
Ankaradakı Türk Dövlətləri Sivilizasiyaları Parkında yerləşən “Azərbaycan Evi” qapılarını ziyarətçilərin üzünə açıb
Ankaradakı Türk Dövlətləri Sivilizasiyalar Parkında yerləşən Azərbaycan Evi qapılarını ziyarətçilərin üzünə açıb. Azərbaycan Mədəniyyət Nazirliyinin layihəsi əsasında inşa edilmiş bu məkan interaktiv təqdimatlar vasitəsilə ölkənin tarixini, ədəbiyyatını və xalçaçılıq ənənəsini, eləcə də Qobustan və Şuşa irsini nümayiş etdirib.
Türkiyə Respublikası Prezident Kompleksinin ərazisindəki “Beştepe Millət Meşəsi”ndə bu yaxınlarda açılışı olmuş Türk Dövlətləri Sivilizasiyalar Parkında yerləşən “Azərbaycan Evi”, Türkiyənin zəngin tarixi və mədəni irsini nümayiş etdirən mühüm mədəni məkan kimi ziyarətçilərin diqqətini cəlb edib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin layihəsi əsasında inşa edilən və Səfirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan “Azərbaycan Evi” səkkizguşəli ulduz formasında layihələndirilib. Bu dizayn, XII əsrin böyük memarı Əcəmi Naxçıvaninin memarlıq şah əsərlərindən biri olan Möminə Xatun türbəsinin üslubundan ilhamlanaraq, memarın anadan olmasının 900 illiyi münasibətilə yaradılıb.
Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, xalçaçılıq sənəti, eləcə də Qobustan və Şuşanın mədəni irsi səkkiz fərqli bölmədə elektron ekranlar və interaktiv rəqəmsal vasitələr vasitəsilə ziyarətçilərə təqdim olunur. Bununla yanaşı, ənənəvi musiqi alətlərindən ibarət instalyasiya Azərbaycanın və türk dünyasının ortaq musiqi irsini əks etdirir.
Azərbaycan Evinin qarşısında ucalan, Azərbaycan Respublikasının Əməkdar rəssamı Rəşad Mehdiyev tərəfindən yaradılmış “Əbədiyyət simfoniyası” adlı monumental kompozisiya milli kimliyin və mədəni irsin sarsılmazlığını simvolizə edir, keçmişlə gələcək, eləcə də Şərqlə Qərb arasında mənəvi körpü rolunu oynayır.
Məlumatı hazırladı: Tahirə NUR
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında