Narıngül Nadir – Boşluq var…

Qarşıda boşluq var…

Dolabdan asılıb paltarsız asılqan.

Sümükləri gülür

Adamın üzünə.

Dişlərini ağardır…

İndi mən özüm də

Dünyanın bir küncündən

Asılmış asılqanam.

Üzü divara sarı…

Hər addım atdıqca

Adamlar tökülür əynimdən.

Bir anda

Boşalır

Bütün izdihamlar

Qarşıda boşluq var.

Baş alıb gedirəm

Adamla dopdolu

Qatarın içində.

Ürəyimdə səhər basabası

Şəhər basabası.

Baş alıb gedirəm.

Bir metro qatarında

Pərçimlənib adamlar.

Kimsə hövsələsizdir

Söyür meqopolisi.

Bax budur, maşinistin

Gəlir bariton səsi-

Ehtiyatlı olun: qarşıda boşluq var.

İndi mən də şəhərin

Gur vağzalı kimiyəm.

Gah dolub, gah boşalır.

Ürəyimdən adamlar.

İndi mənim özüm də

Fit verən bir gecə qatarı misalı.

Özündən qaçmaqdır

Qaçışın ən ən böyük finalı.

Qarşıda boşluq var.

Qanadlarım açılıb

Göyün ortasındayam.

Bir quşun qanadında uçduqca uçuram.

Bəs hara gedidbdir quşların qatarı?

Bəs bu quş niyə təkdir?

Quşların nə vecinə,

Göydəki quşlar üçün

Dünya bir yelləncəkdir.

Ürəyim uçunur.

Dimdiyində bir məktub gətirir göyərçin

Sevgi məktubudur.

Bu da son sətiri:

Qarşıda boşluq var.

Müəllif: Narıngül NADİR

NARINGÜL NADİRİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir