Etiket arxivi: Oçerk

Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin xatirəsinə

DAĞLAR QOYNUNDA
(Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin xatirəsinə)
Əzəl beşiyim dağlar,
Evim, eşiyim dağlar,
Yuvalaşdıq, çuğlaşdıq
Çəkir keşiyim dağlar.
(oçerk)
     Dağların yaddaşı başqa olur. Dağ insanı sadəcə əhatə etmir, onu böyüdür, xarakterini formalaşdırır, baxışlarına dərinlik, ürəyinə dözüm verir. Dağlarda doğulan və böyüyən insan üçün torpaq da başqa cür müqəddəsdir. O, torpağı yalnız ayağının altında hiss etmir; onu uşaqlığının səsi, bulağının suyu, küləyinin nəfəsi, qayalarının sərtliyi, yollarının xatirəsi kimi yaşadır.
     Vüqar Ağayevin ömrü də belə bir coğrafiyada başlamışdı. Qubadlı rayonunun Xanlıq kəndində dünyaya göz açan bu Vətən oğlu sonralar ömrünün ən ağır sınaqlarını yenə dağlar arasında yaşayacaq, doğma yurdunun azadlığı uğrunda canından keçəcəkdi.
     1973-cü il martın 4-də Xanlıq kəndində doğulan Vüqar uşaqlığının ən gözəl çağlarını Qubadlının səfalı təbiəti qoynunda keçirmişdi. Atası Əhməd Ağayev hərbçi olduğundan ailənin yaşayış yeri müxtəlif vaxtlarda dəyişsə də, Vüqarın qəlbində Xanlığın və Qubadlının yeri heç vaxt dəyişmədi. Çünki insanın ilk gördüyü mənzərə, ilk addım atdığı torpaq, ilk dəfə adını çağırdığı doğma yurd onun taleyinin görünməz xəritəsini yaradır.
     Vüqarın xəritəsində Qubadlı vardı.
     Amma zaman onun qarşısına başqa bir xəritə çıxardı — müharibə xəritəsi.
ÖMRÜN İLK DAĞI — MÜHARİBƏ
     Vüqar Ağayevin gəncliyi Azərbaycanın tarixinin ən ağır səhifələrindən birinin yazıldığı illərə təsadüf etdi. Qarabağ müharibəsi başlananda o, müddətli həqiqi hərbi xidmətdə idi. Ölkədə daxili çəkişmələr, xaos və böhran hökm sürür, vahid komandanlığın olmaması ordunun imkanlarını məhdudlaşdırırdı. Düşmən isə bu vəziyyətdən istifadə edərək torpaqlarımızı işğal edir, şəhər və kəndlərimizi ələ keçirir, dinc əhalini ata-baba yurdlarından didərgin salırdı.
    Gənc əsgər Vüqar Ağayev həmin ağır günlərdə Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin komandiri olduğu taborda döyüşürdü. O illərin acısı onun yaddaşında silinməz iz buraxdı. Döyüşlərin məğlubiyyətlə nəticələnməsi onun Vətən sevgisini azaltmadı, əksinə, daha da möhkəmləndirdi. Vüqar başa düşdü ki, torpağı qorumaq üçün yalnız ürəkdə Vətən sevgisinin olması kifayət deyil. Bunun üçün güclü ordu, peşəkar zabit, yüksək hazırlıq və dəmir intizam lazımdır.
      Bəlkə də onun ömür yolunun zabitlik mərhələsi məhz həmin günlərdə başladı.
      1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil oldu. Döyüşən ordunun Topçu bölməsindən gəldiyinə görə onu məktəbin Tank Artilleriya Fakültəsinə qəbul etmişdilər.  Vüqarı  bu məqsədlə oxumağa göndərmişdilər ki, artilleriyanın sirlərini öyrənib, öz döyüş yoldaşlarının yanına topçu komandir kimi  qayıtsın… Ancaq, deyir, “sən saydığını say, gör fələk nə sayır”… Qısa müddət ərzində torpaqlarımızın  işğal altına düşməsi, məktəbdə təhsilin rus dilində olması Vüqarı çox narahat edirdi. Bir yerdə qərar tuta bilmir, elə hey düşünür, vəziyyətdən çıxış yolu axtarırdı…
     Bütün Azərbaycan gənc Respublika olaraq  çox ağır dönəmdən keçirdi. Belə çətin günlərdə Vüqar artıq ikinci kursda oxuyarkən məktəbdə könüllü şəkildə təhsil proqramı sürətləndirilmiş kurslarda zabit rütbəsi alıb hərbi hissələrə komandir kimi yollanmaq imkanı yarandı. Səbri tamam tükənmiş Vüqar da cidd-cəhdlə hazırlaşaraq ard-arda bir neçə imtahan verib, bu kurslara qoşuldu. 1995-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vuraraq kiçik leytenant hərbi rütbəsi alıb, gözü Qubadlı dağlarında Naxçıvana yollandı.
     Beləcə, Qubadlıdan Naxçıvana uzanan uzun hərbi yol başladı.
     Bu yolun da öz dağları vardı.
NAXÇIVAN DAĞLARINDA
     Naxçıvan onun həyatında ayrıca bir səhifədir. Qubadlı ilə başlayan dağlıq coğrafiya Naxçıvanda davam edirdi. Vüqar burada həm hərbçi kimi yetişdi, həm ailə qurdu, həm də ömrünün mühüm illərini yaşadı. Qubadlı dağlarına uzun illər Soyuqdan boylandı. Saatlarla Kotamda kilidlənmiş yollara baxdı…
    Azərbaycan ordusunda 1995-ci ildən zabit kimi xidmət edən Vüqar Ağayev iyirmi ildən artıq müddət ərzində qüsursuz hərbi xidmət keçərək  kiçik leytenant rütbəsində tağım komandiri vəzifəsilə çıxdığı yolda polkovnik-leytenant rütbəsinədə briqada komandiri vəzifəsinə qədər yüksəldi…
     Xidmət illərində müxtəlif təltiflərə layiq görüldü. “Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95 və 100 illiyi” yubiley medalları, “Qüsursuz xidmətə görə” I, II və III dərəcəli medallar, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal və “Hərbi xidmətlərə görə” medalı onun uzun və səmərəli xidmət yolunun göstəriciləricisidir.
      O, gənc zabitlərin yetişməsinə, əsgərlərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə verirdi. Hərbi peşəni sadəcə bir iş kimi deyil, Vətən qarşısında borc kimi qəbul edirdi. Onun üçün çiyindəki paqon rütbə nişanı olmaqdan daha böyük məna daşıyırdı: o, Vətən etimadının məsuliyyətini ifadə edirdi.
        2016-cı ildə hərbi xidmətdən təqaüdə çıxanda qarşısında sakit həyat mərhələsi açılmışdı. Fəqət, Vüqar öz-özlüyündə bu həyatla barışa bilmirdi. Gənclik illərindən başladığı, bütün həyatını, ömrünün ən gözəl çağlarını həsr etdiyi işini sanki yarımçıq, özü də dərənin dibinədə – enişdə qoyub getməyi heç cürə həzm edə bilmirdi… Ömrü dağlarda keçmiş dağlar oğlu dağ yollarının enişli-yoxuşlu olduğunu yaxşı bilirdi. Üzü yoxuşa getməyə adət etmiş Vüqar təqaüdə çıxsa da gözü daim dağlarda – zirvələrdə idi. Bir gün yenə o zirvələri fəth edəcəyini yaxşı bilirdi. Həmin günü gözləyirdi.

HƏSRƏT DAĞI
     Qubadlı işğal olunandan sonra Vüqarın həyatında görünməz bir dağ yaranmışdı.
     Bu, həsrət dağı idi.
     O dağ nə qədər uzaqda olsa da, hər gün onunla idi. Naxçıvanda xidmət etdiyi bütün dövrlərdə də qəlbinin bir tərəfi Xanlıqda qalmışdı. Xidmət zamanı uzaqdan görünən öz dağlarına yaxından baxma bilmək üçün Soyuğa qalxmağı həmişə könüllü seçirdi. Uşaqlığının keçdiyi küçələr, ata ocağı, doğma kəndin torpağı yaddaşında yaşayırdı.
     Otuz ilə yaxın müddətdə Qubadlı həsrətilə yaşadı…
     Bəzən insanın qarşısındakı ən böyük məsafə kilometrlərlə ölçülmür.
     Həsrətlə ölçülür.
     Vüqar üçün Qubadlıya gedən yol da belə idi. Bu yol xəritədə qısa görünə bilərdi, amma onun ürəyində otuz illik bir məsafə vardı.
      Və sonra tarix dəyişdi.
      2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladı.
      Bu müharibə Azərbaycan xalqının yaddaşında yalnız hərbi əməliyyatlar silsiləsi kimi deyil, illərlə gözlənilən qayıdışın başlanğıcı kimi qaldı.
Vüqar üçün isə bu, daha böyük məna daşıyırdı.
      Çünki onun gözlədiyi gün gəlmişdi.
“QUBADLINI OVCUMUN İÇİ KİMİ BİLİRƏM…”
      Vüqar Ağayev Azərbaycan ordusunun gücünü və inkişafını yaxşı bilirdi. İllərlə xidmət etdiyi ordunun necə dəyişdiyinin canlı şahidi olmuşdu. 1990-cı illərin ordusu ilə 2020-ci ilin ordusu arasında böyük fərq vardı. O, artıq qarşıda dayanan mübarizənin qalibiyyətlə nəticələnəcəyinə inanırdı.
      Lakin inanmaq başqa, döyüşə getmək başqa idi.
      “Qubadlını ovcumun içi kimi bilirəm, mən orada olmalıyam”, — deyən Vüqar Ağayev anası və övladları ilə sağollaşaraq yola düşdü. 2020-ci ilin oktyabrında könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət etdi və Vətən müharibəsinə qatıldı.
      Bu, adi bir könüllülük deyildi.
      Bu, otuz illik həsrətin döyüşə çevrilməsi idi. Bu enişdə – dərədə qalmış yolu – səfəri  dağda – zirvədə tamamlamaq istəyi idi….
QUBADLIYA QAYIDIŞ
     Qubadlı uğrunda döyüşlər ağır gedirdi. Düşmən yüksəkliklərdə möhkəmlənmiş, Xanlıq qəsəbəsində güclü istehkamlar yaratmışdı. Şəhəri azad etmək üçün əvvəlcə yüksəkliklərə nəzarəti ələ keçirmək lazım idi.
Yenə dağlar…
Yenə yüksəkliklər…
Yenə ağır yollar…
      Amma bu dəfə həmin dağların o tayında Vüqarın doğma yurdu vardı. Uzun illər Soyuqdan, Qapıcıqdan,  Ərəfsədən,  Camışöləndən, Üçqardaşdan, Salvartıdan, Dağdağandan, Əyriqardan, Sisqatardan həsrətlə boylandığı dağlar, yurd yerləri indi onu gözləyirdi…
      Azərbaycan əsgəri və zabitləri yüksəklikləri bir-birinin ardınca nəzarətə götürdülər. Ətraf kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq və Mahmudlu azad edildi.
Xanlıq azad edildi.
Vüqarın doğulduğu kənd…
Uşaqlığının keçdiyi kənd…
Ata-baba ocağının olduğu kənd…
    SONUNCU DAĞ
       1 noyabr 2020-ci il.
       Qubadlı rayonunun Çardaqlı kəndində gedən döyüşlər…
       Vüqar Ağayev həmin döyüşlərdə şəhadətə qovuşdu.
       Onun ömrünün son dağı da bu oldu.
       Amma bu dağın zirvəsində ölüm yox, Vətən vardı.
       Vüqar Birinci Qarabağ müharibəsində əsgər kimi başladığı mübarizəni İkinci Qarabağ müharibəsində zabit kimi başa çatdırdı. Birinci müharibənin yarımçıq qalmış ağrısı onun ömrü boyu içində yaşadı. İkinci müharibədə isə doğma Qubadlının azadlığı uğrunda döyüşərək həmin ağrını Zəfər tarixinin bir hissəsinə çevirdi.

      O, II Fəxri xiyabanda dəfn edildi. Şəhid polkovnik-leytenant Vüqar Ağayev ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldü. O,  “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edildi.
          DAĞLAR YADDA SAXLAYIR
       Bu gün Qubadlı azaddır. Bu azadlığın hər qarışında şəhidlərin qanı, əsgərlərin izi, anaların duası və illərlə çəkilən həsrətin ağrısı var. Vüqar Ağayev də həmin böyük Zəfərin qəhrəmanlarından biridir.
       2021-ci ildə Qubadlı rayonunun Xanlıq kənd ümumi orta məktəbinə onun adı verildi. Bakı şəhərində müvəqqəti fəaliyyət göstərən məktəbin onun adını daşıması Vüqarın adının yeni nəslə ötürülməsinin ən mənalı yollarından biridir.
Bir vaxtlar Xanlıqda məktəbə gedən uşaq Vüqarın adı indi həmin məktəbin divarlarında yaşayır.
Bu, həyatın davam etməsidir.
Bu, qəhrəmanlığın davamıdır.
Bu, Vətənin yaddaşıdır.
Və yaddaş olan yerdə ölüm son deyil.
Vüqar Ağayev dağlar qoynunda doğuldu.
Dağlar qədər ağır sınaqlardan keçdi.
Dağlar qədər uca bir məhəbbətlə Vətənini sevdi.
Dağlar qədər möhkəm dayandı.
Dağlar qədər vüqarlı yaşadı…
Əzizim dağlar ağlar,
Daş ağlar, dağlar ağlar,
Bircə anamın səsi
Sinəmi dağlar, ağlar…
      Və nəhayət, Vətən – Şəhidlik zirvəsində əbədiyyət. Vüqar öz missiyasını böyük və şanlı Zəfərlə zirvədə başa vurmağı bacardı.  Bu gün o özü əlçatmaz bir zirvədir!

06.09.2026. Bakı.

Müəllif: Zaur USTAC

AVMVİB, AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – ZENİTDƏKİ ZENİTÇİ

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin və ya bir bölgənin deyil, bütöv millətin qürur mənbəyinə çevrilmiş, öz qanları ilə tarix yazmışlar. Belə igid oğullardan biri də şəhid zenitçi Məmmədov Asif Xasay oğludur. Onun ömür yolu bir insan taleyindən daha artıq məna daşıyır — bu yol Vətən sevgisinin, yurd nisgilinin, mərdliyin və sonsuz fədakarlığın canlı təcəssümüdür.
Məmmədov Asif Xasay oğlu 1972-ci ildə qədim Azərbaycan yurdu olan Göyçə mahalının Canəhməd kəndində dünyaya göz açmışdır. Göyçə mahalı əsrlər boyu Azərbaycan xalqının milli-mədəni yaddaşını yaşadan müqəddəs yurd yerlərindən biri olmuşdur. Bu torpağın saf bulaqları, uca dağları, zəhmətkeş və mərd insanları burada böyüyən hər bir övladın xarakterinə xüsusi təsir göstərmişdir. Asif də uşaqlıq illərini həmin el-obanın qoynunda keçirmiş, doğma yurda bağlılıq hissini kiçik yaşlarından qəlbində daşımışdır.
Lakin XX əsrin sonlarında qoynumuzda yer verdiyimiz namərd qonaqların həyata keçirdiyi deportasiya siyasəti minlərlə azərbaycanlı ailəsi kimi Məmmədovlar ailəsinin də taleyinə ağır iz saldı. 1988-ci ildə baş verən məlum hadisələr nəticəsində onlar ata-baba yurdunu tərk etməyə məcbur oldular. Doğma ocaqdan didərgin düşmək hər bir insan üçün ağır mənəvi sarsıntıdır. Göyçədən ayrılmaq Asifin qəlbində silinməz iz qoydu. O vaxtdan etibarən onun həyatında Vətən anlayışı daha müqəddəs məna kəsb etməyə başladı.
Ailə sonradan Şamaxı rayonunun Meysəri kəndində məskunlaşdı. Yeni mühit, yeni həyat şəraiti, qaçqınlıq ağrısı yeniyetmə Asifin xarakterini daha da möhkəmləndirdi. O, bütün çətinliklərə baxmayaraq təhsilini davam etdirdi və orta məktəbi uğurla başa vurdu. Hələ məktəb illərindən onun daxilində xüsusi bir vətənpərvərlik ruhu, cəsarət və mərdlik hiss olunurdu. Dostları və müəllimləri onu sakit təbiətli, lakin qətiyyətli və iradəli bir gənc kimi xatırlayırdılar.
Ailə dolanışıq ucbatından Bakı şəhəri ilə Şamaxı rayonu arasında yollarda qalmışdı. Ümumi ölkədəki vəziyyət, müxtəlif çətinliklər Asifin xarakterinin formalaşmasında öz izlərini buraxmışdı. Orta məktəbi bitirdikdən sonra Bakı şəhərində qeydiyyatda olduğu Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırıldı. 1990–1991-ci illərdə Almaniya Federativ Respublikasında hərbi xidmət keçdi. Hərbi xidmətdə olduğu müddətdə intizamı, çevikliyi və peşəkarlığı ilə seçildi. O dövr həm Sovet İttifaqının dağılması, həm də Azərbaycanda baş verən mürəkkəb ictimai-siyasi proseslərlə yadda qalırdı.
Asif hərbi xidmətdə təkcə silah işlətməyi deyil, həm də döyüş şəraitində soyuqqanlı davranmağı, məsuliyyət daşımağı öyrənmişdi. O, xidmət etdiyi hissədə özünü etibarlı və cəsur bir əsgər kimi təsdiqləmişdi. Məhz bu illər onun gələcək döyüş yolunun başlanğıcı oldu.
Hərbi xidmətini başa vurduqdan sonra Bakıya qayıdan Asif artıq ölkədə baş verən hadisələrə biganə qala bilmirdi. Azərbaycanın torpaqları erməni işğalçıları tərəfindən təhlükə altına düşmüşdü. Qarabağda və ətraf bölgələrdə ağır döyüşlər gedirdi. Vətənin taleyi təhlükədə olduğu bir zamanda Asif üçün kənarda qalmaq mümkün deyildi. O, minlərlə vətənpərvər Azərbaycan gənci kimi könüllü olaraq Milli Ordu sıralarına qoşuldu.
1992-ci ilin fevral ayında yeni yaradılmış ZRAD — Zenit Raket Artilleriya Divizionunun tərkibində xidmətə başladı. Qısa müddətdə döyüş yoldaşlarının hörmətini qazandı. O, yalnız silahla döyüşən əsgər deyildi; eyni zamanda yoldaşlarına ruh verən, çətin anlarda qorxmadan irəli atılan igid bir döyüşçü idi.
Asif Zəngilan, Qubadlı və Laçın istiqamətlərində gedən ağır döyüşlərdə iştirak etdi. O dövrdə Azərbaycanın cənub-qərb bölgəsində vəziyyət son dərəcə gərgin idi. Düşmən strateji əhəmiyyətli yüksəklikləri və yaşayış məntəqələrini ələ keçirməyə çalışırdı. Azərbaycan əsgərləri isə böyük çətinliklərə baxmayaraq torpaqları müdafiə edirdilər.
Döyüş yoldaşlarının xatirələrinə görə, Asif hər zaman ön mövqedə olurdu. O, təhlükədən çəkinmədən döyüş tapşırıqlarını yerinə yetirir, ən ağır anlarda belə ruh yüksəkliyini itirmirdi. Vətən sevgisi onun üçün sadəcə söz deyildi — o, bunu həyatının mənasına çevirmişdi. Asif o qədər istiqanlı və fəal idi ki, hansı bölgədə, hansı kənddə bircə gün olubsa, orada onu bu gün də “Göyçə” kimi xatırlayırlar.
1992-ci ilin may ayının əvvəllərində Laçın rayonu istiqamətində vəziyyət daha da ağırlaşdı. Laçının müdafiəsi Azərbaycan üçün həyati əhəmiyyət daşıyırdı. Bu bölgədə yerləşən strateji yüksəkliklərin qorunması düşmənin irəliləməsinin qarşısını almaq baxımından mühüm rol oynayırdı.
Asifin xidmət etdiyi bölmə Laçın rayonunun Cağazur kəndinə göndərildi. Onlara mühüm bir yüksəklik həvalə olundu. Həmin yüksəklikdə yerləşdirilmiş zenit qurğusu düşmənin planlarını alt-üst edir, onların hərəkət imkanlarını məhdudlaşdırırdı. Buna görə də erməni silahlı birləşmələri həmin mövqeni ələ keçirmək üçün ardıcıl hücumlar təşkil edirdi.
Lakin Asif və silahdaşları bütün hücumların qarşısını böyük igidliklə alırdılar. Onların müqaviməti düşmənə ciddi itkilər verirdi. Döyüşlərin hər biri əsl qəhrəmanlıq nümunəsi idi.
Nəhayət, 1992-ci il mayın 14-dən 15-nə keçən gecə düşmən böyük qüvvə ilə mövqeyə hücuma keçdi. Çox ağır və qeyri-bərabər döyüş başladı. Döyüş zamanı artıq bir neçə əsgər şəhid olmuşdu. Mövqedə vəziyyət son dərəcə kritik idi. Lakin Asif geri çəkilməyi düşünmürdü.
Həmin anlarda o, əsl Azərbaycan əsgərinə yaraşan bir qəhrəmanlıq nümayiş etdirdi. Döyüş yoldaşlarına müraciətlə dedi:
“Siz çəkilin, mən Ocaqverdiyevlə düşməni ləngidəcəyəm.”
Bu sözlər onun xarakterini və Vətənə bağlılığını tam ifadə edirdi. O, öz həyatını deyil, silahdaşlarının xilası və döyüş mövqeyinin qorunmasını düşünürdü. Asif və Mehman Ocaqverdiyev son güllələrinə qədər döyüşdülər. Sursatları tükənsə belə geri çəkilmədilər. Asif səngərdən çıxaraq birbaşa düşmənin üzərinə hücuma keçdi və qəhrəmancasına şəhid oldu.
Düşmən onların qəhrəmanlığından o qədər ehtiyat edirdi ki, şəhidlərin nəşlərini və zenit qurğusunu özü ilə apardı. Sonralar şəhidlərin cəsədlərini geri almaq üçün dəfələrlə cəhd göstərilsə də, bu mümkün olmadı. Bu günə qədər Məmmədov Asif Xasay oğlunun harada dəfn olunduğu məlum deyil.
Lakin tarix sübut edir ki, qəhrəmanların ən müqəddəs məzarı xalqın qəlbidir. Asif Məmmədov da məhz belə qəhrəmanlardandır. Onun adı Azərbaycan xalqının yaddaşında igidlik, vətənpərvərlik və fədakarlıq rəmzi kimi yaşayır.
Bakı şəhəri Nərimanov rayonunda yaşadığı küçəyə onun adının verilməsi xalqımızın öz qəhrəman oğluna göstərdiyi ehtiramın ifadəsidir. Bu, həm də gələcək nəsillərə bir mesajdır: Vətən uğrunda canından keçənlər heç vaxt unudulmurlar.
Məmmədov Asif Xasay oğlunun həyatı bütöv bir nəslin taleyini əks etdirir. O, doğma yurdundan didərgin düşdü, amma Vətən sevgisini itirmədi. O, ağır döyüşlərdən keçdi, lakin ruhdan düşmədi. Nəhayət, torpaq uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksəldi.
Şəhidlik Azərbaycan xalqının mənəvi dünyasında ən ali zirvə hesab olunur. Bu zirvəyə yüksələn insanlar yalnız öz ailələrinin deyil, bütün xalqın övladına çevrilirlər. Asif Məmmədov da belə qəhrəman oğullardandır.
Bu gün onun adı ehtiramla anılır, qəhrəmanlıq yolu gənc nəsillərə nümunə göstərilir. Çünki Vətəni yaşadan məhz belə oğulların qanı, iradəsi və sonsuz sevgisidir.
Şəhidlər ölmürlər. Onlar xalqın yaddaşında, tarixində və gələcək nəsillərin qəlbində əbədi yaşayırlar. Məmmədov Asif Xasay oğlunun adı da Azərbaycan tarixində daim yaşayacaq, qəhrəmanlıq salnaməmizin şərəfli səhifələrindən biri kimi hər zaman hörmətlə xatırlanacaqdır. O, hər gün yenidən doğulan Günəşlə birgə doğulur və zenitə yüksəlir.
10-12.05.2026. Şamaxı, Ağsu, Bakı.

Müəllif: Zaur USTAC

AVMVİB, AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur USTAC – ALP Eldəniz

ALP ELDƏNİZ
(oçerk)
Azərbaycan torpağının hər qarışı bir tarixdir. O tarixin ən ağrılı səhifələri isə müharibə illərində yazılıb. Qarabağ savaşının od-alovu içərisində neçə-neçə igid oğullar bu Vətənin bütövlüyü uğrunda canından keçdi. Həmin qəhrəmanlardan biri də qədim alp ərənlər yurdu Alpan kəndinin mərd oğlu Alp Eldəniz — Ağagülov Eldəniz Etibar oğludur. Onun ömür yolu qısa olsa da, şərəfli və mənalı bir ömür idi. Bu ömür Vətən sevgisinin, hərbi andın, ata ocağından alınan tərbiyənin və əsgər ləyaqətinin canlı nümunəsinə çevrildi.
Alp Eldəniz 3 may 1975-ci ildə Quba rayonunun qədim və zəhmətkeş insanları ilə tanınan alp ərənlər yurdu Alpan kəndində müəllim ailəsində dünyaya göz açmışdı. O, sadə ailədə böyüsə də, mənəvi zənginlik içərisində tərbiyə almışdı. Atası Etibar müəllim kənddə savadlı, intizamlı və vətənpərvər insan kimi tanınırdı. O, təkcə müəllim deyildi — həm də gənclərin yol göstərəni, həyat dərsi verəni idi.
Etibar müəllim hələ SSRİ dövründə beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak etmiş, hərbi həyatın sərtliyini öz gözləri ilə görmüşdü. Müharibənin, səngərdə gecələməyin, əmri vaxtında yerinə yetirməyin, qürurun, fəxarət hissinin nə demək olduğunu və eyni zamanda dost itkisi yaşamağın necə ağır hiss olduğunu yaxşı bilirdi. O anlayırdı ki, hərbi xidmət sadəcə forma geyinmək deyil. Əsgər olmaq — xalqın taleyini çiyinlərində daşımaq deməkdir.
Buna görə də o, oğullarını uşaqlıqdan mərd, dürüst və Vətənə bağlı ruhda böyüdürdü. Evdə tez-tez qəhrəmanlıq hekayətlərindən danışar, xalqın başına gətirilən müsibətləri xatırladar, torpaq sevgisinin müqəddəs olduğunu deyər, ən yaxın tariximizin ibrətamiz hadisələrindən söhbət açardı.
Alp Eldəniz atasının bu söhbətlərini diqqətlə dinləyərdi. Onda Vətənə bağlılıq hissi erkən yaşlarından formalaşmışdı. Məktəbdə keçirilən hərbi hazırlıq dərslərinə xüsusi maraq göstərirdi. Xəritələrlə işləməyi, hərbi texnikaları öyrənməyi sevirdi. Müəllimləri onun sakit, intizamlı, lakin iradəli xarakterə malik olduğunu deyirdilər. Müəllim yoldaşları həmişə alp Eldənizi atasına tərifləyəndə insan xarakterinin bilicisi, dünyanın hər üzünü görmüş Etibar müəllim təmkinini pozmadan sakitcə deyərdi: “Tipik 75-dir.”
1990-cı illərin əvvəlləri Azərbaycanın ən çətin dövrlərindən biri idi. Qarabağda müharibə alovlanmış, kəndlər viran qalır, şəhid xəbərləri hər evə yol tapırdı. Televiziyadan gələn xəbərlər, cəbhədən dönən yaralı əsgərlər, qaçqın ailələrinin ağrısı bütün ölkə kimi Alpan kəndini də sarsıdırdı.
Alp Eldəniz 1992-ci ildə Alpan kənd orta məktəbini bitirdi. Müəllimləri və sinif yoldaşları yaxşı bilirdi ki, uşaqlıqdan onun bir arzusu olub. O da hərbçi olmaq. Müəllimlərin ənənəvi “Böyüyəndə kim olacaqsan?” sualına alp Eldəniz həmişə, heç düşünmədən “Mən zabit olacağam!” – deyə cavab verərdi. Ancaq o orta məktəbi qurtan ili vəziyyət dəyişdi. Ölkədə bütün digər sahələrdə olduğu kimi təhsil sahəsində də anlaşılmaz hadisələr baş verdi. Ali məktəblərə qəbul qaydaları dəyişdi. Qəbulun payıza qədər ləngidiyini görən alp Eldəniz ailənin büdcəsinə əlavə dəstək olmaq məqsədilə işləmək qərarına gəldi. O dövrdə gənclərin çoxu kimi o da həyatın ağırlıqları ilə üz-üzə qalmışdı. Əmək fəaliyyətinə Sabir adına sovxozda fəhlə kimi başladı. Lakin onun ürəyində başqa bir çağırış vardı — Vətəni qorumaq çağırışı, hərbçi olmaq istəyi. Bu çağırış alp ərənlərin ruhuna hopmuş min illərin qan yaddaşında yaşayan bir “Cəngi” sədası idi.
1993-cü ilin 5 iyulunda alp Eldəniz Milli Ordu sıralarına çağırıldı. O gün anası oğlunun əsgər paltarında qarşısında dayanmasına baxarkən həm qürur duyurdu, həm də daxilən nigaran idi. Çünki müharibə artıq uzaq deyildi.
Etibar müəllim isə oğlunun çiyninə əlini qoyaraq demişdi:
— Əsgər üçün ən böyük şərəf Vətəni qorumaqdır. Qorxma, amma ehtiyatsız da olma. Alp olmaq, əsgər olmaq ağıl, səbir və ürək tələb edir.
Bu sözlər alp Eldənizin yaddaşına ömürlük həkk olundu.
Alp Eldəniz xidmətini Güzdəkdə yerləşən hərbi hissədə başladı. Burada o, səkkiz ay ərzində hərbi hazırlığın ən ağır mərhələlərindən keçdi. Əsl döyüşçü, alp kimi püxtələşdi. Silahların işləmə prinsipi, tank texnikası, döyüş taktikası, gecə yürüşləri, səngər həyatı — bütün bunlar onun gündəlik həyatına çevrildi.
Əsl əsgər olmaq üçün yalnız güclü olmaq kifayət etmirdi. Döyüşçü soyuqqanlı, diqqətli və məsuliyyətli olmalı idi. Alp Eldəniz bu xüsusiyyətləri ilə seçilirdi.
Komandirləri onun hərbi texnikanı qısa müddətdə mənimsəməsinə heyran qalırdılar. O, tank mexanizmlərini dərindən öyrənir, xəritələrlə işləməyi bacarır, döyüş vəziyyətlərində düzgün qərar verməyi öyrənirdi.
Ən çətin tapşırıqlar isə kəşfiyyatla bağlı olurdu.
Kəşfiyyatçı olmaq hər adamın işi deyil. Kəşfiyyatçı səssiz addımlamağı bacarmalıdır. O, qaranlığın içində düşmənin nəfəsini hiss etməlidir. Kəşfiyyatçı bəzən günlərlə ac-susuz qalır, torpaq üstündə yatır, hər səsə qarşı ayıq olur.
Ən əsası isə kəşfiyyatçı qorxusunu gizlətməyi bacarmalıdır.
Çünki kəşfiyyat səhvi bağışlamır.
Alp Eldəniz bu təhlükəli xidmətin məsuliyyətini yaxşı anlayırdı. Atasının danışdığı hərbi xatirələr ona yol göstərirdi. O bilirdi ki, döyüş tapşırığını vaxtında yerinə yetirmək bəzən yüzlərlə əsgərin həyatını xilas edir.
1994-cü ilin mart ayının 11-də alp Eldəniz Ağdam istiqamətində döyüş bölgəsinə göndərildi. O zaman Ağdam cəbhənin ən ağır nöqtələrindən biri idi. Top mərmiləri gecə-gündüz dayanmaq bilmirdi. Hər qarış torpaq uğrunda qan tökülürdü.
Alp Eldəniz burada böyük cəsarət göstərdi. Onun saysız-hesabsız şücaətləri dillərdə dastan olmuşdu. Döyüşlərdə nizam-intizamı, dəqiqliyi və mərdliyi ilə seçildi. Hərbi texnikaya dərindən yiyələndiyi üçün ona kiçik çavuş rütbəsi verildi və tank komandiri təyin olundu.

