Etiket arxivi: RƏŞİD BEHBUDOV

YAZARLAR RƏŞAD MƏCİD HAQQINDA

YAZARLAR RƏŞAD MƏCİD HAQQINDA

Bütün titulları adından sonra gəlir
Babasına layiq nəvə, atasına layiq oğul, dostlarına layiq dost….
Rəşad Məcid… Təqdimata ehtiyacı olmayan adam. Tanıyan da, tanımayan da onu özünə dost bilir. O da tanıdı, tanımadı hər bir azərbaycanlıya dost münasibəti göstərir.
Yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü…
Bu yazı Rəşad Məcidin 55 yaşı tamam olanda doğum günü müasiəti ilə hazırlanıb.
Rəşad Məcidin ən qəribəliyi odur ki, adam onun yaşı barədə düşünə bilmir. Elə bilirsən ki, yaşca ondan kiçik və böyük adam yoxdur.
Unikal adam, yararlı adam, ağayana adam… Uşaqla uşaq, yaşlı ilə yaşlı adam…
Jurnalist Rəşad Məcid…
Hidayət Elvüsal: “Öncəliklə təbrik edirəm. Rəşad Məcid çox bacarıqlı insandır. Deyəsən şeir də yazır, amma yazmasa yaxşıdı (gülür). Yazıçı kimi də onun fəaliyyətini yaxşı qiymətləndirirəm. Rəşad yaxşı oğlandı. Düzünü deyim, yazılarını oxumamışam, amma bacarıqlı şəxs kimi tanıyıram. Rəşad olduqca xeyirxah və mehribandı. Hər kəsə, xüsusilə gənclərə kömək edir. O, jurnalistlərin, həmçinin gənc yazarların əlindən tutur. Yazılarını oxumamağıma baxmayaraq, Rəşada böyük hörmətim var, dostumuz-qardaşımızdı. Zarafatları kənara qoyum, Rəşad doğurdan çox yaxşı oğlandı, mən onun xətrini çox istəyirəm. Rəşadın ən çox sevdiyim xüsusiyyəti məhz gənclərə yardım göstərməsidir. O insan ki, gənclərə yardım göstərir, sadəcə oturduğu vəzifəni, özünü düşünmür, deməli o, əsl insandı. Rəşad həmçinin Yazıçılar Birliyinin katibidir və orda da gənclərdən öz yadımlarını əsirgəmir. Harda olursa olsun, Rəşad xeyirxah biri kimi tanınır.
Mənim 70 yaşım var. Ona arzu edirəm ki, mənim yaşıma gəlsin çatsın, sonrasına Allah kərimdir”.
Azadə Balayeva: “Rəşad Məcid “525-ci qəzet”dəki fəaliyyəti ilə jurnalistikada nə qədər böyük işlər gördüyünü ortaya qoyub. 525-ci qəzet neçə-neçə insanlar üçün məktəb olub. “525-ci qəzet”in yetirmələri olan jurnalistlər hazırda Türkiyənin də media orqanlarında uğurlu fəaliyyət göstərirlər. Rəşad Məcidi tək jurnalist kimi deyil, bir rəhbər kimi, dost kimi xarakterizə etmək istərdim. Çünki mən Rəşad Məcidlə eyni redaksiyada çalışmışam. 1990-cı illərdə-universitetdən məzun olduğumuz illərdə ən böyük arzularımızdan biri “525-ci qəzet”də işləmək idi. 4 il Rəşad bəylə eyni redaksiyada çalışdım. Jurnalistika fakültəsində necə mühit var idisə, “525”də də elə mühit var idi. Rəşad Məcid redaksiyada rəhbər-işçi münasibəti deyil, dostluq münasibəti yaratmışdı.
Biz Rəşad Məcidlə sirrimizi bölərdik, o da böyük qardaş kimi hər zaman bizim yanımızda olardı. Burdan təbriklərimi çatdırıram”.
“525-ci qəzet”in əməkdaşı, jurnalist Türkan Turan: “Rəşad Məcidlə bağlı günlərlə, aylarla, hətta bir ömürboyu danışa bilərəm. Yəni onu bir-iki cümləyə sığdırmaq çətin məsələdir. Amma yenə də “iki cümlə ilə söyləyin” desəniz, belə cavab verərdim:
Rəşad Məcid bütün hallarda, hər məqamda sığınıla biləcək qala kimi adamdır. Şükür, təşəkkür, minnətdarlıq səbəbidir. Sağlam və sevgi dolu 55 diləyirəm”.
Şair, yazıçı Rəşad Məcid…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Məclisin deputatı Musa Urud:
“Rəşad Məcid Azərbaycanın tanınış qələm adamı, söz adamıdır, Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan adamdır. Gənclərin inkişafında, formalaşmasında Rəşad Məcidin böyük rolu var. Olduqca istedadlı şəxsdir, onun gözəl şeirləri, hekayələri, gözəl publisistikası var. Onun yaradıcılğı şaxəli və genişdir. Eyni zamanda Rəşad Məcid ictimai-siyasi xadim kimi də Azərbaycanın ictimai həyatında öz yeri, öz sözü olan bir şəxsdir və daim fəal vətəndaş mövqeyində olan bir ziyalımızdır. Bu mənada Rəşad Məcidin həm yaradıcı fəaliyyəti, həm ictimai-siyasi fəaliyyəti hesab edirəm ki, hər kəs üçün gərəklidir. Rəşad Məcid olduqca səmimi bir insandır, hər kəslə ünsiyyət qura bilən, dostluq edə bilən, hər kəsə qapısı açıq olan bir insandır.
Rəşad Məcidi ürəkdən təbrik edirəm, ona ümum yaradıcılıq uğurları arzulayıram. Şəxsi həyatında da can sağlığı və xoşbəxtlik arzulayıram”.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca: “Rəşad Məcid aktiv yaradıcılıqla məşğul olan yazıçılarımızdandır. Hazırda daha çox jurnalist kimi fəaliyyət göstərir, amma orda da yaradıcılıq qabiliyyəti, yazıçılığı onun köməyinə çatır. Daha çox gənclərlə, gənc qurumlarla işləyir, yanına daha çox gəncləri alır və onlar üçün bir məktəb olur. Bu çox böyük işdir. O, gənc yazıçıları gələcəyə hazırlayır, onların yazılarını qəzetdə oxuculara təqdim edir.
Rəşad Məcid həmçinin Yazıçılar Birliyində də çox aktiv çalışır, yaxşı işlər aparır. Bildiyiniz kimi, “525-ci qəzet”in baş redaktoru kimi uğurlu fəaliyyəti ilə də öz sözünü deyib və deyir. Ona uzun ömür, can sağlığı və xoşbəxt gələcək arzulayıram”.
Yazıçılar Birliyinin üzvü, gənc yazıçı Kəramət Böyükçöl: “55 yaşı tamam olmağına baxmayaraq, Rəşad Məcidin fəaliyyəti Yazıçılar Birliyinin gənclər üzrə katibi kimi hələ də gənclərlə münasibətdən ibarətdir. Mənim Rəşad Məcidlə bağlı ədəbi-ictiamai mühitdə kəskin tənqidi yazılarım da olub, amma o, müəyyən zaman keçəndən sonra haqqında tənqidi yazı yazdığım adamlar içində məndə peşmançılıq hissi yaradan bəlkə də yeganə adamdır. Təbii ki, insan gənc, emosional ola bilər, insanı səhv tanıya bilər. Amma tək mən yox, zamanla onun haqqında tənqidi fikir söyləyən istər gənc, istər yaşlı nəslin nümayəndələri vaxt keçdikcə Rəşad Məcidin yaxşı insan olduğu qənaətinə gəliblər. Rəşad Məcid kinsiz insandı, bütün yönləri ilə yaradıcıdır. Mən hesab edirəm ki, zaman, tale Rəşad Məcid kimi insanlara daha çox ömür verməlidir. Anar müəllimi başa düşürdüm ki, həmişə bir yerdə olublar deyə Rəşad Məcid haqqında daim xoş sözlər deyir, amma Ramiz Rövşənin Rəşad Məcidi dərindən çox istəməsini heç vaxt anlamırdım. Müəyyən zaman keçəndən sonra mən Ramiz Rövşənin Rəşad Məcid haqqındakı fikirlərini başa düşə bildim.
