
Keçmişin şeiri
Mən keçmişi sevirəm, dost.
Keçmiş -yolun əks işarəsi.
Qarşıda yol polisi
Tənzimləyir meqapolisi.
Ömrümün piyada keçidi hardadır?
Keçmək istəyirəm keçmişə.
Getdikcə
Həyat bahalaşır
keçmiş ucuzlaşır.
Keçmiş pula getmir
Qalıb piştaxtada.
Mən özüm şahidəm.
Zibilliyə atılmış bir boşqab qırığı
Sınmış təbəssümdür.
Bir boşqab keçmiş çək, acmışam…
Boşalmış rezin top
Boşalmış dünyadır.
Dərisinə sığınıb.
Qırılmış patefon səssizcə oxuyur,
Quşlar dimdikləyir səsini.
Elə mən özüm də köhnəyəm
Ağ-qara yuxuyam.
Mən keçmişi sevirəm, dost.
“Vasmoy” bazarında köhnə əşya satan
Kişi tərifləyir keçmişi.
Masanın üstündə əlüstü,
Köhnələrdən qalma
Hər şey satır kişi.
Bəlkə, xırdan ola? Almaq istəyirəm keçmişi.
Keçmiş xatırladır:
Bu dünya bir heçdi…
Yolun kənarında bir yovşan
Ətrini burnuna çəkərək
Hönkürüb ağlayır:
Burdan bir köç keçdi…köç keçdi.
Mən keçmişi sevirəm, dost.
Bütün gedişlərin vağzalı mənəm,
Bütün qatarları qarşılayıram.
Keçmişə aparan taksilər
Görəsən, neçəyə aparar?
Ünvanı bilirəm.
Darıxdığın yerdən keçir
Bütün ayrılıqlar.
Mən keçmişi sevirəm, dost
Köklü ağac kimi…
Torpağa bağlıyam.
Məktub gözləyirəm bir yarpaq.
Müəllif: Narıngül NADİR
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru