışıb tənbeh etməkdən də çəkinmir.
Amma, sonda məlum olur ki, bu qız gələcəkdə elə gəlini olacaqmış.
Roman nikbin bir sonluqla yekinlaşır.
Nazənin əməliyyatın uğurlu alınması şərəfinə hazırlanmış tortun məhz Sadiq həkimin kəsməyini arzulasa da, onun gəlmədiyindən pərişan olur və onu çağırmağa yollanır. Amma həkimin kabinetinə girərkən qəribə mənzərə ilə rastlaşır. Həyatını xilas etmiş insan özü huşsuz vəziyyətdə kresloda oturub. Ona yardım etmək istəyəndə masanın üstündə eyni ilə özünün bənzəri olan bir qızın şəklini görür və təəccüb edir. Sonda həmin qızın Füruzə olduğunu Rüstəm açib deyir.
Bu epizodun hansı məna kəsb etdiyi bir qədər ziddiyyətlidir. Amma mənim çıxardığım nəticə
Nigar Səttarzadənin “Axıdılmış qanın izi ilə” romanının ötürdüyü mesaj isə belədir öz həyatını sevgisinə, həyat amalına qurban verənlər sevgiyə, xalqın ehtiramına layiqdirlər.
Sevgi də enerji kimidi, o itmir, ancaq öz formasını dəyişir. Nazəninin şəhid atası öz ürəyinin hökmü ilə özünü xalqa qurban vermiş Rüstəmlə Sadiq həkim də həmin sevgini Nazəninə, qaytarmışlar.
Sonda isə Nazənin kitabın üz qabığında təsvir olunan qaydada portretini yaradaraq bütün sevgilərin yaşamaq hüququnu bəyan etmək istəyir.
Romanı oxuyub başa çıxarkən həm də bir həqiqətə inanırsan ki, “qanlı yanvar” həm də Rüstəmin, Sadiqin, Nazəninin timsalında xalqımızın oyanışa, birliyə, gətirib çıxarmış şərəf yoludur.
Zənnimcə, oxuduğum kitab ənənəvi romanlardan bir qədər fərqlidir. Mənə görə süjet xəttinin yığcamlığına görə daha çox povestdir. Süjet xəttindən kənara çıxmalar da var.
Oxuduqca hiss edirsən ki, Nazənin surəti müəllifin öz prototipidir. Nigar xanım romanı yazarkən məqsədi yolunda mücadil etdiyini, 20 yanvar hadisələrini canlı şahidəri ilə uzun müddət tmasda olub onların xatirələrinidən bəhrələnib.
Romanı oxumağa dəyər. Maraqlı və təsirlidi.
Müəllifə uğurlar arzulayıram!

Müəllif: Şahlar Hacıyev

ŞAHLAR HACIYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nigar Səttarzadənin əsəri haqqında

Salam, əziz dostlar! Yəqin ki, Nigar xanımı hamınız tanıyırsınız. İnstagramın mənə tanıtdığı gözəl insanlardan biridi. Keçən il özü ilə kitab yarmarkasında tanış olmaq qismət oldu. Çox mədəni, zərif, mehriban xanımdır. Söhbətimiz o qədər xoş alındı ki, gedəsi yerim olsa da, sağollaşa bilmirdik. Biz də sonra vaxt təyin edib rahat görüşməyə razılaşdıq. Kitabını əldə etdim və sağ olsun ki, imzaladı. “20 yanvar” ərəfəsi oxumağı planlayırdım və oxudum. Kitaba gəldikdə, onu deyim ki, axşam çox yuxum gəlsə də maraqdan kitabı əlimdən qoya bilmədim. Mən tarixdən ilhamlanan, həm araşdırma, həm də xəyal gücünün nəticəsi olan əsərləri sevirəm. Nigar xanım həm tariximizin ən önəmli dövrlərindən birini canlandırıb, həm də bunu oxucunu sıxmadan, həyəcanlandıraraq, maraqda qoyaraq etməyi bacarıb. Yad millətlərə edilənləri biz qarışıq, dünya oxuyur. Amma öz çəkdiklərimiz də az deyil. Kaşki xalqımıza edilənlər də dünyada oxunsa.. İnşallah bu vəzifəni “Axıdılmış qanın izi ilə” romanı yerinə yetirəcək. Əsər həm də çox doğma gəlirdi, milli ünsürlər, gözəl adətlərimiz, ədəb-ərkan qaydalarımız öz əksini tapmışdı. Xalqımızın necə mərd, qəhrəman oğulları və qızları olduğunu göz önünə sərirdi. Həmçinin ailə-məişət mövzularına toxunulub, qəzəbin, səbrsizliyin, dinləməməyin necə böyük fəsadlara gətirə biləcəyini də bu romanda görürük.

Bir sözlə, əsər böyük həcmli olmasa da, içinə çox seyi sığdıra bilmiş gözəl yazıçımız Nigar Səttarzadə. Qələminizə sağlıq! Yenə yazın, yenə oxuyaq!

Hörmətlə: Fərizə Zahirova

Nigar Səttar-zadənin “Axıdılmış qanın izi ilə” romanını oxuyuram

Nigar Səttar-zadənin “Axıdılmış qanın izi ilə” romanını oxuyuram. Oxunaqlı, maraqlı, eyni zamanda psixoloji təsir gücünə malik kitabdır. Mən heç vaxt tərif yaza bilmədiyimə görə tənqidləri yazım. İlk növbədə romanda altı mövzunun eyni zamanda işləməsi insanın beynini qarışdıra bilir. Fikrimcə Qədir həkimin həyatını ayrıca yazmaq daha maraqlı olardı. Romanın əvvəlində bizə təqdim olunan üç cəfakeş, öz gücləri ilə ayaqda durmağa çalışan azərbaycanlı xanım bir yerdən sonra yoxa çıxır. Hər üçü danışılan hekayələri dinləməklə məşğul olurlar. Obrazların cizgiləri və otaqların təsviri bir qədər daha çox olsa əla olardı.
Ümumillikdə oxunaqlı və maraqlı kitabdır. Bədii üslub, yazı dili əla seçilib. Bir çox unudulmuş sözləri özüm üçün də kəşf etmək şansım oldu. Tarixi roman hesab etmək nə qədər doğrudur müzakirə etmək olar, buna baxmayaraq bəyəndiyimi deyə bilərəm. Mənə görə oxunması lazım olan kitablardandır. On bal üstündən yeddi bal verdim.


Nigar xanıma bolca oxucu və uğurlar arzulayıram.
Hər kəsə xoş mütaliələr.

Hörmətlə: Nurlan Yunusov

Ayətxan Ziyad – Rəyə rəy

“Axıdılmış qanın izi ilə”

Kitab haqqında mülahizələrinizi məmnuniyyətlə oxudum. Yanaşma tərzinizdə Zaur Ustac mövqeyi bütün məqamlarda özünü göstərir.
Və buna görə Sizə minnətdaram. Hər haldan çox həm də ona görə ki, hərbi-vətənpərvərlik mövzuları mənim üçün olduqca önəmlidir. l Qarabağ müharibəsi illərində Azərbaycan Dövlət radiosunda, respublikanın müxtəlif mətbuat orqanlarında və “Şahidlər” məqalələr toplusunda nəşr edilmiş, amma illərdir kitab halında nəşrini gözləyən toplunun müəllifiyəm.
Təşəbbüsünüzü isə xüsusi alqışlayıram.
Bu yazılarımı, inşaAllah, sizə göndərəcəyəm.
Məqalənizdə ürəyimə təskinlik gətirən 1 halı xüsusi qeyd etmək istəyirəm.
Məqamı gələndə “hekayət” istilahına müraciət etməyinizi alqışlayıram. BİZ Azərbaycan efirinin aparıcılarına “hekayət”lə “hekayə” terminlərinin fərqli anlayışlar olduğunu dərk etdirməliyik. Və bu fikrimdə qalıram ki, “hekayət” jurnalistikanın janrları sırasında tədris proqramına daxil edilməlidir.

Yeni kitab haqqında mövqeyinizə görə minnətdaram.


Hörmətlə, AYƏTXAN ZİYAD , yazıçı-jurnalist, tədqiqatçı.

“Axıdılmış qanın izi ilə”

“AXIDILMIŞ QANIN İZİ İLƏ”

ALTMIŞ ÜÇÜNCÜ YAZI

(Nigar Səttarzadənin eyni adlı kitabı haqqında)

Salam olsun, çox dəyərli oxucum! Yurdumuzun şanlı (hərb) tarixində qurumuş qan rəngində heç vaxt silinməyəcək, ləkə kəsmiş bir iz var. Zaman-zaman “qanlı yanvar”, “20 yanvar”, “hüzn günümüz”, “qürur günümüz” kimi xatırladığımız bu gün (günlər) yaxınlaşmaqdadır. Həmin müdhiş günlərin ərəfəsindəyik. Aşağıda yuxarıda böyük əminliklə vurğuladığım “heç vaxt silinməyəcək” məsələsinə bir daha aydınlıq gətirəcəm. O barədə bir az sonra… Mətləbə keçməzdən əvvəl həmin günlərə (1990-cı ilin 20-si yanvar və ondan sonrakı günlərə) qısa tarixi ekskurs etmək istəyirəm. Həmin vaxt mən Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbində X sinfdə oxuyurdum (Artıq “Lenin yolu” qəzetində demək olar ki, müntəzəm dərc olunduğum vaxtlar idi). 19-undan 20-sinə keçən gecə Bakıda baş vermiş qanlı qırğından 20-si sübh tezdən kəndə gələnlərdən şifahi məlumatla xəbər tutduq. Həmin gün dərs olmadı. Müəllim və şagirdlər, bütün kənd camaatı kəndin Ağdam tərəfdən girişində toplaşıb xeyli müzakirə (mitinq)  etdilər. Bakıdan gələn şahidlər danışdı biz dinlədik. O gün həmin yerdə 20 yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədi ilə abidənin bünövrəsi qoyuldu (şəhidlərin 40-na qədər abidə hazır olmuşdu 40-da abidənin önündə yenə mitinq oldu – mitinqdə  tanınmış hərbi foto-reportyor  mayor Nağı Yusifcanlı tərəfindən çəkilmiş foto indi də şəxsi arxivimdə qalmaqdadır). Bir müddət sonra kəndin girişindəki post da orada qurulacadı… İndi də həmin yerə “Abidə”, “Abidənin yanı” deyirik… Sonrakı günlərdə  Şuşadan televiziya qısa yayımlar etməyə başladı (Bakıda televiziyada baş verənlərdən hamının xəbəri var idi)…  Şəhidlərin 40-na qədər və  ondan sonara qısa bir müddət ərzində çox saylı  fotolarla qəzet məqalələri (xüsusilə “Vətən” cəmiyyətinin orqanı olan “Odlar yurdu” qəzetini vurğulamaq istəyirəm) ilə yanaşı tərtibçilərindən biri Azərbaycanın Xalq  yazıçısı Çingiz Abdullayev olan, fotolarla müşayət olunan publisistik yazılardan ibarət rus dilində “Черный январь Баку – 1990” kitabı və Azərbaycanın Xalq şairi rəhmətlik Bəxtiyar Vahabzadənin şeirlərdən ibarət ana dilimizdə “Şəhidlər” kitabı nəşr olunmuşdu. Sonrakı illərdə həm televiziya və radio efirlərindən, həm də müxtəlif mətbuat orqanlarından çoxlu sayda şahidlərin xatirələri ilə tanış olduq… Hər il təkrar-təkrar baxdıq, dinlədik, oxuduq… Nəhayətdə “20 yanvar” qurumuş qan rəngində qapqara qan yaddaşımıza çevrildi… Yuxarıdakı “HEÇ VAXT SİLİNMƏYƏCƏK” körpüsü üzərindən mətləbə, söhbərimizin məğzinə, görüşümüzün səbəbinə keçmək istəyirəm.

HEÇ VAXT SİLİNMƏYƏCƏK “AXIDILMIŞ QANIN İZİ …”

Yuxarıdakı qısa haşiyədə qeyri-adi heç nə yoxdur. Bu qeydlər həmin günləri yaşamış canlı şahidin – yeniyetmənin gördüklərinin, eşitdiklərinin təzahürü-inkasıdır. Ancaq haqqında söhbət açacağım “Axıdılmış qanın izi ilə” kitabının mövcudluğu artıq hadisə, tarix, milli kimlik, qan yaddaşı, genefond məsələsidir. Kitabın müəllifi Nigar Səttarzadə 7 iyul 1991-ci ildə Bakı şəhərində anadan olub. Atası Nazim (Allah rəhmət eləsin) müəllim də tanınmış qələm adamı olub. Hətta atasının da yazıçı olması belə Nigarın qəhrəmanlıq göstəricisinə xələl gətirmir, onun gördüyü işin miqyasını kiçiltmir, əhəmiyyətini azaltmır. 20 yanvar hadisələrindən bir il sonra həmin hadisələrin baş verdiyi şəhərdə (şəhərin mərkəzində) dünyaya göz açan Nigar Səttarzadə eşitdikləri, gördükləri (lent yazıları və filmlərdə) əsasında özündə formalaşdırdığı milli təəssübkeşlik ruhundan güc alaraq belə bir məsuliyyətli işin öhdəsindən böyük ustalıqla gəlmişdir. Bu məqamda yuxarıdakı qeyidlərimə daha bir nümunəni əlavə etmək istəyirəm. Mərhum Qələndər Xaçınçaylının “Güllə işığında” məlum hadisələrdən bəhs edən povestilə də tanışam və rəhmətliyin sağlığında (AYB-nin “Natəvan” zalında təqdimat zamanı da) kitab barədə özü ilə söhbətimiz – müzakirəmiz olub. Yəqin ki, mənim hələ rastlaşmadığım başqa nümunələr də var. Bu qəbildən olan demək olar ki, bütün mətnlərdə publisistikanın təsiri hiss olunur, izləri aydın görünür… Məhz bu baxımdan  “Axıdılmış qanın izi ilə” başqa izlərə qarışmır. Nigar Səttarzadənin əsəri bütün məziyyətləri ilə sırf bədii əsərdir. Məncə gənc yazar bir az da irəli gedərək oxucunu ələ almaq üçün kitabçılıq sənayesinin və oxucu bazarının tələbləri ilə vacib fəndlər işlədib.

KİTABIN ÜSTÜNLÜKLƏRİ

Müəllif böyük təvazö göstərərək, özünü hər vəchlə gənc yazar kimi təqdim etməyə çalışsa da, Nigar Səttarzadə imzası Azərbaycan və Türkiyə oxucusuna kifayət qədər tanışdır. Bu fikrimi təkcə son 20-25 gün ərzində ən azı 3-4 dəfə fərqli məkanlarda olduqca müxtəlif auditoriyanın iştirakı ilə  təşkil olunmuş imza günləri, müzakirələr, görüşlər də təsdiqləyir. Məncə, Nigar Səttarzadə kitabçılıq sənayesində ilk uğurlu addımlarını atan, oxucu bazarı uğrunda istənilən müasir yazıçı ilə ədalətli rəqabət apara biləcək gücdə olan püxtələşmiş (və ya püxtələşməkdə olan) yazıçıdır. Müəllifin və şübhəsiz ki, kitabın ərsəyə gəlməsində əməyi olan yaradıcı heyətin qərarı ilə bədii-tarixi roman kimi səciyələndirilərək təqdim olunmuş “Axıdılmış qanın izi ilə” əsəri sözün əsl mənasında həm bədiilik, həm də tarixilik baxımından böyük nümunəvi, eyni zamanda tərbiyəvi əhəmiyyət kəsb edir. “Kitabçı” nəşriyyatında nəfis şəkildə çap olunmuş kitabın fiziki göstəriciləri demək olar ki, müasir tələblərə tam cavab verir. Əsas məsələyə – kitabın içindəkilərə gəlincə, əsərin qayəsi insan, insanlıq, ayrı-ayrı fərdlər, onların özünü cəmiyyətdə necə aparması, ailə, ailədaxili münasibətlər, uşaqlar, böyüklər, xalqlar, onların fərqli dilləri, müxtəlif zümrədən olan fərqli peşə sahibləri və s. və il. … bu siyahını kifayət qədər uzatmaq olar. Ancaq  xüsusilə indiki dövrdə belə uzunçuluğa ehtiyac yoxdur. Çünki, qoyulmuş problemdən, qaldırılmış məsələdən asılı olmayaraq mərkəzdə insan, onun  milliyətindən, dilindən, dinindən, mənsəbindən asılı olmayaraq səhvləri, yalnış qərarları, sonra aradan qaldırılması mümkün olmayan nəticələr dayanır.

Nigar Səttarzadə nəql edəcəyi hekayətə birbaşa mərkəzdən – kuliminasiya nöqtəsindən başlayır ki, bu da zamanın tələbi ilə ayaqlaşmanı göstərən daha bir təqdirəlayiq addım kimi qeyd olunmalıdr.  Oxucunu ilk sözdən, cümlədən ələ almaq olduqca önəmlidir. Əgər, diqqətli oxucu, izləyici, dinləyici fikir versə görər ki,  xüsusilə son 5-6 il ərzində əksər filimlər, hətta cizgi filmləri, hekayətlər, əhvalatlar kəskin və qızğın hərəkətlə başlayır. Bu başlanğıcda yeganə məqsəd oxucunu, dinləyicini, izləyicini, tamaşaçını sonra nə olacağın ardınca aparmaqdan ibarətdir.

Nigar Səttarzadə də dünyanın harsında yaşayıb-yaratmasından asılı olmayarq  öndə olan müasirləri kimi hadisənin “ən hərəkətli” (qəhrəmanı yartaqda uzanıqlı olsa belə) yerindən – ortasından (“0” nöqtəsindən) Miladdan Öncə, Milladdan Sonra prinsipi ilə öz hekayətini nəql etməyə başlayır və böyük ustalıqla (yazıçı peşəkarlığı ilə) olduqca müxtəlif zaman və məkanlarda baş vermiş hadisələri bir-birilə bağlayır. Olduqca fərqli və ibrətamiz insan talelərini əlaqələndirir. Keçidlər edir. Demək olar ki, əsər boyu zamanın itməsi və qəfildən peyada olma halları ilə rastlaşmırıq. Rüstəm doktorun daxil edilməsindən tutmuş, Qədirin ailə hekayətinə kimi bütün hallar “qanlı izi” sürməyə xidmət edir. Məncə, müəllifin hayqırarq demək istədiyi bircə fikir var: İNSAN OLUN!

XIRDA NÖQSANLAR

Əlbəttə, ümumi işin xeyirinə olaraq belə bir gözəl və faydalı nümunənin növbəti nəşrlərdə daha da təkmilləşməsi üçün gördüyü hər bir xırda nöqsanı göstərmək  yaxşı dostun, qələm yoldaşının vəzifə borcu olmalıdır. Yuxarıda qeyd etdiyim kimi kitab demək olar ki, poliqrafik məhsul kimi ideal – müasir bazarın tələblərinə tam cavab verə biləcək səviyyədə çap olunub. Mövzu seçimində, əhatəlilikdə, faydalılıqda, məzmunda, ifadə tərzində heç bir problem yoxdur. Əksinə yüksək peşəkarlıq, ustalıq hiss olunur. Eyni zamanda xırda texniki qüsurlar da var. Belə ki, bütün kitab boyu bir neçə eyni orfoqrafik xətanın davamlı şəkildə təkrarlanması halı var. Ümidvaram ki, növbəti nəşrlərdə bu xırda nöqsanlar da aradan qaldırılacaq.

KİTABIN FAYDASI VƏ ƏHƏMİYYƏTİ

Nigar bu əsəri yazmaqla  qanlı yanvar hadisələrinin silkələyib oyatdığı şəhərin, məmləkətin övladı olduğunu həm mənəvi, həm də fiziki baxımdan sübut edir, təsdiqləyir. Digər maraqlı məqam ondan ibarətdir ki, hələ neçə belə Nigarlar doğulacaq. Nigar Səttarzadənin bu kitabı gələcək nəsillərə  gözəl bir nümunə olmaqla yanaşı, müəyyən dairələr üçün də tutarlı ismarıcdır.  Tomrislər, Saray xatunlar, Nüşabələr, Həcərlər var olduqca bu izi itməyə qoymayacağıq! Axıdılmış qanın izi ilə sona qədər gedəcəyik!

TÖVSİYƏ

20 yanvar hadisələrinin növbəti il dönümü ərəfəsində 1990-cı il qanlı yanvarın 19-undan 20-sinə keçən gecəsinin qaranlıq küçələrinə işıq salan “Axıdılmış qanın izi ilə” kitabını mən bu Yurdun övladıyam deyən hər bir kəs mütləq oxumalıdır. Nigar Səttarzadənin “Axıdılmış qanın izi ilə” kitabını oxumaq istəyənlər  Bakı şəhərinin mərkəzində, 28 may metro stansiyası yaxınlığında, M.Qaşqay 8 ünvanında yerləşən “Kitabçı” kitab evindən əldə edə bilərlər. Kitabı əldə edib oxuduqdan sonra fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Kitab haqqında resenziyalar ilboyu “Yazarlar” jurnalında və “yazarlar.az” saytında dərc olunacaq. Seçilmiş məqalələr 2025-ci ilin sonunda “İZ SÜRƏNLƏR” adı altında toplu kimi çap olunacaq. Bu yazı sənin ilk məqalən, bu kitab sənin ilk kitabın ola bilər. Niyə də olmasın. Kitab haqqında irili-xırdalı rəylərinizi zauryazar@mail.ru ünvanına göndərməyi unutmayın. İşıtırakçılar üçün sürpriz hədiyyələr nəzərdə tutulub. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sağ olun.

Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

Nigar Səttarzadə – Yaxşılığın cəzası

Yaxşılığın cəzas

(hekayə)

Nənəm sağlığında həmişə mənə gözəl məsləhətlər verərdi. Vaxtilə bir çox sözlərinin mahiyyətinə vara bilməsəm də, nəsihətlərini qulağıma sırğa edərdim.
– Mənə qulaq as, bala. Bu sözlərimi heç vaxt ağlından çıxartma. Heç kimə malını, pulunu, hətta hisslərini əmanət etmə. Yoxsa əlinlə verdiyini ayağınla gəzərsən.
Düşünürəm ki, dilimizi zənginləşdirən atalar sözləri, zərbi-məsəllər boşuna yaranmayıb. İnsan xislətindəndi bilmirəm, amma hər şeyin qiymətini itirəndən sonra dərk edirik.
Nənəmin bu sözlərini də orta məktəbi bitirənədək dərk etmədim. Bəzi şeyləri yaşayaraq təcrübə etməli imişəm. Ağılsız başımın cəzasını ayaqlarım çəkməli imiş.
Sözü çox uzatmayım. Mənim riyaziyyatla heç vaxt aram olmayıb. Heç öyrənməyə də çalışmamışam. Ona görə də nənəmin bu sözlərini on dörd yaşında, uşaq ağlımla qulaq ardına vurmuşdum. Nə malımın qədrini bilirdim, nə də cibimə hər həftə qoyulan məktəb xərcinin.
Ancaq bu müddət ərzində anamla atamın evdə borc söhbəti elədiyini eşidirdim. Dövlətinə sadiq bir qulluqçu olan atamın demək olar ki, hər gün birinin adını çəkib onlara borc verdiyini dediyini xatırlayıram. Bəzən bunları anamın da ağzından eşidirdim. Bəzən hətta dalaşırdılar da. Ancaq haradan bilərdim ki, borc kiməsə yaxşılıq etmək ikən, özünə pislik etməkdir?
Aylar, illər ötdükcə evdə vəziyyətimiz getdikcə ağırlaşmağa başladı. Eniş aldığım məktəb xərcliyinin azalması ilə başladı. Sonra hər yay tətilində getdiyimiz rayon gəzintilərimiz kəsildi. Məktəbə yeni çanta, ayaqqabı, geyimlər almaq çətinləşdi. O il ilk dəfə sinif otağına köhnə ağ köynək və qara ətəyimlə, keçən ilki məktəb çantası ilə daxil oldum. Mənim üçün çox da asan deyildi, ancaq deyəsən sinif yoldaşlarım üçün bu gözlənilməz idi. Bir hissəsi hətta dişlərini göstərərək gülməkdən belə çəkinmədi. O gündən sonra dost bildiyim hər kəslə arama aşılması imkansız məsafələr girdi.
Məktəblə ev arasında gərginlik cəhətdən çox fərq yox idi. Səkkizinci sinifə daxil olmuşdum. Dərs yüküm çox artmışdı. Bir yandan uşaqların kobudluğu, bir yandan da evdə səngimək bilməyən söz-söhbət məni çox sıxırdı. İki yerdə də rahatlıq tapa bilmirdim. Gedəcək başqa heç yerim də yox idi. Hər zaman məsləhətlərini dinlədiyim nənəm də bizdən uzaqda idi. Atama bir qəpiyə dəyməyən qohumlarına borc verdiyi üçün bərk acığı tutmuşdu. Başını götürüb rayonda müəllimə işləyən rəfiqəsinin yanına getmişdi. Mən on birinci sinfi bitirən ili ölüm xəbəri atama həmin rəfiqəsi tərəfindən verilmişdi.
“Əl tutmaq, Əlidən qalıb.” – deyən atam bu illər ərzində çox qocalmışdı. İllərlə bir kağıza imza atmağının cəzasını əvvəl işini, evini, sonra da yoldaşını, anasını itirməklə ağır ödəmişdi. Həqiqətən də ağılsız başın cəzasını ayaqlar çəkmişdi.
Lakin itkilərimiz ayaqlarımızın, bədənimizin ağrısından daha artıq idi. Təsəvvür edin, bir səhər oyanıb görürsünüz ki, sizi nəvazişi ilə yuxudan oyadan ananız evdə yoxdur. Əvvəlcə çörəyə getdiyini fikirləşirsiz. Sonra gecikməyini məhəllədə göy-göyərti satan dedi-qoduçu xalanın uzun çəkən söhbətinə yozursuz. Saat artıq 09:35-dir. Məktəbdə birinci dərs bitmək üzrədir. Sənsə evdən çıxa bilmirsən. Elə bilirsən ki, getsən ev tək tənha qalacaq. Elə bilirsən ki, çıxıb getsən anan bir də geri qayıtmayacaq.
Evdəki ölüm səssizliyini pozmaq üçün televizoru işə salırsan. Ekspertlər orada hansısa aktual məsələni müzakirə edir. Sənin beynində isə tək bir şey var. Ömür boyu tənha qalmaq təhlükəsi ilə qarşı-qarşıyasan. Bu dəhşətin hər variantını axşam düşənə kimi beynində yazıb yaşayırsan. Ta ki atan gəlib səni göz yaşları içində, qaranlıq otağında tapana kimi…
O cəhənnəmi yaşayanda çox yox, bir yaş böyümüşdüm. On beş yaşım təzəcə tamam olmuşdu. Anam, atama bir parça məktub qoyub həyatımızdan çıxmışdı. Yaşadığımız bütün itkilərin günahını atamda görürdü.
O gündən sonra atam yaşayan bir ölüyə çevrilmişdi. Mən sinifdə gizlicə bir məktub yazıb nənəmə göndərmişdim. Oğlu ilə danışmasa da, bəlkə mənimlə danışardı.
Anamdan sonra ikimizə böyük görünən evimizi dəyər-dəyməzinə satmışdıq. Atam evin puluna bütün borclarını ödəyib, yerdə qalan az miqdar pulla da başımızı soxacaq bir daxma almışdı.
Mən hər gün səhər məktəbə gedir, dərsdən sonra da evin yanındakı dərzidə həm sənət öyrənir, həm də çörək pulumu qazanırdım. İş çox olmayanda Zemfira xala kitab oxumağıma da bir söz demirdi. Həm işləyib həm də oxumaq mənim üçün çox çətin idi. Bütün bunlara anamın vəzifələri də əlavə olunmuşdu. Səhər çıxıb axşam gəldiyimə görə gündəlik yemək bişirmək, təmizlik işlərini gecə həll etməli olurdum. Əvvəllər yeməyi ya ötürür, ya tez, bişməmiş sobanın üstündən götürürdüm. Gah duzsuz, gah da əksinə o qədər duzlu çıxırdı ki, heç yeyə bilmirdik. Ancaq atam heç vaxt narazılıq bildirməzdi. Əksinə həmişə yanımda olmağa çalışırdı. Mən onun dəstəyi ilə gücümü toplayırdım, o isə gün keçdikcə gözümün qabağında şam kimi əriyib yox olurdu.
Gündəlik qayğılarla boğuşmaqdan bir neçə gün öncə nənəmə göndərdiyim məktubu unutmuşdum. Ancaq məktubun sonuna əlaqə nömrəsi kimi divar qonşumuzun ev telefonunu yazmışdım. Nənəm məktubu oxuyandan sonra iki dəfə həmin nömrəyə zəng edib, bizi xəbər alıb. Nənəm qonşu qadından bizim o evdən köçdüyümüzü, əslində məktubda yazılandan da çətin günlər yaşadığımızı eşidəndə dəli olub. Həmin gün də bu küskünlüyə son verib Bakıya yola düşüb. Əvvəlcə gəlib nömrəsini verdiyim Lətafət xala ilə görüşüb, sonra bir yerdə atamın təzə iş yerinə gəlib çıxıblar. Beləcə ana-bala qovuşublar.
Bir gün, soyuq, şaxtalı havada gəlib çatanda nənəmi evdə tapdım. O gün bizim üçün uzun zaman sonra ilk dəfə bayram oldu. Əvvəlcə nənəmlə qucaqlaşıb bir xeyli ağlaşıb ürəyimizi boşaltdıq. Sonra neçə vaxtdır həsrət qaldığımız isti şorbanı içdik. Nənəmin yeməkləri çox dadlı idi. Həm də ki evə gələndə isti yemək tapmağım məni keçmiş gözəl günlərə qaytarmışdı. Analı günlərə…
Bəli, həmin gün dərk etdim ki, neçə yaşın olursa olsun insan ana qucağına ehtiyac duyur. Bunu atamın gözlərinə baxanda da görə bilirdim. Və qadınlar, analar, hər yaşda nəvazişli, sevgi dolu, bir az küskün, bir az kədərli olurlar. Nənəmin görüşmədiyimiz zamanda üzündə, əllərində artmış qırışları, ağ düşmüş saçları mənə bunları hiss etdirirdi. Ən dadlı yeməkləri analarımız bişirir, ən təmiz paltarları analarımız yuyur, evi ən gözəl gül qoxuları ilə analarımız təmin edir.
Bu deyim də çox doğrudur. Bir xanım kişini vəzir də edər, səfil də.
Anam, atamı əvvəl vəzir edib, sonra gedişi ilə səfil etmişdi. Bəlkə də sadəcə ona zərər verəcəyini düşünmüş, amma məni də ona ən çox ehtiyacım olduğu yaşda tərk etmişdi. Sırf bu səbəbdən onu bağışlamır, axtarmırdım.
Nənəm o gündən sonra iki ay bizdə qaldı. Bu iki ayda mənə bir qadının bilməli olduğu hər şeyi öyrətdi. Ondan sonra artıq yeməklərim ləziz, paltarlarım təmiz olurdu. Bunlarla yanaşı təhsilimlə ciddi məşğul olur, ədəb-ərkan qaydaları öyrətməyə çalışırdı.
Bu günlərdə bizim daxma şənlənmiş, bir yuva olmuşdu. Atam dövlət işindən çıxarıldığı üçün, səhərdən axşama qədər atasından öyrəndiyi maşın təmirində işləyirdi. Arada dost tanışdan maşın tapanda gizlicə taksi də sürürdü. Yetər ki evimizə bir tikə çörək alıb gətirsin.
Nənəm rayona rəfiqəsi ağır xəstələnib yatağa düşdüyü üçün getməli oldu. Vəfalı qadın idi nənəm. Getməsə ağlı onun yanında qalacaqdı, getsə bizim. Ona görə getməyinə etiraz etmədik. Vəziyyətin biz sandığımızdan daha fərqli olduğunu isə çox sonra başa düşdük.
Əslində xəstə olan rəfiqəsi deyil, nənəm özü imiş. Xəstəliyini eşidib, gələcək günləri təxmin edib, bizdən uzaqlaşıb. Biz isə bir daha heç görməyəcəyimiz anamızı sevgi ilə, gülə-gülə yola salmışdıq o gün.
İndi düşünürəm ki, bəlkə də elə belə olmağı nənəm üçün daha xoşdur. Çünki heç kim vida edəcəyi insanı göz yaşları içində xatırlamaq istəməz. Bütün ayrılıqlar kədər gətirir, ancaq insana qalan, dərdinə dərman olan sevdiklərinin xoş xatirələri olur.
Yazıq nənəm iki il min bir əziyyət çəkib, yenə də yaşamağa çalışıb. Onun hekayəsini atamla, nənəmi son mənzilə yola salmaq üçün rayona gedəndə rəfiqəsindən dinlədik. Qadın, göz yaşları içində nənəmin xərçənglə necə mübarizə apardığı haqqında danışdı. O halda belə tək dərdinin biz olduğunu çox kədərli bir şəkildə öyrəndik. Məgər nənəm hər ay xəstə halına baxmayaraq anamı axtarır, ona məktublar yazırmış. Məktublar ünvanına çatmadığı üçün geri qayıdırmış. Firuzə xala da həmin məktubları poçtdan götürüb nənəmdən gizlədirmiş.
Vəfatından sonra Firuzə xala o məktubları gətirib mənə verdi. Onlar mənə, nənəmin əl yazmaları olduğu üçün çox doğma gəldi. Ölənə qədər o məktubları anamdan mənə qalan tək xatirə – taxta sandıqçanın içində saxlayacaqdım.
Ömrünün son dəmlərində atamla açıq-açıq, səmimi bir söhbətimiz oldu. Mən artıq BDU-nun jurnalistika fakültəsinin tələbəsi idim. Bir araşdırma tapşırığı verilmişdi. Mövzu belə idi: “Yaxşılıq sonradan qazanılan bir hissdir yoxsa, yaxşı və ya pis insan olaraq doğuluruq?”
Bu sual haqqında çox fikirləşdim. Belə bir suala elə-belə cavab vermək düzgün olmazdı. Nənəmin dediyi kimi edib, güzgünü birinci öz içimə tutdum.
Mən nə qədər yaxşı və ya pis bir insanam? Ümumiyyətlə, hansı xüsusiyyətlər insanı pis və ya yaxşı elan edir?
Qarşıma atamı qoyub onunla bir yeridiyimiz on doqquz illik ömür yolumuzu fikirləşdim. Mənə həm hər şeyin ən gözəlini bağışlayan, həm də quyunun ən dibini görmüş, özünü o quyuya həbs etmiş adamı düşündüm. Yadıma hansısa bir kitabdan oxuduğum bir cümlə düşdü.
“Heç bir yaxşılıq cəzasız qalmaz.”
Atam məhz bu cümlənin canlı nümunəsi idi. Səmimi söhbətimiz zamanı mənim üçün həmişə sirr olan sualı soruşdum:
– Ata, niyə bu qədər yaxşılığının qarşılığı budur səncə? Uğrunda yeri gəlsə anamla dalaşdığın o insanların biri də bizi xatırlamır. Ancaq bəzən elə bilirəm əlində olsa yenə kiməsə yaxşılıq edərsən.
– Düzdür, qızım. Çünki yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir. Bilirəm sizə çox əziyyət vermişəm. Çox sıldırımlı, dağlı-daşlı yollardan keçmişik. Özümdən soruşmuşam ki, axı niyə? Niyə mənə bu həyatı rəva bildilər? Sonra o vaxtlar hansı hisləri keçirdiyimi yadıma salıb dinclik tapmışam. Mən, Allahın əmri ilə, mənə açılan heç bir əli geri qaytarmamışam. İndi bilməsən də, böyüyəndə biləcəksən. O biri dünyaya, yağ-bal içində, səfa sürüb yaşayıb günahla gedəcəyimə, əzab əziyyətlə yaşayıb kişi kimi getməyi üstün tutdum. Allah mənim bu dünyada mükafatımı səninlə verib, inşallah orada da yaxşı əməllərimə görə verəcək. Bil ki, nə vaxt dara düşsən ilahi bir güc səni o çətinlikdən xilas edəcək. Çünki mən səndən savayı heç kimi gözü yaşlı qoymamışam, gözəl qızım. Mənə haqqını halal et. Bir də heç vaxt yaxşılıq etməkdən əl çəkmə. Balıq bilməsə də, xaliq bilər.
Atam bu söhbətimizdən üç gün sonra həyata əbədi gözlərini yumdu. Mənə isə ondan geriyə sadəcə xeyir-duası, anamdan geriyə sandıqçası, nənəmdən isə əxlaqı, məni həyata hazırlayan sözləri, nəsihətləri və oxuduğum hər an göz yaşlarımı sel edən məktublar qaldı.
Atamın gedişindən sonra bir daha başa düşdüm ki, insanı insan edən bu dünyadakı yaxşı əməlləri, ondan geriyə qalan ən böyük miras isə ləkəsiz adıdır.
23.02.2024

Nigar Settar-zade

“Bir ömrün masalı”
Kitabı Türkiyədən sifarişlə əldə edə olar.

NİGAR SƏTTAR-ZADƏNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Axıdılmış qanın izi ilə” romanı haqqında – Əli Rzazadənin qeydləri

Etiraf edək ki, çağdaş ədəbiyyat nümayəndələrimizin çox az qismi milli məfkurə tariximizə istinad edirlər. Mənə elə gəlir ki, çox da uzaq olmayan keçmişimizdə baş verən və əksəriyyətimizin şahidi olduğumuz hadisələri əks etdirən ədəbiyyat nümunələri çox azdır. Təkcə romançılıqda yox, hekayəçilikdə də, poeziyada da, dramaturgiyada da. Fikrimi təsdiqləyərsiniz ki, misal üçün 1990-cı il 20 yanvar hadisəsi ilə bağlı filmlər çəkilib, ssenarilər yazılıb, şeirlər qələmə alınıb, mahnılar bəstələnib, lakin bu  faciənin mövzusu bədii ədəbiyyatda kifayət qədər yer almayıb. Ola bilsin filmin gücünü, onun tamaşaçı auditoriyasının daha geniş olmasını nəzərə alaraq, bədii ədəbiyyatdan çox filmə üstünlük verilib.

Lakin unutmaq olmaz ki, ədəbiyyatın təsiri fərqlidir. Ədəbiyyat  xalıqn milli yaddaşıdır.  Düşünürəm ki, ədəbiyyatçıların 20 yanvar hadisəsi,  ümumiyyətlə, oxşar faciələrimizə mütəmadi müraciət etmələri vacibdir və bu, milli kimliyimizi qoruyub saxlamaq istiqamətində hər birimizin müqəddəs borcudur. 

Sevindirici haldır ki, yeni nəsil ədəbiyat nümayəndələri, gənc yazarlar arasında  qeyd etdiyim mövzuya laqeyid münasibət sərgiləməyənlər də var. Gənc yazar Nigar Səttar-zadənin qələmə aldırğı “Axıdılmış qanın izi ilə” romanı məhz 20 yanvar faciəsindən bəhs edir. Baxmayaraq ki, Nigarın yaşı, ona  hadisələrin canlı şahidi olmasına imkan vermir, lakin onun araşdırması, şahid ifadələrini diqqətlə tədqiq etməsi, hadisə şahidləri ilə bir başa ünsiyyəti, faciənin bədii ədəbiyyatda əks etdirilməsi istiqamətində uğurlu bir əsərin yaranmasına gətirib çıxardıb.

