Narıngül Nadir: Qırmızı.

QIRMIZI
(hekayə)
Gülsümün kənddə ən çox çəkindiyi adam Suğra
arvaddır. Çünki onun taleyində
Suğra arvadın birbaşa rolu var. Suğra arvadın
sözlərinə görə, Gülsüm ağıldan yüngül olduğu üçün vaxtında
ərə gedə bilməyib. Amma Gülsümün yozumu başqadır.
Deyir, yetim qızı alan kim idi? Deyir, istəyənim çox
olub, dəstə-dəstə elçilər də gəlib, qardaşım arvadı imkan
verməyib.
Amma sonda, pis- yaxşı, bəxti açılıb. Suğra arvadın
köməkliyi ilə özündən 30 yaş böyük, arvadı ölmüş
yaşlı bir kişiyə ərə veriblər. Gülsümün yaşı özünün dediyinə
görə 35, Suğra arvadın dediyinə görə isə 40-dır. Əynində
həmişə qırmızı güllü paltar, ayağında dabanları əzilmiş yüngül yay ayaqqabısı olur. Enli paltarının belini nazik toqqa ilə sıxıb bağlayır. Başına bağladığı qırmızı çiçəkli yaylığın altından görünən saçları hiss olunur ki, naşı əllə kəsilib. Çox güman ki, özü kəsib. Arıq olduğundan uşaq kimi görünür. Üzündə həmişə gülüş olur.
Nəyə sevindiyi, nəyə güldüyü bilinməz, amma gülüşü əskik
olmaz.
Suğra arvad Gülsümü ərə verdiyinə görə çox qürrələnir. Onun fikrincə, evdə qalıb qardaşı arvadının danlağını götürməkdən, qardaşının uşaqlarına qulluq etməkdənsə, yenə ər evi yaxşıdır. Kişi yaşlı olsa da yenə başının üstündə həyandır, çörək verəndir. Bu yerdə Gülsüm də Suğra arvadla razılaşır.
Doğrudur, əri evi yaxşı olmağına yaxşıdır, amma iş orasındadır ki, Gülsüm ər evində Suğra arvadın etimadını doğrultmayıb, tam o istədiyi kimi arvad olammayıb. Ər evində elə hoqqa çıxardıb ki, nəyinki Suğra arvadın, heç kənd adamlarının da yatsa yuxusuna girməzdi.
Kənddə balacadan– böyüyə hamı bilir ki, Gülsüm
qoca və xəstə ərini bu tərəflərdə hamını heyran edən gənc və gözəl Dilbərə qısqanır. Elə qısqanır ki, az qalır qanına susaya. Əgər Gülsümdən soruşsan ki, bu dünyada
nifrət etdiyin adam kimdir, heç düşünmədən deyər ki,
Dilbərdir. Yaxud soruşsan ki, dünyanın ən axmaq, ən pozğun qadını
kimdir, yenə də cavab verər ki, Dilbərdir.
Suğra arvad özü də başa düşür ki, Gülsüm uşaq kimidir. Onu idarə etmək elə də asan deyil. Hərçənd ki, Suğra arvad qeybətcil
olmaqla yanaşı, həm də kənd arvadlarının idarə edənidir,
yerin altını da bilir, üstünü də. Danışanda elə həvəslə, elə
maraqla danışır ki, elə bil aşıq toyda dastan danışır. Amma
hər nə qədər bacarığı olsa da, Gülsümün hər addımını
da izləyəmməz axı… Heç Gülsümün addımını izləmək
mümkün də deyil. Onun qəflətən yolda peyda olmasına
hamı alışıb. Necə gəldiyi bilinməz, bir də baxarsan ki, gözünün
qarşısında, daha doğrusu, kənddə ən məşhur yer
olan, adamların səhər-axşam yığışdığı kötüyün yanında
bitib. Söhbəti də ən çox kənddəki toylardan olur. Suğra arvadın
xəbərdarlığına baxmayaraq kənddə toy olanda Gülsüm
bir həftə əvvəldən o toyun havasına uçur. Uşaqlarla
birlikdə ən tez gedib toyxanada oturan, toydan ən sonda
çıxan da o olur.
Gülsümü görən kimi uşaqlar başına toplaşır. Suğra arvad him-cimlə başa salır ki, gəl, qoşul arvadlara. O da əlacsız qalıb ayağını
sürüyə-sürüyə gəlib arvadların yanında dayanır,
güc-bəlayla onların söhbətinə qulaq kəsilir. Suğra arvaddan
çəkinməsə, dünya dağıla arvadlar toplaşan yerə üz çevirməz,
elə uşaqların yanında dayanar. Uşaqlar daha maraqlıdırlar.
Kəndin arvadları hər şeydən, çox vaxt da ağla
gəlməyən hadisələrdən danışırlar. Belə dərinliklər onun
üçün deyil. Nəyinə gərəkdir ki? Toy-qonaqlıq deyil ki, bir
kənarda dayanıb sevinsin, əylənsin.
Ən pisi də odur ki, arandan-dağdan danışan arvadlar
bir də görürsən söhbəti heç nədən gözəl Dilbərin üstünə
gətirirlər. Hərə bir əhvalat quraşdırır.
Dilbərin adını eşidən Gülsüm alovlanır, “cini təpəsinə
vurur,” əlini- əlinə vurub vaysınır:
-Bizim kişi Dilbərlə gəzir. Gecələr həyətdə görüşürlər. Gecə it hürəndə bilirəm ki, Dilbər həyətə gəlib.
Kənddə baməzə, itoynadan kimi tanınan Tükəz arvad
Gülsümə yaxınlaşır.
– Gülsüm, de görüm, kişini çox qısqanırsan?

– Əlbəttə! Kişiləri qısqanmaq gərəkdir, gərək gözündən
kənara qoymayasan, yoxsa, əldən gedər, qaytara bilməzsən.
Kişilərə etibar yoxdur! Pozğun qadınlar da çoxdur, Dilbər kimi.
Gülsüm son cümləni bir qədər şəstlə, həm də hündürdən
söyləyir ki, hamı eşitsin… Bir az da dərin görünmək
istəyir.
Gülsümün sözünə hamı gülüşür. Adamların nəyə güldüyünü aydınlaşdırammasa da, o da gülənlərə qoşulur. Gülsümə nə var ki, gülmək öz əlindədir. Təki deyib gülən olsun, adamlar şənlənsin. Adama elə gəlir ki, Gülsüm gülməsə dünya dağılar, günəş bu kəndi belə işıqlandıra bilməz, kəndin kənarına səpələnmiş mal-qara belə həvəslə kövşəyəmməz…
Suğra arvad Gülsüm üçün yana-yana deyir ki, heyf,
sümüyü yüngüldür bunun. “General” kimi arvadın yerinə
gətirmişəm. Dedim, bu da yetimdir, ortalıqda qalmasın,
bir tikə çörəyini yesin. Bu da ki, belə çıxdı…
Gülsüm Suğra arvaddan başqa, ögey qızından da çəkinir.
Ögey qız şəhərdə yaşayır və kəndə gələn kimi kötüyün
yanına gəlir. Yanında da həmişə ekiz oğlanları olur.
Bir-birindən seçmək olmur oğlanlarını. Kürən, gombul
uşaqlardır, üzlərindən harınlıq yağır. Kəndə gələn kimi
yola çıxırlar. Uşaqlardan biri kötüyün kənarındakı otluqda
əyləşir, ipi boşalmış ayaqqablarını Gülsümə tərəf uzadır
ki, gəl ayaqqabılarımı bağla! Gülsüm bildiyi şəkildə
uşağa nəvaziş göstərir, əyilərək ayaqqabılarının bağını
bağlayır. Ekizlərin o biri tayı da irəli gəlib onun qarşısında
dayanır:
-Mənim ayaqqabılarımı da aç, təzədən bağla!
Gülsümün ögey qızı arvadlara deyir ki, Gülsüm atama
yaxşı qulluq etmir. Səliqəsi də bir şey deyil, kişi öləndən
sonra çətin ki, burda qala.
Bu yerdə Suğra arvad özünü saxlayammır, necə də
olsa ədalət hissini boğammır, qəti şəkildə etiraz edir:
-Yox, ağıldan yüngül olmağına yüngüldür, amma səliqə-
səhmanına, təmizliyinə söz ola bilməz!
Ögey qızın söhbətini eşidən Gülsümün üzü tutulur,
cəld vedrələrini götürüb kənara çəkilir, yola düzəlir. Əslində,
Gülsümün kədərli olmasını heç kim istəmir, necə olsa,
adamların kefini açır…
Evlərimiz yaxın olduğundan əlindəki boş vedrəni
yelləyə-yelləyə gedən Gülsümün yanına düşürəm. Sakitcə
yeriyirik. Hiss edirəm ki, üzü tutulub, danışmağa həvəsi
yoxdur. Ona necə təsəlli verəcəyimi, kefini necə açacağımı
düşünürəm. Amma birdən-birə Gülsümün üzünə gülüş
qonur.
– Sabah kənddə toy var.
Sevinci dalğa-dalğa üzündən axaraq köhnə ayaqqabılarının
ucuna qədər yayılır, az qala çiynində uçmağa hazırlaşan
qanadları görünür.
-Səhər toya gedəcəm. Sonra mənə tərəf dönür:
– Eşitdim Bakıya gedirsən…
Cavab gözləmədən hündürdən bəyan edir.
-Yaxşı edirsən, bu kəndi Allah dağıtsın…
– Kənd dağılsa, hara gedəcəksən, ay Gülsüm?
Dodaqlarını sıxaraq çiyinlərini çəkir. Gözlərini az qala yerlə
birləşməkdə olan göyün ortasına dağılmış mavi–boz buludlara
dikir, sanki gedəcəyi yeri axtarır, amma heç vaxt gedib
çıxa bilməyəcəyini anlayır, astaca köksünü ötürür.
-Bakıdan gələndə mənə qırmızı lak, kəpənəkli sancaq,
bir dənə də qırmızı boyunbağı al!
– Qırmızı lakı neynirsən, Gülsüm? Uşaq deyilsən ki?..
– Qırmızı olsun, qırmızını xoşlayıram, dırnağıma çəkib toya gedəcəm.
Gülə-gülə söz verirəm ki, mütləq o dediklərini alacağam.
Sevinir, üzünə yenidən xoşbəxt təbəssüm yayılır.
– Gətirib verəndə xəlvət ver, heç kim görməsin – deyə
pıçıldayır. Başımla razılığımı bildirirəm.
– Suğra arvad bilməsin ha!
Bir daha ona söz verirəm, inanır.
Qapılarının ağzında sağollaşırıq. Bir anlıq dayanıb
nəsə fikirləşir.
-Deyəsən, Bakı çox böyükdür, hə… Amma bu kənd
də çox böyükdür, lap şəhərbazar kimidir. Yəqin ki, şəhərdə
özünə ər də tapacaqsan…
Əlini-əlinə vurub gülür. Sonra özünü yığışdırır.
– Mən gedim, kişi məni evdə tapmayıb hirslənər. Dediklərimi
yadından çıxartma ha, rəngləri qırmızı olsun.
Yaxşı yol!
Şəhərdən qayıdarkan əlimdəki şeyləri Gülsümə verməyə
tələsirəm. Tam o istədiklərini almışam. Qoy sevinsin.
Kəndə çatan kimi onu axtarıram. Bir az dincəldikdən
sonra yola çıxıb Suğra arvaddan xəbər alıram. Suğra arvad
qaşlarını çatır:
– Eşitmədin, kişi ölüb?!
– Eşitmişəm. Bəs o nə oldu?
Suğra arvad köksünü ötürür.
– Qonşu kənddə yaşlı bir kişiyə ərə gedib. Neyləsin,
ögey qızı yola vermədi. Kişinin o biri uşaqları da burada
qalmağını istəmədilər. Qardaşı arvadı da yiyə durmadı.
Bir təhər düzüb-qoşduq, ərə verdik, gedib bir tikə çörəyini
yesin. Hiss edirəm ki, gözlərində heç vaxt nəm görünməyən
Suğra arvad qəhərlənib.
Kəndin içi ilə burulan tozlu yol birdən-birə kimsəsiz
görünür mənə. Hər tərəfdə bir boşluq uzanır sanki. Kədərlənirəm.
Amma kim nə deyir-desin, mənə elə gəlir ki, Gülsüm
bu dünyanı qırmızı rəngdə görürdü. Qırmızı…

Müəllif: Narıngül NADİR

NARINGÜL NADİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir