Etiket arxivi: Qafar Cəfərli

Qafar Cəfərlinin hekayəsi

SONRADAN SONRA…

(hekayə)

“Ay Allah, bu nə zülümdür mən düşmüşəm! Rəhmətə gedəndən bəri hər gecə yuxuma girir. Hər dəfə də mənə narazı nəzərlərlə baxır. Oğlunam da, niyə belə edirsən axı, ay kişi? Belə də ata olar? Qolumdan tutur, ayağa qaldırır, özü ilə aparacağını deyir… Beynim pozulub tamam. İki aydan çoxdur müalicə olunuram, heç bir xeyri yoxdur. Əlim hər işdən soyuyub. Bir az içib əhvalımı düzəltmək istəyirəm, o da alınmır, daha pis oluram . Gözlərimi yuman kimi gəlib durur qarşımda.”
Rəşid özü ilə danışırmış kimi sözləri öz içinə tökürdü.
Sonra baxışları yan otağa tərəf yönəldi. Anası Gülarə xanım həmin otaqda yatırdı. Yaxşı ki, heç olmasa o rahat yata bilirdi: astaca xorultusu, fısıltıısı eşidilirdi.
”Yazıq arvad da başını tamam itirib. Bilmir mənə nə çarə qılsın.”
Rəşid stolun üstündəki şüşədən balaca stəkana araq süzdü və birnəfəsə başına çəkdi. Limon yeyirmiş kimi üz-gözünü turşutdu, nəfəsini pülədi, əlinin arxası ilə dodaqlarını sildi. Boşqabda turşuya qoyulmuş xiyar vardı. Bir diş götürüb, tikəsini boşqaba atdı. Könülsüz çeynəməyə başladı və elə o cür də uddu. Saatı bilmək üçün stolun üstündəki mobil telefonu götürdü. Amma düymələri səhv saldığından telefonu koddan aça bilmədi.Təkrar qurdalamağa da hövsələsi çatmadı. Hər şeyə qarşı həssas və əsəbi olmuşdu.
Bayaqdan qulaqlarına dolan “çık-çık” səsləri anidən marağına səbəb oldu. Beynində: “Bu nə səsdir, hardan gəlir bu səs?”- kimi suallar yarandı. Başını qaldıranda divardan asılmış saatı gördü. İçərisində qara, zərli parça ilə örtülmüş Kəbə evinin şəkli vardı. Diqqətini də əvvəlcə Kəbə evi çəkdi. Birinci dəfə görürmüş kimi saatın özünə də zəndlə baxdı. Əcəb də saat idi. Qol saatı taxmırdı, vaxtı da yalnız mobilin ekranını açmaqla öyrənirdi. Divardakı saat isə… “Mən almamışamsa, demək, çoxdan orda asılıb… Bəs niyə görməmişəm?” – deyə düşündü. Və birdən Kəbə şəklinin içərisindən ağ libasda kiminsə ona baxıb nəsə dediyini hiss elədi. Bədəni üşəndi. Diqqətlə baxdıqda orada bir kimsəni görmədi. Amma oradan kiminsə baxdığına inamı daha da artdı. O naməlum varlıq kim idi və ona nə deyirdi?!
Deyəsən onu qarabasırdı.
Ayaga durub asta addımlarla saat asılan divara yaxınlaşdı. Bu dəfə daha yaxından, gözlərini qırpmadan, bütün diqqəti ilə baxmağa başladı. Beynindən qeyri-iradi fikirlər keçdi: ”Bir ildən çoxdur bu evdə yaşayıram. Necə olub ki, bu saat diqqətimi çəkməyib. Allahım, kömək ol!” Başını buladı. “Eh, yazıq Allah da əlimizdən bezib. Daha duaları da eşitmir.”
Səntirləyə-səntirləyə yataq otağına tərəf getdi. Yerişindəki nizamsızlığı hiss elədiyindən özünü dik tutmağa çalışdı.
Arxasınca o saatın içərisindən kimsə baxırdı. Onun baxışlarını kürəyində, səsini qulaqlarında hiss edirdi. Ancaq o kim idi və nə deyirdi?
“Məni əməlli-başlı qarabasır… Belə getsə, başım tamam xarab olacaq!”
Nəhayət ki, yataq otağına keçə bildi. Əlindəki mobil telefonu tumbanın üstünə qoymağa güclə macal tapdı. Başı hərləndiyindən özünü çətinliklə çarpayıya yetirdi və yorğanın üstünə sərilib qaldı.
Sanki divardakı saat durdu, işıqlar söndü, ətraf aləm susdu, hər şey boşluğa töküldü.
Heç nə hiss etmir, heç nə görmür, heç nə duymurdu.
Amma… Sonra,… sonradan sonra… və tədricən…
İçində bir səs dolaşır, ona nəsə anlatmağa çalışırdı. Bu nə səs idi? O hansı dildə danışırdı? O səsin sahibi kim idi? O nə demək istəyirdi?
Nə o səsi, nə də gördüklərini anlaya bilirdi.
…Rəşid gözlərini açanda əvvəlcə ətrafın qaranlığını hiss etdi, zülməti gördü, duydu. Və bundan vahimələndi. Sonra içindəki ağırlıq, başındakı uğultu özünü büruzə verdi. Daha sonra qaranlıq barədə düşündü. Ətraf niyə zülmət qaranlığa qərq olmuşdu? Lampaların dünən axşamüstü titrəməsini, sanki “göz vurmasını” xatırladı. “Ya işıqlar sönüb, ya da lam¬palar sıradan çıxıb,”-düşündü.
Nəfəsi təngiyirdi. Əlini uzadıb üz-gözünü ovuşdurdu, boğazını ovxaladı, sinəsini tumarladı, ağzını bütöv açıb dərindən nəfəs aldı.
Daha bir qədərdən sonra tədricən özünə gəlməyə başladı. Amma bu qaranlıq da bir yandan əhvalını pozurdu. Kor kimi idi. Kor insan nələr çəkirmiş! Anadan kor doğulanı başa düşmək olar ki,o, dünyada heç nə görməyib. Bəs sonradan gözləri tutulan və ya gözü çıxana nə demək olar? Kor olduqdan sonra yaşamağa dəyərdimi? Dünənə kimi hər kəsi, hər şeyi görən insanın qarşısına bir anda qara pərdə çəkilir və həyat büsbütün qaranlığa qərq olur!
O indi kor idimi? Atası onu həmişə kor olmaqda qınayırdı.
Ən dözümlü canlı həqiqətən də insan imiş! Yaradan Allah insana elə bir güc vermişdir ki, o düşdüyü bütün vəziyyətə həm öyrəşə, həm də eləcə yaşaya bilirdi.
Rəşid baxışlarını dolandırsa da ətrafda heç nə görmədi və əslində, dəqiq nəsə axtardığını da anlamadı. Qalxıb çarpayıda oturdu.
Bədəni büsbütün tər içində idi. Əynindəki köynəyinin ətəyi ilə üzünün tərini sildi.
Düşüncəsindən axıb keçən fikrə əhvalı tamam korlandı. Dodaqaltı :”Bu kişi məndən nə istəyir axı?!” – deyə mızıldandı. Əyilib tumbanın üstündəki mobil telefonun düyməsini basdı. Ekranda “ 4-50” rəqəmi göründü. İlk rumkanı gecə saat ona iyirmi dəqiqə qalmış içdiyindən başqa heç nə xatırlamadı.
Dərindən köks ötürdü. Əlləri ilə saçlarını daraqladı.
Tərdən islanmış maykası, köynəyi tamam soyumuş, bədəninə yapışmışdı.
Mobil telefonun işığında əynini dəyişdi. Qapını açıb eyvana çıxmaq istəyəndə işıqlar yandı. Divar dibindəki bədənnüma güzgüyə yaxınlaşdı. Oradan ona miskin bir səfil baxırdı. Üz-gözündən, əyin-başından iyrəndi və tez arxaya çönüb otağın çıxış qapısına tərəf getdı. Anası Gülarə xanımın o biri otaqda yatdığını xatırladı.
Dəhlizin yuxarı başında stol qoyulmuşdu. Stolun dirəndiyi divardan atası Qadir müəllimin şəkli asılmışdı. Asta addımlarla həmin stola tərəf getdi və oradakı ağ plasmas stula oturdu. Başını qaldırıb atasının şəklinə baxmağa ürək eləmədi. Acığı, qəzəbi, tənəsi şəkillərdən də yağırdı. Heç ölməzdən əvvəl belə deyildi,… bu qədər deyildi. Öləndən sonra nə olmuşdu? Əyilib hər iki əli ilə üzünü örtdü. Bir neçə saniyə belə qaldı. Sonra dikəlib pəncərədən həyətə, dirəkdən asılmış fənərin işığına, o işığın şöləsi ilə işıqlanan həyətə və talvara baxdı. Atası Qadir müəllimlə həmin talvarın altında oturub etdikləri söhbətlər bir anda kino lenti kimi gözlərinin önündən gəlib keçdi.
…Qadir müəllim rayonun ən nüfuzlu məktəblərindən birində fizika fənnindən dərs deyirdi. Artıq onilliklərin müəllimi idi. Nəinki işlədiyi məktəbdə, eləcə də yaşadığı rayonda böyük nüfuz qazanmışdı. Ədəbli, ərkanlı, vicdanlı, əqidəli bir insan olmaqla yanaşı işində son dərəcə ciddi və tələbkar idi. Başqa müəllimlər məktəbdəki dərsləri yola verib evlərində repititorluqla məşğul ol-salar da Qadir müəllim bunu qəbul etmirdi. Məktəbdə bəlkə yeganə Qadir müəllimin dərsində şagirdlər tam tərkibdə iştirak edir, səssizcə dərsə qulaq asır və öyrənirdilər.
“Şagirdlərə məktəbdə dərs demək lazımdır, evdə yox!” Bunu Qadir müəllim deyirdi.
Qadir müəllim iki oğlunu və bir qızını da nümunəvi şagird kimi böyütməyə çalışırdı. Amma böyük oğlu Əkrəm Bakıda Universiteti bitirib magistraturanı oxumaq üçün xaricə gedəndən sonra hər şey dəyişdi. Gəlib xaricdəki həyat tərzi barədə şirin-şirin söhbətlər elədi. Və ailənin sanki nizamı pozuldu. Təhsilinin ikinci ilində oğlunun xaricdə yaşamaq istəyi bütün problemləri üzə çıxartdı. Əkrəmin atasının istəyinə məhəl qoymaması Rəşidə də təsirsiz ötüşmədi. Hərçənd, qızı Aynur da, Rəşid də Universitet bitirdilər. Aynur rayona qayıdıb iki il atası ilə eyni məktəbdə çiyin-çiyinə dərs dedi. Sonra isə tələbə yoldaşı ilə ailə qurub Bakıya köçdü. Rəşid də Bakıdakı özəl şirkətlərin birində mühəndis olaraq çalışdı. Yaman sərbəst, bir az da vulqar olmuşdu: rayona, buradakı həyat tərzinə xor baxır, lağ edirdi. Rəşidlə bağlı daxilində olan narahatçılıq get-gedə özünü büruzə verməyə başlayırdı. “İnsan ətrafını, çevrəsini özü seçir” – deyən Qadir müəllim oğlu Rəşidin bəzi hərəkətlərindən sonra fikrini dəyişməli oldu. Anladı ki, “Düşdüyü mühit iradəcə zəif insanları dərhal ağuşuna çəkir və onu istədiyi cildə sala bilir”. Elə bu səbəbdən də Qadir müəllim bütün varlığıyla sevdiyi işi ilə vidalaşdı. Həm təqaüd yaşı keçmişdi, həm də ailəsində baş verənlərdən sonra məktəbə gedib şagirdlərə tərbiyə verməyi vicdanına sığışdırmırdı. Birdən kimsə ona oğullarını tənə vurarsa… O zaman yalan danışa bilməyəcəkdi. Üzü sulu getmək daha yaxşı idi.
Özü demişkən: “Yerin, göyün, səmanın, ulduzların gedişatından xəbərdar olsam da beş nəfərlik ailəmdən bixəbər oldum.”
Qadir müəllim təqaüdə çıxdı və həyat yoldaşı Gülarə xanımla tamam tək-tənha qaldı. Sanki yaşadığı bir ömürlük həyatı boşa getmişdi. Sonunda tək tənha, oğul-uşaqsız, nəvələrsiz…
Atasının və həm də anasının israrlı xahişi və istəyi ilə Rəşid doğulduğu rayona qayıtdı. Amma problemlər burda da davam etdi. Rəşid atasını eşitmir, onunla razılaşmır, sanki qəsdən hər işin əksini edirdi. Üstəlik, axşamları dostları ilə yeyib-içməkdə, kefdə-damaqda keçirdirdi. O belə vəziyyətdə ikən Qadir müəllim artıq 28 yaşda olan oğlunu evləndirməyə də ürək eləmirdi. Hər dəfə bu barədə söhbət düşəndə Gülarəyə: “Kiminsə qızını bədbəxt etməyə haqqımız yoxdur!”- deyirdi. Son dəfə isə Rəşidin ağır içkili vəziyyətdə evə gəlməsi səbəbindən bərk narazılıq düşdü. Bu artıq həyasızlığın, tərbiyəsizliyin, harınlığın sonu idi.
Bu narazılıq hər şeyə son qoydu. Oğlunun vəziyyətini yəqin ki, qonşular da, bir vaxtlar şagirdi olmuş digər adamlar da görmüşdü. Onun barəsində nələr düşünmüşdülər!?
Daxilən keçirtdiyi əsəb sarsıntılarına, mənəvi əzablara Qadir müəllimin ürəyi tab gətrmədi və o, bu nahaq dünyadan ayrılıb, haqq dünyasına köçdü… Sonra… Hər şey bununla bitdimi?
Rəşid üçün hər şey atasının ölümündən sonra başladı…
… Ayaq dırnağından tutmuş başının tükünə kimi indi Rəşidin bütün bədəni sızıldayırdı. Sanki günboyu çoxmərtəbəli binaya çiyinlərində sement dolu kisələr daşımışdı. Ağrıdan ayaqları bükülürdü.
Yerindən ehmalca qalxıb qapıya yönəldi. Həyətə düşüb, alaqaranlıqda asta addımlarla talvara yaxınlaşdı. Yaz havasının sərin mehi bədəninə yüngüllük gətirdi. Təkcə başı hələ də dumanlı idi.
Talvar altındakı oturacaqda əyləşdi. Cibindən siqaret qutusunu çıxartdı. Şalvarla yatdığından siqaret qutusu əzik-üzük halda idi. Qutudan çıxartdığı siqaret də əzilmişdi. Rəşid barmaqlarının arasında siqaretə tumar çəkib düzəltdi və damağına qoydu. Alışqanı isə başqa cibindən çıxardıb yandırdı. Bir qullab vurdu, tüstüdən öskürməyə başladı. Bir-iki ağız öskürdükdən sonra boğazını arıtdadı, sağ əli ilə boğazını sığalladı. Siqareti külqabıya basıb sön¬dürdü.
Gördüyü yuxunun təsirindən ayılmamışdı. Ürəyi sıxılsa da beynindəki fikirlər tədricən aydınlaşmağa başlayırdı. O nə yuxu idi görmüşdü?! Ətrafa işıq saçan ağ paltarlı o varlıq görəsən kim idi? Üzü görünmürdü. Bəs niyə Kəbə şəkli olan saatın içindən boylanırdı? Tanımasa da səsi ona çox doğma gəlmişdi.
Bütün bunlar nə demək idi?
Rəşid əzik qutudan yenə bir siqaret götürdü, yenə əli ilə hamarladı, damağına qoydu, yenə yandırıb bir qullab vurdu.
“Vallah, nə dedisə düz deyirdi. Atamı, anamı çox incitdim. Anam öz analıq hissləri ilə bacar-ma¬yıb xətrimə dəymədi, amma atam gözümün qabağında şam kimi əridi. Hə,… Qadir müəllim kimi adamın övladı belə olmamalı idi.”
Əlləri əsir, siqareti nə barmaqları arasında, nə də dodaqlarında saxlamağa sanki gücü çatmırdı. Siqareti külqabının kənarına qoya bildi.
” Ölümünə də mən səbəb oldum. Mən nankor oğul, mən etibarsız oğul, mən bədbəxt oğul… Yazıq kişi hər dəfə mənə: “Cavanlığın qədrini bil”- deyirdi. “Bu ömür insana bir dəfə verilir. İkinci dəfə anan səni doğmaz, ay bala.” Eşitmədim onu, indi də hər gün ölüb dirilirəm. Tay-tuşlarım iş-güc, ailə sahibidir, mən isə… ”
Rəşid titrəyən əlləri ilə yanaqlarına süzülən göz yaşlarını sildi. Külqabıdan tüstülənən siqareti götürüb bu dəfə iki əli ilə tutdu və bir qullab vurub, tüstünü sinəsinə çəkdi. Siqareti yenidən külqabıya güclə qaytardı. Evə sarı məlul baxışlarla baxdı.
”Bacı yad evində… Qardaş gedib xaricdə yaşayır… Həftədə-ayda bir dəfə telefonla danışmaqla işini bitmiş hesab edir. Heç atasının dəfninə gələ bilmədi. Rahat həyat seçdi özünə. ”
Narahatçılıqla yerində qurcalandı. Qardaşını ittiham etməyə haqqı çatırdımı?
”Neyləməlidir ki… Hər kəs öz həyatını yaşamaqda haqlıdır”- deyə düşündü.
Amma elə o andaca atası Qadır müəllim yenə gözü önünə gəldi. Atası da öz rahat həyatını əsas götürə, övladlarını vecinə almadan, özü üçün yaşaya bilməzdimi?
Rəşid düşüncəsindən axıb keçən bu sual qarşısında duruxub qaldı.
Əsən səhər mehi onu üşütməyə başlamışdı. Əlləri ilə qollarını ovxaladı, çiyinlərini qucaqladı. Bir neçə saniyə beləcə qaldı. Yenə qulaqlarında bir səs dolaşır və ona nəsə anlatmağa çalışırdı. Deyəsən yuxusunda da o varlığı görmüş, onun səsini eşitmişdi.
Birdən ayılan kimi oldu. Tədricən halı özünə gəlməyə başladı. Canındakı ağrılar da azaldı. Hətta gözləri işıqlandı. Bu dəfə düşüncəsindən keçənlərdən üzünə sevinc işartıları yayıldı.
Bu qədər sadə və bu qədər aşkar gerçəkliyi görməmiş, duymamış, hiss etməmişdi.
Arxadan səs eşitdi. Çevrilib baxsa da kimsəni görmədi. Həyacandan bədənini əsməcə tutdu. Anladı ki, bu səs yenə Kəbəli saatdan gəlir. Səs get-gedə aydınlaşdı:
-Atan səndən narazıdır.
Səsin kişi və ya qadına məxsus olmasını Rəşid ayırd edə bilmədi. O var-gücünü toplayaraq:-Bəəs mən nəəə edim?- deyə soruşdu.
-Bu gün cümə axşamıdır. Bütün ruhlar Yer üzünə, öz dünya evinə dönür. Get atanın məzarı üstündə halallıq istə, tövbə elə,bağışlanmağını dilə. Bəlkə bu yolla rahatlıq tapa biləsən.
-Bağışlayar?- Rəşid tələsik soruşdu.
Arxadan daha səs gəlmədi. Rəşid tez çevrilib baxdı. Ətrafda kimsə yox idi. Rəşidin canına qorxu doldu. Eşitdiyi səs o qədər aydın və ürəyəyatımlı idi ki, bunun qarabasma olmadığına daxilən inandı.
Rəşid dik ayağa qalxıb iri addımlarla evə girdi. Ürək edib divar saatına baxa bilmədi. Anası qonşu otaqda rahat yatmaqda davam edirdi.Tələsik yataq otağına keçdi. Bir nəfər onun yatağına sərilib yatırdı. Bu onun özü idi. Əyilib, özünü silkələdi və astadan özünə “Oyan!” dedi.
…Rəşid bir saata yaxın idi ki, atasının məzarı önündə dayanmışdı. Atasının məzar daşındakı şəkli diqqətlə ona baxırdı. Bu baxışları tanıdı. Onun qarşısında öz başını aşağı dikdi.
Burada molla da vardı və ucadan “Yasin” oxuyurdu. “Yasin” oxunduqca Rəşid öz içərisində tövbə deyirdi. İndi öz əməllərini çılpaq görür, heç nə ilə örtə, gizlədə bilmirdi.
Həyat bu qədər sadə, bu qədər açıq-aşkar var ikən nəsə gizlətmək çox gülünc olardı.
Mollanın ucadan dediyi “Fatehə!” kəlməsi diqqətini silkələdi və onu özünə qaytardı.
Atasının ruhuna fatihə verib ayrılanda başını qaldırıb qara məzar daşının içərisinə həkk olunmuş şəklə baxdı. Qəribə idi: indi atası ona gülümsəyirdi. Molladan bunu görüb-görmədiyini soruşmaq istədi. Molla çoxdan çıxıb getmişdi.
Qəbristanlıq darvazasından çıxarkən çevrilib arxaya baxdı. Atası Qadir müəllimin qara məzar daşından boylanan baxışları sevinc içərisində gülür, sanki ona əl yellədirdi.
Rəşid qəbristanlığın giriş qapısının dəmir ilməyini çəkib bağladı. Bir anlıq dayanıb ətrafı dinşədi. Ətrafdan it hürüşməsi, mal-heyvan mələrtisi, maşın səsləri və anlaşılmaz səslər-küylər eşidilirdi. Və bir də bülbül səsləri vardı. Bu səslər məzarlıqdan gəlirdi.
Başını qaldırıb göyə baxdı. Səhər günəşinin al şəfəqləri artıq səmanı və yeri tam işıqlandırmaqda idi. Həyat yeni günlərin sorağı ilə cana gəlirdi.
İndi Rəşid özünü çox yaxşı hiss edirdi.

Lənkəran.25-26 mart 2025-ci il.

QAFAR CƏFƏRLİ – KREDİT AZARI

KREDİT  AZARI                                                                                         

(hekayə)

Son illərdə insanlarımız bir azara mübtəla olublar: qadınlı-kişili ehtiyac oldu, olmadı kreditə cumurlar. İndi krediti olmayanı barmaqla göstərmək olar. Əslində insanları buna görə qınamaq da insafdan deyil. İşsizlik, aşağı maaş və pensiya, uşaq pulunun olmaması və digər səbəblərdən ailələrdə problemlər aşıb-daşır. Belə vəziyyətdə kredit insanlara gözəllik ilahəsi Afrodita kimi görünür. (Bilməyənlər üçün deyim ki, Afrodita sözü yunanca “köpükdən yaranmış” mənasını verir ki, bu da elə “kredit” sözü ilə hardasa eyni anlama gəlir.) Əslində humanitar məqsədə xidmət etməli olan banklar fürsətdən yararlanıb insanların başını küt bıçaqla kəsirlər. Əsas bankın qapısından içəri keçməkdir. Bir anın içində sehrli bir məkana düşmüş kimi özünü hiss edirsən. Reklam lövhələri insanın bütün varlığına sahib çıxır. Adlar o qədər cəlbedicidir ki, seçim belə etməyə çətinlik çəkirsən. Bank işçisi də çox sakit və mədəni formada təklifləri ard-arda qulağına oxuyur:
-Asan kredit, tək şəxsiyyət vəsiqəsi ilə kredit, zaminsiz kredit, faizsiz kredit, komissiyonsuz kredit, girovsuz kredit,…
Və bir də ayılırsan ki, lupa ilə belə oxunması müşkül olan müqaviləyə artıq qol atmısan. Pulların ətri isə səni uzaqdan vurur. Elə ki, cibində pul bankdan çıxdın, sanki göyün yeddinci qatındasan. Bir-iki ay firavan yaşayırsan ki, sənə qalan da elə o olur. Sonrası nağıl kimi olaylar başlayır…
Oğlunun kredit götürməyindən beş aydan sonra xəbər tutan Qafur kişi ilə bank işçisi arasında belə bir dialoq oldu:
-Alo, salam.
-Salam.
-Sizi bankdan narahat edirəm.
-Buyurun, eşidirəm.
-Siz Rəşadın atasısınız?
-Bəli. Nə olub ki?
-Oğlunuz bankımızdan kredit götürüb, iki aydan çoxdur ki, ödəmə etmir.Telefon zəngimizə də cavab vermir.
-Başa düşdüm. Oğlumun 30 yaşı var. Müstəqil adamdır. Bunu mənə niyə deyirsiz ki?
-Ona görə ki, o sizin mobil nömrənizi verib və sizi zamin saxlayıb.
-Necə məni zamin saxlaya bilər ki, mənim bundan xəbərim yoxdur.
-Ağsaqqal fərq eləmir. Siz Rəşadın atası deyilsiniz?
-Ay bala, atasıyam, amma axı mən ona zamin durmamışam.
-Siz onun valideynisiz. Oğul sizindir. (Ciddi səslə). Onu tapın, deyin ki, banka borcunu ödəsin. Əks halda ikiniz də məsuliyyət daşıyacaqsız.
-Mən sizə heç bir köməklik göstərə bilmərəm. Özünüz tapın və borcu tələb edin.
-Ağsaqqal bu nə danışıqdır? Oğlunuza siz cavbdehsiz.
-Ay bala, mən 30 yaşlı kişiyə necə cavabdeh ola bilərəm?
-Cavabdeh olmalısınız. Uşağa vaxtında tərbiyə vermək lazım idi. Başlı-başına buraxırsınız, sonra öhdəsindən gələ bilmirsiz.
-Mənim oğlumdan şikayətim yoxdur.
-Görünür oğlunun bu hərəkəti sizin də ürəyinizcədir. Oğlun sizi eşitsəydi, sizdən qorxusu olsaydı belə etməzdi.
-O boyda kişiyə mən neyləyə bilərəm ki.
-(Ciddi,bir az da əsəbi səslə). Mənim belə oğlum olsaydı, başını kəsərdim. Ona elə bir dərs verərdim ki, ömrü boyu qarşımda faraqat dayanardı. Oğlan gərək atasından qorxsun.
-Övladdı deyə heç nə etmək olmur, ay bala. Bir də ki, indiki gənclər fərqli yaşamaq istəyirlər. Valideyni eşitmirlər. Heç kimdən də qorxmurlar.
-Eşitməlidirlər və qorxmalıdırlar ağsaqqal. Görünür siz yerində deyilsiniz.
-Yəqin atan yaşında olaram. De görüm neçə uşağın var?
-İki qızım var.
-Allah saxlasın. Onda de görüm, atan harda işləyib?
-Hərbiçi olub.
-Sən özün necə uşaq olmusan?
-(Bir anlıq sükut. Gülə-gülə). Çox dəcəl. Hər gün dava-dalaş, hər gün narazılıq, söz-söhbət. Məktəb əlimdən bezmişdi. Universiteti də demək olar ki, atam “oxudu”, diplomu mən aldım. Yazıq kişi əlimdən qan ağlayırdı. Elə mənim dərdimlə də öldü.
-Allah rəhmət eləsin.
-(Kədərli səslə) Hər həftə məzarı üstə gedib bağışlanmağımı xahiş edirəm. Bilmirəm, məni bağışlayıb, yoxsa yox.
-Bağışlayar bala. Narahat olma . Gördün ki, övlada heç nə etmək olmur. Amma sən hər həftə atanın məzarını ziyarət elə. Bəlkə vicdanın rahatlıq tapar.
-(Qüssə dolu səslə) Başa düşdüm. (Susur). Amma borcu ödəyin də… Xahiş edirəm.
Lənkəran. 19.03.2025.

Qafar Cəfərli- 68

Ədəbiyyatımızın cənub bölgəsindəki əsas təbliğatçısı

Qafar Cəfərli- 68

Desəm ki, əsərlərini oxumuşam, yalan danışaram. Heç özüylə də tanış deyilik. Amma imtahana hazırlaşan tələbələr kimi, arayıb axtarıb, onun haqqında xeyli məlumat toplaya bildim…

Filoloq-alim Elşad Səfərli onu belə xarakterizə edir: “Qafar Cəfərli imzasının məsuliyyətində orijinal üslublu, zəngin dilli və obrazlarının psixolojisində “davranan” bir yazıçının ədəbi hisslərini duydum. Mən hər yeni ədəbiyyat cəbhəsinə ayaq basan şairə, yazıçıya sadəlövh yanaşmağı xoşlamıram; üstəgəl, uzaq bölgələrdə, o cümlədən Lənkəranda yaşayıb-yaradan bir istedadlı qələm sahibi olsun.”

Ədəbiyyatşünas-tənqidçi Allahverdi Eminov isə söyləyir ki;- “Qafar Cəfərlinin “Saatın 61-ci dəqiqəsi” hekayələr və povestlər kitabını əlyazma halında oxuyanda, nə gizlədim, püxtələşmiş bir yazıçının nəsr dünyagörüşünü duyub yaşadım. Mən onun hekayələrində xarakterlərin davranışını, müəllifin süjet qurmaq fərdiliyini, yaxud avtobioqrafik xüsusiyyətini müşahidə etdim. Və mənə elə gəldi ki, yazıçılıq psixologiyasına xas keçirilən hisslərin hamısını özündə ehtiva edir.”

Bəli, bu günkü söhbətim AYB-nin Lənkəran Bölməsinin sədri, yazıçı, publisist Qafar Cəfərlidən olacaq. Onu sizə kəşf edib tanıdığım kimi, təqdim etmək istəyirəm. Ola bilsin ki, haradasa zəndim məni aldadar, amma əminəm ki, onun obrazını olduğu kimi təsvir etməyə gücüm çatacaq…

Müdrik adamdır, söylədikləri düşüncələrindən qaynaqlanır. Necə deyərlər, boğazdan yuxarı danışmır, fikirlərini yazıçılara xas ardıcıllıqla ifadə edir, sanki süjet xətti qurur. Rəsmiyyətə meyillidir, amma bunun arxasında sadə bir insanın gizləndiyi aydın nəzərə çarpır. Xarakteri güclüdür, adama “köhnə” kişiləri xatırladır. Qürurlu və məğrurdur. Heç vaxt müvazinətini itirmir. Videolentlərdəki çıxışlarını izlədikcə jestləri, “bədən dili” onun xeyirxah insan olduğundan xəbər verir…

Deyir ki,- “Lənkəran şəhəri orta əsrlərdən üzü bu yana həmişə bölgənin mədəniyyət mərkəzi olub. Təbii iqlim şəraitinin gözəlliyi və sərvətlərinin bolluğu şəhərin iqtisadi və mədəni inkişafında başlıca rol oynayıb. Təsadüfi deyil ki, buradan elmin müxtəlif sahələrində çalışan görkəmli alimlər, dövlət xadimləri ilə yanaşı, ciddi ədəbi fəaliyyətlə məşğul olan adamlar da çıxıb. Mənbələrdən məlum olur ki, hələ Xl-Xll əsrlərdə Lənkəranda məktəb və mədrəsələr, sufi ocaqları, təkyələri fəaliyyət göstərib. Məzarları müqəddəs ziyarətgaha çevrilən Şeyx Camaləddin və onun şagirdi, bütün Şərqdə məşhur olan Şeyx Zahid Gilaninin sufi məktəbləri buranın güclü elm mərkəzi olduğundan xəbər verir. Azərbaycanın müxtəlif şəhərlərindən elm öyrənmək üçün buraya gələnlərin arasında Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiəddin də olub. Onlar təkcə təriqət başçıları olmayıb, eyni zamanda bədii yaradıcılıqla məşğul olmaqla, öz irfani fikirlərini şeirlə xalqa çatdırıblar. Əsərlərinin çox kiçik bir hissəsi bizə çatan bu böyük şəxsiyyətlərin yaradıcılığı bölgə ədəbiyyatının ilkin nümunələri kimi səslənir. Sonrakı əsrlərdə bu missiya davam etsə də, bir-birini əvəz edən feodal müharibələri zamanı kitabxanalar kütləvi şəkildə yandırıldığı üçün bizə gəlib çatmayıb.”

Söylədiklərində pafos axtarmağa dəyməz, nə də ki, yazıçı təxəyyülünün ifadəsi kimi yanaşmaq da olmaz. O, yerlibazlıqdan çox uzaqdır. Bəziləri kimi,- mənim elim bütün ellərdən yaxşıdır- düşüncəsindən də danışmır. Hadisələrə obyektiv dəyər verməyi bacarır…

Filologiya elmləri doktoru Vaqif Yusifli onun haqqında söyləyir;- “Öncə onu deyim ki, Qafar Cəfərli yaxşı yazıçı-publisistdir. Xalq yazıçısı Çingiz Abdullayevlə yanaşı, hal-hazırda detektiv janrda əsərlər yazan qələm sahibləri arasında seçilir, fərqlənir. “Günahsız mələk”, “Namus yarası”, “Gecənin lal fəryadı” və s. povestləri, hekayələri ilə oxucular yaxşı tanışdırlar. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı olub, “Tanrının göz yaşları” romanı da bir müharibə veteranının müşahidələrini əks etdirir. “Ömür yolu” avtobioqrafik romanı bir insan və yazıçının xatirələr dünyasını gözlərimiz qarşısında canlandırır və açığını deyim ki, onun keçirdiyi hisslər, başına gələn hadisələr, iyirmi ildən artıq hüquq-mühafizə sistemində fəaliyyəti zamanı çətin və mürəkkəb olaylarla, cinayət hadisələri ilə üz-üzə gəlməsi, ancaq bütün bunlarla yanaşı, ədəbiyyata sevgisi bir an belə səngiməyən bir insanın həmin o xatirələr dünyasının acılı-şirinli hekayətləridir.”

Ciddi görkəmi var. Bəlkə də, bu ciddilik uzun müddət çalışdığı sahənin xarakterindən vücuduna hopub, deyə bilmərəm, amma çox işgüzar adamdır. O, AYB-nin Lənkəran Bölməsinə sədr təyin olunandan bəri, bir sıra uğurlara imza atıb. Şəhərin yaradıcı adamları ilə mehriban münasibət qura bilib. Tez-tez ədəbi-bədii tədbirlər keçirib gənclərin maariflənməsinə töhfə verməyə çalışır. Professor Vaqif Yusifli fikirlərini belə yekunlaşdırır: “Qafar Cəfərli iki bədii filmə də çəkilib və maraqlı rollarla yadda qalıb. Amma o, həyatda öz rolunu – yazıçı Qafar Cəfərli obrazını mükəmməl icra edir.”

Bəli, güman edirəm ki, onun haqqında öyrənib bildiklərimi sizinlə bölüşə bildim. Martın 7-si Qafar Cəfərlinin doğum günüdür, 68 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram.
Çox yaşa, Qafar Cəfərli!

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

QAFAR CƏFƏRLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru