Etiket arxivi: QIRĞIZSTAN

QIRĞIZSTANDAN GƏLƏN XOŞ SORAQ

İBADULLA ƏSƏDOV

QIRĞIZSTANDAN GƏLƏN XOŞ SORAQ

    Cəmisi bir həftə qabaq “Facebook”da dostluq təklifini qəbul elədiyim Əsədov İlham İbadulla oğlu heç demə mənə doğma olan keçmiş iş yoldaşım, mərhum İbadulla Əsədovun oğlu imiş. Əslən Füzuli rayonunun Bala Bəhmənli kəndindən olan İlham müəllim özünün dediyinə görə sovetlər dönəmində əsgəri xidmətini başa vurandan sonra Bişkekdə məskən salıb. Qırğızstanda çox məşhur hərbi jurnalist- foto müxbirdir. Ömür-gün yoldaşı doğulduğu kənddən olub və altı il qabaq vəfat edib. (Allah rəhmət eləsin!) Fəridə, Fatimə adında 2 qız övladı və Fərid adlı oğlu var. Fəridlə Fəridə ali təhsilli halal sənət sahibləri, Fatimə isə hələ məktəblidir.

  İlham müəllimin atası İbadulla müəllim sağlığında Füzuli rayonunun sayılıb-seçilən ziyalılarından biri kimi böyük nüfuz qazanıb. İxtisasca ədəbiyat müəllimi idi. Uzun illər boyu dərs hissə müdiri, məktəb direktoru vəzifələrində çalışıb. (Mən institutu bitirib təyinatla Bala Bəhmənli kəndində müəllim işlədiyim illərdə rayonun Babı kəndindən olan Zakir xanlarovdan sonra məktəbə rəhbərlik edib. 1922-ci ildə doğulub, 1993-cü ildə rəhmətə gedən bu müdrik insan, doxsanıncı illərin əvvəllərindən Bala Bəhmənli kənd orta məktəbində fəaliyyət göstərən muzeyin təşəbbüskarı və yaradıcısı olub. Aşağıda onun 1980-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən çap olunan ilk şeirlər kitabım haqda yazdığı məqalə də muzeydəki eksponatlar arasındadır. İlham müəllimin mənə göndərdiyi və 42 il qabaq yazılan bu məqalədən indiyə qədər xəbərsiz olmuşam. Sonda məqalə müəllifinə Allahdan rəhmət diləməklə, Qırğızstanda yaşasa da, ana vətənimizə, doğma el-obasına qırılmaz tellərlə bağlı olan soydaşımıza bu yazını üzə çıxardığına görə təşəkkürümü bildirirəm.

                       İSMAYIL MƏRCANLI İMANZADƏ

   Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri

                               26.07.2022

                 ŞAİR-MÜƏLLİMİN İLK KİTABI

     İsmayıl İmanovCəbrayıllı olsa da, onun imzası Füzuli oxucularına da tanışdır. Çünki o, 1965-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunu bitirib, rayonumuzun Bala Bəhmənli kənd orta məktəbində 1970-ci ilə kimi müəllimlik etmişdir.

    İsmayıl müəllim 1965-ci ildən respublika mətbuatı və yerli mətbuatda ara-sıra öz şeirləri ilə çıxış edir. Doğrudur, o az yazır, ancaq səmimi yazır. Onu düşündürən, həyəcanlandıran məsələlərdən söhbət açır. “Gənclik” nəşriyyatı bu yaxınlarda İsmayıl İmanovun ilk kitabını-“Səni soraqlaram” adı ilə çap etmişdir.

   Vətən sevgisi, doğma yurdun tərənnümü, sevgi duyğuları müəllifin bu ilk kitabının əsas motivləridir. “Azərbaycan torpağıyam”,  “Ata ocağı”, “Salam çinar”, “El-obanı alqışladım” kimi şeirlərdə Vətən sevgisi, doğma yurda məhəbbət tərənnüm edilmişdir:

…Xəritədə bir nöqtəyə

bənzəsəm də,

Ürəklərdə gur nəğməyəm,

solmaz duyğu yarpağıyam,

Ölkə-ölkə, qitə-qitə

sözü gəzən

Azərbaycan torpağıyam…

  Şair göstərir ki, bəzi gənclər öz elindən, ata ocağından çıxıb başqa şəhərlərdə oxuyub boya-başa çatandan, sənət-peşə sahibi olandan sonra öz doğma yurdunu bəyənmir, ona arxa çevirir, onun yüksəlməsinə əlindən gələn köməyi əsirgəyir.

“Ata ocağı” şeirində isə şair lirik qəhrəmanının dili ilə belə adamlara yaxşı cavab verir:

Burda isindikcə eşqim dən tutub,

Burda sünbül-sünbül saçaqlamışam.

Doğma şəhərləri “atıb”, “unudub”

Ata ocağımı qucaqlamışam.

Bu yerdə gül açıb, ağac göyərib,-

Babamın ruhudur bitən, demişəm.

Burdakı torpağa, burdakı ota,

Burdakı çöpə də vətən demişəm…

      Məlumdur ki, müharibə mövzusunda çox şeir yazılıbdır. İsmayıl İmanuv da “Biz 45-də doğulmuşuq”, “Əsgər məzarları” şeirlərində bu mövzuya toxunmuş və ona yeni məna vermişdir. Şair göstərir ki, əsgər məzarları sadəcə məzar deyildir, onlar sülh, əmin-amanlıq olması üçün məzarları özünə səngər edib döyüşən əsgərlərdir:

Ümidlər, baxışlar yarı yuxulu,

Soraqlar yerini dəyişir hələ.

Əsgər məzarları barıt qoxulu,

Əsgər məzarları döyüşür hələ.

Bir vaxt sipər olub təpə, dağ üçün,

Odların içində diniblər onlar.

Bəlkə də dünyanı qorumaq üçün,

Məzar səngərlərə eniblər onlar…

   “İlk ünvanım”, “Əllərim”, Anamın əlləri”, “Çörək ətri”, “İş günüm” və s. şeirlərində əməyin tərənnümü əks etdirilmişdir.

     Müəllif şeirlərinin demək olar ki, qoşma formasında yazır və müvəffəq də olur. Onun “Gözəllik”, “Qızlar bəzəyidir toyxanaların”, “Səni soraqlaram”, “Qalar”, “Bilmirəm”, “Qurban olum” kimi lirik şeirləri buna misal ola bilər.

    Şair “Arazla görtüşəndə”, “Durnalar köç edir”, “İstisuda”, Bu axşam”, “Yaxşı saxla”, “Meşə notları” kimi şeirlərində təbiət gözəlliklərini ilhamla qələmə almışdır. O, şeirlərində yeni bənzətmələrdən istifadə etməklə öz fikirlərinin obrazlılığına çalışır:

“Burda meşə sal-sal daşı

Taxıb ağac şişə dedim.”

      (“İstisuda”)

“Budaq saçlarını üzünə töküb

Maral buynuzuyla daranır meşə,”

               (“Meşə notları”)

“Billur kəhriz

bir gözəlin yaddan çıxıb,

burda qalan güzgüsümü?!”

                (“Salam, çinar”)

 “Yağış damcıları notlara dönər,

Durna həsrətini çalar havada.”

        (“Durnalar köç edir”) 

     Gənc şairin şeirlərinin qüsurları da yox deyildir. Hər şeydən əvvəl onun mövzu məhdudluğunu göstərmək istərdik. Müəllif ən çox sevgi duyöuları və təbiəti tərənnüm edən şeirlərə meyl edir. O, qurub-yaradan əmək adamlarından, xariqələr göstərən adamlardan hələlik yazmır.  Bunu özü də hiss etdiyindən, “Öyrənəm gərək” şeirində etiraf edir:

“Bəlkə də hardasa yenə çaşmışam,

Yaxşı ki, hamar yol aramır ürək.

İndiki sahildən uzaqlaşmışam,

Dərində üzməyi öyrənəm gərək…”

Biz inanırıq ki,şair “dərində üzməyi öyrənəcək və öz oxucularını yeni kitabı ilə sevindirəcəkdir.

                                            İBADULLA ƏSƏDOV ,

                  Bala Bəmənli kənd orta məktəbinin ədəbiyyat müəllimi

                                                                    dekabr, 1980

İBADULLA ƏSƏDOVUN YAZILARI

İSMAYIL İMANZADƏNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru