Narıngül Nadir: MƏNİM TORPAĞIM

MƏNİM TORPAĞIM
(Hekayə)

Hər şey qonşum Gilə arvaddan oldu. Bir az da beynimə o, saldı… Gilə arvad Qarabağ köçkünüdür. Ermənilər evini, olan-qalanını əlindən alıb, kəndini-kəsəyini yağmalayıb. O da kənd camaatı ilə birlikdə yurdundan-yuvasından didərgin düşüb. 90-cı illərdən söhbət açıram sizə. Gilə arvad bir müddət dost-tanış evinə sığındıqdan sonra Bakıya pənah gətirib, gələn kimi də bizim evin qarşısındakı boş sahəyə daş töküb, hasar çəkib, özünə kümə qurub, həyət-baca düzəldib. Hardansa ağac, gül kolu tapıb, həyətində yaşıllıq yaradıb. Sonra o boş sahədə evlərin sayı durmadan artıb. Ev deyirəm ha sizə, daha kümə yox! Əməlli-başlı bağı-bağçası, eyvanı, hasarı olan evlər! Gilə arvadın dediyinə görə, ev tikənlərin arasında köçkünlər da var, yerli camaat da. Guya yerli sakinlər də kimisə görür, nə bilim nəsə sənəd göstərir və sonda həyət evi tikirlər. Yalandır, düzdür, ta orasını deyəmmərəm, günahı Gilə arvadın boynuna. Deyərəm düzdür, sonra yalançı çıxaram. Deyərəm yalandır, yenə yalançı çıxıb qınağa gələrəm. Görünən odur ki, bir vaxtlar boşluq olan bu ərazidə indi əməlli-başlı qəsəbə salınıb. Gilə arvad şirindil, söhbətcil arvaddır, xeyli vaxtdır ünsiyyət qurmuşuq. Gəlib kəndlərindən, orda qoyub gəldiyi ev-eşiyindən, “Sarıca” adlı inəyindən, olub- keçəndən danışır. Sonra söhbət istər-istəməz təzə salınmış qəsəbənin üstünə gəlir. Belə ki, mən doqquzmərtəbəli binanın beşinci mərtəbəsində yaşayıram və onunla eyvanda əyləşib çay içərkən o qəsəbəni açıq- aydın müşahidə edirik. Gilə arvad evləri bir-bir nişan verir:
-Odey, Ramizin evidir: başı qırmızı. İki ay deyil torpaq aldığı artıq ev tikib. Özünün köçkün statusu olsa da, lap çoxdan- hadisələrdən əvvəl Bakıda yaşayandır. Hələ eşitmişəm, kənarda bina evi də var. O biri də Raziyənin evidir. Heç bilmirəm, haralıdır? Torpağı da necə alıb bilinmir, gecəykən tikib.
Səhər-səhər qaz kartının necə yüklənməsini öyrənmək üçün bizə gələn Gilə arvad yenə həyətini tərifləyir, əkdiyi ağacların böyüməsindən, gül-çiçəkdən söz açır, ürəyim atlanır.
Ürəyimdə hövllənirəm ki, niyə mənim də orada bir parça torpağım olmasın? Niyə mən o torpaqda ağac əkib altında dincəlməyim? Kölgəlikdə uzanıb Gilə arvad kimi səhər-səhər açıq havada çay içməyim? Niyə də, niyə?
Mən də kənd adamıyam axı, canımda torpaq həvəsi, ağac sevgisi var. Yaşıllıq görən kimi üzüm gülür. İndi nə olsun, kəndi qoyub gəlib şəhərdə oturmuşam, burda torpaq xiffəti edirəm. Nə isə, ta dərinə gedib bu söhbətlərə toxunmayaq…
Bu dəfə gedərkən Gilə arvad birbaşa hücuma keçir:
-Sən də tərpən, gəl, özünə bir kümə qarala. Nə qədər göyün üzündə oturacaqsan?
-Necə edim axı? Kimdir məni ora buraxan?
-Ta özün bil, məndən deməkdir. Bu gün- sabah oranın qiyməti qalxacaq kəllə-çarxa. Mən heç e… Onsuz da yerim-yurdum alınandan sonra burda qalan deyiləm. Buranı böyük oğlana verib çıxıb gedəcəm elimə-obama. Amma sən onsuz da burda yapışıb qalansan.
Paho! Gilə arvad dərdimi təzələyir. Yarama duz səpir. Yenidən həvəslənirəm.
Arvad qapıda bir də dillənir:
-Azdan -çoxdan əlində ehtiyatın da var. Lazım gəlsə ora- bura verməyə deyirəm.
Bilirəm nəyə işarə vurur. O gün evin sirrini ona açmışam. İllərlə etdiyim qənaətin hesabına bir qədər pul yığdığımı bildirmişəm.
Xülasə, neçə gün dalbadal həyət evlərinin arasıyla gəzə¬rək özümə torpaq sahəsi axtarıram və məlum olur ki, mən xeyli gecikmişəm. Sən demə, əməlli-başlı əfələmmiş. Bu qəsəbədə bir qa¬rış da olsa, boş torpaq qalmayıb. Hərə daxmasını tikib, hasarını çəkib, başını içəri salıb oturub. Ümidsiz halda geri dönmək istədiyim anda görürəm ki, sısqa bədənli, qolları yanında çubuq kimi yırğalanan, çə¬¬lim¬siz bir adam yolda qamış kimi o tərəf- bu tərəfə yellənir, sonra gəlib qapısının ağzında çöməltmə oturur. Mən də ədəb- ərkanla yaxınlaşıb salam verirəm. Arzumu, mətləbimi bildirirəm. Adamın birdən –birə gözləri işıqlanır:
-Özüm ölüm, düz ünvana gəlmisən!
Sevincdən ürəyim döyünür. Deyəsən, işıq ucu var axı…
Adam qarğı kimi yellənən qollarını evinin qarşındakı boş sahəyə tərəf uzadır:
– Mənim torpağımdır, ehtiyacım var, satıram.
Bu sısqa bədənli, dünyanın işlərini vecinə al¬mayan, hörümçək kimi yellənən adam elə inamla danışır ki, kənardan qəhrəman kimi görünür.
Zarafat deyil, bu basabasda həm özü¬¬¬nə yer tutub, ev tikib, həm də üstəlik torpaq satır.
“Dostum” kifayət qədər münasib qiymətlə razı¬la¬şır və şərt qoyur:
– Bax, qiymətdə güzəştə gedirəm, torpağı yarı qiymətinə satıram. Amma bir şərtim var. Hələlik bir müddət bura yaxınlaşma! Sonra yolunu öyrədərəm, elə gecəykən evi tikərsən. Heç kəs bilməsin mənim torpaq satdığımı, mən də buranı nə vaxtsa tutmuşam, odur ki, səs düşməsin. Özüm ölüm, hamısı satqındır burda, bir dəqiqəyə xəbərçilik edirlər, gözləri elə hey orda-burdadır. Adamı bir dəqiqəyə satarlar e… Neçə dəfə məni xəbərləyiblər, güclə canımı qurtrmışam.
Onun gələcək qonşularım haqqında belə deməsi xoşuma gəlməsə də, razılaşıram.
Rahat və xoşbəxt halda evə qa¬yı¬dı¬ram. Xəyalımda təzə həyətimə çoxlu ağaclar, güllər əkirəm. Sonra gülləri sulayıram, ağacın saralmış yarpaqlarını yığıram, kölgəsində xumarlanıram. Bəh-bəh…
Bir müddət xoşbəxtliyimlə əylənəndən, ev¬də oturub əməlli-başlı dadını çıxarandan sonra nə¬ha¬¬yət ki, nəfsimi saxlaya bilməyib torpağıma bax¬maq qərarına gəlirəm. Arıq, cüssəsiz adam hardan biləcək axı?.. Gecə -gündüz ora keşik çəkmir ki?..Gedim, heç olmasa kənardan tamaşa edim.
Torpağa yaxınlaşdıqda oranın hasara alındığını, bir neçə fəhlənin də içəridə işlədiyini görürəm. Bu nə məsələdir? Mənim yerimdə tikinti gedir. Bəs arıq, sısqa adam hardadır? Niyə görmür? Ürəyimə titrətmə düşür. Amma özümü tox tut¬ma¬ğa çalışıram. Məğlub olmaq olmaz! Pis fikirləri özüm¬¬¬¬dən uzaqlaşdırıram. Fəh¬¬lə¬lərlə danışıqdan sonra aydın olur ki, bura ya¬xın¬lıqdakı taxta sexinə aiddir, tikintini də bu sexin sa¬hi¬bi aparır.
Əsəbi halda dostumun qa¬pı¬sı¬nı döyürəm. Qapını açan olmur, bir xeyli qapıda dayanıram. Zəng edirəm, telefonuna zəng çatmır. Qonşu qadından öy¬rə-nirəm ki, dostum evini satıb aradan çıxıb. Tez taxta se¬xi¬nin sahibini tapıram. Sahibkar şişman bədəninin yarısını bahalı maşınının açıq qa¬pısından bayıra çıxarıb, sual dolu gözlərini bə¬rəl¬dir: yəni, nə olub, nə istəyirsən? Mən həyəcanla və tələsə-tələsə de¬yi¬rəm:
– Bu torpaq mənimdir, mən bura pul ödə¬mi¬şəm.
– Əlində sənədin var?
Kəkələsəm də, təslim olmuram:
– Nə sənəd? Burda hamı mənim kimidir!
-Hamıdan sənə nə?! Bəlkə, hamı köçkündür, hamının başqa şansı, imtiyazı var?
Xırppadan içimdən qırılsam da, mübarizəmi da¬vam etdirirəm:
– Bəs sizin sənədiniz var?
Sahibkar mənimlə danışmağı boş hesab edir, iztehza ilə gülümsəyərək başını yırğalayır, yəni ki, sə¬ni aldadıblar. Sonra o, kəskin hərəkətlə əlini yel¬lə¬yir, yəni ki, xoş getdin. Arxamca söylənir:
-Tanımadığı adama heç bir sənədsiz fi¬lan qədər pul verib, hələ danışır da…
Onda mən inadla yenidən “dostumu” axtarmağa başla¬yı¬ram. Özüm də döyüşə tam hazır vəziyyətdəyəm. Nəhayət ki, onu tapıram. Deyəsən, yüngülvari keflənib, yerində düz dayanammır, o tərəf- bu-tərəfə aşır. O, əlini bo¬ğa¬zı¬na aparıb and-aman edir:
– And olsun Allahın bir adına, and olsun yerə-göyə, and olsun qeyrətimə sexin o torpağı gözaltı etməyindən xəbərim olmayıb. Bilsəm, heç sat¬maz¬dım. Bir də ki, heç onların da sənədi yoxdur. Hardandır onlarda sənəd? Onlar səni aldadırlar, sənədləri yoxdur. Necə vicdansız adamlar var e… Yalandan deyir sənədim var.
– Ver, mənim pulumu!
Dostum arıq əlini qalxıb-enən hülqumuna çəkir:
– Məndə pul nə gəzir? İstəyirsən vur öldür, is¬tə¬yirsən tut boğazımdan təhvil ver polisə, aparıb bassınlar içəri, bir qəpiyim də yoxdur!
– Axı pulu sənə təzəcə vermişəm, neynəmisən pu¬lu?
– Borcum var idi, dirəmişdilər divara, verdim, getdi…
Deməyə söz tapmıram.
Hərif pulu heç bir sənəd olmadan ona ver¬di¬yim¬dən arxayın olub, yəqin. Bir də ki, məni tanıyıb, bilib ki, bərkdə əli olan adama oxşamıram.
-Yaxşı, bəs neyləyim?
-Heç nə, get dirən, qoy sənin torpağından çıxsınlar.
Deməyə sözüm qalmır.
Onsuz da dos¬tum, necə deyərlər, bir həsirdir, bir məmmədnəsir. Bəd ayaqda onu həbs etdirib qisasımı ala da bilərəm. Onu həbs etdirəndən sonra dəqiq bilirəm ki, bir müddət keçmiş başlayacam halına acı¬mağa, əzab çəkməyə. Həm də özüm öz xoşuma aldanmışam axı…
Gedib Gilə arvadı tapıram. Gilə arvad şappıltıyla dizinə elə vurur ki, şappıltısı 9 mərtəbəli evlərin panel divarlarında əks –səda verir:
-Vay, gedib kimə ilişmisən! O, fırıldağın biridir, içməkdən başı açılmır. Avaranın biridir. Vay-vay!
-Payatonnan! Gör, məni kim aldadıb e?!
-O boyda qəsəbədə adam tapmırdın, alver etməyə? –Gilə arvad söylənir- heç olmasa soruşardın, məsləhət alardın.
-Nə bilim e, dedi heç kim bilməsin.
Bir müddətdən sonra, özümü ələ alıb sakitləşdirdiyim bir zamanda, Bakının uzaq kəndlərindən birində yaşayan qo¬hu¬mum zəng edir:
– Tez gəl, burada ucuz torpaq satırlar. Belə getsə,bir azdan bir qarış da yer qalmayacaq. Gürcüstan tərəf¬dən elə hey axışıb gəlirlər.
-Yox e… Qorxuram daha! Sənədsiz, filan…
-Qorxma, buranın sənədi var.
Yenə də həvəslənirəm. Daha doğrusu, sənəd sözü ağlıma batır. Xeyli uzaq da olsa, yenə bir parça torpaqdır. Yenə xəyalımda ağac əkirəm, sulayıram, kölgədə dincəlirəm.
Torpağı satan və sənədləşdirən məmurla qiymət üstündə bir qədər çək-çevir¬dən sonra sövdələşə bilirik. O, məni torpaq sahəsinə gətirir. Cibindən metrə çıxardır, qonşunun sahəsini- ölçüb biçir, araya nişəngah kimi daşlar düzür, mənim tor¬pa¬ğı¬mın sərhədlərini müəyyənləşdirir. Sonra cibindən kirli, əzik dəftərini çıxardıb özü bildiyi şəkildə qara-qu¬ra xətlərlə yerin təzə xəritəsini çəkir. Xəritənin üstündəki şaquli xəttə mənim adımı yazır. Dəftəri mənə göstərir, mən də açıq-aydın orada adımı oxuyuram.
-Sənədləri iki aydan sonra alacaqsan, -məmur bildirir. Sonra pulu almağı haqqında kağız yazıb imzalayır.
Məmura minnətdarlıqla baxıram, adətimə uyğun ol¬ma¬sa da, xeyli dil-ağız edirəm.
Rahat nəfəs alaraq geri qayıdıram. Bir müddət son¬ra qohumum həyəcanla mənə zəng edir:
– Tez gəl, qonşu sənin torpağına girib.
Cəld ora yollanıram. Bir Allah bilir ki, yolboyu nə¬lər çəkirəm. Torpağıma yaxınlaşdıqda sahənin xey¬¬li hissəsinin qonşu tərəfindən zəbt edildiyini, hələ bir neçə ağac da əkildiyini görürəm. Zəbt edən də enli tumanlı, kök qadındır. Dil qəfəsə qoymadan danışır. O qədər fasiləsiz danışır ki, nəfəs almaq olmur, heç verdiyin sualın yarısını səsləndirib çatdırammırsan. Hərdənbir “əcəb edirəm, hara istəyrsən get!” sözlərindən başqa heç nə eşidəmmirəm. Qırımından baxıram ki, bununla dava etmək mənlik deyil. Torpaq satan məmuru tapıb gətirirəm. Məmur əsə¬bi görünür.
-Əlimdə 100 dənə işim var. Nə istəyirsən? Ölçüb vermişəm yerini, gedin yerləşin də!..
Onun əsəbləşməyindən xeyli xə¬ca¬lət çəksəm də, öz etirazımı bildirirəm. Məmur çirkli dəftərini açıb şaquli xəttin üzərində mənim adımı tapır. Sonra torpağı ölçür, dəftərə bir də baxır, torpağı təkrar ölçür. Qonşunun adı yazılmış perpendikulyar xəttə baxır, xətləri tutuşdurur. Qonşunu çağırıb göstərir. Məlum olur ki, məmur onun torpağını öl¬çən¬də səhvən mənim sahəmə girib. Bundan istifadə edən acgöz qonşu da torpağımın xeyli his¬sə¬si¬ni zəbt edib. Məmur qonşunun və mənim tor¬pağ¬ı¬mın kənarına nişangah kimi düzdüyü əyri daş¬la¬rı o tərəf-bu tərəfə diyirlədib “sərhədləri” möh¬kəm¬lən¬dirir.
-Bu daşları tərpətməyə ixtiyarınız yoxdur! Bura sizin sərhədinizdir. Hasarı da burdan çəkin!
Məmur torpağa bulaşmış əlləri ilə bir az da qaralıb çirk¬lən¬¬miş dəftərində düzəliş aparır, ucu qırıq qələmini dəftərin qırağına sancır, dəftəri cibinə qo¬yur. Nəhayət ki, sülh müqaviləsi bağlayır və bizi yerləşdirib geri qayıdır. Mən də tam rahat oluram.
Qohumumun bu dəfəki zəngi isə əsəbimi son hədd¬ə çatdırır, beynimi qıcolmaya yaxın bir və¬zi¬y¬yə¬tə gətirir. Bu dəfə də məlum olur ki, başqa bir qonşum ar¬a¬mızdan keçən yolu zəbt edərək öz torpağına qatıb.
Mən təbii ki, tez ora yollanıram və baxıb gö¬rü¬rəm ki, təzə qonşum, doğrudan da, yolu tutub, “sər¬həd¬lə¬rimizi” birləşdirib. Artıq aramızdakı yol yoxdur. Həmin yolun tutulmasıyla o bi¬ri qonşulara və təzə tikililərə gediş-gə¬liş də bağlanıb. İndi adamlar evdən çıxıb harasa getmək üçün nə qədər yolu fırlanmalı olacaqlar. Bu dəfə daha bərk qəzəblənirəm, əsəb¬¬lərimi cilovlaya bilmirəm.
Üzümü qonşumun həyətinə tutub hündürdən söy¬¬lənirəm:
– Heç belə də şey olar? Bir qarış torpağa görə yo¬lu kəsərlər?! Camaat bizdən ötrü yolunu gör nə qə¬dər uzatmalıdır, bu qanunsuzluqdur!
Qonşu heç üzünü də göstərmir. Qapını da aralamır, heç aralanmış qapıdan başını da çölə çıxartmır.
Tez məmurun yanına yol¬la¬nı¬ram. Məmur əvvəlcə məni tanımır. Sonra kirli dəftərini çıxardır. Xəritədə məni tapır, qonşuyla aramızda olan yolu görür. Hirsini cilovlayammayıb vul¬kan kimi üstümə püskürür:
– Sənin torpağın yerindədir?
Təsdiq əlaməti olaraq başımı yelləyirəm.
-Sərhədin yerindədir?
-Bəli!
– Vəssəlam!!! Cəhənnəmə kimi, yol tutulub! Yoldan sənə nə? Yol sonranın işidir. Bir də ki, qoy bu haqda başqaları düşünsün. Niyə o qədər adam səsini çıxartmır, elə sən ortaya düşmüsən? Başa düş! Sən yalnız oz sahənə cavabdehsən! Öz sahənə!!!
Məmurun qəzəbli səsi məni yuxudan ayıldır. Mən yalnız öz sahəmə, özmə cavabdehəm. Doğrudan da, yo¬lun tutu¬l¬ma¬ğı¬ndan mənə nə var? Qoy bu barədə başqaları dü¬şün¬sün. Camaat məndən ağılsız deyil ki? Lazım gəl¬sə, elə səslərini çıxardarlar. Elə ordaca fərd olmaq, həqiqət axtarmaq iddiasından vaz keçirəm. Belə bir “dahi¬¬ya¬nə fikir” də irəli sürürəm: axın¬dan aralanmaq olmaz! Ancaq bir tərəfdən, lap elə hər tərəfdən ba¬xan¬da, düzgün deyil axı! Özbaşına götürüb yolu kə¬sə¬sən, öz xeyrin üçün başqalarına bu qədər ziyan vu¬ra¬san, heç kim də dillənməsin!
Paho! Yenə də insanlarla aramda dilemma yaranır, nə qə¬rar verəcəyimi bilmirəm. Bir qədər götür-qoydan son¬ra özümü sülhə çağırıram. Qərara alıram ki, bü¬tün bunlar mənlik deyil, mən özümü qorumalıyam, ca¬maat necə, mən də elə. Özümü müdafiə etməliyəm, ha¬mı kimi axına qarışmalıyam. Hamı kimi… Hamı kimi… Mən də çox¬lu¬ğun bir hissəsiyəm, bir zərrəyəm…zərrəyəm.
Eyni zamanda, hiss edirəm ki, zəifləyirəm. Çoxluğa qoşulduqca özümü kiçik hiss edirəm. Nə etmək olar, mən də insanam axı…
Amma sizə bir söz də deyim, öz aramızda qalsın! Zərrə olmaq heç də yaxşı deyil…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir