Şuşa Dövlət Musiqili Dram Teatrında yazıçı Narıngül Nadirin “Yuva” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib. Tamaşanın quruluşçu rejissoru Kəmalə Səlim Müslümqızıdır. Rolları: Elnur Soltanov (Telman) ,.Cavid Quliyev (Elçin), Ceyran Baxışova (Zərrin), Gülnaz Hacıyeva ( Səmra) və Mədinə Hüseynova (Gənc qız) ifa ediblər. Xronometrajı 120 dəqiqə olan səhnə əsərinin mövzusu gündəlik rastlaşdığımız aktual məişət məsələləri, sevgi və xəyanətdir. Tamaşanın əsas ideyası cəmiyyətə ailələrin dağılması və intihara son qoyulması mesajını ötürməkdir. Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.
Kitab təqdimatından bir xeyli vaxt keçsə də, nəhayət ki, vaxt tapıb dəyərli yazıçı Narıngül Nadirin “Çilli qız” povestini oxudum. Bu mənim son vaxtlar oxumaqdan xüsusi zövq aldığım kitablardan biri idi. Əvvəlcə kitabın adı məni özünə çəkdi.Sonra kitabı oxuduqca müəllifin incə üslubu, təsirli təsvirləri çox xoşuma gəldi və bu gözəl, maraqlı kitabı bir gecədə oxuyub bitirdim.Müəllif sevgini çox gözəl təsvir edib və insan həyatına sevginin gücünün necə təsir etdiyini aydın şəkildə göstərib. Əsərdə bir kənd qızı öz xoşbəxtliyi uğrunda yola çıxır. O, bu yolda üzləşdiyi çətinliklərə baxmayaraq ayaqda durmağı bacarır, ruhdan düşmür və yoluna davam edir. İllər sonra həqiqi sevgisinə qovuşur. Kitabda bir çox maraqlı hekayələr də yer alıb. Məncə kitabı oxumağa dəyər. Hər kəsə “Çilli qız”ı oxumağı tövsiyyə edirəm.
Bilmirəm indi bunu xatırlamaq kimə gərəkdir və nə əhəmiyyəti var?.. O, mənim sevgilim, dostum deyildi, heç qohumum da deyil… Yəqin ki, o oğlan məni indi görsə tanımaz, tanımaz bir az böyük çıxır, heç kim olduğumu xatırlamaz. Amma gülüşü indiki kimi yadımdadır, qəribə bir gülüş idi. Təbəssümü dodaqlarından başlayıb bütün sifətinə yayılırdı. Dünyaya ərk eləmək, yaxud meydan oxumaq, günəşə göz vurub gülümsəmək kimi bir şey… Onu bu müddət ərzində bir neçə dəfə xatırlamışam. Bir dəfə Bakıya ilk gəlişim haqqında hekayə yazanda, bir-iki dəfə də şəhərə ilk gəldiyimdə yaşadığım yerlərdən keçəndə. Hər dəfə də xatırlayan kimi həmişəki mənasız, bir qəpiklik əhəmiyyəti olmayan sual yenə də beynimi tıqqıldadır: görəsən, onun adı nə idi? Əhməd, Cəmil, Murad? Bəzən o köhnə yerlərdən keçəndə adını xatırlamağa çalışsam da, heç nə alınmır. Səsin görüntüsü yoxdur axı göz yaddaşında ilişib qalsın. Əslində heç fərqi də yoxdur. Guya nə anlamı var ki… Amma, hər halda, adı var idi axı. Özü də dəfələrlə yanımda səsləndirmişdi. İndi yay tətilindəyəm, boş vaxt tapan kimi, daha doğrusu, darıxdığımdan klavyaturanın qarşısına keçib nələrsə yazmağa çalışıram. Yəqin ki, siz məndən yaxşı bilərsiz yazmağa ki, başladın keçmişə qayıtmamaq mümkün deyil. O gün şəhərin küçələrində xeyli gəzişdim. Pis çıxmasa belə deyərdim ki, o ki var avaralandım. Köhnə qəbiristanlıq yerindən keçəndə onu xatırladım. Qəbiristanlıq sözünü işlətdim deyə birdən elə bilərsiniz ki, söhbət dünyasını dəyişmiş birindən gedir. Əsla elə deyil. Söz açdığım adam yəqin ki, sağdır. Ona görə yəqin ki, deyirəm ki, qəfil ölüm- itimləri, qəzaları nəzərə almasaq və yaşını hesablasaq güman ki, sağdır, haralardasa yaşayır. Demək Bakıya təzə gəldiyim vaxtlardır. Təzə deyəndə lap dəqiqi hardasa 20 gün olar. Ta Bakını necə görmüşəm, şəhər ilk dəfə gözümdə necə şəkillənib, hansı hissləri keçirmişəm, nələri düşünmüşəm bunu yazıb başınızı çox ağrıtmaq istəmirəm. Həm çox uzunçuluq olar, həm də ilin-günün bu çağında, camaatın heç real olana tablaşmadığı bir vaxtda niyə sentimentallıq edim ki?.. Demək, Bakıya gəlib ata ocağı kimi şəhərdə ən yaxın qohum sayılan, ərk yeri olan xalaqızıgilin evinə sığınmışam. Universitetə qəbul imtahanı verməliyəm. Mənim zamanımda Bakının yeganə universitetində oxumaq hamının arzusuydu, indi bilmirəm, deyəsən adiləşib. Həm də indi universitetlər də çoxalıb, o vaxtlar institut adlanan ali məktəblər indi universitet adlanır. Nə isə, həm ali məktəbə qəbul olunmaq, həm də şəhərdə yaşamaq istəyim olduqca böyükdür. Şəhərdə yaşamaq arzumdan da yazmıram, yazsam xeyli vaxt aparar, odur ki, bu dəfə onun üstündən də keçirəm. Nə isə mətləbə keçim, ta söhbəti uzadıb sizi bezdirməyim… Axşam xalaqızıgildə səhər imtahana getmək məsələmi, daha doğrusu, universitet yolunu necə getmək məsələmi xeyli müzakirə etdikdən sonra ümumilikdə qərara alırıq ki, sabah imtahana özüm tək gedəcəm. Əslində, bu qərara səs verməyən də var. Xalaqızının əri belə fikirləşir ki, tək getsəm yolda azıb qala bilərəm, şəhər də qazan kimi qaynayır, hər cür adamla doludur, ağıllısı var, axmağı var. Mən isə 3-4 dəfə universitetə getdiyimdən ürəklənmişəm və dönə-dönə israr edirəm ki, gedərəm, özü də lap rahatca gedərəm, yəni mənə görə işinizdən qalmayın. Nə var ki, avtobusun nömrəsini bilirəm, sonuncu dayanacaq universitetin qarşısıdır. Universitet də orda, düz Elmlər Akademiyası metrosunun yanındadır. Nə çətin işdir ki? Qayıdanda yolu əks tərəfə keçib yenə həmin avtobusa minirəm, gəlib ağ darvazalı köhnə zavodu keçib düşürəm. Vəssəlam! Şəhərə gələndən ağ darvazalı zavod nişangah yerimdir. Köhnə, mazut iyi verən zavoddur. Mağazaya, dükan -bazara gedəndə ağ darvazasını tapıram, vəssəlam. Ağ darvazalı zavod yerindədirsə, adam şəhərdə niyə azsın ki?.. Adətən öz sözünün üstündə durmağa israrlı olan, adamlarla həmişə bir ton yuxarıdan danışmağı sevən xalaqızının ərini birtəhər razı salırıq. Amma burasını da deyim ki, xalaqızının ərinin bir ton yuxarıdan danışmağa haqqı da var. Qohum- əqrabadan kənddən kim şəhərə gəlirsə ona tapşırırlar. Yəni o vaxt tapşırardılar, söhbətin əlbəttə indiyə dəxli yoxdur. Həm də tərsliynə baxmayaraq yaxşı adamdır. O ki, deyirlər hər nəslin bir hörmətlisi, ağsaqqalı olur, bax bu da onlardandır. Şəhərə üz tutan evsizlərin, köməksizlərin pənahıdır, kəndə gələndə qohumlar başına dolanırlar, hərə bir tərəfə çəkir. Nə isə, bu mövzunu da qoyaq bir kənara… Bayaq dedim axı universitetə artıq üçüncü dəfədir ki, gedirəm. İki imtahanı verib yaxşı qiymət almışam, indi üçüncüdür, bundan sonra daha biri qalıb. Bizim dövrümüzdə ali məktəbə 4 imtahan verirdilər, ballar toplanırdı, sonra ümumi müsabiqə olurdu. Kim çox bal toplayırdısa, o qəbul olunurdu, qalanlar ümidlərini gələn ilə bağlayırdılar. Səhər evdən çıxanda xalaqızının əri sonuncu sözünü deyir: -Bax ha, diqqətli ol ki, azıb qalmayasan. Mən də qətiyyətlə söz verirəm ki, arxayın ol, azmaram. Evin qarşısındakı dayanacaqda şad-xürrəm avtobusa minib düz universitetin qarşısında düşürəm. İmtahandan çıxan kimi universitetin həyətinə toplaşan adamlar başıma yığışır. Yerbəyerdən suallar yağdırırlar:
-Nə oldu, necə oldu, nə soruşdular? Məmmədov İlqarı gördünmü? Bizim qızı necə? Əliyev Kənan neynirdi? Adamların aşırı canfəşanlığına həmişə gülməyim gəlib, indi də ürəyimdə gülürəm. Elə bil uzun müddət yatıb həbsxanadan çıxmışam bunlar da məndən otaq yoldaşlarımı soruşurlar. Nə isə, birtəhər onlardan qurtulub yolu əks istiqamətə keçərək doğma avtobusumu tapıram. Yerimi rahatlayaraq başımı aynaya söykəyib xəyala dalıram. İmtahanı yaxşı versəm də, istədiyim qiyməti ala bilməmişəm. Mən 5 gözləyirdim. İmtahn götürən qara, enlisifət qadın hər vəhclə qiymətimi kəsməyə çalışırdı və sonda elə də etdi. Bu an, yəni söhbət o andan gedir, ona nifrət edirəm, ta bağışlayın məni, hələ ürəyimdə yüngülcə söyürəm də. Hərçənd ki, ömrümdə dilimə söyüş gətirmərəm. Sonralar, mənə dərs deyəndə də onunla ulduzum barışmadı, bir-birimizə nifrət edə-edə 4 ili başa vurduq. Başımı avtobusun aynasına söykəyib düşünürəm ki, əgər o biri imtahandan da 4 alsam yəqin ki, müsabiqədən keçməyim çətin olacaq. Amma necə olursa- olsun şəhərdə qalacağam, ölsəm də kəndə qayıdan deyiləm. Belə bir az yekəxanalıq kimi çıxmasın, o kəndə sığışmıram, darıxıram orda. Ora mənlik deyil. Qəbul olunmasam, işə düzəlib işləyərəm, gələn il sənədlərimi yenidən verərəm. Gələn il də alınmasa o biri il. Dünya dağılmayıb ki?.. Burasını da deyim ki, inadkarlıq cəhətdən zəif deyiləm. Bir şey beynimə düşdüsə əl çəkmirəm. Beləcə xeyli yol gəlirəm və birdən ayılıram. Baxıram ki, avtobus mənə tanış olmayan binaların arasıyla şütüyür. Tez qabağa keçib sürücüdən ağ darvazalı zavodu soruşuram, sürücü sürəti azaltmadan arın-arxayın tüklü üzünü qaşıyır, tələsmədən bildirir: -Sən oranı çoxdan keçib getmisən, burda düş geri qayıt, iki dayanacaq geri qayıtmalısan. Sürücü səbrlə izah edə-edə yolu bir xeyli də ötüb keçir. Xalaqızının ərinin sözlərini xatırlayıram: “Diqqətli ol ki, azıb qalmayasan”. Avtobusdan düşüb özümü tarazlayıram və yolun kənarıyla geri qayıdıram. Böyük, enli yoldur, maşınlar ara vermədən şütüyür. Kənarda bir adamlıq səki var, bəzi döngələrdə o da bitir, yox olur. Görünür, bu yolla ancaq maşınlar hərəkət edir. Az qala divara sürtünə -sürtünə yeriyirəm. Əhlikef sürücülərin bəziləri sürəti azaldaraq dilxoşluq edir, başlarını pəncədən çıxarıb mənə sataşırlar. O zaman dəbdəydi belə şeylər. Bilmirəm, indi də küçədə qızlara sataşırlarmı? Sataşsalar da daha yəqin ki, məzmun dəyişib. O zaman başqaydı…Məsələn, iri zil maşından biri başını çıxardıb irişir: “gözəlsən e gözəl”, “bəh-bəh incəbel gözəl piyada gedir”. Başqa birisi: “sənə əziyyət olar piyada getmək, gəl gedək” və yaxud “asta yeri, ayağını daş əzər” və s. və ilaxır. Bir tərəfdən ünvanı tapa bilməmək qorxusu, həyəcan, sürücülərin atmacaları, bir tərəfdən də isti… Əməlli- başlı tərləmişəm, paltarım bədənimə yapışıb. Xeyli piyada yol gedirəm, az qala küçənin başına çatıram. Amma mənim axtardığım ağ darvazalı zavod yerində yoxdur. Əgər o zavod tapılmasa, axtardığım ev dünyasında tapılan deyil! Buralarda olmalıydı axı… Elə bil heç yerli-dibli olmayıb. Nə qədər baş sındırıram istiqaməti düz tuta bilmirəm. Küçədə bir nəfər adam da yoxdur söz soruşmağa. Artıq özümdən şübhələnirəm. Bəlkə qayıdanda avtobusun nömrəsini düz oxumamışam, fikirli-fikirli qaçıb minmişəm. Özümü o ki, var danlayıram: “Axmaq, qanmaz, yaddaşsız! Hələ bu ağılla universitetdə oxumaq istəyirsən. Bir ünvanı yadında saxlaya bilmirsən. Monqol…” Daha irəli getmirəm, dayanıb gözləyirəm. Aha, qarşıdakı döngədən çıxan oğlan mənə tərəf gəlir. Gəlib çatanda düz qarşısında dayanıram, birbaşa yolunu kəsirəm. Ortabab, yaraşıqlı oğlandır, yəqin ki, məndən 5-6 yaş böyük olar. İndiki kimi yadımdadır, əynində ağ köynək var, yuxarıdan 3 düyməsi açıqdır. Qollarını yarıya qədər çırmalayıb. Qara şalvar geyinib, hələ tuflisinin rəngi də yadımdadır. Ağıllı sifəti var, adam beləsindən nəsə pis hərəkət gözləmir. Bəlkə də Allah yetirib bunu mənə. Qırımımdan görür ki, sözlü adamam, dayanıb nə deyəcəyimi gözləyir. Birbaşa axtardığım ünvanı soruşub vəziyyəti başa salıram. Oğlan məni başdan-ayağa süzür, bir qədər duruxur, çətin bir riyazi məsələni həll edirmiş kimi fikirləşir, sözlərimi təkrarlayır: -Ağ qapılı zavod… Yanında balaca həyət evləri. Sonra o tərəf doğru istiqamət… Onun belə çox fikirləşməyinə görə ünvanı tapa bilməyəcəyindən qorxuram. Həm də qorxuram ki, birdən çıxıb gedər, tək qalaram bu çölü-biyabanda. Tez dillənirəm: -Balaca evlərdir, köhnə, bozarmış hasarları var, divarlardan üzümlər sallanıb. Oğlan diqqətlə üzümə baxıb gülümsünür. Təbəssümü çox qəribədir. Gülüşü dodaqlarından başlayıb bütün sifətinə yayılır. Dünyaya ərk eləmək, yaxud meydan oxumaq, günəşə göz vurub gülümsəmək kimi bir şey… Birdən qoluma toxunur. -Gedək, deyəsən tanıdım, irəlidədir. Sakitcə onun ardınca düşüb dabanbasma gedirəm. Oğlandan, daha doğrusu dabanından elə yapışmışam ki, indi lap dünyanın o başına da getsə ardınca gedəcəm, başqa əlacım yoxdur. Yol gedə-gedə durmadan ünvanı başa salıram:
-Ağ darvaza, iri çənlər, balaca həyət evləri… Oğlan məni ardınca çəkib aparır, bir adam güclə yeriyə bilən dar səki ilə gedirik. Yoldan ötən maşınlar bu dəfə vıyıltı ilə yanımızdan keçib gedirlər. Küçənin başına kimi gedirik. Ağ darvazadan bir nişan yoxdur ki, yoxdur! Nəfəsimizi dərib yenidən irəliləyirik. Nəhayət uzaqdan zavod görünür. Başı göyə ucalan enli, qara turbaları da var. İrəli keçib addımlarımı yeyinlədirəm. Oğlan da arxamca gəlir. Zavodun qarşısına çatırıq. Yox, bunun qapısı ağ deyilmiş, boz mavi rəngdədir. Oğlan bildirir ki, bu ərazidə bir neçə zavod var. Köhnə neftayırma zavodlarıdır, hamısı da bir-birinə bənzəyir. Küçəni o biri üzə keçməli oluruq. Yolu keçəndə oğlan əlimdən bərk- bərk yapışır, məni maşınlardan qoruyur. Ürəyimə heç nə gətirmirəm. Eləcə dost kimi himayədar kimi əlimdən tutub. Küçənin o üzündə əlimi geri dartıram. Deyəsən xoşuna gəlmir, amma etiraz da eləmir. Tərslikdən hava dəhşət istidir, sanki göydən od yağır, həm də çox yorulmuşuq. Bir qədər aralıda altında köhnə taxta oturacaq olan yaşıl yarpaqlı ağac görünür. Oğlan bu dəfə qolumdan tutub ağaca tərəf çəkir. Bu yerdə ağlıma xoşagəlməyən fikirlər gəlir. Nə qədər olmasa tanımadığım adamdır. Amma etiraz da edəmmirəm. Ağacın kölgəsindəki ensiz balaca oturacaqda diz-dizə söykənib əyləşirik. Diz-dizə əyləşməyimdən bir qədər narahat oluram. Bir tərəfdən də oğlan oğrun-oğrun məni süzür, sıxılıram. Nəfəsimizi dərib sərinlənirik. Oğlan ehmalca əlimi ovcuna alır. Bu dəfə sərt hərəkətlə əlimi geri çəkirəm və qaşqabaımı töküb ayağa qalxıram. Oğlan da ciddiləşir: -Bəlkə yaxşı fikirləşəsən, başqa nə vardı evinizin yaxınlığında? Daha heç nəyi yadıma sala bilmirəm. Ağlamaq istəyirəm. Yenidən bərabər addımlayırıq. İkimiz də susmuşuq. Oğlan qaşqabaqlı görünür, məndən irəli düşüb gedir. Üzünü mənə çevirmədən soruşur: -Sənin adın nədir? Adımı söyləyirəm. Sonra o adını deyir: Əhməd, Cəmil, Murad… Nəsə anlaya bilmirəm. Bir tərəfdən külək başlayıb, o biri tərəfdən sanki qulaqlarım tutulub. İrəlidə köhnə bir qəbiristanlıq görünür. Yadıma düşür ki, bu qəbiristanlığın yanından bir-iki dəfə keçmişəm. Sevindiyimdən az qalıram qaçıb köhnə başdaşlarını qucaqlayım. -Görmüşəm, bu qəbiristanlığı görmüşəm, buradan keçmişəm, ev o biri üzdədir -ucadan dillənirəm. Oğlan da mənimlə bərabər sevinir, üzü işıqlanır. -Aha, görmüsənsə deməli buralardadır, indicə tapacağıq. Qəbiristanlığa tərəf yeriyirik. İri, xırda, düz, əyri başdaşları uzaqdan adamın üzünə dirənir. Başdaşlarının bəziləri yerə yıxılıb, bəziləri yarıyıxılıdır. Amma məlum olur ki, qəbiristanlığın o biri küçəyə çıxışı yoxdur. Deyəsən, heç başqa yerə də çıxış yoxdur burdan… Oğlan barmaqlarını qatlayıb hesablayır, əməli başlı baş işlədir: -Deməli qəbiristanlığın o biri tərəfindən keçmisən, sonra geri qayıtmısan. Sonra… Bəs niyə tapa bilməyək axı? Əgər sən deyən yerdədirsə, elə buralarda olmalıydı. Qəbiristanılığın yanında bir qədər o tərəf -bu tərəfə fırlanırıq. Birdən qəbirlərin arsından yaşlı, arıq, beil əyilmiş bir kişi çıxır, daha doğrusu, peyda olur. Kim bilir, bəlkə də nə vaxtsa ölmüşdü elə indicə dirilib. Kişi iri, bulanıq gözlərini üzümüzə zilləyir sonra birdən biədəb söyüşlərlə bizi söyməyə başlayır: -Əxlaqsızlar, pozğunlar, dingildəşməyə sanki yer tapmırlar. Qəbiristanlığı xəlvət görüblər, gəlib burda görüşürlər. Sizin… Yaman pərt oluruq. Oğlan kişiyə yaxınlaşıb başa salmaq istəyir ki, məsələ o deyən kimi deyil. Kişi daha da qızışır, səsini ucaldır. Oğlan da əsəbləşib səsini qaldırır. Bu anda bir milis işçisi bizə yaxınlaşır. Bilmirəm bu adamsız küçədə o hardan çıxdı? Necə xəbər tutdu? Hələ də qaranlıqdır mənə. Kişi milisi görüb daha da bərkdən söylənir, haqqımızda, daha doğrusu oğlanın haqqında vəkalət qaldırır: -Sevgilisini yanına salıb bayaqdan burda yüz hoqqadan çıxır. Səhər-səhər də ikisini qovmuşam, indi də bunlar… Mənə bura nəzarət etməyi tapşırıblar, işimiz gücümüz budur, axşamacan adam qovuruq burdan. Əxlaq deyilən bir şey də olmalıdır axı… Milis oğlanı kənara çəkir. Burasını deməyi az qala unutmuşdum. O vaxtlar polisə milis deyirdilər, indi polis deyirlər. Nə isə, milis oğlanı kənara çəkir. Bəlkə də ikisi yaşıd olarlar. Amma burada milis hökmlüdür, hakimdir. Sualları o verir. -Adın nədir sənin? Oğlan əsəbi səslə, hirslə özünü təqdim edir: -Əhməd, Cəmil, Murad… Yenə də əməlli –başlı eşidə bilmirəm. Milis deyəsən bizi məntəqəyə aparmaq istəyir, az qalır ürəyim qırılıb yerə düşsün. Özüm də belə şeylərdə yaman qorxağam. Oğlan getmək istəmir. Əsəbləşir, əl- qolu ilə nə isə danışır, mübahisə edir, milisi başa salmağa çalışır, hərdən qoluna da girir. Kənara çəkilib danışırlar. Oğlan məni göstərib nə isə deyir, bəlkə də, məntəqəyə sonra gələcəyini bildirir. Deyəsən, sonda razılaşırlar. Gözücu qəbiristanlıq tərəfə baxıram. Kişi yoxa çıxıb, görünür “vəzifəsini” yerinə yetirib gözdən itib. Yenə də yanaşı yeriyirik. Oğlan xeyli pərt görünür, qaşlarını düyünləyib, dodaqlarını bir-birinə sıxıb. Yəqin ki, baş verənlər heysiyyətinə toxunub. Onun ürəyini almağa çalışıram. Bu boyda şəhərdə bu an təkcə güvənc yerim odur. Qəbiristanlıq gözətçisinin qarasınca söylənirəm, dinmir. Sonra milisin nə dediyini soruşuram, cavab vermir. Eləcə qaşqabaqlıdır. Üzündə tutqun kölgələr dolaşır. Bu saat razıyam əlimdən tutsun, istəyir heç buraxmasın, lap qoluma girsin. Təki bircə dəfə gülümsəsin. Qəsdən qolumu qoluna toxundururam, əhəmiyyət vermir. Bir qədər ondan irəli keçirəm, dayanıb üzünə gülümsünürəm, yenə də əhəmiyyət vermir. Özümü böyüklərin ciddiyə almadığı uşaq kimi hiss edirəm. Küsülü adamlar kimi yeriyirik. Bir qədər getdikdən sonra uzaqdan başqa bir zavod görünür. -Odur, oradır qışqırıram. Addımlarımızı yeyinlədirik. -Oradır, yüz faiz oradır, evimizi də görürəm. Oğlan da zavodu görür, rəngi açılır. Gülümsünür. Təbəssümü dodaqlarından başlanıb sifətinə yayılır. Dünyaya ərk eləmək, yaxud meydan oxumaq, günəşə göz vurub gülümsəmək kimi bir şey… Əlimdən tutur. Bu dəfə əlimi geri çəkmirəm, eləcə əl-ələ tutub gedirik. -O biri imtahanda gəlib səni özüm aparacam. Saat 9-da evin yanındakı dayanacaqda gözləyəcəm. Qayıdanda da özüm götürəcəm. Dinmirəm, bu an bütün diqqətimi irəlidəki görüntüyə vermişəm. Birdən zavodun qarşısında var-gəl edən xalaqızının ərini görürəm. Üz- gözündən hirsli və narahat olduğu görünür. Özümü itirirəm. Əlimi oğlanın əlindən çəksəm də artıq gecdir. Oğlan bir şey anlamır, əyilib qulağıma nəsə demək istəyir. Xalaqızının əri başımızın üstünü alır. Əvvəl mənə təpinir: -Bu vaxta kimi harda qalmısan? Bu oğlan kimdir belə?! -Azmışdım… Sonra oğlanın qarşısına keçir, qəzəblə onu süzür. Adın nədir sənin? -Əhməd, Cəmil, Murad… Həyəcandan yaxşı anlaya bilmirəm. -Bu qızı hardan tanıyırsan? -Yolu azmışdı, kömək etmək istədim. Xalaqızının əri kükrəyir. -Mənə gəlmə, mən səninçün dünənki uşaq deyiləm. Şəhərdə böyümüş adamam. Yolu azmışdı, ürəyin dözmədi qızın əlindən tutdun, əl-ələ verib gəlib buranı tapdınız… Az qalıram deyim ki, elədir, eləcə dediyin kimidir. Xalaqızının əri sakitləşmir: -Bu qızı yiyəsiz görmüsən? Ürəyim bərk-bərk döyünür. Şəhərdə qalmaq, yerləşmək ərəfəsində xalaqızının ərinin yanında inamını itirmək də az iş deyil. Hələ bunun kəndə xəbər çatmağı, hökm çıxarılmaq filan da ola bilər. Az qalıram havalanım. Xalaqızının əri oğlanın yaxasından yapışır. Sifəti o qədər qəzəblidir ki, kənardan üz-gözü əyilmiş görünür, baxmağa qorxuram. Gözlərimi yumuram. Nə isə tıqqıltı, xışıltı, sillə səsləri eşidirəm. Lap hind filmlərindəki kimi… Düşünürəm ki, dəhşətli davanın ortasında oğlan qəflətən irəli atılıb xalaqızının ərinin yaxasından yapışacaq, qaldırıb yerə çırpacaq. Film davam edəcək. Sonra oğlan mənim əlimdən tutur, kaskadyorlar kimi divarın o üzünə atılırıq. Çıxıb gedirik dünyanın o biri üzünə. Gözlərimi açıram. Sakitlikdir, üzü-üzə dayanıblar. İkisinin də paltarı əzik-üzük və tozludur. Oğlan gözlənilmədən xalaqızının ərinin qarşısına keçir: -Bağışlayın, üzr istəyirəm. Təsadüfən belə alındı…Üzr istəyirəm. Oğlan özünü nədəsə günahkar bilir, yaxud da xalaqızının ərini yumşaltmaq istəyir. Bəlkə də məni düşünür, vəziyyətdən çıxartmağa çalışır. Hərçənd ki, bu versiya sonralar ağlıma gəlib. Deyəsən xalaqızının əri də xeyli yumşalıb. İrəli düşüb evə tərəf gedir və mənə əmr edir: -Gəl ardımca! Dönüb gözucu oğlana baxıram. Oğlan yolu o biri üzə keçməyə hazırlaşır. Son anda baxışırıq. O, yenə də gülümsünür. Gülüşü dodaqlarından sifətinə yayılır, dünyaya ərk etmək, yaxud da meydan oxumaq, günəşə baxıb gülümsəmək kimi bir şey… Anidən mənə əl edir və uzaqlaşaraq gözdən itir. Mən onu bir daha görmürəm. Bu hadisədən sonra bir müddət onu xatırlayıram, Ağ darvazalı zavodun qarşısından, evin yaxınlığındakı dayanacaqdan keçəndə gözüm axtarır. Hələ deyəsən bir müddət fikir çəkib qüssələnirəm də. Sonra tamamilə unuduram. Amma hərdən yaddaşımın hansısa küncünə qonmuş, artıq çoxdan toz basmış, lazımsız, dəbdən düşmüş lent kimi kənara atılmış o hadisəni xatırlayanda yenə də ağlımdan mənasız bir fikir keçir: görəsən o oğlanın adı nə idi? Əhməd, Cəmil, Murad?
Narıngül Nadirin nəsr əsərləri və qadın dünyasına baxış
Xüsusən də, müasir dövrdə qadın yazıçılar ədəbiyyat tarixində mühüm rol oynayırlar və bu rolun zaman irəlilədikcə daha gözəçarpan boyalarla özünü əks etdirəcəyinə əminlik duyğusu içərisindəyik. Maraqlı fəlsəfi şeirləri ilə diqqətimi çəkdiyi üçün son zamanlar nəsr əsərlərinə də müraciət elədiyim yazıçılardan biri də Narıngül Nadir oldu. O, “İşıqda adiləşmək qorxusu”, “Qadın da ağac kimidir” şeir kitablarının və “Güzgüdəki qadın”, “Qar çiçəyi”, “Günəş üzlü qadın”, “Çilli qız” adlı nəsr kitablarının müəllifidir. Yazıçının istər şeir kitablarında, istərsə də nəsr əsərlərinin təkcə adlarına nəzər saldıqda belə oxucuya müəyyən mesajlar ötürülür. Belə ki, müəllifi maraqlandıran mövzuların əsasını elə qadın, onun həyatı, əldə etdiyi uğurlar, itirdiyi xoşbəxtlik, qazandığı sevinc –bir sözlə, qadın və onun taleyi məsələsi ön plandadır. Müəllif öz əsərlərində, həmçinin ailə münasibətləri, qadın hüquqları və onların təcrübələri kimi mövzularda da oxucuya unikal perspektivlər təklif edir, çətin vəziyyətlərdə qalan qadınların həyatına işıq olması üçün müəyyən yollar göstərir, onlara stimul ola biləcək baxış bucağı təqdim edir. Belə əsərlərdən biri də onun “Çilli qız” povestidir. Əsərin baş qəhrəmanı sadə kənd qızıdır. O, yaşadığı mühitlə özü arasında böyük uçurum görür və bir növ xoşbəxtlik axtarışına çıxır. Müəllif yaşadığımız həyatı nağıla bənzədir və özü də qeyd edir ki, bu həyatda hamının öz nağılı var. Povestdə Azərbaycan xalq nağılları və nikbin sonluqla tamamlanan dastanlardan irəli gələn motivlər var. Belə ki, baş qəhrəmanın xoşbəxtlik axtarışında qarşısına bir çox əngəllər çıxsa da o sarsılmır, yoluna davam edir. O, pozitivdir və maneələri aşmasında elə bu həyata müsbət baxışın böyük rolu var. Fəlsəfə və psixologiyada belə bir qavram var ki, həyata necə baxsaq, o da zamanla bizə eynisini geri qaytarar. Çilli qızı –Səmanı anası kənddə hansısa bir oğlana nişanlamaq üzrədir. Çünki o, öz övladlarını atasız böyütmək məcburiyyətində qalmışdır və qızlar böyüdükcə onları evləndirib rahatlığa qovuşacağına inanır. Amma Səmanın arzuları var. O, ali təhsil almaq, iş həyatına qarışmaq, üstəlik də, özünün sevdiyi kişi ilə evlənmək fikrindədir. Buna görə də bir sabah anası evdə yox ikən məktub yazaraq şəhərdə iş tapdığını və yaxın zamanda yaşadığı ünvanı onlara da xəbər edəcəyini bildirib evdən qaçır. Əslində, bu belə də olmuşdu. O, televiziyada gördüyü verilişdəki rəssama aşiq olmuş, onunla əlaqə saxlayaraq emalatxanada işə düzəlmək niyyəti ilə şəhərə yollanmışdı. İlk gün onun üçün çox uğursuz olsa da, sonrakı günlərdə keçmişlərində çox qəribə həyat hekayələri olan və elə bu həyat əhvalatının nəticəsi olaraq səfillərə miras qalmış evdə gecələyir. Onlar ər-arvad idilər və qadın Səmaya xoş davranır, ona evində nə qədər istəsə qalmasını söyləyir. Səma artıq emalatxanada işə düzəlmişdi və rəssamla da aralarında sevgi münasibətləri yaranmışdı. Amma tale onları ayırır və Səma rəssamla münasibətləri kəsildikdən sonra hamilə olduğunu bilir. O, uşağını dünyaya gətirir, şəhərdə dostlaşdığı rəfiqəsi ilə birgə ona baxırlar. Eyni zamanda hazırlaşıb universitetə də qəbul olur, böyük uğurlar, nailiyyətlər əldə edərək işlədiyi müəssisəyə rəhbər olma vəzifəsinə qədər yüksələ bilir. Günlərin birində o, rəssamla da yenidən qovuşur və onlar ailə kimi birləşib xoşbəxtliyi yenidən əldə edirlər. Göründüyü kimi, qadın xarakter başına gələn bütün fəlakətlərin və çətinliklərin nəticəsi olaraq sonda əzəldən axtardığı xoşbəxtliyi əldə etməyə nail olur. Yazıçı həm də cəmiyyətdə qadının bəxtəvərliyini nə vaxtsa bir yuvaya sahib olmağında, onu tamamlayan, vəhdət halında hiss edə bildiyi əks cinsdə tapacağına inanır və oxucunu da inandırır. Müəllif cəmiyyətdə gender rollarını və stereotipləri sorğulayır, qadının öz savadına, gücünə, çalışqanlığına, iş həyatında da qazana biləcəyi uğurlara inanması üçün onlara stimul verir. Əsərin ideyası da sosial normaların şübhə altına alınması və dəyişdirilməsi istiqamətindədir. Bir qadın yazıçı olaraq o, yaratdığı obrazın daxili dünyasına daha yaxından bələddir və onun həyat təcrübələrini yazaraq həm fərdi, həm də kollektiv yaddaşda qorunmasına xidmət edir. Bu isə sosial empatiyanı artıra, insanlar arasında anlaşma və həmrəyliyi gücləndirə bilər. Narıngül Nadirin qadınları dilemma qarşısında qoyduğu, obrazları yarğılamadan onları sözün real boyaları ilə yaratdığı obrazlar “Yuva” povestində də yer almışdır. Əsərdə azad ruhlu qadınla evinə, ailəsinə bağlı olan qadının həyatı göstərilir və müqayisə edilir. Qadına da öz həyatını kənardan da izləyib dəyərləndirmə etməyi üçün ədəbiyyat vasitəsilə bir növ platforma yaratmış olur. Qadınlar eşq vasitəsilə həm mənəvi kamilliyə yüksələ, həm də onlar həyatın ən qaranlıq köşələrinə doğru yol ala bilərlər. Onların bir çox davranış biçimləri toplum tərəfindən qeyri-əxlaqi həyat tərzi kimi qarşılandıqda konfliktin əsası qoyulur. Yazıçıya da həyatın əksini güzgü kimi tutaraq bu konfkliktdə kimin daha haqlı olmasına hər kəsin öz “ədalət tərəzisi” qərar versin deyə mövzunu bir növ müzakirəyə çıxarır. Müəllif burada ölkədəki sosial vəziyyətə də nəzər salır. Əsərin baş qəhrəmanı olan kişi universitet bitirmiş savadlı adamdır. Ancaq o, ixtisasına uyğun iş tapa bilməməsi ucbatından ailəsinə yaxşı baxa bilmir, yaxud da, ona uyğun olmayan ağır işlərdə çalışaraq çox az miqdarda əməkhaqqı ilə qənaətlənməli olur. Buna görə də kişinin öz ailəsi olduğu təqdirdə onun xoşbəxtliyi məhz ailəsində axtarmamağına səbəb kimi yazıçı daha çox sosial vəziyyətin kişinin baxa bilmədiyi ailənin yanında gözükölgəli olmasına, yaxınlarına və hətta özünə belə yadlaşmasına səbəb ola biləcəyini də nümayiş etdirir. Əsərdə obrazların daxili dünyalarında tez-tez özlərinə ünvanladığı suallar oxucunu da bu barədə düşünməyə və özü ilə ünsiyyət quraraq həyatı qavrama prosesinin asanlaşmasına xidmət edir. Yazıçı hekayələrində də kiçik mətnlərin içində dolğun xarakterlər yaratmağa nail olmuşdur. Onun “Pulqabı”, “Qara”, “Professor’, “Uğur böcəyi” və s. kimi hekayələri oxucunu düşündürür və cəmiyyətdə daha ədalətli yanaşmanın inkişafına töhfə verir, sosial dəyişikliklər üçün ilham qaynağı olur. Müəllif “Pulqabı” hekayəsində qadının ədalət anlayışını sorğulayır və hətta daxili dünyasında dürüstlükdən uzaq düşən qadında belə mərhəmət və vicdan duyğularının onu yanlış hərəkətlərdən döndürəcəyinə inanır. Ədəbiyyat şəfqəti və vicdanı müxtəlif yollarla müəyyən edir və sorğulayır. Şəfqət başqalarının əzablarına qarşı həssaslıq və kömək etmək istəyi olaraq görülə bilsə də, vicdan insanın əxlaqi dəyərlərə görə özünü qiymətləndirməsi kimi başa düşülür. Bu hekayə də sözügedən anlayışların necə qəbul olunduğunu və obrazların timsalında onların oxucudakı təsirini müəyyən edir. Əsərdə obrazın daxili konfliktləri, mənəvi dilemmaları vasitəsilə onun vicdan anlayışı sorğulanır. “Professor” hekayəsində savadlı qadının elm arxasınca gedərkən öz şəxsi xoşbətliyinə gecikdiyini, yəni, qadının bir növ öz gənclik, gözəllik və ailə qurmaq şansını elmə qurban etdiyinin təəssübünü çəkir. Qadın sayılıb seçilən elm adamı olsa da şəxsi həyatında xoşbəxt deyil. Son zamanlar isə eyni qrupda oxuyan və onu sevən oğlanı tez-tez xatırlamağı da buna işarədir. Bir zamanlar fikrini təkcə elmə yönəltmək üçün vaz keçdiyi eşq həyatını qadın yenidən bərpa etmək qərarına gəlmişdir, buna görə də o, bir zamanlar onu sevən oğlana zəng edib onun iş yerində görüş təşkil edirlər. Qadın oraya gedərək daha böyük xəyal qırıqlığına uğrayır. Belə ki, artıq onu sevən adamın başqası ilə çox xoşbəxt ailə həyatı var. Qırılmış ümidlərini də götürüb yenidən öz tənha həyatına geri dönür. Hekayədə onu gəncliyində sevən oğlan simvolik olaraq bir növ qadının gənc və gözəl çağlarını da ifadə edir. Yəni, hər anın öz hökmü olduğuna və həyata gecikən insanın onu geri döndürmək iqtidarında olmadığına işarədir. Müəllif “Uğur böcəyi” hekayəsində də qadınlar üçün həssas nüansa toxunur. Hər nə qədər elmdə, iş həyatında irəliləmiş bir qadın olsa da onun sevdiyi bir əks cinslə vəhdət halında olmağa ehtiyacı olduğunu vurğulamağa çalışır. Ümumiyyətlə, yazıçının nəsr əsərləri qadın dünyasını, onun həyata baxış tərzini, qadın və cəmiyyət konfliktlərini öyrənmək baxımından əhəmiyyətlidir.
Mən keçmişi sevirəm, dost. Keçmiş -yolun əks işarəsi. Qarşıda yol polisi Tənzimləyir meqapolisi. Ömrümün piyada keçidi hardadır? Keçmək istəyirəm keçmişə. Getdikcə Həyat bahalaşır keçmiş ucuzlaşır. Keçmiş pula getmir Qalıb piştaxtada. Mən özüm şahidəm. Zibilliyə atılmış bir boşqab qırığı Sınmış təbəssümdür. Bir boşqab keçmiş çək, acmışam… Boşalmış rezin top Boşalmış dünyadır. Dərisinə sığınıb. Qırılmış patefon səssizcə oxuyur, Quşlar dimdikləyir səsini. Elə mən özüm də köhnəyəm Ağ-qara yuxuyam. Mən keçmişi sevirəm, dost. “Vasmoy” bazarında köhnə əşya satan Kişi tərifləyir keçmişi. Masanın üstündə əlüstü, Köhnələrdən qalma Hər şey satır kişi. Bəlkə, xırdan ola? Almaq istəyirəm keçmişi. Keçmiş xatırladır: Bu dünya bir heçdi… Yolun kənarında bir yovşan Ətrini burnuna çəkərək Hönkürüb ağlayır: Burdan bir köç keçdi…köç keçdi. Mən keçmişi sevirəm, dost. Bütün gedişlərin vağzalı mənəm, Bütün qatarları qarşılayıram. Keçmişə aparan taksilər Görəsən, neçəyə aparar? Ünvanı bilirəm. Darıxdığın yerdən keçir Bütün ayrılıqlar. Mən keçmişi sevirəm, dost Köklü ağac kimi… Torpağa bağlıyam. Məktub gözləyirəm bir yarpaq.
Bu günlərdə yazıçı Narıngül Nadirin “Çilli qız” adlı yeni kitabı çapdan çıxıb. Kitaba “Çilli qız”, “Yuva” povestləri və müxtəlif vaxtlarda qələmə alınmış hekayələr daxil edilib.
Kitab “Elm və Təhsil” nəşriyyatında çap olunub, redaktoru yazıçı-publisist Təranə Vahiddir.
Kitabın annotasiyasında müəllif belə qeyd edir: “Bu kitabın hər səhifəsindən bir insan taleyi boylanır. Dünyada qəribə taleli adamlar var. Hər adamın da öz nağılı…Dünya eləcə kitab-kitab nağıldır.
Bir də ki, yaşadığımız həyat başdan-başa təkrarlardan ibarətdir axı… Şəklini itirmiş, formasını dəyişmiş təkrarlardan…”
Narıngül Nadiri təbrik edir, uğurlar və oxucu bolluğu arzulayırıq.
Hər şey qonşum Gilə arvaddan oldu. Bir az da beynimə o, saldı… Gilə arvad Qarabağ köçkünüdür. Ermənilər evini, olan-qalanını əlindən alıb, kəndini-kəsəyini yağmalayıb. O da kənd camaatı ilə birlikdə yurdundan-yuvasından didərgin düşüb. 90-cı illərdən söhbət açıram sizə. Gilə arvad bir müddət dost-tanış evinə sığındıqdan sonra Bakıya pənah gətirib, gələn kimi də bizim evin qarşısındakı boş sahəyə daş töküb, hasar çəkib, özünə kümə qurub, həyət-baca düzəldib. Hardansa ağac, gül kolu tapıb, həyətində yaşıllıq yaradıb. Sonra o boş sahədə evlərin sayı durmadan artıb. Ev deyirəm ha sizə, daha kümə yox! Əməlli-başlı bağı-bağçası, eyvanı, hasarı olan evlər! Gilə arvadın dediyinə görə, ev tikənlərin arasında köçkünlər da var, yerli camaat da. Guya yerli sakinlər də kimisə görür, nə bilim nəsə sənəd göstərir və sonda həyət evi tikirlər. Yalandır, düzdür, ta orasını deyəmmərəm, günahı Gilə arvadın boynuna. Deyərəm düzdür, sonra yalançı çıxaram. Deyərəm yalandır, yenə yalançı çıxıb qınağa gələrəm. Görünən odur ki, bir vaxtlar boşluq olan bu ərazidə indi əməlli-başlı qəsəbə salınıb. Gilə arvad şirindil, söhbətcil arvaddır, xeyli vaxtdır ünsiyyət qurmuşuq. Gəlib kəndlərindən, orda qoyub gəldiyi ev-eşiyindən, “Sarıca” adlı inəyindən, olub- keçəndən danışır. Sonra söhbət istər-istəməz təzə salınmış qəsəbənin üstünə gəlir. Belə ki, mən doqquzmərtəbəli binanın beşinci mərtəbəsində yaşayıram və onunla eyvanda əyləşib çay içərkən o qəsəbəni açıq- aydın müşahidə edirik. Gilə arvad evləri bir-bir nişan verir: -Odey, Ramizin evidir: başı qırmızı. İki ay deyil torpaq aldığı artıq ev tikib. Özünün köçkün statusu olsa da, lap çoxdan- hadisələrdən əvvəl Bakıda yaşayandır. Hələ eşitmişəm, kənarda bina evi də var. O biri də Raziyənin evidir. Heç bilmirəm, haralıdır? Torpağı da necə alıb bilinmir, gecəykən tikib. Səhər-səhər qaz kartının necə yüklənməsini öyrənmək üçün bizə gələn Gilə arvad yenə həyətini tərifləyir, əkdiyi ağacların böyüməsindən, gül-çiçəkdən söz açır, ürəyim atlanır. Ürəyimdə hövllənirəm ki, niyə mənim də orada bir parça torpağım olmasın? Niyə mən o torpaqda ağac əkib altında dincəlməyim? Kölgəlikdə uzanıb Gilə arvad kimi səhər-səhər açıq havada çay içməyim? Niyə də, niyə? Mən də kənd adamıyam axı, canımda torpaq həvəsi, ağac sevgisi var. Yaşıllıq görən kimi üzüm gülür. İndi nə olsun, kəndi qoyub gəlib şəhərdə oturmuşam, burda torpaq xiffəti edirəm. Nə isə, ta dərinə gedib bu söhbətlərə toxunmayaq… Bu dəfə gedərkən Gilə arvad birbaşa hücuma keçir: -Sən də tərpən, gəl, özünə bir kümə qarala. Nə qədər göyün üzündə oturacaqsan? -Necə edim axı? Kimdir məni ora buraxan? -Ta özün bil, məndən deməkdir. Bu gün- sabah oranın qiyməti qalxacaq kəllə-çarxa. Mən heç e… Onsuz da yerim-yurdum alınandan sonra burda qalan deyiləm. Buranı böyük oğlana verib çıxıb gedəcəm elimə-obama. Amma sən onsuz da burda yapışıb qalansan. Paho! Gilə arvad dərdimi təzələyir. Yarama duz səpir. Yenidən həvəslənirəm. Arvad qapıda bir də dillənir: -Azdan -çoxdan əlində ehtiyatın da var. Lazım gəlsə ora- bura verməyə deyirəm. Bilirəm nəyə işarə vurur. O gün evin sirrini ona açmışam. İllərlə etdiyim qənaətin hesabına bir qədər pul yığdığımı bildirmişəm. Xülasə, neçə gün dalbadal həyət evlərinin arasıyla gəzə¬rək özümə torpaq sahəsi axtarıram və məlum olur ki, mən xeyli gecikmişəm. Sən demə, əməlli-başlı əfələmmiş. Bu qəsəbədə bir qa¬rış da olsa, boş torpaq qalmayıb. Hərə daxmasını tikib, hasarını çəkib, başını içəri salıb oturub. Ümidsiz halda geri dönmək istədiyim anda görürəm ki, sısqa bədənli, qolları yanında çubuq kimi yırğalanan, çə¬¬lim¬siz bir adam yolda qamış kimi o tərəf- bu tərəfə yellənir, sonra gəlib qapısının ağzında çöməltmə oturur. Mən də ədəb- ərkanla yaxınlaşıb salam verirəm. Arzumu, mətləbimi bildirirəm. Adamın birdən –birə gözləri işıqlanır: -Özüm ölüm, düz ünvana gəlmisən! Sevincdən ürəyim döyünür. Deyəsən, işıq ucu var axı… Adam qarğı kimi yellənən qollarını evinin qarşındakı boş sahəyə tərəf uzadır: – Mənim torpağımdır, ehtiyacım var, satıram. Bu sısqa bədənli, dünyanın işlərini vecinə al¬mayan, hörümçək kimi yellənən adam elə inamla danışır ki, kənardan qəhrəman kimi görünür. Zarafat deyil, bu basabasda həm özü¬¬¬nə yer tutub, ev tikib, həm də üstəlik torpaq satır. “Dostum” kifayət qədər münasib qiymətlə razı¬la¬şır və şərt qoyur: – Bax, qiymətdə güzəştə gedirəm, torpağı yarı qiymətinə satıram. Amma bir şərtim var. Hələlik bir müddət bura yaxınlaşma! Sonra yolunu öyrədərəm, elə gecəykən evi tikərsən. Heç kəs bilməsin mənim torpaq satdığımı, mən də buranı nə vaxtsa tutmuşam, odur ki, səs düşməsin. Özüm ölüm, hamısı satqındır burda, bir dəqiqəyə xəbərçilik edirlər, gözləri elə hey orda-burdadır. Adamı bir dəqiqəyə satarlar e… Neçə dəfə məni xəbərləyiblər, güclə canımı qurtrmışam. Onun gələcək qonşularım haqqında belə deməsi xoşuma gəlməsə də, razılaşıram. Rahat və xoşbəxt halda evə qa¬yı¬dı¬ram. Xəyalımda təzə həyətimə çoxlu ağaclar, güllər əkirəm. Sonra gülləri sulayıram, ağacın saralmış yarpaqlarını yığıram, kölgəsində xumarlanıram. Bəh-bəh… Bir müddət xoşbəxtliyimlə əylənəndən, ev¬də oturub əməlli-başlı dadını çıxarandan sonra nə¬ha¬¬yət ki, nəfsimi saxlaya bilməyib torpağıma bax¬maq qərarına gəlirəm. Arıq, cüssəsiz adam hardan biləcək axı?.. Gecə -gündüz ora keşik çəkmir ki?..Gedim, heç olmasa kənardan tamaşa edim. Torpağa yaxınlaşdıqda oranın hasara alındığını, bir neçə fəhlənin də içəridə işlədiyini görürəm. Bu nə məsələdir? Mənim yerimdə tikinti gedir. Bəs arıq, sısqa adam hardadır? Niyə görmür? Ürəyimə titrətmə düşür. Amma özümü tox tut¬ma¬ğa çalışıram. Məğlub olmaq olmaz! Pis fikirləri özüm¬¬¬¬dən uzaqlaşdırıram. Fəh¬¬lə¬lərlə danışıqdan sonra aydın olur ki, bura ya¬xın¬lıqdakı taxta sexinə aiddir, tikintini də bu sexin sa¬hi¬bi aparır. Əsəbi halda dostumun qa¬pı¬sı¬nı döyürəm. Qapını açan olmur, bir xeyli qapıda dayanıram. Zəng edirəm, telefonuna zəng çatmır. Qonşu qadından öy¬rə-nirəm ki, dostum evini satıb aradan çıxıb. Tez taxta se¬xi¬nin sahibini tapıram. Sahibkar şişman bədəninin yarısını bahalı maşınının açıq qa¬pısından bayıra çıxarıb, sual dolu gözlərini bə¬rəl¬dir: yəni, nə olub, nə istəyirsən? Mən həyəcanla və tələsə-tələsə de¬yi¬rəm: – Bu torpaq mənimdir, mən bura pul ödə¬mi¬şəm. – Əlində sənədin var? Kəkələsəm də, təslim olmuram: – Nə sənəd? Burda hamı mənim kimidir! -Hamıdan sənə nə?! Bəlkə, hamı köçkündür, hamının başqa şansı, imtiyazı var? Xırppadan içimdən qırılsam da, mübarizəmi da¬vam etdirirəm: – Bəs sizin sənədiniz var? Sahibkar mənimlə danışmağı boş hesab edir, iztehza ilə gülümsəyərək başını yırğalayır, yəni ki, sə¬ni aldadıblar. Sonra o, kəskin hərəkətlə əlini yel¬lə¬yir, yəni ki, xoş getdin. Arxamca söylənir: -Tanımadığı adama heç bir sənədsiz fi¬lan qədər pul verib, hələ danışır da… Onda mən inadla yenidən “dostumu” axtarmağa başla¬yı¬ram. Özüm də döyüşə tam hazır vəziyyətdəyəm. Nəhayət ki, onu tapıram. Deyəsən, yüngülvari keflənib, yerində düz dayanammır, o tərəf- bu-tərəfə aşır. O, əlini bo¬ğa¬zı¬na aparıb and-aman edir: – And olsun Allahın bir adına, and olsun yerə-göyə, and olsun qeyrətimə sexin o torpağı gözaltı etməyindən xəbərim olmayıb. Bilsəm, heç sat¬maz¬dım. Bir də ki, heç onların da sənədi yoxdur. Hardandır onlarda sənəd? Onlar səni aldadırlar, sənədləri yoxdur. Necə vicdansız adamlar var e… Yalandan deyir sənədim var. – Ver, mənim pulumu! Dostum arıq əlini qalxıb-enən hülqumuna çəkir: – Məndə pul nə gəzir? İstəyirsən vur öldür, is¬tə¬yirsən tut boğazımdan təhvil ver polisə, aparıb bassınlar içəri, bir qəpiyim də yoxdur! – Axı pulu sənə təzəcə vermişəm, neynəmisən pu¬lu? – Borcum var idi, dirəmişdilər divara, verdim, getdi… Deməyə söz tapmıram. Hərif pulu heç bir sənəd olmadan ona ver¬di¬yim¬dən arxayın olub, yəqin. Bir də ki, məni tanıyıb, bilib ki, bərkdə əli olan adama oxşamıram. -Yaxşı, bəs neyləyim? -Heç nə, get dirən, qoy sənin torpağından çıxsınlar. Deməyə sözüm qalmır. Onsuz da dos¬tum, necə deyərlər, bir həsirdir, bir məmmədnəsir. Bəd ayaqda onu həbs etdirib qisasımı ala da bilərəm. Onu həbs etdirəndən sonra dəqiq bilirəm ki, bir müddət keçmiş başlayacam halına acı¬mağa, əzab çəkməyə. Həm də özüm öz xoşuma aldanmışam axı… Gedib Gilə arvadı tapıram. Gilə arvad şappıltıyla dizinə elə vurur ki, şappıltısı 9 mərtəbəli evlərin panel divarlarında əks –səda verir: -Vay, gedib kimə ilişmisən! O, fırıldağın biridir, içməkdən başı açılmır. Avaranın biridir. Vay-vay! -Payatonnan! Gör, məni kim aldadıb e?! -O boyda qəsəbədə adam tapmırdın, alver etməyə? –Gilə arvad söylənir- heç olmasa soruşardın, məsləhət alardın. -Nə bilim e, dedi heç kim bilməsin. Bir müddətdən sonra, özümü ələ alıb sakitləşdirdiyim bir zamanda, Bakının uzaq kəndlərindən birində yaşayan qo¬hu¬mum zəng edir: – Tez gəl, burada ucuz torpaq satırlar. Belə getsə,bir azdan bir qarış da yer qalmayacaq. Gürcüstan tərəf¬dən elə hey axışıb gəlirlər. -Yox e… Qorxuram daha! Sənədsiz, filan… -Qorxma, buranın sənədi var. Yenə də həvəslənirəm. Daha doğrusu, sənəd sözü ağlıma batır. Xeyli uzaq da olsa, yenə bir parça torpaqdır. Yenə xəyalımda ağac əkirəm, sulayıram, kölgədə dincəlirəm. Torpağı satan və sənədləşdirən məmurla qiymət üstündə bir qədər çək-çevir¬dən sonra sövdələşə bilirik. O, məni torpaq sahəsinə gətirir. Cibindən metrə çıxardır, qonşunun sahəsini- ölçüb biçir, araya nişəngah kimi daşlar düzür, mənim tor¬pa¬ğı¬mın sərhədlərini müəyyənləşdirir. Sonra cibindən kirli, əzik dəftərini çıxardıb özü bildiyi şəkildə qara-qu¬ra xətlərlə yerin təzə xəritəsini çəkir. Xəritənin üstündəki şaquli xəttə mənim adımı yazır. Dəftəri mənə göstərir, mən də açıq-aydın orada adımı oxuyuram. -Sənədləri iki aydan sonra alacaqsan, -məmur bildirir. Sonra pulu almağı haqqında kağız yazıb imzalayır. Məmura minnətdarlıqla baxıram, adətimə uyğun ol¬ma¬sa da, xeyli dil-ağız edirəm. Rahat nəfəs alaraq geri qayıdıram. Bir müddət son¬ra qohumum həyəcanla mənə zəng edir: – Tez gəl, qonşu sənin torpağına girib. Cəld ora yollanıram. Bir Allah bilir ki, yolboyu nə¬lər çəkirəm. Torpağıma yaxınlaşdıqda sahənin xey¬¬li hissəsinin qonşu tərəfindən zəbt edildiyini, hələ bir neçə ağac da əkildiyini görürəm. Zəbt edən də enli tumanlı, kök qadındır. Dil qəfəsə qoymadan danışır. O qədər fasiləsiz danışır ki, nəfəs almaq olmur, heç verdiyin sualın yarısını səsləndirib çatdırammırsan. Hərdənbir “əcəb edirəm, hara istəyrsən get!” sözlərindən başqa heç nə eşidəmmirəm. Qırımından baxıram ki, bununla dava etmək mənlik deyil. Torpaq satan məmuru tapıb gətirirəm. Məmur əsə¬bi görünür. -Əlimdə 100 dənə işim var. Nə istəyirsən? Ölçüb vermişəm yerini, gedin yerləşin də!.. Onun əsəbləşməyindən xeyli xə¬ca¬lət çəksəm də, öz etirazımı bildirirəm. Məmur çirkli dəftərini açıb şaquli xəttin üzərində mənim adımı tapır. Sonra torpağı ölçür, dəftərə bir də baxır, torpağı təkrar ölçür. Qonşunun adı yazılmış perpendikulyar xəttə baxır, xətləri tutuşdurur. Qonşunu çağırıb göstərir. Məlum olur ki, məmur onun torpağını öl¬çən¬də səhvən mənim sahəmə girib. Bundan istifadə edən acgöz qonşu da torpağımın xeyli his¬sə¬si¬ni zəbt edib. Məmur qonşunun və mənim tor¬pağ¬ı¬mın kənarına nişangah kimi düzdüyü əyri daş¬la¬rı o tərəf-bu tərəfə diyirlədib “sərhədləri” möh¬kəm¬lən¬dirir. -Bu daşları tərpətməyə ixtiyarınız yoxdur! Bura sizin sərhədinizdir. Hasarı da burdan çəkin! Məmur torpağa bulaşmış əlləri ilə bir az da qaralıb çirk¬lən¬¬miş dəftərində düzəliş aparır, ucu qırıq qələmini dəftərin qırağına sancır, dəftəri cibinə qo¬yur. Nəhayət ki, sülh müqaviləsi bağlayır və bizi yerləşdirib geri qayıdır. Mən də tam rahat oluram. Qohumumun bu dəfəki zəngi isə əsəbimi son hədd¬ə çatdırır, beynimi qıcolmaya yaxın bir və¬zi¬y¬yə¬tə gətirir. Bu dəfə də məlum olur ki, başqa bir qonşum ar¬a¬mızdan keçən yolu zəbt edərək öz torpağına qatıb. Mən təbii ki, tez ora yollanıram və baxıb gö¬rü¬rəm ki, təzə qonşum, doğrudan da, yolu tutub, “sər¬həd¬lə¬rimizi” birləşdirib. Artıq aramızdakı yol yoxdur. Həmin yolun tutulmasıyla o bi¬ri qonşulara və təzə tikililərə gediş-gə¬liş də bağlanıb. İndi adamlar evdən çıxıb harasa getmək üçün nə qədər yolu fırlanmalı olacaqlar. Bu dəfə daha bərk qəzəblənirəm, əsəb¬¬lərimi cilovlaya bilmirəm. Üzümü qonşumun həyətinə tutub hündürdən söy¬¬lənirəm: – Heç belə də şey olar? Bir qarış torpağa görə yo¬lu kəsərlər?! Camaat bizdən ötrü yolunu gör nə qə¬dər uzatmalıdır, bu qanunsuzluqdur! Qonşu heç üzünü də göstərmir. Qapını da aralamır, heç aralanmış qapıdan başını da çölə çıxartmır. Tez məmurun yanına yol¬la¬nı¬ram. Məmur əvvəlcə məni tanımır. Sonra kirli dəftərini çıxardır. Xəritədə məni tapır, qonşuyla aramızda olan yolu görür. Hirsini cilovlayammayıb vul¬kan kimi üstümə püskürür: – Sənin torpağın yerindədir? Təsdiq əlaməti olaraq başımı yelləyirəm. -Sərhədin yerindədir? -Bəli! – Vəssəlam!!! Cəhənnəmə kimi, yol tutulub! Yoldan sənə nə? Yol sonranın işidir. Bir də ki, qoy bu haqda başqaları düşünsün. Niyə o qədər adam səsini çıxartmır, elə sən ortaya düşmüsən? Başa düş! Sən yalnız oz sahənə cavabdehsən! Öz sahənə!!! Məmurun qəzəbli səsi məni yuxudan ayıldır. Mən yalnız öz sahəmə, özmə cavabdehəm. Doğrudan da, yo¬lun tutu¬l¬ma¬ğı¬ndan mənə nə var? Qoy bu barədə başqaları dü¬şün¬sün. Camaat məndən ağılsız deyil ki? Lazım gəl¬sə, elə səslərini çıxardarlar. Elə ordaca fərd olmaq, həqiqət axtarmaq iddiasından vaz keçirəm. Belə bir “dahi¬¬ya¬nə fikir” də irəli sürürəm: axın¬dan aralanmaq olmaz! Ancaq bir tərəfdən, lap elə hər tərəfdən ba¬xan¬da, düzgün deyil axı! Özbaşına götürüb yolu kə¬sə¬sən, öz xeyrin üçün başqalarına bu qədər ziyan vu¬ra¬san, heç kim də dillənməsin! Paho! Yenə də insanlarla aramda dilemma yaranır, nə qə¬rar verəcəyimi bilmirəm. Bir qədər götür-qoydan son¬ra özümü sülhə çağırıram. Qərara alıram ki, bü¬tün bunlar mənlik deyil, mən özümü qorumalıyam, ca¬maat necə, mən də elə. Özümü müdafiə etməliyəm, ha¬mı kimi axına qarışmalıyam. Hamı kimi… Hamı kimi… Mən də çox¬lu¬ğun bir hissəsiyəm, bir zərrəyəm…zərrəyəm. Eyni zamanda, hiss edirəm ki, zəifləyirəm. Çoxluğa qoşulduqca özümü kiçik hiss edirəm. Nə etmək olar, mən də insanam axı… Amma sizə bir söz də deyim, öz aramızda qalsın! Zərrə olmaq heç də yaxşı deyil…
QIRMIZI (hekayə) Gülsümün kənddə ən çox çəkindiyi adam Suğra arvaddır. Çünki onun taleyində Suğra arvadın birbaşa rolu var. Suğra arvadın sözlərinə görə, Gülsüm ağıldan yüngül olduğu üçün vaxtında ərə gedə bilməyib. Amma Gülsümün yozumu başqadır. Deyir, yetim qızı alan kim idi? Deyir, istəyənim çox olub, dəstə-dəstə elçilər də gəlib, qardaşım arvadı imkan verməyib. Amma sonda, pis- yaxşı, bəxti açılıb. Suğra arvadın köməkliyi ilə özündən 30 yaş böyük, arvadı ölmüş yaşlı bir kişiyə ərə veriblər. Gülsümün yaşı özünün dediyinə görə 35, Suğra arvadın dediyinə görə isə 40-dır. Əynində həmişə qırmızı güllü paltar, ayağında dabanları əzilmiş yüngül yay ayaqqabısı olur. Enli paltarının belini nazik toqqa ilə sıxıb bağlayır. Başına bağladığı qırmızı çiçəkli yaylığın altından görünən saçları hiss olunur ki, naşı əllə kəsilib. Çox güman ki, özü kəsib. Arıq olduğundan uşaq kimi görünür. Üzündə həmişə gülüş olur. Nəyə sevindiyi, nəyə güldüyü bilinməz, amma gülüşü əskik olmaz. Suğra arvad Gülsümü ərə verdiyinə görə çox qürrələnir. Onun fikrincə, evdə qalıb qardaşı arvadının danlağını götürməkdən, qardaşının uşaqlarına qulluq etməkdənsə, yenə ər evi yaxşıdır. Kişi yaşlı olsa da yenə başının üstündə həyandır, çörək verəndir. Bu yerdə Gülsüm də Suğra arvadla razılaşır. Doğrudur, əri evi yaxşı olmağına yaxşıdır, amma iş orasındadır ki, Gülsüm ər evində Suğra arvadın etimadını doğrultmayıb, tam o istədiyi kimi arvad olammayıb. Ər evində elə hoqqa çıxardıb ki, nəyinki Suğra arvadın, heç kənd adamlarının da yatsa yuxusuna girməzdi. Kənddə balacadan– böyüyə hamı bilir ki, Gülsüm qoca və xəstə ərini bu tərəflərdə hamını heyran edən gənc və gözəl Dilbərə qısqanır. Elə qısqanır ki, az qalır qanına susaya. Əgər Gülsümdən soruşsan ki, bu dünyada nifrət etdiyin adam kimdir, heç düşünmədən deyər ki, Dilbərdir. Yaxud soruşsan ki, dünyanın ən axmaq, ən pozğun qadını kimdir, yenə də cavab verər ki, Dilbərdir. Suğra arvad özü də başa düşür ki, Gülsüm uşaq kimidir. Onu idarə etmək elə də asan deyil. Hərçənd ki, Suğra arvad qeybətcil olmaqla yanaşı, həm də kənd arvadlarının idarə edənidir, yerin altını da bilir, üstünü də. Danışanda elə həvəslə, elə maraqla danışır ki, elə bil aşıq toyda dastan danışır. Amma hər nə qədər bacarığı olsa da, Gülsümün hər addımını da izləyəmməz axı… Heç Gülsümün addımını izləmək mümkün də deyil. Onun qəflətən yolda peyda olmasına hamı alışıb. Necə gəldiyi bilinməz, bir də baxarsan ki, gözünün qarşısında, daha doğrusu, kənddə ən məşhur yer olan, adamların səhər-axşam yığışdığı kötüyün yanında bitib. Söhbəti də ən çox kənddəki toylardan olur. Suğra arvadın xəbərdarlığına baxmayaraq kənddə toy olanda Gülsüm bir həftə əvvəldən o toyun havasına uçur. Uşaqlarla birlikdə ən tez gedib toyxanada oturan, toydan ən sonda çıxan da o olur. Gülsümü görən kimi uşaqlar başına toplaşır. Suğra arvad him-cimlə başa salır ki, gəl, qoşul arvadlara. O da əlacsız qalıb ayağını sürüyə-sürüyə gəlib arvadların yanında dayanır, güc-bəlayla onların söhbətinə qulaq kəsilir. Suğra arvaddan çəkinməsə, dünya dağıla arvadlar toplaşan yerə üz çevirməz, elə uşaqların yanında dayanar. Uşaqlar daha maraqlıdırlar. Kəndin arvadları hər şeydən, çox vaxt da ağla gəlməyən hadisələrdən danışırlar. Belə dərinliklər onun üçün deyil. Nəyinə gərəkdir ki? Toy-qonaqlıq deyil ki, bir kənarda dayanıb sevinsin, əylənsin. Ən pisi də odur ki, arandan-dağdan danışan arvadlar bir də görürsən söhbəti heç nədən gözəl Dilbərin üstünə gətirirlər. Hərə bir əhvalat quraşdırır. Dilbərin adını eşidən Gülsüm alovlanır, “cini təpəsinə vurur,” əlini- əlinə vurub vaysınır: -Bizim kişi Dilbərlə gəzir. Gecələr həyətdə görüşürlər. Gecə it hürəndə bilirəm ki, Dilbər həyətə gəlib. Kənddə baməzə, itoynadan kimi tanınan Tükəz arvad Gülsümə yaxınlaşır. – Gülsüm, de görüm, kişini çox qısqanırsan?
– Əlbəttə! Kişiləri qısqanmaq gərəkdir, gərək gözündən kənara qoymayasan, yoxsa, əldən gedər, qaytara bilməzsən. Kişilərə etibar yoxdur! Pozğun qadınlar da çoxdur, Dilbər kimi. Gülsüm son cümləni bir qədər şəstlə, həm də hündürdən söyləyir ki, hamı eşitsin… Bir az da dərin görünmək istəyir. Gülsümün sözünə hamı gülüşür. Adamların nəyə güldüyünü aydınlaşdırammasa da, o da gülənlərə qoşulur. Gülsümə nə var ki, gülmək öz əlindədir. Təki deyib gülən olsun, adamlar şənlənsin. Adama elə gəlir ki, Gülsüm gülməsə dünya dağılar, günəş bu kəndi belə işıqlandıra bilməz, kəndin kənarına səpələnmiş mal-qara belə həvəslə kövşəyəmməz… Suğra arvad Gülsüm üçün yana-yana deyir ki, heyf, sümüyü yüngüldür bunun. “General” kimi arvadın yerinə gətirmişəm. Dedim, bu da yetimdir, ortalıqda qalmasın, bir tikə çörəyini yesin. Bu da ki, belə çıxdı… Gülsüm Suğra arvaddan başqa, ögey qızından da çəkinir. Ögey qız şəhərdə yaşayır və kəndə gələn kimi kötüyün yanına gəlir. Yanında da həmişə ekiz oğlanları olur. Bir-birindən seçmək olmur oğlanlarını. Kürən, gombul uşaqlardır, üzlərindən harınlıq yağır. Kəndə gələn kimi yola çıxırlar. Uşaqlardan biri kötüyün kənarındakı otluqda əyləşir, ipi boşalmış ayaqqablarını Gülsümə tərəf uzadır ki, gəl ayaqqabılarımı bağla! Gülsüm bildiyi şəkildə uşağa nəvaziş göstərir, əyilərək ayaqqabılarının bağını bağlayır. Ekizlərin o biri tayı da irəli gəlib onun qarşısında dayanır: -Mənim ayaqqabılarımı da aç, təzədən bağla! Gülsümün ögey qızı arvadlara deyir ki, Gülsüm atama yaxşı qulluq etmir. Səliqəsi də bir şey deyil, kişi öləndən sonra çətin ki, burda qala. Bu yerdə Suğra arvad özünü saxlayammır, necə də olsa ədalət hissini boğammır, qəti şəkildə etiraz edir: -Yox, ağıldan yüngül olmağına yüngüldür, amma səliqə- səhmanına, təmizliyinə söz ola bilməz! Ögey qızın söhbətini eşidən Gülsümün üzü tutulur, cəld vedrələrini götürüb kənara çəkilir, yola düzəlir. Əslində, Gülsümün kədərli olmasını heç kim istəmir, necə olsa, adamların kefini açır… Evlərimiz yaxın olduğundan əlindəki boş vedrəni yelləyə-yelləyə gedən Gülsümün yanına düşürəm. Sakitcə yeriyirik. Hiss edirəm ki, üzü tutulub, danışmağa həvəsi yoxdur. Ona necə təsəlli verəcəyimi, kefini necə açacağımı düşünürəm. Amma birdən-birə Gülsümün üzünə gülüş qonur. – Sabah kənddə toy var. Sevinci dalğa-dalğa üzündən axaraq köhnə ayaqqabılarının ucuna qədər yayılır, az qala çiynində uçmağa hazırlaşan qanadları görünür. -Səhər toya gedəcəm. Sonra mənə tərəf dönür: – Eşitdim Bakıya gedirsən… Cavab gözləmədən hündürdən bəyan edir. -Yaxşı edirsən, bu kəndi Allah dağıtsın… – Kənd dağılsa, hara gedəcəksən, ay Gülsüm? Dodaqlarını sıxaraq çiyinlərini çəkir. Gözlərini az qala yerlə birləşməkdə olan göyün ortasına dağılmış mavi–boz buludlara dikir, sanki gedəcəyi yeri axtarır, amma heç vaxt gedib çıxa bilməyəcəyini anlayır, astaca köksünü ötürür. -Bakıdan gələndə mənə qırmızı lak, kəpənəkli sancaq, bir dənə də qırmızı boyunbağı al! – Qırmızı lakı neynirsən, Gülsüm? Uşaq deyilsən ki?.. – Qırmızı olsun, qırmızını xoşlayıram, dırnağıma çəkib toya gedəcəm. Gülə-gülə söz verirəm ki, mütləq o dediklərini alacağam. Sevinir, üzünə yenidən xoşbəxt təbəssüm yayılır. – Gətirib verəndə xəlvət ver, heç kim görməsin – deyə pıçıldayır. Başımla razılığımı bildirirəm. – Suğra arvad bilməsin ha! Bir daha ona söz verirəm, inanır. Qapılarının ağzında sağollaşırıq. Bir anlıq dayanıb nəsə fikirləşir. -Deyəsən, Bakı çox böyükdür, hə… Amma bu kənd də çox böyükdür, lap şəhərbazar kimidir. Yəqin ki, şəhərdə özünə ər də tapacaqsan… Əlini-əlinə vurub gülür. Sonra özünü yığışdırır. – Mən gedim, kişi məni evdə tapmayıb hirslənər. Dediklərimi yadından çıxartma ha, rəngləri qırmızı olsun. Yaxşı yol! Şəhərdən qayıdarkan əlimdəki şeyləri Gülsümə verməyə tələsirəm. Tam o istədiklərini almışam. Qoy sevinsin. Kəndə çatan kimi onu axtarıram. Bir az dincəldikdən sonra yola çıxıb Suğra arvaddan xəbər alıram. Suğra arvad qaşlarını çatır: – Eşitmədin, kişi ölüb?! – Eşitmişəm. Bəs o nə oldu? Suğra arvad köksünü ötürür. – Qonşu kənddə yaşlı bir kişiyə ərə gedib. Neyləsin, ögey qızı yola vermədi. Kişinin o biri uşaqları da burada qalmağını istəmədilər. Qardaşı arvadı da yiyə durmadı. Bir təhər düzüb-qoşduq, ərə verdik, gedib bir tikə çörəyini yesin. Hiss edirəm ki, gözlərində heç vaxt nəm görünməyən Suğra arvad qəhərlənib. Kəndin içi ilə burulan tozlu yol birdən-birə kimsəsiz görünür mənə. Hər tərəfdə bir boşluq uzanır sanki. Kədərlənirəm. Amma kim nə deyir-desin, mənə elə gəlir ki, Gülsüm bu dünyanı qırmızı rəngdə görürdü. Qırmızı…