Rəşad Məcid yaşından fərqli olmayaraq – 30, 40, 50, 55 yaşında da həmişə qaynar ədəbi mühitin içində olub, fəaliyyəti dayanmayıb. Həmişə fikirləşmişəm ki, niyə görə dünənin uşağı onun haqqında sərt fikir söyləyəndə Rəşad Məcid həmin gəncə də cavab verib. Belə baxanda, yuvarlaq götürsək, mənim 30 yaşım var, amma mən daha eqositəm. Mən hətta deyərdim: “O kimdir ki, mən ona cavab verim?!”. Rəşad bəyin isə içində belə şey yoxdur.
Mən Rəşad Məcidə burdan parlaq ömür arzulayıram. Mənə elə gəlir ki, onu ancaq sevmək olar”.
Dost Rəşad Məcid…
Milli Məclisin deputatı Aqil Abbas: “Rəşad Məcid tək kəlməylə dostluğun rəmzlərindən biridir. Sədaqətli, dostcanlı insandı və həmçinin böyük nəslin nümayəndəsidir. Rəşad Məcid gözəl şair, yazıçı və gözəl redakatordur. Əsas odur ki, atasına layiq oğul, babasına layiq nəvə, dostlarına layiq dostdur.
Əvvəllər Rəşadın bir maşını var idi, onda mənim maşınım yox idi. Lakin onun maşını həmişə məndə olurdu. Ağdama gedəndə həmişə onun maşınını sürürdüm. Maşının markası “Vaz 2106” idi. Tez-tez həmin maşınla gəzməyə, yeyib-içməyə gedərdik. Arzum o olardı ki, indiki “Mersedes”lərimiz olmazdı, eybi yox, amma yenə o “Vaz 2106” ilə bulağa istirahətə gedərdik”.
Jurnalist, teletənqidçi Qulu Məhərrəmli: “Rəşad Məcid müasir mətbuatımızın ən parlaq simalarından biridir, çox gözəl redaktordur. “525-ci qəzet” indiki şəraitdə hadisələrə elə ölçülərlə yanaşır ki, onu mətbuatın önəmli nümunəsi kimi nəzərdə saxlayırıq. Əlbəttə, bu 15-20 il öncəki “525” deyil, amma Rəşad Məcid düşüncə etibarı ilə 15-20 il əvvəlin Rəşad Məcididir. O, hadisələrə yanaşma tərzi, intelektual cəhətləri ilə insanları ünsiyyətə cəlb edən xüsusiyyətlərə sahibdir. Onun həm şəxsi keyfiyyətləri, həm ictimai düşüncəsi bizim dövr üçün çox gərəklidir. Rəşad Məcid həm də Yazıçılar Birliyinin katibidir və o istiqamətdə də çox qiymətli işlər görür. Gənc yazarların müəyyən platformada birləşməsində Rəşad Məcidin çox böyük rolu var.
Mənim üçün Rəşad Məcid həm də dar gün dostudur. İstənilən çətin vəziyyətlərdə adam onu həmişə yanında görür. O, çox səmimi insandır. Hesab edirəm ki, belə adamlar Azərbaycanda barmaqla sayılası qədərdir. Yəni müəyyən dəyərlər var ki, RəşadMəcid həmişə onlara sadiq qalır. Biz onunla çox səfərlərdə olmuşuq, bizim onunla dərin yoldaşlığımız olub. Mən hesab edirəm ki, özü kimi məcid ailədəndir. Rəşad Məcid xalq dəyərlərini həmişə özündə saxlayır. Lakin bəzi müasirlərimiz kimi Rəşad Məcidin də bəxti o mənada gətirməyib ki, bu zamanda və bu cəmiyyətdə yaşayır. Ona görə ki, bu zaman və cəmiyyətdə yaşamağın spesifik çətinliyi var və Rəşad Məcid də bu çətinliklərdən əziyyət çəkən adamlardandır. Amma bütün bunlarla yanaşı o, bizim mətbuatın ən parlaq, istedadlı insanlarından biridir.
Rəşad Məcidin doğum gününü təbrik edirəm. Onun həmişə xoş sədasını eşitmək istəyirəm. Onun daim belə dostluğa və dəyərlərə bağlılığını, sadiqliyini görmək istəyirəm. Hesab edirəm ki, Rəşad Məcid özünün həm şəxsi dəyərləri, şəxsiyyəti ilə gənclərə nümunədir”.

İlkin mənbə: /modern.az/

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

İSA HƏBİBBƏYLİNİN YAZILARI

NİZAMİ CƏFƏROVUN YAZILARI

RƏŞAD MƏCİDİN YAZILARI

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün Xudu Məmmədovun doğum günüdür.

Rəfail Tağızadənin yazıları

Bu gün Xudu Məmmədovun doğum günüdür.

Ruhun şad olsun Böyük insan!

“Dünya bildikdə bizim olur. Dünya bildiyinizdən artıq bizim ola bilməz”

Onun haqqında hətta qısa məlumatları da nəzərdən keçirmək kifayətdir ki, kimliyi, qeyri-adi şəxsiyyəti haqqında tam təsəvvür yaransın: Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Qarabağda – Ağdam rayonunun Mərzili kəndində anadan olub. Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülüb. Xudu Məmmədov 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib.

1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun Struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışıb. Əsas elmi işləri kristallokimya sahəsində idi. Xudu Məmmədov həm də Azərbaycan xalça sənətindəki naxışlarla bərk cisimlərin kristal qəfəsi arasında eynilik olduğunu sübut edən nadir istedad sahiblərindən biri idi.

Bənzərsiz elmi təfəkkürə malik olan Xudu Məmmədovun məşğul olduğu elm sahəsi də başqalarına bənzəmirdi. Bir çox kəşfi ilə dünya alimlərini heyran edən Xudu müəllim silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirərək həmin birləşmələr ilə karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq əlaqəsini aşkara çıxarıb. Elmi terminlərlə ifadə eləsək, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənib, elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarını tətbiq edib.

Xudu müəllimin yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında da müstəsna xidmətləri olub. “Şərəf nişanı” ordeni və medallarla təltif edilib…

Ölüm köməyim olsun

Xudu müəllimin elmi fəaliyyəti ilə yanaşı dillər əzbəri olan bayatıları, rübailəri, zərb-məsələ dönən fikirləri də məşhurdur. Onun vaxtilə söylədiyi bu sözlər keşməkeşli həyat yolunun, arzularının, ümidlərinin ifadəsi idi:

Çiy yumyrta soyulmaz,

Göydə ulduz sayılmaz,

Bütün xalqlar oyandı,

Mənim xalqım ayılmaz.

Elim köməyim olsun,

Əlim köməyim olsun,

Kimsəyə yük olarsam,

Ölüm köməyim olsun.

Onun bitib tükənməyən arzularından daha çox dostları xəbərdar idi. Türk dünyasının böyük şairi, Xudu müəllimin ən yaxın dostlarından biri Bəxtiyar Vahabzadə onun hamıya bəlli olmayan xüsusiyyətlərindən belə danışardı:

– 1970-ci illərin sonlarında bir gün Nurəddin Rzayevlə Xudu Məmmədovun evində qonaq idik. Söhbətimizin mövzusu əsasən Azərbaycanın gələcəyi və Türkiyə ilə münasibətləri ətrafında idi. Nədənsə söhbət hərəmizin ən müqəddəs arzusu barədə oldu. Mən ən müqəddəs arzumun Azərbaycanın cənublu-şimallı birliyində olduğunu dedim. Nurəddin dedi ki, ən böyük və müqəddəs arzum Azərbaycanın gələcəyinin parlaq olmasını görməkdir. Xudu isə dedi: “Ən böyük arzum budur ki, bir gün qapımız döyülsün, gedib açım görüm ki, əlində süngülü tüfəng olan türk əsgəridir. Soruşsun ki, kommunist Xudu Məmmədov burada yaşayır? Deyim ki, bəli, mənəm… Desin ki, biz Türkiyədən gəlmişik Azərbaycandakı sonuncu kommunist olan Xudu Məmmədovu güllələməyə…”

Xudu müəllim hələ ötən əsrin ortalarında o günü görürdü. Bilirdi ki, bir gün sərhədlər açılacaq, sovet quruluşu dağılacaq, 1918-ci ildə olduğu kimi yenə bir gün türk əsgəri Bakıya əlində silah gələ biləcək – Azərbaycanı düşmənlərdən qorumaq üçün, ona arxa durmaq üçün…

“Bu qala bizim Qala”

Bu Qala – bizim Qala,

Qaldıqca bizim Qala.

Qurmadım, özüm qalam,

Qurdum ki, izim qala.

O vaxtlar Ağdam RPK-nin birinci katibi işləyən Sadıq Murtuzayev Xudu müəllimin “tikdiyi qalalar”la bağlı iki hadisəni xatırlayır. Bunun biri Ağdamın məşhur “Çay evi”, o biri isə Kəlbəcərdə İstisu yaylağında tikdiyi binadır:

…Ağdam məscidinə hər cümə günü Qarabağın hər yerindən namaza gəlirdilər. Bu ibadətgah Qarabağda fəaliyyət göstərən yeganə məscid idi. Və bu binəva məslək sahibləri üçün heç bir şərait yox idi. Bəzən dəstəmaz üçün su da tapılmırdı. Yaxınlıqda yaraşıqlı bir bulaq tikdirdik, lakin bu, kifayət deyildi. Bir gün Xudu Məmmədov mənə “Yaponiya” adlı jurnal verdi ki, elə-belə tanış olum. Mənim diqqətimi çin-yapon üslubunda tikilmiş bir bina cəlb etdi və dərhal qərara gəldim ki, məscidin qarşısında bu üslubda bir “Çay evi” tikdirim. Fikrimi ona deyərkən alqışladı və xahiş etdi ki, icazə verim, onun maketini düzəltsin və tikintiyə rəhbərlik etsin. Məmnuniyyətlə razılaşdım. Ertəsi günü səhər saat 6-da maketlə yanıma gəldi. Dərhal işə başladıq. Yeməkxana olan zirzəmisilə 4 mərtəbəli yaraşıqlı bir bina qısa müddətdə istifadəyə verildi və az qala Ağdamın bir rəmzinə çevrildi. Hər gün səhər saat 6-da iş icraçısı kimi özünü tikintiyə çatdıran bu fədakar Vətən oğlu orada işləyənlərə elə örnək oldu ki, könüllü olaraq gəlib burda işləmək istəyənlərin sayı gündən-günə artırdı…

Mən digər böyük üç dostla (onlara böyük üçlük deyirdilər) – Bəxtiyar Vahabzadə, professor Nurəddin Rzayev və Xudu Məmmədovla Kəlbəcərin Dəlidağ yaylaqlarına çobanlarla görüşə getmişdik. Gecəni Əli Abbasovun alaçığında keçirib səhər dərədəki bir meydançada çobanlarla görüşdük. 500 nəfərədək adam toplaşmışdı. Birdən sanki Allahın bir möcüzəsi baş verdi. Təzəcə söhbətə başlamışdıq ki, bir anda qara bir bulud parçası gəlib üstümüzdə dayandı və çox şiddətli bir yağış tökdü. Bizi yaxınlıqdakı alaçığa çəkməyə çalışdılar. Heç birimiz getmədik. Hamı iliyinədək islandı. Söhbətimizi qısaltdıq, ən başlıcası, söz demək istəyən çoxlu çobanın sözü ağzında qaldı.

Biz tez sağollaşıb yola düşdük. Heç birimiz dinib danışmırdıq. Çox qəribə olsa da, mən qeyri-adi bir mənəvi gərginlik keçirirdim. Sanki tədbirin yarımçıq qalmasının günahkarı mən idim. Çox böyük sarsıntı içərisində düşüncələrimə qərq olmuşdum. Qəflətən dilə gəlib dedim ki, tapdım. Hər üçü təəccüblə üzümə baxdılar. Sözə başladım. Abşeronda işləyərkən Moskvanın qərarına əsasən Bolqarıstanın Razqrad mahalı ilə Abşeron rayonunun qardaşlaşması yaranmışdı. Oraya ikinci gedişimdə məni Razqrad şəhərinin fəxri vətəndaşı seçmiş və xüsusi pasport vermişdilər. Mahalın Dəli orman (Dəli meşə) adlanan çox zəngin bir təbiət qoruğunda Voden deyilən kurort və burada məşhur türk sərkərdəsi Osman Paşa tərəfindən tikilmiş maraqlı bir bina var idi. Dəyirmi binanın mərkəzində bir neçə xırman həcmində bir zal və ətrafında da xırda otaqlar yerləşmişdi.

…Binanın 10 metrliyində məscid vardı. Osman Paşanın iqamətgahı idi və burada o, xarici qonaqları, səfirləri qəbul edirmiş.

Yol yoldaşlarıma həmin binanı təsvir edib dedim ki, tədbirimiz yarımçıq qalmış meydanda belə bir bina tikdirəcəyəm.

Xudu Məmmədov dərhal səsimə səs verərək dedi: “İcazə verin, tikintiyə mən “prorablıq” edim”.

Nurəddin Rzayev də eyni çılğınlıqla ona etiraz etdi ki, “axı sən infarkt keçirmisən, bu səfərə də zor gücünə qoşuldun. Əl çək bu fikirdən”. Lakin Xudu Məmmədov əl çəkmədi. Mən gecə saat 12-də professorla onu Mərzili kəndindəki evinə qoyub şəhərə qayıtdım. Səhər saat 6 olmamış gördüm ki, Xudu Məmmədov əlində təsvir etdiyim binanın maketiylə qonşuluğumdakı qonaq evinin həyətindədir…

Həmin gün hazırlıq gördüm, ertəsi gün çoxlu inşaatçı, tikintiyə ilkin lazım olacaq daş və sementlə onları Dəli Dağa yola saldıq. Orada hava telefonu quraşdırdıq. Çox qəribə olsa da, Ağdamdan bəzən 15-20 km məsafədə eşidilməyən bu telefon 190 km məsafədə çox gözəl eşidilirdi. Hər gün Xudu Məmmədov mənə telefonla nə lazım olduğunu sifariş verir, mən də dərhal göndərirdim. Bina görünməmiş bir sürətlə, 14 günə hazır oldu. Bu müddətdə oraya 170 maşın material göndərilmişdi. Binanın ən qəlbi yerində Ağdamın ağ daşları ilə “Ağdam” sözü də yazılmışdı. İndi orada da mənfur qonşularımız ya at oynadır, ya da bəlkə də onu da dağıdıblar.

Xudu Məmmədov belə ziyalı, belə vətəndaş, belə insan idi.

Xudu Məmmədov haqqında çox deyilib, yox yazılıb və yazılacaqdır. Bunlar daha çox böyük alim, istedadlı tədqiqatçı, ixtiraçı olması ilə əlaqədar olub. Mən isə onun böyük vətəndaş, son dərəcə nəcib, sadə, təvazökar, xeyirxah bir insan olmasını önə çəkib onun böyük ziyalı şəxsiyyətini bu keyfiyyətlərilə tamamlamaq istədim.

Qarabağ münaqişəsi alovlanarkən Ağdama Dağlıq Qarabağın kəndlərindən axın-axın qaçqınlar gəlirdi və onları qarşılayıb yerləşdirərkən daima yanımda idi. Yanıb yaxılırdı, respublika rəhbərliyinin acizliyinə, biganəliyinə dözə bilmirdi. Onu bu dərdlər apardı. Böyük Üzeyir bəy Hacıbəylinin ev muzeyində ürəyinin partlaması da bu dərdin məhz orada tüğyan etməsinin faciəli nəticəsi, Üzeyir bəyin ruhu qarşısında onun dözüm gətirə bilməməsinə dəlalət edirdi.”

O günü böyük dərdlə, yanğı ilə xalq artisti Fərhad Bədəlbəyli belə xatırlayır: “Xudu müəllim mənim qucağımda can verdi.” 15 oktyabr 1988-ci ildə Qarabağda hadisələrin gündən-günə tüğyan etdiyi bir vaxtda…

“İnsanlar şəhərlərə bir-birini tanımamaq üçünmü yığışırlar?”

Alimin aforizmə çevrilmiş fikirləri arasında bu deyimin ayrıca bir yeri var: “İnsanlar şəhərlərə bir-birini tanımamaq üçünmü yığışırlar?” Bir vaxtlar Azərbaycanın ən böyük kəndindən çıxıb ən böyük şəhərinə gələn Xudu müəllimin ən böyük suallarından biridir bu! Baxmayaraq ki, bu böyük şəhərdə onun ruhu kimi sözləri, kəlamları da dolaşmaqdadır. Budur Xudu müəllimin sözü – Xudu müəllimin ruhu:

“Qonşu qonşuya baxar, özünü oda yaxar” – deyiblər. Ancaq “Qonşu qonşunun atasını yandırar” deməyiblər.”, “Məsələ predmetdə deyil, ondan necə danışıldığında və ona necə baxıldığındadır.”, “Pislər pisləri pisləşdirdiyi qədər yaxşılar yaxşıları yaxşılaşdırmırlar.”, “Bir şeyi və hər şeyi bilən heç bir şey bilmir.”, “Bütün yeniliklər fantastik xəyallar arxasınca gedilərkən tapılıb.”, “Danışa bilməmək hələ bədbəxtlik deyil, danışa bilməməkdir. Bədbəxtlik sarsaq danışıb, özünü danışan hesab etməkdir.”, “Onu xalqın pis münasibətindən qanun qoruyurdu.”, “Mürəkkəblik çətinlik olmasa belə, onu insanlar özləri üçün yaradırlar.”, “Əsərin qəhrəmanlarının kimlər olduğunu oxucu əvvəldən bilirsə, onların danışığında mürəkkəblik artıqdır. Danışıqlar naturadakı rənglər kimi olmalıdır. Əgər qəhrəmanlar sonda açılırsa, danışıqlar sistematik funksiya daşıyır, yəni mürəkkəbliyi ifadə etmək üçün vasitədir. Ona görə də onda məntiqi bağlılıq ardıcıl olmalıdır.”, “Orada insan əli ilə yaradılmış heç bir gözəllik yox idi…”, “Ömür yadda qalan günlərın sayı ilə ölçülür”, “Məqsədə arzumu itirmiş gəldim…”, “Vəzifə verirlər, sonra iş axtarırlar…”, “Təbiət daşları necə də adama oxşadır. Əksinə də olur.”, “Şairin özü bir yana, hər uğurlu sözü insanlar arasında bir körpü, bir bağlı teldir.”, “Üzünü gəncliyə tut, səsin gələcəyə çatsın.”, “İnsanların sıxlığından insan üçün darıxmaq da qəribə bir haldır.”, “Göylərin söhbətini dinləmək istəyirsənsə, çadır götürüb dağlara çıx. Əlçatan uzaqlığa get. Yoldaşın həsrət, qonaqların izsiz itən xəyallardan başqa kimsə olmasın. Əlinə qələm alma, danışma. Təbiət danışırsa, sən sus!”, “Şam çadırımdakı cansızların kölgəsini necə də dirildib. Yanımdan dinməzcə burulub keçən çayın sakitliyini lilli suda toqquşan daşlar pozur. Su hey qalxır, qalxır, dalğaları çadırımın ətəyini yalayacaq qədər yaxınlaşır. Bu aramsız yağan yağış – göylərin göz yaşı… Göylərin dərdi necə də böyükdür. Göy gurultusu – elə bil göydəki nizam sökülür. Nə sakitliyinə sakitlik, nə də səsinə səs çatmaz, göylər! Sən bizi göz yaşlarınla qarşıladın! Səndən başqa mənim üzümü göz yaşları ilə kim islatdı? Qoy taleyim küsməsin, bu sözümü elə belə dedim. Vüsalı şirin olsa da, belə həsrətə dözmək çətin olardı”, “Həyat insanın başını xırdalıqlarla qatmasaydı, insan varlığı heyrətdən yox olardı”, “Yaşamaq üçün yox, düşünmək üçün bir sığınacaq tapmalı oldum”, “Dünya başıma dolanmasın deyə, özüm dünyanı dolanmağa başladım”, “Dərdi olmaq qorxulu deyil, ağlaya bilməmək qorxuludur”, “Təşkil olunmuş bekarçılıq…”, “Başa düşülmək üçün başa düşməyə çalış”, “Yersiz görülmüş iş də yersiz deyilmiş söz kimidir”, “Qabiliyyətsizlik hələ qorxu deyil. Qorxulu onun çalışqanlığıdır”, “Adamların qanunla qorunmaq dərəcəsinə çatması yüksəlişdirmi?”, “Pislikdən danışmaq yaradıcılığı hamıya verilib”, “Nəcib qəlbli insanı özünə borclu et və borcunu yerinə yetirməyə imkan vermə, olsun faciə!”, “İdeal adam olmur, ideallaşdırmağa layiq adamlar olur”, “Tənhalıq görüş ümidi ilə isinir. Demək, ölümdən sonra düşüncənin yaşaması yalandır”, “Sən dünyaya lazım olmayanda dünya da sənə gərək olmur.”

“Deyirlər: “Dünyanı gözəllik xilas edəcək”. Doğrudur, amma gözəlliyin özünü xilas edə bilsək”, “Təbiət qanunları ilə cəmiyyət qanunlarının əsas fərqi ondan ibarətdir ki, birinciləri cəzasız pozmaq mümkün deyil, ikinciləri isə mümkündür.”

“Tanrı insanı yaşada bilmir, el yaşadır”

Xudu Məmmədov haqqında söz demək çətindən çətindir. Elm və mədəniyyətimizdə, ictimai düşüncəmizdə əzəmətli bir zirvə olan Xudu müəllim elinə, obasına, xalqına, Vətəninə, dilinə, musiqisinə vurğunluğu ilə xalqının, millətinin sevgisini qazandı. “Elmin vətəni yox, alimin Vətəni olmalıdı” fikrini Xudu müəllim tez-tez söyləyərdi. Sanki bu günümüzə baxaraq, bu günümüzü görərək deyirdi:

Anam ozan olubdur,

Dərdə dözən olubdur,

Dili haqdan bağlanıb,

Naxış düzən olubdur.

Sənə bəslədiyim, Vətən, nə simdi?

Səsinnən ürəyim əsim-əsimdi.

Sevgimin əvəzin vermək istəsən,

Bir ovuc torpağın olmaq bəsimdi.

Xudu müəllim öz yaradıcılığı, şəxsiyyətilə Füzuli, Xətai, Mirzə Fətəli, Mirzə Cəlil, Sabir, Üzeyir bəy kimi Azərbaycanın mənəvi gücü və o gücü daima çiyinlərində saxlayan dayaqlardan biri idi. Belə yanaşsaq bəlkə itkilərimizi daha dəqiq qiymətləndirə bilərik. Get-gedə daha sürətlə azalan bu ziyalıları pul aldada, var-dövlət azdıra bilmədi! Dünyaca məşhur Eynşteynin dediyi kimi: “Siz İsa peyğəmbəri, Musa peyğəmbəri pul kisəsi ilə təsəvvür edə bilirsinizmi? Mən təsəvvür edə bilmirəm”. Siz təsəvvür eləməyə çalışın… Onlara millətin dərdi, əziyyəti, iztirabları lazımdır ki, apara bilsinlər. Apara bildikcə apardılar, apara bilməyəndə isə… Bəlkə ona görə Xudu Məmmədov deyirdi: Dərdlərim yetim qalsa, məndən sonra kim çəkər. Doğrudan da, indi bu dərdi çəkən, əziyyətə sahib duran çoxdurmu?

Xudu müəllimə məktub və ya “…Onun qəlbi qarabağlıların səs telləri kimi incə idi”

Xudu Məmmədov rəhmətə getdikdən sonra onun haqqında dostu həkim Nurəddin Rzayev bir kitab yazıb. Bu kitab Xudu Məmmədovu yaxşı tanımayanlara bir daha tanıtdı. Kitabda Xudu müəllimin çalışmaları, türk tarixinə baxışları və düşüncələri öz əksini tapıb. Kilimlərdə, xalçalardakı naxışlarla bağlı fikirləri, yaradıcılığının bəzi tərəfləri burada geniş əks olunub. Xudu müəllimi bir insan kimi tanımaq üçün orda təsvir olunan bir hadisəni yada salmaq yerinə düşərdi. Nurəddin Rzayev dostu Xudu Məmmədov haqqında yazırdı:

“Xudu, mən və Bəxtiyar Vahabzadə çox köhnə dostlar idik. Bir yerdə oturub bol-bol söhbətlər edərdik. Ailəmizlə bir yerdə 1978-ci ildə Xızıya dincəlməyə getmişdik. Orada bizi tanıyan kəndlilər görüşümüzə gəlirdilər. Xüsusilə Bəxtiyarın şeirlərindən xoşlananlar daha çox gəlirdi. Çox yaraşıqlı 12-13 yaşında bir oğlan uşağı bizə yaxınlaşdı. Xudu bu uşağı yanına çağırıb danışdırdı. Uşağın ata-anası yox idi. Bir qəzada ölüblərmiş. Xudu bunu duyduqdan sonra uşağa daha çox məhəbbət göstərdi. Uşaqdan soruşdu ki, sənə Bakıdan bir şey göndərməmi istərsənmi? Uşaq da Xuduya “istərəm” dedi. Xudu ona “Nə göndərim sənə?” soruşduqda uşaq Xuduya “Mənə məktub göndər, mənə kimsə məktub göndərmir” dedi. Xudu göz yaşlarını saxlaya bilməyib ağlamağa başladı. Bakıya döndükdən sonar o uşağa məktub yazır, hədiyyələr də göndərirdi!

Sonda Yavuz Bülənd Bakilərin “çiçəyin qoxusu kimi, ruhun ipəyi kimi soylu bir insan” olaraq qiymətləndirdiyi Xudu müəllimə məktub yazaraq ona öz sözlərini göndərirəm. Bu, Xudu müəllimin vaxtilə Xızıda görüb Bakıdan məktublar göndərdiyi o kimsəsiz uşağın illər sonra ona məktubu da adlana bilər:

“İnsana insan ehtiyacı yaradan müqəddəs günahlar, Sizə eşq olsun!

İnsanlar arasında olmayınca ölü və diriliyini necə bilərsən?

Sənə uzun ayrılığın sınağından çıxmış bir məhəbbət gətirmişəm.

Amma Qarabağı yox…”

P.S. Dekabrın 14-ü həm də Azərbaycana dünya şöhrəti gətirən Rəşid Behbudovun ad günüdür. Oxuduğu nəğmələr ilə nəsillərin yaddaşına köçən, unudulmayan, dəyərdən düşməyən Rəşid Behbudov. “Azərbaycanım”, “Ana”, “Qızıl üzük”, “Bakı”, “Zibeydə”, “Alagöz”, “Laçın”, “Uzun gecələr”, “Gəlmədin”, “Sənə də qalmaz”, “Sənsiz”, “Ayrılıq”, “Qalada yatmış idim” və daha nələr… Bir də Qarabağ. Ondan ötrü, həqiqətən, ölməyə də, öldürməyə də dəyər. Onlar bunu hamımızdan yaxşı bacardı…

Xudu Məmmədov və Rəşid Behbudov – Qarabağdan nigaran gedən, Qarabağdan ötrü lazım gələndə ölməyi bacaran böyük qarabağlılardan ikisi…

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru