Etiket arxivi: “Professor Kərim Tahirov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgis

“Professor Kərim Tahirov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi

“Professor Kərim Tahirov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi

12 noyabr 2026-cı il tarixində Milli Kitabxanada Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovun anadan olmasının 75 illik yubileyi münasibətilə “Professor Kərim Tahirov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgilərdə görkəmli alimin müəllifi, tərtibçisi, rəyçisi, ön söz müəllifi, tərcüməçisi və redaktoru olduğu əsərlər, onun həyat və yaradıcılıq yolu haqqında Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar, dövri mətbuat materialları nümayiş etdirilir.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Kitabxanasunas_alim_Kerim_Tahirov/index.htm linkindən istifadə edə bilərlər.
Kərim Məhəmməd oğlu Tahirov 1951-ci il noyabr ayının 12-də Ağcabədi rayonunda anadan olub. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kitabxanaçılıq fakültəsində təhsil alıb. 1978-ci ildə təyinatla M. F. Axundov adına Azərbaycan Dövlət Respublika Kitabxanasına (indiki Azərbaycan Milli Kitabxanası) göndərilib, 1979–1982-ci illərdə Elmi-metodiki şöbədə böyük kitabxanaçı, baş kitabxanaçı, böyük redaktor və bölmə müdiri vəzifələrində çalışıb.
1983–1987-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Baş Kitabxana Müfəttişliyinin böyük müfəttişi, 1987–1988-ci illərdə rəisi, 1988–1989-cu illərdə Mədəni-maarif müəssisələri İdarəsinin, 1989–1993-cü illərdə Mədəni-kütləvi işlər, kitabxana və muzey işləri Baş İdarəsinin baş müfəttişi, 1993–2000-ci illərdə Kitabxana və muzey işləri Baş İdarəsinin rəisi vəzifəsində işləyib. 2000–2005-ci illərdə M. F. Axundov adına Azərbaycan Dövlət Kitabxanasının (indiki Azərbaycan Milli Kitabxanası) metodik və nəşriyyat işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 2005-ci ildən Azərbaycan Milli Kitabxanasının direktoru vəzifəsində çalışır.
2009-cu ildə “M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923–1959-cu illər)” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru) elmi dərəcəsi alıb. O, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində pedaqoji fəaliyyətlə məşğul olub, gənc ixtisaslı kadrların yetişdirilməsinə töhfə verib. 2012-ci ildə Kitabxanaşünaslıq kafedrasının dosenti, 2013-cü ildə professor elmi adı alıb.
Professor Kərim Tahirov dünyanın 40-dan artıq ölkəsində keçirilən elmi konfranslarda və simpoziumlarda elmi məruzələrlə çıxış edib, elmi məqalələri bir sıra ölkələrin elmi jurnallarında dərc olunub. BDU-nun kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq ixtisasları üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür, bu ixtisas üzrə bir neçə fəlsəfə doktoru və magistrin elmi rəhbəri və rəsmi opponenti olub.
Professor Kərim Tahirovun rəhbərliyi dövründə Milli Kitabxana respublikanın ictimai həyatında fəal iştirak etməyə başlayıb, oxuculara xidmət sahələrinin tam şəkildə avtomatlaşdırılması təmin olunub, müxtəlif mövzulara dair 70-dən artıq fundamental biblioqrafiya tərtib edilərək çap olunub, cari biblioqrafiya və informasiya göstəricilərinin, “Elmi əsərlər”nin nəşri bərpa edilib, kitabxananın elektron kataloqu, elektron kitabxanası və Elmi Şurası yaradılıb, 34 xarici ölkənin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanıb.
2006-cı ildən Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisasları üzrə Dövlət İmtahan Komissiyasının, 2007-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Ekspert Komissiyasının və 2013-cü ildən isə Milli Kitabxananın Elmi Şurasının sədridir.
Professor Kərim Tahirov 70-dən artıq kitabın, kitabçanın, metodik vəsaitin və fundamental biblioqrafiyanın müəllifi, tərtibçisi və redaktorudur. İlk kitabxana ensiklopediyasının hazırlanması işinə rəhbərlik edib və onun baş redaktoru olub. 200-dən artıq elmi məqalənin müəllifidir. Azərbaycan Milli Kitabxanasının “Elmi Əsərlər”nin, “Əlamətdar və tarixi günlər təqvimi”nin və “Azərbaycan kitabı” oncildlik milli biblioqrafiya repertuarının baş redaktorudur.
2003-cü ildən Avrasiya Kitabxanalar Assambleyasının (BAE) üzvü, 2015-ci ildən isə vitse-prezidentidir. Həmçinin 2003-cü ildən Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının və Dünya Elektron Kitabxanasının (WDL), 2007-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxanaları Şurasının və Avrasiya Kitabxanaçılar Birliyinin üzvüdür. 2024-cü ildə Türk Dünyası Milli Kitabxanaları Birliyinin sədri seçilib.
Professor Kərim Tahirovun Azərbaycan mədəniyyətinin inkişafındakı səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib, 2008-ci ildə kitabxana işinin inkişaf etdirilməsində xidmətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb, 2013-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 2021-ci ildə isə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Milli Kitabxananın fəaliyyətinin səmərəli təşkilinə və inkişafına, yeni texnologiyalarla təkmilləşdirilməsinə görə fəxri fərman və diplomlar alıb. TÜRKSOY-un yaradılmasının 20 illiyi münasibətilə medalla, 2014-cü ildə “Qızıl Fortuna” Beynəlxalq Reytinqli Texnologiyalar və Sosiologiya Akademiyasının medalı ilə, Nizami Gəncəvinin 880 illiyi xatirə nişanı (1141-2021) ilə təltif edilib. Nazirlər Kabinetinin 12 sentyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının üzvü təyin olunub. 2019-cu ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Professor Kərim Tahirov peşəkarlığı, yüksək təşkilatçılıq bacarığı və milli dəyərlərə bağlılığı ilə Azərbaycan kitabxanaçılıq məktəbinin inkişafına mühüm töhfələr verən ziyalılardan biri kimi tanınır. Onun rəhbərliyi altında həyata keçirilən layihələr ölkəmizin elmi və mədəni nüfuzunun möhkəmlənməsinə, kitabxanaçılıq sahəsində yeni uğurların əldə olunmasına və Azərbaycanın zəngin irsinin beynəlxalq müstəvidə daha geniş tanıdılmasına xidmət edir.
“Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı”, “Qarabağa kitabla gedək!”, “Musiqi kitabxanası”, “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)”, “Açıq kitabxana”, “Milli musiqi xəzinəmizdən səs yazmaları və qrammofon valları”, “Beynəlxalq musiqi kitabxanası” və s. layihələrin rəhbəri olan Kərim Tahirov həmişə yeniliyə can atır.
Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov ömrünün müdriklik çağında ölkəmizdə elmin, mədəniyyətin, kitabxana işinin müstəqil dövlətçilik və azərbaycançılıq idealları əsasında inkişaf etdirilməsi yolunda məsuliyyətlə və şərəflə xidmət etmək missiyasını ləyaqətlə həyata keçirməkdə davam edir.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

MİSİR MƏRDANOVUN YAZILARI

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I