Tank komandiri olmaq böyük məsuliyyət idi. Tank yalnız döyüş maşını deyildi — o, ön xəttin sipəri idi. Tank heyətinin həyatı komandirin qərarlarından asılı olurdu.
Alp Eldəniz isə bu məsuliyyəti şərəflə daşıyırdı. Alp Eldəniz ilk gündən öz tankıını “Alpər” adlandırmışdı. Onun Ağdam cəbhəsində döyüşlərdə iştirakı müharibənin birinci fazasının bitməsinə az qalmış, ən qızğın çağlarına təsadüf edirdi. Düşmən güclü dezinformasiya müşayəti altında cidd-cəhdlə “Dördyol”a çıxmaga çalışırdı. Belə qızğın döyüşlərin getdiyi gərgin günlərdə öz qələbə əzmini, ruh yüksəkliyini qoruyan alp Eldəniz hər döyüşə girəndə xüsusi intonasiya və əda ilə: “Dəh, kəhər atım, getdik!” – deyər, sonra heyətə “Döyüşə” komandası verərdi.

Müharibə yalnız səngərdə olmur. Müharibə evlərdə də yaşayır.
Ən ağır döyüşlərdən biri ana ürəyində gedir.
Alp Eldənizin anası hər dəfə poçtalyon kəndə gələndə həyəcandan qapıya çıxardı. Məktub gələndə sevincindən ağlayardı. Çünki o dövrdə bir məktub belə insanlara təsəlli verirdi.
Alp Eldəniz məktublarında ailəsini sakitləşdirməyə çalışırdı:
“Darıxmayın, mən yaxşıyam. İnşallah torpaqlarımız azad olacaq.”
Amma ana ürəyi hər şeyi hiss edirdi.
Etibar müəllim isə hisslərini gizlədirdi. Oğlunun hansı təhlükələrin içində olduğunu yaxşı bilirdi. Atəşkəsdən sonra oğlunun tez-tez “öz kəhər atı”nadan ayrılığını bilirdi. Onun peşəkar tankçı olduğu kimi, eyni zamanda hərbi hissənin görən gözü, eşidən qulağı, lazım gələndə düşmənə qulaqburması verən əli kimi gecə-gunduz fəaliyyət göstərən qorxmaz kəşfiyyatçı olduğundan xəbərdar idi. Bilirdi ki, kəşfiyyatçının yolu ölümlə yanaşı gedir. Buna baxmayaraq, oğlunun mərdliyindən qürur duyurdu.
1996-cı ilin fevral ayının 10-da alp Eldəniz növbəti kəşfiyyat tapşırığını yerinə yetirərkən ağır yaralandı.
Kəşfiyyat qrupu düşmən mövqeləri haqqında məlumat toplamalı idi. Bu tapşırıqlar adətən gecə həyata keçirilirdi. Qar, şaxta, palçıq, düşmən pusqusu — hər addım ölüm təhlükəsi idi.
Həmin gecə Alp Eldəniz ağır yaralansa da, döyüş yoldaşlarının geri çəkilməsinə şərait yaratmışdı.
Onu ölümün əlindən almaq üçün həkimlər günlərlə mübarizə apardılar. Lakin aldığı ağır yaralar buna imkan vermədi.
44 gün ölüm-dirim savaşı apardıqdan sonra Alp Eldəniz 1996-cı ilin mart ayının 26-da əbədi olaraq gözlərini həyata yumdu. Onun bu 44 günlük ölüm-dirim savaşı gələcəkdə təkrarlanacaq başqa bir möhtəşəm 44 günün işarəti idi. Bu dəhşətli 44 gün çoxları üçün adi günlər kimi gəlib keçsə də, bir nəfər bu 44 günün hər gününü bir ilə bərabər yaşadı. Bu şəxs alp Etibarın ikinci oğlu – alp Eldənizin kiçik qardaşı alp Şəhriyar idi. Şəhriyar həmin vaxt General Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində birinci kursda oxuyurdu. Şəhriyar qardaşının şəhid olması xəbərini “Aslanlı adın mübarək!” – deyə öz milli hərbi məktəbinin marşını oxuya-oxuya gedərkən eşitdi. O elə sırada addımlaya-addımlaya addımları ilə həmişə müqəddəs saydığı beton örtüklü sıra meydanına var gücü ilə əsrlər boyu izi qalacaq 44 zərbə endirdi. Hər zərbəsində bu 44 günü düşmənin tarixinə silinməyəcək izlərlə yazacağına and içdi: “Qardaşım, əziz ruhun qarşısında and içirəm ki, bu 44 günün əvəzini düşmən artıqlaması ilə ödəyəcək, onlara elə bir toy tutacağıq ki, bu 44 rəqəmini bir daha unutmayacaqlar… Gözləri hər dəfə bizə tərəf baxanda, hər şeyi dörd görəcəklər…”
Bu xəbər qədim alp ərənlər yurdu Alpan kəndinə çatanda kənd sükuta qərq olmuşdu.
Ana fəryadı göylərə yüksəlmişdi.
Etibar müəllim isə susurdu.
Bəzən ən böyük ağrı sükut olur.
Alp Eldəniz mart ayının 28-də Alpan kəndinin “Subaba” qəbiristanlığında dəfn edildi. Onun polkovnik qardaşları Şəhriyar və Elşən Ağagülovlar sonralar burada pir ziyarətçiləri üçün iki türbə tikdirdilər. O türbələrdən biri böyük qardaş alp Eldənizin xatirəsini yaşadır.
Alp Eldəniz subay idi.
Onun yarımçıq qalan arzuları vardı.
Lakin ən böyük arzusu — Vətəni qorumaq arzusu idi.
Bu amal uğrunda şəhid oldu.
Alp Eldənizin şəhidliyi ailədə böyük iz buraxdı. Qardaşları alp Şəhriyar və alp Elşən onun qisasını almaq arzusu ilə yaşadılar. 44 günlük Vətən müharibəsində onların göstərdiyi qəhrəmanlıqlar alp Eldəniz ruhunun diktəsi, yarımçıq qalmış döyüş yolunun davamı, həyata keçən arzuları idi. Bu 44 gün alp Eldənizin qardaşları; alp Şəhriyarın, alp Elşənin andlarını həyata keçirdiyi günlər idi. Bu günlər alp ərənlərin min illərin ötəsindən süzülüb gələn bir deyiminin sadəcə söz olmadığının göstəricisi idi: “Bir ölür, min diriliriz!”
Bu gün hər iki qardaş yüksək ordenlərlə təltif olunmuş zabitlər kimi Müzəffər Azərbaycan Ordusunda xidmət edirlər.
Bu, bir ailənin Vətənə – alp ərənlər yurdu ulu Azərbaycana sədaqət tarixidir.
03.05.2026. Quba-Bakı-Ağdam.

Məktəblilər üçün əlavə:
    Eldənizin həyatı bugünkü məktəblilər üçün böyük örnəkdir. O göstərdi ki:
-Vətəni sevmək yalnız söz deyil;
-Torpaq uğrunda mübarizə müqəddəsdir;
-Hərbi xidmət şərəfdir;
-Kəşfiyyatçı olmaq cəsarət və ağıl tələb edir;
-Əsl qəhrəmanlıq vəzifəni sonadək yerinə yetirməkdir.
-Bu gün Azərbaycan bayrağı azad torpaqlarda dalğalanırsa, bunda Eldəniz kimi oğulların payı var.
Onların adı tarixdə yaşayır.
Onların xatirəsi xalqın yaddaşından silinmir.
Çünki Vətən uğrunda can verənlər ölmürlər.


Son söz
  Alpanın igid oğlu Alp Eldəniz – Ağagülov Eldəniz Etibar oğlu – qısa ömür yaşasa da, mənalı bir ömür yaşadı. O, müəllim ailəsindən çıxaraq Vətənin sipərinə çevrildi. Kəşfiyyatçı kimi ən ağır yolları keçdi, tank komandiri kimi döyüşdü, şəhid kimi ucaldı.
   Bu gün “Subaba” qəbiristanlığında uyuyan alp Eldənizin ruhu sanki bir həqiqəti pıçıldayır:
   “Vətən əmanətdir. O əmanəti qorumaq hər nəslin borcudur.”
   Allah bütün şəhidlərimizə rəhmət eləsin!
   Ruhu şad olsun, Amin! Onlar bizimlədir. Biz onları görməsək də, onlar bizi görür, hər addımımızı izləyirlər. Gəlin onların adına layiq olmağa çalışaq! Onların adına layiq olaq!

Müəllif: Zaur USTAC

AVMVİB, AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I