QURBAN BAYRAMOV – 65

Qurban Bayramov

QURBAN BAYRAMOV – 65

İyunun 3-də Səməd Vurğunun ev-muzeyində tanınmış tənqidçi Qurban Bayramovun 65 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, muzeyin təşkilatçılığı ilə keçirilmiş tədbirdə filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə Q.Bayramovun yaradıcılığı barədə məlumat vermişdir.

Bildirmişdir ki, Qurban Bayramov ədəbiyyatı, onun mühüm hadisə və meyillərini çevik şəkildə, vaxtında izləməyi və qiymətləndirməyi bacaran tənqidçilərimizdəndir. O, 1969-cu ildən ədəbi tənqidlə məşğul olur və Səməd Vurğundan başlayaraq, müasir dövrün bütün aparıcı simaları barədə öz tənqidçi və ədəbiyyatşünas sözünü demişdir.

Filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov, Xalq Şairi Nəriman Həsənzadə, yazıçı-publisist Nahid Hacızadə, Prezident təqaüdçüsü İlyas Tapdıq, filologiya üzrə fəlsəfə doktorları Asif Rüstəmov, Aslan Salmansoy, şairlər Oqtay Rza, Musa Yaqub, Yusif Həsənbəy, Firuzə Məmmədli, Yusif Nəğməkar, Əlirza Xələfli, tanınmış jurnalist Əli İldırımoğlu və başqaları Qurban Bayramovu müasir tənqid və ədəbiyyatşünaslığımızda geniş yaradıcılıq imkanlarına malik alim kimi səciyyələndirmişlər.

Bildirilmişdir ki, onun hələ ötən əsrin 70 – 80-ci illərində çap etdirdiyi “Vurğun poeziyası, lirik qəhrəman və zaman (Səməd Vurğun poeziyasında lirik qəhrəman)” kitabı böyük maraq doğurmuşdur. M.Cəfər, K.Talıbzadə, M.Quluzadə, B.Vahabzadə, Q.Qasımzadə, C.Abdullayev, Y.Seyidov, Q.Xəlilov kimi görkəmli elm adamları, ustadları, müəllımləri onu yüksək qiymətləndirmişdilər.

Tənqidçinin sonrakı dövrlərdə də bir sıra tədqiqatları, kitabları, məqalələri yeniliyinə görə ədəbi mühitdə maraqla qarşılanmışdır. Tanınmış ədəbiyyatşünas-tənqidçinin “Yaşar Qarayev: milli yaddaş təlimi – azərbaycançılıq”, “Yaralı Vətənin yaralı övladları” bədii-publisistik əsərləri ədəbi mühitimizdə xüsusi maraq doğurmuşdur.   

      Onun “Müasir Azərbaycan poeziyasında üslubi meyillər”, “Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik”, “M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı”, “Səməd Vurğun: dünən, bu gün və sabah”, “M.H.Şəhriyarın poetik üslubu”, “Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər” və s. maraqlı tədqiqat işləri, “2000 – 2008-ci illər Azərbaycan poeziyası”na həsr edilmiş icmalları ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir.

    Qurban Bayramovun dövri mətbuatda 300-dən çox ədəbi-tənqidi, elmi məqaləsi çap olunmuş, 65 illik ömrünün 45 ilini ədəbi yaradıcılığa həsr etmişdir.

Tədbirdə Q.Bayramovun “Əlı İldırımoğlunun yaradıcılıq yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsi” monoqrafik kitabının təqdimatı olmuşdur.

Kitabın redaktoru və “ön söz”ün müəllifi filologiya elmləri doktoru professor Qəzənfər Kazımovdur. Rəyçiləri akademik Bəkir Nəbiyev, filologiya elmləri doktorları Akif Hüseynov, Şamil Vəliyev, Bəhlul Abdulladır.

Mərasimdə yubilyara “Avropa mətbuat evi”nin xüsusi mükafatı, Azərbaycan Yazıçılar Birliyinin pul mükafatı və digər xatirə hədiyyələri təqdim edilmişdir.

Sonda Q. Bayramov tədbirin təşkilatçısı, Səməd Vurğunun ev-muzeyinin direktoru Aygün Vəkilovaya və bütün iştirakçılara minnətdarlığını bildirmiş, yaradıcılıq planlarından danışmışdır.

İlkin mənbə: azertag.az



Tərtibçi:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

One thought on “QURBAN BAYRAMOV – 65”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir