Əli bəy AZƏRİ – (Əli Qurban oğlu Rzaquliyev – d.15.07.1966, Zəngilan r. Vejnəli k.) — yazıçı-publisist, “Rəsmi Bakı” qəzetinin və “Xəzan” jurnalının baş redaktoru, müharibə veteranı.
Həyatı Əli bəy Azəri 15 iyul 1966-cı ildə Zəngilan rayonu Vejnəli kəndində dəmiryolçu ailəsində anadan olub. Milliyyətcə azərbaycanlıdır. Məktəbəqədər tərbiyəni evdə alaraq 1973-cü ildə Vejnəli kənd ibtidai məktəbinin birinci sinifinə daxil olub. 1976-cı ildə həmin məktəbi bitirdikdən sonra 6-7 kilometrlik məsafədə Araz çayının sahilində yerləşən qonşu Ağbənd qəsəbə səkkizillik məktəbin dördüncü sinifinə getməklə təhsilini davam etdirir. 1977-ci ildən öz kəndlərində səkkizillik məktəb açıldığından geriyə qayıtmalı olur və 1981-ci ildə bu məktəbin ilk məzunu olaraq fərqlənmə ilə natamam orta məktəbi bitirir. Həmin dövrdə Vejnəli uşaqları üçün təhsil almaq cəhətdən yaxınlıqda yerləşən və münasib sayılan Ordubad şəhər fizika-riyaziyyat təmayüllü internat məktəbində təhsilini davam etdirərək 1983-cü ildə onuncu sinifi bitirib orta məktəbi başa vurur.
Sənədlərini təqdim edib qəbul imtahanlarından müvəffəqiyyətlə çıxsa da o vaxtın sərt maneələrindən sayılan müsabiqədən keçə bilmədiyindən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxumaq ona nəsib olmur. Tale onu tamam başqa bir istiqamətə göndərir. 1984-cü ildə Ukrayna SSR-in Xarkov şəhərində yerləşən Qvardiyalı Ali Hərbi Tank Komandirliyi məktəbinə daxil olan Ə.Rzaquliyev 1988-ci ildə “leytenant” hərbi rütbəsi verilməklə “tank qoşunları üzrə taktiki əməliyyat komandiri” hərbi, “təkərli və tırtıllı texnikanın mühəndisi” mülki ixtisaslara yiyələnərək adıçəkilən ali məktəbi bitirir.
May 1992-ci ilədək SSRİ Silahlı Qüvvələrinin tərkibində tank tağımı, tank bölüyü komandiri vəzifələrində hərbi xidmət keçmiş, “Kiyev-90” hərbi təlimində şücaət göstərərək fərqləndiyinə görə “baş leytenant” hərbi rütbəsini vaxtından əvvəl almışdır. SSRİ-nin dağılması ilə əlaqədar Rusiyaya sədaqət andı içmədiyinə və Ermənistanın Azərbaycana qarşı müharibə başladığından öz xahişinə əsasən Müstəqil Dövlətlər Birliyi Silahlı Qüvvələri Quru Qoşunları Komandanının əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamına göndərilmişdir. 01 iyun 1992-ci ildən 30 noyabr 1992-ci ilədək Zəngilan rayonunda yerləşən 806 saylı hərbi hissə qərargah rəisinin müavini, 01 dekabr 1992-ci ildən isə həmin hərbi hissənin bazasında yaradılmış 865 saylı hərbi hissədə (Zəngilan Ərazi Özünümüdafiə Alayında) qərargah rəisinin müavini vəzifəsində hərbi xidmətdə olmuşdur. Bir sıra döyüş əməliyyatlarına rəhbərlik etmişdir.
Ermənistan-Azərbaycan müharibəsinin 1993-cü il yay-payız kompaniyası Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının və ən nəhayət Qızıl Zəngilanın ermənilər tərəfindən işğalı ilə başa çatdıqdan sonra Müdafiə Naziri əvəzi polkovnik (indi general-polkovnik) Səfər Əbiyevin əmri ilə Beyləqan-Füzuli rayonları ərazisində Haramı deyilən yerdə yerləşən 181 saylı hərbi hissə tank taborunun komandiri vəzifəsinə təyin olunmuşdur. 1993-1994-cü illər qış kompaniyası zamanı Azərbaycan-Ermənistan cəbhəsində ən mühüm döyüşlərdən hesab olunan və müharibənin gedişində dönüş yaradan Haramı döyüşlərində iştirak edərək şücaətlər göstərmişdir. Müharibə veteranıdır. Atəşkəs dövründə Beyləqan-Füzuli cəbhəsində yerləşən 181 və Xanlar (indiki Göygöl)-Kəlbəcər cəbhəsində yerləşən 172 saylı hərbi hissələrdə briqada komandirinin silahlandırma üzrə müavini xidmətini davam etdirmişdir. 2002-ci ilin noyabrında öz xahişi ilə “mayor” hərbi rütbəsində ehtiyata buraxılmışdır. Ailəlidir, iki övlad atasıdır.
Silahlı Qüvvələrdən tərxis olunduqdan sonra tale onu uzun ayrılıqdan sonra yenidən ədəbi mühitə qaytarır. Əli Rzaquliyev silahı qələmlə əvəzləyib Əli bəy Azəri olaraq yaradıcılıq cəbhəsində mübarizəsini davam etdirir.
O, yaradıcılığa erkən yaşlarından kiçik həcmli məqalələr yazmaqla başlayıb. “Təbiətin heykəli” adlı ilk məqaləsi 1976-cı ildə “Pioner” jurnalında dərc olunub. Sonra ara-sıra məqalələri “Pioner” jurnalında, “Azərbaycan Pioneri”, “Azərbaycan Gəncləri” respublika, “Kənd həyatı” rayon qəzetlərində, bir neçə şeiri “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunan Ə.Rzaquliyevin əsil jurnalistlik fəaliyyəti “Yeni Ordubad” qəzeti ilə bağlıdır. Hərbi xidmətdə olduğu dövrdə də mətbuatla əlaqəni kəsmir. SSRİ Silahlı Qüvvələrində olarkən Kiyevdə nəşr olunan “Leninskaya Znamya”, Moskvada nəşr olunan “Krasnaya Zvezda” hərbi qəzetlərdə bir neçə məqaləsi dərc olunub. Azərbaycan Silahlı Qüvvələrində xidmətdə ikən isə Zəngilanda çıxan “Zəngilanın səsi”, Beyləqanda çıxan “Beyləqan” rayon qəzetlərində hərdənbir çıxışlar edib. Hərbi xidmətdən sonra 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin Mülki Müdafiə kafedrasında müəllim işləyərkən və sonralar “Xalq qəzeti”, “Respublika”, “Kredo”, “Sizin qəzet”, “Qafqazın səsi”, “Pres Azərbaycan”, “Ata yurdu”, “Bütöv Azərbaycan”, “Ədalət keşiyində”, “Etiraf”, “Azərbaycan övladı”, “Sabah nyus”, “Nyus Respublika”, “Gündəlik Bakı”, “Aydın fikir”, “Real pres”, “Ömür yolu”, “Sivil Azərbaycan” və sair qəzetlərlə əməkdaşlıq etmiş onlarla elmi və publisistik məqaləsini dərc etdirmişdir.
2005-ci ildən müstəqil olaraq “Qərbin qərbi”, 2007-ci ildən isə həftəlik “Rəsmi Bakı” qəzetinə baş redaktorluq etməklə jurnalistlik fəaliyyətini davam etdirir. Üç yüzdən çox müxtəlif səpkili məqaləsi qəzetlərdə dərc olunub”Poeziya günü”-1. almanax. səh.86.
“Yurd nisgili”, “Şah bərəsi”, “Qəmlibel müsibəti”, “Özününkülərin hədəfində”, “Hərbi Zəngilan”, “Məhəbbət piyaləsində zəhər”, “Arazgersdən keçən köç” “Çovğun” və “Generalın yefreytor vəkili” kitablarının müəllifidir. Dəfələrlə bədii və publisistik yazı müsabiqələrində iştirak etmiş və qalib olaraq mükafatlandırılmışdır.
Yazıçı Əli bəy Azərinin “Mübarizləşən vətən” hekayəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Vətənpərvərlik mövzusunda bədii və publisistik yazı müsabiqəsinə təqdim olunmuşdur.
Kitabları
“Yurd nisgili” (publisistika və hekayə), Bakı, “Min bir mahnı”, 2009. 208 səh. 500 nüsxə.
“Şah bərəsi”, Bakı,
“Qəmlibel müsibəti”, Bakı,
“Özününkülərin hədəfində”, Bakı,
“Hərbi Zəngilan”, Bakı,
“Məhəbbət piyaləsində zəhər”, Bakı,
“ArazGERSdən keçən köç” (povest). Bakı,
“Çovğun”, Bakı,
“Generalın yefreytor vəkili”, Bakı,
“ArazGERSdən keçən köç” (povest). Bakı, “Nurlan”, 2013. 224 səh. 500 nüsxə. (təkrar nəşr)
“Gəlin, tanış olaq” (publisistika), Bakı, “Elm və Təhsil”, 2015, 160 səhifə
“Şəhərli qızın dəli sevgisi” (povest və hekayələr) “Elm və Təhsil” 300 səhifə
Söz halallıqdır. Söz dəyərdir… Söz hikmətdir… Bu gün ilahidən gələn hikmətin – Sözünün halallığını ən uca dəyər kimi qoruya bilən və öz şəxsində dəyər anlayışını bütövləşdirən Seyran Səxavət müdriklik nərdivanının 75-ci məqamından yaşadıqlarına nəzər salır. Zirvədən yaşananlara boylananda geridə işıqlı bir cığır açmağı, şərəfli bir yol salmağı adamın bərqərar olduğu məqamı bir az da ucaldır. Düşünürsən ki, bütün maddi yoxluqlara, mənəvi əngəllərə rəğmən alın açıqlığı ilə bu uzunluqda yol qət eləyə bilmişəmsə, demək ki, yaşamağa dəyər… Və bu gün o yolun enişini, yoxuşunu, çalasını, çökəyini, cəfasını, səfasını xatırlayanda vicdanın başının altındakı qu tükündən balış kimi Səni dinləndirir, ruhuna rahatlıq gətirirsə, demək ki, yaşananlara da dəyər.
On il öncə doktoranturaya qəbul olanda Seyran Səxavətin yaradıcılığı mövzusunda araşdırma aparacağımı qarşıma məqsəd qoyub uzun bir yola çıxmışdım. Seyran müəllimin yaşadığı ünvanı, işlədiyi yeri bilsəm də, böyük yazıçı ilə qarşılaşmağa özümdə cəsarət tapa bilmirdim, hər dəfə öz – özümə düşünürdüm ki, daha çox oxumalıyam və daha hazırlıqlı olmalıyam. Özümü bu görüş üçün bilik və düşüncə anlamında hazır hiss edə bilmirdim.
Söz vaxtına çəkər… 2012-ci ilin bu günkü günü – çərşənbə axşamı idi. Həyat yoldaşım dedi ki, bizim Elşad – Elşad Ərşadoğlu zəng edib Seyran Səxavətlə bu axşam bizə gələcəklər. Sevincimin hüdudu yox idi. Bu günəcən əsərlərini, ruhunu oxuduğum sevimli yazıçımla ilk dəfə əyani görüşəcəkdik. Həmin axşam Seyran müəllim bizə pay gətirdiyi bayram sovqatının içində bir təndir çörəyi və duz vardı. İlk dəfə idi ki, kimsə qonaq gələndə bizə duz – çörək alıb gətirdiyini görürdüm. Biz həmin axşam bir süfrə başında duz – çörək kəsdik…Uzun və müqəddəs bir yola çıxdıq…
Bu illər ərzində hər addımımda mənəvi atam kimi sığalını başımda hiss elədim, Seyran müəllimi sadəcə böyük yazıçı kimi yox, Sözü boyda Adam olduğunu gördüm, bu on ildə mənim dünyamda Min ilin Doğmasına çevrildi Seyran Səxavət…
Gecəmi gündüzümə qatıb oxudum, araşdırdım, yazdım, çap olundum və müdafiə etdim… Bu yazdığım mənim üçün adicə dissertasiya, Seyran Səxavət mənim üçün mövzu, opponentim professor Asif Rüstəmlinin dediyi kimi, tədqiqat obyekti deyildi. Çünki sadəcə kitabxanalarda kar – kağızla əlləşib bu işi ortaya qoymadım. Düz beş il ruhumda, bətnimdə, mənəvi dünyamda yoğurub dünyaya gətirdim bu əsəri. İndi ürəklə deyə bilirəm ki, Seyran Səxavət mənim ilk övladımdı… Yuxusuz gecələrimin zəhməti, alnımın təri, gözlərimin nuru, barmaqlarımın qabarı – halalca əməyimlə böyütdüyüm ilk balamdı Seyran Səxavət…
Yenə həmin gecəyə – ilk görüşdüyümüz çərşənbə axşamına qayıdıram… “Yüz ilin kişisi”, “Bir stəkan hava”, “Ocaq daşı”, “Gözü işığa düşən adam”, “Qapıların o üzündə qalan dünya”, “Hamı elə bilirdi”, “Çayçı Rəşid”, “Alça çiçəyi”, “Toy havası”, “Qızıl teşt”, “Sanatoriya”, “Ağrı”, Boynu əyri kişi”, “İt intervüsü”, “Cəhənnəm”, “Gün ağladılar”, “Qatil”, “Haram pul”, “Daş evlər”, “Dar köynək”, “Palıd toxumu”, “Nekroloq”, “Yəhudi əlifbası”, “Bəhanə”, “Qaçhaqaç” kimi əsərləri oxuyanda düşünmüşdüm ki, bu adam ürəyində deyiləsi olan nəyi varsa, deyib, deyə bilib, deməyi bacarıb… Həmin gecə bizim evimizdəki bayram süfrəsinin başında səhər sübhəcən elədiyimiz söhbətlərdən anladım ki, Seyran Səxavətin sözlə ruhundan qopara bilmədiyi ağrıları da var – varlığını didib-parçalan ruhani ağrıları… “Mirzə Hüseyn” segahı oxuya-oxuya o ruhani ağrılarını gözlərindən axıtdı Seyran Səxavət…
Tonqal yandırdığımız bir bahar axşamı üşüdüm – ilikləriməcən üşüdüm… Deyəndə ki, nə qədər ki, Qarabağ torpağı erməni işğalı altındadı, kim özünü kişi hesab edir, etsin – mən özümü kişi hesab eləmirəm, kişilikdən istefa vermişəm.
Ruhun əzabını heç bir romana köçürmək olmur, Ustad! – dedim ürəyimdə. Amma özünə heç nə deyə bilmədim. Qıymadım…
Elə o günü ilk görüşün sevinci qarışıq Vətənsizlik ağrısıyla illərdi, ürəyimdə daşıdım…
Şükür bu günə… Vətənin daşı-daş üstdə qalmasa da, xarabalığına şükür… Qulu Ağsəs demiş, Şükür külünə… Şükür qayıdış gününə…
Dədəm, Gözün aydın olsun! Bir gün nisgillə deyirdin ki, Şuşanın ucalığından baxanda Təbriz, Dəmirqapı Dərbənd, Borçalı çökəyi və İrəvan görünürdü – bu gün isə, Şuşanın özünü görə bilmirik.
Şükür bu günə… Bu gün 75 mərtəbəli ömrün ucalığından baxanda Şuşan, Cəbrayılın, Kəlbəcərin, Xankəndin, Laçının, Qubadlın, Füzulin, – Vətənin görünür… Yurd yerin görünür… Xatirələrinə bələndiyin uşaqlığın görünür… Ata ocağın görünür, Ustad!
Və üfüqdə Günəş görünür… Bir gün yurdunda – doğma ocağında – ata evinin həyətində o Günəşin istisinə qızınacağın ümidi və diləyiylə… Sənə can sağlığı arzulayıram! Doğum günün mübarək, Ustad!
Bu gün dəyərli ziyalımız, ustad aşıq , şair, müəllim, sazbənd bir sözlə əsl el sənətkarı, gözəl insan Adil Cefakes in doğum günüdür! Ad günü münasibətilə Adil müəllimi təbrik edir, Uca Yaradandan uzun və sağlıqlı bir ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Adil müəllim !!!
Ədəbi cameəyə artıq kifayət qədər tanış olan bir imza, aktual mövzuları əhatə edən dəyərli şeirlər müəllifi Məzahir İsgəndərin “Gözün sirridir göz yaşı” adlı yeni ktabı Arzu xanım Heydərovanın redaktəsi və Sveta Bünyad qızı Bünyadövanın maddi dəstəyi ilə işıq üzü görmüşdür. Bu münasibətlə YAZARLAR olaraq, ənənəyə sadiq qalır və müəllifi, eyni zamanda bu xeyirxah işdə əməyi olan xanımları “Ziyadar” Mükafatı ilə təltif edirik. Təltif olunanların SİYAHISI:
Bu gün dəyərli söz adamı, sevgi şairi kimi tanıdığımız, hər sözünün mayası insana, gözəlliyə eşqdən yoğrulan, qayəsi bütün mövcudata məhəbbətdən ibarət olan sevimli şairimiz Məmməd Qədirin ad günüdür! Ad günü münasibəti ilə Məmməd müəllimi təbrik edir, Böyük Allahdan uzun, sağlıqlı bir ömür və yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! Uğurlarınız bol olsun, Məmməd müəllim!!!
Qurban BAYRAMOV – Bayramov Qurban Fərman oğlu — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985), Respublika Qarabağ Ağsaqqallar Şurasının üzvü (2001), Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü (2003), filologiya üzrə fəlsəfə doktoru (1979), Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi.
Həsən bəy ZƏRDABİ – Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, orta təhsilini Tiflisdə tamamlayıb. Moskva Universitetini bitirib. İxtisasca təbiətşünas olan Zərdabi 1869-cu ildə Bakı şəhərində rus dilində orta məktəbdə təbiətşünaslıqdan dərs deməyə başlayır. 1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birgə Mirzə Fətəli Axundov “Hacı Qara” və “Lənkəran xanının vəziri” komediyalarını tamaşaya qoyur. 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak edir. 1875-ci il iyulun 22-də Azərbaycanda ilk milli qəzet olan “Əkinçi”nin nəşrinə başlayır. Lakin qəzetin ömrü uzun çəkmir və 1977-ci il sentyabrın 29-da nəşri dayandırılır. 1880-1890-cı illərdə Həsən bəyin Bakıda və Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Novoye obozreniye” və digər qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunur. Ömrünün sonlarına yaxın Bakı Şəhər Dumasının maarif şöbəsində işləyir. 1907-ci il noyabrın 28-də vəfat edir və Köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunur. Məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülür. Azərbaycan Təbiət Tarixi Muzeyi, Gəncə Pedaqoji İnstitutu Həsən bəy Zərdabinin adını daşıyır.
İsmayıl Qasprinski, Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşov.
“Brifinq” layihəsinin növbəti qonağı “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlıdır.
Qurban Yaquboğlu: Həsən bəy Zərdabinin xüsusilə tərcümeyi-halı ilə bağlı qaranlıq, açılmamış, yaxud ictimailəşməmiş bir sıra məsələlər var. İstərdik, bu məsələlərdən başlayaq və “Zərdabi kimdir” sualına qısaca cavab tapmağa çalışaq.
– Çox maraqlı mövzudur. Təbii ki, Həsən bəy Zərdabi unikal şəxsiyyətdir. O, böyük azərbaycanlıdır. Biz onu gördüyü işlərə, göstərdiyi fəaliyyətə əsaslanıb böyük azərbaycanlı adlandırırıq. Əlbəttə, Həsən bəy Zərdabinin şəxsiyyəti, onun fəaliyyəti ilə bağlı sovet dönəmində çox ciddi şəkildə məşğul olublar. Sovet dönəminin də təbii ki, özünün müəyyən çərçivələri, müəyyən ideologiya var idi. İstər-istəməz məsələlər bu ideologiyaya tabe etdirilirdi. Yəni, Həsən bəyin həyat və fəaliyyətinin müxtəlif məqamları obyektiv araşdırmalardan bir qədər kənarda idi. Məsələn, onu əsasən ateist adlandırırdılar. Əslində isə o ateist deyildi.
Onun fəaliyyətini yoxsul fəhlə və kəndlilər üzərində qururdular. Guya Həsən bəy bu sinfin aparıcı liderlərindən olub. Əslində, Həsən bəy Zərdabi cəmiyyətdə təbəqələşmənin əleyhinə olub. O, ziyalı və böyük bir maarifçilik hərəkatına rəhbərlik edən şəxsiyyət idi. Həsən bəy Zərdabi təkcə milli mətbuatımızın əsasını qoymayıb. O, həm milli teatrımızın yaradıcılarındandır, həm də indi qeyri-hökumət təşkilatları adlandırdığımız xeyriyyə cəmiyyətlərinin əsasını qoyub. Bununla da gələcək üçün münbit şərait yaratdı, fəaliyyət prinsipləri ortaya qoydu.
“Əkinçi” qəzetinin çap olunması üçün Həsən bəy ciddi fəaliyyət göstərib. Bütün məhrumiyyətlərə dözüb. O dövrdə hürufat yox idi. Yazı dili, qaydaları tam müəyyənləşməmişdi. Yəni, indiki sözlə desək, medianın dili yox idi. Dil formalaşmalı idi. Klassik qəzetçilikdə mövcud olan korrektura sistemi mövcud deyildi. Həsən bəy bunları yaratdı.
Heç məqalə yazıb onu ortaya çıxaran jurnalist adlandıra biləcəyimiz insanlar çox az idi. Onlar mərkəzi mətbuatda rusca məqalələr yazırdılar. Ana dilində yazan çox az idi. Ona görə də biz “Əkinçi” qəzetini Azərbaycan milli mətbuatının bünövrə daşı hesab edirik.
Onun həyatının bir qaranlıq məqamını danışmaq istəyirəm. Bu yaxınlarda İstanbulda oldum. Orada “Qapalı çarşı” deyilən məşhur bir yer var. Orada əslən Gəncədən olan, babaları 1850-ci illərdə İstanbula köçən və vaxtilə xalça ticarəti ilə məşğul olmuş Kərim bəy məni muzeyə bənzər bir otağa apardı. Orada kimlər olmayıb? Həsən bəy Zərdabi də orada olub. Həsən bəy oradan 7 pud hürufat alıb gətirib. Hürufatı Bakı quberniyası mətbəəsi aldı, ondan sonra “Əkinçi” qəzeti çıxdı. Yəni, Həsən bəyin həyatında bu cür faktlar var.
O, çox mütərəqqi bir insan idi. Onun mütərəqqi olmasının səbəbi təkcə Moskva Dövlət Universitetində oxuması deyildi. Həm də ona istiqamət verənlər var idi. Həsən bəyin həyat yoldaşı Hənifə xanımın və qızı Qəribsoltan xanımın xatirələrini oxumuşam. Həsən bəyin həyatında mühüm rol oynayan anasının dayısı, məşhur general Fərəc bəy Ağayev olub. O, Ağcabədidə doğulub, çar mühafizə dəstəsinin rəisi olub. Ancaq xristianlığı qəbul edib. Nikolay Ağayev kimi çar ordusunda məşhur generallardan olub.
Niyə Həsən bəy Zərdabi tarixçi Solovyovun qızı ilə evlənmədi? Fərəc bəyin həyat yoldaşı rus idi. O, ömür boyu Fərəc bəyi xristian cəmiyyətinə çəkmişdi. Həyatının sonlarında Fərəc bəy gördü ki, ailə müqəddəs bir şeydir və xristianlıqdan sonra müsəlmanlığa döndü. Onun qəbri də Tiflisdə Mirzə Fətəli Axundovun dəfn edildiyi Nəbatət Bağındadır. Həsən bəyi də Tiflisə gimnaziyaya aparan məhz o olmuşdu.
Fərəc bəy ona tövsiyə etmişdi ki, gələcəkdə xalq üçün fəaliyyət göstərmək istəyirsənsə evlənəndə öz dinindən, soy kökündən olan bir xanımla evlən.
İlk dəfə 1925-ci ildə Azərbaycan milli mətbuatının yaradılmasının 50 illiyi rəsmi şəkildə qeyd olunub. Həbib Cəbiyev o zaman “Kommunist” qəzetinin redaktoru olub. Mərkəzi Komitədə qərara alınır ki, “Əkinçi” qəzeti ilə bağlı yazılar yazılsın. Çox məşhur publisistlərimizdən, pedaqoqlarımızdan olan Fərhad Ağazadə Həsən bəy Zərdabinin həyatını yazır. “Əkinçi” ilə bağlı bir kitabça buraxılır.
Şərif Mirzəyev müsəlman-türk mətbuatının 1918-ci ilədək senzorlarından biri olub. O, Tiflisdə yaşayırdı. Onunla müqavilə bağlanır. Deyilir ki, biz bu 50 illiyi yazacağıq. Həmin kitabçanı bu yaxınlarda rusca çap etdilər. Onun bizim arxivlərdə iki nüsxəsi var. Həmin kitabçada milli mətbuatımız və senzor məsələləri əks olunub. Yəni, senzorlar, əslində isə ruslar və ermənilər onlara necə müqavimət göstərib. Bu baxımdan mən Həsən bəy Zərdabinin ən düzgün tərcümeyi-halı kimi Fərhad Ağazadənin yazdığını götürürəm.
– Həsən bəy Zərdabi evlənərkən qız seçimi də maraqlı olub…
– Həsən bəy “Qafqaz” qəzetindəki elanda görür ki, Tiflisdə olan “Müqəddəs Nina” qızlar məktəbinin məzunları arasında bir türk qızı var. Onu bəyənir, Tiflisə gedir. Beləliklə, Hənifə Abayeva ilə tanış olur və evlənmək təklif edir. Çünki bilirdi ki, ona bu işləri görmək üçün ən böyük dayağı xanımı ola bilər. Xanım təhsilli, dünyagörüşlü və xalqına bağlı olmaldır. Eyni dinin, eyni etnik mənsubiyyətin daşıyıcısı olmalıdır ki, bu yükün altına girə bilsin.
– Bakıda qızlar məktəbinin açılmasında da Hənifə xanımın xüsusi rolu olub.
– Bəli. Hənifə xanımın özü o qızların təhsili ilə çox ciddi şəkildə məşğul olub. Hənifə xanımın da həyatı həddən artıq maraqlıdır. Biz onun həyatını geniş tədqiq etməmişik. Onu sadəcə pedaqoq kimi və Həsən bəyin həyat yoldaşı kimi araşdırmışıq. Heç pedaqoq kimi də tam öyrənilməyib. Ancaq onun necə müəllim olduğu, xatirələrdə necə yaşadığı aydınlaşdırılmayıb. Rusca çox mükəmməl bilirdi, yazırdı. Çox təəssüf ki, onun xatirələri sovet dövründə yazıldığı üçün Həsən bəy Zərdabi obrazını bizə tam çatdıra bilmir. Milliyyətçə balkar türkü idi. Deyilənə görə, onun qohumları indi də Nalçik və Nalçik ətrafında yaşayırlar. Bunu Şəmistan Nəzirlinin söylədiyinə istinad edirəm.
Həsən bəyin qızı Qəribsoltan Məlikovanın həyatı çox maraqlıdır. Həsən bəy mükəmməl ata idi. Əsl azərbaycanlı ata, valideyn necə olarsa, o da elə idi. Onu çox demokrat kimi təqdim edirlər. Amma Həsən bəyin mühafizəkarlığı da var idi. Məsələn, o, qızı Pəri xanımı Əlimərdan bəy Topçubaşova vermək üçün müəyyən şərt qoymuşdu. Şərt də bundan ibarət idi ki, bu mənim qızımı alır, düzdür? Bunu dolandırmaq üçün bir iş yeri, gəliri olmalıdır.
Ona görə də bu cütlüyün toy mərasimi bir müddət təxirə düşmüşdü. Bunun özü müəyyən mühafizəkarlıq, eyni zamanda məsuliyyət idi. Ənənələrə həddən artıq bağlı idi. Eyni zamanda məclislərdə yaxşı araq içirdi.
Həsən bəy haqqında donos yazmışdılar ki, guya o, Dağıstan və Zaqafqaziyanın cənub-şərq hissəsini Rusiyadan ayırıb Türkiyəyə birləşdirmək istəyir. Halbuki Həsən bəy bu vaxt Zərdabda, kənddə oturmuşdu. 50 dərəcə isti, ağcaqanadlar-filan… Həsən bəy elə-belə adam deyildi. Onun sürgün həyatı da çox maraqlıdır.
– Həsən bəy Zərdabinin qəzet bağlanandan sonrakı fəaliyyəti barədə də müxtəlif fikirlər var…
– Qəzet bağlanandan sonra pedaqoq kimi fəaliyyətini davam etdirir. Onun məqalələrini oxuyanda deyirsən ki, bu kişi nə istəyib? O, planlı iş görürdü. “Rus-türk gimnaziyaları” fəaliyyət göstərirdi. Həsən bəy deyirdi ki, burada müsəlman işləməyənədək müsəlman öz uşağını bu məktəbə verməyəcək. Beləliklə, özü könüllü gimnaziyaya müəllim getdi.
Ermənilər Həsən bəyi heç istəmirdilər. O, azərbaycanlıları ermənilərlə müqayisə edirdi. Üfüqdə ermənilərin bizə düşmən ola biləcəyini deyirdi. Yazırdı ki, ermənilərdə 40 il əvvəl xeyriyyə cəmiyyəti yaranıb, bizdə niyə yoxdur? Ermənilər teatr açıb, qəzetləri var. Bizdə niyə yoxdur? Onlarda birlik var, bizdə niyə yoxdur? Yazırdı ki, mərsiyəxanalara min manatlarla vəsait köçürülür, ancaq xeyriyyə cəmiyyətinə min manat köçürən yoxdur ki, biz iki şagird oxudaq. Bax, bu məsələləri qaldırırdı. Buna görə də ermənilər həmişə onun əleyhinə olub.
– Həsən bəy Zərdabinin dəfni necə olub? Çünki bu barədə müxtəlif mübahisəli məqamlar mövcuddur. Gerçəklik nədən ibarətdir?
– Həsən bəy Bibiheybət məscidinin yaxınlığında dəfn edilib və dəfn çox möhtəşəm olub. Onun dəfnindən foto var. Mən arxivdə o dəfnin bir neçə variantını görmüşəm. Orada təkcə azərbaycanlılar deyil, ruslar, ermənilər, gürcülər və digər xalqların nümayəndələri, ziyalı kəsim iştirak edib.
Həsən bəy Bakı Şəhər Dumasının üzvü idi. Qafqazda elmin-təhsilin inkişafı üçün kifayət qədər xidmətlər göstərmişdi. Özün də təkcə öz xalqının yox, bölgənin rifahı üçün çalışan insanlardan biri olub. Bakı üçün məxsusi çalışan insanlardan biri olub. Həmin dövrdə çıxan qəzetlər Həsən bəy Zərdabinin dəfnindən çoxlu material veriblər. Mərkəzi rus mətbuatı da onun vəfatı ilə bağlı yazılar yayımlayıb. Həmin vaxt Rusiyanın müxtəlif yerlərində Həsən bəyin vəfatı münasibətilə ehsanlar verilib. Hənifə xanımın, Əlimərdan bəy Topçubaşovun ünvanına başsağlığı mesajları gəlirdi. “Dəbistan” uşaq jurnalı bir nömrəsini tamamilə Həsən bəy Zərdabiyə həsr edib.
Onun cənazəsini İçərişəhərdən Bibiheybət məscidinin yaxınlığına çiyinlərdə aparıblar. Özü də bilirsinizmi necə? Məsələn, “Nicat” Cəmiyyətinin qarşısında dayanıb, yaxud hansısa gimnaziyanın qarşısında dayanıb orada matəm mitinqləri düzənləyiblər. Sonra isə Bibiheybət məscidi yaxınlığında dəfn edilib.
Sonralar bu qəbiristanlığın yol çəkilməsi prosesində köçürülməsi məsələsi olub. Həmin dönəmdə insanlara müraciət ediblər ki, gəlin öz doğmalarınızın məzarlarını köçürün. Bu zaman Qəribsoltan xanım iki nəfər tapır, atasının məzarını qazdırır, onun sümüklərini bir yeşiyə yığır. Abbas Zamanovun, Əziz Mirəhmədovun vaxtilə söylədiyi, Tahir Aydınoğlunun yazdığı məqalədəki fikirlər bundan ibarətdir. Həmin yeşiyi götürür, tramvaya qoyur, gətirib Zabrat ətrafında şəhər qəbiristanlıqlarının birində anasının yanında dəfn edir.
Sonradan – 1965-ci ildə Azərbaycan mətbuatının yubileyinin keçirilməsi məsələsi ortaya çıxanda deyirlər ki, yaxşı biz bu yubileyi keçirəcəyik, bəs Həsən bəyin məzarı hanı?
Beləliklə, axtarışa başlayırlar. Onda Qəribsoltan xanım ömrünün son illərini yaşayırmış. O, heç kimi qəbul etmirmiş. Çünki psixoloji gərginlik keçirmişdi. Bacısı Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı olan Pəri xanım Fransada, qardaşı Midhət bəy 1937-ci ildə güllələnmişdi. Bir qardaşı Səfvət də Türkiyədə… İtmiş-parçalanmış bir ailə… Sovet Azərbaycanında Həsən bəyin yeganə övladı qalıb. Gəlirlər Qəribsoltan xanımın evinə.
Azərbaycan SSR-in mədəniyyət naziri, məşhur bəstəkar Rauf Hacıyevin anası Nanə Hacıyeva özü zərdablı olub. Mən Səfvət Zərdabi barədə araşdırma aparanda Rauf Hacıyevin Nanə adı qoyulan qızı ilə danışmışam. Qəribsoltan xanımla Nanə xanımın qan qohumluğu olmayıb, sadəcə həmyerlidirlər və hər ikisi müəllimədir. Bunlar bir yerdə qalıblar. Hətta Şəmkirdə, Gəncədə bunların pedaqoji fəaliyyəti olub. Qəribsoltan xanım Nanə xanımın oğlu Rauf Hacıyevi oğulluğa götürüb. Ona təhsil verib. Üzeyir Hacıbəyovun yanına aparıb. Onu böyüdüb, şəxsiyyət kimi formalaşdırıb. Hazırda Rauf Hacıyevin nəvəsinin adı Qəribsoltandır. Özü də Qəribsoltan xanım Nanə Hacıyeva ilə birgə Yasamal qəbiristanlığında dəfn edilib.
Beləliklə, Həsən bəyin qəbrinin axtarışına çıxan şəxslər Qəribsoltan xanımın evinə gəlirlər. Qəribsoltan xanım onların heç birini qəbul etmir. Deyir ki, mənim atamın sümükləri sizin nəyinizə lazımdır? Atamın ailəsini pərən-pərən saldınız, övladlarını əsir-yesir etdiniz. Qardaşımın birini güllədiniz, biri bilmirəm hardadır. Bacım qürbətdə dünyasını dəyişib. İndi də atamın sümüklərini aparıb məhv etmək istəyirsiniz?
Gələnlər öz aralarında məşvərət edirlər ki, Qəribsoltan xanımı kim dilə tuta bilər?! Məşhur bioloq Mirəli Axundovun Məlikovlara qohumluğu olub. Deyiblər ki, Qəribsoltan xanım onu eşidər. Beləliklə, onu vasitəçi salırlar. Qəribsoltan xanım danışır ki, mən atamın sümüklərini yeşiyə yığıb gətirib anamın yanında dəfn etmişəm. Sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələrini yığırlar, gedib Hənifə xanımın məzarının ətrafını qazırlar və o yeşiyi oradan çıxarırlar.
İndi məsələ bundan ibarətdir ki, Hənifə xanımın məzarı oradadırmı? Bax, bu məsələ var. Mənim bildiyim qədər, ehtimal edirəm ki, elə Hənifə xanımın məzarını da Həsən bəyin Fəxri Xiyabandakı məzarına köçürüblər. Çünki ortada Hənifə xanımın məzarı yoxdur. Olsaydı, ortaya çıxardı.
Bu ailənin nümayəndələrindən biri də Səfvət Zərdabidir. Mən onunla bağlı ayrıca kitab yazdım. Müxtəlif mənbələrdə yazırdılar, vikipediyada da var idi ki, Səfvət Zərdabi 1938-ci ildə dünyasını dəyişib. Mən Türkiyədə hər dəfə gedəndə köhnə kitab satılan yerlərə gedirəm, sahaflara baş çəkirəm. Çünki Azərbaycanla bağlı orada nadir, qiymətli kitablar, sənədlər, şəkillər olur. Bu sahaflardan mənim əlimə Azərbaycan Mühəndislər Dərnəyinin nizamnaməsi keçdi. Nizamnaməni alıb oxudum, gördüm onun qurucuları 11 nəfərdir, bu 11 nəfərin içərisində Səfvət Məlik-Zərdabi adlı bir nəfərin ad-soyadı var. Ankarada filan ünvanda yaşayıb, mühəndis olub. Buna qədər isə Nəsiman Yaqublu mühacirət mətbuatının formalaşmasında Səfvət Zərdabinin də iştirak etdiyini yazmışdı. Ancaq onun ölüm tarixi, doğum tarixi, hansı dərgilərdə işlədiyi qeyd olunmamışdı.
Məlik-Zərdabi oxuyanda dedim ki, bu elə Həsən bəyin oğludur. Çünki bilirdim ki, iki oğlu olub. Onun həyatını araşdırdım. 1967-ci ildə çıxan ”Türkiyə mühəndislər xəbərləri”nin bir sayını tapdım. Ondan sonra digər sayını tapdım, bunun şəklini gördüm, tərcümeyi-halına rast gəldim.
– Bu kim olub?
– Bu, Həsən bəyin sonuncu övladı olub. O, 1915-ci ildə Riqa Politexnik İnstitutuna daxil olub. Özü də atasının adına təsis olunmuş təqaüdlə təhsil alıb.
1917-ci ildə bolşeviklər gəldi, çar Rusiyası ərazisində milli münasibətlər kəskinləşdi. Səfvət də təhsilini yarımçıq qoyub Bakıya qayıdır. Bakıda bir gənc olaraq, Həsən bəyin övladı olaraq cümhuriyyət quruculuğu prosesində iştirak edir. Əlimərdan bəy bunun yeznəsi idi axı. Əlimərdan bəy Paris Sülh Konfransına gedən nümayəndə heyətinin tərkibində Səfvət bəyi özünə köməkçi – qələm müdiri götürür.
Bilirsiniz ki, nümayəndə heyətinə Parisə getmək üçün 3-4 ay viza verilmir. Səfvəti Parisə buraxmırlar və o qalıb bizim səfarətxanada çalışır. Hənifə xanımın oğluna, oğlunun anasının məktubu var. Səfvət anasına yazır ki, mən AXC hökumətinin xaricə oxumağa göndərdiyi 100 tələbənin sırasında olmaq istədim, amma imkan vermədilər. Əslində Həsən bəy Zərdabinin oğluna kim imkan verməyə bilərdi? Sadəcə, Səfvət Zərdabi Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinin tərkibində olduğu üçün, orada səfarətxanada çalışdığına görə tələbə ola bilməzdi.
Hənifə xanım 1921-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarı Dadaş Bünyadzadəyə bir məktub yazır. Bildirir ki, mənim oğlum Səfvət Zərdabi burda deyil, Konstantinopoldadır. Onun ali təhsil almasına yardım edin.
Beləliklə, Səfvət Zərdabi Bakıya gəlir və 1923-cü ilədək burada qalır. Onu Almaniyaya təhsil almağa göndərirlər. Almaniyada yüksək mühəndis ixtisasına yiyələnir. 1927-ci Türkiyəyə gəlir və daha Azərbaycana qayıtmır. Deyirlər ki, Bakıda artıq bolşeviklər hakimiyyətdədir və milli adamları həbs edirlər, təqiblərə məruz qoyurlar. Həm də Əlimərdan bəy Topçubaşov da onun yeznəsidir. Hələ Həsən bəy Zərdabiyə də münasibət tam bəlli deyil. Səfvət bəy bunları nəzərə alaraq qayıtmır və orada Türkiyə Mühəndislər Dərnəyinin qurucularından olur. Ankaranın ən məşhur binalarının layihələndirilməsində iştirak edir. Biz sonradan axtarıb tapdıq ki, Türkiyə Memarlar Muzeyində onun fotosu var.
Səfvət bəy həm də bizim mühacirət mətbuatının yazarlarından biri olub. Bu adam atasının yolunun davam etdirib, publisist olub. Mən onun 10 məqaləsini tapdım. Hətta “Mücahid” dərgisində bir müddət redaktor kimi çalışıb. Türkiyədə Nəsihə adlı bir xanımla ailə qurub. Sonradan onun 1976-ci ildə dünyasını öyrəndik. Biz Səfvət bəyin məzarının harada olduğunu bilə bilmirik.
1960-cı illərdə SSRİ ilə Türkiyə arasında münasibətlər yaxşılaşmağa doğru getdi. Nümayəndə heyətləri səfərləri başlamışdı. Deyilənı görə o zaman Abbas Zamanov Türkiyəyə gedib Səfvət bəyi tapıb. Abbas Zamanov hətta ona Azərbaycana dönməyi də təklif edib. Deyib, yox, daha dönmək istəmirəm.
Bundan əlavə, 1990-cı illərədək Bakıda Tofiq bəyin qızı, Həsən bəy Zərdabinin nəvəsi yaşayıb. Onun adı Fatma Məlikova-Zərdabi olub. Mən arxivdən Fatma xanımın doğma bibisi, Əlimərdan bəy Topşubaşovun həyat yoldaşı Pəri xanıma yazdığı məktubunu tapdım.
Bizim görkəmli yazıçımız Əzizə Cəfərzadə Türkiyəyə çox gedib-gəlib. Fatma xanım yazır ki, Əzizə xanım mənə sizin məktubunuzu verib. Mən bilmək istəyirəm ki, siz Həsən bəy Zərdabinin nəyisiniz? Siz kimin qızısınız? Mənim bildiyimə görə Əlimərdan bəy Topçubaşovla bibim Pəri xanımın övladları Sevər, Ənvər olub. Mən burda Həsən bəy Zərdabinin sağ qalan yeganə nəvəsiyəm.
Məktubda yazır ki, məni əmim Səfvət bəyin taleyi məni maraqlandırır. 1970-ci ilədək biz onunla əlaqə qurmuşuq, məktublaşmışıq. Ancaq son illərdə nə onun özündən, nə də həyat yoldaşından xəbər yoxdur. Əgər bilirsinizsə, xahiş edirəm mənə əmimlə əlaqə qurmağa yardımçı olun. Yəni, belə bir məktub var. Mən həmin məktubun əslini çap etmişəm. Demək, əlaqələr var imiş.
İndi məsələ ondadır ki, biz gərək bəstəkar Rauf Hacıyevin şəxsi arxivinə girək, çünki dediyim kimi Rauf Hacıyev Qəribsoltan xanımın oğulluğu idi. Onların çox ciddi yazışmaları olub. Mən bir neçə dəfə getdim ki, bəstəkarların arxivlərinin harada olduğunu tapım. Bir nəticə əldə edə bilmədim.
Məsələ ondadır ki, Səfvət bəy çox fərqli fikrin, fərqli millətçi ideologiyanın sahibi olub. Liberal dünyagörüşünə sahib olmayıb. Buna görə də tədqiqatlardan çox kənarda qalıb.
Səxavət Həmid: Akif bəy, “Əkinçi” qəzetinin yaradıldığı dövrdə ictimai-siyasi vəziyyət necə idi?
– “Əkinçi” qəzetinin yaradıldığı dövr milli burjuaziyanın yeni formalaşma dönəmi idi. Bakıda artıq ABŞ-ın, Avropa dövlətlərinin neft şirkətləri artıq oturuşmağa başlamışdılar. Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev yeni-yeni gəlirdilər. Milli burjuaziyanın formalaşması üçün də milli təsisatlar lazım idi. Mətbuat da milli təsisatın bir elementi idi.
Biz Həsən bəy Zərdabini bir obraz kimi götürürük. Ancaq həmin dönəmdə qəzet açılması, teatrın yaradılması və sair təsisatlar üçün ictimai sifariş mövcud idi. Çünki milli burjuaziya həm teatra, həm də qəzetlərə sərmayə qoyurdu. “Həyat” qəzeti kimin idi? Bu qəzeti maliyyələşdirən Hacı Zeynalabdin Tağıyev idi. Yaxud Həsən bəy Zərdabinin Zədabdan sürgündən qurtulub Bakıya gəlməsini təşkil edən milli burjuaziyamızın nümayəndələri idi. Onlar da burada öz milli maraqlarını təmin etmək üçün milli təsisatları quracaq insanlara şərait yaradırdılar.
Məsələn, Hacı Zeynalabdin Tağıyevin evinin üst mərtəbəsində Həsən bəy Zərdabi yaşayırdı. Bu mülk Hacı Zeynalabdin Tağıyevin idi. Gör ona nə qədər dəyər verirdi ki, evinin üst qatını ona vermişdi. Fakt bundan ibarətdir.
Digər fakt bundan ibarətdir ki, 1905-ci ildə erməni-müsəlman qırğınlarında mərkəzi mətbuat və ermənilərin əlində olan mətbuat orqanları həmin bu qırğınlarda azərbaycanlıları günahlandırmağa başlayır. Halbuki qırğını başlayan da, onu aparan da ermənilər olub. Belə olan təqdirdə Hacı Zeynalabdin Tağıyev Həsən bəy Zərdabini, Əhməd bəy Ağaoğlunu, Əli bəy Hüseynzadəni və həmin dönəmdə çalışan mütərəqqi fikir sahiblərini bir araya gətirir. Deyir ki, siz də qəzet açın. Deyirlər necə açaq? Gərək Peterburqdan icazə verilsin. Artıq onun maliyyəsi hesabına və çarın xanımına olan iltifatına görə ona icazə verildi. Vorontsov-Daşkov Qafqaz canişini olandan sonra “Həyat” qəzetinin nəşrinə icazə verildi. Ancaq qəzetin 5-6 nömrəsi qeyri-leqal çıxmışdı. Şifahi şəkildə razılıq alınmışdı. Yəni, bu razılığı Həsən bəy Zərdabi almırdı ki…
Təbii ki, bu razılığı həmin dönəmdə milli burjuaziyanın nümayəndələri alırdı. Onlar azərbaycanlılara qarşı aparılan təbliğata qon qoyulmasını istəyirdilər. Çünki ermənilərin əsas məqsədlərindən biri Bakıya bütünlüklə sahib olmaqdan ibarət idi. Onlar başa düşürdülər ki, Bakının neft ehtiyatlarının hamısına sahib olmaq üçün azərbaycanlıları buradan çıxarmaq lazımdır.
Əhməd bəy Ağaoğlu bununla əlaqədar olaraq Peterburqa getmişdi. Bakı kəndlərinin köçürülməsi məsələsi var idi. Çünki Bakı kəndləri köçürüləndə neft ermənilərə və digər xalqlara qalırdı. Bizim milli burjuaziyamız buna razı olardımı? Təbii ki, idrak sahibləri, millət fədailəri bütün imkanlarını buna sərf edirdilər.
– Qəzetdə siyasi məsələlərə toxunmaq nə dərəcədə mümkün olurdu?
– “Əkinçi” elə siyasi səbəblər üzündən bağlandı. Həmin vaxt rus-türk müharibəsi başlamışdı. Camaat müharibəyə dair xəbərlərin dərcini istəyirdi. Müharibə xəbərlərinin dərcinə də imkan vermirdilər. Hətta dövlət teleqrafı ilə gələn savaş xəbərlərin “Əkinçi”də dərcinə imkan vermirdilər. Çünki burada artıq milli ruh yüksəlirdi. Artıq ruhanilər məscidlərdə gizli şəkildə yığışırdı, üzdə Rusiyaya xeyir-dua verirdilərsə, alt yapıda, gizli şəkildə Osmanlının bu müharibədə udmasını istəyirdilər. Ona görə də imkan vermirdilər ki, savaş xəbərləri orada getsin. Savaş xəbərləri verməyəndə isə qəzetin oxucusu azaldı.
Həsən bəy özü yazır ki, bizim 400 nəfər oxucumuz var idi və həmin 400 nəfərin çoxu üçün maraq kəsb edən informasiyalar olmadığı üçün biz oxucusuz qaldıq.
Zümrüd Kərimova: “Əkinçi” qəzetində işləyənlərin şəxsiyyəti ilə bağlı maraqlı detallar varmı?
– Biz qəzetimizin redaksiyasında mətbuat muzeyi yaratmışıq. Orda mətbuatımızın bütün dövrlərini əks etdirən fotolar, orijinal sənədlər, qəzetlər var. Orada bir foto var – “Əkinçi”lər.
Təbii ki, “Əkinçi”lərin kimliyi ilə bağlı yazılıb. Məsələn, Əsgər ağa Gorani, Əhsənül Qəvaid, Nəcəf bəy Vəzirov. Nəcəf bəy həmin vaxt Moskvada idi, Moskvadan yazırdı. Yəni, belə bir “Əkinçi”lər nəsli yetişdi.
“Əkinçi”nin ən böyük önəmi nədir? Bu gün biz mətbuatda nəyi müzakirə edirik? Mətbuatda müxtəlif fikirliliyin olmamasını, düzdür? İndi baxın ki, “Əkinçi” təzəcə yaranıb, tərtibaçısı yox, korrektoru yox, yazanı yox. Amma o nə edirdi? Bir tərəfdən şaxsey-vaxsey oxumağın, şəbih tamaşalarının xeyrinə olan, digər tərəfdən isə növbəti sayda onu tənqid edən yazılar verirdi. Bu, müxtəlif fikirlilik deyilmi? Biz Qərb mətbuatı deyirik və onun arxasınca düşürük. Qərb mətbuat tipi bu deyil? Bizim üçün onun əsasını Həsən bəy Zərdabi qoyub. Bu örnəyi yaradıb.
Bundan əlavə biz hazırda bəzən istinadlar olmadığını deyirik. “Əkinçi”nin bütün nömrələri tam transliterasiya edilərək 2 dəfə çap olunub. Baxın, orada bütün qəzetlərə istinad verilib. Türkiyə qəzetinə, Rusiya qəzetlərinə istinadlar var. Məlumat haradan alınıbsa, ora istinadlar var. Bu, istinadlar jurnalistikanın bir peşə kimi mədəniyyəti deyilmi? Yəni, “Əkinçi”lərlə bağlı bu cür məqamlar var.
Onu da deyim ki, biz “Əkinçi” qəzetini tədqiq etdiyimizi düşünürük. Ancaq o qədər də tədqiq etməmişik. Biz Həsən bəy Zərdabini yoxsul bir adam kimi təqdim edirik. O necə yoxsul oldu ki, Göyçay əraziləri onun babası Rəhim bəyin, atası Səlim bəyin mülkü idi.
Torpaq sahələri var idi. Yəni, onun əsli-nəsli kifayət qədər tanınan, imkanlı insanlar olub. Həsən bəyin yoxsullaşmış, imkansız bəy ailəsi olmasına dair səslənən fikirlər yalandır.
Onun atasının oğlunu Tiflisdə oxutmağa imkanı var idi. Moskvada təhsil xərcləri də az deyildi. Arxivdə sənədlər var. Biz yenidən Həsən bəy Zərdabiyə qiymət verəndə ona yoxsul insan kimi qiymət verməməliyik. Bu, sovet ideologiyasının gətirdiyi şeylər idi.
Bir daha deyirəm, Həsən bəy yoxsul insan deyildi. Sadəcə, pulunu-parasını millət yolunda fəda edən bir şəxsiyyət idi. Onun bir quru taxtın üstündə dünyasını dəyişdiyini, ac gəlib-ac getdiyini deyirlər. Həsən bəyin dəfnində çoxlu sözlər deyilib. O sözlərin ən təsirlisini Əhməd bəy Ağaoğlu deyib. Deyib ki, ey müqəddəs ruh, sən indi bu bədəndən ayrılıb bizim babalarımızın, əcdadlarımızın yanına gedirsən. Həmin babalarımızı, əcdadlarımızı gör, onların yaxasından tut ki, bizə nə məmləkət qoydunuz.
Onu da deyim ki, Həsən bəy ömrünün sonlarında “Kaspi” qəzetinin redaksiyasına gedirdi. Skeleroz xəstəliyinə tutulmuşdu. Yaddaşında problemlər yaranmışdı. Onu son dönəmlərdə Bakı Şəhər Dumasına seçməmişdilər. Ancaq o elə bilirdi ki, dumanın üzvüdür. Ailə üzvləri də ona deyə bilmirdilər ki, o artıq dumanın üzvü deyil. Ancaq o geyinib-keçinir, deyirdi ki, mən dumaya gedirəm. Amma “Kaspi”nin redaksiyasına gedib orada yazılarla, redaktə işi ilə məşğul olurdu.
Həsən bəy Zərdabi böyük şəxsiyyətdir. Azərbaycanın böyük bir erası onunla başlayıb. Birmənalı olaraq demək mümkündür ki, Azərbaycanda cəmiyyətin, ictimai fikrin formalaşması, dövlət quruluşunda, idarəetmə sistemində ən mütərəqqi cəhətlər, bizim bir millət olaraq millətlərin cərgəsinə qatılmağımız, inkişafımız bilavasitə Azərbaycanda jurnalistika ilə bağlı olub. Azərbaycanda dövlət olmayanda yenə dövlət funksiyasını jurnalistlərimiz – Həsən bəy Zərdabilər icra edib. Teatrı, xeyriyyə cəmiyyətini onlar yaradıb. Ermənilərə qarşı onlar döyüşüb. Torpağı yenə də onlar öz qələmi ilə qoruyublar. Bu işlərin də başında Həsən bəy dayanır. Teleqraf. com Müəllif: Səxavət Həmid
Seyran SƏXAVƏT– Xanlarov Seyran Əsgər oğlu — yazıçı, şair, nasir, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı
Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun (keçmiş Qarabulax rayonu) Yağlıvənd kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Natəvan adına Füzuli şəhər məktəbində direktorun köməkçisi vəzifəsində işləmişdir (1962-1964). Sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsil almışdır (1964-1970). Sovet Ordusu sıralarında əsgəri xidmət zamanı SSRİ Müdafiə Nazirliyində tərcüməçi olmuşdur (1970-1972). “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi çalışmış, sonra iki il İranda tərcüməçi işləmişdir (1974-1976). Yenidən Bakıda “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmişdir (1976-1981). Sonra “Ulduz” jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri işləmişdir (1981-1991).
Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şeir, hekayə və publisist yazıları ilə başlamışdır. Həmin vaxtdan mərkəzi və respublika mətbuatı səhifələrində müntəzəm çıxış edir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dillərə tərcümə olunmuşdur. “Qızıl teşt” pyesi Azərbaycan Akademik Dram teatrında (1988), “Büst” pyesi Lənkəranda (1989), “Qapıların o üzündə qalan dünya” pyesi Füzulidə (1990) Dövlət dram teatrında tamaşaya qoyulmuşdur.
2002-ci ildə “Nekroloq” romanı Azərbaycan Yazıçılar Birliyinin Y.Səmədoğlu adına “İlin ən yaxşı romanı” mükafatına layiq görülmüşdür.
ƏSƏRLƏRİ
Adalar (şeirlər). Bakı: Gənclik, 1970, 25 səh.
Mənim planetim (şeirlər). Bakı: Gənclik, 1977, 40 səh.
Hamı elə bilirdi ki (hekayələr və povest). Bakı: Gənclik, 1982, 204 səh.
Daş evlər (roman). Bakı: Gənclik, 1985, 308 səh.
Dar köynək (povestlər). Bakı: Yazıçı, 1987, 180 səh.
Daş evlər (roman). Bakı: Gənclik, 1989, 415 səh.
Qızıl teşt (povestlər, hekayələr). Bakı: Çaşıoğlu, 1999, 912 səh.
Nekroloq (roman). Bakı: Mütərcim, 2003, 392 səh.
Palıd toxumu (roman). Bakı: Qanun, 2003, 220 səh.
Yüz ilin kişisi (povestlər və hekayələr)
TƏRCÜMƏLƏRİ
A.Ebnoidze. İki ay kənddə və ya imeretisayağı evlənmə (roman). Bakı: Gənclik, 1986, 264 səh.
Söz halallıqdır. Söz dəyərdir… Söz hikmətdir… Bu gün ilahidən gələn hikmətin – Sözünün halallığını ən uca dəyər kimi qoruya bilən və öz şəxsində dəyər anlayışını bütövləşdirən Seyran Səxavət müdriklik nərdivanının 75-ci məqamından yaşadıqlarına nəzər salır. Zirvədən yaşananlara boylananda geridə işıqlı bir cığır açmağı, şərəfli bir yol salmağı adamın bərqərar olduğu məqamı bir az da ucaldır. Düşünürsən ki, bütün maddi yoxluqlara, mənəvi əngəllərə rəğmən alın açıqlığı ilə bu uzunluqda yol qət eləyə bilmişəmsə, demək ki, yaşamağa dəyər… Və bu gün o yolun enişini, yoxuşunu, çalasını, çökəyini, cəfasını, səfasını xatırlayanda vicdanın başının altındakı qu tükündən balış kimi Səni dinləndirir, ruhuna rahatlıq gətirirsə, demək ki, yaşananlara da dəyər.
Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur… Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Seyran Səxavət məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xalqının – millətinin, məmləkətinin Haqq səsi olan, şərəfli ömrünü fədakarlıqla cəmiyyətinin maariflənməsinə həsr edən vətəndaş ziyalı…
Qələminin yazdığı hər bir əsər də elə bu böyük İnsanın özü kimi mənəvi işığa körpü olmaq üçün hesablanıb sanki…
Təəssüflər olsun ki, “biz indi diş məcunundan tutmuş qəbir daşına kimi hər şeyin reklam olunduğu bir zəmanədə yaşayırıq. Ona görə də bu mexanikiləşmiş, robotlaşmış bir dövrdə” ümumiyyətlə, dəyər anlayışını – mənəviyyatı, sevgini, saflığı, əxlaqı, vicdanı, doğrunu, istedadı, bütün korşalmış, aşınmış hissləri, duyğuları və s. təbliğ etmək lazımdı. O hissləri, həqiqətən də, təbliğ eləməyin vaxtıdı. Yoxsa, bir də görəcəyik ki, hamısını tamamən unutmuşuq.
Seyran Səxavət unutduğumuz bütün dəyərlərimizi, tariximizi, milli kimliyimizi, keçmişimizi əsərləri vasitəsilə oxuculara çatdıran maarifpərvər bir yazıçıdır. Ədibin həm “Nekroloq”, “Yəhudi əlifbası”, “Daş evlər”, “Qaçhaqaç” “Palıd toxumu” kimi irihəcmli romanları, həm də “Qızıl teşt”, “Sanatoriya”, “Ocaq daşı”, “Bir stəkan hava”, “Gözü işığa düşmüş adam”, “Dar köynək”, “Qapıların o üzündə qalan dünya”, “Ağrı” və s. kimi povestləri, eləcə də “İt intervüsü”, insanın ruhən paklaşması, mənəvi-əxlaqi cəhətdən kamilləşməsinə həsr olunmuş ümumbəşəri problemləri özündə əks etdirir.
Seyran Səxavətin qələminin orijinallığı həm də ondadır ki, o əsərlərində qoyduğu özünüdərk problemini, əxlaqi dəyər anlayışını təkcə insan cəmiyyətinin – insan həqiqətlərinin fonunda deyil, o cümlədən, heyvan əxlaqı ilə müqayisədə təsvir edir.
Hələ XIX əsrdə fransız yazıçısı Balzak özünün məşhur “Bəşəri komediyası”nın giriş sözündə yazırdı ki, bu əsərin ideyası insanlarla heyvanların müqayisəsindən yaranıb. O deyirdi ki, cəmiyyət də təbiət kimi rəngarəngdi. Soldatın, fəhlənin, alimin, dənizçinin, dilənçinin, şairin, keşişin biri-birindən fərqi şirin, canavarın, qarğanın, köpək balığının, maralın bir-biriylə fərqindən heç də az deyil. Amma Balzakın dediyi kimi, heyvanlar aləmindəki müxtəlifliyə təbiət müəyyən sərhədlər qoysa da, cəmiyyət insanlar üçün o sərhədləri qoruyub saxlaya bilmir.
Quranı, İncili, Tövratı, dövlət konstitusiyasını, cinayət məcəlləsini əzbər bilən Adəm övladı cəmiyyətin insan üçün müəyyənləşdirdiyi davranış qaydalarına qətiyyən riayət etmir. İnsanlardan fərqli olaraq heyvanların nə öz konstitusiyası, nə də cinayət məcəlləsi var. Cəmiyyətin yazılmış qanunlarına insanlar riayət eləməsə də, təbiətin yazılmamış qanunlarına bütün heyvanlar riayət eləyir.
Robert Hayndın “Heyvanların davranışı” əsərində bütün faunanın – qarışqasından filinəcən, istisnasız olaraq heyvanların hamısının davranış qaydaları – hansı situasiyada necə hərəkət etdiyi təsvir olunur. Yəni, bu kitabı oxuyan adam hər hansı bir heyvanla, məsələn, fillə qarşılaşsa, xortumunun və qulaqlarının hərəkətindən onun qorxduğunu və ya qəzəbləndiyini hiss edə bilər. Çünki təbiətin heyvanlara qoyduğu qaydaları heç bir heyvan dəyişməyə cəhd etmir, otyeyən heyvan heç vaxt ət yemir və s. Amma gəlin diqqətimizi insanlara yönəldək: dünən topluma özünü quzu kimi sırıyan adam bu gün canavara dönüb onların qanını içir, sabah dovşan kimi qaçıb aradan çıxır.
İnsan cəmiyyəti ilə heyvanlar aləmi arasındakı müqayisəyə gəlməz dərəcədə böyük olan bu kimi uçurumları Seyran Səxavətin əsərlərindəki zoomorfik obrazların timsalında müşahidə etmək mümkündür. Bu baxımdan yazıçının “İt intervüsü” hekayəsi sözün həqiqi mənasında fəlsəfi pritça təsiri bağışlayır. “İt intervüsü” hekayəsi bütövlükdə Azərbaycan nəsrində yeni və cəsarətli bədii fikrə qoyulmuş söz abidəsidir. Əsərdə “it dilini bilən” jurnalistlə it arasında gedən davamlı dialoqlarda “it həqiqəti” ilə “adam həqiqəti” arasındakı münasibətlər bütün çılpaqlığı ilə ortaya qoyulur. Və itin verdiyi cavablar insanın indiki durumunu, hardan hara gəldiyini, mənfi vərdişlərini, insan cəmiyyətinin faciə qarşısında dayandığını yumoristik dillə gözlərimiz önündə canlandırır. Müxbirin “Adamlara münasibətiniz” sualına itin verdiyi cavablar oxucunu həm güldürür, həm də düşündürür. İt “Adamlar qudurub” – deyə cavab verir.
Axı qudurmaq it peşəsidir. İt qudurar, adam yox.
Qudurmuş adam qudurmuş itdən min dəfə quduz olur. Biz itlər tək-tük qudururuq. Siz isə… bir də gördün bir ölkənin adamları qudurdu, cumdu o biri ölkənin üstünə. Siz bizi də aldatmısınız. Biz canavar nəslindənik. Qabağımıza sür-sümük atdınız, öyrəşdirdiniz özünüzə. Sonra da yiyə durmadınız, saldınız bizi çöllərə. Yal verdiniz. Biz də başladıq yala hürməyə. Yala hürə-hürə qurd oğlu qurd dönüb oldu it oğlu it”.
Bu cavab tərs şillə kimi adamın üzünə dəyir. Bəxtiyar Vahabzadə Seyran Səxavətin bu hekayəsi ilə bağlı təəssüratlarını “Ədəbiyyat” qəzetində “Oxudum, heyran oldum” başlıqlı məqaləsində belə ifadə edir: “Axı it düzünü deyir: itin əcdadı, doğrudan da, qurd idi. Bəs necə oldu ki, it öz qurd babasını inkar edib itə döndü? Bəli, insanlar qurdu yala öyrədib onun qurdluğunu, mərdliyini əlindən aldı. Düşündükcə adamı dəhşət götürür. Və bu sətirlərin arxasında çox məchullar məluma dönür. İkinci tərəfdən insanın quduzu itin quduzundan daha qorxulu deyilmi? Bir itin qudurması o qədər dəhşətli deyil, vay o günə ki, bütöv bir millət qudurub başqa bir millətin dədə-baba torpaqlarına sahib çıxa”.
Sonrakı səhifələrdə it insana xas olan eybəcər sifətləri – yaltaqlığı, oğurluğu, tamahkarlığı çox kəskin və ibrətamiz faktlarla lənətləyir. İt sözünə davam edir:
– Burun iy bilmək üçündür, qulaq eşitmək üçün. Ayaqlar təhlükədən qaçmaq üçündür. Bəs quyruq nə üçündür? –sualına özü cavab verir.
– Quyruq da bulamaq üçündür. Mən itəm quyruğumu bulayıram, ay adam, sənin ki, quyruğun yoxdur. Sən niyə olmayan quyruğunu bulayırsan?.
“İtin həqiqətində” adamın ikili xislətinin, daha doğrusu, onun insana çevrilməsini əngəlləyən dağıdıcı təbiətin naqislikləri açıqlanır. İtin açıqlamasında qrotesk səviyyəsinə qaldırılmış bir acı və yandırıcı sarkazm duyulmaqdadır: “İndiki itlər oğurluq eləmir ee, sümsünür. İndi özün de, hansı görkəmli oğrudu, – it yoxsa adam? Canavar hər şeyi təbiətdən öyrənir, it isə adamdan… Əgər itlər adamların tökdüyünün hamısını götürsəydi, -adamxasiyyət, adamxislət olsaydılar, dünya çoxdan dağılmışdı. İt olduğuma görə demirəm, bu mənim it həqiqətimdi”.
Yazıçının quyruq məsələsinə münasibəti də ibrətamiz və düşündürücüdür. İtin öz sahibi qarşısında quyruq bulaması bu həssas və kövrək məxluqun instiktiv vərdişlərindəndir. “Mən itəm, quyruğum var, bulayıram, sənin ki, quyruğun yoxdur, sən niyə olmayan quyruğunu bulayırsan, həə, ay adam? Quyruq bulayan it də, yaltaq adam da eyni şeydi, ikisi də nəfsinin quludu. Nəfs itin ancaq quyruğunu tərpədirsə, adam çönüb olur bütöv bir quyruq, yəni adam şəklindən çıxır” – deməklə it adamlıqdan çıxmağın ağır mənəvi fəsadlarını dilə gətirmiş olur.
Əsər boyu yazıçının üslubunda diqqəti cəlb edən lakonizm fikri ifadə etmək üçün istifadə etdiyi boyaların rəngarəngliyi, fikir zənginliyi, sözlərin assosiativ məna çalarlarının bolluğu “İt intervüsü” hekayəsini, ümumiyyətlə, bədii nəsrin çox böyük uğurlarından biri kimi qiymətləndirməyə əsas verir.
Mərhum professor Mürşüd Məmmədli yazırdı ki: “Əgər bu əsər P.Koelyo, X.Borxes və yaxud dünya ədəbiyyatının digər nümayəndələrindən biri tərəfindən yazılsaydı, gerçəkliyə postmodernist baxışın tərəfdarları onu çoxdan bütün dövrlərin unikal bədii şedevrlərindən biri hesab edərdilər”.
Seyran Səxavət sosial-psixoloji təhlilin dərinliyi, bədii psixoloji məqam və momentlərə xüsusi diqqət yetirməsi ilə öz oxucu auditoriyasını daim genişləndirməkdə və zənginləşdirməkdədir. Sənət əsərinin psixoloji və bədii əhəmiyyətinin vacibliyini dərk edən müəllif əsərlərində dərin psixologizmə, psixoloji təhlilə böyük əhəmiyyət və yer verir.
Çox təssüflər olsun ki, Mirzə Fətəli Axundzadənin, Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, İsmayıl Şıxlının, İsa Muğannanın, Yusif Səmədoğlunun, Vaqif Sultanlının, eləcə də Seyran Səxavətin insanın özünüdərki, milli-mənəvi yaddaş məsələsi, cəmiyyətdə özgələşmə, yadlaşma, şəxsiyyətin deformasiyası problemi və s. mövzularda əsərlər yazmasından illər keçməsinə baxmayaraq cəmiyyət hələ də irəliyə, inkişafa doğru heç bir addım atmamış, mövcud sosial-siyasi problemlər öz aktuallığını qoruyub-saxlamış, hələ də öz həllini tapmamışdır. Toplumun içində yaltaqlığın lirikası olan yalan və qorxaqlıq, zülm və ədalətsizlik hökm sürməkdədir. Əsarətdə olan insanların getdikcə yaddaşsızlaşdığını, yaddaşsızlaşan insanın manqurtlaşmaq təhlükəsi gözlədiyini, manqurtlaşan insanın isə tamamən Vətən, millət və mənəviyyat duyğusundan uzaqlaşdığını, milli düşüncəsi olmayan millətin isə ölü millət olduğunu vurğulayan yazıçılar əsərləri vasitəsilə insanları özünüdərkə çağırır.
Katarsis nəzəriyyəsini Aristotel antik faciələrin təsiri ilə tamaşaçıların ruhən təmizlənməsi prosesi kimi səciyyələndirmişdir. Daha geniş mənada, katarsis real həyatda istər ayrı – ayrı insanların, istərsə də cəmiyyətin milli əzablardan, sarsıntılardan keçib öz günahlarını – tarixi səhvlərini dərk edib ruhən saflaşması, təmizlənməsi, durulması prosesidir. Əslində, hər bir şəxsin mənəvi yüksəlişində və ya milli intibahın kökündə bir katarsis vardır. Böyük elmi kəşflər, böyük sənət əsərləri, əslində, katarsisin məhsulu olan böyük ehtirasların təzahürləridir. Hər hansı bir şəxs və ya millət əzablı yollar keçib səbəb və nəticələri dərindən dərk etmirsə, günahları və səhvləri səmimi etiraf etmirsə, o, katarsisə yetişmir və nəticədə yeni – yeni sarsıntılara məruz qalır.
Ədəbiyyat, vicdanlı yazıçı, şair cəmiyyətə sadəcə olaraq xəbərdarlıq etməyi və düzgün olan yolu göstərməyi bacarır. Əgər ziyalıların, yazıçıların həyəcan siqnalı eşidilmirsə, yaxud eşidilib etinasızcasına qulaqardına vurulursa, bu artıq yazıçının yox, cəmiyyətin günahıdır.
Biz ayna bizi çirkin göstərəndə özümüzü – eyiblərimizi düzəltmək əvəzinə aynaları sındıran adamlarıq, Ustad!…
Bizi məzur qıl…
Bir gün nə zamansa Səni anlayacağıq, mütləq anlayacağıq… Sən yaz… Yaz ki, yolumuzu itirəndə korafəhim səndələməyək, gözümüzə işıq gəlsin… Qələmin yolumuza çıraq olsun!
Sən Özün Sözün böyüklükdə Dəyərsən, Ustad!
Dediklərin Söz bizə əmanətdir – Tanrının əmanəti…
Yaxşı ki, Varsan, Ustad! Yüz yaşa! Var ol!
Bütün qəlbimlə inanıram ki, Səni dinləyəndə – anlayanda Biz təmizlənəcəyik…
Xəstə təfəkkürləri ciddi ədəbiyyatın sağalda biləcəyini anlaya bilsək, Biz təmizlənəcəyik…
“İt həqiqətləri” ilə “adam həqiqətləri” arasındakı sərhəddi aşa bilsək, Biz təmizlənəcəyik…
Biz o müqəddəs yola – Aydınlığa, aydınlanmağa doğru gedirik.
Biz Səni anlayanda, Səndən keçib durulanda Həqiqətə çatacağıq, Ustad! Yolumuz Aydınlanacaq…
Yolumuzun başında Sən varsan, Səndən keçib durulacağıq, Ustad!