Nigar Səttarzadə qələmi ilə bu günlə tarix arasında hakim kəsilmiş sərhədləri kənara itələməyi bacarır, qloballaşan dünyanın axıtdığı güclü selə qoşulub gedən müasir insanı seldən ayıraraq, arabir geriyə,  Vətən tarixinə nəzər salmağa vadar edir. 

Nigar Səttarzadənin özünə məxsus yazı üslubu var. Onun romanını oxuyanda, oxucuya elə gəlir ki, əlindəki kitabı oxumur, dinləyir. Müəllif oxucu ilə oxucunun gündəlik istifadə etdiyi ifadələrlə danışır. O, danışarkən bəzən həyəcanlanır, hadisənin dəhşətlərini kövrələrək ifadə edir, bəzən də oxucuya qorxmamağı aşılayır, ona təsəlli verir, hətta oxucunun qulağına  pıçıldayır.  

Əsərdə diqqətimi çəkən digər bir məqam isə müəllifin döyüş silahlarının təyinatı, taktiki-texniki xüsusiyyətləri haqqında məlumatların mükəmməl şəkildə təqdim olunmasıdır. 20 yanvar faciəsində qətlama səbəb olan rus-sovet qoşununun istifadə etdiyi silahları, onların texniki xüsusiyyətlərini oxucuya aydın şəkildə təqdim etmək üçün müəllifin ciddi araşdıma apardığı açıq aşkar hiss olnur.   

Mənə elə gəlir ki, Nigar Səttarzadənin qələmə aldığı “Axıdılmış qanın izi ilə” romanı müasir Azərbaycan romançılığında  son  dövrdə yaranan tarixi romanlar içərisində ən yaddaqalan ədəbi hadisəsi hesab edilməlidir.

Müəllifə uğurlar diləyir, yeni-yeni ədəbi nümunələr ərsəyə gətirməsini arzulayıram.

www.Leqal.Az

Müəllif: Əli Rzazadə

Nigar Səttar-zadə “Ziyadar” mükafatı ilə təltif olunub

21 dekabr 2024-cü il tarixində, “Kitabçı” mağazasında, tanınmış yazıçı Nigar Səttar-zadənin “Axıdılmış qanın izi ilə” kitabının müzakirəsi və imza saatı keçirildi.

Tədbirdə müəllifin oxucuları,  “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac, gənc yazıçı Məhəmməd Kərimov, Bahar Bəxtiyarqızı, Şah Sənəm və digər qələm adamları iştirak etdi.

Tədbirin gedişində müəllifə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə verilən “Ziyadar” mükafatı təqdim olundu.

Mükafatı “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac şəxsən özü təqdim etdi.

Tədbirdən fotolar:

“Yazarlar”  olaraq, bu münasibətlə Nigar Səttar-zadəni təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun! Ziyanız tükənməsin!

NİGAR SƏTTAR-ZADƏNİN YAZILARI

Məlumatı hazırladı: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI

Məhəmməd Kərimovin yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tanınmış yazıçı Nigar Səttar-zadənin “Axıdılmış qanın izi ilə” kitabının müzakirəsi və imza saatı keçirilib

21 dekabr 2024-cü il tarixində, “Kitabçı” mağazasında, tanınmış yazıçı Nigar Səttar-zadənin “Axıdılmış qanın izi ilə” kitabının müzakirəsi və imza saatı keçirildi.

Tədbirdə müəllifin oxucuları,  “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac, gənc yazıçı Məhəmməd Kərimov, Bahar Bəxtiyarqızı, Şah Sənəm və digər qələm adamları iştirak etdi.

Tədbirin gedişində müəllifə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə verilən “Ziyadar” mükafatı təqdim olundu.

Mükafatı “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac şəxsən özü təqdim etdi.

Tədbirdən fotolar:

“Yazarlar”  olaraq, bu münasibətlə Nigar Səttar-zadəni təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun! Ziyanız tükənməsin!

NİGAR SƏTTAR-ZADƏNİN YAZILARI

Məlumatı hazırladı: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI

Məhəmməd Kərimovin yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Bir ömrün masalı” kitabından alıntı

“Bir ömrün masalı” kitabından alıntı

“Yine seçeneklerimizle ilgili konuya dönersek, bence hayatta hep tek seçeneğimiz olsaydı bir şeyləri istememek gibi şansımız olmazdı. Çünkü bilmediğimiz bir şeyi isteyemeyiz değil mi? Sence o zaman her şey daha kolay olmaz mıydı?”
“Doğru, bilmediğimiz bir şeyi isteyemeyiz ama seçenekler hayatımıza renk katıyor. Monoton bir hayatın olduğunu varsayalım. Ki, şu an bile sıradan bir hayatın var. Bunu kabul edelim, işten eve evden işe giden bireyler olarak hep bir arayış içindeyiz. Dışarıda ne aradığını bilmeyen sayısız insanlar var. Bu insanların hepsi sıkıntılarından kurtulmak için farklı bir yol buluyor. Mesela sen rahatlamak için en iyi bildiğin şeyi yapıp kendini denize vuruyorsun fakat bunun dışında sana aktardığım bir seçeneğin daha var. Araba koleksiyonun. Böylece kafanı dağıtmak için yeni bir imkân doğuyor. İstediğin zaman istediğini seçebiliyorsun. Özgürsün…”

Nigar Settar-zade

“Bir ömrün masalı”
Kitabı Türkiyədən sifarişlə əldə edə olar.

NİGAR SƏTTAR-ZADƏNİN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru